Mənəviyyata Açılan Pəncərə

Uhuddan sonraki hadisələr

Bir maneə də aşılmış, müşriklər yenidən geri oturdulmuşdu. Ancaq bundan əmin olmaq lazım idi. Bu ərəfədə gələn xəbərlər də ürək açan deyildi. Uhuddan sonra Hamraül-Əsəddən zəfərlə qayıdan Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) və səhabələr gərgin keçən iki gündən sonra, nəhayət, yaralarını sarımağa fürsət tapmışdılar. Ancaq gələn xəbərlər buna ayrılacaq vaxtın belə olmadığını göstərirdi. Çünki Uhudda yetmiş səhabənin şəhid olması və Məkkə ordusunun "zəfər"lə dönməsi fürsət gözləyən digər insanların da iştahasını artırmış və onları Mədinəyə hücuma həvəsləndirmişdi. Bu bəd xislətli insanların fikrincə, müsəlmanları məhv etmək üçün Mədinəyə qoşun çəkməyin əsl vaxtı idi və bu məqsədlə ittifaqlar qurmağa, müəyyən ərazilərdə əsgər toplamağa başlamışdılar! Təbii olaraq, bu xəbərlər Allah Rəsulunun da qulağına çatırdı.

Əlbəttə, bunlar da həll olunacaqdı. Ancaq Rəsulullah (s.ə.s.) strategiyasını düşmənin atacağı addımlara görə müəyyənləşdirmir, əksinə daha aktiv mövqedən çıxış edərək özünün təyin etdiyi müstəvidə hərəkət etməyi üstün tuturdu. Bu mərhələdə də eyni cür hərəkət edəcək və Mədinəyə hücuma hazırlaşanlar başlarını qaldıranda qarşılarında müsəlmanları görəcəkdilər. Həmçinin bu, döyüşlə vaxt itirməməyin bir yolu idi; belə ki, qılınc çəkmədən dağıdılan şər yuvalarının bir daha özünə gəlməsi mümkün deyildi. Ən azından bu, müharibə ilə açılması ehtimal olunan yaraların elə işin başındaca qarşısını almaq mənasına gəlirdi. Çünki zaman müsbət hərəkət etmək zamanı idi.

Allah Rəsulu bir tərəfdən Cəzirətül-Ərəbdə (Ərəbistan yarmadasında) təhlükəsizliyi təmin etməyə çalışır, digər tərəfdən də hər yerə müəllimlər göndərib İslamı yayır, ilahi bəyanın mahiyyətini öyrənmək niyyəti ilə Mədinəyə gələnlərə rəhbərlik edirdi. Eyni zamanda səriyyə və qəzvələrlə Hicazdakı hakimiyyətini möhkəmləndirirdi.

Məkkə müşriklərinin yenə gələcəyi gedişlərindən görünürdü. Ən azından onlar yenidən qüvvələrini toplayıb gələnə qədər İslam əqidəsini daha çox insanlara mənimsətmək və sevdirmək lazım  idi. Buna görə də, sabah nə olacağını düşünməklə vaxt keçirmək əvəzinə, sabahı qurmaq naminə səbir və fəallığı birləşdirib istiqbala addımlamaq zamanı idi.

Miras haqqında hökmlər

Digər tərəfdə hər şeyə rəğmən, günlər günləri əvəzləyir, zaman karvanı öz axarı ilə irəliləyir və bu axarda baş verən hadisələrə paralel şəkildə Cəbraillə münasibət bütün canlılığı ilə davam edirdi. Uhudda şəhid olan Sad ibn Rəbinin xanımı Hz.Amrə binti Həzm[1] Hz. Sadın əmanətləri ilə hamilə-hamilə hüzura gəlib deyir:

– Ya Rəsulullah! Bunlar Uhudda şəhid olan Sadın qızlarıdır! Əmiləri gəlib onların bütün əmlakını müsadirə etdi və qardaşı uşaqlarına heç nə qoymadı. Bu məsələdə bizə necə yol göstərirsən, ya Rəsulullah? Bunlar əllərində imkan olmasa, sabah bir addım da ata və öz yuvalarını qura bilməzlər!

Həqiqətən, acınacaqlı vəziyyət idi. Bir tərəfdə ərini itirmiş qadın və digər tərəfdə də o dövrün adəti – şəhid qardaşın əmlakının digər qardaşa verilməsi anlayışı.[2] İki məsum yetimə baxan Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Umulur ki, Allah (c.c.) bu xüsusda da son hökmü verəcək, – buyurur. Görünür, Cəbrailin gətirəcəyi hökmü gözləyirdi. Çox çəkmir ki, ilahi əmr də nazil olur.

Və beləcə Cəbrail vəfat edən insanların mal-mülkündən sağ qalan yaxınlarına düşən mirasla bağlı Allahın hökmlərini bircə-bircə Rəsulullaha ərz edir.[3]

Bunun ardınca Allah Rəsulu (s.ə.s.) Cabir ibn Abdullahı göndərib Sad ibn Rəbinin xanımını və qardaşını hüzuruna çağırır. Bu arada Bəlharis ibn Xazrəclilər arasında olan və Rəsulullahın əmrini alıb qaça-qaça gələn yorğun qardaşa üz tutub:

– Sadın iki qızına malın üçdə ikisini, qızların anasına da səkkizdə birini ver, yerdə qalanı sənindir, – buyurur. İlk dəfə idi ki, bir miras bölüşdürülürdü və bunu eşidən Sadın xanımı Amrə özünü saxlaya bilməyib:

–Allahu Əkbər! – deyə təkbir gətirir.

İlahi ədalət təcəlli edirdi. İslamiyyət qadına da mirasdan pay ayırırdı. Deməli, miras məsələsində də artıq güclülərin dediyi deyil, Allahın ədaləti təcəlli edəcək, insanlar ədalətsizliyə qurban getməkdən, əzilməkdən  qurtulacaqdı. O qədər sevinirdi ki, təkbiri məscidin digər tərəfində də eşidilmişdi.[4]

Eyni zamanda bu, ilahi hökmlər əsasında gerçəkləşmiş ilk miras bölgüsü idi. Mədinə üçün bir yenilik demək idi və bəzi insanlar o günə qədərki adətlərə son qoyan bu hökmləri eşidər-eşitməz hüzura gəlib:

– Ya Rəsulullah! Bu miras məsələsinin əsasında nə durur? – deyə işin əslini öyrəndikdən sonra yenə də etirazlarını bildirir:

– Ya Rəsulullah! Yəni indi biz atadan qalan mirasdan qızlara hissə verəcəyik? Halbuki onlar nə at minə, nə də döyüşə gedə bilir. Həm də onlar əldə etdikləri bu mirasla ərə gedəcəklər. Biz həm də əli qılınc tutmayan kiçik uşaqlara da pay böləcəyik? Halbuki onların bizə heç bir faydası yoxdur!

Bunun cavabında Peyğəmbərimiz yeni qaydaları qəribə qarşılayan bu insanlara Quran ayələrini oxuyur və Allahın bu xüsusdakı son hökmlərini təbliğ edir.[5] Əmr edən Rəsulullahdı, həm də Allahın hökmləri ilə! Kim nə deyəcəkdi ki?! Hökmün qətiliyi aydınlaşdıqdan səhabə səhabə fitrətni  ortaya qoyacaq və bundan sonra heç kim öz arzu və istəyinə görə mal (miras) bölgüsü aparmayacaqdı.

Yetim haqqı və çoxarvadlılığa gələn məhdudiyyət

İnsanlar arasında ümumi mənada ədalət güclünün təyin etdiyi əsaslar üzərində qurulan bir sistem idi. Bu sistemdə bir insanın güclü arxası yox idisə, işi bitmiş sayılırdı. Yetim uşaqlar da həmin vəziyyətdə idi. Tez-tez baş verən müharibələrdə və səbəbi belə aydın olmayan döyüşlərdə boş yerə ölən insanların uşaqları, əsasən, öz yaxınları tərəfindən himayə altına alınır və onlara miras qalan malların da himayəçilərin  ixtiyarına keçməsi bir qayda kimi qəbul olunurdu. Əgər bu uşaq qız idisə, vəziyyət daha acınacaqlı xarakter alırdı. Çünki bu malın başqalarına verilməməsi və başqa insanların bu mallar üzərində haqq (pay) iddia etməməsi üçün qızları ərə vermir, yaxud da himayədarlıq edən qohumlara ərə verirdilər. Bütün mallarını müsadirə etdikləri yetmirmiş kimi eyni zamanda bu evlilik əvəzində onlara mehr kimi heç nə vermirdilər.

Cahiliyyə dövründə ərəblər istədikləri sayda qadınla evlənə, istə\dikləri vaxt boşaya bilərdilər. Kişinin hegemon olduğu bu patriarxat cəmiyyətdə evlilik və ya boşanma heç kimin qarışmadığı adi bir məsələyə çevrilmişdi. Bu, təbii, normal qarşılanan bir hadisə idi, çünki bitib tükənmək bilməyən müharibələrdə kişilərin ölüm faizi yüksək idi. Ortalıqda çoxlu dul qadın və yetim qız uşaqları qalırdı. Başqa sözlə, öz haqlarını müdafiə edə bilməyən kimsəsiz bir qadının cəmiyyət içində məhv olmaması üçün bu, ən təbii və normal qarşılanan çıxış yolu idi. Bu günə qədər hər hansı bir hökm gəlmədiyi üçün köhnə qaydalar hələ də tətbiq olunurdu.

Nəhayət, Cəbrail bu vəziyyətə son qoyan ilahi hökmləri də Allah Rəsuluna gətirir. Əvvəlcə:

 "Ey insanlar!" – deyir və bu bəyanların yalnız müsəlmanlara deyil, hər kəsə aid olduğunu bildirirdi:

"Sizi tək bir insandan (Adəmdən) xəlq edən və ondan da zövcəsini (Həvvanı) yaradıb o ikisindən bir çox kişi və qadın törədən Rəbbinizdən qorxun. Adını andığınız Allaha etinasızlıq etməkdən və qohumluq bağlarını kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah daim sizə nəzarət edir".

Bütün bəşəriyyətin eyni ata və anada birləşən bir ailə olduğunu, dolayısilə, insanların bu hüquqa uyğun davranmalarının zəruriliyini bildirən bu ifadə mükəmməl bir giriş idi. Hər kəs diqqətlə bu ifadənin ardınca gələn hökmü dinləyirdi.

 "Yetimlərin mallarını verin, halalı verib haramı almayın, onların mallarını öz mallarınıza qatıb yeməyin. Həqiqətən, bu, böyük günahdır".

Deməli, artıq insanlar himayəyə alınan yetim qızlar məsələsində istədikləri kimi davrana bilməyəcək və onları öz iradələri xaricində bir həyat yaşamağa məhkum edə bilməyəcəkdilər. Hz.Aişə validəmizin də dediyi kimi, bu ayə müxtəlif vasitələrlə haqları əlindən alınan yetim qızlar barədə insanları ədalətə dəvət edən mühüm bəyan idi. Çünki ayə ardıcıllıqla bunları ifadə edirdi:

"Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin".

Bu bəyanlar ogünkü adətlərlə müqayisədə inqilab demək idi. Məsələnin iki tərəfi var idi:

Birincisi, Allah (c.c.) yetimlərin hüquqlarına çox böyük önəm verirdi. Belə ki, Allah (c.c.) yetim haqqının tapadalanma əndişəsi olan yerdə yetim qızların ev dustağı edilib istənilən şəxsə ərə verilməsini və ya mehrini vermədən nikah bağlamağı, mal və mülklərinə yiyələnməyi qadağan etməklə yanaşı, yetimlərlə ədalətli davranmaq mümkün olmayanda onları öz iradələri ilə baş-başa buraxıb başqa qadınlarla evlənmə yolunu göstərirdi.

İkincisi, beləcə, heç kimin qarışmadığı və dolayısilə, təqdir etdiyi saysız-hesabsız qadınlarla evlənməyə hədd qoyulur və bu vəziyyətdə ədalət ən vazkeçilməz şərt kimi irəli sürülürdü:

"Əgər onlarla da ədalətlə dolanmaqdan əmin deyilsinizsə, bir qadınla və ya əlinizin altındakı cariyələrlə kifayətlənin. Bu, ədalətli olmağa daha yaxındır," – deyə bu rəqəmin ən çoxu dörd ola biləcəyini ifadə edirdi. Ancaq bir bəyan da nəzərdən qaçmayacaqdı. Quran:

"Bütün gücünüzü sərf etsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız".[6]

Anlayan anlamışdı. Allah (c.c.) kişilərin bir qadınla izdivacını əsas götürür, istisna və zəruri hallarda "ədalət" şərtini irəli sürüb vicdanlara xitab edir və o günəcən sayı bilinməyən evlənmə rəqəmini dörd həddində məhdudlaşdırırdı.

