Mənəviyyata Açılan Pəncərə

Ümrə səfəri və Hudeybiyyə

Gündüzlər Məkkənin xəyalı, gecələr Kəbədə ibadət yuxuları ilə keçirdi. Allah Rəsulu (s.ə.s.) da bir yuxu görmüş və bu yuxuda əshabının bir hissəsinin saçlarını təraş etdirmiş, digər bir hissəsinin də qısaltmış halda arxayın və təhlükəsiz şəraitdə Kəbəni təvaf etməsinə şahid olmuşdu. Kəbənin açarlarını almış və onu təvaf edərək ümrə vəzifəsini icra etmişdi!

Səhər açılması ilə Rəsulullah yuxusunu əshabına danışmışdı. Mədinə bu müjdə ilə şadlıq etmiş və səhabələr onları uzaqlardan salamlayan Kəbəyə səfər müjdəsinin sevincini yaşamağa başlamışdı. Gedəcək və ümrələrini icra edib Kəbə həsrətinə son qoyacaqdılar. Elə Rəsulullah da bunları deyirdi.

Dərhal hazırlıqlara başlayırlar. Çünki Kəbə kimsənin inhisarında ola bilməzdi. Onu babaları Hz. İbrahim inşa etmiş və Allaha qulluq etsinlər deyə özündən sonrakılara əmanət qoymuşdu. İndi isə bu əmanət müşriklərin əlində hədər olub gedirdi. Onun şan və şərəfini yalnız Allah Rəsulu özünə qaytara bilərdi. Gedəcək və orada Allaha qulluq vəzifəsinin  icra edilmə şəklini şəxsən göstərəcəkdi.

Bu zaman Büsr ibn Sufyan Mədinəyə gəlib müsəlman olur. Geri dönmək istəyəndə Allah Rəsulu ona:

– Ey Büsr, – deyə səslənir, – getməyə tələsmə, bəlkə, birlikdə getdik! Çünki biz, inşallah, ümrə üçün yola çıxmaq üzrəyik.

Məqsəd döyüş deyil, ibadət idi. Ona görə də özləri ilə yalnız vəhşi heyvanlardan qorunmaq üçün kiçik qılınclar götürürlər. Bundan başqa qurban kəsmək üçün bir neçə qoyun və dəvə də aparırlar. Rəsulullah da qurban kəsmək üçün bir dəvə götürmüşdü.

Hicri altıncı ilin zilqədə ayı, yenə bir bazar ertəsi idi. Evinə girib dəstəmaz alan Allah Rəsulu iki qat libas geyərək bayıra çıxır və qapısı önündəki Qasvaya minib yola düzəlir. Artıq yer üzünün mərkəzinə – Kəbəyə doğru səfər başlamışdı. Bu dəfə yanında Ümmü Sələmə validəmiz gedirdi.

Mədinədə yenə İbn Ümmi Məktumu təyin etmişdi.[1] Onunla birlikdə iki yüzü atlı olmaqla min dörd yüz ənsar və mühacir irəliləyirdi.[2] Az da olsa, ətraf ərəb qəbilələrindən gələnlər də bu xoşbəxt karvana qoşulmuşdular. Onların arasında Ümmü Ümüra, Ümmü Məni Əsma binti Amr və Ümmü Amr əş-Əşhəliyyə kimi xanım sahabələr də vardı. Yuxusu görülmüşdü, Kəbəyə girib onu təvaf edəcəklərindən şübhə etmirdilər.

Zül-Xuleyfəyə çatdıqda orada günorta namazını qılırlar. Sonra Allah Rəsulu (s.ə.s.) qurban kəsmək üçün ayrılmış yetmişə qədər dəvənin üzünü qibləyə çevirir, sağ tərəfinə nişan qoymağa başlayır. Bu işin bir qismini özü etdikdən sonra, qalanını Naciyə ibn Cündəbə həvalə edir.

Bu əsnada yenicə Müsəlman olmuş Büsr ibn Sufyanı hüzuruna çağıraraq ona gözətçi kimi irəlidə getməyi əmr edir. Bundan başqa Abbad ibn Bişrin başçılığı altında iyirmi nəfərlik silahlı dəstəni[3] də hər ehtimala qarşı öncül qüvvə kimi göndərir.

Bu zaman Hz.Ömər və Sad ibn Ubadə Allah Rəsulunun hüzuruna gəlir, özləri ilə daha çox silah götürmək məsələsində Onunla danışmaq istəyirlər. Narahatlıqları vardı; Qureyşdən hər şeyi gözləmək olardı. İbadət məqsədi ilə yola çıxsalar da, onların qaydalara hörmət edəcəyinə etibar yox idi. Buna görə də tədbirli tərpənmək istəyirdilər. Ancaq bütün israrlara baxmayaraq, Allah Rəsulu (s.ə.s.) ov silahlarından başqa silah götürməklə razılaşmayacaq və heç bir halda ibadət niyyətindən vaz keçməyəcəkdi.

Ehram və ona aid hökmlər   

Burada iki rükət namaz qılır; hər halında bir ibadət nəşvəsi vardı. Əsas niyyət Kəbəni təvaf etmək idi və Allah Rəsulu da ehrama girir (Həccə (və ya ümrəyə) gedən bir insan ilk olaraq ehrama girməlidir. Həccin şərtlərindən biri olan ehram həcc ya da ümrəyə niyyət edən insanın başqa vaxtlarda mübah (işlənməsi nə günah, nə savab olan əməllər) olan bəzi fel və davranışları müəyyən müddətə özünə haram bilməsi, qadağan etməsidir. Buna "ehrama girmə" də deyilir. Ehrama "Niyyət" və "Təlbiyə" ilə girilir.). Niyyətini əshab ilə də bölüşmək, aydınlaşdırmaq istəyir. Buna görə də dəvəsinin üstünə çıxaraq:

– Ləbbeyk Allahümə ləbbeyk. Ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə lək; vəl-mülkə lə şərikə lək, – deyə təlbiyə gətirməyə başlayır. Ümmü Sələmə validəmiz də  ehram üçün niyyət etmişdi.

İlk dəfə qarşılaşırdılar; ehramla da ilk dəfə tanış olacaqdılar. Rəsulullahın addımlarını  yaxından izləyir və etdiyi hər şeyi təkrarlayırdılar. Addım-addım Onu izləyən səhabələrin çoxu orada ehrama girir. Burada girə bilməyənlər də Cuhfəyə çatan kimi ehrama girəcək və böyük bir sevinc içərisində irəliləyəcəkdilər. Çünki Cuhfəyə qədər ehram girməkdə məcburiyyət yox idi.

Yolçuluq davam edirdi. Beyda adlı mövqedən Bəni-Bəkir, Cüheynə və Müzeynə qəbilələrinə doğru yönələn Rəsulullahın (s.ə.s.) məqsədi onları da bu səfərdə özü ilə birgə görmək idi. Ancaq onlar iş-güclə məşğul olduqlarını bəhanə edib ümrə karvanına qatılmırlar. Karvana qoşulmayan bu insanlar Kəbəyə doğru irəliləyən möminləri arxadan süzür və :

– Məhəmməd bizi silah və sursat baxımından son dərəcə hazırlıqlı olan bir qövmlə döyüşə çağırır. Halbuki O və əshabı bu gün bir oturuma yeyilən dəvə kimidir. Məhəmməd və yoldaşları bu səfərdən əsla sağ qayıda bilməz. Görmürsünüzmü, nə bir silahları var, nə də döyüş hazırlıqları!

Hər halında təbliğ və irşad açıq-aşkar görünən Allah Rəsulu (s.ə.s.) yolda Bəni-Nəhd qəbiləsindən bir dəstə adamla qarşılaşır. Sözünü dərhal Allaha gətirir və onları iman etməyə çağırır. Müsbət cavab vermirlər. Qismət ayaqlarına qədər gəlmişdi. Amma gəlib Allah Rəsuluna süd ikram etmək istəyirlər. Allah Rəsulu:

– Bir müşrikin hədiyyəsini qəbul edə bilmərəm, – deyib qəbul etmir.

Ancaq əshabına dönüb südü satın almağı buyurur. Rəsulullahın əmri dərhal yerinə yetirilir. O günə qədər mal-mülkləri yadellilər tərəfindən qəsb edilən Bəni-Nəhd bu mərdlikdən heyrətə gəlir.

Əshab həmçinin Bəni-Nəhdin ovladığı üç heyvanı da onlardan satın alır, oturub yemək istəyirlər. Daha öncə ehrama girənlər dərhal ehram zamanı ov ovlamağın qadağan olması hökmünü xatırlayır və özlərinin ovlamadıqları bu heyvanların ətindən yeyib-yeməmək barədə soruşurlar:

– Yeyin, – deyir Allah Rəsulu, – özünüz üçün ovladıqlarınız və ya xüsusi olaraq sizin üçün ovlananılanlardan başqa quruda gəzən hər cür heyvan sizə halaldır. Ehramda ikən bunları yeyə bilərsiniz.

Hər addımda dinin yeni bir qaydasını, hökmünü öyrənirdilər. Əbvaya çatanda qurbanlıqlara nəzarət edən Hz.Haciyə Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələrək:

– Ya Rəsulullah! – deyir, – dəvələrdən biri yolda qaldı, yeriyə  bilmir, nə edək?

– Onu kəs və boynundakı ipini də qanına batır, – buyurur,– ancaq ətindən nə sən ye, nə də yoldaşların yesin! Onun ətini digər insanlara verin.

Səhabə Əbu Qatadə hələ ehrama girməyənlərdən idi. İyirmi nəfərlik öncül dəstə ilə hərəkət etmiş, xeyli irəliləmişdi. Fasilə zamanı o da bir kənarda oturub ayaqqabısının bağını bağlamaqla məşğul idi. Bu vaxt bir zebr görürlər. Dəstənin bütün digər üzvləri ehrama girdikləri üçün zebrə bir şey etmirlər, ancaq Qatadənin onu görüb ovlamasını istəyirlər. Əti halal olsun deyə özləri də ona xəbərdarlıq etmir və Qatadə görməsə, zebr qaçacaq deyə narahat olurlar. Nəhayət, zebri Əbu Qatadə də görür. Və görər-görməz də yayını götürüb ata minir. Amma ox və nizəsini götürməyi unudur. Yoldaşlarından onları vermələrini istəyir. Amma heç kim ona yaxın durmur. Çünki bilirdilər ki, zebri ovlamağa kömək etsələr, ətini yeyə bilməyəcəklər:

– Vallah, biz sənə kömək edə bilmərik, – deyirlər.

Əbu Qatadə hirslənir. Atdan düşür, ox və nizəsini götürüb yenidən atlanır. Və çox keçmədən ovladığı zebrlə yoldaşlarının yanına qayıdır. Sevinirlər, səfər əsnasında ilahi ikram bəxş edilmişdi. Bir yandan da ehramda olduqları halda ovlanmış heyvanın ətini yemək məsələsində tərəddüd edirlər. Buna baxmayaraq, oturub zebr ilə qarınlarını yaxşıca doydururlar.

Əbu Qatadə qabaq ayaqlardan birini Allah Rəsulu üçün saxlayır. Hüzura gəlib vəziyyəti Ona danışınca:

– Sizin hər hansı biriniz ovlasın deyə onu göstərdimi? – deyə soruşur.

– Xeyr, – deyirlər.

Daha sonra Allah Rəsulu:

– Onun qalan hissəsini də yeyin. Çünki o, Allahın sizə halal nemətidir, – buyurur. Daha sonra Əbu Qatadəyə dönür və:

– Yanında ondan bir şey qaldımı? – deyə soruşur.

Bunun cavabında Əbu Qatadə Rəsulullah üçün saxladığı qabaq ayağı verir. Ehramlı olduğu halda Allah Rəsulu da ovun ətindən yeyir. Hudeybiyyəyə gəlib çatdıqda səhabə Kab ibn Ucrənin başındakı yaraya həşərat yığılmış və onu ciddi narahat etməyə başlamışdı. Rəsulullah (s.ə.s.) onun yanına gəlib vəziyyətini görüncə:

– Başına daraşmış həşərat sənə əziyyət verirmi? – deyə soruşur.

– Bəli!

– Sənin bu qədər haldan düşəcəyini heç düşünməmişdim, – deyir və başını təraş etdirməsinə izin verir. Daha sonra da bunları tapşırır:

–Bunun üçün sən ya üç gün oruc tut, ya altı fəqirin qarnını doydur ya da bir qurban kəs![4]

Bütün bunlar ehramlı bir müsəlmanın davranış qaydalarını müəyyən edən örnəklər idi və əshab da bunlarla ilk dəfə qarşılaşırdı. Hər addımlarında yeni bir şey öyrənir və Allaha daha yaxın bir qul olmaq üçün, sanki, bir-biri ilə yarışırdılar.

Əmin-amanlıq gətirən səfər

Yolçuluq davam edirdi. Min dörd yüz nəfərlik bir insan kütləsi Məkkəyə doğru irəliləyir, amma heç bir yerli qəbilələrə zərrə qədər xətər yetirilməsinə imkan verilmirdi. Nə rastlaşdıqları yerlərdə insanlar narahat edilir, nə də qarşılarına çıxan bağ-bağçaların talanına imkan verilirdi. Sanki, bu yolçular yer üzünə enmiş mələklər idi. İnsanlıq ilk dəfə Hicazda haqq və ədalətə həssaslıqla riayət edən bir anlayışla, bir düşüncə – bir dinlə qarşılaşırdı.

Müsəlmanlar heç kimin malına göz dikmirdilər. Onları uzaqdan seyr edənlər bu fərqi görüb yaxınlaşır və Allah Rəsuluna hədiyyələr vermək istəyirdilər. Oğlu ilə birgə İma ibn Rahda gəlir və Allah Rəsuluna (s.ə.s.) iki yüz qoyun və süd yüklü iki dəvə hədiyyə edir. O da öncə:

– Allah sizə bərəkət ehsan etsin, – deyərək onlara dua edir və sonra da bu hədiyyəni səhabələri arasında bölüşdürür.

Bu, Yer üzündə gözəl qəbul edilmənin, gözəl görülmənin, sevilmənin bir göstəricisi idi və təkcə bununla məhdudlaşmayacaqdı. Qarşılarına çıxan hər qəbilə bu təmiz, pak davranışı heyranlıqla seyr edir və əlindəki çörək, tərəvəz və başqa ən dəyərli nemətləri bu mələk ruhlu insanlara hədiyyə etmək istəyirdilər. Hətta Allah Rəsulu (s.ə.s.) bu yolçuluq zamanı Ona ikram edilmiş gözəl qoxulu və içi südlü bir bitkini yeyincə çox xoşlamış, ondan Ümmü Səlamə validəmizə də vermişdi.

