Mənəviyyata Açılan Pəncərə

Bədrə Doğru

Hadisələrin gedişatı Qureyşin Məkkədə böyük bir əməliyyata hazırlaşdığını göstərirdi. Üstəlik qureyşlilər mühacirlərin məcburiyyət qarşısında Məkkədə qoyduqaları mal-mülkü müsadirə etmişdilər. Bunlar arasında ticarət baxımından qiymətli olanları da satmaq üçün Şama aparmaq istəyirdilər. Başqa sözlə, müsəlmanların malını silaha çevirib özlərinə tuşlamaq planları qurulurdu.

Karvan min dəvədən ibarət böyük bir sərvət demək idi və içərisində təqribən qırx nəfərin də olduğu bu karvanda[1] əlli min dinarlıq sərvət var idi. Bu sərvət müharibəyə hazırlıq görən Məkkə üçün böyük bir güc demək idi. Və bu güc, həqiqətən, Mədinəyə qarşı istifadə olunacaqdı. Göz görə-görə bir təhlükə gəlirdi və işin qəribə tərəfi də o idi ki, bu təhlükə Mədinə yaxınlığından keçərək Məkkəyə çatacaqdı. Yəni müsəlmanların erkən bir həmlə ilə bu təhlükənin qarşısını almaq imkanları var idi.

Hədəfdəki karvan və təqibin nəticələri

Əbu Sufyanın başçılığı altında Şama gedən Qureyş karvanı mütləq dayandırılmalı və beləliklə, onların xain planlarını rahatlıqla həyata keçirməsinə imkan verilməməli idi.

Bütün diqqət Şamdan gələn xəbərlərin üzərinə cəmlənmişdi. Karvan haqqında məlumat toplamaq və onları yaxından təqib etmək üçün Talha ibn Ubeydullah ilə Səid ibn Zeydin göndərəliməsindən on gün keçmişdi. İndi Mədinə bu karvanın Şamdan geri qayıtması xəbərlərini gözləyirdi.

Digər tərəfdən Rəsulullah (sallallahu əleyhi və səlləm) bütün insanlara Allahın adını, İslam dinini çatdırmaq missiyası ilə göndərilmiş bir peyğəmbər idi.

Halbuki Məkkə o gün bu dəvətə qarşı çıxdıgı kimi, bu gün də eyni mövqeyi sərgiləyirdi. Bundan başqa, artıq Mədinədə qərar tutan mühacirlərlə dövlət qurmuş Allah Rəsulunu təhdid edir və onların burada möhkəmlənməsinin qarşısını almaq istəyirdilər. Bütün hazırlıqları da bu məqsəd ətrafında idi. Özlərinə görə son dəfə güclü bir zərbə ilə müsəlmanların işini bitirmək planları hazırlayırdılar!

Bu məqsədlə bir karvan düzəltmiş, hər kəsin iştirakı ilə ortaqlaşıb döyüş sursatı tədarük etmək üçün yola çıxmışdılar. Zül-Uşeyrə qəzvəsində müsəlmanların təqibindən yaxa qurtarıb qaçmağa müvəffəq olmuş karvan həmin bu karvan idi. Əbu Sufyanın başçılıq etdiyi təqribən min beş yüz dəvədən ibarət olan bu karvanı təxminən qırx nəfər məkkəli idarə edirdi.

Xeyrin yoluna səpilən bu tikanlar təmizlənməli və Allah adının yayılmasına qarşı çıxarılan maneələr aradan qaldırılmalı idi. Çünki onlar Allahın dəvətinə yaxınlaşmaq istəyən zəif, çarəsiz insanlara da təzyiq göstərir, onlara imanlarını üzə çıxarmağa imkan vermirdilər. Güclünün tərəfini tutan bəzi insanlar da hadisələri izləyir və imanlarını  şəraitə uyğun göstərmək istəyirdilər.

İslamın da izzəti var idi və daima küfrün təzyiqi altında varlığını davam etdirməsi mümkün deyildi. Haqq gücün hakim olduğunu göstərmək zamanı gəlib çatmışdı.

Bütün bunları nəzərə alanda bu karvan Məkkəyə çatmamalı idi. Artıq nə olursa-olsun, küfrün həmlələrinə son qoyulmalı və Allahın Nəbisi Müsəlman varlığının ağırlığını Hicazda hiss etdirməli idi. Yollar Bədri göstərirdi. Və Allah Rəsulu da ramazan ayının on ikisində hədəfini açıqlamış və adı çəkilən karvanı dayandıracaq qədər səhabənin Əbu İnəbə quyusunun başında toplanması əmrini vermişdi.[2]

Geri qaytarılanların kədəri

Qureyş karvanının Şamdan çıxması xəbərini alan kimi ordunun toplanması əmrini verən Allah Rəsulu (s.ə.s.) belə kritik bir nöqtədə şəxsən əshabını şəxsən yoxlayır və özü ilə yola çıxanlarla bağlı daha həssas davranırdı.

Doğrudur, istiqamət, məkan hara olursa-olsun, əshab hər zaman Onun yanında olmağa can atırdı. Çünki Onunla birlikdə olduqları hər an yeni şeylər öyrənir, Rəsulullahın Cəbraillə olan münasibətlərinə şahid olur, öz qüsurlarını görür, onu fəzilətə çevirirdilər. Böyüklərin bu həyəcanı gənclərə də sirayət etmişdi: onlar da bərabərlik şərəfindən məhrum olmamaq üçün hər an Rəsulullahı təqib etməkdə yarışırdılar. Hətta uşaqlar belə eyni həssaslıqla irəli atılır və heç bir addımda Ondan geri qalmaq istəmirdilər.

Qureyşlilərin hazırlığa başlaması və Şama göndərdiyi karvan haqqında düşünəndə vəziyyət xeyli gərgin görünürdü. İndi isə belə bir gərgin vəziyyətdə müsəlmanlar karvanı təqib etmək üçün yola çıxırdılar. Bu şəraitdə Əbu Sufyanın karvanını təqib etmək hər cür gözlənilməz nəticələrə gətirib çıxara bilərdi. Buna görə Peyğəmbərimiz (s.ə.s.) Abdullah ibn Ömər, Üsamə ibn Zeyd, Rafi ibn Hadic, Bəra ibn Azib, Üseyd ibn Hudayr, Zeyd ibn Ərkam, Zeyd ibn Sabit və Ümeyr ibn Əbu Vəqqas kimi yaşı az olduğu halda, Onunla gəlmək istəyənlərə səslənir və onların geri qayıtmasını tələb edir. Yaşının azlığına görə yoldaşlarının geri qaytarıldığını görənlər barmaqlarının ucunda dayanıb boylarını hündür göstərməyə çalışır və qoşundan ayrılmamaq üçün özlərini böyük kimi göstərirdilər.

Geriyə qaytarılanlar dərin hüznə qərq olmuşdular. Onunla birlikdə gedə bilmədikləri üçün göz yaşı tökür və bu qərarın ləğv olunması üçün yalvarırdılar. Ümeyr ibn Əbu Vəqqas hönkürtü ilə ağlayırdı. Onu bu vəziyyətdə görən böyük qardaşı  Sad ibn Əbu Vəqqas  yanına gəlir və:

– Sənə nə olub, qardaşım? – deyə soruşur.

Ümeyr ibn Əbu Vəqqas:

– Rəsulallahın məni də kiçik görüb bu mübarək yoldan ayıracağından qorxuram, – deyir. O (s.ə.s.) gedərkən geridə qalmağı özünə sığışdıra bilmirdi. Əsas niyyəti isə Rəsulullahla birlikdə döyüşərkən şəhid olmaqdı. Buna görə də:

– Halbuki mən Allahın mənə şəhadət nəsib edəcəyinə inanır və buna görə də yoluma davam etmək istəyirəm, – deyə əlavə edir.

Səyi nəticəsiz qalmır: başqaları ilə müqayisədə yaşca bir qədər yetkin olan Ümeyr ibn Əbu Vəqqasa izin verilmişdi. Əlində uzun bir qılınc var idi və onu güclə saxlayırdı. Böyük qardaşı gəlir və sevincindən uçmağa qanad axtaran kiçik qardaşına kömək edir. Qurşanıb gedərkən də  qılıncın ucu yerlə sürünürdü.[3]

Mədinədən hərəkət

Hədəfdə karvan olduğu üçün hələ müəyyən səbəblərə görə yola çıxmağa hazır olmayanlar bu səfərdən istisna olunurdu. Buna görə heç kim məzəmmət edilməyəcəkdi.

İlk günlərdən bəri Allah Rəsulundan (sallallahu əleyhi və səlləm) ayrılmayan kürəkəni Hz. Osman da səbəb göstərib bu hərəkatda iştirak edə bilməyənlər arasında idi, çünki həyat yoldaşı, Peyğəmbərimizin qızı Ruqiyyə validəmiz ağır xəstələnmişdi. Qulluq etmək üçün Hz. Osman onun yanında olmalı idi. İbadətlər və Rəbbə qulluq məsələsində son dərəcə həssas olan Allah Rəsulu (s.ə.s.) bu müddət ərzində Mədinədə olmayacağı üçün namazları qıldırmağı Abdullah ibn Ümmü Məktuma tapşırır.

Əvvəlki səriyyə və qəzvələrdə ənsar iştirak etmədiyi halda, bu dəfə mühacirə və ənsara fərq qoyulmaması diqqət çəkirdi.[4] Çünki bu dəfə vəziyyət çox həssas görünürdü. Bu məsələ təkcə mühacirlərlə deyil, ənsar başda olmaqla bütün Mədinə ilə bağlı idi. Çünki Əbu Sufyanın karvanı Mədinəyə hücuma  hazırlaşan Məkkə ordusunun əsas maliyyə mənbəyi sayılırdı.

 Bu arada hələ müsəlman olmadığı halda, Rəsulullahla birlikdə getmək istəyənlər var idi. Bunlardan biri də Hubeyb ibn İsaf idi. Güclü İsaf döyüş texnikasını yaxşı bilirdi. Ancaq bu, ilk növbədə Qureyşlə Peyğəmbərimiz arasında olan məsələ idi. Doğrudur, mədinəli müşriklərlə də xüsusi bir müqavilə imzalanmış və şəhəri birlikdə müdafiə etməyə söz verilmişdi. Ancaq müşriklərin də iştirakını zərurətə çevirən bir təhlükə hələ ki yox idi. Bir də müharibədə rabitə, xəbərləşmə çox əhəmiyyətli idi, əldə edilən önəmli bir xəbər döyüşün mənzərəsini dəyişdirə biləcək mahiyyətdə idi. Elə isə bəzi insanların məlumatları ötürmə ehtimalı vardı və belə şəxslərin bu cür önəmli  karvanı təqib etmək üçün yola çıxan İslam  ordusu sıralarında olması məqsədəuyğun deyildi. Bu səbəbdən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu cür insanları geri qaytarır və yola  yalnız  mühacir və ənsarla  çıxır.[5]

Bu vaxt Allah Rəsulu (s.ə.s.) piyadaların başına Qeys ibn Əbu Sasanı təyin edib ona  Süqya adlı mövqeyi tərk edən kimi əsgərləri saymağı əmr edir. O da əmri yerinə yetirir  və Əbu İnəbə quyusunun başında əshabı sayaraq onların üç yüz on üç nəfər olması barədə Allah Rəsuluna (s.ə.s.) məlumat verir. Rəsulullah bu xəbərdən çox sevinir, gülər üzlə deyir:

– Talutun əshabı qədər.[6]

Beləcə, Allah Rəsulu (s.ə.s.) bir bazar axşamı Süqya adlı yerdən yola düşür. Yanlarında ancaq iki at və yetmiş dəvə var idi. Növbə ilə minərək yola davam edirdilər. Rəsulullah də səhabələrindən fərqli deyildi, üçü – O, Hz.Əli və Əbu Lübadə növbə ilə eyni dəvəyə minirdi. Hz.Əli və Əbu Lübadə:

– Sən min, ya Rəsulullah! Biz Səninlə birlikdə gedərik, – deyə öz növbələrini vermək üçün israr edirlər, amma O (s.ə.s.):

– Nə siz piyada getməkdə Məndən güclüsünüz, nə də Mən vəd edilən mükafata sizdən daha az ehtiyac duyuram, – deyib təklifi qəbul etmir.

 Rəvha adlı yerə çatanda Allah Rəsulu (s.ə.s.) Əbu Lübadə ibn Abdülmünziri Mədinəyə göndərir və onu hər hansı bir boşluğa yol verməmək üçün Mədinədə öz yerinə vəkil təyin edir. Əbu Lübadə boynubükük Mədinəyə qayıdır, getməmişdən əvvəl də əynindəki zirehi Allah Rəsuluna (s.ə.s.) verir.

Yola çıxmaqda əsas məqsəd Qureyş karvanını təqib etmək olsa da, əshab hər  atılan addımda yeni və orijinal strategiya ilə tanış olurdu. Belə ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) karvanın keçəcəyi məntəqəyə doğru irəliləyərkən Bəsbəs ibn Amr və Adiyy ibn Əbiz-Zağbanı öncül qüvvə kimi oraya göndərir və onlar da göstərilən yerə çatıb baş verənlərdən Rəsulullah və əshabını xəbərdar edir.

Eyni zamanda Onunla səfərə çıxanlara dua edir:

– Allahım! Bu insanların ayaqlarına geyinməyə bir şeyləri yoxdur, Sən onlara dözüm və yol məşəqqətlərinə qatlaşma gücü ver! Bunların əyinlərində paltar yoxdur, Sən onları geyindir! Bunların əlində azuqə imkanı da yoxdur, Sən onları doydur! Və bu insanlar yoxsuldur, Sən onları fəzl və kərəminlə varlı et![7]

Türban adlı yerə gələrkən Rəsulullah  (s.ə.s.) üzünü Sad ibn Əbu Vəqqasa tutur və:

– Ey Sad, – deyə səslənir. Mübarək barmaqları ilə irəlidəki ceyrana işarə edir və buyurur ki, ox-yayını hazırlasın. Hz. Sad yayını gətirib hazırlayır.

Allah Rəsulu da əlini mübarək çənəsinə qoyub:

 – İndi at, – deyir və  Allaha dua  edir:

– Allahım! Onun oxunu hədəfə çatdır.

 Doğrudan da, ox ceyranın boynuna saplanır. Rəsulullahın üzündə təbəssüm görünür. Çünki bu, qida olmayan bir vaxtda Allahın əshabi-kirama bir lütfü, bir ehsanı demək idi.

Hz. Sad dərhal ceyranı tutub kəsmiş, hüzura gətirmişdi, Peyğəmbərimiz də ətinin bişirilib səhabələr arasında bölüşdürülməsini buyurmuşdu.

 İrquz-Zabyə adlı yerə çatanda bir bədəvi ilə rastlaşırlar. Allah Rəsulu (s.ə.s.) hər bir vəziyyəti qiymətləndirib məlumat toplamağa çalışırdı və bu adamdan da karvanla bağlı nə bildiyini soruşur. Çox keçmədən məlum olur ki, bədəvinin bu barədə heç bir məlumatı yoxdur.

 Bu arada bəzi səhabələr adamı məcbur edirdilər ki,  Rəsulallaha salam  versin. O da:

– Aranızda, həqiqətən, Rəsulallah varmı? – deyə təəccüb edir və sonra da gəlib Peyğəmbərimizə salam verir. Bədəvi idi: Peyğəmbərdən dərs alıb tərbiyə görməmişdi. Buna görə də sualın ardınca dərhal:

– Əgər Sən, həqiqətən, bir peyğəmbərsənsə, bu dəvəmin qarnındakını mənə de, – deyə soruşur. Sual əshabı hiddətləndirir. Buna görə də Sələmə ibn Sələmə irəli atılır:

– Bunu Rəsulullahdan soruşub Onu incitmə! Soruşursan, məndən soruş, cavab verim, – deyir, onu utandırır. Bunu eşidən Allah Rəsulu kədərlənir və yenidən məsələyə müdaxilə etmə lüzumunu hiss edir:

– Ondan əl çək. Kobud davranıb üstünə çox getmə, – deyir.

Allah  Rəsulu (s.ə.s.) Hz. Sələmədən də üzünü çevirir. Beləliklə, O, hər halı ilə əshabına dərs verir və qiyamətə qədər var olan bəşəriyyətə müəllimlər yetişdirirdi. Buna görə də bəzən sözləri ilə əshabına xəbərdarlıq edir, bəzən hərəkətləri ilə onu istiqamətləndirib davranışlarında səbatlılığa çalışırdı.

Əbu Sufyan fərasəti və Qureyşin  vəziyyəti

Digər tərəfdə isə Şamdan qayıdan Əbu Sufyan Mədinədəki bu hərkətlilikdən xəbər tutmuş, yolunu dəyişdirib birbaşa Məkkəyə yönəlmişdi. Həmçinin məkkəliləri yol boyunca baş verənlərdən xəbərdar etmək üçün Damdam ibn Amra iyirmi misqal ödəyib çapar kimi göndərmişdi. Damdam gedəcək və dəvəsinin burnunu, qulağını kəsib palan və yəhərini də parça-parça edəcəkdi. Bu halı ilə məkkəliləri təhrik edəcək, bu zaman hətta əynindəki köynəyi də cıracaqdı... Belə ki, o dövr üçün bu, vəziyyətin vahiməsini göstərən önəmli bir əlamət  idi.

Mədinəyə yaxınlaşdıqca Əbu Sufyanın qorxusu artırdı. Bədirdən keçərkən qarşılaşdığı Məcdi ibn Amrdan  soruşur:

– Burada bir adama rast gəldinmi? Hər hansı bir dəyişiklik hiss etmisənmi?

– Elə narahat  olacaq bir şey görmürəm, yalnız iki atlı ilə rastlaşdım.[8] Bu təpədə bir qədər durular və quyudan bir az su götürüb getdilər, – deyə Məcdi cavab verir.

Bu xəbər Əbu Sufyanı daha da təlaşlandırır. Dərhal göstərilən yerə gəlir, buraya gəlib gözləyən, sonra da su içib gedənlərin kim olduğunu öyrənmək istəyir. Təpəyə yaxınlaşdıqda qarşısına çıxan dəvə peyini diqqətini cəlb edir və əlindəki çubuqla onu qarışdırır. Bir qədər sonra ətrafdakılara:

– Vallah, bunlar Yəsrib yemləridir! Buradan Məhəmmədin casusları keçib, – deyir.

Çox ağıllı adam idi və peyindəki yem dənələrindən bu iki insanın Mədinədən gəldiyini təsbit etməkdə çətinlik çəkmir.

Karvanın məsuliyyətini üzərində hiss edən Əbu Sufyan təşvişə içində idi. Dərhal yoldaşlarının yanına gəlir və Bədrin kənar sərhədlərinə doğru istiqamətini dəyişdirir. İndi karvan daha təhlükəsiz ərazi ilə irəliləyirdi. Buna görə də Əbu Sufyan Qeys ibn İmriülqeysi Məkkəyə göndərir. Artıq  narahtlığın geridə qaldığını və karvanın təhlükəsiz yerdə olduğunu bildirmək  istəyirdi.

 Atiqə binti Abdulmuttalibin yuxusu

Bu arada Məkkə Rəsulullahın (s.ə.s.) bibisi Atiqə binti Abdulmuttalibin gördüyü yuxudan  danışmağa başlamışdı. O,  gördüyü yuxunu qardaşı Abbasa danışarkən:

– Qardaş, bu gecə dəhşətli bir yuxu gördüm. Yaxınlarımızın başına böyük bir müsibət gələcəyindən qorxuram, – deyə narahatlığını dilə gətirmişdi. Onun yuxudan danışarkən rənginin solduğunu görən Abbas:

– Nə görmüsən? – deyə soruşduqda:

– Heç kimə danışmamağa söz verməsən, sənə heç nə deməyəcəyəm, çünki insanlar bunu eşitsə, bizi incidər və haqqımızda xoşagəlməz sözlər danışar, – deyə qardaşına xəbərdarlıq edir.

Abbas da eyni qənaətdə idi, ancaq bu röyanın başlarına gələcək müsibətdən çox vacib bir xəbərdarlıq olduğuna inandığı üçün özünü saxlaya bilməyib onu yaxın dostu Vəlid ibn Utbəyə danışır. O da atası Utbəyə... Və beləliklə, yuxu qısa zamanda bütün Qureyşin dilinə düşür.

Əbu Sufyanın çapar kimi göndərdiyi Damdamın Məkkəyə gəlişindən üç gün əvvəl Atiqə binti Abdulmuttalib yuxuda dəvə belində Məkkəyə gələn və Əbtahda durub insanları uca səslə döyüşə çağıran bir adam görür. Adam:

– Haydı, döyüş üçün hazırlaşıb tez yola çıxın! Çıxın ki, başınıza gələcək müsibəti və yerlə-yeksan olacağınız yeri özünüz görəsiniz! – deyirdi. Bir anda ətrafına böyük bir izdiham toplanır.

Daha sonra həmin adam Kəbəyə gəlir, insanlar da onun arxasınca... Qəribə idi; adamın dəvəsi Kəbə qədər böyümüşdü, adam da gur səslə yenə eyni cümləsini təkrar edirdi. Bir müddət sonra dəvə Əbu Kubeys dağı boyda olur, adam yenə dəvənin üstündə idi və eyni cümləni təkrar edirdi:

– Haydı, döyüş üçün hazırlaşın, tez yola çıxın! Çıxın ki, başınıza gələcək müsibəti və devriləcəyiniz yeri özünüz görəsiniz!

Sonra yerdən böyük bir qaya qopardır və onu Əbu Kubeys dağından aşağı atır. Qaya bir anda parça-parça olur. Sonra bu qayadan qopan hər bir parça Məkkə evlərinə dəyir və içəri düşür... Təşviş içində oyanan Atiqə binti Abdulmuttalib uzun müddət gördüyü yuxunun təsirindən çıxa bilmir və onu qardaşı Abbasla bölüşmək qərarına gəlir. Məkkədə dilə-dişə düşən yuxu məhz bu idi.

 Kəbəni təvaf etmək məqsədilə evindən çıxan Abbas Əbu Cəhillə qarşılaşır. Əbu Cəhil bir dəstə insanla Atiqənin gördüyü yuxudan danışırdı. Abbas ibn Abdulmuttalibin gəldiyini görən kimi:

– Ey Əba Fadl! Təvafını bitir, gəl, səninlə söhbətim var, – deyir Əbu Cəhil. Təvafını bitirib yanlarına gələndə istehza ilə:

– Ey  Muttaliboğulları! Aranızdakı bu qadın peyğəmbər nə zaman peyda oldu? – deyir.

– Nədən danışırsan? Hansı  peyğəmbər? – deyə Abbas cavab verir.

– Atiqənin gördüyü yuxu, – deyir Əbu Cəhil. Abbas davranışı ilə hadisədən xəbərsiz olduğunu göstərməyə çalışır:

– Nə görüb ki? – deyə cavab verincə Əbu Cəhil ciddiləşir:

– Ey Muttaliboğulları, kişilərinizin peyğəmbərlik iddiasında olması azmış kimi, indi də qadınlarınız peyğəmbərliyə başlayır! Atiqə üç gün ərzində başımıza böyük bir bəla gələcəyini söyləyir! Əgər həqiqətən, dedikləri doğrudursa, üç gündən sonra bunu görəcəyik. Ancaq söylədikləri doğru olmasa, o zaman biz sizini barənizdə ərəblər arasında ən yalançı ailə hökmünü çıxaracağıq ki, ömür boyu bu addan qurtula bilməyəcəksiniz!

Oradan uzaqlaşan Abbas həqiqəti bildiyi halda bixəbər kimi davrandığı üçün xəcalət çəkirdi. Axşam vaxtı Muttaliboğulları başına toplaşarkən bu davranışının nə qədər reaksiyaya səbəb olduğunu daha aydın görür. Əbu Cəhillə olan söhbətini eşidənlər yanına gəlir və:

– Bu pis və fasiq adam kişilərinizə dil uzatdığı yetmirmiş kimi, indi də qadınlar haqqında həqarət edir və sən də bunun qarşısında səsini çıxartmırsan, hə? – deyirlər.