O gün əshab arasında Nəvfəl ibn Müaviyyə beş[7] Haris ibn Qeys səkkiz[8] və Ğaylan ibn Sələmə də[9] on qadınla evli idi. Bunların hər biri Rəsulullahın hüzuruna gəlib vəziyyətlərini ərz edir. Allah Rəsulu onlara dörd qadını nikahda saxlamaqla qalanlarını boşamağı tövsiyə edir.

Qadınlara verilən haqq və azadlıqlar bununla məhdudlaşmırdı. Elə bu ayələrin olduğu surə "qadın" mənasında "Nisa" adlandırılmışdı. Belə davam edirdi:

"Qadınlarınızın mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq nuşcanlıqla yeyin! Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.

Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağıla dolduqlarını – həddi-buluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan qəyyum o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!"[10]

Göründüyü kimi, Allah yetim qızlarla qadınlara aid haqları bircə-bircə sadalamaqla və bunları təsbit etməklə qadınlara o günə qədər görünməmiş seçim haqqı, iradə azadlığı verirdi. Artıq bundan sonra cəmiyyətdə qadın iradəsini ortaya qoya bilən, haqqını əldə etməyə çalışan və tələb etdiyi haqqı da xüsusi olaraq Allah tərəfindən təsbit edilən real bir varlıq idi.

Səriyyə və qəzvələr

Uhuddan sonrakı ilk səriyyə Əbu Sələmənin yüz əlli nəfərlik Bənü-Əsəd ibn Huzeymə səriyyəsi idi. Aradan cəmi iki ay keçmiş, məhərrəm ayı yenicə girmişdi. Huveylidin iki oğlu Tuleyha və Sələmə Bəni-Əsəddə əli qılınc tutan kər kəsi döyüşə təşviq etmiş, Mədinəyə hücum etmək üçün böyük bir ordu hazırlamışdı.

Allah Rəsulu (s.ə.s.) bu xəbəri alar-almaz hələ də yaralı olan Uhudun aslanı Sələməni hüzuruna çağırır və dərhal bir səriyyə ilə Bəni-Əsəd yurduna gedib məsələni yerindəcə həll etmək əmrini verir. Əbu Sələmə yüz əlli nəfərlik dəstə ilə Bəni-Əsədə  gəlir.

Allah Rəsulunun bir süvari dəstə ilə gəldiyini eşidən Bəni-Əsəd ordusu təşvişə düşüb savaşdan vaz keçmək bir yana qalsın, pərən-pərən olur. Ordunun yerində yalnız dəvə və qoyunlar qalır.

Bir üsyan da alovlanmadan söndürlür, düşmənlərin arzusu gözündə qalır. Məqsədinə nail olan Əbu Sələmə və yoldaşları bir müddət orada gözlədikdən sonra dəvə və qoyunları özləri ilə götürüb Mədinəyə qayıdırlar.[11]

Yenə məhərrəm ayında Allah Rəsuluna Xalid ibn Sufyan əl-Hüzəlinin Mədinəyə qarşı bir ordu toplaması xəbəri gəlir. Məsələni öyrənmək üçün Abdullah ibn Üneysi xəbər gələn bölgəyə göndərir.

Abdullah ibn Üneysin geri dönüşü xeyli uzanır. On səkkiz gündən sonra Mədinəyə qayıdan Hz.Abdullah Xalid ibn Sufyana kifayət qədər yaxınlaşmağı bacarmış, vəziyyətin ciddiliyini görüncə fürsət tapıb onu öldürməklə şər qüvvələrin toplanmadan dağılmasına nail olmuşdu. Allah Rəsulu əlindəki əsanı məsələni təkbaşına həll edib gələn Hz.Abdullaha verib:

– Bu, qiyamət günündə səninlə Mənim aramda ən böyük dəlil olacaq, – deyə buyurur.[12]

Növbəti sui-qəsd cəhdi

Hələ Bədrin intiqamını almadığını və Uhud kimi fürsəti əldən verdiyini düşünən Məkkə inadından əl çəkmirdi. Kin-nifrətlə oturub-durur, intiqam alacağına and içirdi.

Əbu Sufyan ətrafına topladığı bir dəstə gəncə belə deyir:

– Aranızda Məhəmmədin işini bitirə biləcək bir igid yoxdurmu? Görmürsünüzmü, biz bu qədər ağrı-acı içində qıvrılır, O isə küçə və bazarda rahatca gəzib dolaşır!

İzdihamın içindən heç kim cəsarət edib irəli çıxmır, çünki bu, ilk növbədə ölümü gözə almaq demək idi və təkbaşına Mədinəyəcən gedib Rəsulullahı öldürmək hər adamın işi deyildi. Əbu Sufyan yenə əliboş evinə qayıdır.

Bir müddət keçmiş Əbu Sufyanın qapısı döyülür. Qapıda dayanan bədəvi bir gənc:

– Əgər mənə söz versən və tələblərimi qəbul etsən, gedib Onu öldürərəm! Çünki mən bu işləri yaxşı bacarıram. Bax quş tükündən yüngül olan xəncərim bu iş üçün hazır gözləyir, – deyir.

Əbu Sufyanın ümidləri yenidən canlanır. Bu işi ancaq belə "fədai"lərlə həyata keçirmək olardı və onu içəri dəvət edib əvvəlcə:

– Sən elə mənim axtardığım adamsan, – deyir.

Kefi kökəlmişdi. Həmin gəncə yaxşı bir dəvə verir və mal-mülklə qane edir. Razılaşırlar. Daha sonra:

– Bunu heç kimə demə, yalnız səninlə mənim aramda qalsın! Çünki mən bunu kiminsə eşidib dərhal Məhəmmədə xəbər verməsindən qorxuram, – deyib xəbərdarlıq edir.

– Bunu kimsə bilməyəcək, –dəliqanlı gənc təminat verir.

Gecənin qaranlığında dəvəsinə minib yola düşən gənc altı gün sonra Mədinəyə çatır. Diqqət çəkməməyə çalışır və qarşılaşdığı insanlardan Peyğəmbərimizi soruşa-soruşa Məscidi-Nəbəviyə gəlir. Bu ərəfədə Allah Rəsulu (s.ə.s.) orada yox idi. Abdiəşhəloğullarının diyarına getmişdi. Əbu Sufyanın göndərdiyi adam da düz buraya gəlir. Dəvəsini bir yerə bağlayıb səhabələrlə söhbət edən Allah Rəsuluna yaxınlaşır. Onu görüncə Allah Rəsulu (s.ə.s.) hüzurundakılara deyir:

– Bu adamın niyyəti heç yaxşı deyil, bir pislik etməyi düşünür! Amma qorxmayın, Allaha and olsun ki, Allah (c.c.) onun planlaşdırdığı işin qarşısını alacaq və niyyətinin gerçəkləşməsinə  imkan verməyəcəkdir, – buyurur.

Elə bu zaman gənc onlara yaxınlaşır:

– Hansınız Abdulmuttalibin oğludur? – deyə soruşur. Allah Rəsulu (s.ə.s.) cavab verir:

–Abdulmuttalibin oğlu Mənəm!

Bunu eşidən bədəvi gənc, sanki, gizli bir şey deyəcəkmiş kimi yaxınlaşmaq istəyir Rəsulullaha. Onun bu niyyətini sezən və bir az əvvəl Peyğəmbrimizdən eşitdikləri barədə düşünən Üseyd ibn Hudayr:

– Rəsulullahdan uzaqlaş! – deyir və əbasından tutub geri çəkir. Elə çəkir ki, paltarının altında gizlətdiyi xəncər görünür. Hz. Üseyd:

– Ya Rəsulullah, bu, doğrudan da, pisniyyətli adam imiş, – deyir.

Bədəvi gəncin qolu-qanadı sınır; canından qorxurdu. Peyğəmbərimizə bir zərəri toxunmasın deyə Üseyd ibn Hudayr gəncin yaxasından tutub çəkir. Əməlli-başlı çətin vəziyyətə düşdüyünü görən  gənc bir tərəfdən:

– Qanım... qanım, ya Məhəmməd, – deyə səslənib canını qurtarmaq üçün Peyğəmbərimizin şəfqətinə sığınır, digər tərəfdən də düşdüyü vəziyyətdən qurtulmaq üçün aman diləyir. Allah Rəsulu üzünü gəncə tutub:

– Düzünü de! Sən kimsən və buraya nə üçün gəlmisən? Əgər düzünü desən, bu, sənə fayda verər. Yalan söyləsən də, Mən sənin gizlədiklərindən agah olaram, – deyir.

– Mən sizə güvənə bilərəmmi? – deyir gənc.

– Bəli, güvənə bilərsən, – deyə təminat verir Allah Rəsulu.

Bundan sonra gənc Məkkədə baş verənləri bir-bir danışır. Əbu Sufyanın gənclərdən kömək istəməsindən, Mədinə və mədinəlilərə olan kin və nifrətindən, Rəsulullahdan intiqam almaq üçün nələrə əl atdıqlarından və evinə getdiyi zaman ona vəd etdiyi dünya nemətlərindən danışır.

Gənc hər şeyi açıqlamışdı, amma səhabələrə görə o, hələ da təhlükəli idi. Hələ də tam əmin ola bilmirdilər. Üseyd ibn Hudayr gənci nəzarət altına alır, axşam da aparıb evində həbs edir.

Ertəsi gün Allah Rəsulu onu yenidən hüzuruna çağırtdırır:

– Mən sənə aman vermişəm, indi istədiyin yerə gedə, yaxud bundan daha xeyirli bir işi seçə bilərsən, – buyurur.

Görünür, Peyğəmbərimiz Ona qəsd edən bu adamın müsəlman olmasını istəyirdi. Baxışlarındakı istilik, səsindəki incəlik gəncin qəlbini yumşaldır. O, dərhal soruşur:

– Daha xeyirli nədir?

– Allahdan başqa ilah olmadığına və Mənim də Onun Rəsulu olduğuma şəhadət etməyindir, – deyə buyurur Allah Rəsulu (s.ə.s). Bu qədər sidq ürəkdən gələn bir dəvəti qəbul etməmək olardımı?! Gənc əvvəlcə:

– Mən də şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də Allahın Rəsulusan, – deyir. Sonra:

– Vallah, ya Məhəmməd! Sən nə qədər şəfqətli insansan! Səni görən kimi, sanki, ağlım başımdam çıxdı, əlim-qolum bağlandı, nə edəcəyimi bilmədim! Sən mənim əsas məqsədimi nə tez anladın, halbuki bunu heç kəs bilmirdi! Bax o zaman mən başa düşdüm ki, Sən hər cür təhlükədən mühafizə olunursan. Doğrunu təmsil edən də Sənsən. Əbu Sufyanın arxası ilə gedənlər isə şeytanın əsgərləridir!

Bu cümlələr Rəsulullahın simasında təbəssüm oyadır. Bir təhlükə də problemsiz sovuşmuşdu... Yenə öldürmək üçün gələn bir insan Rəsulullahın iqliminə girər-girməz həyat tapır və könül rahatlığı ilə geri qayıdırdı.

İki acı təcrübə: Rəci və Biri-Maunə

Xeyir yolunda getmək elə də asan deyildi və bəzən qurbanlar vermək lazım gələcəkdi. Müsəlmanlar səmimi görünən bəzi insanların – düşmənlərin qurduqları tələlərə düşəcək, acı təcrübələr yaşayacaqdı.

Rəci

Hicrətin dördüncü ili, səfər ayı idi. Müşriklər Mədinənin Uhuddan sonra zəiflədiyini sanırdı. Amma Mədinə Hamraül-Əsədlə müşriklərin yanıldığını göstərmiş, hətta onların başqa yerlərdə göstərdikləri iki təşəbbüsü də elə beşikdəcə boğmuşdu. Bunu görən düşmən başqa bir yolu sınaqdan çıxarmaq qərarına gəlir: plana əsasən Adal və Qarə qəbiləsinə məxsus heyət Mədinəyə gəlir. Müsəlman olduqlarını və dini ehkamları öyrənmək üçün müəllimə ehtiyac duyduqlarını deyir, Rəsulullahdan Quran müəllimi istəyirlər. Hökmlər zahiri niyyətlərə görə verilirdi və zahirən hər şey xeyirli görünürdü. Elə isə istəklərinə müsbət cavab verilməli, öz iradələri ilə dini seçən bu insanlar onları riza üfüqünə aparan müəllimlərdən məhrum edilməməli idi.