Məkkəlilərin münasibəti

Allah Rəsulunun əshabı ilə ümrə niyyəti ilə Məkkəyə doğru gəlməsi xəbəri məkkəliləri təşvişə salmışdı. Qorxurdular. Heç gözləmədikləri bir vaxtda Hz. Məhəmməd (s.ə.s.) üstlərinə gəlirdi. İşin ucunda savaş görünməsə də, bu, psixoloji olaraq onların acizliyini ortaya çıxarırdı. Buna görə də dərhal müşavirəyə toplanıb vəziyyəti müzakirə etməyə başlayırlar.

– Məhəmməd ordusu ilə üstümüzə gəlib ümrə etmək istəyir. Bunu eşidən və hələ dünənə qədər aramızda yaşanan hadisələrə şahid olan ərəblər Onun qəfil üzərimizə gəlişini necə qiymətləndirər?! Vallah, nə qədər canımızda can var, onların Məkkəyə girməsinə imkan verməyəcəyik, – deyirlər.

 Bununla yanaşı, "ümrə etmək adı ilə Məkkəyə girib əsgərləri ilə bizə hücum edəcək" fikrini irəli sürənlər də var idi.

Müzkirədə əsas fikir nəyin bahasına olursa-olsun, möminlərin Məkkəyə girməsinə imkan verməmək idi və nəticə olaraq, bu işin təşkili Safvan ibn Ümeyyə, İkrimə ibn Əbu Cəhil və Süheyl ibn Amra həvalə edilir. Onlar da özbaşına heç bir addım atmayacaqları barədə Qureyşə təminat verirlər. İlk məsələ iki yüz nəfərlik öncül dəstəni qabaqcadan Küraül-Qanimə göndərmək idi və bu təklifə Qureyş:

– Çox gözəl fikirdir, – deyir.

Bu qərardan sonra dərhal Xalid ibn Vəlidin başçılığı altında iki yüz atlı göndərirlər. Bunlar Küraül-Qanim adlı yerə gedəcək və Hunoğulları, Bəni-Haris, Bəni-Abdimənah,  Bəni-Mustalıq adı ilə tanınan və o bölgədəki dağın adı ilə Ahabış adlandırılan qəbilələri və Saqif kimi özləri ilə paralel hərəkət edən qövmləri döyüşə hazırlıqlı olmağa çağıracaqdılar. Gediləcək ünvan da müəyyənləşdirilmişdi: Bəldah.

Bu ərəfədə Qureyş, xüsusən, Ahabış qəbilələrinə ziyafətlər verməyi ehmal etmir, başda Darun-Nədvə olmaqla Safvan ibn Ümeyyə, Süheyl ibn Amr, İkrimə ibn Əbu Cəhil və Huvaytib ibn Abdiluzzanın evində ziyafətlər təşkil edirlər.

Ünvan məlum idi. Artıq hazırlıq görüb yola çıxan hər kəs Bəldaha gəlirdi. Çox keçmədən çadırlar qurur, nəyin bahasına olursa-olsun, möminləri buradan o tərəfə buraxmamağa and içirlər. Qureyş qadınları və uşaqları da bura axışırlar. Dağda müəyyən məsafələrlə gözətçilər yerləşdirilir və onlara müsəlmanların gəlişini gizlicə xəbər vermək tapşırılır.

Onların bu hərəkətlərindən xəbərdar olan yeni mömin Büsr ibn Sufyan Rəsulullahın hüzuruna gəlir. Bu zaman möminlər Usfan yaxınlığında Qadirül-Əştad adlı yerdə idilər:

– Ya Rəsulullah, – deyir, – bu qureyşlilər Sənin gəliş xəbərini eşidib sağmal dəvələrini, arvad-uşağını da özü ilə götürüb zirehlərini geyinərək Zu-Tuvada qərargah qurmuşlar. Səni Məkkəyə buraxmamaq üçün Allaha and içiblər. Xalid ibn Vəlid də iki yüz atlı ilə birlikdə Küraül-Qanim adlı yerdə gözləyir.

Hz. Büşrü diqqətlə dinləyən Rəsulullah (s.ə.s.) Allah naminə (Allahın adına and içib) yola çıxanların bu anlaşılmaz hərəkətlərini heyrətlə qarşılayacaq və hər dəfə də qılınca sarılan, qırğın və müharibə tərəfdarı olan qureyşlilərə istənilən halda qalib gələcəyini dilə gətirəcəkdi.

Yenidən müşavirə və salatul-xavf (qorxu namazı)

Xəbərlər yeni bir böhranın ilkin əlamətlərini göstərirdi və Allah Rəsulu (s.ə.s.) əvvəlcə yolu dəyişdirmək əmrini verir, daha sonra da əshabına üz tutur, Allaha həmd edərək deyir:

– Ey müsəlmanlar! Fikrinizi bildirib Mənə yol göstərin, nə deyirsiniz? Qureyş Ahabış qəbilələrinə yemək yedizdirib bizi Beytullahı təvaf etməkdən məhrum etmək istəyir, nə edək? Birbaşa Beytullaha yönəlib bizi ondan məhrum etmək istəyənlərləmi vuruşaq, yoxsa bunlara yardım edən ətraf qəbilələrin cəzasını verək?! Belə ki, bu vəziyyətdə bizimlə döyüşməyə imkan tapa bilməz, Allah da onları rəzil-rüsvay edər.

– Doğrusunu Allah və Rəsulu bilər, – deyir Hz.Əbu Bəkir, – ancaq ya Rəsulullah! Biz döyüşmək niyyəti ilə gəlməmişik. Heç kimlə vuruşmaq fikrimiz də yoxdur! Yaxşısı budur, biz yolumuza davam edək. Bizi Beytullhı təvafdan əngəlləmək istəyənlər olarsa, onlarla vuruşarıq.

Üseyd ibn Hudayr da buna oxşar sözlər deyir. Əshabın ümumi fikri bu idi və hamısı da Hz.Əbu Bəkrin dediklərini təkrarlayır. Bu zaman Miqdad ibn Əsvəd irəli çıxıb:

– Allaha and olsun ki, biz, ya Rəsulullah! Bəni-İsrailin Hz.Musaya söyləyi kimi Sənə: "Sən və Rəbbin get, biz burada oturarıq," – demərik. Əksinə: "Sən və Rəbbin dilədiyin hökmü ver, çıx qabağa, biz də Səninlə birlikdə vuruşmağa hazırıq,"  deyərik, – deyir.

Sədaqət və iman sabit idi və Allah Rəsulu da:

– Haydı, Allahın adı ilə addımlayın! – buyurur.

 Yenidən hərəkətə başlayırlar. Nəhayət, Usfanla Dəcnan arasındakı Qamim adlı vadiyəcən  gəlib burada dayanırlar.

Digər tərəfdə Xalid ibn Vəlid Allah Rəsulu (s.ə.s.) və əshabınını yerini irəliləyərkən çıxan toz-torpağa baxıb təyin edir və məkkəlilərə xəbər verir, daha sonra atlı dəstəsi ilə Qamimə gəlir. Möminlərlə qiblə arasında durur və Rəsulullahla əshabını bir xeyli seyr edir.

Onun gəlişini görən Allah Rəsulu (s.ə.s.) öncə əshabını cərgə ilə düzür. Abbad ibn Bişrə əmr edir, atlı dəstələrlə hazır olmağı tapşırır. Çünki bundan sonra hər şey ola bilərdi.

 Hər iki tərəf bir-birini süzür, ancaq heç biri hücum etmir. Bu zaman günorta namazının vaxtı girir. Allah Rəsulu (s.ə.s.) Hz. Bilala səslənərək azan oxumağı əmr edir. Hamı susur və Qamimdə Hz. Bilalın yanıqlı səsi yayılır. Azandan dərhal sonra Allah Rəsulu qibləyə üz tutub namaza durur, əshab da arxasında düzülərək namaz qılmağa başlayır. Beləcə  namazlarını da bitirir və hərə öz yerinə çəkilir.

Bütün bunları seyr edən Xalid ibn Vəlid peşmançılıq içində: "Onların üstünə hücum edib qılıncdan keçirməyin əsl vaxtı idi. Eybi yox, hər halda onların öz uşaqlarından və canlarından çox istədiyi başqa bir namaz mütləq olacaq. O zaman hücum çəkib hamısını qılıncdan keçirərik," – deyə düşünür.

Demək ki, müsəlmanlar əsr namazına durduqları zaman onlara hücum edəcək və qabaqlarına çıxanı qılıncdan keçiricəkdilər.

Amma gözlədikləri kimi olmur. Belə ki, bu zaman Cəbrail gəlir və Rəsulullaha səmalardan yeni ayələr gətirir. Gələn ayədə Ona: "Ey Rəsulum, – deyir Uca Allah, – Sən əsgərlərin içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını özlərilə götürsünlər. Namazlarını qılıb səcdə edən kimi sizin arxanıza düşmənin önünə keçsinlər. Sonra namaz qılmamış o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmaya idi və onlar da sizin üzərinizə birdəfəlik basqın edə idilər.

Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı namaz vaxtı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatı əldən verməyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!

Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə namazı öz qaydasınca qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.

Düşmən qövmü təqib etməkdə, ey müsəlmanlar, zəiflik göstərməyin! Əgər siz yaralarınızdan və səfərin çətinliklərindən əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir!"[5]

Hər bir hadisə yeni hökmün gəlməsinə səbəb olurdu. Üstlərində daima bir inayət əli dolaşır və onların hər addımını xeyir naminə istiqamətləndirirdi.

Xalid ibn Vəlid Müsəlmanlara hücum etmək üçün əsr namazını gözləyir, Uca Allah isə möminlərə əvvəlcədən xəbərdarlıq edir, necə davranmalı olduqlarını bildirirdi.

Vaxt çatıb azan oxunmağa başladıqda hücuma hazırlaşan Xalid ibn Vəlid Rəsulullahın  (s.ə.s.) qibləyə dönərək namaza durduğunu görür, amma günorta namazındakı kimi deyil. Əshabın bir hissəsi namaza durmamışdı. Xalid ibn Vəlid çaşıb-qalır. Belə ki, ayədə qeyd edilən namaz artıq tədbiq olunur, Allah Rəsulu (s.ə.s.) əshabı ilə birlikdə qorxu namazı qılırdı. Buna görə də əshabını iki yerə ayırmışdı. Hər bir rükəti bir dəstə səhabə ilə qılır, digər dəstə isə  keşik çəkirdi.

Hudeybiyyəyə doğru

Axşam olunca Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Sağ tərəfə dönüb o ağaclıqlara tərəf gedin, – buyurur, – Zatül-Hanzal təpəsini kim tanıyır? – deyə soruşur. Məqsədi Xalid ibn Vəlidin xəbəri olmadan yola çıxmaq və məkkəlilərə olan mərhəmətinin bir təzahürü olaraq onlarla qarşı-qarşıya gəlməmək idi. Büreydə ibn Husayb:

– Mən tanıyıram, ya Rəsulullah, – deyə səslənir.

Hz. Büreydəyə dönən Allah Rəsulu:

– Onda düş qabağımıza, – buyurur.

Gecənin qaranlığından istifadə edib yeni bir yolçuluğa başlamışdılar; öndə Hz. Büreydə arxada İslam ordusu irəliləyirdi.

Qərbə doğru gedirdilər. Səravi dağlarının Asal tərəfini istiqamət götürmüşdü Hz. Büreydə. Xalid ibn Vəlid isə öz adamları ilə birlikdə hər şeydən xəbərsiz hələ də orada gözləyirdi.

Çox mürəkkəb və çətin şəraitdə irəliləyirdilər. Hətta iş o yerə gəlib çatır ki, Hz. Büreydə ayaqlarındakı yaralardan yeriyə bilmir. Buna görə Allah Rəsulu onun dəvəyə minməsini və onlara yolu tanıyan başqa bir adamın bələdçilik etməsini istəyir. Bu dəfə Həmzə ibn Amr irəli çıxır. O da müəyyən yerə qədər gələndən sonra yolu qarışıq salır. İndi lazım olan yerə çatmaq üçün başqa bir bələdçiyə ehtiyac vardı. Bu dəfə önə çıxan Amr ibn Abdinühm əl-Əsləmi idi. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) önünə düşüb irəliləyir. Şərait ağır, yol da qarışıq. Səhabələr kol-kosa ilişməmək üçün başını aşağı əyərək yeriyirdi. Niyyət səmimi olanda inayət də özünü göstərir. Gecənin qaranlığında bədirlənmiş ay yollarına işıq salır, sərin meh ən sıxıntılı anlara həmdəm olurdu.

 Bir yerə gəlib çatanda Allah Rəsulu (s.ə.s.) qarşıdakı bir təpəni göstərib:

– Bu təpə Zatül-Hanzal təpəsi deyilmi? – deyə soruşur. Hz. Amr:

– Bəli, ya Rəsulullah! Ora Zatül-Hanzal təpəsidir, – deyir.

– Mirar təpəsinə kim çıxarsa, Bəni-İsrailin günahlarının bağışlandığı kimi, onun da günahlarını bağışlanar, – deyə Rəsulullah (s.ə.s.) buyurur.

Bunu eşidən səhabələr təpəyə dırmanmaqda bir-birilə yarışır. Bu mənzərəni görən Allah Rəsulu:

– Bu gecə bu təpənin misalı Bəni-İsrail haqqında Allahın: "Şəhərin qapısından əyilərək keçin və girərkən də: "Əfv et, ya Rəbbi!" – deyin ki, xətalarınızı bağışlayım!" – buyurduğu  qapının misalı kimidir, – deyir

Çətinliklər arxada qalmış, daha təhlükəsiz bir yerə gəlmişdilər. Bu zaman Allah Rəsulu (s.ə.s.):

– Allahdan bağışlanma diləyir və yenə Ona tövbə ilə qəlbən yönəlirik, – deyə nəsihət edir.

Onun hər addımını diqqətlə izləyən əshab bir ağızdan bağışlanma diləyib tövbə edir. Sonra da Rəsulullah (s.ə.s.):

– Şübhəsiz ki, bu, İsrailoğullarına təklif olunan, onların da imtina etdiyi bağışlanma və tövbə şəklidir, – buyurur.