Xüsusilə, Atiqə binti Abdulmuttalibin sirrini yayan qardaşına qəzəbinin həddi-hüdudu yox idi. O qədər danlayırlar ki, Abbas söz verir ki, gedib Əbu Cəhlin qarşısında duracaq və cavabını verəcək.

Üçüncü gün idi. Hər şeyi gözə alan Abbas birbaşa Kəbəyə gəlir. Təxmin etdiyi kimi Əbu Cəhil də orada idi. Sərt baxışlarla Abbası süzürdü. Əbu Cəhlə yaxınlaşıb layiqli cavabını verəcəkdi ki, Batnı-Vadi tərəfdən dəvə belində çığıra-çığıra gələn Damdam ibn Amrın səsi eşidilir. Görünür, çox mühüm bir hadisə baş vermişdi. Diqqət çəkmək üçün Əbu Sufyanın öyrətdiyi kimi dəvəsinin qulaq və burnunu kəsmiş, üzərindəki palan və yəhərini  parça-parça etmiş və köynəyini də cırmışdı. Gözlənildiyi kimi, bir anda hamının diqqəti ona yönəlir, artıq bütün Məkkə maraqla onun nə deyəcəyini  gözləyirdi:

– Ey Qureyş xalqı, fəlakət, fəlakət! Əbu Sufyanla birlikdə Şama göndərdiyiniz mallarınızı Məhəmməd və onun əshabı ələ keçirdi! Ona yetişə biləcəyinizə də inanmıram. İmdad! Kömək edin!

 Damdamın sözləri Əbu Cəhlə də, Abbasa da hər şeyi unutdurur:

– Məhəmməd və əshabı bu karvanın da İbn Hadraminin karvanı kimi olacağını sanır? – deyirdilər. Bir anda vəziyyət gərginləşmiş, günlərlə həyəcan içində gözləyən Qureyşi döyüş  əhvali-ruhiyyəsi bürümüşdü.

Məkkə ordusu

Bu xəbər onsuz da alovlanmaq üzrə olan Məkkə üçün bir qığılcım demək idi və xüsusilə, Əbu Cəhil kimilərin günü doğmuşdu! Fürsət idi və dərhal döyüş üçün toplaşmağa başlayırlar. Döyüşmək üçün maddi imkanı (silah-sursatı) olmayanları varlılar təmin edir və bu savaşa hər kəsin qoşulmasının vacib olduğunu deyirdilər. Süheyl ibn Amr, Zəma ibn Əsvəd, Tuaymə ibn Adiyy və Hanzala ibn Əbu Sufyan kimi insanlar:

– Məhəmmədə və hərəkətlərinə görə aranızdan qaçıb gedən və indi Onunla birlikdə olan sabiləri görməzliyəmi vuracaqsınız? Yəsrib xalqının sizin karvanınızı və bu karvandakı malları ələ keçirdiyini görmürsünüzmü? Bu döyüşdə  iştirak etmək üçün mal almaq istəyənə mal veririk, güc və qüvvət istəyənlərə də güc və qüvvət veririk, – deyir, şeir və xitabları ilə insanları savaşa təşviq edib coşdurmağa çalışırdılar. Nəvfəl ibn Müaviyə də Qureyş varlıları arasında gəzir və onlardan imkanı olmayanlara kömək etmələrini istəyirdi. Onun bu istəyinə müsbət cavab verən Abdullah  ibn Əbu Rəbia:

− Bu beş yüz dinarı al və istədiyin kimi xərclə deyir.

Həmin Nəvfəl Hüveytib ibn Abdüluzzadan üç yüz dinar alır.[9] Tuaymə ibn Adiyy də ona iyirmi dəvə verir, bu dəvələrdə vuruşanların bütün xərclərini də öz üzərinə götürür.

 Bəzi insanların müsəlman olmasından şübhələnir və ya olacağından ehtiyat edirdilər ki, onların bu döyüşdə iştirakına xüsusi səy göstərirdilər. Hz. Abbas, Hz.Əlinin qardaşı Aqil və Talib ilə Rəsulullahın qardaşı oğlu Nəvfəl ibn Haris bunların arasında idi. Əbu Ləhəbin[10] öz cərgələrində olmasına heç şübhə etmirdlər; əsl kafir idi. Gəlməyib, öz yerinə ona dörd min dirhəm borcu olan As ibn Hişamı (Əbu Ləhəb bu borcu siləcəyini vəd edib As ibn Hişamı yola gətirmişdi) göndərincə qəbul edirlər.

Atiqə binti Abdulmuttalibin yuxusundan söz açıb əndişələrini dilə gətirən Ümeyyə ibn Xələf, Utbə və Şeybə qardaşları, Zəma  ibn Əsvəd, Ümeyr ibn Vəhb və Hakim ibn Hizam kimilər Hubəl bütünün yanına gəlib ox atırlar. Qəribə idi; ilk ox döyüşdə iştirak etmələrinə "xeyr" deyirdi. Onlar da nəticə etibarilə bu işin uğursuz olacağı qənaətinə gəlir və Əbu Cəhillə birlikdə döyüşə getməmək qərarını verirlər. Ancaq çox keçmir ki, bu qərardan vaz keçməyə məcbur olurlar, çünki bundan xəbər tutan Əbu Cəhil onları qorxaqlıqda ittiham edir. Əbu Cəhlin təhriki nəticəsiz qalmır, məcburən döyüşdə iştirak etmək qərarını yeniləyirlər.

 Bu şəxsləri qorxaqlıqda ittiham edib döyüşə getmək məcburiyyəti qarşısında qoyan Əbu Cəhil özünü savaşa hazırlasa da, Ümeyyə ibn Xələfin əndişələri günbəgün artırdı. O, yaşlı və kök bir adam idi, ağır çəkisi ilə hərəkət etməkdə belə çətinlik çəkirdi. Buna görə də savaşa getmək əvəzinə Məkkədə oturub gözləyəcəyini  deyirdi.

Çox keçmədən Uqbə ibn Əbu Muayt Kəbədə insanlar arasında oturub söhbət edən Ümeyyə ibn Xələfin yanına gəlir. O, insanların zəif tərəflərini çox yaxşı bilir və bundan istifadə etməkdən çəkinmirdi. Əlində qəndil və yağdan var idi. Onları gətirib Ümeyyənin qabağına qoyur. Hər kəs diqqətlə nə olacağını gözləyirdi. Belə deyir:

– Ya Əba Əli! Al bu qəndili yandır, necə də olsa, artıq sən də bir qadın sayılırsan!

Bu, Ümeyyə kimi bir adam üçün ən böyük  təhqir idi. Cavab olaraq əvvəlcə:

– Allah  sənə də, gətirdiyin şeylərə də lənət etsin, – deyir və dərhal oradan uzaqlaşıb evə gedir. Çox keçmədən də silahını götürüb orduya qoşulur.

 Əbu Cəhlin planı axşamdan işləyirdi. Çünki başlanğıcda Uqbə də döyüşə getməmək üçün israr etsə də, Əbu Cəhil onu da yola gətirmişdi. Bunu Ümeyyə də bilirdi. İndi isə "Öldürüləcəyindən qorxan Uqbə də gedirsə, sənə nə olub?"[11] ismarışını Uqbənin şəxsində Ümeyyəyə çatdırmış olurdu. Eyni zamanda özu də gəlmiş və ona bunları demişdi:

– Ya Əba Safvan! Sən nə vaxtdan insanların arxasında gizlənirsən? Halbuki sən bu vadinin böyüyüsən və hər zaman bu insanların önündə hərəkət edərdin!

Əbu Cəhil yenə üstün gəlib Ümeyyənin əl-qolunu bağlayır. Çarəsiz qalan Ümeyyə: "Heç  olmasa, Məkkədəki ən yaxşı dəvəni satın alıb onunla gedərəm," – deyə düşünür. Evinə gəlib xanımına:

– Ey Ümmü Safvan, haydı məni döyüşə hazırla! – deyir.

Xanımı da təəccüblənir. Onun öldürülməkdən qorxduğunu çox yaxşı bilirdi. Sad ibn Muazın sözlərini ona deyərkən necə qorxduğunu xatırlayır və bir anda bu qədər dəyişib döyüşə getmək qərarına gəlməsindən heç  nə  anlamır. Ona görə də soruşur:

– Ya Əba Safvan, yəsribli dostunun sənə söylədiklərini nə tez unutdun?[12]

– Unutmamışam, – deyə cavab  verir  Ümeyyə.

Hər halından çarəsizlik yağırdı. Göz görə-görə ölümə getdiyini bilirdi. Unutmamışdı, amma öz içində təhlükəli yerlərdən uzaq olmaqla ölümdən qurtulmağı planlaşdırırdı. Buna görə də müşrik ordusu harada fasilə versə, Ümeyyə dəvəsini kənar bir ağaca bağlayacaq, özünü təhlükəsiz yerlərə verməyə çalışacaqdı.

Məkkədən çıxış

Karvandan xəbər gətirən Damdamın Məkkəyə  gəlişindən iki gün keçmişdi və artıq Qureyş ordusu döyüşə tam hazır vəziyyətdə idi. Özlərinə güvənirdilər, qalib gələcəklərinə inamları yüksək idi. Ona görə lovğa-lovğa gəzir, sanki, güclərini nümayiş etdirirdilər.

 Çox keçmir ki, toy-düyünə gedən qız-gəlin dəstəsi kimi şən və kefləri  kök, damağları çağ  yola düşürlər. O qədər arxayın idilər ki, döyüşdən sonra kef məclisi təşkil etmək üçün özləri ilə içki, qadın və musiqi alətləri də götürməyi ehmal etməmişdilər.

 Əbu Cəhlin başçılıq etdiyi min üç yüz nəfərlik Məkkə ordusunda yüz at və yeddi yüz dəvə var idi. Onlar üçün karvan artıq ikinci planda idi. Məhəmməd və əshabını şəhər kənarında yaxalayıb birdəfəlik məhv edəcəklərini düşünürdülər.

 Ordunun ərzaq təchizatını də öz aralarında bölüşmüş və bu yükü müəyyən adamlara tapşırmışdılar. Səfərin ilk günündə Əbu Cəhil on dəvə kəsmiş və ordunun qarnını doyurmuşdu. Usfanda növbə Ümeyyə ibn Xələfə çatır və doqquz dəvə də o kəsir. Qudeydə çatarkən məşhur şair Süheyl ibn Amr qollarını çırmayıb on dəvəni boğazlayır. Sonrakı günlərdə isə on dəvə Utbə ibn Rəbiə və on dəvə də Haccacın oğulları Münəbbih və Nübeyh kəsir və beləliklə, ordunun qarnını birlikdə doyurmuş olurlar.

Cuhfə adlı yerə çatanda Cüheym ibn Salt üzünü yoldaşlarına tutub:

– Bir az əvvəl mənim yanımda duran süvarini gördünüzmü? – deyə soruşur. Heç kim heç nə görməmişdi.

– Xeyr, – cavabını verir, sonra da, – deyəsən, dəli olmusan! Yəqin ki, şeytan səninlə oyun oynayır, – deyirlər.

Demə, Cüheym yəqzan (yuxu ilə oyaqlıq arasında olan hal) halında bir röya görmüş və heç cür bunun təsirindən çıxa bilməmişdi. Yuxusunda bir atlı yedəyində dəvə ona tərəf gəlir və Rəbiənin iki oğlu Utbə və Şeybə, Əbül-Hakəm ibn Hişam (Əbu Cəhil), Ümeyyə ibn Xələf, Əbül-Bəxtəri və Qureyşin əyan-əşrəfindən daha bir neçə nəfərin də adını çəkib onların öldürüldüyünü deyir. Sonra da dəvəsinin boynunu qılıncla vurub döyüşçülərə tərəf göndərir, dəvənin boynundan fışqıran qan da orada olan çadırların hamısını al-qırmızı rəngə boyayır.

Bu yuxu da yayılır və təbii, Əbu Cəhlin də qulağına çatır:

– Budur, Muttaliboğullarından bir peyğəmbər də! – deyir.

Əbu Cəhlə görə, Haşimoğullarının yalanlarına indi də Muttaliboğullarının yalanları əlavə edilir. Halbuki öldürüləcək insanlar arsında öz adı da çəkilmişdi, amma o, deyilənləri məsxərəyə qoyur və beləcə, bunların boş  şeylər olduğunu başa salmağa çalışırdı. Daha sonra əlavə edir:

– Əgər onlarla qarşılaşsaq, sabah kimin öldürüləcəyini görəcəksiniz!

Əbu Sufyanın "Geri dönün" çağırışı!

Əbu Sufyanın göndərdiyi Qeys ibn İmriülqeys də Cuhfədə Qureyş ordusuna çatır və:

– Şübhəsiz ki, siz karvandakı mallarınız və oradakı adamlarınıza görə yola çıxmısınız. İndi isə həm mallarınızı, həm də canlarınızı Allah təhlükədən qurtardı. Elə isə geri qayıdın, – deyə döyüşə ehtiyac qalmadığı onlara bildirir.

Bu xəbəri eşidən və onsuz da döyüşmək istəməyən Haris ibn Amr, Ümeyyə ibn Xələf, Rəbiənin oğulları Utbə və Şeybə qardaşları, Hakim ibn Hizam, Əbül-Bəxtəri, Əli ibn Ümeyyə və As ibn Münəbbih kimi bəzi insanlar geri qayıtmaq üçün əməlli-başlı əl-ayağa düşür.

Əbu Cəhil onları və geri qayıtmaq istəyən hər kəsi qorxaqlıqda ittiham edir və insanlar arasında çətin vəziyyətdə qoyurdu. Həmçinin Uqbə ibn Əbu Muayt və Nadr ibn Haris də ona dəstək verib yol göstərirdilər. Küfr naminə kin püskürür və göz görə-görə insanları ölümə sürükləyirdilər. Son hökmü də yenə o verir:

– Vallah, Bədrə çatmayınca, əsla geri dönməyəcəyik! Sonra da orada üç gün qalar, dəvə kəsər, yeyib-içər və çalğıçı qadınlarla kef edərik! Beləliklə, ərəblər bizim yığışıb buraya qədər gəldiyimizi eşidər və bundan sonra heç vaxt bizə qarşı bir söz deyə bilməzlər! Haydı, yolunuza davam edin!

Ancaq hər kəs eyni qənaətdə deyildi. Ahnəs ibn Şərik Zührəoğullarına səslənərək artıq karvan üçün təhlükə olmadığını və buna görə də döyüşə ehtiyac qalmadığını söyləyib onlarla birlikdə geri qayıdır. Adiyyoğulları da Zührəoğullarına qoşulur və bu iki qəbilədən heç kim döyüşə getmir.

Əlindən gələni etsə də, Əbu Cəhlin Qureyşi inadla döyüşə sürüklədiyini görən Əbu Sufyan:

– Vay qövmümün başına gələnlərə! Heç şübhə yoxdur ki, bütün bunlar Amr  ibn Hişamın (Əbu Cəhlin) azğınlığından başqa bir şey deyil!–deyir.

Hətta Qureyşin çaparı qayıdıb ordunun Əbu Cəhlin təşviqi ilə Bədrə doğru irəlilədiyini deyəndə çox kədərlənir. Hələ üstəlik bu adamlar onu da geri çağırır və karvanı Məkkədə qoyub orduya yetişməsini istəyirdilər. Təəccüblü idi, göz görə-görə ölümə gedirdilər. Əbu Sufyan bunların heç birinə iltifat göstərmir və beləliklə, özünü Əbu Cəhlin oyununa qurban verməyəcəyini bəyan edir.

Çox keçmədən Məkkədə Qureyş karvanından ayrılmış Zührə və Adiyyoğulları ilə rastlaşan Əbu Sufyan başqaları getdiyi halda, onların nə üçün qayıtdığını soruşacaq və onlar da onun göndərdiyi xəbərə görə Məkkə ordusunu tərk etdiklərini deyəcəkdi.

Qərar anı

Yola çıxdığı gündən oruc tutan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) daha əvvəl "orucunu açan açsın"  desə də, orucunu açmaq istəməyən əshabına səslənib:

– Mən orucumu açdım, siz də açın, – deyir, o gündən sonra oruca niyyət etməməyi əmr buyurur.

Beləliklə, səhabələr səfər və müharibə kimi vaxtlarda oruc tutmama rüsxətinin olmasını da öyrənirdi. Çünki bu məsələ Cəbrailin gətirdiyi ayələrdə əksini tapmış və Rəsulullah da onu əshabına təbliğ etmişdi.

Safra adlı yerə gəldikdə Rəsulullah qarşılarına çıxan iki dağın adını soruşub burada yaşayan əhalinin hansı qəbiləyə mənsub olduğunu öyrənmək istəyir. Aldığı cavab çox da xoşuna gəlmir və yönünü dəyişib Safranı yolun sol tərəfinə qoymaqla Zəfiran istiqamətində davam edir. Çünki kainatda təsadüfi heç nə olmur və uğursuzluğu ifadə edən bu isimlər Ona əşyanın pərdə arxasınının müəyyən hikmətlərini pıçıldayırdı. Yaşadığı varlıqla vəhdət halına gələn Allah Rəsulu (s.ə.s.) da başqa mənbələrdən əldə etdiyi məlumatlarla yanaşı, bu isimlərin Ona ilham etdiyi bəyanları da nəzərə alır və strategiyasını buna görə müəyyənləşdirirdi.

Bu ərəfədə Qureyşin döyüşmək üçün yola çıxması xəbərini alır. İşin mahiyyəti bir anda dəyişir. Döyüşmək niyyəti ilə yola çıxmamışdılar; nə silah-sursat, nə də əhvali-ruhiyyə baxımdan hazır idilər. Qəbul etdiyi qərarlarda onunla birlikdə gedən insanların da iştirakına çalışan Allah Rəsulu (s.ə.s.) belə bir kritik məqamada əshabın fikirlərinə baş vurur. Əvvəlcə Hz. Əbu Bəkir və Hz. Ömər öz fikirlərini deyir. Ardınca Miqdad ibn Amr söz alır:

– Ya Rəsulallah, – deyir, – Allah  Sənə əmr etdiyi istiqamətdə yoluna davam et. Biz Səninlə bərabərik! Allaha and olsun ki, biz İsrailoğullarının Hz. Musaya: "Sən və Rəbbin gedib savaşın, biz də burada oturub heç bir yerə getmirik," –[13] dediyi kimi deməyəcəyik! Biz belə deyirik: "Sən və Rəbbin gedib döyüşün, amma biz də Sizinlə birlikdə və Sənin sağ və solunda, ön və arxanda ölənədək savaşacağıq. Səni haqq ilə göndərənə and olsun ki, Bərqi-Qimada qədər getməyi buyursan, vallah, biz hamımız heç usanmadan Səninlə birlikdə oraya qədər gedərik!"

Peyğəmbərlə birlikdə ölümün gözünə dik baxmağın həyəcanı idi bu ifadələr və Rəsulullahı məmnun edirdi. Nur camalı ay işığı kimi parlayırdı. Əvvəlcə Miqdada xeyir-dua edir  və sonra üzünü əshabına tutaraq deyir:

– Ey insanlar! Mənə fikrinizi söyləyib yol göstərin!

Demək, O (s.ə.s.), bu qərarın sadəcə müəyyən adamlar çərçivəsində olmasını istəmirdi və bunu deyərkən də, xüsusən, ənsarı nəzərdə tuturdu. Çünki ənsar Aqabədə söz verərkən Mədinəni nəzərdə tutmuşdu. İndi isə məsələ Mədinə hüdudundan çıxmış və qızğın bir döyüşə doğru gedirdi. Eyni zamanda ordunun əksəriyyətini də onlar təşkil edirdi. Buna görə çox keçmədən Allah Rəsulu (s.ə.s.):

– Mənə fikrinizi bəyan edib yol göstərin, – deyib tələbini təkrarlayır.

– Ənsarın adından mən danışacağam, – deyən Sad  ibn  Muaz ayağa qalxır, – yəqin ki, bizi nəzərdə tutursan, ya Rəsulallah.

Allah Rəsulu da (s.ə.s.):

– Bəli, – buyurur.  Bundan sonra Sad deyir:

– Sanki, ənsarın sadəcə öz yurdlarında Sizi qoruyacağına dair bir narahatçılığınız var, ya Rəsulallah! Şübhəsiz ki, mən bu an ənsarın adından danışıb Sizə cavab verirəm, dilədiyin yerə qədər get... İstədiyin adamlarla əlaqə qur, istədiyin adamlarla əlaqəni kəs...

Mallarımızdan istədiyin qədər al və istədiyin qədər də bizə saxla. Bil ki, bizi bizdən aldığın bizə saxladığından daha çox məmnun edər. Sənin əmrin gözümüz üstə və əmrini gözləyirik. Daim Səninlə birlikdə olacağıq!

Biz Sənə iman edib təsdiq etdik, gətirdiklərinin haqq oldugunu bəyan edib Sənə söz verib and içdik. Ona görə də indi Sən istədiyin yerə yönəl, ya Nəbiyyallah! Biz daim  Səninlə bərabər olacağıq! Səni haqq ilə göndərənə and olsun ki, əgər atını sürüb bu dənizin içərisinə girsən, tərəddüdsüz  biz də oraya at sürər və dənizə girərik! Və inan ki, bu məsələdə bizdən bir adam belə geridə qalmaz! Sabah Sənin bizimlə birlikdə düşmənlə qarşılaşmağın bizi əsla bu yoldan döndərə bilməz. Çünki biz döyüş məsələsində səbirli, düşmənlə qarşılaşanda isə sözümüzün ağasıyıq. Görəcəksən və ümid edilir ki, Allah bizim vəsiləmiz və Rəsulunun da bərəkəti ilə Sənin gözünü aydın edən lütflər göstərəcək!

Sanıram ki, indi Allah Sənin qarşına gözləmədiyin bir iş çıxartdı. Sən bizimlə birlikdə, Allahın bərəkəti ilə irəlilə! Şübhən olmasın ki, biz daim Sənin sağ və solunda, ön və arxanda olacaq və Səninlə birlikdə ölənə qədər vuruşacağıq.

Demək, əshabın imanı və düşüncəsi yetkin səviyyədə idi və bu səviyyədə dünyanı diz çökdürəcək bir qüvvə gizlənirdi. Belə ki, mənada, mənəviyyatda kök atan bir qüvvə, eyni zamanda maddiyyatın da öhdəsindən gəlməyə yetəcək bir potensial demək idi. Belə ki, Allah Rəsulunun yolunda gözünü qırpmadan və əvəz gözləmədən baş qoyanlara Allahın zəfər vədi var idi. Cəbrail də gəlmiş, bu vədin gerçəkləşəcəyi müjdəsini gətirmişdi. Gələn ayələrdə Uca Allah iki topluluqdan birini müsəlmanlara vəd etdiyini buyururdu. Əlbəttə, burada daha təklükəsiz sayılan karvanı üstün tutmaq insan fitrətinin normal tələbi idi və əshab da başlanğıcda belə düşünürdü. Ancaq Allah (c.c.) əmrləri ilə haqqı üstün tutmaq və şirkin qüvvəsini yox edərək kafirlərin ardını kəsmək istəyirdi. Həm də bu, bir fürsət idi, beləcə haqq olan İslamın adı yüksələcək və batil şirk isə məğlub olacaqdı.[14]

Bunun müqabilində Allah Rəsulu  (sallallahu əleyhi və səlləm) əshabına üz tutur:

– Allahın bərəkəti ilə haydı irəli! Çünki Allah (c.c.) iki topluluqdan birini Mənə vəd edir. Vallah, indi Mən onların yuvarlandığı yeri görürəm!

Artıq qəti qərarla yola düşmüş, Bədrə doğru irəliləyirdilər.

Bədir...

O dövrdə Bədir yolların kəsişdiyi bir yer idi və ərəblər müəyyən mövsümlərdə burada bir yerə yığılar, yarmarka təşkil edərdilər. Buna görə də Bədir məkanı nə Məkkəyə, nə də Mədinəyə yad sayılırdı.