 Bir insanın müsəlman olması Allah Rəsulu üçün dünya dolu nemətdən daha böyük sərmayə idi. Ona görə də çox sevinir və Suffə əshabından on nəfər seçərək Adal və Qarə qəbilələrinə gedib onlara dini hökmləri öyrətməyi tapşırır. Onların rəhbəri Asim ibn Sabit idi.[13]

Yola düşüb Hicaz tərəflərdə məskunlaşan Hüzeyl qəbiləsinin istifadə etdiyi Rəci adlı quyunun başına çatanda səhabələr əvvəlcədən hazırlanmış plana əsasən mühasirəyə alınır. Lihyanoğullarından yüzə yaxın oxçu gizləndiyi yerdən çıxıb səhabələrə hücum edir.

Özlərini müdafiə etmək üçün hündür bir dağa çıxmaq istəyən və sayca düşmənin onda biri qədər olan səhabələrin ətrafındakı halqa getdikcə daralır:

– Əgər təslim olsanız, söz veririk ki, sizin heç birinizi öldürməyəcəyik, – deyir və beləliklə, hamısını əsir almaq istəyirlər.

Hamraül-Əsəddə Allah Rəsulunun (s.ə.s.) dediyi sözlər qulaqlarında sırğa olmuşdu və eyni səhvi iki dəfə təkrarlamağı düşünmürdülər. Çünki: "Müsəlmanıq," – deyib onları Mədinədən buralara qədər gətirən adamlar bir anda yox olmuş və onları ölümlə üz-üzə qoyub bir kənara çəkilmişdilər. Kim bilir, təslim olsalar, başlarına nə oyunlar açacaqdılar. Ona görə də son damla qanlarına qədər vuruşmağı qərara alırlar. Şəhid olacaqlarını hiss edən Asim ibn Sabit bir tərəfdən ox atır, digər tərəfdən də:

– Allahım! Düşdüyümüz vəziyyətdən Rəsulunu xəbərdar et, – deyə Rəbbinə yalvarır.

Əlində yeddi ox var idi və hər biri ilə bir kafiri yerə sərir. Oxları qurtardıqdan sonra nizə ilə yaxınlaşanları dəlik-deşik edir. Əlindəki nizə də qırıldıqda qılıncını çıxarır, vuruşa-vuruşa dua edir:

 – Allahım! Həyatda olduğum müddətdə Sənin dinini qorumaq üçün savaşdım. Sən də şəhid olduqdan sonra bədənimə müşrik əli toxundurma![14]

Məhdud imkanlar şəraitində güclü bir qüvvə ilə uzun müddət mübarizə aparmaq mümkün deyildi və çox keçmədən də yeddi səhabə şəhid edilir. Axıra Hubeyb ibn Adiyy, Zeyd ibn Dəsinnə və Abdullah ibn Tariq olmaqla üç nəfər qalır.

Lihyanoğulları təslim olacaqları təqdirdə onlara zərər yetirməyəcəklərini təkrarlayır və işi uzatmadan ox atıb qılınc çalmağı dayandırmalarını istəyirlər. Bundan sonra üç səhabə təslim olur.

Əvvəlcə yaylarındakı ipləri açıb üçünün də əllərini bağlayırlar. Bundan narahat olan və heç nə etməyəcəklərinə dair verdikləri sözü xatırladan Abdullah ibn Tariq:

– Bu da ilk xəyanət, – deyə etiraz edincə onu oradaca öldürürlər.[15]  Həqiqətən də, niyyətləri pis idi. Əvvəl-axır o birilərini də ölüm gözləyirdi.

Əllərini bağladıqları Hz.Hubeyb və Hz.Zeydi isə özləri ilə birlikdə Məkkəyə aparırlar, ikisini də pulla məkkəlilərə satırlar.

Bədrin intiqamını Uhudda ala bilməyən Məkkənin kefinə söz yox idi; acığını bu iki səhabədən çıxacaq və az da olsa, təskinlik tapacaqdı. Hər kəsin bu "bayram"da iştirak etməsini istəyirdilər. Ona görə də əvvəlcə ikisini də həbs edirlər və bir neçə gündən sonra da Tənim adlı yerə gətirib vəhşicəsinə şəhid edirlər.[16]

Biri-Maunə

Yenə səfər ayında Amir ibn Malik adlı bir şəxs Peyğəmbərimizi ziyarət etməyə gəlir. Allah Rəsulu (s.ə.s.) onu İslama dəvət edir. Adam isə hələ də tərəddüd edir: nə müsəlman olur, nə də bu dinə əks gedir. Görünür, zamana ehtiyacı var idi və özü "hə" deyə bilməsə də, yaxınlarının bu dini qəbul etməsini arzu edir. Buna görə də:

– Ya Rəsulullah, – deyir, – bəzi səhabələrini Nəcid qəbiləsinə göndər, onlara İslamı başa salsınlar, onların bu dəvətə müsbət cavab verəcəyini sanıram.

– Qorxuram ki, Nəcid qəbiləsi onlara bir xətər yetirsin, – deyə Allah Rəsulu (s.ə.s.) cavab verir. Bu narahatçılığın cavabında:

– Onlara mən zamin dururam, – deyə Amir ibn Malik təminat verir.

 O dövrün qanunlarına görə belə bir söz sənəd sayılırdı. Cəhalət hər tərəfi bürümüş olsa da, sözündən dönmək ər meydanından silinmək demək idi. Elə Peyğəmbərimiz də hər bir fürsəti dəyərləndirib insanlara İslamı anlatmağa çalışırdı. Eyni zamanda Mədinəyə həmin bölgədə  müsəlman olanların problemlərlə qarşılaşdığı haqda xəbərlər gəlirdi. Hətta Ril, Zəqvan, Usayyə və Lihyan kimi bəzi qəbilələr xəbər göndərib təhlükəsizliyi təmin etmək üçün Allah Rəsulundan kömək istəmişdilər.

Belə bir şəraitdə bu istəyə müsbət cavab vermək lazım gəlirdi və buna görə Allah Rəsulu  (s.ə.s) əshab arasından yetmiş nəfər seçib[17] onlara təlimat verir ki, Amir ibn Maliklə gedib Nəcid xalqına İslamı təbliğ etsinlər. Həmçinin onlara getdikləri yerlərin rəhbərlərinə çatdırmaq üçün bir neçə məktub verir. Münzir ibn Amrı heyətə başçı təyin edir.[18] Onların hamısı ilahi kəlam və nəbəvi bəyanları dərindən bilən "suffə" əshabından "qurra" (Qurani-Kərimi üsul və təcvidinə uyğun oxuyanlar. Dindar və saleh adamlar) səhabələr idi.

Yola düşüb Maunə adlı quyunun başına gəlirlər və burada gecələyirlər. Bir tərəfdən dəvələrini otlamağa buraxır, digər tərəfdən də Rəsulullahın göndərdiyi məktubları ünvanlarına çatdırmağı düşünürlər. Buna görə üç nəfəri seçib Amir ibn Tufeylin[19] yanına göndərirlər.

Üç yoldaş yola düşür. Amir ibn Tufeylin yaşadığı yerə az qalanda Haram ibn Milhan[20] onun yanına tək getməyi qərara alır və yoldaşlarına:

– Siz burada qalın, mən ora tək gedəcəyəm. Əgər heç bir qorxulu hadisə baş verməsə, siz də gələrsiniz. Ancaq görsəniz ki, məni öldürdülər, dərhal gedib vəziyyəti yoldaşlarınıza çatdırarsınız, – deyir.

Və Amir ibn Tufeylin yanına gəlir, Rəsulullahın məktubunu çatdırıb onu haqq olan İslam dininə dəvət edir.

Rəsulullahdan gələn məktubu açıb oxumağı belə özünə sığışdırmayan Amir Hz.Haramı öldürməyi əmr edir. Cabbar ibn Sülma əmri yerinə yetirir: əlindəki nizəni Hz.Haramın kürəyinə sancır. Allah Rəsulunun elçisi al-qan içində idi, kürəyinə sancılmış nizə sinəsindən çıxmışdı. Ölərkən də nəsihətə davam etmək lazım idi və Hz.Haram da bir tərəfdən dünya məşəqqətlərindən qurtluduğu, digər tərəfdən isə Allah və Rəsulu uğrunda şəhid olduğu üçün sevincli idi. Qanlı əllərini üzünə çəkən Hz.Haramın sözləri diqqətlərdən yayınmır:

– Allahu Əkbər! Kəbənin Rəbbinə and olsun ki, qurtuldum![21]

 Beləliklə, məktub hədəfinə çatmadan Haram ibn Milhan şəhid olur. Ancaq Amir ibn Tufeylin kin və nifrəti bununla bitmir və Amiroğullarına səslənərək o birilərinin üstünə hücum etmək əmrini verir. Amiroğulları bu əmri yerinə yetirmir. Təəccüblü idi, onlara əmr edirdi, amma əmisi Amir ibn Malikin Allah Rəsuluna verdiyi sözə görə Amiroğulları bu əmri icra etmir.

Bu vəziyyət bir başçı kimi Amir ibn Tufeyli hövsələdən çıxarır. Yerində dayanmaq fikri yox idi və yanındakıların razılığı olmasa belə, ətrafdakılardan dəstək alıb Rəsulullahın elçilərinin üstünə hücum çəkir.

Çox keçmədən Usayyə, Ril, Qarə və Zəqvan qəbilələrindən ibarət böyük bir dəstənin gəldiyini  görən könül elçiləri əvvəlcə:

– Vallah, bizim sizinlə bir alıb verəcəyimiz yoxdur! Biz sadəcə Rəsulullahın tapşırdığı iş üçün yolumuzla gedirik. Biz Allah Rəsulunun elçiləriyik, – desələr də, gözünü qan örtmüş bu insanlara söz eşitdirə bilmirlər.

Buna görə də özlərini müdafiə etmək istəyirlər, ancaq qüvvələr qeyri-bərabər olduğundan bu müdafiə istənilən nəticəni vermir. Acınacaqlı vəziyyət idi: Allah və Rəsulunun həyat verən bəyanlarını çatdırmaq üçün yola çıxan və möhtac könüllərə Allahın adını aparmaqdan başqa məqsədləri olmayan insanları qılıncdan keçirirlər.

Bu vaxt orada olmayanlar da növbə ilə şəhid edilir, bu səfərdə yalnız Amr ibn Ümeyyə sağ qalır. Amr uzun əzab-əziyyətdən sonra özünü Mədinəyə çatdırır. Yolda iki adamla qarşılaşır, onların yoldaşlarını şəhid edən qəbilədən olduğunu öyrənincə bir vəfa borcu olaraq fürsət tapıb ikisinin də işini bitirir.

Birbaşa gedib olanları Rəsulullaha danışır. Mədinə qəm-qüssə içində idi. Çünki bu, eyni gündə gələn ikinci acı xəbər idi. Racidə şəhid olan on səmimi müsəlmandan sonra altmış doqquz yoldaşının da səbəbsiz yerə öldürülməsi xəbərindən ağır nə ola bilərdi?!

– Bu Əbu Bəranın işidir, – deyir Rəsulullah. Sonra da əlavə edir:

–Halbuki Mən bunu istəmirdim və belə bir hadisə ilə üzləşəcəyimdən narahat idim.[22]

Daha sonra  da Hz. Amr Allah Rəsuluna öldürdüyü iki Amiridən bəhs edir. Vəziyyət bir anda gərginləşir. Rəsulullah (s.ə.s.):

– Sən nə pis iş görmüsən, – deyə səslənir, – Mən onlara aman vermiş və himayəm altına almışdım. Vallah, onların qan bahasını ödəyəcəyəm.

O ana qədər yaxşı bir iş gördüyünü sanan və bəlkə də, bu xəbəri verərkən iltifat gözləyən Hz. Amr çaşıb qalır. Nəbinin hüznü onu da kədərləndirir, əməlindən peşman olur. Ancaq bundan sonra peşmançılığın bir faydası yox idi.