Allah Rəsulu əshabına bir müjdə də verir:

– Allah bu gecəni bu təpədə keçirən hər kəsi mütləq bağışlayacaqdır!

Lazım olan yerə gəlib çatmışdılar. Bir müddət dincələcək və qarınlarını doyuracaqdılar. Ancaq yanan tonqalların Qureyşi "çağırmasından" ehtiyat edirdilər. Gəlib bu narahatçılığı Allah Rəsuluna açıqladıqda Rəsulullah (s.ə.s.):

– Onlar sizi əsla görməyəcəklər, – buyurur.

Rəsulullah (sallallahu əleyhi və səlləm) səhərin ilk işıqları ilə əshabına sübh namazını qıldırır. Eyni zamanda qızıl dəvəli bir nəfərdən başqa bu təpədə gecələyən hər bir kəsə İlahi əfvə layiq görülmə müjdəsini verir. Əshab arasında böyük bir sevinc yaşanır. Ancaq hamı əfv edilməyən bu qızıl dəvəli adamı görmək istəyir. Bu adam səhabələr arasına qatılan dəvəsini itirmiş Dəmrəoğullarından biri idi. Məsələni ona danışıb Allah Rəsulunun hüzuruna gəlməsi təklif ediləndə bunu rədd edəcək və dəvəsinin tapılmasının onun üçün daha vacib olduğunu söyləyəcəkdi.[6]

Hudeybiyyə və su ilə gələn bərəkət

Yolçuluq davam edirdi. Nəhayət, Hudeybiyyə adlı yerə yaxınlaşanda gölənilməz  vəziyyətlə qarşılaşırlar: Qasva çökür, bütün cəhdlərə baxmayaraq, ayağa qalxıb yerimək istəmirdi. Qasvanın çökməsinə və əshabın ciddi səylərinı baxmayaraq, yerindən tərpənməməsinə Allah Rəsulu bir məna verə bilmir. Əshab:

– Qasva inad etdi, –  dedikdə Rəsulullah dərhal:

– Xeyr! Qasva inad etmədi, onun belə bir adəti yoxdur. Ancaq vaxtı ilə Fil ordusunun Məkkəyə girməsinə izin verməyən Allah onu da dayandırdı, – buyurur.

 Çünki kainatda təsadüf yoxdu, hər bir hadisə Allahın izni ilə baş verirdi. Eyni zamanda bu vəziyyət Məkkəyə gedib və nəticəsi bəlli olmayan hadisələrlə qarşılaşmaqdan daha yaxşı idi. Çünki əməlli-başlı gərginləşən bu atmosferdə çoxlu qan tökülə bilərdi. Bir də Məkkədə o günə qədər müsəlman olduğu halda imanlarını gizləyən möminlər var idi ki, Mədinədəki əshab onlardan xəbərdar deyildi. Müsəlmanlar belə bir şəraitdə qılınca sarılıb döyüşərdisə, fərqinə varmadan məkkəli möminlərin canına qıya bilərdi. Eyni zamanda, Məkkədə potensial müsəlmanlar – sabahın möminləri var idi: Onların ya özləri, ya da nəsillərindən bir çox insan Allah Rəsuluna sədaqətlərini bildirəcək və Onun yolunda ölümə belə gedəcəkdilər. Əgər belədirsə, onda sülh bağlamaq bir növ zərurətə çevrilmişdi və Allah Rəsulu da:

– Məhəmmədin nəfsi (canı) qüdrəti əlində olan Allaha and olsun ki, bu gün mənə nə təklif etsələr, onu da Allah naminə qəbul edəcəyəm, – buyurur.

Sülh Peyğəmbəri yenə sülhü seçirdi.

Allahın bəyanını alan Allah Rəsulu (s.ə.s.) Qasvanın yönünü dəyişdirərək qaldırmaq istəyir. Elə təxmin etdiyi kimi də olur; Qasva ayağa qalxıb gedir. Bu hərəkət bildirilən bəyanın doğruluğunu da təsdiq edir.

Artıq Hubeydiyyənin ucqar nöqtəsinə qədər gəlmişdilər. Hava olduqca isti idi; insanların suya ehtiyacı vardı. Eyni zamanda hadisələrin gedişi bir müddət burada qalmalı olacaqlarını göstərirdi. Buna görə də Rəsulullah (s.ə.s.) içində bir qədər su olan bir quyunun yanına gəlib orada qonaqlayır. Yaxın ərazilərdə başqa bir quyu yox idi.

Rəsulullahın düşərgə saldığı yer Hərəmdən kənarda qalır. Ancaq Allah Rəsulu (s.ə.s.) Məkkə Hərəminə daxil olan əraziyə qədər gəlir və namazlarını ancaq burada qılırdı.

Əsr vaxtı idi. Allah Rəsulu dəstəmaz almaq üçün əlinə su qabı götürmüşdü. O, dəstamaz alanda səhabələr ətrafına toplaşıb Ona baxırdı. Allah Rəsulu (s.ə.s.) onlara dönür və:

– Sizə nə olub?

– Məhv olduq, ya Rəsulullah, – deyirlər.

– Mən sizin aranızda olduğum müddətdə məhv olmazsınız, – buyurur Alah Rəsulu.

– Ya Rəsulullah, – deyirlər, – Sənin əlindəkindən başqa nə dəstamaz almağa, nə də içməyə bir damcı suyumuz var!

Susuzluq son həddə çatmışdı və görünür, əshab Allah Rəsulundan bir möcüzə gözləyirdi. O da əvvəlcə tuluqlardakı suyu bir qaba boşaltmağı əmr edir, sonra da mübarək barmaqlarını bu qabın içinə doğru yönəldib dua etməyə başlayır. Bunun  ardınca:

– Haydı, indi götürün! Buyurun! Bismillah, – deyir.

Əshab diqqətlə baş verənləri izləyirdi. Aman Allah! Bir də nə görsələr, yaxşıdı? Rəsulullahın barmaqlarından su axır.

Tuluğunu götürən qaçır. Bu sudan doyunca içir, dəstəmaz alır və heyvanları da  suvarır.[7] Üzlər yenidən gülməyə başalayır Hudeybiyyədə. Bir müddət üçün su ehtiyaclarını təmin etmişdilər. Bütün bunları seyr edən Allah Rəsulu (s.ə.s.):

– Allahdan başqa ilah olmadığına və Mənim də Onun Rəsulu olduğuna şəhadət edirəm, – deyir və Rəbbinə həmd edir.[8]

Yağış bərəkəti və bir xəbərdarlıq

O gecə Hudeybiyyədə qəlblərə fərəh verən bir mərhəmət yağışı yağır, quruyan otlar cana gəlir. Möminlər üçün də bu, ilahi mərhəmətin bir təzahürü idi. Ancaq hər kəs eyni dərəcədə həssaslıq göstərmir, lap vaxtında dada çatan bu bərəkəti səbəblərlə bağlayır, onu həqiqi mənada göndərən Qüdrəti görə bilmir. Xüsusilə, Abdullah ibn Übeyy ibn Səlul kimi qəti  mövqeyi  olmayanlar:

– Bu payız ayında baş verən təbii bir hadisədir. Onu bizə Şira ulduzu endirmişdir, – deyirlər. Bu qədər ehsanla qarşılaşa-qarşılaşa onları bəxş edən Uca Qüdrəti görməmək olmazdı.

Allah Rəsulu (s.ə.s.) sabah namazını qıldırdıqdan sonra əshabına dönür və:

– Bilirsinizmi, Rəbbiniz sizə nə deyir? – soruşur.

– Allah və Rəsulu ən yaxşısını bilir! – deyə cavab verir əshabı. Söz yenə Onun idi. Rəsulullah ümumi danışır, heç kimi incitmədən məqsədini bildirir.

– Allah buyurdu ki, – deyə sözə başlayır. Görünür, Cəbrail gəlmiş, səmalardan yeni xəbərlər gətirmişdi. Hər hadisədə ilahi təlimat əsasında hərəkət etməyə adət edən əshab diqqətlə Onu dinləyirdi. Və davam edir sözlərinə:

– Qullarım arasından kimi mömin, kimi də kafir olaraq sabahlamışdır. Sabaha mömin olaraq çıxanlar: "Allahın rəhmət və bərəkəti ilə üzərimizə yağış yağdırıldı," – deyənlərdir ki, Mənə inanmış və ulduzları da inkar etmişlər! "Bu ulduzlar vasitəsilə bizə yağış yağdı," – deyənlər Məni inkar edib ulduzlara tapınan talesiz insanlardır!

Beləliklə, heç kəsi incitmədən danışır, aradakı pərdəni götürmədən bir yanlışı da düzəldir, əshabına səbəbləri "yaradan" bilib Müsəbbibil-Əsbabı – bütün səbəbləri var edən Allahı görməmək kimi bir yanlışlığa düşməməsi üçün xəbərdarlıq edir.

Bu əsnada səhabələrdən Amr ibn Salim və Büsr ibn Sufyan Allah Rəsuluna qoyun və dəvə hədiyyə etmişdi. Daha sonra Hz. Amr buna bənzər hədiyyəni yaxın dostu Sad ibn Ubadəyə də çatdırır, o da gəlib Allah Rəsuluna təqdim edir. Bundan sonra Allah Rəsulu:

– Amr bu sürüləri də bizə hədiyyə etdi. Allah Amrın bərəkətini artırsın! – deyə dua edir.

Sonra da bu heyvanları kəsməyi və əshab arasında bölüşdürməyi tapşırır. Özü də Ona hədiyyə edilmiş qoyun və dəvələrin ətindən başqaları qədər pay götürür və beləliklə, çətin zamanlarda birlikdə olduqları kimi, bolluq vaxtı da ürəklərinin birgə döyündüyünü göstərir.

Dialoqun bəhrəsi

Elə bu zaman Amr ibn Silim, Hıraş ibn Ümeyyə, Xaricə ibn Kürz və Yezid ibn Ümeyyənin də daxil olduğu heyətlə birgə Büdeyl ibn Vərqa Allah Rəsulunun (s.ə.s.) qərargahına gəlir. Hamısı da Huza qəbiləsinə mənsub idi. Huza isə müsəlman olsun-olmasın, daima Allah Rəsuluna sirdaş olan bir qəbilə idi: aralarında dialoq, yaxşı münasibətlər vardı. Tihamə bölgəsində baş verən hər şeyi Allah Rəsuluna bildirir, beləliklə, bir növ "kəşfiyyat xidməti" vəzifəsini yerinə yetirirdilər. İndi isə ən kritik bir nöqtədə bu dialoq səmərə vermiş, vəziyyətdən nəticə çıxaran Huza heyəti Allah Rəsulunun (s.ə.s.) köməyinə gəlmişdi. Salam verdikdən sonra Büdeyl sözə başlayır:

– Biz Sənin qövmün olan Kab ibn Lüeyy və Amr ibn Lüeyy qəbilələrinin yanından gəlirik, – deyir, – onlar Ahabış adlı ətraf qəbilələri, həmçinin özlərinə bağlı digər qəbilələri Sənə qarşı təhrik etmişlər. Özləri ilə yanı balalı dəvələri və arvad-uşaqlarını da götürüb gəlmiş, Hudeybiyyə suları ətrafında yerləşmişlər. Allaha and içir, böyüklərini qurban vermədikcə  Səninlə Beytullah arasından çəkilməyəcəklərini deyirlər.

Allah Rəsulu (s.ə.s.) böyük səbir və diqqətlə Büdeyli dinləyir. Gələnlər Qureyşdən xəbər gətirdikləri kimi, Rəsulullahın təkiflərini də onlara aparacaqdılar. Eyni zamanda bu, sülh məhvərində Qureyşlə ilk dəfə ortaq məxrəcə gəlməyin göstəricisi idi. Buna görə də fikirlərini mümkün qədər aydın bildirməli və İslamın da şərəfini qorumaqla bir razılaşma  zəmini tapmalı idi:

– Biz heç kimlə döyüşməyə gəlməmişik, – deyə Allah Rəsulu (s.ə.s.) sözə başlayır, – biz ancaq Beytullahı təvaf etmək üçün yola çıxmışıq. Kim bu işdə bizə mane olmaq istəsə, onunla döyüşərik. Onsuz da hər fürsətdə qılınca sarılıb döyüşə atılmaq Qureyşə çox ziyan vurmuş, onu pərişan etmişdir. Əgər istəsələr, onlara özlərinin təhlükəsizliyini təmin etmək üçün vaxt verək və onlar da insanlarla bizim aramıza girməsinlər – digər insanlar onlardan daha çoxdur. Əgər insanlar Mənə qalib gəlsələr, – onsuz da onların (Qureyşin) da istədiyi budur – çox gözəl. Əgər Mənim məfkurəm o insanlara üstün gələrsə, o vaxt da onlar istəsələr, İslamı qəbul edər, istəsələr də, qılınca sarılıb Mənimlə döyüşərlər. Həm də bu müddət ərzində dincəlmiş olarlar. Əgər bütün bunlara müsbət yanaşmasalar, bax o zaman bu başım bədənimdən ayrılana qədər amalım uğrunda bütün cəhdlərimi ortaya qoyacağam. Allah da hökmünü icra edəcəkdir!

Peyğəmbərimzi (s.ə.s.) diqqətlə dinlədikdən sonra:

– Söylədiklərini olduğu kimi, qureyşlilərə çatdıracağam, – deyən Büdeyl və yoldaşları hüzurdan ayrılıb birbaşa Qureyşin yanına gedir. Onların gəldiyini görənlər:

– Büdeyl və yoldaşları gəlir. Çox güman, ağzınızı arayıb məlumat toplamaq məqsədi ilə aranıza gəlir! Onlardan bir kəlmə belə soruşmayın! – deyirlər. Bir anda ortalıq buz kimi olur. Vəziyyəti anlayan Büdeyl onların sükutu qarşısında çarəsiz sözə başlayır.

– Biz Məhəmmədin hüzurundan gəlirik, – deyir, – onlardan gələn xəbərləri eşitmək istəmirsinizmi?

Sükut hələ də davam edir. Üstəlik İkrimə ibn Əbu Cəhil və Hakəm ibn As irəli çıxıb:

 – Onun haqqında verəcəyin hər hansı bir məlumata ehtiyacımız yoxdur, – deyirlər, – ancaq Ona deyə bilərsən ki, aramızda bircə adam qalana qədər mücadilə edib Onun bu il Məkkəyə girməsinə izin verməyəcəyik!

