4. 314 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani-Kərim qeyri-əxlaqı hərəkət və davranışların əsas xüsusiyyətlərini bir insanın şəxsində (adını çəkmədən) göstərərək həm bizə xəbərdarlıq edir, həm də uca əxlaqın daha yaxşı anlaşılmasını göstərir. Belə ki, Qurani-Kərimdə: “Həqiqətən, sənin Rəbbin Haqq yolundan çıxanları da, doğru yolda olanları da çox yaxşı tanıyır. Elə isə Haqqı yalan sayanlara güzəştə getmə. İstəyirlər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərələr! Sərvət və xanədan sahibidir deyə o çoxlu and içən, dəyərsiz adama əsla güzəştə getmə! O qüsurları araşdırıb başqalarına çatdırana, söz gəzdirənə, xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana, şərəfsizə, qaba və  soysuz olana!” (Qaləm, 68/7-14) buyurulmuşdur.

Təfsirçilərin çoxu bu ayədə göstərilən “doğru yoldan azma, yalan danışma, yalandan and içmə, insanların qüsurlarını araşdırıb başqalarına çatdırma, xeyrə mane olma, təcavüzkar olma, günaha batma, şərəfini ayaq altına atma, qaba və soysuz olma” kimi on əsas xüsusiyyəti sayılan şəxsin Vəlid ibn Muğirə olduğunu bildirmişdir. Rəvayətə görə, Vəlid ibn Muğirə bu ayəni eşidəndə anasının yanına gedərək qılıncını çəkmiş: “Məhəmməd mənim on cəhətimi göstərdi. Bunların doqquzunu özümdə tapdım. Amma “zənim” (soysuz olma, nikahsız doğulma) olduğumu ilk dəfə eşidirəm. Mənə düzünü de!” deyə hədələyərək həqiqəti öyrən­mişdi. İbn Abbas (radiyallahu anh): “Allah Təalanın bu cür adamların iç üzünü ortaya qoyduğu qədər kimisə təsvir etdiyini bilmirik.” Vəlid ibn Muğirənin bu pis xüsusiyyətlərindən biri söz aparıb gətirməsi idi.[1] Heç bir müşrik insanların eyiblərini araşdırmaqda ona çata bilməzdi. Allah-Təala onun çirkin əməl və xislətlərini ümumi şəkildə bildirməklə bütün insanları bunlardan  uzaq olmağa çağırır.

Möminlər arasında küskünlüyə və fitnə-fəsada səbəb olan sözləri bir nəfərdən başqasına  aparmaq – buna nəmimə də deyilir – haramdır. Həmmam ibn Haris rəvayət edir: “Biz Həzrəti Huzeyfə (radiyallahu anh) ilə birlikdə məsciddə oturmuşduq. Qəflətən bir adam gəlib yanımızda oturdu. Hüzeyfəyə: “Bu adam məlikə (hökmdar, rəis) söz aparıb gətirir,” – dedilər. Bu vaxt Huzeyfə ona eşitdirmək üçün belə dedi: Mən Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) “Qətdat (yəni söz-aparıb gətirən) cənnətə girə bilməz” dediyini eşitdim.[2]

Qazı İyaz: “Qətdatla nəmmamın mahiyyəti birdir, yəni hər ikisi də “insanların münasibətini pozmaq üçün söz aparıb gətirən”, – mənasındadır” deyir. İbn Battala görə isə bəzi lüğətçilər bu sözlər arasında incə fərq olduğunu bildirirlər. Belə ki, nəmmam danışanların arasında olub onların danışdıqlarını başqalarına çatdıran insandır. Qətdat isə danışanların xəbəri olmadan gizlicə onları pusub danışdıqlarını başqalarına xəbər verəndir. Gizli kamera və dinləmə cihazları vasitəsilə ilə insanları çəkən və dinləyən şəxslər də qətdat hökmünə daxil olurlar. Ancaq bu, ölkənin təhlükəsizliyi və firavanlığı üçündürsə, bir qəbahəti yoxdur.

İnsanlar arasında söz gəzdirmək qeybətlə nəticələnir. Çünki bir kəs barəsində danışılırsa, onun haqqında doğru və ya yanlış ittihamların ortaya atılması qaçılmaz olur.

 Həzrəti Əbu Hureyrə (radiyallahu anh) nəql edir: Rəsulullah (sallallahu əleyhi və səlləm):

– Qeybətin nə olduğunu bilirsiniz? – deyə soruşdu.