Ortada Peyğəmbər şəfqəti vardı və insanların gözü qarşısında nəbəvi ədalət təcəlli edir. Bir tərəfdən heç bir səbəb olmadan altmış doqquz məsumun canına  qıyan insanlar, digər tərəfdən də səhvən öldürülən iki adam var idi və Allah Rəsulu (s.ə.s.) öz yoldaşlarının qan bahasından söz salmadan himayəsinə götürdüyü iki nəfərin (həm də 69 səhabəni öldürən qəbilyə məxsus iki nəfərin) səhabə tərəfindən yanlışlıqla öldürülməsinə görə qan bahası ödəyəcəyini israrla bildirir.

Bəni-Nadir

Mədinədə məskunlaşmış yəhudi qəbilələrindən biri olan Bəni-Nadir Amr ibn Ümeyyənin Rəsulullahın aman verdiyini bilmədən öldürdüyü iki nəfərin qəbiləsi olan Bəni-Amirlə müttəfiq idi. Hicrətdən sonra bağlanan Mədinə müqaviləsinə onlar da imza atmış, təməlləri qoyulan yeni bir dövlətə boyun əydiklərini bildirmiş və Mədinəni birlikdə müdafiə edib burada müştərək bir həyat yaşamaq barədə də Rəsulullaha söz vermişdilər.

Buna baxmayaraq, məkkəlilərlə əlaqələri davam etdirir və Allah Rəsuluna (s.ə.s.) qarşı düşmənçiliklərini  gizli davam etdirirdilər. Bu arada məkkəlilərdən bir məktub alırlar və onların hər cür maddi dəstək göstərəcəklərinə dair vədlərinə inanırlar. Buna görə əvvəlcə Allah Rəsuluna (s.ə.s) xəbər göndərib otuz nəfər səhabəsi ilə açıq ərazidə müzakirə aparmaq istədiklərini bildirirlər. Məqsədləri qəflətən hücum edib Peyğəmbərimiz və öndər səhabələrinin hamısını öldürmək idi. Ancaq Allah Rəsulu ilə oraya gələcək səhabələrin çevik və cəsarətli hərəkətlərindən qorxub niyyətlərindən daşınır və bu müzakirələrin hər iki tərəfədən üç nəfərin iştirakı ilə davam etdirilməsənin daha yaxşı olacağı xəbərini göndərirlər. Bu üç nəfərin hazırlığından xəbərdar olan Allah Rəsulu (s.ə.s.) yola çıxdığı halda, geri qayıdır və onların bu tələsinə düşmür.

Bir şənbə günü Allah Rəsulu (s.ə.s.) hüzurundakı bir dəstə səhabə ilə birlikdə Qubaya gəlir və burada ikindi (əsr) namazını qıldıqdan sonra Bəni-Nadir məhəlləsinə baş çəkir. Məqsədi yanlışlıqla öldürülən iki Amiroğlunun qan bahasını ödəmək məsələsində Bəni-Nadiri vasitəçi etmək idi. Eyni zamanda bu, Bədirdən bu yana fərqli reaksiyalar verən Bəni-Nadirin hadisələr barədə ən son mövqeyini anlamaq üçün bir təftiş demək idi.

Allahın Rəsulu olmanın fərqi idi bu; səbəbsiz yerə altmış doqquz Quran müəllimini öldürən və hələ bir üstəlik Ona meydan oxumaqda davam edən Amir ibn Tufeyl  və yoldaşları qan bahası barəsində düşünməsə də, Allah Rəsulu öz payına düşəni yerinə yetirir və başqalarının hərəkətlərinə görə davranmırdı.

Rəsulullah (s.ə.s.) doqquz səhabəsi ilə birlikdə[23] Bəni-Nadir yurduna gələrkən onların yığışıb öz aralarında söhbət etdiklərini görür. Amr ibn Ümeyyənin bilmədən öldürdüyü iki şəxsin qan bahasını ödəmək istədiyini bildirincə Ona  belə cavab verirlər:

– İstədiyin kimi edərik, ey Əbəl-Qasım! Aramıza gəlib bizə baş çəkməkdə bir səbəbin də var! Amma əvvəlcə otur və bir az nəfəsini dər, sonra məsələni həll edərsən! Biz də oturub bunu öz aramızda müzakirə edək və hər şeyi yoluna qoyaq.

Cavab müsbət idi. Adama elə gəlirdi ki, yanlışlığın yanlışlıqlar doğurmasının qarşısı alınacaq və məsələ həllini tapacaq. Allah Rəsulu (s.ə.s.) kürəyini bir evin divarına söykəyib səhabələrlə birlikdə gözləməyə başlayır.

Nəticəsiz qalan sui-qəsd

Digər tərəfdə isə əsl simalarını gizlədib Rəsulullahı ləngitmək məqsədi güdən bu insanlar fürsətin ayaqlarına qədər gəldiyini düşünüb aralarında danışmağa başlayırlar. Huyey ibn Ahtab deyir:

– Ey Yəhudi xalqı, görürsünüz ki, Məhəmməd yanında on adam belə olmadan aranıza gəlib. Divarın dibində oturduğu evin damına çıxın, Onun üzərinə bir qaya parçası atıb öldürün! Bundan münasib bir vaxt tapa bilməzsiniz! Əgər O öldürülsə, yoldaşları da ətrafından dağılıb gedər. Qureyşdən gələnlər öz yurdlarına, əvs və xazrəçdən gələnlər də öz işlərinə qayıdarlar! Əgər bunu istəyirsinizsə, bu iş üçün bu gündən daha münasib vaxtı əsla tapa bilməyəcəksiniz! Bunu bu gün etməyib, bəs nə zaman edəcəksiniz?!

Onun bu təsirli sözlərindən sonra Amr ibn Cəhhaş adlı bir nəfər ayağa qalxıb:

– Elə isə mən o evin damına çıxıb Onun üstünə yekə bir daş atım, – deyir və  Peyğəmbərimizin kölgəsində oturduğu evə doğru yönəlir.

Əlbəttə, onların hamısı eyni fikirdə deyildi, bu məqamda vəziyyətin təhlükəli olduğunu görüb onlara xəbərdarlıq etməyi lazım bilən Səlləm ibn Mişkəm irəli çıxıb:

– Ey camaat, həmişə mənə müxalif olsanız da, barı gəlin bu gün məni dinləyin! Allaha and olsun ki, əgər siz bunu etmək istəsəniz, O, bundan xəbərdar olar və xəyanətinizin dərhal fərqinə varar. Həm də bu, Onunla bizim aramızdakı anlaşmanın pozulması deməkdir ki,  əsla belə bir iş görməyin!

Səlləmin dediklərinə fikir verməyən Amr ibn Cəhhaş bir daş götürüb evin damına çıxır. Elə bu zaman Cəbrail gəlib Allah Rəsulunu vəziyyətdən xəbərdar edir. Açıq-aydın xəyanət idi. Görünür, düşmən düşmənçiliyindən əl çəkmək istəmirdi. Allah və Rəsulu əleyhinə etdikləri əməllər onları qurtuluşu olmayan bir yola sürükləyirdi. Allah Rəsulu (s.ə.s.) oturduğu yerdən qalxıb bir iş dalınca gedirmiş kimi sürətli addımlarla Mədinə istiqamətinə yönəlir. Hadisədən xəbəri olmayan səhabələr də: "Rəsulullah indi qayıdar," – deyə oturub gözləyirlər.

Evin damında tələ qurub gözləyən Bəni-Nadir yəhudiləri işin sona çatmasını səbirsizliklə gözləyirdilər. Bu zaman uzaqdan bir nəfərin gəlişini görürlər, sevinirlər. Ancaq bu sevinc uzun sürmür. Gələn öz qəbilələrindən olan bir yəhudi idi. Onların təlaşla nəyi isə gözlədiyini görüb soruşur:

– Nə etmək istəyirsiniz?

– Məhəmmədi öldürüb əshabını əsir almaq istəyirik.

– Yaxşı bəs Məhəmməd haradadır?

– Burada yaxınlıqdadır!

– Vallah, mən bir az əvvəl Məhəmmədi Mədinədə gördüm.

Son cümlə bütün ümidlərini qırır. Qol-qanadları sınır. Səlləm haqlı idi; Allah Rəsuluna xəbər çatmış, O da dərhal bu məkanı tərk edib Mədinəyə getmişdi.

Narahatçılıq və hesablaşma

Allah Rəsulunun qayıtması gecikincə səhabələr də əndişəyə qapılır və Onu oturub gözləməkdənsə,  gedib axtarmaq qərarına gəlirlər.  Hz. Əbu Bəkir də:

– Burada gözləməyin bir mənası yoxdur. Rəsulullah mütləq əhəmiyyətli bir iş üçün getmişdir, – deyincə hamısı birlikdə durub axtarmağa başlayır. Onların da çıxıb getdiyini görən və niyyətlərinin aşkar olmasından əmin olan Huyey ibn Ahtab:

– Əbul-Qasım (Rəsulullah) tələsdi. Halbuki biz Onun istədiyini yerinə yetirmək və Onu  aramızda qonaq etmək istəyirdik, – deyə vəziyyətdən çıxmağa çalışır.

Ancaq olan olmuşdu. Kinanə ibn Suveyra irəli çıxır və onlara:

– Məhəmmədin niyə buradan qalxıb getdiyini bilirsinizmi? – soruşur.

 – Xeyr, vallah, bilmirik. Bəs sənin bildiyin bir şey varmı? – deyirlər.

– Əlbəttə, – deyir, – Tövrata and olsun ki, mən bunun səbəbini yaxşı bilirəm. Məhəmməd ona görə buradan durub gedib ki, sizin tələniz barədə Ona xəbər verilmişdir. Öz-özünüzü aldatmayın, Allaha and olsun ki, O, şübhəsiz, Allahın Rəsuludur. Şübhəsiz, O, peyğəmbərlərin sonuncusudur. Siz Onu Harun nəslindən gözləyirdiniz, amma Allah Onu öz dilədiyi yerə nəsib etdi. İstər bizim kitabların bildirdiyinə, istərsə də təhrif olunmamış Tövratda oxuduqlarıma görə, Onun doğum yeri Məkkə, hicrət edəcəyi yer isə Yəsribdir. Xüsusuyyətlərinə gəlincə eynən kitablarımızda yazıldığı kimidir.

Kinanə sözünü bu xəyanətdən sonra başlarına gələcək işlərin üstünə  gətirir və bunları deyir:

– Onun sizə təklif edəcəyi şey sizin Onunla savaşmağınızdan daha xeyirlidir. Ancaq mən sizin mal-mülkünüzü, ev-eşiyinizi və yurdunuzu tərk edib ailələrinizin fəryadları altında buradan çıxıb getdiyinizi görürəm. Bu, sizin şərəfinizdir. Gəlin bu iki xüsusda mənimlə razılaşın, çünki üçüncüsündə heç bir xeyir yoxdur.

– Yaxşı, bəs o iki şey nədir?

– Müsəlman olub Məhəmmədin dininə girmək. Bunu etdiyiniz zaman malınızı və ailənizi qorumuş, Onun əshabı ilə eyni uca məqama çatmış olursunuz. Həm mallarınız sizdə qalar, həm də yurd-yuvanızı tərk etməmiş olarsınız.

– Biz Tövratı atıb Musanın əhdinə müxalif ola bilmərik.

– Elə isə gözləyin. Şübhəsiz, O: "Ölkəmdən çıxıb gedin!" – deyə sizə xəbər göndərəcək. Bu tələbinə razılıq verin. Çünki O, sizin mal və canınızı özünə halal görməz. Bu vəziyyətdə mallarınız da öz əlinizdə qalar. Onları istəsəniz, satarsınız, istəsəniz də, saxlayarsınız.

– Bax bu, mümkündür, – deyirlər. Bu vaxt  Səlləm sözə qarışır:

– Mən etdiklərinizin doğru olmadığını söyləmiş və qəbul etmədiyimi bildirmişdim. O, indi bizə: "Yurdumdan çıxıb gedin!" – deyə xəbər göndərəcək, – deyir.

Birdən-birə  öz başçılarına tərəf dönür və ona səslənir:

– Ey  Huyey! Nəbadə sən Onun sözünə etiraz edəsən! Nə deyirsə, onu da  et və ölkəsindən çıx!