Beləliklə, onlar fikirlərində sona qədər qərarlı olduqlarını bildirmək istəyir, bununla heç bir başqa variantı qəbul etməyəcəklərini göstərirdilər. Ancaq hamısı eyni cür düşünmürdü. Urvə ibn Məsud irəli çıxır:

– Büdeyli dinləmək lazımdır. Xoşunuza gəlsə, qəbul edərsiniz, xoşunuza gəlməsə, rədd edərsiniz, – deyir.

Daha sonra Safvan ibn Ümeyyə və Haris ibn Hişam Büdeylə dönüb:

– Danış, baxaq nə görüb-eşitmisiniz, – deyirlər.

Nəhayət, danışmağa fürsət verilmişdi. Elə isə bu fürsətdən istifadə etmək lazım idi:

– Siz Məhəmməd haqqında tələsməklə düşünmədən qərar verirsiniz, – deyə Büdeyl sözə başlayır, – çünki O, savaşmaq məqsədi ilə deyil, ümrə etmək niyyəti ilə yola çıxmışdır!

Büdeyl Rəsulullahın dediklərini təkrar-təkrar danışınca məclisin havası dəyişir. Bədir, Uhud və Xəndəyin yaraları beyinlərində ikən çıxdıqları bu yeni yolda, sanki, savaşdan başqa bir alternativin mövcudluğu görünürdü. Buna görə təcrübəli Urvə yenidən irəli çıxır:

– Ey Qureyş, – deyir, – siz məndən heç şübhələnmisinizmi?

– Xeyr, – deyirlər.

Görünür, onların təsdiqi əsasında hökm verəcəkdi.

– Siz mənim atam yerində deyilsinizmi?

– Bəli, elədir!

– Mən də sizin oğlunuz kimi deyiləmmi?

– Bəli, bu da düzdür.

– Yəqin ki, bir gün şəxsən övladlarım və mənə itaət edənlərlə birlikdə sizin köməyinizə çatıb Uqazdakı insanları sizdən necə uzaqlaşdırdığımı xatırlayırsınız![9]

– Bəli, doğrudur, elə etmişdin! Heç birimiz sənin səmimiyyətinə şübhə etmirik!

– Elə isə bu gün mənim sizə bir tövsiyəm var. Bilirsiniz ki, sizi çox sevirəm. Sizin xeyrinizə olanı gizlətmərəm! Büdeyl buraya əslində çox ağlabatan bir planla gəlib. Bunu ancaq ağlı başında olmayan cahillər görməməzliyə vura bilər! Onları qəbul edin! Məni də bütün bunların doğru olub-olmadığını yoxlamaq üçün göndərin ki, sizə işin həqiqi tərəfini bildirim. Onun yanında nələr baş verdiyinə bir baxım və casusunuz kimi Ondan sizə yeni xəbərlər gətirim!

Urvə ibn Məsud 

Onsuz da itiriləcək bir şey yox idi və qureyşlilər təklifin ağlabatan olduğunu görüb onu Allah Rəsulunun (s.ə.s.) yanına göndərirlər. Gələn kimi:

– Ya Məhəmməd, – deyə səslənir, – mən Kab ibn Lüeyy və Amir ibn Lüeyyi sağmal dəvələri və arvad uşaqları ilə birlikdə Hudeybiyyə sularının başında qoyub gəlmişəm. Ahabış qəbilələri və onlara itaət edən digər insanlar qureyşlə birlikdə Sənə qarşı birləşiblər! Aslan dərisi geymiş və Sən onları əzib keçmədikcə Beytullahla aranızdan çəkilməməyə and içmişlər! Bu vəziyyətdə Sən iki yoldan birini seçməlisən; ya qövmünü əzib keçəcək, onları yox edəcəksən – ki, indiyə qədər öz qövmünü və ailəsini əzib yox edən şəxs olmamışdır! – ya da bu ətrafında gördüyün insanlar Səni tək qoyub məğlubiyyətə uğradacaqlar! Vallah, mən Sənin ətrafında şərəfli insan görə bilmirəm. Onların çoxu haradan gəldikləri bəlli olmayan yığma insanlardır! Onların nə üzlərini tanıyıram, nə də əsil-nəcabətləri haqqında bir şey bilirəm! Əgər savaşmalı olsan, ətrafındakılar dağılıb gedəcək və Sən də əsir düşəcəksən. Sənin üçün bundan ağır və dəhşətli nə ola bilər!

Urvənin sözləri həzm ediləsi deyildi və o anadək Rəsulullahın (s.ə.s.) arxa tərəfində böyük bir ədəblə baş verənləri izləyən Hz. Əbu Bəkrin səbrini daşırmışdı. Nə qaçmaq?!  Orada olanların hamısı tikə-tikə doğranmayınca Allah Rəsulunun bir tükünə belə toxuna bilməzdilər. Elə isə Urvənin cavabını vermək lazım idi, həm də özünün "dilində". Başqa vaxtlarda Peyğəmbərimizin (s.ə.s.) hüzurunda ağzını açmağa həya edən ədəb insanı Hz. Əbu Bəkir:

– Sən get Latın ətəklərində sürünməklə məşğul ol, – deyə səslənir, – bizmi Onu tək qoyub qaçacağıq?

Əbu Bəkir eyni zamanda səhabələrin də ürəyinə su səpir, çünki dedikləri ilə hislərə tərcüman olur, sanki, onların qəlbini oxuyurdu.

Urvə gözləmədiyi bu çıxış qarşısında çaşıb qalır. Ancaq səs sahibini tanımır, çünki səhabələr üzünü də  örtmüşdü. Səsin gəldiyi tərəfə dönür və:

–Bu kimdir? – soruşur.

–Əbu Bəkir, – deyir ətrafındakılar.

Əbu Bəkir adını eşidən Urvə duruxur. Öldürdüyü adamın diyətini (qan pulunu) ödəyərkən Hz.Əbu Bəkirdən yardım istədiyini xatırlayır. Çünki o gün ən yaxın dostları belə ona ancaq iki və ya üç dəvə yardım etdikləri halda, Hz.Əbu Bəkir on dəvə ilə əlindən tutmuş və onu böyük bir bəladan qurtarmışdı. Buna görə dönür və:

– Allaha and olsun ki, – deyir, – mənə etdiyin o yaxşılığın olmasa idi, sənin cavabını verərdim!

Bir şey də əshabın diqqətindən qaçmamışdı; belə ki, Urvə hər dəfə söhbət əsnasında əl uzadaraq Allah Rəsulunun saqqalını sığallamağa çalışırdı. Xəndək günü İslamı qəbul etmiş Muğirə ibn Şubə[10] əli qılıncın tiyəsində Allah Rəsulunun hüzurunda keşikdə durmuşdu. Hər əl uzatma cəhdində qılıncının tiyəsi ilə Urvənin əlinə vurub:

– Bu qılınc qarnına işləmədən Rəsulullahın saqqalına toxunmaqdan əl çək! Çünki Ona bir müşrik əli toxuna bilməz, – deyir.

Hər hərəkətinin cavabında Hz. Muğirədən eyni xəbərdarlığı eşitməsi Urvəni hövsələdən çıxarır:

– Nə qədər də kobud adamsan, – deyir.  Sonra da üzünü Allah Rəsuluna tutub:

– Mənim günümə bax! Əshabından mənə bu əziyyəti verən kimdir? – deyə soruşur, –  vallah, zənn etmirəm ki, aranızda ondan kobud və şərli adam olsun!

Allah Rəsulu (s.ə.s.) təbəssüm edir. Sanki, Urvəyə dünənki dostunun bu gün hansı səviyyəyə çatdığını göstərərək:

– Bu, qardaşın oğlu Muğirə ibn Şubədir, – buyurur.

Muğirəni tanımamaq olardı?! Ərəbistan yarmadasında zəka və ağılca onun tayı-bərabəri yox idi. Bir insan bu qədər dəyişə bilərdimi? Əvvəlcə çaşqınlıq və heyranlıqla onu süzür, sonra da:

– Saqif qəbiləsi ilə aramızdakı düşmənçiliyi sonsuza qədər böyüdən sən deyildinmi? – deyir.

Bunu o, söz altında qalmamaq, cavab vermək üçün deyirdi. Əslində, onun belə hədsiz və sürətli dəyişməsi Urvəni sarsıtmışdı. O, təkcə Hz.Muğirə yox, bütün əshabın hal və davranışlarını süzür, insanlıq yolunda qazanılan səviyyəni heyranlıqla seyr edirdi. Rəsulullahın (s.ə.s.) ağzından çıxan hər kəlməni diqqətlə dinləyirdilər! Bir işin görüləməsini işarə edəndə onu yerinə yetirmək üçün bir-biri ilə yarışır, dəstamaz almaq istəyəndə də əlinə su tökmək üçün hamısı birdən irəli atılırdı.

Mübarək saç tellərini belə yerə salmamaq üçün etina göstərir, əzəmətindən camalına iti nəzərlərlə baxa bilmirdilər. Onun hüzurunda ədəb və həyadan ehtiyac olmadıqca susur, ehtiyac olduğunda isə ədəb-ərkanla danışırdılar.

 Nəhayət, sözhbət uzanmış və Allah Rəsulu Büdeyləyə söylədiklərini Urvəyə də təkrarlamışdı. Məqsədi kimləsə döyüşüb qan tökmək deyil, sülh şəraitində əshabı ilə ümrə etmək idi!

Urvənin şərhi

Əshabın yüksək əhvali-ruhiyyəsi Urvəyə yaman təsir etmişdi. Qureyşin yanına dönən kimi:

– Ey qövmüm, – deyə sözə başlayır. Mənzərəni yaxşı anlamış, aldığı nəfəsə diqqət yetirmişdi. Sözün sehrindən çox müsəlmanların davarnış və qətiyyəti əritmişdi onu, – bu  günə qədər mən Kisra, Qeyser və Nəcaşi kimi neçə-neçə şahların yanına elçi kimi getdim, ancaq vallah, itaət məsələsində Məhəmmədin əshabı kimi həssas və sədaqətli toplum görmədim. Vallah, mən heç bir məlikin Məhəmməd qədər təzim görməsinə şahid olmadım. Halbuki O, heç məlik də deyil! Allaha and olsun ki, nə vaxt yerə tüpürsə, tüpürcək yerə düşməmiş səhabələrindən biri ovcunu açıb onu havada qapır və üz-gözünə sürtür. Nə əmr etsə, onu yerinə yetirmək üçün elə cumurlar ki, hətta bir-birlərini də əzirlər. Onun dəstəmaz suyundan bir damcı almaq üçün az qala bir-biri ilə dava edirlər. Saçının tək bir telinin belə yerə düşməməsi üçün daima diqqət göstərirlər. O danışan zaman heç kəsdən də səs çıxmır. Ona olan ehtiramdan üzünə belə baxa bilmirlər. Heç kəs izin almadan Onun yanında danışmır. O, izin versə, danışar, verməsə, səslərini belə çıxarmazlar!

Sizə, həqiqətən, ağıllı bir təklif edir, gəlin Onu qəbul edin. Mən onları çox yaxşı araşdırdım. Bunu bilin ki, qılıncdan başqa bir yol tapmasanız, sizə qarşı ölənə qədər vuruşacaqlar! Mən elə bir camaat gördüm ki, rəhbərlərinin Beytullaha ziyarətini əngəlləsəniz, başlarına nə gələcəyini heç düşünməzlər. Onun yanında gördüyüm qadınlar belə Onun uğrunda canlarını vermədikcə, sizə təslim etməzlər! Buna görə də yaxşı düşünün və qərarınızı verin!

Ey qövmüm! Mən sizə xəbərdarlıq edib sadəcə xatırladıram, gəlin sizə verilən bu təklifi qəbul edin! Əks təqdirdə özləri ilə qurbanlıqlarını götürüb şanlarına yaraşan ucalıqla Kəbəyə təzim edib ziyarətə gələn və bunu etdikdən sonra çıxıb gedəcəyini bildirən bir adamı geri qaytarmaqla başqalarının da dəstəyini itirəcəyinizdən qorxuram.

Göründüyü kimi, Urvə, həqiqətən də, yaman təsirlənmiş, qövmünə müraciəti də bir o qədər təsirli idi. Fikirlər haçalanır. Öncə məclisə dərin səssizlik çökür. Sonra bir səs bu səssizliyi pozur:

– Belə danışma, ey Əba Yafur! Həm də gör səndən başqası belə danışırmı? Ancaq biz heç bir halda bu il Onu qəbul edə bilmərik. Bəlkə, gələcək illərdə gələ bilər!

Bu sözlər Urvəni təmin etmir və:

– Bu vəziyyətdə başınıza bir müsibət gələcəyindən qorxuram, – deyir və adamlarını da götürüb Taifə qayıdır. Qureyş üçün bu, gözlənilməz itki idi. Qala divarlarında bir çat meydana gəlmiş, cəbhədə ilk məğlubiyyətə qapı açılmışdı.

Məsələnin həlli yolunda yeni bir üslub

Fikirlər əməlli başlı qarışmış, Qureyşin içində bir qeyri-müəyyənlik hökm sürməyə başlamışdı. Hər gedən eyni hislər, eyni fikirlərlə qayıdırdı. Bunu görən Ahabış qəbilələrinin rəisi Huleys ibn Alqamə:

– Mənə izin verin, bir də gedib baxım, – deyib qureyşlilərdən icazə istəyir.

– Olar, bir sən də get, – deyirlər.

O da durub Rəsulullah (s.ə.s.) olan yerə doğru gəlməyə başlayır. Allah Rəsulu uzaqdan Huleysin gəldiyini görüb üzünü əshabına tutur və:

– Bu gələn filan qövmdən filankəsdir və o, Allaha sayğılı, qurbanlıq dəvələrə böyük əhəmiyyət verən insandir. Buna görə qurbanlıqları qabağa çıxarın, – buyurur.

Yenə deyilənlər edilir və dərhal qurbanlıq dəvələr təlbiyə və təkbirlərlə Huleysin gəldiyi tərəfə sürülür.