– Allah və Rəsulu daha yaxşı bilər, – dedilər. Rəsulullah:

–Birinizin digəriniz haqqında onun xoşlamadığı sözləri danışmasıdır, – deyə qeybəti izah etdi. Orada olanlardan biri:

– Əgər dediyim düzdürsə, onda yenə qeybət olur? – dedi.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Əgər dediyin xüsusiyyət onda varsa, qeybət etmiş, əgər yoxdursa, böhtan atmış olarsan”[3]  – buyurdu.

Sözgəzdirənlik təkcə tanış insanlar arasında olmur, uzaq və yaxın qohumlar arasında da təhlükəli nəticələr verən dedi-qodulara rast gəlmək mümkündür.

Həzrəti Aişə (radiyallahu anh) nəql edir:

“Ey Allahın Rəsulu, sənə Safiyyənin filan-filan xüsusiyyətləri yetər!” – dedim. O, bundan məmnun olmayıb: “Elə bir söz dedin ki, əgər dənizə qarışsaydı, dənizin suyunu bulandırardı” – dedi. Həzrəti Aişə əlavə edərək: Mən Rəsulullaha (sallallahu əleyhi və səlləm) bir insanı (yuxarıdan baxmaq məqsədi ilə) təqlid etmişdim” deyir. “Rəsulullah mənə dərhal belə dedi:

“Mən bir başqasını qüsuruna görə söz və ya hərəkətlə təqlid etmərəm, hətta bunun üçün bu qədər (dünya malı) versələr də!”[4]

Dedi-qodu və qeybətin, günahsız insanların arxasınca danışmağın axirətdə cəzası ilə əlaqədar xəbərdarlıqlar vardır. Həzrəti Ənəs (radiyallahu anh) nəql edir: Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Merac gecəsində mis dırnaqlı insanlar gördüm. Üzlərini və sinələrini cırmaqlayırdılar”. “Ey Cəbrail, bunlar kimdir?” – deyə soruşdum. “Bunlar insanların ətlərini yeyənlər (qeybət edənlər), şərəf və namusunu tapdalayanlardır” –  dedi.[5]

 Qeybətin cəzası ilə əlaqədar başqa bir hədisdə əhəmiyyətli məqamlara toxunulur.

Müstəvrid (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Resulullah əleyhissalatu vəssələm bu­yurdu ki: “Kim bir Müsəlmanın (qeybət və şərəfini tapdalamaqla) bircə loğma belə yesə, Allah onun mislini cəhənnəmdən daddıracaq. Kimə bir müsəlmanın qeybətini etdiyinə və ya ona böhtan atdığına görə (mükafat olaraq) bir paltar verilərsə, Allah-Təala o geyimin bir mislini ona cəhənnəmdən geydirəcək. Varlı və vəzifəli bir adam tərəfindən yaxşı bir vəzifəyə gətirilən şəxs (namaz qılan və təqvalı görünsə də, pul və vəzifə niyyətilə riyakarlıq edərsə), Allah-Təala qiyamət günü onu mürailər (riyakarlar) taxtında oturdaraq (rəzil edər və riyakarlara layiq əzabla cəzalandırar).”[6]

Məlum olduğu kimi, dinimizdə faiz haramdır. Bu qadağanı bilə-bilə pozanların o dünyadakı halını Qurani-Kərim bu şəkildə təsvir edir:

 “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn əmri qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (Bəqərə, 2/275)

İqtisadçılara görə dörd qazanc yolu var, üçü istehsal, dördüncüsü isə istehlak mahiyyətlidir. Əmək, sənət və ticarət istehsaldır, dördüncüsü isə faizdir, qeyri-istehsaldır. Çünki faizdə risk yoxdur. Faizlə verilən borc batma təhlükəsi daşımır. Qaytarılacağına zəmanət verilir.  Beləliklə, əmək, istedad və qabiliyyətin, demək olar ki, bütün səmərəsi sələmçilərin əlində toplanır və maddi sərvət inhisarlaşma təhlükəsi ilə üzləşir. Belə hallarda yoxsulların və işsizlərin sayı artır. İşsizlər varlılara qarşı kin bəsləməyə başlayır, talana meyil edirlər. Bu, son həddə çatanda, yəni cəmiyyətdə sosial partlayış baş verəndə isə sələmçilərin bütün əməlləri alt-üst olur. Bu, məsələnin yalnız dünya aid xüsusiyyətləridir. Axirət cəzası isə daha böyükdür. Yuxarıdakı ayələrdə də göstərildiyi kimi, qadağan edildiyi halda faizdən əl çəkməyənlərin yeri cəhən­nəmdir və onları dəhşətli əzab gözləyir. (Nisa, 4/161)