Çarəsiz Huyey məyus halda:

– Yaxşı, – deyir, – yaxşı, etiraz etməz, dediyini də qəbul edərəm.

Digər tərəfdə Bəni-Nadir yurdunu tərk edib Allah Rəsulunu (s.ə.s) axtarmağa gedən doqquz səhabə yolda Mədinədən gələn bir nəfərlə qarşılaşır və ondan Rəsulullahı görüb-görmədiyini soruşur. O adam da Rəsulullahı Mədinənin bir məhəlləsində gördüyünü söyləyincə iti addımlarla həmin ünvana tələsirlər. Bu zaman Allah Rəsulu (s.ə.s.) Məhəmməd ibn Məsləməni mühüm bir məsələni yerinə yetirmək üçün hüzuruna çağırmışdı. Hüzuruna gəlib:

– Ya Rəsulullah! Nə üçün qalxdığını belə anlaya bilmədik? – deyə getməsinin səbəbini soruşurlar. Rəsulullah (s.ə.s.):

– Yəhudilər Mənə qarşı sui-qəsd planlaşdırmışdı. Bunu Allah xəbər verincə dərhal oradan uzaqlaşdım,[24] – cavabını verir.

Məsələ indi aydınlaşmışdı. Demək ki, bu qədər ləngitmə ərz edilən məsələnin həlli üçün deyil, sui-qəsdi hazırlamaq üçün vaxt qazanmağa hesablanmış taktika idi.

Rəsulullahın elçisi

Bu vaxt Məhəmməd ibn Məsləmə gəlmiş, Rəsulullahın tapşırığını gözləyirdi.

– Bəni-Nadir yəhudilərinin yanına get və onlara de ki, Rəsulullah: "Yurdumdan çıxıb gedin!" – deyə məni sizin yanınıza  göndərdi.

Məhəmməd ibn Məsləmə dərhal Bəni-Nadir yurduna yollanır. Gəlişini görən Bəni-Nadirin başçıları onlarla bağlı bir xəbərin gəldiyini hiss edirlər və tez onun ətrafına toplaşırlar. Öncə Məhəmməd ibn Məsləmə sözə başlayır:

– Məni Rəsululah (s.ə.s.) bir məktubla sizin yanınıza göndərdi. Ancaq o məktubu sizə bu məclisinizdə olan və hər birinizin də bildiyi bir məsələni xatırlatmamış verməyəcəyəm.

– Yaxşı, nə məsələdir?

– Musaya endirilən Tövrat haqqı üçün söyləyin! Hələ Məhəmmədə peyğəmbərlik verilmədən əvvəl də mən buraya gəlmiş və sizin məclisinizdə iştirak etmişdim.

Yanınızda Tövrat var idi və o gün siz mənə: "Ey İbn Məsləmə! İstəyirsənsə, gəl qarnını doyuraq. İstəyirsənsə, gəl səni də Yəhudi edək," – demişdiniz. Mən də: "Yox, siz sadəcə mənə yemək verin. Mən Yəhudi olmaq istəmirəm və əsla da Yəhudi olmayacağam,"– demişdim. Bunun cavabında siz mənə yemək gətirmiş və demişdiniz ki: "Bu, Yəhudilərin dini olduğu üçün sən onu qəbul etmirsən. Sanki, kimlərdənsə eşitdiyin Həniflik dininin tərəfdarısan. Ancaq Əba Amir ər-Rahib onun  (o dinin) sahibi deyildir. Onun əsas sahibi gülər üzlüdür, qırmızımtıl gözləri vardır ki, Yəmən tərəflərdən gələcək. Dəvəyə minəcək, "şəmlə" adlanan libas geyəcək, az yeməklə kifayətlənəcək, qılıncı daim çiynində olacaq, hikmətlə danışacaq və sanki, O, sizin aranıza gələcək və sizinlə vəhdət təşkil edəcək. Vallah, O, sizin diyarda məskən salacaq. Bu da o deməkdir ki, kimlərsə məhrum qalacaq, kimlərsə öldürüləcək, kimlərsə cəzalanacaq".

Öz sözlərini eşidəndə  söhbətin haraya gələcəyini anlayıb donquldanmağa başlayırlar:

– Həqiqətən də, doğrudur, bunları biz sənə söyləmişdik. Ancaq O, bizim bəhs etdiyimiz Nəbi deyil!

Ancaq Məhəmməd ibn Məsləmə gözlədiyi cavabı almışdı. İndi növbə Rəsulullahın ismarışını çatdırmağa gəlir:

– Rəsulullah məni sizin yanınıza göndərdi və: "Siz Mənim sizinlə bağladığım müqaviləyə sadiq qalmadınız, sui-qəsdə cəhdlə onu pozdunuz," – deyə sizə xəbər yolladı, – deyir və ardınca da Amr ibn Cəhhaşın iri bir daş parçasını evin damına çıxarıb fürsət gözlədiyini onlara çatdırır.

Saxtakarlıq üzə çıxmıdı. Ağızlarını bıçaq açmır, səsləri də çıxmırdı. Ancaq iş bununla da bitmirdi və ismarışın arxası var idi. Səssizliyi Məhəmməd ibn Məsləmə Allah Rəsulunun (s.ə.s) sözləri ilə pozur: "Sizə on gün möhlət verirəm. Bu müddət ərzində yurdumdan çıxıb gedin! On gün sonra  buralarda sizdən kim görünsə, boynu vurulacaq!"

Kinanə ilə Səlləmin dedikləri olmuşdu. Böyük sarsıntı keçirirlər:

– Ya Məhəmməd! – deyə səslənirlər İbn Məsləməyə, – bizə bu xəbəri bir əvslinin gətirəcəyini  heç gözləməzdik, – deyə məzəmmət edirlər.

Ancaq məzəmmət etməyə heç haqları da yox idi, anlaşmanı pozanlar da, Rəsulullaha sui-qəsd planı quranlar da özləri idi. Məhəmməd ibn Məsləmənin qəbiləsi olan Əvslə ittifaqda olmaları Rəsulullaha aid bir məsələnin icrasına əsla mane ola bilməzdi və Məhəmməd ibn Məsləmə də onlara:

–Zaman dəyişdi, – deyə cavab verir.[25]

Rəsulullahın (sallallahu əleyhi və səlləm) ismarışını aldıqdan sonra başqa çıxış yolu qalmayan Bəni-Nadir dərhal yol hazırlıqlarına başlayır. Getmək istəməsələr də, burada qala bilməzdilər. Özləri etmişdilər, özləri də cəzasını çəkməli idilər.

Abdullah ibn Übeyy ibn Səlulun adamları

Mədinəni tərk etməyə hazırlaşarkən Bəni-Nadir yurduna iki adam gəlir. Bunlar Uhuddan bəri münafiqləin başında dayanan Abdullah ibn Übeyy ibn Səlulun elçiləri Süveyd və Dais idi. İbn Səlulun təklifini gətirmişdilər:

– Nəbadə mallarınızı və yurdunuzu qoyub buradan çıxasınız. Qalanıza girin və burada oturun. Çünki mənim yanımda öz qövmüm və digər  ərəb qəbilələrindən ibarət iki min nəfərlik qüvvə var. Onlar da sizinlə birlikdə qalalarınıza girib son nəfəsə qədər sizi müdafiə edərlər. Bundan başqa qureyzəlilər də sizə dəstək verir, çünki onlar əsla sizi yalnız buraxmayacaq. Bundan başqa qatafanlı müttəfiqlərinizin də sizə dəstək olacağını unutmayın.

  Bu əsnada Abdullah ibn Übeyy ibn Səlul Bəni-Qureyzə yəhudilərinə də xəbər göndərib  onların başçısı Kab ibn Əsəddən də kömək  istəmişdi. Ancaq Kab:

– Bizim bir nəfərimiz də aramızdakı anlaşmanı poza bilməz, – deyib onun təklifini rədd etmişdi.

Rədd edilsə də, Bəni-Nadirin başçısı Huyey ibn Ahtabın azğınlığından istifadə etməyi ehmal etmir. Dolayısilə, Bəni-Qureyzədən aldığı cavab haqqında məlumat vermədən onları Rəsulullahın əleyhinə təhrik edir və göndərdiyi xəbərlərlə daim arxalarında olduğunu deyib ürək-dirək verir.

Nəhayət, Huyey ibn Ahtab deyir:

– Mən Məhəmmədə xəbər göndərəcəyəm. Biz yurdumuzu və mal-mülkümüzü burada qoyub  getmirik. Qoy əlindən nə gəlir, etsin!

Bu, göz görə-görə ölümə getmək demək idi, ona görə də  Səlləm ibn Mişkəm yenə araya girir:

– Vallah, ey Huyey! Şübhəsiz, səni batil nəfsin ümidləndirmişdir. Əgər sənin bu seçimin rədd edilməzsə, mən məni dinləyən yahudilərlə birlikdə səndən ayrılacaq, sənə tabe olmayacağam. Belə etmə, ey Huyey! Allaha and olsun ki, Onun Rəsulullah olduğunu sən də bilirsən! Əlamətləri bizim kitablarımızdakılarla eynidir. Sadəcə biz: "Nübüvvət Harun nəslindən çıxmadı," – deyə inad edib Ona tabe olmuruq. Ən yaxşısı, sən gəl Onun bizə verdiyi amana sadiq qalıb yurdundan çıxıb gedək! Bilirsən ki, sən Ona qurulan tələ məsələsində mənə qarşı çıxmışdın, bu da nəticəsi!  Sabah meyvələr yetişəndə gəlib onları toplar və ya aramızdan adam göndərər, ya onları satar, ya da mal-mülk məsələsində istədiyimizi edərik. Mal-mülkümüz əlimizdə olduqdan sonra, biz yurdumuzdan sürülməmiş kimi oluruq. Elə bizim şərəfimiz də əlimizdəki mal və mülkümüzə görə deyilmi? Əlimizdəki malları itirdikdən sonra bizim zillət və yoxsulluqda digər yəhudilərdən nə fərqimiz olacaq ki! Əgər biz bu gün Onun təklifini qəbul etməsək, Məhəmməd üstümüzə gələr, bu qalalarımızı bircə gündə mühasirəyə alar. Bununla vəziyyət dəyişər və o gün  biz Ona daha öncəki təklifini qəbul etdiyimizi desək də, O, bunu qəbul etməz və təklifimizi rədd edər.

Onun bu qədər səmimi xəbərdarlığına baxmayaraq, Huyey belə cavab verir:

– Məhəmməd heç vaxt fürsət tapıb bizi mühasirəyə ala bilməyəcək. Alsa da, əliboş geri dönməyə məcbur olacaq! Abdullah ibn Übeyy ibn Səlulun  mənə verdiyi vədi görmürsənmi?

Qəzəb və  tamahı gözlərini əməlli-başlı tutmuşdu. Ancaq yenə də səhvləri demək və nəticəsi görünən yolda arvad-uşağı məşəqqətlərə sürükləyən qərarın verilməsinə əngəl olmaq lazım idi. Buna görə Səlləm davam edir:

– İbn Übeyyin sözünün nə əhəmiyyəti var ki?  İbn Übeyyin istədiyi ancaq səni Məhəmmədlə  qarşı-qarşıya gətirib təhlükəyə atmaqdır. Heç şübhən olmasın ki, bu vəziyyətdə gedib evində qorunacaq və əsla sənə yardım etməyəcək. Səndən istədiklərini Kab ibn Əsəddən də tələb etmiş, amma o: "Mən sağ olduğum müddətdə Bəni-Qureyzədən bir nəfər də aramızdakı sözləşməni poza bilməz," – deyə onu rədd etmişdi. Həm ibn Übeyy əvvəllər müttəfiqi olan Bəni-Qaynuqaya da buna bənzər vədlər verməmişdimi ki, onlar da gedib Onunla aralarındakı sazişi pozub döyüşdülər. Yaxşı, bəs sonra? Qalalarına girib müdafiəyə çəkildilər və sonra da İbn Übeyyin köməyini gözləməyə başladılar. Halbuki o, evində oturmuşdu. Çox keçmədən Məhəmməd gəldi və onları mühasirəyə aldı. O vaxtacan ki Onun əmrinə boyun əyib təslim oldular. Anla ki, İbn Übeyy müttəfiqlərinə əsla kömək etməz. Əvvəllər də biz bu fövqəladə vəziyyət bitənə qədər bütün savaşlarında əvslilərlə birləşib həmişə ona qarşı mübarizə aparırdıq. Nə vaxt ki, Məhəmməd gəldi və aralarına girdi, bu vəziyyətdən biz də ancaq o zaman qurtula bildik. İbn Übeyyə gəlincə isə onun nə Yəhudi millətindən, nə Məhəmmədin dinindən, nə də öz qövmünün inancından bir nəsibi, bir anlayışı var. Bu halda biz ona necə güvənə bilərik?