Allah Rəsulu (s.ə.s.) və əshabı Bədrə çatanda cümə günü idi. Həmin axşamı orada keçirəcəkdilər və məhz döyüş də ertəsi gün bu məkanda cövlan edəcəkdi.[15]

Döyüş kəşfiyyat demək idi və Allah Rəsulu (s.ə.s.) da qarşı tərəfin vəziyyəti ilə bağlı məlumat toplamağa xüsusi diqqət yetirirdi. Bu səbəbdən həmin gün axşam Hz. Əli, Hz. Zubeyr ibn Avvam, Bəsbəs ibn Amr və Sad ibn Əbu Vəqqası kəşfiyyat aparma tapşırığı ilə yenidən Bədrə göndərir. Qaranlıq gecədə yola çıxan dəstə Bədir quyularının başına gələndə burada müşriklərin göndərdiyi Əsləm və Arid adlı iki nəfərlə qarşılaşır.

 Əslində onlar da xəbər və məlumat ovuna çıxmışdılar. Bu ilk yaxın təmas idi və baş verən kiçik toqquşmadan sonra möminlər onları əsir alıb Rəsulullahın hüzuruna gətirirlər. Bu zaman Allah Rəsulu (s.ə.s.) namaz qılırdı. O, namazını bitirənə qədər səhabələr əsirləri sıxışdırır. Adamlar:

– Biz Qureyş üçün su götürməyə gəlmişdik, – deyirdilər, fəqət əshab bununla qəne olmurdu. Onların Əbu Sufyanın karvanından gəldiklərini düşünürdülər. Buna görə də cəza və təzyiqi artırırdılar.

Nəhayət, adamlar da çıxış yolunu suallara onların istədiyi cavabı verməkdə görür və Əbu Sufyanın çaparı olduqlarını deyirlər.

Bu  əsnada  Peyğəmbərimiz  (s.ə.s.) rüku və səcdəsini tamamlayıb salam verir. Sonra üzünü əshabına tutur:

– Adamlar sizə doğrunu söyləyəndə sıxışdırıb döyür, yalan deyəndə də onlardan əl çəkirsiniz! Adamlar doğru deyir, vallah, onlar Qureyşin  adamlarıdır.

Sonra da Əsləm və Aridi yanına çağırıb soruşur:

– Qureyşlilər haradadır?

 – Bu təpənin arxasında, – deyə cavab verir.

 – Bəs onlar neçə nəfərdir?

– Çox.

– Sayı nə qədərdir?

– Bilmirik.

– Gündə neçə dəvə kəsirlər?

– Bir gün doqquz, bir gün on.

Bu sözdən sonra Allah Rəsulu (s.ə.s.) əshabına üz tutaraq:

– Onlar təxminən doqquz yüz-min nəfərdir, – buyurur.[16]

Bir sualı da vadı:

– Yaxşı, bəs onların arasında  Qureyşin adlı-sanlı adamlarından kimlər var?

Əsləm və Arid gələnlərdən Rəbiənin oğulları Utbə və Şeybə, Əbul-Bəxtəri, Hakim ibn Hizam, Nəvfəl ibn Huveylid, Amr ibn Hişam (Əbu Cəhil), Ümeyyə ibn Xələf, Haccacın iki oğlu Nəbih və Münəbbih, Süheyl ibn  Amr və  Amr  ibn Abdivüdün adlarını çəkir.

Bunları dinləyən Allah Rəsulunun dilindən bu kəlmələr eşidilir:

– Şübhəsiz ki, bu gün Məkkə sizin qarşınıza öz seçilmişlərini çıxarır.

Məkan seçimi

İki ordu bir-birinə çox yaxınlaşmışdı və Bədirdə qarşılaşacaqları artıq qətiləşmişdi. Bu səbəbədən dərhal ora çataraq qərargah qurub yerləşmək lazım idi. Və ramazan ayının on yeddinci günü bir cümə axşamı Allah Rəsulu (s.ə.s.) əshabı ilə birlikdə Bədrə gəlib mövqe tutmaq əmrini verir.

Bu   əsnada  yanına yaxınlaşan Hübab ibn Münzir:

–Ya Rəsulallah, – deyir.

Hübab hələ çox gənc idi və qorxurdu ki, sözləri ilə Allah Rəsuluna qarşı müxalif olar. Buna görə də səsini mümkün olduqca qısmış, qorxu dolu bir səslə xitab edirdi. Ancaq zaman və məkan baxımından bir şeyi soruşub müzakirə etmək və bildiyini ortaya qoyub təcrübəni bölüşmək bir zərurət idi. Belə davam edir  və soruşur:

– Bu məkanı seçməyiniz bizim hər hansı bir dəyişilik edib təqdim və ya təxir seçimimiz olmayan və Allahın sizə bildirdiyi bir vəhyin nəticəsidir? Yoxsa bu döyüş şəraitini nəzərə alaraq  Zatınızın etdiyi bir seçimdir?

– Əksinə, bu seçim döyüşün şərtlərinə əsasən edilmişdir, – deyir  Allah Rəsulu.

– Ya Rəsulallah! İndi olduğumuz yer savaş baxımından uyğun bir məkan deyil, ən yaxşısı, insanlara əmr et və biz onlara yaxın yerləşən aşağı tərəfdəki quyunun yanına gedək! Çünki mən buranı və burdakı quyuları yaxşı tanıyıram. Orada mənim tanıdığım suyu şirin və kəsilməyən bir quyu var. Orada bir hovuz düzəldib su toplayar və ehtiyacımızı təmin edər, digər quyuları isə bağlayarıq.

Müharibə vəziyyəti idi və bu səmimi təklif ağlabatan görünürdü. Bu vaxt Cəbrail də gəlir, Hübabın təklifinin uyğun görüldüyü müjdəsini gətirir.

 Ona görə də Rəsulullah:

– Hubabın söylədikləri doğrudur, – deyir və göstərilən yerə tərəf irəliləyir, adı çəkilən quyunun yanına gələrək burada qərargah qurur. Bu müddət ərzində digər quyuları da bağlayırlar.

Digər diqqətçəkən məqam: Şam istiqamətində mövqe tutan müsəlmanların arxaları günəşə tərəf idi. Təbii olaraq, müşriklər də Yəmən tərəfində mövqe tutmuş və üzü günə savaşmaq məcburiyyətində qalmışdılar.

Bu qədər iş görüldükdən sonra bir səhabə arxanı küləyin əsdiyi istiqamətə çevirməyin onlar üçün faydalı olacağını, küləyin vadinin yuxarısından bu tərəfə doğru əsməsinin də bir qələbə əlaməti sayıldığını deyir. Allah Rəsulu (s.ə.s):

– Mən artıq mövqeyimi müəyyənləşdirmişəm və bayrağımı da buraya sancmışam, onu bir daha dəyişdirə bilmərəm, – buyurur və belə kritik anlarda rəhbərə xas qətiyyətini göstərir.

Bu əsnada Rəsulullah üçün də çadır qurulmuş və həlledici həmlə üçün mərkəz də təyin edilmişdi. Bu vaxt O, döyüşün cərəyan edəcəyi ərazini yoxlamaq istəyir. Bir dəstə əshabı ilə birlikdə Bədir quyularının ətrafını gəzərkən Qureyş böyüklərinin adını sadalayır və mübarək əlləri ilə onların öləcəyi yerləri bir-bir göstərir.

Çox keçmədən Allah Rəsulu (s.ə.s.) da Hz.Əbu Bəkirlə birlikdə bu çadıra girir. Səbəblərə riayət edib döyüşlə əlaqədar tədbirlər görməklə yanaşı, Allahla olan irtibatını də ehmal etmirdi. Belə ki, atılan hər addımda Onun rizası olmalı idi, O razı olduqdan sonra inayəti də zahir olar və hər çətinliyin öhdəsindən gələrdilər. Bəli, indi də söhbəti-canan zamanı idi.

 Bu arada kiminsə bayırda gözlədiyini hiss edir, çölə çıxır və Sad ibn Muazı görür. Üzündə bir narahatlıq ifadəsi var idi. Yəqin idi ki, müşriklərin Rəsulullaha bir pislik edəcəyindən narahat olmuş və qılıncına qurşanıb buraya Onu qorumağa gəlmişdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Ey Sad,  sanki,  sən bu  insanların təhlükəsindən narahatsan! – deyə səslənir.

– Vallah, elədir, ya Rəsulallah! Bu bizim müşriklərlə ilk döyüşümüzdür, – deyir.

 İşi ehtimala buraxmayan bu tədbir insanı ancaq təqdirəlayiq idi  və  Peyğəmbərimiz də onun bu həssaslığını təqdirlə qarşılayır. O gecə səhərə qədər dualarla Rəbbinə yalvarır, Allahdan Rəbbi yolunda çarpışan bu bir ovuc insanı müzəffər etməsini istəyir. Dua edərkən:

– Allahım – deyirdi, – qureyşlilər bütün mənliyi və təmtəraqı ilə buraya qədər gəldi. Onlar sənə meydan oxuyur və Rəsulunu yalançı adlandırırlar. Allahım! Onlara qarşı Səndən Mənə vəd etdiyin zəfərini istəyirəm! Allahım! Sabah erkəndən onları məğlub et!

Yağış və səkinə

(sükunət - könül rahatlığı)

Bu vaxt Bədirdə narın bir yağış başlamışdı. Başlayan yağış zəfər öncəsi, sanki, şirin bir ilahi mərhəmətin müjdəsi idi. Möminlər üçün mərhəmətin leysan olub yağacağını müjdələyirdi. Əlbəttə, eyni yağış qarşı tərəfə də yağmışdı, lakin onlar getdikcə şiddətlənən bu yağışdan pərişan olur, palçıqdan  hərəkət edə bilmirdilər.

Həm də o axşam könüllərinə mənəvi rahatlıq çökür və əshab mərhəhmət yağışında  yuyunurmuş kimi şirin bir rahatlığa qərq olur. Bu şirin yuxu o günəcən çəkdikləri nə qədər əzab-əziyyəti bütünlüklə unutdurur. Əlbəttə, sabahkı gün üçün gümrah olmaq lazım idi, Allah (c.c.) təlaş və təşviş içində yuxusuz qalıb qüvvələrini zəiflətməmək üçün onlara belə bir nemət bəxş edir. Hətta möminlər üzərlərinə səkinə endikcə ayaq üstə qalmaq üçün qılınclarına söykənir,  amma onları bu vəziyyətdə də yuxu aparırdı.

Qarşı tərəfdə savaş hazırlığı görən müşriklər isə get-gedə artan şiddətli yağışın altında, palçıq içində çabalayır, neçə-neçə məşəqqətlə qarşılaşırlar.

O gecənin səhəri Allah Rəsulu (s.ə.s.) hələ müşrik ordusu gəlib yerləşməmiş Bədirdə əshabını toplayır və döyüş  cərgələrinə düzür. Buradan aydın olur  ki, görünüşə də önəm verirdi. Çünki bu da bir taktika idi, xüsusən, bir balaca irəli və ya arxaya çıxanlara xəbərdarlıq edir və cəgələrin düzgünlüyü təmin edib nizami bir görünüş hazırlayırdı. Rəsulullah (s.ə.s.) bu əsnada səflər arasından bir nəfərin azacıq önə çıxdığını görür və yanın gəlib əlindəki oxla bu səhabənin qarnına yüngülcə toxunur və:

– Sən də sıraya gir, ey Sevad, – buyurur. Sevad ibn Qaziyyə sıraya girir, amma arxadan:

–Ya Rəsulallah, – deyə səslənir, – mənə əziyyət verdin. Səni haqq ilə göndərənə and olsun ki, eyni şəkildə qisas istəyirəm!

Səs gələn səmtə yönələn Peyğəmbərimiz  (s.ə.s.) heç tərəddüd etmədən qarnını açır  və:

– Onda  isə gəl qisas al, – deyib vursun deyə Sevada yaxınlaşır. Bədir əshabı təəccüb içində baş verənləri izləyirdi. Allah Rəsulunun bu davranışı qul haqqı məsələsində hər kəsə böyük bir dərs verirdi.

Hamının diqqətlə baxdığı  Sevad öncə əyilib Rəsulullahın qarnından öpür və boynuna sarılır. Buna binaən Rəsulullah (sallallahu əleyhi və səlləm) soruşur:

– Niyə  belə  bir  iş  gördün, ey Sevad?

– Ya Rəsulallah! Gördüyün kimi, döyüş qapınının astanasındadır və mən ölməyəcəyimdən əmin deyiləm! İstədim ki, tənimin mübarək vücudunuza toxunması dünyada son nəsibim olsun və Allah hüzuruna bununla gedim!

 Rəsulullahla vəhdət olmağın, bütünləşməyin, Onun sevgisi ilə alışıb yanmağın və eyni zamanda, Onun sevgisinə qarşılıq əshabın coşqun sevgisinin ünvanı idi bu. Bu hərəkət də cavabsız qalmır  və  Allah Rəsulu Hz. Sevada  iltifat göstərib xeyir-dua edir.

Bu vaxt şiddətli külək başlayır və bir müddət sonra kəsir. Çox keçmədən ikinci bir külək, bunun ardınca isə üçüncü bir külək əsir, ardınca sakitlik çökür. Demə, birinci küləklə Cəbrail, ikinci küləklə Mikail, üçüncü küləklə isə İsrafil (ə.s.) – hər biri min mələklə möminlərə köməyə gəlir. Deməli, yerdəkilər Rəbbi razı edəcək keyfiyyəti əldə edib Onun adını ucaltmaq naminə vəzifələrini qüsursuz yerinə yetirəndə səma əhli də buna etinasız qalmır və xeyir yolçularının köməyinə yetişir. Mikail və yanındakı min mələk Allah Rəsulunun (s.ə.s.) sağ tərəfinə, İsrafillə olan min mələk də sol tərəfinə keçib səf tutur. Özlərinə məxsus görünüşləri vardı: yaşıl, sarı və qırmızı sarıqlarını başlarına sarımış, bir ucunu da bellərindən aşağıya doğru sallamışdılar. Atlarının alnında yundan nişanə vardı.[17]

Böyük və ağ bayraq mühacirlər adından Musab ibn Ümeyrə verilmişdi. Bununla bərabər, ənsarı təmsil edən iki bayraq da var idi, Xazrəcin bayrağını Hubab ibn Münzir, Əvsin bayrağını Sad ibn Muaz aparırdı.[18]Allah Rəsulu (s.ə.s.) mühacirlərə "Ya Bəni-Abdirrahman", Xazrəcə "Ya Bəni-Abdillah" və Əvsə isə "Ya Bəni-Ubeydillah" parolunu təyin etmişdi. Hamının istifadə etdiyi ümumi parol isə "Ya  Mənsur  öldür!"[19] şəklində idi.

Əshaba edilən tənbehlər

Döyüş başlamazdan əvvəl Allah Rəsulunun (s.ə.s.) əshabına deyiləsi sözləri var idi. Əshabını toplayır və belə səslənir:

– Mən bilirəm ki, Haşimoğullarından və digərlərindən bəzi insanlar döyüşə gəlməyə məcbur edilib, heç bizim onları öldürməyə ehtiyacımız da yoxdur! Kim Haşimoğullarından biri ilə qarşılaşarsa, onu əsla öldürməsin!

Bu siyahının başında Rəsulullahın əmisi Abbas ibn Abdulmuttalib dururdu. Müsəlman olmuşdu, amma İslamı seçdiyini Qureyşdən gizlədirdi. Allah Rəsulu (s.ə.s.) hətta Abbas ibn Abdulmuttalibin xanımı Ümmü Fadlla birlikdə müsəlman olması xəbərini ilk gətirən Əbu Rafini bu müjdəsinin müqabilində azadlığa qovuşdurmuşdu.[20] Məhz o gün Hz.Abbas da daxil olmaqla Haşimoğulları Əbu Cəhlin təzyiqi ilə Bədrə gəlmək və öz qohum-əqrəbalarına qarşı qılınca qurşanmaq məcburiyyətində qalmışdı. Onun (s.ə.s.) toxunulmaz elan etdiyi başqa insanlar da var idi və əshabına deyir:

– Diqqət edin! Onlar arasında Əbul-Bəxtəridən başqa heç kəsin Mənim üzərimdə minnət haqqı yoxdur. Sizin hansınız onunla qarşılaşarsa, əngəl olmasın. O toxunmadıqca siz də ona toxunmayın!

Çünki o, Əbu Cəhlin təhriki ilə Kəbədə üstünə dəvə içalatı atılan Allah Rəsuluna arxa çıxmış, hətta kədərli halını görüncə Onu yoldan qaytarıb dəyənəyi ilə Əbu Cəhlin başını yarmışdı. Üç il davam edən baykotun aradan qaldırılmasında da mühüm rol oynamışdı. İslamiyyətə iman gətirməsə də, Rəsulullah (s.ə.s.) onun etdiyi bu qədər yaxşılığı unutmamışdı. Bədirdə Onunla vuruşmaq üçün gələn Əbul-Bəxtəriyə də mərhəmət edirdi. Ancaq bəziləri bundan xoşhal olmur:

– Biz atalarımızı, qardaşlarımızı və öz qəbiləmizin adamlarını öldürdüyümüz halda Abbasdan yanmı keçəcəyik? – deyirlər.  Allah Rəsulu  bunları eşidən kimi Hz. Öməri hüzuruna çağırır:

– Ya Əba Hafs, – deyir. Bu, Onun Hz. Ömərə künyəsi ilə ilk səslənişi idi. Ürək yandıran bu səslənişin ardınca:

– Heç Rəsulullahın əmisinə qılınc çəkmək doğru olarmı? – deyir.

Hz. Ömər Rəsulallahı üzəni kim olursa-olsun  oradaca  dəftərindən silirdi  və dərhal:

– Onu mənə həvalə et, ya Rəsulallah! Boynunu vurum, – deyə  kükrəyir. Ona görə, belə bir etirazı ancaq münafiq edərdi.

Amma Allah Rəsulu (s.ə.s.) heç bir səhabəsini köməksiz buraxmazdı. Onun dünyasında, insanlar nə qədər fərqli düşünür-düşünsün, İslamın gözəl, tolerant atmosferinə girdikdən sonra bu fərqlər ittifaq çərçivəsində əriyəcək və hər kəs bir gün mütləq həqiqətin ətrafında birləşəcəkdi.

O gün də elə olur. Hz. Ömərə görə nifaq əlaməti daşıyan o səhabələr gün gəlir Hz. Ömərin özünün də qibtə ilə baxdığı insanlar və Rəsulullaha sirdaş, can yoldaşları olurlar.[21]

Xütbə

Buraya qədər hər şey nəzarət altında gedirdi. Müşriklərin say və təhcizat baxımından üstünlüyünün nə əhəmiyyəti ola bilərdi ki! Allah neçə-neçə sayca az topluluğun qat-qat güclü ordulara qalib gəldiyini bəyan edirdi. Onların da rizayi-ilahidən başqa qayələri yox idi və bu məqamda Allah Rəsulu (s.ə.s.) döyüşdən əvvəl bir xütbə oxuyur əshabına. Əvvəlcə Allaha həmd edib Ona səna ilə başladığı xütbəsində bunları söyləyir:

– Şübhəsiz ki, Mən Allahın sizi təşviq etdiyi xüsusda sizi təşviq edir, Onun yasaq etdiyi məsələləri də sizə qadağan edirəm! O Allah ki şanı ucadır, haqq ilə əmr edər və həqiqəti sevər. Xeyir əhlinə onu dərgahındakı mərtəbələrinə görə verir ki, onlar Allahın verdiyi bu xeyirlə yad edilib onunla bir-birindən üstün olurlar. Bu anda siz də haqq üçün bir mənzildəsiniz. Belə bir yolda Allah ancaq öz rizası üçün edilən əməlləri qəbul edər və yenə şübhə yox ki, həqiqi mənada səbir belə çətin anlarda göstərilən səbirdir, bununla Allah bütün sıxıntıları aradan qaldırar və onunla sıxıntıları unutdurar. Unutmayın ki, siz də sabah həqiqi qurtuluşu ancaq onunla əldə edə biləcəksiniz.

 Budur, sizin aranızda Allahın Rəsulu var və sizi bəzi şeylərdən çəkindirib müəyyən tələblər qoyur. Bu gün siz ilahi qəzəbə düçar olan davranışlardan çəkinib həya edin! Çünki Allah (c.c.) "Allahın qəzəbi sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə və ya bir-birinizə olan nifrətinizdən daha böyükdür,"[22] – buyurur. Onun sizə göndərdiyi kitabında əmr etdiklərini, ayələrini sizə bəyan edib göstərməsini və sizi zillət içində ikən xilas edib əziz qılmasını yaxşı düşünün və ona (Kitaba) möhkəm bağlanın ki, Rəbbiniz sizdən razı olsun! Bu məqamlarda Rəbbinizin heç bir əmrini pozmayın ki, sizə vəd etdiyi mərhəmət və əfvinə nail olasınız! Çünki Onun vədi haqq, sözü doğru və cəzası da şiddətlidir.

Artıq Mən də, siz də Hayy və Qəyyum olan Allaha əmanətik! Ancaq Ona arxalanar, ancaq Ona  güvənib Ondan kömək diləyər və yenə ancaq Ona təvəkkül edərik! Onsuz da yenə Ona dönəcəyik. Allah (c.c.) bizi və bütün müsəlmanları bağışlasın!

Müşrik cəbhəsinin vəziyyəti

Bu ərəfədə müşriklər möminlər haqqında daha aydın və dəqiq məlumat toplamaq üçün Ümeyr ibn Vəhbi göndərmişdilər. Təpəyə çıxıb Müsəlman cəbhəsini görən Ümeyr geri qayıdarkən sevinə-sevinə deyirdi:

– Onlar üç yüz nəfərə yaxındır. Yetmiş dəvə, iki baş da atları var! Ancaq mənə bir az da vaxt verin, bundan başqa qüvvələrinin olub-olmamasını da öyrənim!

Atını minib vadini dolaşan Ümeyr geri qayıdır və Qureyşə  səslənir:

– Heç bir şey görmədim. Fəqət, ey Qureyş xalqı! Sahibsiz dəvələrin ölüm daşıdıqlarını... Yəsrib dəvələrinin qaçılmaz sonluğu hazırladığını görürəm! Onların qılıncdan başqa özlərini qoruyan nə bir sığınacağı, nə də bir mühafizəçisi var. Görmürsünüzmü, sanki, nitq qabiliyyətini itirmiş, səslərini də çıxarmırlar! Ancaq əjdahalar kimi ovlarını yaxalamaq üçün fürsət gözləyirlər!  Allaha and olsun ki, onlardan öldürülən hər adamın əvəzində sizdən bir nəfər mütləq öldürüləcəkdir. Sizdən bu qədər adam öləndən sonra yaşamağın nə xeyri var? Amma əsas fikir sizin öz fikrinizdir və bu şərtləri nəzərə alıb öz qərarınızı özünüz verin!

 Bu, Qureyş üçün ən kritik an idi. Bəzi insanlar onsuz da vuruşmaq istəmir və geri qayıtmaq üçün planlar qururdu. Ümeyrin sözləri də belə düşünənlərin hərəkətə gəlməsinə səbəb olur. Buna müxalif olanlar isə onun yanlış məlumat topladığını iddia edir və israrla başqa bir adamın göndərilməsini istəyirlər. Və nəhayət, Əbu Sələmə əl-Cüşəmini göndərmək qərarına gəlirlər. Əbu Sələmə gedib-gəldikdən sonra deyir:

– Vallah, mən də o qədər böyük güc və qüvvə, silah və təhcizat və ya əhəmiyyətli bir süvari birliyi görmədim, fəqət ev-eşiyinə dönməyi beyinlərindən silmiş və gözü arxada qalmayan bir birlik gördüm! Qılnclarından başqa heç bir sığınacaq və onları qoruyacaq  heç bir köməkçi olmasa da, ölümə getməyə hazır olan bir topluluq! Çaxmaq daşları kimi mavi gözlər! Artıq qərarınızı özünüz verin!

Əbu Sələmənin qənaəti Ümeyrinkindən fərqlənmirdi. Bunları dinləyən Hakim ibn Hizam dərhal Utbə ibn Rəbiənin yanına gedir və:

– Ya Əbal-Vəlid! Şübhəsiz ki, sən Qureyşin böyüyü və rəhbərisən, bu məsələdə sənin sözün eşidilər. Dünya durduqca xeyirlə yad ediləcək bir iş görmək istəməzsənmi?

 Belə mühüm bir işi kim etmək istəməzdi ki! Bunu eşidən Utbə dərhal üzünü Hakim ibn Hizama tutub:

– Nə demək istəyirsən, ey Hakim? – deyə soruşur.