Uca Peyğəmbər (sallallahu əleyhi və səlləm) dedi-qodu ilə bir müsəlmanın şəxsiyyətini alçaltmağı, rəncidə etməyi də “ən pis faiz” adlandırmışdır. Səid ibn Zeyd (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Ən çirkin faiz müsəlmanın irzini (şəxsiyyətini) rəncidə etməkdir.”[7]

 Bir Müsəlmanın vəzifəsi qeybət, dedi-qodu etməməklə yanaşı, qeybəti edilən şəxsi müdafiə etməkdir. Eyni zamanda söz gəzdirən, şər atanların bu dünyada cəzalarını çəkməsələr belə, cəhənnəm körpüləri üstündə əzabla üzləşəcəyi xəbər verilmişdir. Muaz İbn Əsəd əl-Cühəni atasından, o da Rəsulullahdan (sallallahu əleyhi və səlləm) nəql edir: “Kim bir mömini münafiqdən (qey­bətçidən)[8] qoruyarsa (müdafiə edərsə), Allah da qiyamət günü bir mələk göndərib onun vücudunu cəhənnəm atəşindən qoruyar. Kim də bir müsəlmanın pisliyini istəyərək ona iftira atarsa, Allah (cəllə cəlaluhu) onu qiyamət günü bu günahından təmizlənənədək  cəhənnəm körpülərindən birinin üstündə saxlayar.”[9]

 Dini hökmləri dəyərsiz sayıb günaha dadanan və bunu böyük bir hünər sayanlar haqqında üçüncü şəxslərin danışdığı doğru sözlər qeybət sayılmır. Cabir b. Abdullah və Əbu Hureyrə (radiyallahu anh) rəvayət edir: “Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurdu ki, nə fasiq, nə də mücahirlər (açıq-aşkar günah işləyənlər) haqqında deyilən sözlər qeybət sayılmaz. Mücahirlər istisna, bütün ümmətim əfv edilmişdir.”[10]

İstər tarixdə yaşamış insanlar, istərsə də müasirlərimiz haqqında artıq-əskik danışmaq mənasızdır. Çünki keçmiş və ya günümüzlə bağlı söhbətlərdə Allah və Rəsulunun rizası, xoşnudluğu yoxdursa, təbii ki, bu cür söhbət və dəyərləndirmələr nəfs və şeytanla bağlı olar. Belə söhbətlərin əsas təhlükəsi isə insanın çiyninə mənəvi yükləri  yükləməsidir. Bu da mənəvi rahatlığa və dostluq münasibətlərinə xələl gətirir. İbn Məsud (radiyallahu anh) nəql edir: Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur: “Heç kim mənə əshabımla əlaqəli (məni narahat edən) bir şey danışmasın. Çünki mən sizin qarşınıza qəlbimdə heç nə olmadan çıxmaq istəyirəm.”[11]



  [1]. Məcmuətut-Təfasir-İst: 1979 c: 6, s. 327/329.

[2]. Müslim, İman: 45, (170); Buxari, Ədəb 50, Müslim, İman 169, (105); Əbu Davud, Ədəb 38, (4771); Tirmizi, Birr 79, (2027).

 [3]. Əbu Davud, Ədəb 40, (4874); Tirmizi, Birr 23, (1935); Müslim, Birr 70, (2589).

 [4]. Əbu Davud, Ədəb 40, (4875); Tirmizi, Sifətül-Qiyamə 52, (2503, 2504).

[5]. Əbu Davud, Ədəb 40, (4878, 4879).

 [6].  Əbu Davud, Ədəb 40, (4881).

 [7]. Əbu Davud, Ədəb 40, (4876).

 [8]. Bu mətndə “münafiq” sözünə sinonim kimi mötərizə içində “qeybətçi” sözünü verilmişdir. Çünki Əbu Davud bu hədisi-şərifi “Müsəlmanın qeybətinə icazə verilməməsi” başlığı altında vermişdir.

 [9]. Əbu Davud, Ədəb 41, (4883).

 [10]. Buxari, Ədəb 60; Müslim, Zühd 52, (2990).

 [11]. Tirmizi, Mənaqib (3893); Əbu Davud, Ədəb 33, (4860).

 




Şərh yaz