Huyeyin fikri qəti idi və Səlləmın ifadələri ona heç bir təsir göstərmir:

– Mənim nəfsim yalnız Məhəmmədlə vuruşmağı tələb edir.

Bunu eşidən Səlləm son dəfə irəli atılıb başlarına gələcək müsibətləri xatırladır:

– O zaman, vallah, nəticə yurdumuzdan qovulmaq olacaq. Sonda da mal və şərəfimiz də əldən çıxacaq və döyüşçülərimiz ölüb gedəcək, ailəmiz, uşağımız da əsir düşəcək!

Huyey ibn Ahtab bütün israrlara baxmayaraq, döyüşdən başqa seçim qəbul etmir. Bu vaxt dəli hesab edilən Samuq ibn Əbi-Huqayq deyir:

– Ey Huyey! Sən nə uğursuz adamsan! Demək olar ki, Bəni-Nadiri məhvə sürükləyirsən.

– Bu, dəliyə qədər bütün Bəni-Nadir mənə etiraz etməkdə sözləşdimi? – deyə əsəbi şəkildə cavab verir Huyey ibn Ahtab. Vəziyyət gərginləşmişdi. Samuqun qardaşları onu döyməyə başlayır. Digər tərəfdən də Huyeyə dönüb:

– Bizdən heç kim sənin sözündən çıxmaz və əsla sənə müxalif olmarıq, – deyirlər.

Bundan sonra Huyey qardaşı Cüdeyy ibn Ahtabı çağırıb Rəsulullahın yanına getməyi və Ona: "Biz yurdumuzu və mallarımızı qoyub heç bir yerə getmirik. Əlindən gələni et," – deməyi tapşırır. Həmçinin qardaşına tapşırır ki, Abdullah ibn Übeyyin yanına gedib onu qərardan xəbərdar etsin və  söz verdiyi köməyi dərhal göndərməsini istəsin.

Əshabı ilə oturan Allah Rəsulu (s.ə.s.) Huyeyin ismarışını Cüdeyydən eşidincə ucadan təkbir gətirməyə başlayır. Onun təkbirini eşidən digər müsəlmanlar da təkbir gətirirlər. Ardınca da:

– Yəhudilər savaşı seçdilər. Müharibə elan etmişlər, – deyir.

Aydın olmuşdu: günlərlə bir qərar gözləyirdilər. Yəhudilər isə ağır yolu seçmiş və özləri öz fəlakətli aqibətlərini hazırlamışdılar.

Cüdeyy ismarışı Rəsulullaha çatdıran kimi özünü Abdullah ibn Übeyyin yanına yetirir. Münafiqlərin rəisi Übeyy dostları ilə birlikdə evdə oturmuşdu. Cüdeyy yenicə içəri girib danışmağa başlayırdı ki, carçının səsinə diksinir: Rəsulullah (s.ə.s.) əshabını Bəni-Nadirə qarşı müharibəyə çağırırdı.

Və məqsədini açan Cüdeyy Übeyy ibn Səlulun oğlu Abdullahın qapını şiddətlə açıb içəri girdiyini görür. Rəsulullahın çağırışını eşidən Abdullah bir göz qırpımında zirehini və qılıncını da götürüb dəvət olunan yerə tələsir.

Münafiqləri rəhbəri olan evdə belə Rəsulullahın əmrinə bu qədər sadiq bir insanın olması Cüdeyyi çox narahat edir. Atası bir kənarda oturmuş, hətta oğluna "getmə" də demirdi. Əslində, bu, İbn Übeyydən bir fayda gəlməyəcəyinin aydın göstəricisi idi. Gözü qorxmuşdu və bu vəziyyətdə iti addımlarla yenidən Bəni-Nadir yurduna yollanır. Onun həyəcanlı gəlişini görən  Huyey də təşvişə düşür və tələsik soruşur:

– Nə oldu? Nə xəbərlər gətirdin?

– Xəbərlər pisdi, – deyə cavab verir Cüdeyy. Ardınca da:

– Göndərdiyin ismarışı çatdıran kimi Məhəmməd təkbir gətirdi və ardınca da: "Yəhudilər müharibə elan etmişlər," – deyə səsləndi. Sonra İbn Übeyyin yanına getdim və vəziyyəti ona çatdırdım. Bu vaxt Məhəmməddin carçısı müsəlmanları Bəni-Nadirlə döyüşə səsləməyə başladı.

– Yaxşı, bəs İbn Übeyyin cavabı nə oldu? – deyə soruşur Huyey.

– Ondan bir xeyir gələcəyini heç sanmıram, – deyir qardaşı Cüdeyy. Hərəkətləri ilə sözünün üstündə durmayacağını bəlli etmişdi. Bir də İbn Übeyyin: "Mən qatafanlı dostlarıma xəbər verim, gəlib sizinlə birlikdə qalalarınıza girsinlər və sizə dəstək olsunlar," – dediyini də ona çatdırır.

Hər şey aydın idi: yenə Səlləm haqlı çıxmışdı. İllər ötsə də, xasiyyət dəyişmir, İbn Übeyy  yenə xarakterinə uyğun hərəkət edir, ümid və vəd verdiyi insanları tək qoyurdu.

Bəni-Nadir yurduna doğru

Artıq həddini aşıb müqaviləni pozan və Rəsulullaha qarşı çıxıb meydan oxuyan Bəni-Nadirə yürüş zamanı idi. Allah Rəsulu (s.ə.s.) da Mədinədə Abdullah ibn Ümmi Məktumu vəkil təyin edərək əshabı ilə birlikdə Bəni-Nadir yurduna yollanır. İkindi  namazını Bəni-Nadir yurdunda qılacaqdı.

Rəsulullahın əshabı ilə birlikdə gəldiyini görüncə təlaşlanan Bəni-Nadir bir tərəfdən daş və oxlarla cavab verməyə çalışır, digər tərəfdən də qalalarına doğru qaçır. Bu vəziyyət o gün axşamadək davam edir.

Rəsulullah üçün ağacdan bir çadır qurur, üzərinə də Sad ibn Ubadənin göndərdiyi çulları örtürlər. Müsəlmanlara xurma daşımaq işini də Hz.Sad öz boynuna götürmüşdü.

Bəni-Nadirin dəstək gözlədiyi başqa bir Yəhudi qəbiləsi olan Bəni-Qureyzə baş verənləri kənardan izləyir, bu hadisələrə qarışmaq istəmirdi. Kab ibn Əsəd sözünün üstündə durmuş və Allah Rəsulu ilə olan sazişə sadiq qalaraq Huyey ibn Ahtabın tələblərinə razılıq verməmişdi. Ümid etdikləri kimi nə silah, nə də əsgər yardımı göstərmişdi.

Artıq mühasirə başlanmış, gün də bitmişdi. İşa namazından sonra Allah Rəsulu (s.ə.s.) orduya başçılığı Hz. Əliyə tapşırıb[26] on səhabə ilə birlikdə atına minib Mədinəyə gəlir. Əynində zirehi də var idi.

Sübh namazını yenidən Bəni-Nadir yurdunda qılan Allah Rəsulu (s.ə.s.) çadırını namaz qıldığı yerdə – Hatmədə qurdurur və özü də çadıra girir. Çox keçmədən çadırın üstünə bir ox dəyir.[27] Deməli, çadır ox məsafəsində idi və buna görə də yeri dəyişdirilib Fadih adlı yerdə qururlar.

Artıq axşam olmuş, iki min nəfərlik qüvvə ilə onlara dəstək olacağına söz verən nə Abdullah ibn Übeyydən, nə də onun digər müttəfiqilərindən səs-soraq yox idi. Bəni-Nadir döyüşlə üz-üzə qalsa da, Übeyy həmişəki kimi evində oturmağa üstünlük vermişdi. Ümidlər get-gedə azalırdı. Vəziyyəti qiymətləndirən Səlləm ibn Mişkəm və Kinanə ibn Suveyra Huyey ibn Ahtaba yaxınlaşıb:

– Gələcəyini sandığın İbn Übeyyin dəstəyi haradadır? – deyə onu sıxışdırmağa başlayır.

O da vəziyyətin ağırlığını hiss edirdi, lakin çarəsiz idi. Bir inadkarlıq üzündən başını bəlaya salmış və etibarsız insanların boş vədlərinə aldanaraq hamını çıxılmaz vəziyyətdə qoymuşdu. Boynunu bükərək:

– Mən nə edim?! – deyir əvvəlcə. Bir lider çarəsizliyinin ifadəsi idi bu cümlə. Ardınca da:

– Deməli, başımıza bir müsibət yazılmış, çəkəcəyik, – deyir.

Görünür, bilərəkdən seçdiyi yolda düçar olduğu uğursuzluğu tale yazısına bağlamaqla özünə təsəlli verməyə çalışır. Ancaq bu, onun öz seçimi idi və hər şeyi taleyin boynuna atmaqla işin içindən çıxa bilməyəcək, cəzasını da  çəkəcəkdi.

Mühasirə günlərlə davam edir.[28] Tamamilə içəri qapanmışdılar və sadəcə qalanın içindən daş və ox atırdılar.

Bir axşam çağı Hz.Əli gözdən itir. Gəlib çıxmadığını görən səhabələr narahat olmağa başlayır və Rəsulullahı da bundan xəbərdar edir:

– Ya Rəsulullah, nə vaxtdır Əlini görmürük! – deyirlər. Rəsulullah:

– Ondan narahat olmayın. O, sizə aid bir işlə məşğuldur, – deyə cavab verir.

Bu söhbətin üstündən çox keçməmiş, Hz. Əli gəlib çıxır. Demə, Hz.Əli Rəsulullahın çadırını hədəf alaraq ox atan Azvək adlı itigözlü yəhudinin yoldaşları ilə birlikdə və gecənin qaranlığından istifadə edib müsəlmanlara zərər vermək üçün qaladan bayıra çıxdığını görmüş, ova çıxan Azvəki ovlamaq üçün pusquda durubmuş. İndi isə Azvəki öldürüb gəlirdi.

Allah Rəsulu (s.ə.s.) onun məlumatları əsasında Hz. Əlidən qaçan Azvəkin yoldaşlarının arxasınca Əbu Dücanə və Səhl ibn Huneyfi göndərir. Onlar da elə o gecə Azvəkin yoldaşlarını da öldürüb geri dönürlər.

Xurma ağaclarının kəsilməsi

Yəhudilər xarakter etibarilə dünya malına olduqca düşkün idilər və onların bu zəif damarını bilən Allah Rəsulu (s.ə.s.) da mühasirə uzandığını görüb xurma ağaclarının kəsilməsini və onların əməllərinə cavab olaraq evlərinin yandırılmasını əmr edir. Halbuki O, müharibə zamanında belə ağaclara toxunmağı qadağan edir və təbiətə zərər vurulmasını istəmirdi. Deməli, burada məqsəd başqa idi. Allah Rəsulu (s.ə.s.) yəhudilərin xurma ağaclarına və evlərinə bağlı olmalarından istifadə edib müqavimətin dayandırılmasına çalışırdı.

Əbu Leyla əl-Mazini və Abdullah ibn Səlam Rəsulullahın əmri ilə məşhur xurmalıqlara girib onları kəsməyə başlayanda qaladan fəryad səsləri yüksəlir. Məqsəd hasil olurdu. Qadınlar paltarlarını cırır, özlərini ora-bura vurub hay-küy qoparırdılar.

Onlar da çaşıb qalmışdılar: Məhəmmədül-Əmindən belə bir icraat gözləmirdilər. Ancaq vəziyyət dəyişmiş, göz görə-görə xurmalıqlar kəsilirdi. Bundan daha çox Səlləm ibn Mişkəm  narahat idi və dərhal Huyey ibn Ahtaba üz tutub:

– Ey Huyey, salxım-salxım acvə  xurmaları kəsilir! Halbuki bunlar əkildikdən otuz il sonra bar verməyə başlayan ağaclardır! – deyir.