– Müttəfiqin Amr ibn Hadraminin işini öhdənə götür və insanları yollarından geri qaytar!

–Yaxşı, edərəm, amma sən də mənə kömək elə! Düzdür, o, mənim müttəfiqimdir, onun qan pulunu ödəmək və ələ keçirilən mallarını geri qaytarmaq mənim boynuma! Sən də İbnül-Hanzaliyyənin[23] yanına get, çünki ondan başqa heç kim insanların geri qayıtma fikrinə qarşı çıxmaz!

Bu söhbətdən sonra Utbə insanlara səslənir:

– Ey Qureyş xalqı! Allaha and olsun ki, siz Məhəmməd və əshabına qarşı çıxmaqla yaxşı iş görmürsünüz. Vallah, əgər Onunla döyüşüb Onu məğlub etmiş olsanız belə, sabah əmi və ya dayı oğlunun və ya qohum-əqrabalarından birini öldürən hansı adam insanlar arasına çıxa, bir-birinin üzünə baxa bilər! Ən yaxşısı, siz dərhal bu işdən vaz keçib geri qayıdın və Məhəmmədlə ərəblər arasına girməyin! Əgər onlar Onu məğlub etsələr, onsuz da bu, sizin də istədiyiniz bir şeydir!  Yox, əgər bunun əksi olarsa, o zaman da siz Ona toxunmadığınız üçün Ondan sizə zərər gəlməz! Şübhəsiz, mən bu anda ölüm üçün can atan insanlar görürəm, sizin onları məğlub etməyiniz mümkün deyildir! Nə qədər iş işdən keçməyib, bu xeyirli qərarı siz verin!

Ey qövmüm! Bu gün istəyirsinizsə, bu işi mənim üzərimə atın və "Utbə qorxdu!" deyin, ancaq siz də bilirsiniz ki, mən əsla sizin ən qorxağınız deyiləm!

 Dəvəsinin üstündə oturub Qureyş ordusunu geri qayıtmağa çağıran Utbəni uzaqdan görən Allah Rəsulu (s.ə.s.) üzünü əshabına tutub deyir:

– Əgər orada insanlar arasında bir nəfərdə xeyir varsa, o da bu qızıl dəvənin üstündəki adamdadır, əgər onun dediyini etsələr, ən düzgün yolu seçmiş olarlar!

Ümidlənmişdi Rəsulullah. Deməli, hər şeyə rəğmən, müşriklərin arasında tam ittifaq yox idi. Sonra Hz.Əliyə səslənərək:

 – Həmzəni yanıma çağır, – buyurur.

Hz. Həmzə bu vaxt düşmənə yaxın bir yerdə idi və Rəsulullahın buyruğunu eşidən kimi özünü təngnəfəs hüzura çatdırır. Allah Rəsulu ondan qarşı tərəfdə qızıl dəvənin belində insanları geri qaytarmağa çalışan adamın kim olduğunu soruşur.

Həmin vaxt Hakim ibn Hizam da zirehini hazırlayıb qılıncını itiləməklə məşğul olan Əbu Cəhlin yanına gedir, Utbənin də salamını söyləyib son qərar haqqında danışmağa başlayır. Əbu Cəhil hövsələdən çıxır:

– Görünür, Məhəmməd və yoldaşlarını görən kimi yaxşıca tilsimə düşüb, – deyir,– vallah, Allah Məhəmmədlə aramızdakı hökmü verənə qədər əsla bu yoldan dönməyəcəyik!

Əslində, Utbə bunları Əbu Cəhlə söyləməzdi, amma Hz. Məhəmməd və əshabının bir dəvənin əti ilə doyacaq qədər az olduğunu görüb onların arasında olan oğlunun başına bir şey gəlməsindən qorxurdu!

Geri qayıtma ehtimalının gündəmə gəldiyi bir vaxtda Əbu Cəhil, təbii ki, bununla razılaşmır və yenə də "əbucəhlliy"ini göstərir. Qəzəblə yerindən qalxır və Abdullah  ibn Cahş səriyyəsi zamanı qardaşı öldürülən Amr ibn Hadramini yanına çağırır. Hər kəs bu işin nə ilə qurtaracağını səbirsizliklə gözləyir. Əbu Cəhil yanına gələn Amirə Nəhlədə öldürülən qardaşı Amrı xatırladır  və:

– Bu da sənin müttəfiqin Utbə. İnsanları döyüşdən döndərmək istəyir! Gəl indi başımıza gələnləri öz gözlərinlə gör, – deyərək ondan  xahiş  edir ki, bərkdən ağı desin.

Əbu Cəhlin arxa durduğu Amir oradaca yaxasını cırıb başına-gözünə vurmağa başlayır! Yerə yıxılıb ətrafa toz-torpaq səpir,

–Vay yazıq qardaşımın halına, – deyə inləyir. Əslində, bu, birbaşa Utbə ibn Rəbiənin bir ismarışı idi, çünki o, Qureyş arasında Amrın can yoldaşı idi.

Əbu Cəhlin planı yenə işə yarayır. Amirin ürək yandıran fəryadı müşrikləri cəsarətləndirmiş və intiqam hissi ilə döyüşə sövq etmişdi. Bütün bunlardan xəbərdar olan Utbə öncə Əbu Cəhlə təhqir  dolu sözlər yağdırır. Sonra da əlavə edir:

– Sabah hər kəs kimin gözünün boyandığını daha yaxşı görəcək, mənim yoxsa,  onun?

Bu müddətdə Əbu Cəhil artıq atını mahmızlayıb ordunu toplamağa başlamışdı...

O, Allaha inanmasa da, dara düşəndə Rəbbi xatırlayacaq və diləyini Allaha ərz edəcəkdi. Belə deyir:

– Allahım! Yaxınlarımızla qohumluq bağlarını kəsdik, başımıza bilmədiyimiz şeylər gəldi. Sabah bizi qalib et! Allahım! Aramızdan Sənə ən sevgili kimdirsə və Sən daha çox kimdən razısansa, sabah zəfəri ona nəsib et!

Ölünü dirildən, dirini də öldürən Allah (c.c.) kimə harada və necə xidmət etdirirdi! Ədəbsizin biri olan bu adam Bədir meydanında xeyir adından dua edirdi və bu, Əbu Cəhlin heç bir məcburiyyət olmadan öz əleyhinə etdiyi dua idi. Daha sonra Cəbrail gəlir və fəth öncəsi işə ilk başlayanın da o olduğunu elan edir.[24]

Rəsulullahın (s.ə.s.) cəhdləri

Bütün bunlara baxmayaraq, Mərhəmət Peyğəmbəri (s.ə.s.) sonunucu dəfə Hz.Öməri müşriklərin olduğu yerə göndərir və onları qılıncın qından çıxdığı ən kritik anda savaşdan vaz keçməyə çağırır. Bəlkə də, bir az əvvəl qızılı dəvəsinin üzərində insanları geri qaytarmağa çalışan Utbənin hərəkəti Onu ümidləndirmişdi. Göndərdiyi ismarışda onlara:

– Geri qayıdın, – deyə xitab edir və baş verə biləcək hadisələr barədə müşrikləri xəbərdar edirdi.

Bütün bu səylərindən də göründüyü kimi, Allah Rəsulunun ayrı-ayrı şəxslərlə heç bir ədavəti yox idi. Onun məqsədi Allahın rizası idi. Məkkədən Bədrə qədər gələnlər isə bu rizanın həyata keçməsinə əngəl olurdular. Bu anda belə geri qayıtsalar, tüklərinə də toxunan olmayacaq, bu rizanı qazanmaq yolunda işlər artaraq davam edəcəkdi.

Onların isə nə rizadan anlayan ağılları, nə də özlərini təhlükəyə atmaqdan xilas edən rəhbərləri vardı. Əbu Cəhil kimi gözünü qan tutmuş bir firona təslim olan millət başını bəladan qurtara bilməzdi  və Bədir günü də elə olur!

Hz. Xədicə validəmizin əmisi oğlu Hakim ibn Hizam Hz.Ömərin gətirdiyi ismarışı eşidən kimi dərhal irəli çıxır və:

– O, səmimi davranıb sizə nəsihət edir, qəbul edin! Əgər siz bu nəsihətə qulaq  asmayıb, Ona qarşı döyüşə girsəniz, əsla qalib olmayacaqsınız, – deyir. Əbu Cəhil yenə də havanı pozur:

– Vallah, Allah bizə bu imkanı vermişkən və onları ovcumuzun içinə almışkən əsla geri dönmərik, – deyir.

Artıq məsələ aydın idi; Əbu Cəhlin rəhbərlik etdiyi ordu nəyin bahasına olur-olsun, döyüşəcəkdi. Bütün ordu qarşı çıxsa belə, təkcə Əbu Cəhlin kin-küdurəti bu ordunu döyüşə sürükləməyə yetərdi! Ona  qarşı çıxmağın heç bir mənası yox idi, gedib sakitcə silaha sarılacaq və Əbu Cəhlin əmrini yerinə yetirməyə çalışacaqdılar.

Dua

Səbəblər və şərtlər baxımından zəruri olan hər bir şey yerinə yetirilmişdi və artıq Müsəbbibül-Əsbaba – bütün səbəbləri meydana gətirən Allaha yönəlmək vaxtı idi. Qureyş ordusu müsəlman qoşunundan üç dəfə çox idi və o vaxtkı döyüşlər də birbaşa insan qüvvəsinə əsaslanırdı. Rəsulullah (s.ə.s.) sayca az olduqları halda, çoxluğun öhdəsindən gəlmək üçün öncə qibləyə yönəlib iki rükət namaz qılır və sonra da mübarək əllərini açıb Allaha yalvarır: "Allahım! Məni yalnız buraxma! Allahım! Mənə vəd etdiyin şeyləri gerçəkləşdirib bizi lütfünlə qucaqla! Allahım! Əgər bu bir ovuc insan İslam uğrunda burada həlak olarsa, artıq yer üzündə Sənə ibadət edən bir nəfər qalmaz!"

Bu anda rəqib Qureyşin böyükləri olsa belə, əslində, bu, imanla şirkin üz-üzə gəlməsi idi. Ona  görə də Bədirdə şirk cəbhəsi bir üstünlük qazanardısa, bu, dünyada imanla bağlı bir nişanənin  qalmaması demək idi. Çünki Allah Rəsulu (sallallahu əleyhi və səlləm) və səhabə həzrətləri iman uğrunda canlarını vermədən Bədir meydanından geri dönməyi düşünmürdü.

Bunları o qədər ürəkdən söyləyirdi ki... Sanki, bütün əzaları ilə muradı, diləyi bütünləşmişdi... Səmaya doğru mübarək əllərini o qədər qaldırır ki, əbası yerə düşür. Onu qaldırıb yenidən çiyinlərinə qoyan Hz.Əbu Bəkir əbanın bir kənarından tutub şəfqət və mərhəmət peyğəmbəri Allah Rəsuluna (s.ə.s.) təsəlli vermək istəyir:

– Ya Rəsulallah! Rəbbinə yalvararkən özünü bu qədər yorub həlak etmə! Həm də artıq bəsdir, ya Rəsulallah! Rəbbinə qarşı bu qədər israrlı olma! Şübhəsiz ki, Allah (c.c.) Sənə olan vədini yerinə yetirəcəkdir!

Doğru idi, Allah (c.c.) vədinə xilaf çıxmaz və mütləq yerinə yetirərdi. Bədirdə zəfər qazanmaq da Onun vədləri arasında idi. Ancaq bu Allaha aid xüsusiyyət idi və insanları rahatlığa sövq etməməli idi. O (s.ə.s.), sadəcə bəyanları ilə deyil, eyni zamanda hal və hərəkətləri ilə də ümmətinə dərs verirdi. Göründüyü kimi, bu cür vəziyyətlərdə belə səhlənkarlığa yol verilməməli və söhbəti-canan, Allahla irtibat məsələsindəki  həssaslıq  əsla  itirilməməliydi!

Peyğəmbərimiz bütün varlığı ilə ümmətinə dua edirdi. İbn Məsud kimi səhabələr Bədir günü Rəsulullahın (s.ə.s.) Rəbbi ilə münasibətini yaxından müşahidə etmiş və bu vaxta qədər belə bir yaxınlıq anına şahid olmadıqlarını demişdilər.[25]

Allahın vədi vardı və Rəsulullah ( s.ə.s.) üzünü Abdullah ibn Rəvaha tutub:

– Ey ibn Rəvaha! Şübhəsiz ki, Mən vədini tələb etmək məsələsində Allaha niyaz edəcəyəm! Çünki O (c.c.), vədindən əsla dönməz!

Çox keçmir ki, mübarək üzünə qonan sevinclə ətrafındakılara yönəlir. Nəbəvi sima ay parçası kimi parlayırdı:

– Müjdələr olsun, ey Əbu Bəkir, – deyir, – bu da Cəbrail! Başında sarı sarıqla səma ilə yer arasında atını mahmızlayıb gözləyir! Yer üzünə enincə onu bir ara gözdən qaçırtmışdım, daha sonra yenidən Bədir təpələrində göründü və Mənə "Sənin dualarına müqabil Allahın nüsrəti (köməyi) gəldi," – deyir.

Eyni zamanda Cəbrail qiyamətə qədər gələnlərə rəhbərlik naminə: "Xatırlayın o günü ki, sizlər Rəbbinizdən dua ilə yardım istəyirdiniz. O da: "Mən sizə ard-arda gələn min mələklə kömək edəcəyəm", – deyə dualarınızı qəbul buyurmuşdu"[26] məalındakı  ayəni gətirir və beləliklə, Bədirdəki ilahi inayəti hər kəsə çatdırmış olurdu.

Çadırından çıxan Rəsulullah (s.ə.s.) sevinir, bir tərəfdən də əshabı ilə bu ayəni bölüşürdü: "(Bədir vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxaya çevrilib qaçacaqdır! Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir)."[27]

Artıq Bədir düzünü atların kişnərtisi, qılıncların şaqqıltısı bürümüşdü. Allahın ayələri və nüsrəti ilə mənən qüvvətlənən müsəlmanlar daha inamlı idilər; onların nəzərində qarşı tərəfin gücü tamamilə azalmış, qarşı tərəfin nəzərində isə Rəsulullah və əshabın qüvvəsi daha da artmışdı.[28]

Qısa zamanda əshab arasında yayılan bu xəbərlər üzləri güldürür. Peyğəmbərimizin bir müjdəsi də vardı; üzünü əshabına tutub buyurur:

– Sanki, bu gün axşam hansı müşrikin harada öldürüləcəyini indidən görürəm!

O gün Rəsulullah (s.ə.s.) yalnız  müsbəti tələb etmirdi, eyni zamanda  mənfiyə  dayaq olanlar barəsində də dua edir və dualarında qureyşi körükləyib üstlərinə göndərən küfr başçılarını xatırlayaraq Allaha həvalə edirdi. Bunlar Əbu Cəhil, Ümeyyə ibn Xələf, Rəbiənin oğlu Utbə və Şeybə qardaşları və Uqbə ibn Əbu Muayt olmaqla yeddi nəfər idi.

O qədər ürəkdən dua edib yalvarmışdı ki, təkcə Onun bu duası belə Bədir döyüşünü müsəlmanların lehinə çevirə bilərdi. Hətta Allaha həvalə etdiyi bu yeddi nəfərin cansız bədəninin harada olacağını əshabına nişan verir və beləliklə, hələ döyüş başlamazdan əvvəl nəticəni  göstərib onları ruhlandırırdı.

Şəxsən Özü də qılınca qurşanmış və döyüş vəziyyətini almışdı. Düşmənlə ilk təmasın astanası idi. Bu arada mübarək əli ilə bir ovuc torpaq götürüb düşmənə tərəf atır:

– Üzləri qara olsun, – buyurur.

 Ovcunda qalan toz-torpağı da onlara tərəf üfləyir. Sonra da əllərini açıb:

– Allahım! Onların qəlbinə qorxu sal və ayaqlarını büdrət, – deyə dua edir. Və son dəfə əshabına doğru yönəlib:

– Haydı, cərgələrinizi sıxlaşdırıb bir-birinizə dayaq  olun, – deyə əmr edir.

İlk qığılcım

Müşriklərin arasında Əsvəd ibn Əsəd adında ədəbsiz, bədxasiyyət bir adam var idi və həmin adam irəli çıxıb bunları deməyə başlayır:

– Allahın adına and olsun ki, ya sizin bu hovuzunuzdan su içəcəyəm, ya da onu darmadağın edəcək və ya bu iş uğrunda öləcəyəm!

Bunları deyə-deyə hovuza doğru qaçmağa başlayır. Sürətlə yaxınlaşır. Əllər qılınclara uzanır və bir anda müharibənin soyuq üzü hər kəsə sirayət edir. Belə ki, bu döyüşün ilk qığılcımı demək idi.

 Meydan oxuyub üstlərinə hücum çəkən  bu adama həddini bildirmək lazım idi və Hz. Həmzə irəli atılıb hovuza çatmamış işini bitirmək istəyir. Elə ilk həmlədə ayağı kəsilir və üzüüstə yerə yıxılır. Hətta bu vəziyyətdə belə hovuza doğru sürünməyə və onu dağıtmağa çalışır. Ayağından axan qanla suyu kirlədir, o biri ayağı ilə də hovuzu müəyyən qədər dağıdıb suyundan da içir. Özünə görə, hər kəsin hüzurunda verdiyi sözü yerinə yetirirdi! Bu an Hz. Həmzə ikinci dəfə həmlə edir və tərəfləri təhrik edib vuruşdurmaq  üçün özünü qılınc zərbələrinə təslim edən Əsvədi öldürür.

Quyularının bağlandığını görən bəzi müşriklər də suyun olduğu tərəfə gəlməyə başlayırlar. Onların gəlişini görən bəzi səhabələr oxlarını hazırlayıb atmaq istəyəndə Allah Rəsulu (s.ə.s.):

– Onları buraxın, – buyurur.[29]

Bu arada müşrik Ümeyr ibn Vəhbin atdığı ox Hz. Ömərin azad etdiyi Mihcə ibn Aişə sancılıb onu şəhid edir.

Döyüşdə fərdlərin səyləri, əlbəttə, çox önəmlidir, ancaq bu səylərin birləşdirilib istifadə edilməsi daha əhəmiyyətlidir. Ona görə də Rəsulullah (s.ə.s.) əshabına səslənir:

– Mən sizə izin vermədikcə, əsla döyüşə başlamayın! Ancaq sizə yaxınlaşdıqları halda onlara ox atın! Onlar sizə yaxınlaşıb hücum etmədən qılınca əl atmayın və onları öncə oxlarınızla qarşılayın!

Eyni zamanda bu, məhdud imkanlardan ən səmərəli şəkildə istifadə etmək demək idi. Bir azdan Hz.Əbu Bəkir Rəsulullaha deyir:

– Ya Rəsulallah! Artıq onlar bizə çox yaxınlaşıb və hətta bizə zərər yetirməyə başlayıblar!

Mübarizə

Hz. Əbu Bəkrin də söylədiyi kimi iki ordu üz-üzə gəlir: Rəbiənin oğulları Utbə və Şeybə qardaşları ilə Vəlid ibn Utbə irəli çıxıb möminlərdən vuruşmağa igid istəyirlər.[30]

 Bu həm də meydan oxumaq demək idi! Atası Utbənin önə çıxaraq Peyğəmbərimizə meydan oxuyurcasına hayqırdığını görən Əbu Huzeyfə qılınc çəkib irəli atılmaq istəyir, lakin Allah Rəsulu (sallallahu əleyhi və səlləm) müdaxilə edib onu geri çəkir. Müşrik də olsa, belə bir şəraitdə ataya qılınc qaldırılmamalı idi.

Bu dəfə də ənsardan Afra binti Ubeydin oğulları Avf və Muaz qardaşları və Abdullah ibn Rəvaha irəli çıxır. Ancaq Rəsulullah (s.ə.s) müşriklərlə ilk qarşılaşma yeri olan Bədirdə ənsarı qabağa vermək istəmirdi. Çünki Qureyşin əsl hədəfi ənsar deyildi. Buna görə də onların geri çəkilməsini tələb edir. Müşriklər bunu da öz xeyirlərinə yozurlar və:

– Ya Məhəmməd, bizim qarşımıza yalnız öz qövmümüz arasından, bizə tay insanlar çıxar, – deyə çığırırlar. Bunun cavabında Rəsulullah (s.ə.s.):

– Ey Haşimoğulları, – deyə səslənir, – qalxın və Allahın nurunu söndürmək istəyən bu batil güruhla Nəbinizi haqq ilə göndərən Allah haqqı naminə vuruşub, onlara döyüşün nə olduğunu göstərin!

Ünvan dəqiqləşmiş, mübarək gözlər də onlara dikilmişdi. Hz. Həmzə,  Hz. Əli və Peyğəmbərimizin əmisi oğlu Hz. Ubeydə ibn Haris gərilmiş yaydan çıxan ox kimi irəli atılır. Əyinlərində qar kimi ağ libaslar var idi, rəqib gözləyən müşriklər onları tanımır. Utbə soruşur:

– Siz kimsiniz? Danışın və özünüzü bizə tanıdın!

– Mən Abdulmuttalibin oğlu, Allah və Rəsulullahın da aslanı Həmzə, – deyir Hz. Həmzə ürəklərə qorxu salan bir səslə. Utbə də söz altında qalmaq istəmirdi:

– Mən də dostlarımın aslanıyam, – deyir və sonra onun özünə bərabər bir döyüşçü olduğunu söyləyib əlavə edir:

– Yaxşı bəs yanındakı o iki nəfər kimdir?

– Əli ibn Əbu Talib və Ubeydə ibn Haris ibn Adulmuttalib, – deyə Hz. Həmzə cavab verir.

Bunlar da uyğun insanlardı, bundan sonra Utbə Vəlidə səslənərək deyir ki, ilk vuruşmanı o başlasın.

Vəlidin qarşısına Hz.Əli çıxır. İki sürətli qılınc zərbəsi Vəlidin işini bitirməyə kifayət edir! Hamı bir-birinə baxır. Çünki döyüş başlamadan bitmiş, Vəlidin cansız vücudu yerə sərilmişdi. Düşmən sarsılır.

Vəziyyət çətinləşmişdi. Heç olmasa, ikinci həmlədə qalib gəlməli və ordunun pozulan əhvali-ruhiyyəsini yenidən bərpa etməli idilər. Beləcə bu dəfə Utbə özü irəli atılır. Qarşısında Hz. Həmzə dururdu. Qılıncların toqquşması ilə Utbənin yerə sərilməsi bir olur. Artıq onun da cansız bədəni yerdə yatırdı.

 Növbə Utbənin qardaşı Şeybəyə çatır. Nə qədər sarsılsa da, böyük qardaşının intiqam hissi ilə alışıb yanırdı. Qılıncını çəkir və Hz.Ubeydənin üstünə yeriyir. O gün əshab arasında ən yaşlı adam Ubeydə ibn Haris idi. Buna görə döyüş bir qədər uzanır. Hətta Hz.Ubeydə də yaralanır; ayağını parçalayan qılınc zərbəsi ilə sarsılınca Hz.Həmzə və Hz.Əli araya girir və Şeybənin də işini bitirirlər.

Ayağı kəsilən Hz. Ubeydəni Hz. Həmzə və Hz. Əli öz çiyinlərində Rəsulullahın hüzuruna gətirir. Qan itirirdi. Allah Rəsulu (s.ə.s.) ayağını yerə uzatdırır və ona təsəlli verməyə başlayır. Ancaq onu nə kəsilən ayağı, nə də qan itirib halsız düşməsi düşündürürdü:

– Ya Rəsulallah, – deyir, – əgər Əbu Talib yaşasa idi, bu gün mənim onu haqlı çıxardığımı görəcəkdi!

Bunula əmisi Əbu Talibin hələ o günlərdə söylədiyi bir şeiri xatırlayır və öz üzərinə düşəni yerinə yetirdiyini demək istəyirdi.[31]

 Allah Rəsulu (s.ə.s.) əmisi oğlu Ubeydə ibn Harisə necə təsəlli verəcəyini yaxşı bilirdi və ona müjdə verir:

– Mən şahidəm ki, sən şəhidsən!

Və döyüş...