Boyunlarında qurbanlıq işarələri olan, on beş gün ərzində bağlı qalıb tükləri tökülən yorğun-arğın dəvələrin ona tərəf gəldiyini görən Huleys qeyri-ixtiyari:

– Sübhanallah, – deyir, – bu insanların Beytullaha girməsinə əngəl olmaq heç də doğru deyil. Lahm, Cüzam, Kində və Ximyer xalqı buraya həccə gələ bildiyi halda, Abdulmuttalibin oğluna əngəl olmağa Allah razı olmaz. Bu insanların Beytullaha girmələrinə əngəl olmaq olmaz. Kəbənin Rəbbinə and olsun ki, Qureyş həlak olmuşdur. Görmürsünüzmü ki, adamlar yalnız ümrə üçün gəliblər!

 Gördüyü mənzərə qarşısında özünü saxlaya bilməyib həyəcanını dilə gətirən Huleysi uzaqdan müşahidə edən Allah Rəsulu da:

– Bəli, elə dediyin kimidir, ey Kinanəoğullarının qardaşı, – deyə cavab verir.

Huleys bir az da irəliləyib Rəsulullahla danışmağa belə ehtiyac duymadan geri dönür. Qureyşin yanına çatan kimi:

– Ey qureyş xalqı, – deyə onlara səslənir. Səsinin tonu: "Bu qədər də olmaz!" –deyirdi. İnsaflı və qədirbilən əda ilə:

– Mən elə şeylər gördüm ki, onları yollarından saxlamaq qeyri mümkündür! Uzun zamandır, bağlı qalan qurbanlıq dəvələrin tükləri tökülmüş və insanlara uzun müddətdir, Beytullahı təvaf üçün ehrama girdiklərinə görə həşərat daraşmışdır. Vallah, biz sizinlə nə ehtiramını bildirmək amacı ilə Kəbəyə gələnləri təvafdan məhrum etmək, nə də qurbanlıqların yerinə çatdırılmasına əngəl olmaq məqsədilə müqavilə bağlamamışdıq! Allaha and olsun ki, ya Ona mane olmaqdan əl çəkəcəksiniz, ya da mən Ahabış qəbilələrinin hamısını yurdlarına göndərəcək və geri dönəcəyəm!

Huleysin söylədikləri də Qureyşin xoşuna gəlməmişdi:

– Hələ bir dayan, – deyirlər, – öz aramızda məqbul gördüyümüz məsələdə ittifaq edənədək bizi gözlə! Həm də sən səhralarda yaşayan bir adamsan, belə şeylərdən başın çıxmaz! Gördüklərinin hamısı Məhəmməd tərəfindən qurulmuş tələdir!

Küfr eyni küfrdü. Onun kökündə məntiq və mühakimə olmadığı kimi, "düşmən"ini əsassız şəkildə ittiham etmə, qaralama əsas yolu idi və Qureyş də eyni üsuldan istifadə edirdi. Ancaq hadisələrin gedişatı addım-addım təqib edilirdi. Bu dəfə insanların  danışılanlardan təsirləndiyini görən və fərqli nəticə gözləyən Miqrəz ibn Hafs irəli çıxır:

– İcazə verin, bir mən də gedim, – deyir. Ona da:

– Olar, – deyirlər.

Bu dəfə də Miqrəzin gəlişini görən Allah Rəsulu:

– Bu adam xain və haqdan sapmışın biridir, – deyə əshabına xəbərdarlıq edir və bu kimi vəziyyətlərdə qarşıdakı adamı yaxından tanımağın vacibliyini əməli şəkildə göstərir.

Çünki Miqrəz Bədir döyüşündə qəfil basqın edib Bəni-Bəkir qəbiləsinin rəhbəri Amir ibn Yezidi öldürmüş, ondan sonra da bu cür xəyanətləri ilə tanınmışdı.

Rəsulullahın (s.ə.s.) elçiləri

Vəziyyət hələ də qeyri-müəyyənliyini saxlayırdı. Bu zaman Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir addım da atır: Sələb adlı dəvəsini səhabə Hiraş ibn Ümeyyəyə verib Qureyşin yanına göndərir. Məqsədi döyüş fikrində olmadığını və yalnız ümrə niyyəti ilə gəldiyini bir daha bildirmək idi.

Hz.Hiraş gəlib çatan kimi İkrimə ibn Əbu Cəhil qılıncını çəkib dəvənin ayaqlarına endirir. Bu kin-nifrətlə az qala Hz.Hiraşı da öldürəcəkdi. Onu bu qədər qəzəbli olduğunu  görən Ahabış qəbilələri dərhal müdaxilə edib elçinin öldürülməsinə imkan vermir və Hz. Hiraşı sərbəst buraxaraq geri göndərirlər. Hz. Hiraş da Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələrək baş verənləri danışır.

Gərginlik günbəgün artırdı və belə bir şəraitdə atılan hər addım çox əhəmiyyətli idi. Qureyş olduqca narahat idi: düşünmədən hərəkət edir, qeyri-iradi hərəkətləri ilə işi dalana sürükləyirdilər.

Allah Rəsulu isə ismarışlarını aydın şəkildə Qureyşin nüfuzlu adamlarına çatdırmaqda qərarlı idi. Onların ağıl və vicdanlarına xitab edəcək, Allah rizasından başqa niyyəti olmayan müsəlmanlarla Beytullahın arasından çəkilmələrini istəyəcəkdi. Bu dəfə Qureyşə elçi göndərmək üçün Hz. Öməri çağırır. Hüzura gələrək Peyğəmbərimizin (s.ə.s.) niyyətini öyrənən Hz. Ömər:

– Ya Rəsulullah, – deyir, – Qureyşin canıma qəsd edəcəyindən əndişə edirəm. Çünki mənim onlara olan düşmənçiliyimi yaxşı bilirlər. Üstəlik orada Adiyy oğullarından da heç kim yoxdur ki, məni qorusun! Buna baxmayaraq, ya Rəsulullah mənim getməyimi istəyirsənsə, tərəddüdsüz gedərəm!

Əlbəttə ki, Hz. Ömərin narahatlığı təkcə öz canı ilə bağlı deyildi. O gün orada Hz. Ömər kimi bir elçinin öldürülməsi döyüşün tərəddüdsüz başlanmasına səbəb olardı və əlverişsiz şəraitdə belə bir döyüşün nə ilə qurtaracağını qabaqcadan demək mümkün deyildi. Hz. Öməri dinləyən Allah Rəsulu düşüncələrə dalır:

– Ya Rəsulullah, – deyə davam edir Hz. Ömər, – ancaq mən Sənə Qureyşin nəzərində məndən daha qiymətli, hörmətli, onu qoruyacaq insanlar baxımından daha üstün və əlaqələri daha güclü olan insanı tövsiyə edirəm: Osman ibn Afvan.

Möminin uzaqgörənliyi və məntiqi çox əhəmiyyətli idi; Hz. Ömərin bu ifadələri də başdan-ayağa bəsirətlə dolu idi. Bundan sonra Allah Rəsulu (s.ə.s.) Hz.Osmanı hüzuruna çağırır:

– Qureyşin yanına get və onlara çatdır ki, bizim  döyüşmək niyyətimiz yoxdur, yalnız ümrə üçün gəlmişik! Eyni zamanda onları İslama dəvət et! – deyir.

Hz. Osmanın vəzifəsi bununla bitmirdi; iman gətirib hicrət edə bilməyənlərlə və ya hicrətdən sonra Məkkədə müsəlman olanlarla görüşməli, yaxın zamanda baş verəcək fəthin müjdəsini verməli, Allahın tezliklə dinini Məkkədə də hakim edəcəyini və bundan sonra imanlarını gizlətməyə ehtiyac hiss etmədən, açıq şəkildə İslamiyyəti yaşayacaqlarını bildirməli idi.

Beləliklə, Hz.Osman yola düşür. Bəldaha gəlib çatanda qureyşlilər qarşısına çıxır:

– Haraya gedirsən? – deyə soruşurlar.

– Məni sizin yanınıza Rəsulullah göndərdi, – deyə təmkinlə sözə başlayır, – sizi İslama və Allaha iman etməyə dəvət edirəm. Ya hamınız birlikdə müsəlman olacaqsınız ki, Allah dinini üstün tutub Peyğəmbərini mütləq qalib edəcəkdir, ya da Onun yolundan çəkiləcəksiniz ki, bu vəziyyətdə Ona qarşı çıxanlar siz deyil, başqaları olacaq! Əgər Rəsulullah məğlub olsa, onsuz da ürəyinizdən olar! Əgər qalib gəlsə, seçim sizə qalır, yəni ya siz də digər insanlar kimi İslamı qəbul edər, ya da Onunla savaşarsınız! Döyüşün sizi nə hala gətirdiyini özünüz də yaxşı bilirsiniz; əməlli-başlı bitib tükəndiniz və rəhbərlərinizi itirdiniz! Bundan başqa Rəsulullah döyüşmək üçün deyil, nişan qoyulmuş qurbanlıqlarla yalnız ümrə niyyəti ilə gəldiyini və qurbanları kəsib geri dönəcəyini sizə xəbər verməyimi istədi.

– Söylədiklərini eşitdik, – deyirlər, – ancaq bu, əsla mümkün olası iş deyil. O, belə qəfil üstümüzə gələ bilməz! Get və dostlarına söylə: əsla üstümüzə gələ bilməyəcək!

Qureyşin qapısını aralamaq "mümkün"ə bənzəmirdi. Hələ Qureyş rəhbərləri ilə görüşmədən kütlənin etirazları ilə qarşılaşmışdı. Onları keçib böyüklərlə görüşmək qeyri-mümkün görünürdü. Bütün bunları görən Hz. Osman geri dönürdü ki, Əban ibn Səidlə rastlaşır. Onu görən kimi yanına gəlir və bir müddət hal-əhval tutduqdan sonra Hz. Osmana:

– Nəyə ehtiyacın varsa, çəkinmədən söylə, – deyir.

Hətta öz atından enir, ona Hz. Osmanın minməsini xahiş edir, özü də onun tərkinə qalxır. Hz.Ömər haqlı çıxmışdı. Çıxılmaz vəziyyətdə qalanda köhnə dostluqlar fayda vermiş və bağlı görünən qapılar birdən-birə açılmışdı. Çünki bir tərəfdən Əban:

– Sağa və sola istədiyin tərəfə get və heç kimdən qorxma! Çünki Səidoğulları Hərəmin ən əziz və şərəfli adamlarıdır, – deyir və Hz. Osmana aman verdiyini şeirin dili ilə hər kəsə elan edir.

Beləcə Kəbəyə qədər gəlirlər və Hz.Osman dərhal Qureyşin böyükləri ilə görüşür. Hər biri ilə dönə-dönə danışıqlar aparır, Rəsulullahın ismarışlarını çatdırır. Hamısı da:

– Məhəmməd əsla üstümüzə belə gələ bilməz! – deyir. Ancaq Hz. Osmanı da sıxışdımırlar, ona:

– Əgər istəyirsən, gəl və Beytullahı təvaf et! – deyirlər.

– Rəsulullah təvaf etməyincə Beytullahı təvaf edə bilmərəm, – deyə təklifi rədd edir.

Hz. Osman Qureyşin niyyətini anlayır və vaxt itirmədən digər vəzifəsini də yerinə yetirmək üçün o günə qədər sıxıntılar məngənəsində inləyən möminlərin qapısını döyür:

– Rəsulullah buyurur ki, – deyə sözə başlayır. Qapıda Hz. Osman kimi səhabəni görənlərin və onlara Allah Rəsulundan xəbər gəldiyini eşidənlərin sevinci hədd-hüdudları aşır. Bunu altı il gözləyənlər vardı, Onu bildikdən sonra bu qədər hicrana dözmək çətin idi. Ancaq Hz. Osman salam gətirmək, sadəcə baş çəkmək üçün gəlməmişdi. O:

– Rəsulullah buyurur ki, sizi çox yaxında qanadlarım altına alıb qoruyacağam və artıq bundan sonra Məkkədə heç kəs imanını gizlətmək məcburiyyətində qalmayacaq, – deyə Allah Rəsulunun müjdəsini verir.

Soyuq qışda bahar rüzgarlarını xatırladırdı bu müjdə. Müsəlman olduqlarını açıq-aşkar yaşamağı o qədər arzulayırdılar ki... Bu gün qapılarına Hz. Osman kimi bir elçi gəlmişdi; demək ki, çox yaxında bu müjdə də, əlbəttə, gerçəkləşəcəkdi. Qapılarından ayrılarkən:

– Rəsulullaha bizdən də salam söylə, – deyə əl edir və göz yaşı tökürdülər. Hz. Osmanın bu səfəri üç gün çəkir.

Qarşılıqlı sülh axtarışları  

Hz.Osman Məkkədə insanlara baş çəkərkən Allah Rəsulu və əshabı böyük səbirsizlik və əndişə ilə onu gözləyirdi. Qureyşə meydan oxusa da, bu qədər təcrübədən sonra yeni bir döyüşə hazırlıqsız girməyi ağlına gətirmirdi. Buna görə də baş verənlər onları nə qədər çilədən çıxarsa da, yanlışlığa yol verməkdən çəkinirdilər. Hər hadisəni dəyərləndirir və konkret nəticə əldə etməyə çalışırdılar.

Bu yandan da səhabələr elçi kimi gedən Hz. Osmana görə narahat olmağa başlamışdı, bəziləri:

– Osman getdi, Beytullaha çatıb təvafını da etmişdir, – deyincə Allah Rəsulu (s.ə.s.) onlara dönüb:

– Biz burada gözləyərkən Mən onun Beytullahı təvaf edəcəyini sanmıram, – buyurur.

– Oraya getmişkən buna nə əngəl ola bilər ki? – deyə əshab soruşur. Dostunu yaxşı tanıyan Allah Rəsulu (s.ə.s.):

– Bu, Mənin zənnimdir, belə vəziyyətdə bir il də orada qalsa, yenə biz təvaf etmədən o, Kəbəni təvaf etməz, – deyir.

Belə gərgin şəraitdə Allah Rəsulu gecələr səhabələrin keşik çəkməsini istəyir və Əvs ibn Havli, Abbad ibn Bişrlə Məhəmməd ibn Məsləmə növbə ilə bu vəzifəni icra etməyə başlayır. Allah Rəsulunun (s.ə.s.) bu tədbirinin nə qədər vacib olduğunu çox keçmədən hamı görür. Çünki Məhəmməd ibn Məsləmənin keşikdə olduğu vaxt Miqrəz ibn Hafsın başçılığı ilə əlliyə yaxın qureyşli gəlib, əshabın olduğu yerdə dövrə vurur. Belə ki, Qureyş  bu dəstəni möminlərə təzyiq göstərmək və fürsət tapıb qəfil bir həmlə ilə onlara böyük bir zərər vermək üçün göndərmişdi.