Huyey də özündə deyildi: gözləri ilə görməsə, inanmazdı, amma hər şey gözünün qabağında cərəyan edirdi. Ona görə də öncə Rəsulullaha xəbər göndərir:

– Ya Məhəmməd, – deyir, – yer üzünü dağıdıb xarab etməyi Sən qadağan edirdin. Bəs bu xurmalıqları niyə kəsirsən?

Onun sözləri səhabələr arasında da fərqli fikirlərin meydana gəlməsinə səbəb olur. Bir qismi bu hərəkətin yanlış olduğunu düşünüb: "Ağacları  kəsməyək," – deyir, digər qismi də mal hərisi olan yəhudilərin bu mənzərəni görüb başlarını itirəcəyini və nəticədə müqavimətdən vaz keçəcəyini deyib bunu doğru sayırdı. Bu vaxt Cəbrail imdada yetişir. Gətirdiyi  ayədə deyilirdi:

"Ey möminlər! Sizin kafirlərə məxsus olan hər hansı bir xurma ağacını kəsməyiniz, yaxud toxunmayıb onu kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Və bu Allahın öz Rəbbinə asi olan fasiqləri rüsvay etməsi üçündür".[29]

Deməli, məsələnin mahiyyəti tamam fərqli idi. Bu barədə məlumatı olmayan bir mömin mövzunu bütövlükdə qavrayan rəhbərin dediyinə tabe olmalı idi. Bu, yalnız Bəni-Nadiri zəif yerindən vurub təslim olmağa məcbur etmək üçün deyil, eyni zamanda Məhəmməd ümmətinə bir itaət dərsi idi. Artıq ilk nəticələr əldə edilir. Belə ki, çox keçmədən Huyeydən ikinci ismarış da gəlir:

– İstədiyini Sənə verəcək və yurdundan da çıxıb gedəcəyik! Artıq şərtlər dəyişmişdi və günlərlə davam edən fövqəladə vəziyyətin öz hökmləri var idi. Ona görə də Rəsulullah (s.ə.s.):

– Bu gün o şərtlər çərçivəsində hərəkət etmək mümkün deyil; silahlarınızdan başqa, yalnız dəvələrinizin daşıya biləcəyi qədər əşyanızı götürüb gedə bilərsiniz, – deyə cavab verir.

Huyey isə heç tələsmir və Rəsulullahın döyüşdən əvvəlki şərtləri qəbul etməsini gözləyir. Onun bu qədər ləng hərəkət etməsini görən və daha da böyuk müsibətə məruz qalacaqlarından qorxan Səlləm ibn Mişkəm yenə müdaxilə edir:

– Sən nə edirsən, ey Huyey! Barı daha betəri başına gəlməmiş bu şərtləri qəbul et, – deyir.

 – Bundan daha betəri nə ola bilər ki?! – deyə cavab verir Huyey.

– Əli qılınc tutanların hamısı öldürülər, mal və mülk müsadirə olunar, uşaqlarımız da əsir alınar! Halbuki indi malımızın getməsi bizim üçün ən az ziyandır, – deyir Səlləm.

Ancaq Huyey yenə də öz bildiyini edir və təklifi iki gün qəbul etmir.

Bu əsnada Bəni-Nadir arasında ixtilaflar çoxalır və fikir ayrılıqları ortaya çıxır. Yamin ibn Ümeyr və Əbu Sad ibn Vəhb öz aralarında belə danışırlar:

– Allaha and olsun ki, Onun gözlədiyimiz Peyğəmbər olduğunu sən də bilirsən. Heç olmasa, gəl müsəlman olaq canımızı və malımızı xilas edək!

 Mənasız bir inada həm axirəti, həm də dünyanı qurban verməkdənsə, ikisini də birdən qazanmaqdan daha ağıllı bir yol ola bilməzdi. Və o gecə ikisi də  gəlib müsəlman olur.

Huyey gündən-günə vəziyyətləri ağırlaşan Bəni-Nadirin təzyiqlərinə artıq dözə bilmir və Allah Rəsuluna yeni bir xəbər göndərib silahdan başqa, dəvələrin daşıya biləcəyi qədər yüklə yurdlarını tərk etmək təklifini qəbul etdiyini bildirir. Eyni zamanda bu, muhasirənin də sona çatması demək idi.

Sürgün işlərini Məhəmməd ibn Məsləmə yerinə yetirir. Hələ də işi ləngidənlər var idi və Yəhudilər bəzi mədinəlilərdən alacaqları olduğunu deyib yubanırdılar. Vəziyyətdən xəbər tutan Allah Rəsulu (s.ə.s.):

– Elə isə endirim edin nağd alın, – deyib bu məsələni də həll edir.[30]

İçdə kədər, zahirdə təmtəraq

Bəni-Nadir özündən sonra salamat bina qoymamaq üçün evlərini yerlə-yeksan edərək yurdunu tərk etməyə başlayır. Qapı dirəklərinə qədər evlərini yerlə-yeksan edirlər. Ancaq zahirən heç də sürgün olunanlara bənzəmirdilər. Qadınlar ən gözəl libaslarını geymiş, toya-bayrama gedirmiş kimi bəzənirlər. Gülə-gülə, oynaya-oynaya yola çıxırlar. Görünür, başlarına gələnlərdən kədərləndiklərini büruzə verib düşmənlərini "sevindirmək" istəmirdilər. Müsəlmanların sıx yaşadığı bir məntəqədən keçərkən Əbu Rafi Səlləm ibn Əbi Huqayq dəvənin üstündəki çulu qaldıraraq:

– Biz bunu dünyanın enişi-yoxuşu olaraq qəbul edirik. Xurmalıqlarımızı burada qoyub getsək də, Xeybər xurmalıqlarının olduğu yerə gedirik, – deyə əba altından dəyənək göstərməyi də ehmal etmir.

Əşyalarını altı yüz dəvəyə yükləmişdilər. Dəstə-dəstə keçib gedərkən dəf-qaval səsləri bir-birinə qarışırdı. Mədinə səmalarını nəğmələri ilə şənlədirməyə çalışırdılar. Qoyub getdikləri mənzərə bir ibrət nümunəsi idi. Allahın Rəsulunu bilib tanıdıqlarına, peyğəmbərlik vasitəsilə ucaldıldığını gördüklərinə baxmayaraq, həqiqətə göz yumur və heç nədən yurdlarını tərk edirdilər. Mədinəni üzdə gülə-gülə, içdə qan ağlaya-ağlaya tərk edən Bəni-Nadir yəhudilərinin əksəriyyəti Xeybərə gedib orada məskunlaşacaq və bundan sonra Huyey ibn Ahtab, Səlləm ibn Əbi Huqayq və Kinanə ibn Suveyra kimi liderlərin də olduğu Bəni-Nadir qəbiləsi Xeybər yəhudilərindən möhtərəm qonaqlar kimi hörmət görəcəkdi.

Onların bu qürurlu gedişi bu tərəfdə Mədinədə gizlənməyə davam edən münafiqləri çox kədərləndirir.

Onlar getdikdən sonra gələn Cəbrail Bəni-Nadir yəhudilərinin ikiüzlü davranışlarından, dünya malına olan tamahlarından, qalalarını qoruya biləcəklərini zənn edib üsyan etmələrindən, münafiqlərin vədinə aldanıb yanılmalarından, kənardan baxanda birlik şəraitində yaşayırmış kimi görünən, əslində isə, əzabla dolu məşəqqətli həyatlarından, özlərini ağıllı sayıb çıxdıqları yolda ağılsızlıqlarının əziyyətini çəkmələrindən, xülasə, dünya naminə dünyəvi hər şeydən məhrum olmalarından bəhs edən "Həşr" surəsini gətirir. Bu surə eyni zamanda "Bəni-Nadir" surəsi ünvanı ilə də  xatırlanır.

Bəni-Nadir yurdunda qalanlar

Əkdiyini biçən Bəni-Nadir nə qədər talan edilsə də, orada böyük bir ərazi, yanıb dağıdılmış evlər, qılınc, qalxan, zireh və digər silah-sursat qalır. Ancaq bunlar üzbəüz döyüşdə əldə edilən qənimətlər olmadığı üçün Rəsulullah (s.ə.s.) Allahın əmr etdiyi şəkildə hamısını Allah üçün ayırmış və istifadə etmə haqqının da özündə olduğunu bildirir.[31] Vəziyyət sabitləşəndən sonra Allah Rəsulu (s.ə.s.) Sabit ibn Qeys ibn Şəmması hüzuruna çağırır və:

– Qövmünü yanıma çağır, – deyir. Hz. Sabit:

– Yalnız Xazrəci, ya Rəsulullah, – deyə soruşanda:

– Xeyr, ənsarın hamısını, – buyurur Allah Rəsulu(s.ə.s.).

Hz.Sabit də ənsarı Rəsulullahın hüzuruna dəvət edir. Hüzura gələn ənsar: "Görəsən, niyə çağrılmışıq," – deyə maraqla gözləyir. Çox keçmədən Allahın Rəsulu (s.ə.s.) ənsara müraciət edir. Həmdü-səna ilə başlayır sözünə həmişəki kimi. Ardınca da mal-mülkləri ilə birlikdə yurdlarını tərk edib Mədinəyə köçən mühacirlərə bu günə qədər etdikləri yaxşılıqlara görə ənsarı təqdir edir. Sonra da deyir:

– İstəsəniz, Allahın Mənə verdiyi Bəni-Nadir mülkünü mühacirlərlə sizin aranızda bölüşdürə bilərəm! Ancaq mühacir qardaşlarınızın əlində nə mal-mülk, nə də yaşamaq üçün bir ev var. Bildiyiniz kimi, onlar sizin evlərinizdə qalıb imkanlarınızdan istifadə edirlər. İstəsəniz, bunları yalnız onlara verim ki,  onlar da sizin evinizdən çıxıb bundan sonra öz-özlərini dolandırsınlar.

İfadələr nə qədər yumşaq və təklif ağlabatan görünsə də, Rəsulullahın bu sözləri ənsarı narahat edir. Görəsən, qardaşlarını – mühacirləri qonaq etməkdə, evlərində saxlamaqda bir qüsuramı yol vermişdilər? Dərhal Sad ibn Muaz ilə Sad ibn Ubadə Əvs və Xazrəc adından önə çıxıb deyir:

– Ya Rəsulullah! Əksinə, onların hamısını mühacir qardaşlarımızın arasında bölüşdür! Hətta  istəsən, bizim mallarımızdan da alıb onların arasında paylaşdır. Ancaq onları bizdən ayırma, yenə də bizimlə qalsınlar!

Sözlərini bitirməmişdilər ki, ənsarın  səsi eşidilir:

– Bəli, biz də bunu istəyirik, razıyıq və qəbul etdik, ya Rəsulullah!

Gözləri yaşardan, qəlbə fərəh verən mənzərə idi bu. Deməli, cəmiyyət formalaşmış, mübarizəni, Haqq davasını gələcəyə aparma yolunda lazımi keyfiyyəti əldə etmişdi. Allah və Rəsulunu razı edən bir davranış idi eyni zamanda bunlar. Mücadiləyə, işə birinci gedənlər zəhmət haqqı məsələsində geri çəkilir və başqalarını öz nəfslərindən üstün tuturdular. Bu, Allahın və Rəsulunun istədiyi keyfiyyət, fəzilət deyildimi? Məhz bu keyfiyyət, bu fəzilət, bu məqam səmaları da hərkətə gətirir, Allah (c.c.) Cəbraillə nazil etdiyi ayədə onlar haqqında buyururdu: "Onlardan əvvəl Mədinədə yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına  hicrət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Özünü nəfsinin xəsisliyindən qoruyub saxlayanlar – məhz onlar nicat tapıb səadətə Cənnətə  qovuşanlardır!"[32]

Dillər könüldən keçənlərə tərcüman olurdu. Bu davranışdan Allah razı olmuş və Rəsulullah da sevinmişdi. Rəsulullah  (s.ə.s.) əllərini açır və oradaca:

– Allahım! Ənsara da, onların övladlarına da mərhəmət elə, – deyə dua edir.

Bundan sonra da Bəni-Nadirdən qalan və döyüşsüz əldə edildiyi üçün "fey" adlanan malları mühacirlər arasında bölüşdürməyə başlayır. İstisna olaraq ənsar arasında yalnız çox kasıb olan Səhl ibn Huneyf və Əbu Dücanə üçün də pay ayrılır. İbn Əbu Huqayqın məhşur qılıncı da Sad ibn Muaza verilir.