Məhz bu vaxt döyüş başlayır. Məkkə qəti və son hücumla müsəlmanların işini bitirmək üçün səfərbər olur, müsəlmanlar isə on beş illik əzab-əziyyətlərinin sona çatması amacı ilə küfrün səsini kəsib imanın yenilməzliyini göstərməklə Allahın adını cahanda hakim etmək uğrunda  vuruşurdu.

Məkkəlilərin nəzərə almadıqları xüsuslar var idi: hər şeydən əvvəl mühacirlər onların təxmin etdiyi insanlar deyildi. Döyüşün tələblərini yerinə yetirən bu insanlar eyni zamanda, güclü, qarşısıalınmaz imana sahib idilər və bu iman gücünün qarşısında dayanmaq mümkün deyildi. Savaşdan sonra sağ qalanların danışdığı kimi, o gün döyüş elə sürətli cərəyan etmişdi ki, hansı başı kimin qılıncının kəsdiyini, hansı qola kimin qılınc vurduğunu izləmək mümkün olmamışdı.[32]

Şübhəsiz, ən öndə vuruşan Allah Rəsulu (s.ə.s.) idi. Daha sonralar Hz.Əli bunu belə ifadə etmişdi:

– Bədir döyüşündə biz Rəsulallaha sığınmaqla özümüzü təhlükəsiz hiss edirdik.

Həmin gün O (s.ə.s.), müşriklərə ən yaxın yerdə döyüşür və insanlar arasında döyüşün haqqını da ən çox O verirdi. Deməli, dua və təzarru (qüsurlarını bilib təvazö ilə yalvarmaq) ilə yanaşı, vücudun da haqqını verir və bir tərəfdən insanlar təşviq edərkən, digər tərəfdən də necə döyüşməyi ümmətinə göstərməklə iki məqamı birləşdirirdi. Bir ara Rəsulullahın (s.ə.s.):

– Genişliyi dünya və səmalar qədər olan cənnəti qazanmaq üçün yarışın! Nəfsim (vücudum) qüdrət əlində olan Allaha and olsun ki, bu gün burada ancaq Allah rizasını hədəf götürüb səbirlə və geri dönməyi düşünmədən ancaq hücum edərək döyüşüb şəhid olanı Allah (c.c.) mütləq cənnətə aparacaq, – dediyini  eşidirlər.

 Bu vaxt Ümeyr ibn Humam bir kənara çəkilib aclığını ötürmək üçün xurma yeyirdi. Rəsulullahın səsini eşidən kimi:

– Bax... Bax... Ya Rəsulallah! Genişliyi dünya və səmalar qədərmi? – deyə soruşur.

 Allah Rəsulu (s.ə.s.):

– Bəli, – deyir.

– Yəni indi mənimlə cənnət arasında onların məni məni öldürməsi durur, eləmi?!

Sonra da əlindəki xurmalara baxaraq:

– Siz Rəbbimə qovuşmağıma əngəl olursunuz, – deyir və əlindəki xurmaları bir kənara atıb qılıncına yönəlir. Onu götürən kimi düşmən içərisinə soxulur və gözdən itir.[33]

Hz. Ömər Allah Rəsuluna yaxınlaşarkən Onun çevik hərəkətlərlə düşmənin canına qorxu sala-sala "(Bədir vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!"[34] ayəsini oxuduğunu eşidir. Öz-özünə düşünür; əgər Allah və Rəsulu bunu söyləyirsə, mütləq Məkkə müşrikləri bu gün məğlub olub qaçacaq!

Əbul-Bəxtəri

Döyüş əsnasında səhabə Mücəzzər ibn Ziyad Rəsulullahın aman verdiyi məkkəlilərədən biri olan Əbul-Bəxtəri ilə qarşılaşır. Əshab verilən təlimata əməl etməkdə o qədər həssas idi ki, Hz.Mücəzzər döyüşün ən qızğın anında belə Əbul-Bəxtəriyə səslənir:

– Rəsulullah bizə səni öldürməyi qadağan etdi!

Bunu eşidən Əbul-Bəxtəri bir qədər rahat nəfəs alır. Ancaq o, tək deyildi. Məkkədən bu yana yol yoldaşı olan dostu Cünadə ibn Müleyhə də onunla birlikdə idi və:

– Yaxşı, bəs dostumun vəziyyəti necə olacaq? – deyə soruşur.

Hz.Mücəzzər:

– Dostun üçün belə bir aman yoxdur! Vallah, biz dostunu sağ buraxmayacağıq! Rəsulallah ancaq səninlə bağlı təlimat verib, – deyə cavab verincə Əbul-Bəxtəri:

– Elə isə mən də dostumu tək buraxa bilmərəm! Vallah, öləcəyəmsə, onunla birlikdə ölərəm! Çünki sonra mənim üçün Məkkə qadınları: "Canını qurtarmaq üçün dostunu tək buraxdı," –  deyərlər! – deyib qılıncını yelləməyə davam edir.

Sonra da əlavə edir:

– İbn Hurrə (özünü nəzərdə tutur) ya sağ-salamat yoluna davam edəcək, ya da ölənədək dostundan keçməyəcəkdir!

Və aralarında yenidən mücadilə başlayır. Əbul-Bəxtəri bütün gücü ilə qılınc çalırdı. Nəhayət, Hz.Mücəzzərin qılınc zərbəsi ilə yerə sərilir.

Mücəzzər ibn Ziyad nə edəcəyini bilmirdi. Bir tərəfdən sevinmək istəyirdi, çünki küfrün bir əsgəri də öldürülmüşdü. Ancaq qəlbini üzüntü bürüyür, çünki Allah Rəsulunun: "Öldürməyin!" – deyə buyurduğu bir adamı həlak etmişdi!

 Nəhayət, boynubükük hüzura gəlir, hər halından xəcalət çəkdiyi görünürdü. Rəsulullahı vəziyyətdən xəbərdar etmək üçün səsini qısır:

– Ya Rəsulallah, Səni haqq ilə göndərənə and olsun ki, onu əsir edib Sənə gətirmək üçün çox çalışdım, ancaq bununla razılaşmadı və döyüşərək ölməyi üstün tutdu. Mən də onu öldürmək məcburiyyətində qaldım.

Əbu Cəhlin sonu

İki cavan ön sıralarda vuruşan Əbdürrəhman ibn Avfın yanına gəlir. Bunlar Muaz ibn Amr ibn Cəmuh və Muaz ibn Afra adlı iki ənsar idi. Bığ yeri yeni tərləmiş bu gənclər karvanı təqib etmək üçün Mədinədən yola düşərkən, görünür, geri qaytarılmaqdan zorla qurtulub buraya qədər gəlib çıxa bilmişdilər.

Hətta sağ və sol tərəfində bu iki igidi görən Hz.Abdürrəhman onların əvəzinə yanında daha təcrübəli insanların olmasını təmənna edir. Ancaq gənclərin dərdi onunla birlikdə vuruşmaq deyildi. Biri sakitcə ona yaxınlaşır və yanındakı dostunun da eşitməməsi üçün pıçıltı ilə soruşur:

– Ay əmi! Sən Əbu Cəhli tanıyırsanmı?

– Bəli, tanıyıram, – deyir Abdürrəhman ibn Avf və soruşur:

– Yaxşı, bəs sənin Əbu Cəhillə nə işin var, ay qardaşoğlu?

– Rəsulullaha küfr etdiyini eşitdim. And içmişəm, onu görən kimi öldürəcəyəm.

O, Abdürrəhman ibn Avfa bunları deyərkən o biri dəliqanlı da arxadan ətəyini çəkir və o da buna bənzər suallar verib gizlicə Əbu Cəhli soruşur. Abdürrəhman ibn Avf bu iki cavanın istəkləri qarşısında təəccübünü gizlədə bilmir, amma yenə də:

− Baxın sizin məndən soruşduğunuz adam odur, – deyir və şeir deyə-deyə vuruşan Əbu Cəhli göstərir.

O, barmağını qaldırıb işarə edər-etməz hər iki gənc yaydan çıxan ox kimi Əbu Cəhlə tərəf şığıyır. Abdürrəhman ibn Avf gəncləri heyranlıqla seyrə edir. Camaat:

– Bu gün Əbu Cəhlin yanına heç kim yaxınlaşa bilməz, – deyirdi, amma gənclər çoxdan onun yanında idilər və onların getməsi ilə Əbu Cəhlin yerə sərilməsi bir olur. Hər ikisi birdən hücum etmişdi; Əbu Cəhil qılınc zərbələri altında torpağa düşmüş, can verirdi.

Sevinclə hüzura gəlirlər, onlar üçün bir Allah düşməni də məhv edilmişdi və bundan böyük müjdə ola bilməzdi. İndi bu müjdəni Allah Rəsulu ilə bölüşmə vaxtı idi və gəlib ümmətin fironu Əbu Cəhli öldürdüklərini söyləyirlər. Onların həyəcanına xüsusi dəyər verən Allah Rəsulu (s.ə.s.):

– Yaxşı, onu hansınız öldürdü, – deyə soruşur. Hər ikisi də:

– Onu mən öldürdüm,  – deyir. Bu dəfə də onlardan:

– Qılınclarınızdakı qanı sildinizmi? – deyə soruşur.

– Xeyir, ya Rəsulullah, – cavabını verirlər.

Hər ikisi də qılıncını çıxarıb Əbu Cəhli öldürdüyünü isbat etmək üçün Rəsulullaha göstərməyə çalışır. Allah Rəsulu (s.ə.s.) qılınclara diqqətlə baxır və:

 – Onu ikiniz öldürmüşsünüz, – buyurur.

Muaz ibn Afra küfr ordusunu İslama qarşı yönəldib Bədrə qədər gətirən belə bir adamı öldürməsinin həzzi ilə hüzurdan ayrılanda qolundakı qılınc yarasını hiss etməmişdi. Qan itirirdi. Demə, Əbu Cəhlə qılınc endirərkən onun oğlu İkrimə də Muazı qolundan yaralayıbmış.

Əbu Cəhil yıxılmışdı, amma hələ də yaşayırdı. Artıq döyüş bitmişdi. Rəsulullahın təlimatı ilə səhabələr savaş meydanında dolaşıb nəticəni görmək istəyirdi. Hətta Əbu Cəhlin də ölülər arasında olub olmadığını Peyğəmbərimiz xüsusilə soruşur və əgər tanıya bilməsələr, ayağındakı bir yaradan bəhs edərək ona baxmağı məsləhət görür. Belə ki, Hira vüslətindən öncə Abdullah ibn Cudanın evində olarkən Əbu Cəhil aranı qarışdırmış və Rəsulullah da onu yerə sərmişdi. Bu hadisədən sonra Əbu Cəhlin dizində yara əmələ gəlmişdi. Bu gün Allah Rəsulu (s.ə.s.) həmin yaranın izini xatırladırdı.

Abdullah ibn Məsud Əbu Cəhli görəndə son nəfəsi idi.. Üzünü dəbilqə ilə örtmüş, qılıncını da dizinin üstünə qoymuşdu. Hərəkət etməyə taqəti yox idi və üzü yerə baxırdı. Ancaq hələ də nəfəsi gedib-gəlirdi. Əvvəlcə qılıncı qaldırıb işini bitirmək istəyir. Ancaq bu, onun üçün asan ölüm olardı. Əbu Cəhil məğlubiyyəti iliklərinə qədər yaşamalı idi. Bir də illər öncə ona qarşı etdiyi təhdidləri xatırlayır. Məkkənin o sıxıntılı günlərində: "Səni mütləq öldürəcəyəm," – deyə İbn Məsudu hədələyirdi.

Hətta o zaman İbn Məsud bir yuxu görmüş və bu röyasını da belə yozmuşdu ki, Əbu Cəhli özü öldürəcək. Buna görə də ona yaxınlaşır və ayağını yavaşca başına toxunduraraq:

– Səni rəzil və rüsvay edən Allaha həmd olsun, ey Allah düşməni! İndi ağlın başına gəldimi? – deyə səslənir.

Əbu Cəhil elə əvvəlki Əbu Cəhil idi. Nə məğlubiyyəti ilə barışmaq istəyir, nə də küfründən vaz keçirdi. İbn Məsudun bu sözlərinə cavab olaraq deyir:

– Niyə rəzil və rüsvay oluram ki! Nəticədə bir adam öldürmüş olursunuz! Məni öldürən bir ayağı yalından ötrü rəzil olacağam?!

Əbu Cəhlin dərdi başqa idi, fikri döyüşdə qalmışdı. Bir macəradan ötrü Bədrə gətirdiyi  ordunun vəziyyətini öyrənmək istəyirdi və  çətinliklə soruşur:

– Sən mənə de, görüm, kim qalib gəldi?

– Zəfər Allah və Rəsulunundur, – deyə  İbn Məsud hayqırır.

Əbu Cəhli öldürən bu xəbər olur. Kin və nifrətindən zərrə qədər əl çəkməyən bu adam acı-acı İbn Məsuda baxır. Bu baxışlar eyni zamanda küfrün can verməsi idi. Ancaq qürurundan da keçmək istəmirdi. Bu halında belə İbn Məsudu alçaldır və onun məqamını, qalib mövqeyini qəbul etmək istəmirdi. Onu hələ də qoyun çobanı kimi görürdü. Halbuki qoyun otarmaq eyibli iş deyildi. Həm də hər peyğəmbərin qoyun otardığını Rəsulullahın özü bəyan etmişdi. Bəli, İbn Məsud da qoyun otarmışdı, amma Əbu Cəhlin əsas məqsədi ölüm ayağında onu təhqir etmək idi. Bu, səbir kasasını daşırdan son damla olmuş və qaçılmaz sonunu özü hazırlamışdı.

Və... İllərin vəbalını çiynində daşıyan Əbu Cəhlə son zərbəni İbn Məsud endirir. Küfrün mühüm bir qalası da yıxılır. Onun ölümü eyni zamanda Bədrin dönüş nöqtəsi idi. Çünki məcburiyyət qarşısında Bədrə gələn müşriklər onun öldüyünü eşidər-eşitməz qaçmağa başlamışdı.

Bu müjdə ilə Rəsulullahın  (s.ə.s.) hüzuruna gələn İbn Məsud:

– Ya Rəsulullah, – deyə səslənir və Əbu Cəhlin ölüm xəbərini verir. Xəbəri eşitcək Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əvvəlcə:

– Lə ilahə illəllah, – deyir. Sora isə soruşur:

– Həqiqətən, öldürüldümü?

– Bəli, – deyincə öncə səcdəyə qapanır və sonra da iki rükət namaz qılıb:

– İslamı və Müsəlmanları əziz edən Allaha həmd olsun! – deyə şükr edir.

Artıq haqla batilin arası müəyyənləşib müşriklər qaçmağa başlayınca Allah Rəsulu (s.ə.s.) qılıncını çəkib onları təqib etməyə başlayır. Bu təqib əsnasında yenə: "Bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!"[35] ayəsini təkrar edir. Bu ayə bundan beş il öncə Məkkədə nazil olmuşdu və səhabələr o vaxtdan müşrik ordusunun məğlubiyyətə uğrayıb qaçacağı günü gözləyirdi. Bədir günündə müşriklərin qaçdığına və onları təqib edən Allah Rəsulunun bu ayəni oxuduğuna şahid olan səhabələrin həmin ayənin hələ o günlərdən Bədri müjdələməsinə şübhələri qalmamışdı.

Artıq Bədir meydanında bir kənarda qolları bağlı dayanıb gözləyən əsirlərdən və müşrik cəsədlərindən başqa Qureyş ordusundan əsər-əlamət yox idi.

Bir dəstə səhabə Rəsulullahla (s.ə.s) birlikdə əsirləri yoxlayırdı. Bu əsnada səhabələrdən biri irəli çıxaraq indi də növbənin qaçan karvana çatdığını söyləyir. Bunu əsirlər arasında olan Rəsulullahın əmisi Hz.Abbas da eşidir və dərhal səsini ucaldır:

– Xeyr, bu, sənə halal olmaz!

Hamı təəccüblənir. Mümkün deyildi: bir adam əsir ola-ola əsir alanlara ağıl öyrədirdi! Allah Rəsulu (s.ə.s.) soruşur:

– Niyə görə?

– Çünki Allah (c.c.) Sənə iki topluluqdan birini vəd etmişdir. İndi də onlardan birini Sənə vermiş olur!

Həqiqətən də, belə idi. Allah Bədir zəfərini bir ehsan kimi lütf etdiyinə görə bir də karvan dalınca düşərək tamah göstərmək olmazdı və Hz. Abbasa üz tutan Rəsulullah:

– Doğru deyirsən, – buyurur.

Bu arada Allahın onlara bəxş etdiyi zəfəri şeirin qəliblərinə tökür və Hz. Əbu Bəkirlə sevincini bölüşürdü. Hüzuruna Taif dönüşündə Ona aman verən Mutim ibn Adiyyin oğlu Cubeyr gəlir və onları əfv etməsi üçün xahiş edir.

Bu xahiş Rəsulallahı keçmiş günlərə aparır. Bir müddət sonra deyir:

 – Əgər Mutim ibn Adiyy bu gün yaşasa və bu əsirləri istəsə idi, sırf onun xətri üçün onları azad edərdim!

Vəfalı insan idi və Onunla birlikdə Məkkə günlərini yaşayanlar Mutim ibn Adiyyin üç il davam edən boykotun ləğv olunmasında oynadığı rolu düşünür, Taif dönüşündə göstərdiyi əzmi xatırlamağa çalışırdılar, çünki Mutim hər iki kritik vəziyyətdə önəmli rol oynamış, Allah Rəsulu və möminlərin tərəfini tutaraq zülmü təmsil edən qaranlıq bir dövrün sona çatmasına vəsilə olmuşdu.[36]

Döyüş zamanı ibadətdə həssaslıq

Döyüşün ən qızğın anlarında Rəsulullahın harada olması ilə maraqlanan Hz.Əli Onu səcdəyə qapanıb dua edərkən görmüşdü. Yeri gələndə və ehtiyac olduqda ən öndə vuruşan Allah Rəsulu (s.ə.s.) vəd edilən zəfərin qazanılması üçün ən az zəfər qədər vacib olan Rəbbi ilə irtibatı unutmurdu. Rəsulallah təhlükəsiz yerdə idi və Hz.Əli yenidən cərgələrə qarışıb döyüşməyə başlayır. Ancaq fikri Onda idi və yenidən əvvəlki yerə gəlir. Gördüyü mənzərə dəyişməmişdi, Rəsulullah yenə səcdədə dua edirdi.

Nəhayət, döyüş bitmiş, ara sakitləşmişdi. Hz. Əli yenidən Rəsulullahın (s.ə.s.) olduğu yerə gəlir. Qəribə idi; hələ də səcdədə:

– Ey Hayy və Qayyum olan Allahım, – deyə dua və niyaz edirdi. Və bu hal Qureyşin Bədri tərk etməsinə qədər davam etmişdi.

O günlərdən söz düşəndə Hz. Cabir  bir  xatirəsini danışacaqdı:

– Bədir döyüşündə Rəsulallahla birlikdə namaz qılırdıq. Namaz zamanı Rəsulullahın  təbəssümü diqqətimizi çəkdi. Namazını bitirəndən sonra: "Ya Rəsulallah! Sizi namazda təbəssüm edərkən gördük. Səbəbi nə idi?" – deyə soruşduq. Cavabında O (s.ə.s.), bunları söylədi: "Yanımdan kiminsə arxasınca gedib geri qayıdan, üstü-başı toz-torpaqlı Mikail keçirdi. O, mənə təbəssüm edincə, mən də ona təbəssüm etdim!"[37]

Bədirdəki mələklər

Bədir hər yönü ilə qeyri-adi idi. Qureyş böyük ümidlərlə Məkkədən buralara qədər gəlmiş, ancaq qol-qanadı sınmış halda geri qayıtmaq məcburiyyətində qalmışdı. Həm də liderlərini Bədirdə qoyaraq! Onlar üçün Bədir başlamadan bitən bir savaş idi! Çünki nə baş verdiyini anlamadan başları bədənlərindən ayrılmış, biçin vaxtı yetişmiş sünbüllər kimi asanca dərilmişdilər. Sanki, heç vaxt görmədikləri adamlar gəlir və bir-bir işlərini bitirirdi. O gün sağ qalıb geri qayıdanlar və ya onların arasından sonralar İslamı qəbul edənlər Bədirdən danışarkən həmişə eyni məqamı vurğulayırdılar: o gün Qureyş ordusunu  qeybdən  bir əl pərişan etmişdi!

Saylarını az hesab etdikləri İslam ordusuna hücum edərkən qəflətən bir bulud peyda olmuş və müşrikləri qorxuya salmışdı. Əbrəhə ordusunun başına gələnləri xatırlamış, bir anda zehinlərdə şimşəklər çaxmağa başlamışdı. Gördükləri yalnız bululdun xəyalı deyildı; buludun içindən hücum səsləri gəlir və at kişnərtiləri qılınc şaqqıltılarına qarışaraq Bədrin hər tərəfində əks-səda verirdi. Bir az əvvəl özlərinin dörddə biri qədər gördükləri İslam ordusuna artıq başqa gözlə baxır və özlərindən ən az iki dəfə çox olduqlarını düşünürdülər. Bir anda hər şey dəyişmiş və bu dəyişiklik onları ölümə daha da yaxınlaşdırmışdı.

Bədirdə müsəlmanlar tərəfindən əsir alınan, əsirlik haqqını ödədikdən sonra azad olub Məkkəyə qayıdan Süheyl ibn Amr o gün baş verən fövqəladə hadisələri xatırlarkən:

– Bədir günü mən səma ilə yer arasında köhlənlər və bunların üzərində ağ libaslı süvarilər gördüm ki, onlar qabağına çıxanları əsir alır və öldürürdülər, –  ifadələrini işlədəcəkdi.

O günü xatırlarkən Abdürrəhman ibn Avf əvvəlcə Peyğəmbərimizin sağ və sol tərəfində iki nəfərin döyüşdüyünü, daha sonra isə bir neçə adamın Rəsulullahın ön və arxasında dayanıb Onu təhlükələrdən qoruduğunu müşahidə etdiyini söyləyəcəkdi.

Allah Rəsulu Bədrə Dihyətül-Kəlbi surətində gələn Cəbraillə xoş söhbət etdiyi günlərin birində (s.ə.s.) ondan:

– Bədir günü  mələklərdən "Uqdum, hayzum" deyən hansı idi, – deyə soruşacaq və:− Səma əhlindən bilib tanıdıqlarımın hamısı, – cavabını alacaqdı.

O gün əsir götürülən Saib ibn Əbu Hubeys and-aman edərək insanlar tərəfindən əsir alınmadığını deyir. Ondan:

– Bəs onda səni kim əsir aldı? – deyə soruşduqda o:

– Qureyşlilər məğlub olunca mən də böyük sarsıntı keçirtdim. At üstündə uzun boylu, ağ geyimli və başında sarıq olan bir adam mənə yetişdi və məni iplə möhkəm bağladı. Bu vaxt Abdürrəhman ibn Avf yanıma gəldi və məni bu halda görüncə: "Bu adamı kim əsir aldı?" – deyə əsgərlərdən soruşdu. Heç kimdən səs çıxmadı. O, məni Rəsulallahın hüzuruna gətirdi. Allah Rəsulu mənə: "Ey ibn Əbu Hubeys! Səni kim əsir aldı?" – deyə soruşdu. "Bilmirəm," – deyə cavablandırdım. Bunun ardınca  O (s.ə.s.): "Səni bir mələk əsir aldı," – buyurdu"–deyir.

Rəsulullahın əmisi Hz.Abbası da Əbül-Yəsər adlı zəif, çəlimsiz bir səhabə əsir almışdı. Halbuki Hz.Abbas güclü və iri cüssəli bir adam idi. Sonralar Rəsulullah Əbül-Yəsəri hüzuruna çağırıb:

– Ya Əbül-Yəsər! Söylə, görüm, Abbası sən necə əsir aldın? – deyə soruşur. Utana-utana bunları deyirdi:

− Ya Rəsulallah! Onu əsir alarkən tanımadığım, heç vaxt görmədiyim bir adam mənə kömək etdi.

Əbül-Yəsərin bu səmimi və ürəkdən gələn cavabına müqabil Allah Rəsulu (s.ə.s.):

– Sənə kərəm sahibi bir mələk kömək etmiş, – buyurur.O gün hər şey bitdikdən sonra Cəbrail Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və belə  səslənir:

– Ya Məhəmməd! Allah (c.c.) məni Sənin yanına göndərdi və Sən razı olana qədər yanında qalmağımı əmr buyurdu. İndi Sən razısanmı?