Məsələni anlayan Məhəmməd ibn Məsləmə dərhal hərəkətə keçir və Qureyşin adamlarını əsir alır. Təkcə Miqrəz qaça bilir. Adamları götürüb Allah Rəsulunun hüzuruna gətirərkən Miqrəz də Məkkəyə gedib Qureyşi vəziyyətdən xəbərdar edir.

Digər tərəfdən Kürz ibn Cabir, Abdullah ibn Süheyl, Abdullah ibn Hüzafə, Ümeyr ibn Vəhb, Əbu Rum ibn Ümeyr, Hişam ibn As, Əbu Xatib  ibn Amr, Abdullah ibn Əbu Ümeyyə, Əyyaş ibn Əbi Rəbiə və Xatib ibn Əbu Bəltəa kimi səhabələr Allah Rəsulunun hüzuruna gələrək gizlicə Kəbəyə getmək istədiklərini bildirir və Rəsulullah da onların israrlı xahişlərini görüb icazə verir. Ancaq Qureyş adı çəkilən səhabələri Məkkədə görən kimi əsir alır.

Və  Məhəmməd ibn Məsləmənin də onların adamlarını əsir aldığını öyrənincə ortalıq daha da gərginləşir. Tezliklə bir dəstə qureyşli Hudeybiyyəyə gələrək möminlərin üstünə daş və ox yağdırmağa başlayır. Əshab daima hazır vəziyyətdə gözləyirdi. Bu qarışıqlıqda qureyşlilərdən on iki atlı da əsir alınır, hündür bir yerə çıxan səhabə İbn Zənim isə oxa tuş gəlib şəhid olur.

Hər iki tərəfin döyüşmək niyyəti olmadığı halda, müharibə artıq qapını döyürdü. Belə bir vəziyyətdə kiçik bir qığılcım qarşısıalınmaz yanğınlar törədə bilərdi. Buna görə də Qureyş oturub yeni gərginləşən vəziyyəti analiz etməyə başlayır. Nəticə olaraq Süheyl ibn Amr, Hüveytib ibn Abdiluzza və Miqrəz ibn Hafsı Allah Rəsuluna elçi göndərmək qərarına gəlirlər. Onlar gələcək və gərginləşən ab-havanı düzəltməyə çalışacaqdılar.

Uzaqdan Süheylin gəlişini görən Allah Rəsulu  (sallallahu əleyhi və səlləm) əshabına dönür və:

– İşiniz asanlaşdı, – buyurur. Adının mənasını xeyrə yozmuşdu, çünki süheyl "asan" deməkdi. Elə bu zaman Qureyşin elçiləri gəlib çıxır və Allah Rəsuluna yaxınlaşan Süheyl ibn Amr:

– Ya Məhəmməd, – deyə səslənir. Səsindəki tərəddüd Qureyşin əhvali-ruhiyyəsini əks etdirirdi. Hiss olunurdu ki, Qureyş də razılaşma tərəfdarıdır. İndi daha şərait əlverişli görünürdü. Süheyl davam edir:

 – İstər adamlarının əsir alınması, istərsə də Səninlə döyüşə təşəbbüs edənlərin özbaşanlığı bizim fəaliyyətimiz deyil. Çünki belə bir şeyin olacağını bilmirdik və öyrənən kimi də bunları xoş qarşılamayıb baş verənlərin doğru olmadığını söylədik. Bütün bunlar içimizdəki ağılsızların əməlləridir. Sən ilk olaraq əvvəl və sonra əsir aldığın adamlarımızı azad edib bizə təslim et!

Süheyli dinləyən Allah Rəsulu:

– Siz Mənim əshabımı buraxmadıqca mən də sizin adamlarınızı təhvil verəsi deyiləm, – buyurur. Bu da təbii idi. Üstəlik Kəbəyə gedən və orada əsir alınan səhabələr Qureyşin adamları kimi özbaşınalıq etməmişdi. Buna görə də:

– Həqiqətən də, insaflı davrandın, – deyirlər.

Daha sonra Süheyl ibn Amr və onunla gələn heyət Şüyeym ibn Abdimanafı əsir götürülmüş on səhabənin azad edilməsi tapışırığı ilə Qureyşin yanına göndərir. Sülh üçün yeni ümid doğmuşdu. Allah Rəsulu da (s.ə.s) əshabına qureyşli əsirləri azad etməyi tapşırır.

Deyilənlərə əməl olunur, Qureyşin adamları da azad edilir. Ancaq Hz.Osman və on səhabənin yola düşüb gələrkən şəhid edilməsi xəbəri hər şeyi bir anda dəyişir. İndi yeni vəziyyət meydana gəlmişdi, addımlar ona görə atılmalı idi.

Ridvan beyəti

Hz.Osman və on səhabənin şəhid edilməsi xəbəri çatar-çatmaz Allah Rəsulu (s.ə.s.):

– Hər halda qureyşlilərlə savaşmadan buranı tərk etməyəcəyəm, – deyərək əshabını beyətə çağırır. Özü də Bəni-Mazin ibn Nəccarların evlərinə doğru gəlir və burada bir ağacın altında oturur.

 – Allah Mənə beyət etməyi əmr edir, – deyir.

Carçılar Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) çağırışını əshaba çatdırmaq üçün dərhal ətrafa səpələnir:

– Ey insanlar, haydı, beyətə, haydı, beyətə, – deyə çar çəkirlər, – Ruhül-Qüds (Cəbrail) gəlmişdir, Allahın adı ilə tələsin!

Bundan sonra səhabələr Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib Ona beyət etməyə başlayır; canlarını ortaya qoyur və nəyin bahasına olursa-olsun, savaş meydanından geri çəkilməyəcəklərinə və müşriklərin də cavabını verəcəklərinə söz verirlər. Beyət davam edərkən səhabə Numan ibn Muqarrin Allah Rəsulunun başının üstündəki budaqları aralayaraq insanların rahat hərəkətinə kömək edir. Əlini ilk uzadan Əbu Sinan əl-Əsədi:

– Əlini uzat, ya Rəsulullah! Sənə beyət edəcəyəm, – deyir. Bunun cavabında Rəsulullah:

– Mənə hansı məsələdə beyət edəcəksən? – deyə soruşur.

– Sən nəyi təklif edirsənsə, o məsələdə, – deyə cavab verir.

– Yaxşı, Mən nəyi təklif edirəm? – deyə Rəsulullah təkrar soruşur.

– Qılıncımla Sənin önündə dayanacağam! Allah bizə üstünlük verəcəyi və ya Onun uğrunda şəhid olacağım ana qədər vuruşacağam!

Bundan sonra hər kəs gəlib Əbu Sinan kimi əlini uzadaraq Allah Rəsuluna beyət edir. Bu vaxt Allah Rəsulu (s.ə.s.) əlinin birini yuxarı qaldırır və onu digər əli ilə tutaraq:

– Allahım! Şübhəsiz ki, Osman Sənin və Rəsulunun bir işini yerinə yetirmək üçün getmişdi, – deyə Allaha niyaz edir.

Sonra da əlinin birini Hz. Osmanın əli, digərini də öz əli kimi qəbul edib qiyabi olaraq onun adından beyəti qəbul etdiyini bildirir. Eyni zamanda əshabına dönür və onları:

– Siz yer üzünün ən xeyirli insanlarısınız, – deyə müjdələyir, ağacın altında Rəsulullaha beyət edənlərə cəhənnəm atəşinin toxunmayacağını söyləyir.

Hudeybiyyəyə qədər gələnlər arasında yalnız Cədid ibn Qays beyət etmir. İçindəki nifaqı ata bilməmişdi. Dəvənin altına sinir, gözə görükməməyə çalışırdı.

Allah Rəsulu da daxil olmaqla hər kəs güc-bəla ilə tapdıqları silahlara qurşanmışdılar. Qüvvələr bərabər deyildi, amma əshabın hər şeyin öhdəsindən gələn imanı var idi. Hətta Ümmü Ümara nazik çadır dirəyinin ucuna bıçaq bağlamış, bununla özünü qorumağı düşünürdü.

O vaxtadək ocaq qalamağı uyğun görməyən Allah Rəsulu (s.ə.s.) bu yerdə ocaq qalamağa icazə verir və:

– Ocaq qalayın və yemək hazırlayın, çünki  bundan sonra heç kim savab cəhətdən sizin etdiklərinizin zərrəsinə belə çata bilməz, – buyurur.[11]

Süheyl ibn Amr, Hüveytıb ibn Abdiluzza, Miqrəz ibn Hafs və ətrafda olan qureyşilər olanları diqqətlə izləyirdi. Doğrusu, gözləri qorxmuşdu: sevə-sevə ölümün üstünə yürüyən bu insanların öhdəsindən gəlmək mümkün deyildi. Məkkəlilər belə insan görməmişdilər. Belə ki, onların Rəsulullaha bağlılığı və sədaqəti mücərrəd qan qohumluğu və ya qəbilə təəssübkeşliyi ilə izah oluna bilməzdi. Səhabələr, sanki, bir-biri ilə sözləşmiş, davranışları ilə Məkkə müşriklərinə bir liderə necə sayğı göstərməyi, Onun əmrlərini yerinə yetirərkən necə həssas olmağı, sözün əsl mənasında maddi-mənəvi fədakarlıq etməyi nümayiş etdirirdi. Qureyşlilər o günədək nə belə fəzilət görmüş, nə də eşitmişdi. Buna görə də elçilər nəyin bahasına olursa-olsun, bir anlaşma yolunun tapılmasını düşünür və ən az zərərlə vəziyyətdən çıxmağın hesabını aparırdılar.

Çox keçmədən yeni xəbər gəlir və möminlər Hz. Osmanla digər səhabələrin şəhid edilməsi xəbərinin əsassız olması müjdəsi ilə sevinir.

Razılaşma

Süheyl ibn Amr və yoldaşları yenidən Məkkəyə qayıtmış və Hudeybiyyədə gördüklərini başdan ayağa Qureyşə danışmışdı. Yoldaşlarının öldürülməsi xəbərini eşidən hər bir səhabənin sərgilədyi mövqe və Rəsulullahın (s.ə.s.) beyətə dəvətinə göstərdikləri həssaslıqdan olduqca təsirlənmişdilər. Bütün çətinliklərə baxmayaraq, döyüş məsələsindəki qətiyyətlərindən ciddi mənada çəkinmiş və gördüklərini öz yoldaşlarına danışmışdılar. Müsəlmanların döyüş üçün qollarını çirmələməsi xəbərini alan sağlam düşüncəli qureyşlilər vəziyyətin ciddiliyini nəzərə alıb bu fikir ətrafında birləşirlər:

– Bizim üçün, – deyirlər, – bu il Beytullahı təvaf etməkdən əl çəkib geri dönmələri şərtilə Məhəmmədlə bir sülh müqaviləsi imzalamaqdan daha xeyirli bir iş yoxdur. Beləliklə, ərəblər və Onun buraya gəlməsi xəbərini eşidənlər bizim Onun ziyarətinin qarşısını almış olduğumuzu eşidəcəklər! Gələn il də gəlib Məkkədə üç gün qalar, qurbanlarını kəsib geri dönərlər və beləliklə, zorla yurdumuza girməmiş, burada sadəcə bir neçə gün qalmış olarlar!

Bunun ardınca yenə Süheyl ibn Amrın rəhbərliyində Hüveytib və Miqrəzi yenidən Allah Rəsulunun hüzuruna göndərirlər. Süheylə:

– Məhəmmədin yanına get və Onunla razılaşma əldə et! Ancaq o müqavilədə bu il Məkkəyə girməmək şərti mütləq olsun. Vallah, biz sabah ərəblərin orada-burada Onun zorla yurdumuza girməsi barədə söhbətlərinə imkan verə bilmərik, – deyə tapşırıq verirlər.

Süheyl və yoldaşları yola çıxıb yenidən Hudeybiyyəyə gəlir. Onların yenidən gədiyini uzaqdan görən Allah Rəsulu:

– Bunların təkrar gəlişindən görünür ki, qureyşlilər sülh istəyir, – buyurur.

Ümidi artmışdı, elə Onun istədiyi də bu idi. Müşriklərin Mədinəyə qarşı eyni cəbhədən çıxış etmək barədə yəhudilərlə razılığa gəldiyini bilirdi. Ən azından indi bu ittifaqın tərəflərindən biri ilə anlaşıb düşmənin gücünü parçalamaq fürsəti vardı və bu fürsəti İslam naminə çox yaxşı dəyərləndirmək gərəkirdi.

Süheyl gələndə Allah Rəsulu (s.ə.s.) Bardaş qurub oturmuşdu. Rəsulullaha yaxınlaşır və diz çökür. Abbad ibn Bişr və Sələmə ibn Əsləm ibn Hariş əyinlərində zireh, başlarında dəbilqə Rəsulullahın (s.ə.s.) keşiyini çəkirdi. Əshab da ətrafında halqalanıb baş verənləri izləyirdi. Müzakirə xeyli çəkir. Qızğın fikir mübadiləsi zamanı səs tonları gah yüksəlir, gah da aşağı düşür. Bir arada Süheylin səsini daha da ucaltmasına dözməyən Abbad ibn Bişr ona:

– Rəsulullahın hüzurunda yavaş danış, – deyə xəbərdarlıq edir və ona Allah Rəsulunun hüzurunda özünü necə aparmağı xatırladır.

Bu uzun danışıqların nəticəsində prinsipcə bəzi maddələr qəbul edilir və növbə bunların yazıya keçirilməsinə çatır.[12]

Hz.Ömərin israrı 

Ancaq bu maddələr və ortaya qoyulmuş şərtlər möminlərin qüruruna toxunur.  Bir yanda öz mövqeyindən bircə addım da geri çəkilməyən Süheyl, digər yanda isə bütün bunları qarşı tərəfə güzəşt kimi qəbul edən möminlər vardı. Məqsədləri Allah Rəsuluna narazılıq etmək deyil, məsələni bütün tərəfləri ilə aydınlaşdırmaq idi. Çünki bu günə qədər Allah və Rəsulundan inanan bir möminin imansız bir kafir və ya müşrikdən üstün olmasını da öyrənmişdilər.

Xüsusən də, Hz.Ömər özünü saxlaya bilməyib Peyğəmbərimizin (s.ə.s.) hüzuruna gəlir:

– Ya Rəsulullah, – deyə səslənir, – Sən, həqiqətən, Allahın peyğəmbəri deyilsənmi?