[1]. Hz.Sadın xanımının adı Amrə binti Haram kimi də qeyd olunur. Rəsulullah (s.ə.s.) Hamraül-Əsəddə olarkən Hz.Sadın mirası müsadirə olunur və Peyğəbərimiz qayıtdıqdan sonra Hz.Amrə hüzura gəlib məsələni danışır. Bax: Vakidi, Meğazi, 1/330; İbn Esir, Üsüdül-Ğabe, 3/388; İbn Hacer el-İsabe, 8/30 (11495)
[2]. O dövrdə mirasdan qız uşaqlarına pay verilmir, oğlan uşaqlarından da yalnız əli qılınc tutanlara pay ayrılırdı. Məsələ ilə bağlı İslam hökmləri hələ gəlmədiyi üçün insanlar köhnə adətlərlə yaşayır və mal-mülkü də bu adətlərə görə bölüşürdülər. Bax: Taberi, əl-Camiül-Beyan, 4/275; İbn Esir, Üsüdül-Ğabe, 2/96; Vakidi, Meğazi, 1/330
[3]. Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! "Nisa" surəsi, 4/11; Həmçinin bax: Vâhıdî, Esbâbu Nüzûli’l-Kur’ân, 1/50
[4]. Hz.Amrənin hələ dünyaya gəlməmiş uşağına bu mirasdan pay verilməmişdi. Bax: Ahmed İbn Hanbel, Müsned, 3/374 (15062); Ebu Davud, Sünen, 3/121 (2892); Tirmizi, el-Camius-Sahih, 4/414; İbn Mace, Sünen, 2/908 (2720)
[5]. Taberî, el-Câmiu’l-Beyân, 4/275; İbnü’l-Esîr, Üsüdü’l-Ğâbe, 2/96, 97; Vâkıdî, Meğâzî, 1/330 vd
[6]. "Ən-Nisa" surəsi, 4/1,2,3,129
[7]. Beyhakî, Sünen, 7/184 (13835); İbn Kesir, Tefsir, 1/452
[8]. Ebu Davûd, Sünen, 2/272 (2241); İbn Mâce, Sünen, 1/628 (1952); Dârekutnî, Sünen, 3/270 (100)
[9]. Ğaylan ibn Sələmə müsəlman olarkən onun nikahında on qadın var idi və hamısı da onunla birlikdə İslamı qəbul etmişdi. Qeyd olunan ayə nazil olunca isə ancaq dördü onunla nikahda qalır, qalanları ilə yollarını ayırır. Bax: Tirmizi, əl-Camiüs-Sahih, 3/435 (1128); Ahmed b. Hanbel, Müsned, 2/83 (5558); Beyhaki, Sünen, 7/183 (13827)
[10]. "Nisa" surəsi, 4/4-6
[11]. Bu səriyyədən çox keçməmiş  Əbu Sələmə vəfat edir. Bax: Vakidi, Megazi, 1/343
[12]. Abdullah ibn Üneys vəfat etməzdən əvvəl Rəsulullahın bağışladığı bu əsanı kəfəninin yanına qoymağı vəsiyyət edəcək və beləcə, Peyğəmbər müjdəsini alacağını düşünəcəkdi. Bax: İbn Haşam, Sire, 6/31; Taberani, Mucemul-Kebir, 18/406 (101); İbn Kesir, el-Bidaye ven-Nihaye, 4/160
[13]. Bəzi rəvayətlərdə bu heyətin başçısı kimi Mərsəd ibn Əbi Mərsədin adı çəkilir. Bax: İbn Hişam, Sire, 4/123, 136, 6/19; Taberi, Tarih, 2/207;  İbn Sad, Tabakat, 2/55
[14]. Onlar üçün Asimi öldürmək yetmirdi; cansız vücudunu parçalamaq və başını kəsib məkkəlilərə aparmaq istəyirdilər. Çünki o, Bədir döyüşündə Uqbə ibn Muayt kimi nüfuzlu müşriki öldürmüşdü. Onun başını görən məkkəlilərin nə qədər iltifat göstərəcəyini bilirdilər. Bu məqsədlə cəsədin yanına gəlirlər, amma üstündə qaynaşan arılardan imkan tapıb yaxınlaşa blimirlər. Allah (c.c.) duasını qəbul etmiş, bədəninə müşrik əlinin dəyməsinə izin verməmişdi. "Sabah erkən gəlib apararıq" düşüncəsi ilə oranı tərk edirlər. Səhər gələndə Hz.Asimin cəsədini tapa bilmirlər. Belə ki, həmin gecə güclü yağış yağmış, gələn sel Asimin bədənini naməlum istiqamətə aparmışdı. Hz.Asimin duası qəbul olunur və öldükdən sonra bədəninə müşrik əli toxunmur. Bax: Buhari, Sahih, 3/1108 (2880); Ahmed b. Hanbel, Müsned, 2/294 (7915), 2/310 (8082); İbn Hişam, Sire, 4/124
[15]. Bu ərəfədə Hz.Abdullah əllərindəki bağı açmağa müvəffəq olur və qaçmağa başlayır. Ancaq yenə də qurtula bilmir və şəhid edilir. Bax: Vakidi, Meğazi, 1/354; İbn Sad, Tabakat, 2/56; 3/454; Beyhaki, Delail, 3/402 (1226)
[16]. Məkkəlilər onları öldürmək üçün hazırlıq gördükləri zaman Allah Rəsulu bir anda baxışlarını Məkkəyə tərəf çevirir və: – Və əleyhissəlam, – buyurur. Rəsulullahın üzünə kədər çökür. Onun bu vəziyyətini heyrətlə izləyənlər heç nə anlamır və soruşurlar: – Ya Rəsulullah! Bu salam kimin salamına cavabdır, kimin salamını aldınız? – Hubeybin salamına cavabdır, – deyir və Hübeybin Məkkədə şəhid edildiyini xəbər verir. Eyni zamanda bu salam Hubeybin Məkkədəki son sözləri olur. Hz.Hubeyb Allah yolunda dar ağacından asılaraq edam edilən ilk müsəlman idi. Onun şəhadət xəbərindən sonra Allah Rəsulu (s.ə.s.) Amr ibn Ümeyyə və Sələmə ibn Əsləmi Məkkəyə göndərir və onlar da böyük əzab-əziyyətlərdən sonra Hz.Hubeybin cəsədini müşriklərin əlindən alırlar. Bax: İbn Hişam, Sire, 4/126-127; Taberi, Tarih, 2/79-80
[17]. Bu sayın qırx olduğu da rəvayət olunur. Bax: Taberi, el-Camiül-Beyan, 4/173; Taberi, Tarih, 2/82; İbn Kesir, Tefsir, 1/427
[18]. Hz.Münzir şəhidlik arzusu ilə alışıb yanan bir səhabə olduğu üçün ona "ölümə könüllü boyun uzadan" mənasında "əl-Müniqu li Yəmutə" deyilirdi. Bax: İbn Hişam, Sire, 4/138; Taberani, Mucemul-Kebir, 20/357 (841); Taberi, Tarih, 2/81; İbn Hacer el-İsabe, 6/217 (8230)
[19]. Amir ibn Tufeyl Rəsulullaha zəmanət verib yetmiş nəfər suffə əshabı istəyən Amir ibn Malikin qardaşı oğlu idi. Bax: İbn Esir, Üsüdül-Ğabe, 2/65; İbn Hacer, el-İsabe, 3/600
[20]. Haram ibn Milhan Ümmü Süleym validəmizin qardaşıdır. Bax: Beyhaki, Sünen, 9/225; İbn Abdilberr, İstiab, 1/337
[21]. Hz. Haramın bu cümləsi o gün onu öldürən şəxsin hidayətinə səbəb olur. Çünki bu sözlər Cabbar üçün anlaşılmaz idi. Təəccüblənmişdi, necə ola bilərdi ki, əlindəki nizə ilə vurduğu adam ölümə gedərkən "qurtuldum" deyə hayqırır, ölümü bu qədər sevinclə qarşılayırdı? Cabbarın həmin anda bir məna verə bilmədiyi bu sözlər daim zehnində dolaşır və qarşılaşdığı insanlardan Hz.Haramın son sözlərinin mənasını  soruşur. Öz-özünə: – Bu necə qurtuluşdur ki? Mən o adamı öldürmədimmi? – deyə soruşur və heç cür  cavab tapa bilmir. Nəhayət, bir gün bunun şəhadət arzusu ilə dünya sıxıntılarından qurtuluşu ifadə edən bir sevinc təzahürü olduğunu anlayır və duyduğu dəhşət qarşısında: – Allaha and olsun ki, həqiqətən də, qurtulmuşdur, – deyərək müsəlman olur. Bax: Vakidi, Megazi, 1/348; İbn Kesir, el-Bidaye ven-Nihaye, 4/83
[22]. Hüzn peyğəmbərinin kədərini sözlə ifadə etmək mümkün deyildi. Mədinə başdan-ayağa qaraya bürünmüşdü. Bir-birini ardınca baş verən bu iki kədərli hadisənin acısı Mədinədə aylarla hiss edilir və Allah Rəsulu (s.ə.s.) bir ay boyunca sabah namazlarından sonra qunutda duraraq (Allahın əmr etdiyi vəzifənin məsuliyyətindən dolayı, könüllü olaraq ayaqüstə durmaq və Allahın yardımı üçün dua etməkdir. Qunut "ayaq üstə durmaq" deməkdir. Allaha təslim, sayqı və qıyam qunutdur) səbəbsiz yerə yetmiş doqquz səhabəsinin şəhid edildiyi bu iki hadisənin baiskarlarını Allaha həvalə edir. Maunə quyusunda yetmiş səhabəsinə pusqu quran Usayyə qəbiləsi haqqında: "Usayyə Allah və Rəsuluna üsyan etdi,"–buyurur və "Bizim halımızı qövmümüzə çatdırın, çünki biz Ondan, O da bizdən razı olduğu vəziyyətdə Rəbbimizə qovuşduq" məlumatı Ona çatana qədər də bu şəkildə davam edir. Bax: Buhari, Sahih, 3/1031 (2647), 4/1503 (3868), 5/2349 (6031); Müslim, Sahih, 1/468 (677); Ahmed İbn Hanbel, Müsned, 3/215 (13278)
[23]. Bunlar: Hz.Əbu Bəkir, Hz.Ömər, Hz.Osman, Hz.Əli, Hz.Talha, Hz.Zubeyr, Hz.Sad ibn Muaz, Hz.Üseyd ibn Hudayr və Sad ibn Ubadə idi. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 4/318
[24]. Bax. "Maidə" surəsi, 5/11
[25]. Bax: Taberi, Tarih, 2/84, Vâkıdî, Megâzî, 1/367
[26]. Bəzi mənbələrə görə Hz.Əbu Bəkrə tapşırır. Bax. Vakidi, Mügazi, 1/367; Salihi, Sübübül-Hüda ve-r-Reşad, 4/322
[27]. Yəhudilərin arasında Azvək adlı güclü bir nəfər var idi və bu adamın atdığı ox Rəsulullahın çadırına qədər gəlib çatmışdı. Bax: Vakidi, Megazi, 1/372; Salihi, Sübülül-Hüda ver-Reşad, 4/322
[28]. Mühasirənin altı gecə, on beş gün, iyirmi gecə, iyirmi üç gecə və iyirmi beş gecə davam etdiyinə dair müxtəlif məlumatlar var. Bax: Salihi, Sübübüi-Hüda ve-r Reşad,4/323
[29]. "Əl-Həşr" surəsi, 59/5
[30]. Faizin qadağan edilməsi barədə ilahi əmr gəlməmişdi, buna görə də bəzi səhabələrin sələmçilik edən Bəni-Nadirə borcu var idi. Üseyd ibn Hudayr da onlardan biri idi. Əbu Rafi Səlləm ibn Əbi Huqayqdan bir illiyə səksən dinar borc almışdı və bunun əvəzində yüz iyirmi dinar ödəməli idi. Hələ bir il tamam olmamış bu hadisələr baş vermiş və Rəsulullahdan bu təklif gəlincə Hz.Üseyd səksən dinarı ödəməklə borcunu vermiş və Əbu Rafi də pulunu alıb Mədinəni tərk etmişdi. Bax: Vâkıdî, Megâzî, 1/372; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/324
[31]. "Həşr" surəsi, 59/7
[32]. "Əl-Həşr" surəsi, 59/9