Bunun cavabında Allah Rəsulu (s.ə.s.) Cəbrailə:

– Bəli,  razıyam, –  deyir və sonra da Bədirdən gedə biləcəyini söyləyir.

Şəhidlər

O gün möminlərdən on dörd şəhid var idi. Bulardan altısı mühacir, ikisi Əvs, altısı da Xazrəc qəbiləsindən olmaqla səkkiz nəfəri də ənsar idi.[38] Şəhidlər arasında təkbətək döyüşdə ayağından yaralanan Rəsulullahın əmisi oğlu Ubeydə ibn Haris, Sad ibn Əbu Vəqqasın kiçik qardaşı Ümeyr ibn Əbu Vəqqas, üç kiçik qardaşı ilə birlikdə Bədrə gələn Aqil ibn Əbu Bükeyr, Afra validəmizin oğulları Avf və Muavviz, Ümeyr ibnül-Hümam, Sad ibn Haysəmə, Züşşimaleyn ibn Abdiamr, Mübəşşir ibn Abdülmünzir, Hz. Ömərin azad etdiyi köləsi Mihcə, Savfan ibn Beyda, Yezid ibn Haris, Rəfi ibn Mualla və Ənəs ibn Malikin bibisi oğlu Harisə ibn Süraqa kimi səhabələr var idi.

Bəli, ortada bir zəfər var idi və buna sevinmək lazım idi. Ancaq nəticə zəfər də olsa, Bədrə hüzün çökmüşdü. Allah Rəsulu  (sallahu əleyhi və səlləm) üçün hər insan bir aləm demək idi və çox önəmli idi. İndi isə əshabından on dörd nəfəri Bədirdə qoyub geri dönmək məcburiyyətində qalmışdı. Hərçənd Cəbrail qarşı tərəfin başına gələn müsibətin onların müsibətindən ən az iki dəfə artıq olduğunu söyləyir, başlarına gələn bu qədər məşəqqətlərə rəğmən, kədərlənməyin lüzumsuz olduğunu deyərək möminlərə təsəlli verirdi.[39]

Bu şəraitdə Allah Rəsulu  (s.ə.s.) dərhal Bədri tərk etmir və üç gün burada gözləyir. Bu müddət içində Rəsulullah Onunla birlikdə Bədrə gələn və hər kəsdən əvvəl şəhadət şərbətini içən şəhid səhabələrinin namazlarını qıldırır, onlar üçün dua edib Rəhmli Rəbbinə yalvarır və əshabı ilə birlikdə onları son səfərə − axirət aləminə yola salır.

Ölülərə səsləniş

Müşriklər isə Bədri tərk edib qaçarkən meydanda yetmiş ölü buraxmışdılar.[40] Döyüş başlamazdan əvvəl Rəsulullahın adlarını çəkib Allaha həvalə etdiyi Əbu Cəhil, Ümeyyə ibn Xələf, Rəbiənin oğulları Utbə və Şeybə və Uqbə ibn Əbu Muayt da Bədirdə ölənlər arasında idi. Həm də bunlar məhz Allah Rəsulunun döyüşdən əvvəl göstərdiyi yerlərdə həlak olmuşdular. Çox keçmədən qızmar günəşin istisində  meyitlər ağırlaşmağa başlayacaq, ətrafa dözülməz bir qoxu yayılacaqdı.

Vəlid ibn Utbə, Əbu Sufyanın oğlu Hanzala, Ümeyyə ibn Xələfin oğlu Əli, Uqbə ibn Əbu Muayt, Hz.Talhanın əmisi Ümeyr ibn Osman, Ümmü Sələmə validəmizin qardaşı Məsud ibn Əbu Ümeyyə və Əbul-Bəxtəri də Məkkə müşriklərindən öldürülən nüfuzlu  şəxslər idi.

Bir də müsəlman olduqları halda, təzyiqlərə məruz qalan və döyüşə zorla gətirilən gənclər var idi, boyunlarında buxov, ayaqlarında qandal olduğu üçün bu insanlar digər müsəlmanlar kimi hicrət edə bilməmiş və Bədir məsələsində də böyüklərinə boyun əymək məcburiyyətində qalmışdılar. Bunlar Haris ibn Zəma, Əbu Qeys ibn Faqihə, Əbu Qeys ibn Vəlid, Əli ibn Üməyyə və As ibn Münəbbih idi. Hələ Rəsulullah (s.ə.s.) Məkkədə ikən müsəlman olmuş, ancaq atalarının amansız təzyiqləri altında bunu büruzə verə bilməmişdilər. Bu gün isə hamısı Bədirdə can vermişdi. Acı bir təcrübə idi. Belə bir vəziyyətlə bir daha qarşılaşmamaq üçün Cəbrail gəlir və sağ qalanların qulağında sırğa olsun deyə bu bəyanı gətirir: "Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: "Siz hicrət zamanı harada idiniz?" Onlar söyləyəcəklər: "Biz yer üzərində zəif (aciz) kəslər idik". (Mələklər də onlara: ) "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?" – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O, necə də pis yerdir![41]

Döyüşün bitməsindən üç gün keçmişdi. Allah Rəsulu (s.ə.s.) atını hazırlayıb yola çıxmazdan qabaq müşrik liderlərin olduğu yerə gəlir və onlara künyələri ilə səslənir:

– Ey filan oğlu filan! Ey Əbu Cəhil oğlu Hişam! Ey Utbə ibn Rəbiə! Ey Şeybə ibn Rəbiə! Ey Ümeyyə ibn Xələf!  Allah və Rəsuluna itaətsizlik etməyin nə demək oldugunu indi gördünüzmü? Rəbbinizin sizin üçün vəd etdiklərinin haqq olduğunu gördünüzmü? Mən, həqiqətən, Rəbbimin Mənə vəd etdiklərinin haqq olduğunu görmüşəm! Sizin qədər peyğəmbərinə pislik edən yoxdur! İnsanlar Məni təsdiq edərkən siz inkar etdiniz! Onlar Məni bağrına basarkən siz  yurdumdan qovdunuz! Başqaları Mənə yardım edərkən siz Mənə müharibə elan etdiniz! Və Allah da Mənə etdiklərinizin  müqabilində sizi çox ağır şəkildə cəzalandırdı. Halbuki əmin, doğru olduğum halda, Məni yalanla ittiham edir, sadiq və doğru olduğum halda, Mənə yalançı deyirdiniz!

Allah Rəsulunun (s.ə.s.) bu ifadələrinə şahid olan Hz. Ömər deyir:

– Ya Rəsulallah! Üç gün sonra onlara belə səslənirsən, içlərində ruh olmayan, iylənmiş və cansız bədənlərlə necə danışırsan, necə cavab vermələrini gözləyirsən?

 Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Onlar söyədiklərimi sizdən yaxşı eşidir. İndi dediyim hər şeyi eşidir, amma cavab verməyə güc tapmırlar, – buyurur.

Rəsulullahın (s.ə.s.) fərqi

Nə qədər böyük mərhəmətdir ki, Rəsulullah (s.ə.s.) öz rəhbər və öndərlərini Bədirdə qoyub qaçan Qureyş əvəzinə döyüş meydanındakı cəsədlərin gömülməsini tapşırır və şəxsən özü bu işlə məşğul olur. Qureyş böyüklərindən iyirmi dörd nəfərin basdırılmasını şəxsən Allah Rəsulu əmr etmişdi.

Utbə ibn Rəbiəni basdırarkən orada olan Utbənin oğlu Əbu Huzeyfəyə baxır və üzünün ifadəsindən ruhunda qopan fırtınaları anlamağa çalışırdı. Rəngi ağarmışdı və görünür, hüznlü Əbu Huzeyfə dünyadan imansız köçən atasının halına yanırdı. Rəsulullah (sallallahu əleyhi və səlləm) onun bu qəmgin halını görüncə dözə bilmir, yanına yaxınlaşır və başını şəfqətlə sığallayır:

– Hər halda atanın ölümünə görə qəm, kədər içindəsən, – deyir.

– Xeyr, – deyə cavab verir Əbu Huzeyfə, – vallah məni nə atam, nə də onun yerdə belə sərilib qalması üzür. Məni kədərləndirən əsas şey atamın bu halına yaraşmayan yumşaq təbiətli, ağıl və fəzilətli olması idi. Onun belə bir insan olmasından ümidlənir və bir gün İslamı qəbul edəcəyinə inanırdım. Onun haqqında bunları düşünüb təslim olacağı günün xəyalları ilə yaşadığım bir vaxtda bu vəziyyətdə öldüyünü görmək məni çox kədərləndirdi.

Doğrudan da, kədərli vəziyyət idi və onun bu üzüntüdən qurtulması üçün Allah Rəsulu (s.ə.s.) əllərini açıb Rəbbinə dua edəcək, beləcə, Əbu Huzeyfənin acısını bölüşmüş olacaqdı. Son günə qədər Onu addım-addım izləyib təhqirlər yağdıran qatı düşməni Əbu Cəhli də Rəsulullah  (s.ə.s.) özü dəfn edir. Hətta onu dəfn edərkən:

− Əgər Əbu Talib bu gün yaşasa idi, qılınclarımızın onların başına necə endiyini görəcəkdi, – buyurur.

  Çünki Əbu Talıb Əbu Cəhil və tərəfdarlarının Rəsulullaha əziyyət etdikləri  o Məkkə illərində uzun bir şeir oxumuş və şeirdə bunları söyləmişdi: "Bugünkü zalımlar sabah başlarına qılıncların necə endiyini görəcəklər".

Artıq nəticə aydın olmuşdu; müsəlmanlar sayca az olsalar da, Bədirdə böyük qələbə  qazanmışdılar. Bu vəziyyət bəzi insanların müvzinəti qaçırmasına səbəb olub tarazlığın pozulması ilə nəticələnə bilərdi. Çünki uğurları şəxslərin adına çıxma hər zəfərdən dərhal sonra müəyyən yanlışlıqlara meydan açan kritik nöqtələrin başında gəlirdi. Belə bir yanlışlığa yol verilməməsi üçün yenə Cəbrail gəlir, Peyğəmbərimizə bu bəyanları çatdırır: "Ey möminlər Bədirdə onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri (qənimət əldə etmək və qələbə  qazanmaq  üçün) yaxşı bir imtahandan keçirtdi. Allah hər şeyi eşidəndir, biləndir!"[42]

Çox keçmədən Cəbrail yenə gəlir və möminlərə işin əsl tərəfini bildirir: "(Ya Rəsulum!) Həqiqətən, siz Bədirdə düşmənə nisbətən az və zəif olduğunuz halda, Allah sizə yardım etdi. Allaha şükür edən olmaq üçün Allahdan qorxun! O zaman sən möminlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?" Bəli, əgər səbir edib Allahdan qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır."[43]

Bədirdən ayrılma və qənimətlər

Allah Rəsulu (s.ə.s.) qənimət olaraq ələ keçirilən yüz əlli dəvə, on at və digər qiymətli əşyaları yığıb toplamağı Habbab ibn Ərəttə tapşırıb Bədri tərk edir. Əbu Cəhildən qalan dəvəyə[44] də özü minir və Mədinəyə doğru hərəkət edir. Əsirlərlə bağlı işi isə azad etdiyi kölə Şükrana tapşırır. Onları da özləri ilə Mədinəyə aparırlar.

Əsirlər və əldə edilən qənimətlər məsələsində hələ qəti bir hökm yox idi. Ona görə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əvvəlcə:

– Döyüş vaxtı kim bir müşriki öldürmüşsə, həmin  müşrikin qiymətli əşyaları ona aiddir və ya kimi  əsir almışsa, həmin  əsir ona  məxsusdur, – buyurur.

Ancaq döyüş bitdikdən sonra qaçan müşrikləri təqib edənlər qənimət əldə edə bilməmişdilər. Döyüş meydanında qalıb qənimət toplayanlar bunun onların haqqı olduğunu söyləyərkən qaçan müşrikləri təqib edib zəfəri sona çatdıranlar isə bu mallarda onların da haqlarının olduğunu iddia edir və təbii olaraq da bu haqların onlara verilməsini tələb edirdilər.

Vəziyyət qarışınca məsələ Allah Rəsuluna çatdırılır. Elə bu zaman Cəbrail məsələnin həll yolunu gətirir və qənimətlərin paylanmasında diqqət yetiriləsi xüsusları Peyğəmbərimizə bildirərək qeyri-müəyyənliyi aradan qaldırır. Buna görə Allah Rəsulu (s.ə.s.) ayə ilə təsbit edilən beşdə bir payı qənimətdən ayırdıqdan sonra qalanını bərabər şəkildə səhabələr arasında bölüşdürür

Bədir döyüşündə iştirak etməyən bəzi səhabələrə də qənimətdən pay verilməsi diqqət çəkirdi. Bunlar döyüş vaxtı Mədinədə vali qalan Əbu Lübabə ibn Abdülmünzir, Əbu Sufyanın karvanını təqib etmək üçün Şama tərəf göndərdiyi Talha ibn Übeydullah və Said ibn Zeyd, Ruqiyyə validəmizin xəstəliyi səbəbindən gələ bilməyən Hz.Osman, Qubada vəkil qoyduğu Asim ibn Adiyy, Haris ibn Xatib, Havvat ibn Cübeyr və Haris ibn Summə kimi şəxslər idi.

Həmçinin Bədirdə şəhid olan on dörd nəfərin adına da pay ayrılmış və yaxınlarına verilmək üçün bir kənarda qoyulmuşdu. Qənimətlər bölüşdürülərkən daha çox səy göstərənlərə fərqli yanaşılacağını gözləyənlər də var idi. Doğrusu, qənimət hökmü ayə ilə sabit olan bir halaldır və bununla əlaqədar meydana çıxan hər bir məsələni şəxsən Rəsulallahdan öyrənmək mümkün idi. Ona görə Sad ibn Muaz soruşur:

– Ya Rəsulallah! Döyüşdə süvari kimi önəmli vəzifələri yerinə yetirənlərə də zəif və gücsüzlərə verdiyin qədər  qənimət payı verəcəksən?

Rəsulullah  (s.ə.s.) üzünü Sad  ibn Muaza tutub şirin bir dillə:

– Ay anası övladsız qalası, – deyir, – məgər siz zəif və gücsüzlərin vəsiləsi ilə qələbəyə nail olmursunuzmu?

Safraya çatanda Allah Rəsulunun (s.ə.s.) göstərişi ilə təkbətək döyüşə çıxan və ayağından yaralanan altmış üç yaşlı əmisi oğlu Ubeydə ibn Harisin taqəti qalmamışdı. Allah Rəsulu (s.ə.s.) şəfqət dolu baxışları ilə təsəlli verirdi, amma görünür, Ubeydə  ibn Haris çox əzab çəkirdi. Hərçənd o, şəhid olaraq öləcəyi üçün mənən çox rahat idi; bu müjdəni döyüşdən sonra şəxsən Rəsulullahdan almışdı. İndi isə müjdənin gerçəkləşməsi vaxtı idi və başı Rəsulullahın (s.ə.s.) dizində vəfat edir.

Rəvha adlı yerə gəldikləri zaman onları qarşılamaq üçün Mədinədən gələn izdihamla rastlaşırlar. Həmin gün Rəvhada əsl bayram əhvali-ruhiyyəsi hakim idi. Məkkə ordusu üzərində qazanılan zəfəri qeyd edir və böyük-kiçik bu sevinci bir-birilə bölüşürdülər.

İzdihamın onları bu qədər ucaltdığını görən Sələmə ibn Səlamə deyir:

– Niyə məsələni bu qədər böyüdüb bizi qarşılayırsınız ki? Allaha and olsun ki, biz, sanki,  saçları tökülmüş, beli bükülmüş qocalar və ya ayaqları bağlanmış qurbanlıq dəvələrlə qarşılaşdıq! Bizə yalnız onların boyunlarını vurmaq qalmışdı, biz də onu etdik![45]

Eyni zamanda bu, öz əməllərini böyük görüb ilahi inayəti görməməzliyə vurmamaq amacı ilə ortaya qoyulmuş həssaslıq idi və bunu eşidən Allah Rəsulu (s.ə.s.) əvvəlcə gülümsəyir, sonra isə:

– Ey qardaşoğlu! Əslində onlar seçilmiş insanlar idi; onları uzaqdan görəndə  əzəmətindən ürkər, sənə bir şey əmr edəndə də dərhal yerinə yetirərdin! Onların gördüyü işlərlə öz hərəkətlərini müqayisə etdikdə, öz etdiklərini kiçik nəzərlə baxar, onları isə gözündə böyüdərdin! Ancaq onların Nəbilərinə qarşı etmədikləri pislik qalmadı! – buyurur.

Bunlar eyni zamanda Qureyşin başına gələnlərin əsl səbəbini də konkret göstərirdi.

Allah Rəsulu (s.ə.s.) əsirlərdən bir gün əvvəl, çərşənbə günü Mədinəyə çatır. Vəda təpəsində toplanan insanlar nurlu ay kimi doğan Allah Rəsuluna nəşidələr (şeirlər) oxuyur və onu bağırlarına basırlar.

Onun müzəffər və mənsur (qalib) şəkildə Bədirdən döndüyünü görən bir çox insan gəlib müsəlman olduğunu elan edir. Çünki kafirlərin bir dayaqları qalmamış və nifaq saxlayanların da ümidləri tükənmişdi. Abdullah ibn Übeyy ibn Səlul da bunların arasında idi.

 Onun (s.ə.s.) gəlişini görən Yəhudilər isə:

– Bax, Tövratda vəsflərini gördüyümüz peyğəmbər bu peyğəmbərdir, – deyir və təslim olduqlarını ifadə edirdilər.

Əsirlər məsələsində həssaslıq və məşvərət

Allah Rəsulu (s.ə.s.) əshabının əsirlərə qarşı daha həssas olmasını və onlarla yaxşı rəftar edilməsini istəmişdi. Hətta bu əmrə əməl edən səhabələr o gün yemək vaxtı yalnız xurma ilə kifayətlənib əllərində olan ən yaxşı yeməklərini əsirlərə vermişdilər. Sonralar müsəlman olan Əbu Zeyd xatirələrini dilə gətirərkən bu məqama işarə etmişdi: "O gün mən də Mədinəyə gətirilən əsirlər arasında idim. Yemək vaxtı gələndə səhabələr Rəsulullahın tövsiyəsinə əməl edib əllərindəki çörəyi əvvəlcə mənə verir, özləri isə xurma ilə aclıqlarını yatırmağa çalışırdılar. Hətta onlardan biri o gün əlindəki çörəyi mənə verincə onu yeməkdən həya edir və çörəyi yanımda olan başqa birisinə verirdim və çox vaxt həmin çörək yenidən mənə qayıdırdı".

Əsirlərin Mədinəyə gətirildiyi ilk gecə Allah Rəsulunun (s.ə.s.) gözünə yuxu getmir, səhərəcən yata bilmir. Bunu hiss edən bəzi səhabələr yuxusuzluğunun səbəbini soruşanda bu cavabı eşidirlər:

– Abbasın iniltisi Məni yatmağa qoymadı!

Bunu eşidən bir səhabə dərhal yerindən qalxır və Hz.  Abbasın yanına  gəlib qollarını açır. Bir müddət sonra Rəsulullah (s.ə.s.) soruşur:

– Abbasın iniltilərini niyə eşitmirəm?

Hz.  Abbasın bağlarını açan səhabə irəli çıxır və:

– Mən onun bağlarını açdım, ya Rəsulallah, – deyir. Bunu eşidən Şəfqət Peyğəmbərinin üzü gülür. Görünür, bu rəftardan çox razı qalmışdı. Ancaq O (s.ə.s.), eyni zamanda ədaləti təmsil edən bir peyğəmbərdi və Hz. Abbasın bağlarını açan səhabəyə:

– Get və əsirlərin hamısının bağlarını aç, – buyurur.

Bu,  işin bir tərəfi idi; digər tərəfdən ilk dəfə əsir götürürdülər və buna həll yolu tapmaq lazım idi. Belə ki, döyüş ilk olduğu kimi əsirlər məsələsi də ilk idi və əllərində hər hansı bir nümunə, təcrübə yox idi. Hələ ilahi bir əmr də gəlməmişdi. "Hökm yoxdur," – deyə əsirləri geri qaytara bilməzdilər, çünki bu, döyüş hazırlıqlarına başlayacağı açıq-aşkar görünən müşrik dəyirmanına su tökmək olardı.

Buna görə Rəsulullah (s.ə.s.) əvvəlcə əshabını toplayır və onlarla əsirlər barədə atılacaq addımları müzakirə etməyə başlayır. Hər şey ilk dəfə olurdu və bu gün seçilən üsuldan daha sonralar da istifadə olunacaqdı.[46]

– Bu əsirlər barədə nə düşünürsünüz? – deyə soruşur, – onların çoxu dünənki qardaşlarınız olsa da, Allah (c.c.) bu gün onları sizin verəcəyiniz qərara möhtac qoydu,  – deyə əlavə edir. Hz.Əbu Bəkir irəli çıxır:

– Ya Rəsulallah, – deyir, – onlara qarşı mübarizədə Allah Sənə yardım edib üstün etsə də, onlar yenə də Sənin əhlin və əqrabalarındır! Kimisi əmioğlu, kimisi eyni qəbilənin üzvü və kimisi də qardaşdır! Ən yaxşısı Sən qanpulu alıb onları sərbəst burax. Beləliklə, onlardan alınanlar küfrə qarşı mübarizədə bizim gücümüzü artırar. Bəlkə də, Allah bununla onların qəlbini Sənə qarşı yumşaldar və onlar da bir gün Sənə pənah gətirər və dəstək olarlar!

Sadiq dostunun qənaətini öyrəndikdən sonra üzünü başqa bir dostuna tutub:

– Bəs sən nə deyirsən, ey Xəttaboğlu? – deyə soruşur.

– Ya Rəsulallah, – deyə sözə başlayır Hz. Ömər, – bunlar Səni yurdundan çıxarıb qovan, Səni yalançı elan edən və Səni öldürmək üçün yola çıxıb Səninlə döyüşən insanlardır! Mən Əbu Bəkir kimi düşünmürəm: mənə qalsa, filankəsi mənə təslim edin, onun boynunu vurum! Uqaylı da Əliyə verin, o da onun işini bitirsin! Həmzəyə də qardaşı filankəsi verin, o da onun başını kəssin! Qoy Allah (c.c.) bizim qəlbimizdə müşriklərə qarşı zərrə qədər bir sevgi olmadığını görsün! Çünki bunlar Qureyşin rəhbərləri və yol göstərənləridir, bunların boynunu vurdur! Bunların Sənin əlində əsir kimi qalmasına mənim könlüm razı deyil!

Bu vaxt Abdullah ibn Rəvaha irəli çıxaraq:

− Ya Rəsulallah,  – deyir. Gördüyüm qədər bu vadidə xeyli kol, çırpı və odun var. Onlar qarışıq bu vadini yandır!

İbn Rəvahanın bu təklifini eşidən əmisi Abbas:

– Sən  qohumluq əlaqələrini kökündən kəsdin, – deyə reaksiya verir.

Əshabının fikrini öyrəndikdən sonra Allah Rəsulu (s.ə.s.) içəri girir. Çöldə gözləyən səhabələr öz aralarında söhbət edirlər. Bir qismi Əbu Bəkrin fikrinə uyğun hərəkət edib onları qanpulu müqabilində azad edəcək, digər bir qismi Ömərin qənaətinə görə hökm verib hamısını öldürəcək, digər bir dəstə da Abdullah ibn Rəvahanın təklifini həyata keçirib onları yandıracaq, – deyə  müzakirə edirlər. Bir müddət sonra Allah Rəsulu yenidən çölə çıxır:

– Şübhəsiz ki, Allah (c.c.) bəzi insanların qəlbini elə yumşaldıb ki, sanki, onlar yumşaqdan yumşaq olub! Bəzilərinin də qəlbini elə bərkidib ki, onlar daşdan da sərt olublar! – deyir və əlavə edir:

– Sən, ey Əba Bəkir! Mələklər arasında, rəhmətlə yerə enən Mikaila, peyğəmbərlər arasında da: "Onlardan kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, bilsin ki, tövbə edəcəyi təqdirdə Sən günahları bağışlayansan, bəndələrinə rəhm edənsən!"[47] – deyən İbrahimə və: "Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən. İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!"[48] – deyən İsaya bənzəyirsən! Daha sonra üzünü Hz. Ömərə tutur:

 – Sən də, ey Ömər, – deyir, – mələklər arasında şiddətlə və Allah düşmənlərini cəzalandırma niyyəti ilə enən Cəbrailə, peyğəmbərlər arasında da: "Allahım! Yer üzündə bir nəfər belə kafir qoyma!"[49]  – deyən  Nuh ilə, "Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!"[50] – deyən Musaya bənzəyirsən!