– Bəli, Mən Allahın Rəsuluyam, – deyə cavab verir Rəsulullah (s.ə.s.).

Ancaq Hz. Ömər bu cavabla kifayətlənmək istəmirdi və sualına davam edir:

– Biz haqqı, onlar isə batili təmsil etmirmi?

– Bəli!

– Bizim ölülərimiz cənnətdə, onlarınkı isə cəhənnəmdə deyilmi?

– Bəli!

– Bəs nəyə görə biz onlara güzəştə gedirik? Onlarla aramızdakı hökmü Allah verəcəyi ana qədər mücadilə etmədən niyə geri dönürük?

– Mən Allahın qulu və Rəsuluyam. Ona əsla üsyan edə bilmərəm! O da əsla Məni çətin vəziyytədə buraxmaz. Çünki hər bir vəziyyətdə Mənə kömək edən Odur!

– Beytullaha gedib onu, həqiqətən də, təvaf edəcəyimizi Sən söyləməmişdinmi?

– Bəli, Mən söyləmişdim! Ancaq Mən sənə heç: "Bu il gedəcəksən!" – dedimmi?

– Xeyr!

– Unutma ki, bir gün sən mütləq oraya gedəcək və Beytullahı təvaf edəcəksən!

Təbiətcə sərt xasiyyətə malik olan Hz.Ömər yalnız o günü düşünür və sülhün  müsəlmanlara necə imkanlar verəcəyini hesablamadan belə münasibət göstərirdi.

Hətta yenə də özünü ələ ala bilmir və Hz.Əbu Bəkrin yanına gedib buna bənzər şeyləri ona da deyir. Sədaqətin timsalı Hz.Əbu Bəkir ona ünvanlanmış bu suallara təmkinlə cavab verir, hər cavabı da Rəsulullahın fikirləri ilə üst-üstə düşür. Nəhayət, Hz.Ömərə dönür və:

– Şübhə yoxdur ki, O, Rəsulullahdır. Biz də Allaha üsyan edəsi deyilik ki?

– Onun Allahın Rəsulu olduğunu mən də bilirəm, – deyə cavab vermək istəyir Hz.Ömər. Ancaq Hz.Əbu Bəkir davam edir:

– Həm də Ona kömək edən Allahdır. Sən ölüncə Ondan bir qarış da aralanma! Allaha and olsun ki, O, daima haqq yolundadır.

Görünür, bu gün Hz.Ömərin şəxsində Allah Məhəmməd ümməti üçün buna bənzər hadisələr zamanı davranış örnəyini göstərir və yalnız o günü düşünüb etiraz etməməyin, nəticəni nəzərə alıb təmkinli olmağın vacibliyini bildirirdi. Çünki illər sonra Hz.Ömər o gün etdiyi hərəkətlərinə görə min dəfə peşman olacaq və əfv olunmaq üçün  də daim nafilə namazları qılıb oruc tutacağını, sədəqə verib kölə azad edəcəyini söyləyəcəkdi.

Belə ki,  o gün Hz. Ömərin bu qədər israrına şahid olan səhabə Əbu Ubeydə ibn Cərrah üzünü ona tutur və:

– Ey Xəttaboğlu, – deyə səslənir, – Rəsulullahın nə dediyini eşitmirsənmi? Sən gəl ən yaxşısı, şeytanın şərindən Allaha sığın və tənqid edirsən, öz fikirlərini tənqid et!

 Hz.Ömər bunun cavabında:

– İlahi hüzurdan qovulmuş şeytanın şərindən Allaha sığınıram, – deyərək təkrar etməyə başlayır, hisləri etibarilə sakitlik tapmasa da, ağıl  və məntiqi ilə təslim olub bundan sonra da hislərini cilovlamağa çalışır.

Müqavilənin yazıya keçirilməsi

Artıq ara sakitləşmiş, maddələrin yazıya keçirilib təsdiq edilməsi qalmışdı. Süheyl ibn Amr üzünü Allah Rəsuluna (s.ə.s.) tutaraq:

– Haydı, indi bunları bir kağıza yaz, – deyir.

Allah Rəsulu (s.ə.s.) Hz. Əlini  hüzuruna çağırır və:

– Yaz , – deyir, – Bismillahirrəhmanirrahim!

– Rəhman və Rəhim nə deməkdir? – deyə Süheyl etiraz edir.

Süheyl duruxur, bunu deyərkən içində incə bir sızıltı duysa da, burada Qureyşi təmsil edirdi və əynindəki geyim də onu olduğundan da sərt göstərirdi. Əslində, Süheyl ibn Amr Rəhmanı və Rəhimi bilməmiş deyildi. Hələ İslamın ilk günlərində üç qardaşı, kürəkəni, qızı, daha sonra da iki oğlu  müsəlman olmuş və Rəsulullahı seçmişdilər. İslamı qəbul edən kiçik oğlu Əbu Cəndələ vermədiyi əziyyət qalmamışdı. Elə dinindən döndərmək üçün ona amansız işgəncələr vermiş, həbs etdirdiyi yerdə ac və susuz qoyub bura gəlmişdi. Buna görə də israr edir:

– Onların nə demək olduğunu mən bilmirəm. Vallah, Sən daha əvvəllər etdiyin kimi  "Bismikallahümmə!" yazacaqsan!

Onun bu yersiz israrına şahid olan möminlər:

– Vallah, biz "Bismillahirrahmanirrahim"dən başqa bir şey yazmayacağıq, – deyirlər.

Yenə iki od arasında qalmışdılar. Yenə də ancaq həmin anı düşünür və sabah əldə edilənlərin fərqinə varmırdılar. Məsələnin detallarından yapışmaqla sazişin yarımçıq qalmasını arzu etməyən Allah Rəsulu böyük bir təmkin və səbirlə kürəkəni Hz.Əliyə üz tutur və "Bismillahirrəhmanirrəhim"i silməsini buyurur:

– "Bismikallahümmə" (Allahım, Sənin  adınla) yaz, – deyə buyurur.

Bir mərhələ də geridə qalır və Allah Rəsulunun qətiyyətini görən səhabə susmağı üstün tutur. Rəsulullah (s.ə.s.):

– Bu, Allahın Rəsulu Məhəmməd ilə Amrın oğlu Süheyl arasında bağlanmış bir müqavilədir, – deyəndə Süheyl yenə etiraz edir:

– Vallah, – deyir, – Sənin Allahın Rəsulu olduğunu bilib buna inanmış olsa idik, Beytullahı təvaf etməyinə mane olmaz və Səninlə bu qədər döyüşməzdik! Kağıza Abdullahın oğlu Məhəmməd yaz!

Bura qədər ancaq dözmək olardı. O gün küfrü təmsil edən Süheyl inadkarlıq edərək hər addımı öz xeyrinə çevirməyə çalışır və ən incə detalları belə gözdən qaçırmırdı. Allah Rəsulu (s.ə.s.) yenidən üzünü Hz. Əliyə tutub:

– Sil onu, – buyurur.

Allah Rəsulunun buyurması ilə bir anda məclis buza dönür. Orada olan Səd ibn Übadə və Üseyd ibn Hudayr kimi səhabələr Hz.Əlinin qolundan tutmuş və:

– Ya "Allahın Rəsulu" yazacaqsan, ya da onlarla aramızdakı məsələni qılınc həll edəcək, – deyir, başqa söz yazmamağı tələb edirdilər.

Elə Hz. Əlinin özü də onlar kimi düşünürdü. "Bismillahirrahmənirrahim"i silib  "Bismikallahümmə" yazan Hz. Əli Rəsulullahın adını silmək istəmir və "Allahın Rəsulu" ifadəsinin bir möhür kimi müqavilədə qalmasını düşünür, Rəsulullahın (s.ə.s.) bu əmrini yerinə yetirməkdə tərəddüd göstərir.

Bu zaman səslər getdikcə yüksəlir və ortalığı bir uğultu bürüyür. Allah Rəsulu mübarək əlləri ilə işarə edib əvvəlcə əshabını sakitləşdirir. Sonra da özünə yaraşan bir nəzakətlə üzünü kürəkəninə tutur. Hiss olunurdu ki, sözü vardı:

– Sabah buna bənzər bir hadisə sənin də başına gələcək və o gün sən də güzəşt etmək məcburiyyətində qalacaqsan!

Qeybdən yenə bir pərdə aralanmış və görünür, bununla Hz.Osmanın şəhadəti ilə başlayıb öz şəhadəti ilə nöqtələnəcək bir zaman ərzində, xüsusən də, "təhkim" hadisəsində  Hz.Əlinin  seçim məcburiyyətində qalacağını xatırlatmışdı. Sonra da:

– Mənə onu göstər, – buyurur və ardınca da göstərilən yerdəki "Allah Rəsulu" kəlməsini mübarək əlləri ilə silir, yerinə "Abdullahın oğlu Məhəmməd" yazmağı əmr edir.

Bu tələb də yerinə yetirilir və bir əngəl də aradan qaldırılır. Növbə valideynin icazəsi olmadan Məkkədən çıxıb Mədinəyə sığınan adamın müsəlman olsa belə, Məkkəyə geri təhvil verilməsi maddəsinə gəlincə əshab arasından yenə səslər yüksəlir:

– Sübhanallah, – deyirlər, – bunu da yazmaq olarmı? İslamı  qəbul edib gələn bir insanı heç müşriklərə təslim etmək olarmı?

– Bəli, – buyurur Allah Rəsulu (s.ə.s.).

Demək ki, Rəsulullah nəsə bilirdi. Quranın ifadəsi ilə "danışdığı vəhydən başqa bir şey olmayan" Allah Rəsulu yenə qeybin pərdələrini aralamışdı, ümməti ilə o çərçivədə danışırdı. Sözünə davam edir:

–Bizdən gedib onlara sığınanları Allah mərhəmətindən də uzaqlaşdırar. Ancaq onlardan bizə sığınanlara gəlincə, Allah onlara mütləq bir çıxış yolu və maddi-mənəvi rahatlıq bəxş edəcəkdir.

 Müqavilənin maddələri yazıya alınarkən otuz nəfərlik bir dəstənin[13] hücumuna məruz qalırlar. Hər iki tərəf də çaşıb-qalır. Çünki bu, heç bir tərəfin hesabında yox idi və heç kim bunlara belə bir vəzifə verməmişdi.

Uzaqdan onların gəlişini görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əllərini açır və xeyir naminə gedilən yolda əngəl olanların əleyhinə dua edir. İstəyən Allah Rəsulu idi, sözsüz ki, Allah müsbət cavab verəcəkdi və sanki, bir anda hücum edənlərin gözləri görməz, qulaqları eşitməz olur. Bununla Allah yardımını əsirgəmirdi. Artıq əshab üçün onları tərki-silah etmək o qədər də çətin deyildi. Gedir və hamısını əsir alıb hüzura gətirirlər.

 Rəsulullah (s.ə.s.) onlardan soruşur:

– Siz  kiminsə himayəsi ilə  bura gəldiniz?

 – Xeyr, – deyə cavab verirlər.

Məlum olur ki, hadisə fərdi xarakter daşıyır və buna görə də Allah Rəsulu (s.ə.s.) böyük bir alicənablıq göstərib onları oradaca azad edir. Hakimanə hərəkət idi bu və çox keçmədən səmalarda təsdiq olunur. Belə ki, yenə Cəbrail gəlir, "Onların əlini sizin üstünüzdən çəkən Odur" məallı ayəni gətirir.[14]

Əbu Cəndəl

Məsələ bitmiş, maddələr yazılıb möhürlənmişdi. Tərəflərin bir-birindən ayrılma zamanı idi. Bu vaxt uzaqdan bir qaraltının onlara tərəf gəldiyini görürlər. Gələn adam güclə yeriyir, yeridiyi yolda toz qalxırdı. Bütün gözlər ona dikilir. Gələnin kim olduğunu müəyyən etməyə çalışırlar. Yerişindəki ağırlıq ona olan marağı daha da artırır. Çünki gələnin yerişi adi insanların yerişi kimi deyildi. Hiss olunurdu ki, bu, ya ağır yaralı, ya da ki ölümlə pəncələşən çarəsiz insanın qaraltısıdır!

Göz məsafəsi qədər yaxınlaşanda Əbu Cəndəl olduğunu görürlər. Qureyş təmsilçisi Süheyl ibn Amrın müsəlman olduğu üçün həbs edib işgəncə verdiyi və Hudeybiyyəyə gələrkən də əl-ayağını möhkəmcə bağladığı kiçik oğlu Əbu Cəndəl... Atasının yoxluğunu fürsət bilib həbsdən qaçmağa nail olmuş və daşlı-kəsəkli yollarla dağlar-dərələr aşıb özünü əshabı ilə birlikdə Rəsulullahın da gəldiyi Hudeybiyyəyə çatdırmışdı. Bədirdə Allah Rəsulunun tərəfinə keçib müsəlman olan böyük qardaşı Abdullah da daxil olmaqla, bütün möminləri sevincə qərq edir bu mənzərə! Bəlkə də, çox əziyyətlər çəksə də, artıq bunlar geridə qalmış sayılırdı. Qollarını açıb "xoş gəldin" deyənlər, sevincdən göz yaşı tökənlər vardı.

 Bir yandan da Süheyl Abdullahdan sonra o biri oğlunun da gəlişini görən kimi özündən çıxır. Hirsindən az qala damarları çatlayacaqdı və oğlu Əbu Cəndəlin yaxasından tutub silkələməyə başlayır, bir tərəfdən də əlindəki tikanlı dəyənəklə vurur. Bir müddət oğlunu boğazlayan Süheyl yenidən Allah Rəsuluna (s.ə.s.) tərəf dönür:

– Ya Məhəmməd,– deyir, – müqavilə şərtinə görə Səndən istədiyim birinci adam budur.

Hudeybiyyəyə səssizlik çökür. Rəsulullah (s.ə.s.) bircə nəfər də olsa, küfrün işgəncəsi altında inləməkdən qurtarmaq üçün əlindən gələni etməyə çalışır. Ancaq Süheyl qərarlı idi:

– O zaman, vallah, aramızdakı anlaşma əbədi olaraq pozular və mən bir daha Səninlə heç bir müavilə bağlamaram, – deyir.

Peyğəmbərimiz çətin vəziyyətdə olan bir insanın qurtuluşu naminə növbəti dəfə cəhd edib:

– Onu Mənə bağışla və müqavilədən kənar hesab et, – deyir.