 Sonra da ikisinə birdən səslənir:

– Əgər siz bu məsələdə ümumi bir fikrə gəlsəniz, Mən də sizinlə razılaşaram!

Cümləsini bitirməmiş,  Abdullah  ibn  Məsudun səsi eşidilir:

– Ya Rəsulallah, – deyir, − Süheyl ibn Beyda istisna olsun! Çünki mən ondan İslamla bağlı gözəl söhbətlər eşitdim, demək olar ki,  müsəlman olmaq  üzrədir!

Könüllərə fərəh gətirən bir xəbər idi bu və Allah Rəsulu dərhal söhbətini dayandırır. Bunlara şahid olan Abdullah ibn Rəvaha daha sonralar bunları söyləyəcəkdi:

– O gün "Süheyl ibn Beyda istisna olsun" kəlməsini Rəsulallahdan eşidəndə elə əndişələndim ki, üstümə səmadan daş yağacağından qorxdum. Və belə əndişə keçirdiyim başqa bir günü xatırlamıram.

Əsas fikir aydın olmuşdu. Allah Rəsulunu (s.ə.s.) qənaəti də bu istiqamətdə idi. Çünki bu günə qədər gələn ayələr insanları əfv edərək, hikmət və xeyirli işlərə nəsihətə və dəvətə əsaslanırdı. Quranla bütünləşmiş bir insan olaraq hər kəsi əfv etmək Onun xarakterinə çevrilmişdi və O da çoxluğun fikrinə uyğun olaraq əsirlərin qanpulu qarşılığında azad edilməsinin vacib olduğunu söyləyirdi.

O gün qanpulu miqdarı dörd min uqiyyə müəyyən olunmuşdu.[51] Yenə də münasib (güzəştli) bir prinsip tətbiq olunurdu; bu miqdarı tapa bilməyənlərə də güzəşt edilir, miqdar lap aşağı endirilirdi. Bir də heç bir şeyi olmayan fəqir insanlar var idi. Könül istərdi ki, bunlar da azadlığa qovuşsun və çox keçmir ki, buna da bir çarə tapılır; Qanpulu  miqdarını ödəməyə imkanı olmayan hər bir əsir on müsəlman gəncə oxuyub-yazma öyrədəcək və bunun əvəzində azad olunacaqdı.[52]

 Mal-mülklə yanaşı, oxuyub-yazmadan məhrum olanları da çətinliyə salmayacaq və onları bundan sonra müsəlmanlıq əleyhinə danışmamaq və İslam əleyhinə olanlara kömək etməmək şərti ilə sərbəst buraxıcaqdılar. Əbu İzzə kimi tanınan Amr ibn Abdullah da bunlardan biri idi.[53]

Əsirlərlə həssas davranılması

Döyüş bitib nəticə bəlli olunca əsirlər arasında bəzi qəribə hallar ortaya çıxır. Belə ki, bu insanlar, xüsusən, mühacirlər baxımından hələ dünənədək eyni şəhərdə − Məkkədə yaşayan qohum-qonşular idi. Bir-birilərindən qız alıb qız vermiş, yay və qış aylarında Şam və Yəmənə birlikdə gedib ticarət etmiş və acılı-şirinli anları bir yaşamışdılar.

İslam gəlincə və Rəsulullah da risalət vəzifəsini təbliğ etməyə başlayınca bir qismi bunu qəbul etmək istəməmiş, hətta təkcə qəbul etməməklə qalmayıb bu dəvəti əngəlləmək üçün ölüm tələləri qurmaqdan tutmuş hər cür yollara əl atmışdılar. İndi isə dünənə qədər özlərini güclü sayan və mühacirləri öz yurdlarından qovaraq mallarını ələ keçirən bu insanlar əsir olmuş və barələrində veriləcək qərarı intizarla gözləyirdilər.

Bunlar arasında Rəsulullahın (s.ə.s.) yaxın qohumları da var idi. Əmisi Abbas ibn Abdilmuttalib,[54] Hz.Əlinin qardaşı Aqil, digər qardaşının oğlu Nəvfəl və kürəkəni Əbul As da İslam ordusu ilə döyüşmək üçün gəlmiş Bədir əsirləri arasında idi. Allah Rəsulu (s.ə.s.) öz qohumları olduğu üçün onlara qarşı xüsusi münasibət göstərməyəcək və hər kəsdən olduğu kimi onlardan da əsarət haqqı alacaqdı. Hətta əmisi Hz.Abbasdan öz haqqı ilə yanaşı, qardaşı oğullarının da qurtuluş pullarını alacaq və bundan sonra azad edəcəkdi.[55]

Döyüşdən sonra Allah Rəsulunun hüzuruna gələnlər arasında Əbul Asın qardaşı Ömər ibnir-Rabi  də var idi. Qardaşını əsirlikdən qurtarmaq üçün  əlindəki kisəni uzadaraq:

– Bu da əsir üçün Zeynəbin göndərdiyi  qanpulu, – deyir.

Əvvəlcə Allah Rəsulu kisəni açır. Könlünün gülü olan Hz.Xədicə validəmizin xatirəsi durur gözlərinin qabağında. Bu gərdanlığı (boyunbağını) Zeynəbin toyu günü öz boynundan çıxarıb qızının boynuna taxmışdı Xədicə validəmiz. Gözünə sataşan gərdanlıq Onu keçmişə aparır və canlanan xatirələrin duyğu seli bürüyür Rəsulullahı!

Bir müddət sonra baş verənləri diqqətlə izləyən səhabəsinə üz tutub:

– İstəsəniz, Zeynəbin əsirini sərbəst buraxın və malını da özünə qaytarın! – deyir.

Rəsulullah (s.ə.s.) bir şey istər, səhabə Onun istədiyini yerinə yetirməzdimi? Həmçinin bu arada gələn ayələr də belə bir vəziyyətdə əsirlərdən qanpulu alıb-almamağı möminlərin öz öhdəsinə həvalə edirdi.[56]

Çox keçmədən hər birindən:

– Lap yaxşı, ya Rəsulullah, – deyə  Onun (s.ə.s.) ricasını təsdiq edən nida eşidilir.

Ancaq Allah Rəsulunun bir şərti var idi. Əbul-Ası hüzuruna çağırır və qulağına nəsə pıçıldayır. Bu, hamının marağına səbəb olur. Qulağını qayınatasının ağzına dayamış Əbul-As bir müddət sonra başını aşağı salır. Görünür, irəli sürülən şərti qəbul etmiş və beləliklə, məsələ bitmişdi.[57]

Günün erkən saatlarında yanından ayrılıb İslam cərgələrinə qoşulan oğlu Abdullaha kin-nifrət yağdıran və şeirləri ilə Məkkə ordusunu döyüşə ruhlandıran Süheyl ibn Amr də əsirlər arasında idi. Onu əsirlər arasında görən Hz.Ömər irəli çıxır və Allah Rəsuluna deyir:

– Onu mənə ver, ya Rəsulallah! Ver onun dişlərini söküm ki, dili sallansın və bir daha heç bir yerdə Sənin əleyhinə danışmasın!

Hz. Ömər öz təbiətinə uyğun danışır və Allah Rəsuluna (s.ə.s.) uzanan hər əli və dili kəsməyin vacibliyinə inanırdı. Ancaq Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) gözlədiyi başqa şey idi. Çünki O, Ömərin də görmədiklərini görür və o istiqamətdə danışırdı. Üzünü Xəttaboğlu Ömərə tutaraq deyir:

– Peyğəmbər olsam da, Mən insanlara belə işgəncə vermərəm! Sonra Allah da Mənə müslə (edilən işə eynilə cavab vermək) edər! Ondan əl çək, ey Ömər! Əl çək ki, gün gələr,  o da sənin xoşuna gələn işlər görər![58] Əsirlər  mövzusunda gələn ilahi xəbərdarlıq

Aradan bir gün də keçmiş, Hz. Ömər Peyğəmbərimizin hüzuruna gəlmişdi. Allah Rəsulu (s.ə.s.) Hz.Əbu Bəkirlə baş-başa verib hönkürtü ilə ağlayırdı. Bu mənzərə Öməri yaman təşvişə salır  və:

– Ya Rəsulallah, – deyir, – Sizi ağladan nədir? Niyə ağlayırsınız? Ağlamalı bir iş varsa, mən də sizinlə birlikdə ağlar, ağlaya bilməsəm də, heç olmasa sizinlə birlikdə ağlamağa çalışaram!

Baş verənlərdən xəbəri yox idi və qəlbindən keçəni danışıb səmimiyyətini ifadə edirdi. Allah Rəsulu (s.ə.s.) onun saf və səmimi simasına baxır və deyir:

– İbn Xəttabın (Hz. Ömərin) sözünə qarşı çıxdığımıza görə az qala böyük bir əzaba düçar olacaqdıq! Və əgər o əzab gəlmiş olsa idi, ondan ancaq Xəttaboğlu Ömər qurtulmuş olacaqdı!  O əzab Mənə bax bu ağacın yanında ərz edildi.

Sən demə, bu arada Cəbrail gəlmiş və həmin ağacın yanında Rəsulullaha (s.ə.s.) vəhy gətirmışdi. Gələn vəhydə Allah (c.c.) Bədirdə əsir alınan insanlar haqqında buyururdu: "Heç bir peyğəmbərə yer üzündə küfrün kökünü kəsməyənə qədər əsirləri özünə mal etmək – onları öldürməyib qanpulu müqabilində azad etmək uyğun olmaz. Ey möminlər! Siz qanpulu almaqla puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Əgər əvvəlcə bu barədə Allahdan bir hökm olsa idi (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasa idi), aldığınız qanpulu müqabilində sizə şiddətli bir əzab üz verərdi. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun.  Həqiqətən,  Allah  bağışlayandır, rəhm edəndir!"[59]

  Mədinəyə gələn müjdə

Allah Rəsulu (s.ə.s.) döyüşün nəticəsini çatdırmaq üçün azad etdiyi köləsi Zeyd ibn Harisə ilə Abdullah ibn Rəvahanı əvvəlcədən Mədinəyə göndərir. Savaşdan bir gün sonra bazar günü günortaya yaxın Aqiq adlı yerə qədər gəlir, Mədinəyə müxtəlif istiqamətlərdən daxil olmaqla müjdəni ayrı-ayrı yerlərdən çatdırmağı qərarlaşıdırıb ayrılırlar. Çox keçmədən Mədinədə Abdullah  ibn Rəvahanın səsi eşidilir:

– Ey ənsar camaatı! Sizə müjdələr olsun! Artıq Rəsulullah təhlükədən qurtulmuşdur. Müşriklər isə həm öldürüldü, həm də əsir oldular! Rəbiə və Həccacın iki oğlu ilə Əbu Cəhil, Zəma ibn Əsvəd və Ümeyyə ibn Xələf öldürüldü. Süheyl ibn Amr isə əsirlər arasındadır. Onun söylədiklərinə diqqətlə qulaq asan Asim ibn Adiyy həyəcanla soruşur:

– Söylədiklərin, həqiqətən, doğrudurmu, ey  ibn Rəvaha!

− Əlbəttə, doğrudur, – deyə cavab  verir  Hz. Abdullah, – vallah, doğrudur. Sabah Rəsulullah da gələcək... Həm də buxovlanmış əsirlərlə!

Mədinəni sevinc bürüyür. Abdullah ibn Rəvaha bu sevinci hamı ilə bölüşmək üçün qapı-qapı gəzib dolaşır və rastına çıxan hər kəsə eyni müjdəni verirdi. Uşaqlar da Abdullah ibn Rəvahanın başına toplaşaraq onunla birlikdə hər yeri gəzib-dolaşır və bir tərəfdən də:

– Fasiq Əbu Cəhil öldürülmüş! Ümeyyə ibn Zeydəcən hər kəsin dərsi verilmiş, – deyə şeirlər söyləyirdilər.

Zeyd ibn Harisə də Rəsulullahın dəvəsi Qasvanın üstündə Mədinəyə aşağı məhəllədən girir. O da Abdullah ibn Rəvaha kimi müjdə verir və Bədirdə qazanılan zəfəri Mədinə əhli ilə bölüşürdü:

– Rəbiənin oğulları Utbə və Şeybə, Həccacın iki oğlu, Əbu Cəhil, Əbul-Bəxtəri, Zəma ibn Əsvəd və Ümeyyə ibn Xələf öldürüldü. Başqa bir çox məkkəli ilə Süheyl ibn Amr da əsir alındı!

Bir tərəfdə Peyğəmbərimizin dəvəsi Qasva ilə Mədinəyə tək qayıdan Zeyd ibn Harisəni izləyən bəzi insanlar bir müddət tərəddüd edir. Bəziləri onun sarsıntı keçirib dəli olduğunu sanırdı.

 Qorxudan ürəkləri ağızlarına gəlmişdi, çünki onların fikrincə, Rəsulullahın dəvəsi Rəsulullahsız  gəldiyinə görə, yəqin O (s.ə.s.), Bədirdə öldürülmüşdü!

Bu vaxt münafiqlərdən biri Əbu Lübabəyə yaxınlaşır:

− Yoldaşlarınız elə darmadağın olublar ki, artıq bundan belə əsla birləşə bilməzlər! Görürsənmi, əshabın böyükləri və Məhəmməd öldürülmüş! Bax bu da Onun dəvəsi, hamımız onu tanıyırıq! Bu Zeyd də qorxudan nə dediyini bilmir, – deyirdi. Əbu Lübabə həzrətləri bunları söyləyən adama acıqla baxır və sonra deyir:

– Çox yaxında Allah (c.c.) sənin sözlərinin doğru olmadığını göstərəcək!

Bunu fürsət bilən yəhudilər:

– Şübhəsiz, Zeyd cəbhədən qaçıb gəlmişdir! – deyirlər.

 Atasının səsini eşidən kimi qaça-qaça gələn və ətrafdakı söz-söhbətləri eşidən gənc Üsamə atası Zeyd ibn Harisəni bir kənara çəkib soruşur:

– Atacan! Söylədiklərin, həqiqətən də, doğrudurmu?

– Ay oğul! Söylədiklərimin hamısı, əlbəttə, doğrudur, – deyə cavab verir Hz. Zeyd. Bundan sonra gənc Üsamə bir az əvvəl Rəsulullahın öldürüldüyü şaiyəsini çıxaran münafiqin yanına gəlir və deyir:

 – Şübhə yoxdur ki, sən Rəsulallah və müsəlmanlara iftira atıb fitnə çıxarırsan, görərsən, Rəsulullah gələn kimi Ona sənin haqqında şikayət edəcək və boynunu vurduracağam!

Ertəsi gün, onsuz da Peyğəmbərimizin azadlısı (azad etdiyi kölə) Şükran əsirlərin başında Mədinəyə gələcək və məsələ aydınlaşacaqdı.

Ruqiyyə validəmizin vəfatı

Ramazan ayının iyirmi üçü idi. Karvanı təqib etmək üçün yola çıxalı on gün olmuşdu. Ancaq bu on günün hər anı "sürprizlərlə" keçmişdi. Bu on gündə əshab həlli bir ömrə sığmayan hadisələrlə qarşılaşmış, dərsini "müəllim"indən almış, buna bənzər problemlərlə rastlaşdıqda necə davranmağı yenə də Ondan öyrənmişdilər. Əshab bu səfər boyu ilahi mərhəmətin leysan olub yağmasına şahid olmuşdu. Karvan niyyəti ilə Mədinədən çıxdıqları halda, Allah (c.c.) qarşılarına Qureyş ordusunu çıxarmış və onları qalib etmişdi. İndi də hər kəsin alqışladığı bir zəfərlə Mədinəyə qayıdırdılar.

Ancaq Mədinənin sürurlu havasından bir hüzn qoxusu gəlirdi. Düzdür, Bədirdə qazanılan zəfəri bölüşmək üçün onları küçələrdə qarşılayırdılar, amma Rəsulullahın (s.ə.s.) qızı Ruqiyyə validəmizin vəfatının hüznü ağı deyirdi qəlblərdə!

Beləcə, Bədirdə zəfər yazılanda Mədinədə Ruqiyyə validəmiz artıq son nəfəsini vermişdi. Əshab da Rəsulullah (s.ə.s.) gələnə qədər onu torpağa əmanət etmişdi. Zeyd ibn Harisənin Mədinəyə gəldiyi gün Cənnətül-Baqidə mərhum üçün son vəzifəni icra edirdilər. Belə ki, Mədinə ordusu karvanı təqib etmək üçün yola düşərkən ağır xəstə olan Ruqiyyə validəmiz həyatla vidalaşmışdı.

Cənnətül-Baqiyə yaxınlaşanda təkbir səsi eşidirlər. Hz. Osman səsin ahəngindən müjdəli xəbər gətirdiyini sezir və mənasını soruşur. Hələ sualına cavab almamış, səsin sahibi onlara yaxınlaşıb dalbadal təkbir gətirir.

Rəsulallahın Qasva üstündə gəlişini görüncə bir anda üzlərini Ona tərəf çevirir və intizarla verəcəyi xəbəri gözləyirlər. Bir zəfərdən bəhs edirdi; Allah (c.c.) müşriklərin rəhbərlərinə Bədirdə məğlubiyyət, Rəsuluna da zəfər vermişdi. Nə edəcəklərini bilmirdilər; Bədir zəfərinə sevinsinlər, yoxsa Rəsulallah burada yoxkən torpağa tapşırdıqları Ruqiyyə validəmizə kədərlənsinlər!

Bəs indi bu xəbəri Allah Rəsuluna necə verəcəklər və "Sən burada olmayanda biz onu torpağa tapşırdıq" kəlmələrini necə dilə gətirəcəklər!

Mədinədə yaşanan acı bambaşqa idi. Bir az əvvəl üç oğul körpəsinin üçünü də öz əlləri ilə torpağa verən Allah Rəsulu (s.ə.s.) qızlarını da bir-bir itirməyə başlamışdı. Görünür, Allah Onu hər fürsətdə əbədi dostluğuna yönəldir və zəfər anlarında belə qarşısına hüznlü hadisələr çıxarır və dünyada qazanılan heç bir qələbəyə sevinməməyi məsləhət bilirdi.

Nəhayət, Ona da xəbər çatır, təqdiri qabaqlamaq olmazdı. Verən də Allah idi, alan da. Ruqiyyə indi dünya məşəqqətlərindən qurtulmuş, anası Hz. Xədicənin və hələ kiçik yaşlarında vəfat etmiş qardaşlarının yanına pərvazlanmışdı. Yolçuluq davam edirdi və bu gün müvəqqəti bir ayrılıq olsa da, gün gələcək, yenə görüşəcəkdilər.

Rəsulullah (s.ə.s.) Cənnətül-Baqiyə doğru üz tutur. Qızının məzarına yaxınlaşır. Və o gün qəlbi məhzun, gözləri yaşlı Rəsulullah Cənnətül-Baqidə mübarək əllərini açıb uzun-uzadı dua edir.

Məkkənin acı xəbəri

Digər tərəfdə Məkkəyə Bədrin acı xəbərini ilk olaraq Haysuman ibn İyas çatdırır. Bu vaxt Məkkə əhli Hicrdə oturub söhbət edirdi. Onun üst-başı dağınıq, qorxmuş və pərişan gəlişindən baş verənləri təxmin edirlər:

– Nə olub? Nə xəbər gətirmisən? – deyə soruşurlar.

  Haysuman nədən başlayacağını bilmir. Əvvəlcə bunları sadalamağa başlayır:

– Öldürüldü, – deyir, – Utbə  ibn  Rəbiə,  Şeybə  ibn  Rəbiə, Əbul-Hakəm ibn  Hişam  (Əbu Cəhil), Ümeyyə ibn  Xələf, Zəma ibn Əsvəd, Həccacın iki oğlu Nəbih və Münəbbəh, Əbul-Bəxtəri   ibn  Hişam...

Bu sadalamqla, sanki, hər kəsin ölüm xəbərini verəcəkdi. Səbri tükənən Safvan ibn Ümeyyə Haysumanın sözünü kəsir:

– Vallah, bu adamın ağlı çaşıb! Huşu başında deyil! İstəyirsiniz, ondan bir məni də xəbər alın görək, mənə nə olub?!

Ətrafındakılar onun sözlərini ciddi qəbul edib Haysumandan Safvanın başına nə gəldiyini soruşurlar. O da Hicri göstərib:

– Odur, baxın, burada oturub, – deyir və əlavə edir:

– Vallah, onun atası da, qardaşı da öldürüldü!

Bir anlıq Məkkədə, sanki, həyat dayanır! Belə çıxırdı ki, Haysumanın ağlı yerində idi. Safvanı tanıyır, üstəlik onun atasının və qardaşının Bədirdə öldürülməsi xəbərini verir. Sözün əsl mənasında Məkkə buza dönür! Gətirdiyi xəbərin həqiqət olduğunu sübut edincə Məkkə əhli Haysumanın ətrafına toplaşıb Bədirdə baş verənləri bircə-bircə soruşur. Eşitdikləri hər xəbər böyük bir zərbə idi. Məkkə, həqiqətən də, öz ciyərparələrini fəda etmişdi; rəhbərlərin, demək olar ki, əksəriyyəti həlak olmuşdu.

Asan deyildi: döyüşə rəhbərlik edənlərin az qala hamısı Bədirdə ölmüşdü. Doqquz yüz əlli əsgərdən yetmişini Bədirdə itirən Qureyş ordusu yetmiş nəfərini də müsəlmanlara əsir vermişdi. Qalanları da meydandan qaçıb geri qayıdırdı. Üstəlik, orduda çoxlu yaralı da vardı.

Bir neçə il əvvəl Məkkədə əkdiklərinin "bəhrəsini" bu gün görürdülər. Bəlkə də, onlar heç xatırlamırdılar. Amma Rəsulullahın (sallallahu əleyhi və səlləm) namaz qılarkən üstünə dəvə içalatı atılanda əllərini açıb etdiyi dua unudulası deyildi:

– Allahım! Qureyşi Sənə həvalə edirəm. Allahım! Qureyşi Sənə həvalə edirəm. Allahım! Qureyşi Sənə həvalə edirəm. Allahım! Əbu Cəhli də... Utbə ibn Əbi Rəbiəni də... Şeybə ibn Əbi Rəbiəni də... Vəlid ibn Utbəni də... Ümeyyə ibn Xələfi də... Uqbə ibn Əbi Muaytı da Sənə  həvalə edirəm, onların öhdəsindən  Sən gələrsən, ey Allahım![60]

Və... Peyğəmbərini bu hala gətirib həyatına qəsd edən, üzərinə dəvə içalatı atıb qəhqəhə çəkən bu adamların hamısı Bədirdə qalmışdı: Rəsulullahın (s.ə.s.) Allaha həvalə etdiyi bu insanlardan  bir nəfər də geri qayıtmamışdı.

Əbu Ləhəbin ölümü

Bu vaxt Əbu Ləhəb libasını sürüyə-sürüyə Kəbəyə doğru gəlir. Gəlir və bir kənarda oturub kürəyini söykəyir. Kürəyi az qala həmin vaxt Zəmzəm quyusunda işləyən Abbas ibn Abdulmuttalibin köləsi Əbu Rafinin kürəyinə dəyirdi. Hz.Abbasın xanımı Ümmü Fadl da orada idi.

Çox keçməmişdi ki, Bədir məğlubiyyətinin xəbərini gətirən Əbu Sufyan ibn Harisin gəldiyini görürlər. Onun gəlişini görənlər:

– Budur baxın, Əbu Sufyan ibn Haris gəlir, – deyə ona işarə edirlər. Qəribə ab-hava var idi, sanki hər kəs nə isə gizlədirdi. Bu vaxt Əbu Ləhəb gələn adama səslənir:

– Bir yanıma gəl görüm, qardaşoğlu! Deyəsən, səndə yeni xəbərlər var! Gəl danış, görüm, insanların halı necə oldu?

O da Əbu Ləhəbin yanına gəlib bir kənarda çömbəlir. Hamı maraq dolu baxışını ona zilləyir.

Bəli, üzündən kədər yağan Əbu Sufyan ibn Haris çox şey danışır...Başlarına gələn müsibəti dilə gətirir:

– Biz onlarla qarşılaşdığımız zaman, sanki, boyunlarımızı öz xoşumuzla onlara uzatdıq və onlar da dilədikləri kimi bizi öldürməyə, istədikləri adamı əsir almağa başladılar! Buna baxmayaraq, mən heç kimi qınamıram, çünki yerlə göyün arasını dolduran nəhəng atlar belində ağappaq libaslı elə insanlarla qarşılaşdıq ki, vallah, onların gücünə güc, sürətinə sürət çatdırmaq mümkün deyildi!

Hələ ibn Haris sözünü bitirməmişdi ki, danışılanlara qulaq asan Əbu Rafi qaldırdığı pərdənin altından həyəcanla:

– Şübhəsiz,  onlar mələklərdir, – deyə qışqırır.

Sözünü bitirməmiş möhkəm bir şillə ilə sarsılır. Onsuz da, qəzəblənmiş Əbu Ləhəb hövsələdən çıxmış, əlinin arxası ilə Əbu Rafiyə möhkəm şillə çəkmişdi. Bununla hirsini soyuda bilməyən Əbu Ləhəb şillənin təsirindən yerə yıxılan Əbu Rafinin üstünə atılıb, dalbadal zərbələr endirməyə başlayır.

Halbuki Əbu Rafi zəif cüssəli bir adam idi. O, Əbu Ləhəb kimi azğın din düşməninin qarşısında dura bilməzdi və elə çox keçmədən də yerə sərilir.

Bu, o vaxtadək baş verənləri seyr edən Ümmü Fadlı hərəkətə gətirir. Əlinə bir çadır payası götürüb Əbu Ləhəbin qabağına yeriyir:

– Sahibi burada yoxdur deyə bir qulu necə döyə bilərsən?! – deyir. Çox qəzəblənmişdi. Ümmü Fadl Əbu Ləhəbin qardaşı Abbasın xanımı idi. Əlindəki paya ilə Əbu Ləhəbin başına vurmağa  başlayır. Başı yarılmış, qan axırdı. O çaşıb qalır, axan qanı təmizləyir, nəyə uğradığını anlaya bilmirdi.

Ancaq bu zərbələr, eyni zamanda onun sonunu hazırlayan ölüm zərbələri idi. Küfr uğrunda bərabər getdikləri, müştərək addımladıqları dostlarının yoxluğunun üstündən bir də aldığı paya  zərbələri onu həyatdan qoparır. Yeddi gecə sonra Məkkə xalqı Əbu Ləhəbin ölüm xəbərini alır... Küfrün bir qalası da tarixin qara, soyuq torpaqlarına qarışır.

Məkkənin yası

Məkkə ağ çıxarıb, qara geyinmiş, yas tuturdu. Hər kəs ağlayır, ölülərinə ağı deyirdi. Çünki demək olar, hər  evdən bir və ya bir neçə adam ya o gün Bədirdə öldürülmüş, ya da əsir düşmüşdü. Küfrün kəsif havasına matəmin yası çökmüşdü, ürəklər intiqam hissi ilə alışıb-yanırdı. Bədirdə öldürülənlərin əşyaları ortaya tökülür, başda qadınlar olmaqla bunların ətrafına toplaşan insanlar günlərlə ağı deyirdilər. Bu, bir ay davam edir.

Nəhayət, günlərlə sürən matəm havasından ruhu daralan bir məkkəli irəli çıxır və:

– Belə etməyin! – deyir, – çünki sizin bu halınız Məhəmmədə və dostlarına çatar, onları xoşhal edər!

Əvvəl bu fikrə o qədər əhəmiyyət verməsələr də, sonralar onun haqlı olduğunu başa düşür, ağlaşıb ağı deməyə, baş-gözlərinə vurmağa və buna bənzər əcaib davranışlara son qoyurlar.

Əsirlər məsələsində də tələsməmək qərarına gəlirlər. Onlara görə, qanpulu ödəməkdə tələsməmək öz-özlüyündə qanpulu miqdarını aşağı salacaqdı. Çünki elə hesab edirdilər ki, müsəlmanlar əsirlərin əvəzində verilən pulun miqdarını artıracaq və buna görə də sırf daha az qanpulu ödəmək üçün özlərini adamları ilə maraqlanmırmış kimi göstərmək qərarına gəlirlər.

Müşrik Əsvəd ibn Muttalibin Bədirdə Zəma, Aqil və Haris adlı üç oğlu öldürülmüşdü və bu adam oğullarına ürəyindən keçdiyi kimi ağı demək istəyirdi. Ancaq müşriklərin ağlama yasağına tabe olur və göz yaşlarını qəlbinə axıtmaq məcburiyyətində qalırdı. Bir gecə çöldə bir ağlama səsi eşidir və köləsini çağırıb bu səsin haradan gəldiyini öyrənməyi tapşırır. Gedib vəziyyəti öyrənən kölə ağlayan adamın dəvəsini itirmiş bir qadın olduğunu söyləyir. Dəvəsi itmiş bir qadının dəvəsi üçün ağlaya bildiyi Məkkədə üç mərhum oğluna ağı deyə bilməyən Əsvəd bu kədərini şeirin dili ilə insanlara çatdırmağa çalışacaqdı.

Rum diyarından zəfər xəbəri

Bədirdən Mədinəyə qayıdan müsəlmanlar Allahın onlara lütf etdiyi inayətə sevinib İslamın izzət və şərəfinin layiqincə təmsil edilməsindən duyduqları həzzi bir-biri ilə bölüşərkən bir sevindirici xəbər də Rum diyarından gəlir.

"Rum" surəsinin nazili ilə rumların (Bizansın) farslara məğlubiyyətini bildirən ayələr Məkkədə yayıldığı vaxt Hz. Əbu Bəkirlə Məkkə müşriki Übeyy ibn Xələf qarşılaşmış və uzun söhbətdən sonra doqquz il müddətinə və yüz dəvə dəyərində bir iddiaya girmişdilər. Çünki Quran üç-doqquz il ərzində rumların yenidən özlərini toplayıb farslara qalib gələcəyi xəbərini verirdi. Eyni zamanda bu xəbərdə rumların qalib gəldiyi gündə müsəlmanların da çox sevinəcəyi  müjdəsi verilirdi.

İndi aradan doqquz il keçmişdi. Bədirdən zəfər sevinci ilə qayıdan səhabə Rum diyarından gələn qələbə xəbərinin Mədinədə yayılmasına şahid olur. Nə böyük xoşbəxtlik, nə böyük lütf! Hz.Əbu Bəkir kimi səhabələr Allahın verdiyi xəbərin eynilə həyata keçməsi qarşısında həmdlə Ona yönəlir və minnət duyğuları ilə özlərini şükrün sonsuz vadilərinə atırdılar.

Belə ki, rumlular doqquz il əvvəl işğal edilən torpaqlarını geri almış, farsları da Dəclə və Fəratın o biri tərəfinə qədər qovmuşdular. Hələ doqquz il əvvəl "Artıq Rumlar bir daha qələbə üzü görməz," – deyə düşünənlər yenə yanılmış və ölünü dirildən Allah (c.c.) bu gün "olmaz" deyilənlərin necə olduğunu hər kəsə göstərmişdi. Məgər Bədir də belə bir "olmaz" deyildimi? Məkkəlilər müsəlmanları Bədirdə yox etdikdən sonra əyləncə təşkil etmək xülyaları ilə gəlmiş, məğlubiyyəti ağıllarına da gətirməmişdilər! Demək ki, küfrün apardığı hesablar hər zaman reallaşmır və Allahın buyurduğu gerçəkləşirdi. Bu gün də elə olmuşdu  və  Quranın verdiyi bir xəbərin eynilə baş verməsini görən bir çox insan İslamı qəbul edir.[61]

Bu vaxt Hz.Əbu Bəkir də bəhsdə udduğu yüz dəvəni alacaq, Allah Rəsulunun (s.ə.s.) göstərişi ilə hamısını sədəqə verəcəkdi.


[1]. Bu sayın yetmiş olduğu da rəvayət olunur. Bax: İbn Seyyidinnas, Uyunul-Eser 1/321; Salihi, Sübülül-Hüda ver-Reşad, 4/18
[2]. Bu əmrin ramazan ayının səkkizinci günü verildiyinə dair də bir rəvayət  vardır. Bax: Hişam, Sire, 3/159; İbn Seyyidinnas, Uyunul-Eser,  1/325
[3]. Buhari, Sahih 4/1456 (3739); İbnül-Esir, Üsüdül-Gabe, 4/287. O vaxt Ümeyr on altı yaşında idi.
[4]. Bu hadisə Rəsulullahın (s.ə.s.) insanlarla münasibətdə həmsöhbətlərinin hislərinə diqqət yetirməsinin bir göstəricisidir. Belə ki, ənsar Aqabədə Onu qoruyacağını söz verməsinə (Aqabə beyəti) baxmayaraq, bu qorumanın Mədinədən kənarda keçərli olub-olmaması aydın  ifadə edilməmişdi. Ona görə də Bədrə qədər həyata keçirilən iyirmiyə yaxın fəaliyyətdə ənsar qarşısına hər hansı bir tələb qoyulmamışdı. Ancaq indi vəziyyət tamam fərqli idi, çünki Qureyş sadəcə Rəsulullah və mühacirləri deyil, bütün Mədinəni təhdid etmiş və bu təhdidlərini həyata keçirməyə başlamışdı. Bu durum məsələnin hicrətdən sonra gerçəkləşən müqavilə çərçivəsində nəzərdən keçirilmə zərurətini ortaya qoyurdu
[5]. Allah Rəsulu Hubeyb İbn İsafı geri qaytarır. Lakin İsaf müsəlman olduğunu bildirərək bu savaşda yenə də Alllah Rəsulundan (s.ə.s.) ayrılmır. Bax: İbn Abdilberr, İstîâb, 2/443; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/23; Süheylî, Ravdü’l-Ünf, 2/300
[6]. Taberî, Tarih, 2/26; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/25. Bəzi səhabələrin Bədirdə olub-olmaması qeyri-dəqiqdir, bu səbəbdən onların sayı dəyişkəndir; üç yüz on dörd, üç yüz on beş və on yeddi olaraq da göstərilir. Gələn məlumatlara görə ordu iki dəfə sayılmışdır. Bax: İbn Hişâm, Sîre, 2/333; İbn Kesîr, el-Bidâye ve’n-Nihâye, 3/383. Bədirdə olan əshabın təqribən beşdə üçünü ənsar, beşdə ikisini mühacirlər təşkil edirdi. Eyni zamanda Peyğəmbərimizin (s.ə.s.) də buyurduğu kimi, Hz. Davudun sərkərdəsi Talutun Calut ordusuna qarşı vuruşan qoşununun sayı da bu qədər olmuşdur. O gün də əmri-ilahiyə boyun əyib nəhrdən sadəcə bir ovuc su götürməklə keçinən insanlar say və təchizat baxımından düşmənlərindən az və zəif olmasına rəğmən, küfr ordularına qalib gəldiyi kimi, Bədrin möminləri də Əbu Cəhlin körüklədiyi küfr ordusunu məğlubiyyətə uğradacaqdı.
[7]. Bax: İbn Sad, Tabakat, 2/20; Döyüş bitib ara sakitləşincə Peyğəmbərimizin duaları sayəsində aclıqdan əsər-əlamət qalmadan bütün səhabələr geri qayıdırdı.
[8]. Bu iki atlı Bəsbəs ibn Amr və Adiyy ibn Əbiz-Zağba idi. Onlar da karvan haqqında məlumat toplamaq üçün gəlmişdilər. Məcdi ilə qarşılaşdıqda karvanın təxminən bir və ya iki gündən sonra buradan keçəcəyini söyləmişdilər. Məcdi də eyni fikirdə idi və "Doğru söyləyirsiniz," – demişdi. Onlar da buradan ayrılıb Allah Rəsulunun hüzuruna gəlmiş, görüb eşitdiklərini Ona çatdırmışdılar. Bax: İbn Hişam  Sire, 3/163-164
[9]. Bu miqdarın iki yüz dinar olduğu da söylənilir. Bax: Vakidi, Megazi, 1/33; Belazuri, Ensabül-Eşraf, 1/127
[10]. Onun bu döyüşə qoşulmaq istəməməsinə səbəb kimi Atiqə binti Abdulmuttalibin gördüyü yuxu da göstərilir. Bax: Taberi, Tarih, 2/24; Vakıdi, Megazi, 1/29
[11]. Uqbə ibn Əbu Muaytın səbir kasasını daşdıran bu çirkin vərdişi qarşısında cəlallanan Allah Rəsulu (s.ə.s.) ona: – Nə vaxt səninlə Məkkədən kənarda qarşılaşsaq,  bil  ki, mütləq səni öldürəcəyəm, – demişdi. İnsanlara həyat vermək üçün göndərilən bir Nəbini bunu söyləməyə məcbur edən Uqbənin elə o gündən beli bükülmüşdü. Çünki Məhəmmədül-Əminin yalan danışmadığına əmin idi; O, nə deyirdisə, mütləq olurdu. Buna görə Məkkədən kənara çıxmağa çəkinir, vaxtının çoxunu evində keçirirdi
[12]. Bir neçə ay əvvəl ümrə etmək (həcc mövsümü xaricində Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət etmək) üçün Məkkəyə gələn köhnə dostu Sad ibn Muazla söhbət edərkən Rəsulullahın (s.ə.s.) onu öldürəcəyinə dair bir bəyanını eşitmiş və o da bunu həyat yoldaşına danışmışdı. Bunu eşidən Ümmü Safvan: – Məkkədəmi? – deyə soruşmuş. – Bilmirəm, – cavabını almışdı. O gündən bəri Məkkədən kənara çıxmamağa and içmişdi və andını pozmamaqda qərarlı idi. Bax: Buhari, Sahih, 4/1453 (3734); İbn-Kesir, el-Bidaye ven-Nihaye, 3/316)
[13]. "Maidə" surəsi, 5/24
[14]. "Ənfal"  surəsi, 8/7,8; 7. "O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qureyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi. (Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi)
[15]. Həmin günün cümə olmasına dair də rəvayət vardır. Bax: İbn Sad, Tabakat, 2/21; İbn Abdilberr, İstiab, 1/43. Bədir döyüşünün bazar ertəsi günü baş verməsinə dair bir rəvayət olsa da, o qədər də etibarlı sayılmamışdır. Bax: İbn Sad, Tabakat, 2/21
[16]. Həqiqətən də, müşrik ordusu Peyğəmbərimizin söylədiyi rəqəmlərin ortası olan 950 nəfərdən ibarət idi. Bax: İbn Sad, Tabakat, 2/15
[17]. Bədir döyüşünə qatılan mələklərin siması və geyimləri haqqında müxtəlif rəvayətlər vardır. Sarıqların rəngi, əsasən, qırmızı, qara, sarı və ağ idi. Əməlli-başlı insan cildində gələn mələklərin geyim müxtəlifliyi, ehtimal ki, o dövr insanlarının geyimlərini əks etdirirdi. Məsələn, Cəbrail Zübeyr ibn Avvam surətində gəlmişdi və o da  başında sarı bir sarıqla döyüşürdü. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 4/43, 44
[18]. Müşriklərdə də üç bayraq var idi və bunları Əbu Əziz ibn Ümeyr, Nadr ibn Haris və Talha ibn Əbu Talha aparırdı.
[19]. Bəzi mənbələ görə, ogünkü əsas (ümumi) parol "Əhad, Əhad" olmuşdur. Bax: İbn  Hişam, Sire, 3/182
[20]. Onsuz da, Əbu Rafi Hz.Abbasın qulu idi, onu daha əvvəl qardaşı oğlu Allah Rəsuluna (s.ə.s.) hədiyyə etmişdi. Ağasınının müsəlman olması Əbu Rafi üçün eyni zamanda azadlıq mənasına gəlirdi. Bax: İbn Sad, Tabakat, 4/73, 74
[21]. Bax: İbn Əbu Şeybe, Musannef, 7/481 (37390); Taberani, Mucemul-Kebir, 3/165. Hz.Ömərin hiddətləndiyi bu səhabə Əbu Huzeyfə idi və onun atası Utbə ibn Rəbiə Əfəndimizin can düşmənlərindən sayılırdı. Bədir günü ilk ölənlərdən biri də o olur. O gün Rəsulullahın əmisi Hz.Abbas barədə söylədiklərinə o qədər peşman olmuşdu ki: "Bunu ancaq şəhadət təmizlər", – demiş və qorxusundan tir-tir əsmişdi. Nəhayət, Yəmamə günü arzuladığı şəhadətə qovuşmuş, şəhid olmuşdu.  Bax: İbn Hişam, Sire, 3/177 ; Taberi, Tarih, 2/34
[22]. "Əl-Mumin"  surəsi,  40/10
[23]. Bununla o, Əbu Cəhli nəzərdə tuturdu. Çünki Hanzaliyyə ifadəsi Əbu Cəhlin anası ilə bağlı işlədilirdi. Bax: İbn Hişam, Sire, 3/170; Taberi, Tarih, 2/30-31
[24]. Bax: "Ənfal" surəsi, 8/19 (Ey müşriklər!) Əgər siz (Kəbənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (möminlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, möminlərlədir!)
[25]. Taberani, Mucemul-Kebir, 10/147 (10270); Beyhaki, Delail, 3/32
[26]. "Ənfal" surəsi, 8/9; Müslim, Sahîh, 3/1384 (1763); Ahmed İbn Hanbel, Müsned, 1/30
[27]. "Qəmər" surəsi, 54/45, 46; Taberî, el-Câmiu’l-Beyân, 27/109; İbn Kesîr, Tefsir, 4/267
[28]. "Ənfal" surəsi, 8/44; (Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir).
[29]. O gün quyuya doğru gələnlərdən yalnız Hakim İbn Hizam sağ qalmışdı. Bax: İbn Hişam, Sire, 3/169; Beyhaki, Delali, 3/56
[30]. O dövr üçün ümumi adət belə idi: Hələ döyüşə başlamazdan əvvəl ordunun arasından ən qəhrəman adamlar önə çıxar və hər kəsin gözü qarşısında əvvəlcə bunlar döyüşərdi. Hansı tərəfin qalib gələcəyi də, əsasən, həmin döyüşlərin nəticəsi ilə ölçülər və bununla fəxr edərdilər ki, buna mübarizə deyilirdi.
[31]. Əbu Talib şeirində belə demişdi: "Siz bu gün Məhəmmədə yalançı deyirsiniz, amma Beytullaha and olsun ki, bu gün səsimizi çıxartmırıq! Gün gələcək, biz də Onun ətrafında vuruşub qəhrəmancasına mücadilə edəcəyik. Onun ətrafında tikə-tikə doğranmadıqca, oğullarımızdan və canlarımızdan olmadıqca Onu əsla sizə təslim etmərik! Bax: İbn Hişam, Sire, 2/111; Taberani, Mucemul-Kebir, 10/158
[32]. İbn Sad, Tabakat, 2/26
[33]. Bax: Müslim, Sahih, 3/1510 (1901); Ahmed İbn Hanbel, Müsned, 3/136; Beyhaki, Sünen, 9/43
[34]. "Qəmər" surəsi, 54/45
[35]. "Qəmər" surəsi, 54/45
[36]. Yaşlı Mutim Bədirdən yeddi ay əvvəl vəfat etmişdi. Bax: İbn Sad, Tabakat, 1/233; İbn Abdilberr, İstiab, 1/69
[37]. Əbu Yala, Müsned, 4/49; Heysemi, Mecmauz-Zevaid, 6/283
[38]. Bəzi rəvayətlərdə şəhidlərin sayı on səkkiz göstərilir. Bax: Taberani, Mucemul-Kebir, 10/202
[39]. Bax: "Ali İmran" surəsi, 3/165
[40]. Müşriklərdən ölü sayının əlli nəfər olması da söylənilir. Bax. İbn Hişam, Sire, 3/270; Süheyli, Ravdul-Unf, 3/167
[41]. "Nisa"  surəsi, 4/97; Bax: Vahidi, Esbabü Nüzulil-Quran, s. 180; Salihi, Sübülül-Hüda ver-Reşad, 4/77
[42]. "Ənfal" surəsi, 8/17
[43]. Ali-İmran"  surəsi, 3/123-126
[44]. Allah Rəsulu (s.ə.s.) sonrakı qəzvələrində bu dəvənin belində savaşacaq və nəhayət, həmin dəvə Hudeybiyyə günü başqa dəvələrlə birlikdə qurban kəsiləcəkdi. Bax: Ahmed İbn Hanbel, Müsned, 1/261, 314; İbn Sa’d, Tabakât, 2/95, 103; Taberânî, Mu’cemu’l-Kebîr, 11/92
[45]. Bax: İbn Hişam, Sire, 3/193; Taberi, Tarih, 2/38
[46]. Bu arada Cəbrailin gəlib Peyğəmbərimizin əsirlər barədə istədiyini etməkdə sərbəst olduğunu bildirməsi də rəvayət edilir. Bax: Abürrezzak, Musannef, 5/209; Nesai, Sünenül-Kübra, 5/200; İbn Sad Tabakat 2/22
[47]. "İbrahim" surəsi, 14/36
[48]. Bax. "Maidə"  surəsi, 5/118
[49]. "Nuh" surəsi, 71/26
[50]. "Yunus" surəsi, 10/88
[51]. Bir uqiyyə 1283 qrama bərabər olan qədim çəki (ölçü) vahididir
[52]. İslamdan əvvəl də Məkkə əhli oxuyub-yazma baxımından Mədinədən irəlidə idi. Bax: İbn Sad, Tabakat, 2/22; Beyhaki, Sünen, 6/322; İbn Seyyidinnas, Uyunül-Eser, 1/373
[53]. Bax: Buhari, Sahih, 4/1474 (3793); İbn Hişam, Sire, 3/211
[54]. Qureyş əhli Bədrə döyüşə gedərkən ordunun hazırlanması üçün varlılara müraciət etmiş və Bədir döyüşündə iştirak edənlərin bütün ehtiyaclarını on nəfərin çiyninə qoymuşdu. Onlardan biri də Əfəndimizin əmisi Hz.Abbas idi. Əbu Cəhil başda olmaqla  Məkkə müşriklərinin təzyiqlərinə davam gətirməyib  Qureyş ordusu ilə Bədrə gəlmişdi. İndi isə əsir kimi haqqında veriləcək hökmü gözləyirdi.
[55]. Bax: Beyhakı, Sünen,6/322; Delailün-Nübüvve, 3/150
[56]. Bax: "Muhamməd"  surəsi, 47/4
[57]. Bax: Akademi Araştırma Heyeti, En Öndekiler, s.90 vd
[58]. Eyni zamanda Allah Rəsulu (s.ə.s.) döyüş əsiri olsa belə, heç  kimə işgəncə etməyi düşünmürdü və bunu da qəti şəkildə qadağan etmişdi. Çünki O, gözlənilən axır zaman peyğəmbəri idi. Həmçinin gün gələcək, Süheyl də təslim olacaq və Hz.Ömər kimilərini sevindirən işlər görəcəkdi. Allah Rəsulunun  dünya və dünyadakılara vida etdiyi gün məkkəlilərə səslənəcək və hələ qəlbində imanı oturuşmayan insanların yenidən küfrə qayıtmasına mane olacaqdı. Bax: İbn Hişam, Sire, 3/200; 6/89; Vakidi, Megazi, 1/107; Taberi, Tarih, 2/41
[59]. "Ənfal"  surəsi, 8/67, 68, 69
[60]79. Bax. Müslim, Sahih, 3/1418-1419 (1794)
[61]. Bax: Tirmizî, el-Câmiu’s-Sahîh, 5/189 (2935), 343 (3192, 3193); Hâkim, Müstedrek, 2/445 (3540)