 Süheyl bunu da qəbul etmir:

– Onu nə Sənə bağışlayar, nə də müqavilədən kənarda hesab edərəm, – deyə israr edir.

 Bir oğul Əbu Cəndələ, bir də ata Süheylə nəzər salan Allah Rəsulu (s.ə.s.):

– Bəli, bunu edə bilərsən və et, – deyə bir daha təkrarlayır.

– Bunu əsla edə bilmərəm! – deyir Süheyl.

Onun bu qədər inadkar mövqeyinə və Rəsulullahın da israrına şahid olan Qureyşin digər elçiləri Hüveytib və Miqrəz insafa gəlir. Onlar da Süheylin Əbu Cəndəl məsələsini müqavilədən kənar hesab etməsinə çalışırlar, amma onu razı salmaq mümkün olmur.

Hüveytib və Miqrəz Əbu Cəndəlin qollarına girib bir çadıra doğru aparırlar. O anadək  hadisələri ümid və qorxu içində seyr edən Əbu Cəndəl fəryad qoparır:

– Ey müsəlmanlar, – deyə Hudeybiyyəni inlədir, – yanınıza müsəlman kimi gəlmişkən siz məni müşriklərə təslimmi edəcəksiniz? Başıma gələnləri görmürsünüzmü?

Doğrudan da, ürək dağlayan bir mənzərə idi. Əbu Cəndəl Allahın onun haqqında təqdir etdiyini bilmirdi; buna görə də fəryad edir, Rəbbin bərdü-salamını (Sərin və zərərsiz. Bütpərəstlər Hz.İbrahimi oda atarkən Allahın əmri ilə od sərin və zərərsiz olur. Bu hadisə Quranda da əksini tapır. "(Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: "Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)" – deyə buyurduq. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq). "Ənbiya" surəsi, 68,69,70) görmədən göz görə-görə yenidən oda atıldığını düşünürdü! Allah Rəsulu (s.ə.s.) onun arxasınca səsini yüksəldib:

– Ey Əba Cəndəl, – deyə səslənir, – səbir et və mükafatını da yalnız Allahdan gözlə! Çünki Allah həm sənin, həm də səninlə birlikdə eyni taleyi yaşayan möminlər üçün mütləq bir çıxış yolu ehsan edəcəkdir. Ancaq indi bu qövmlə müqavilə imzaladıq, onlara bu məsələdə söz verdik. Sözümüzdən dönə bilmərik!

 Rəsulullah mütləq bir şey bilirdi və şübhəsiz, Allah Əbu Cəndəl və yoldaşları üçün də bir çıxış yolu ehsan edəcəkdi. Allah Rəsuluna etimadı sonsuzdur. Ancaq onu da bilirdi ki, atası Süheyl geri dönən kimi yenə amansız işgəncələrinə başlayacaqdı.

Arxadan qaçıb Əbu Cəndələ yaxınlaşan Hz.Ömər qılıncının qəbzəsini göstərir və:

– Ya Əba Cəndəl, – deyir. Məqsədi qəbzədən tutub Süheyl ibn Amrın işini oradaca bitirməklə Əbu Cəndəli bu əzabdan qurtarmaq idi. Hz.Ömər sözlərinə davam edir:

– Dişini sıx və mükafatını Allahdan gözləyərək səbir et! Şübhəsiz, onlar müşriklərdir və Allah qatında onların qanı köpəyin qanından qiymətli deyildir!

Ancaq Əbu Cəndəlin Hz.Öməri dinləyəcək halı yox idi və Qureyş elçilərinin qollarında yenidən gəldiyi yerə dönür. Artıq müqavilə işləri də hərtərəfli tamamlanmış, Rəsulullahın göstərişi ilə səhabə Məhəmməd ibn Məsləmə ondan bir nüsxə yazıb Məkkə təmsilçisi Süheyl ibn Amra vermişdi.

Qurbanlıqlar və ehramdan çıxma

Səhabələr Allah Rəsulunun (s.ə.s.) gördüyü yuxunun çin olacağına zərrə qədər şübhə etmirdi, bunun üçün Hudeybiyyəyə qədər gəlmiş və illər sonra yenidən Kəbəni təvaf etmənin xəyallarını qurmuşdu. İyirmi gün burada gözləmələri, ağır şərtlər altında müqavilə imzalayaraq geriyə dönmə hazırlıqlarına başlamaları və nəhayət, Əbu Cəndəlin vəziyyəti onları sözün əsl mənasında sarsıtmışdı. İndi böyük bir tərəddüd içində idilər. Belə ki, İbn Abbas kimi səhabələrin şahidliyi ilə, səhabələr Beytullahı təvaf edə bilmədikləri üçün üzülmüş, oraya aparılmayan dəvələr belə o gün inləməyə başlamış, balaları üçün çıxardıqları səsi çıxarmışdı.

İndi isə hər şey bitmiş və müqavilə möhürlənmişdi. Artıq Hudeybiyyə ilə yeni bir dövr başlayırdı. İslam gözəlliklərini sülh şəraitində daha çox insanla bölüşmək fürsəti olacaqdı. Ancaq əshab bunu hələ də qavraya, Beytullahı təvaf etmədən geri dönməyi heç cür həzm edə bilmirdi. Buna görə Allah Rəsulu (s.ə.s) geri dönmək üçün əshabına:

– Qalxın və qurbanlıqlarınızı da kəsib təraş olun, – deyə əmr etdikdə heç kim yerindən tərpənmir.

Nə Beytullahdan vaz keçə bilir, nə də Rəsulullaha itaətsizlik etmək istəyirdilər. Ancaq şərait onları ikisindən birini seçmək məcburiyyətinə qədər gətirmişdi! Həm də Allah Rəsulunun bu bəyanı bir "əmr", yoxsa "təşviq"dir deyə tərəddüd keçirir və Cəbrailin gəlişi ilə bu sülhün ləğv ediləcəyinə ümid bəsləyirdilər. Çünki vəhy davam edirdi, buna görə də hökmlərdə hər zaman bir dəyişiklik mümkün idi və onlar da yeni bir vəziyyətdə Kəbəyə gedib Beytullahı təvaf edə bilərdilər.

Dərin düşüncələrə dalırlar. Bu dəfə Rəsulullahın (s.ə.s.) əmrinə itaət həssaslığında gecikirlər. Buna görə də Allah Rəsulu tələbini üç dəfə təkrarlayır. Yenə də nə kimsə qalxıb qurbanını kəsir, nə də ehramdan çıxmaq üçün saçlarını təraş etdirir.

Bu vəziyyət Allah Rəsuluna da ağır təsir edir. Məhzun halda Ümmü Sələmə validəmizin yanına gəlir və:

– Müsəlmanlar həlak oldu. Mən onlara əmr edirəm, qurbanlarını kəsib təraş olsunlar, amma onlar bunu yerinə yetirmirlər, – deyir.[15]

Görünür, can dostu ilə məsələni müzakirə edəcək və bu vəziyyətdən çıxış yolu barədə  onun da fikrini öyrənəcəkdi.

– Ya Rəsulullah, – deyə Ümmü Sələmə sözə başlayır, – onları qınama, çünki hal-hazırda onlar böyük bir sarsıntı keçirirlər! Müqavilənin ağır şərtləri və gözlənilən fəthi görmədən geriyə dönmək məcburiyyəti kimi məsələlər onlara çox ağır gəlir. Ey Allahın Nəbisi! Ən yaxşısı, Sən get və heç kimə bir söz demədən öz qurbanını kəs, sonra da bir nəfəri çağırıb saçlarını təraş elətdir!

Ümmü Sələmə onların biri kimi danışırdı. Hər kəsin öz missiyası vardı, o da bu səfərdə Rəsulullahla bir yerdə olmağın gərəyini yerinə yetirir və bu məsələ barədə fikir bildirməsi ilə tarixi bir missiyaya imza atırdı. Demək ki, belə vəziyyətlərdə bəzən cəmiyyətin başında olan insanların öz hərəkətləri ilə insanları bir işə sövq etməsi sözlə yönəltməkdən daha təsirli yol idi.

Rəsulullah (s.ə.s.) çadırından çölə çıxır. Ehramını bir çiyni üstünə atır, qurbanını kəsmək üçün bıçağı da götürüb dəvələrə doğru gedir. Gözlər Ona dikilir. Çox keçmir ki, Rəsulullahın ucadan "Bismillahi, Allahu Əkbər" dediyi eşidilir. Görünür, Allah Rəsulu qurbanlarını kəsirdi.[16]

Rəsulullah qurbanını kəsə, əshab da kənarda dura... bu, mümkün deyildi. Yerindən sıçrayıb duran bıçağını da qapıb qurbanının yanına qaçmağa başlayır. Ümmü Sələmə validəmizin məsləhəti işə yaramışdı. Artıq Hudeybiyyədə Rəsulullahın ardınca qurban kəsənlər, sanki, bir-biri ilə yarışırdı.

Qurbanlarını da kəsən Allah Rəsulu (s.ə.s.) artıq ehramdan çıxmaq üzrə idi. Hiraş ibn Ümeyyəni çağırır, ona saçlarını təraş etdirir. Səhabələr Rəsulullahın mübarək tüklərini yerə düşmədən tutur, bir telin belə yerə düşməməsinə çalışırdı. Bir tutam saç da Ümmü Ümara götürür.

 Bəzi səhabələr saçlarını dibindən qırxdırmış, bəziləri isə sadəcə qısaltmaqla kifayətlənmişdi. Allah Rəsulu (s.ə.s.) mübarək başını çadırından çıxararaq:

– Allah saçını dibindən kəsdirənlərə mərhəmət etsin, – deyə dua edir.

Əsahabın içərisinə bir qorxu düşür:

  – Bəs ya Rəsulullah, – deyirlər, – saçlarını qısaldanlar necə olsun?

Çünki saçlarını qısa kəsdirənlərin ehramdan çıxıb-çıxması şübhə altına düşmüşdü. İşin qəribə tərəfi də bu idi ki, Rəsulullah bir daha:

 – Dibindən kəsdirənlərə, – buyurur və bunu da üç dəfə təkrar edir. Əshabın şübhəsi getdikcə artmağa başlayır və yalnız saçlarını qısaltmaqla kifayətlənənlərin hökmü məsələsində Allah Rəsulundan (s.ə.s.) bir cavab gözləyir. O da:

 – Qısa kəsdirənlərə də, – buyurur və beləliklə, məsələ aydınlaşmış olur.

 Daha sonra Hudeybiyyədə bir külək qalxır və səhabələrin saç tellərini Məkkəyə doğru uçurub aparır.

Beytullahı təvaf etmə işi bir il sonraya təxirə salınmaqla Hudeybiyyədən ayrılıq vaxtı çatmışdı. Buraya gələli düz iyirmi gün olmuşdu[17] və Rəsulullah da gələcək ili əmin-amanlıq içində Kəbəyə gəlib ibadətlərini etmək niyyəti ilə əshabına hərəkət əmri vermiş, Mədinə yolunu tutmuşdular.

Dönüş yolu və yeni möcüzə

Artıq Hudeybiyyəni tərk edib Mədinəyə doğru irəliləyirdilər. Əvvəlcə Məhruz-Zəhranda, sonra isə Usfanda qonaqlayırlar. Yeməyə bir şeyləri qalmamışdı və Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib minik dəvələrinin kəsilməsinə icazə istəyirlər və Allah Rəsulu da izin verir. Sevinirlər, ancaq bu, çox çəkmir. Məsələni eşidən Hz.Ömər Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib:

– Ya Rəsulullah, – deyir, – belə etmə. İnsanların yanında ehtiyatda artıq dəvənin olması daha məqsədəuyğundur. Sabah ac və piyada halda düşmənlə qarşılaşsaq, nə edərik! Ancaq əgər uyğun görsən, əmr et, əllərindəki ərzaqları gətirib bir yerə toplasınlar və Sən də onların üstünə bərəkət duası oxu. Şübhəsiz ki, Allah Sənin duan vasitəsilə bizi yurdumuza çatdıracaq!

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz.Ömərin təklifini bəyənir və insanlara səslənərək əmr edir ki, əllərində olan ərzaqları gətirsinlər. Həmçinin yerə bir dəri sərir və gətirilən ərzaqları bu dərinin üstünə yığdırır.

Səhabələr nə qədər azuqələri  varsa, dərhal hamısını gətirib ortaya qoyur. Ən çox gətirən bir ölçək (təxminən bir kiloqrama bərabər çəki vahidi) xurma gətirmişdi. Hər kəs gətirəcəyini gətirib ortaya qoyandan sonra dərinin üstünə zəif bir oğlaq boyda azuqə görünür.

Alahın Rəsulu (s.ə.s.) bu yeməklərin yanında əllərini açaraq dua etməyə başlayır. Bir müddət dua edib üzünü əshabına tutur:

– Allahın adı ilə süfrədən yeyib qarnınızı doydurun, – buyurur.

Min dörd yüz insan sıra ilə bu süfrəyə gəlir və qarnını doydurub geri çəkilir. Hətta yalnız qarınlarını doyurmaqla kifayətlənmir, əllərindəki qablarını da yeməklə doldurub geri dönürlər. Artıq hamı gəlib qarnını doydurmuş, qablarını da doldurmuşdu. Ancaq oğlaq böyüklükdə olan azuqə azalmamışdı!

 Hz.Ömər vəsiləsi ilə bir möcüzə də gerçəkləşir və Allah Rəsulu belə bir vaxtda nemətlərini onlardan əsrgəməyən Allaha şükr edir.

Üzündə təbəssüm vardı Rəsulullahın! Hətta əshab Onun inciyə oxşar dişlərini də görür. Sonra da həmd edir Rəbbinə:

– Allahdan başqa ilah olmadığına və Mənim də Onun Rəsulu olduğuma şəhadət edirəm. Allaha and olsun ki, bu iki şeyə iman edib Allaha qovuşan insan cəhənnəm əzabından qurtular!

   Bu, nə böyük iltifat idi: Allah Rəsulu (s.ə.s.) başda olmaqla səhabələr sürəkli Allahın lütfü, ehsanı ilə sevinirdi. Rəsulullahla birlikdə atdıqları hər addım, qarşılaşdıqları hər məsələ və ortaya qoyulan həll yolları iman baxımından onları əlçatmaz edir və beləcə daim xariqüladə hadisələr qurşağında bu yola davam edirdilər.

Beləcə Rəsulullah (s.ə.s.) yola çıxmaq əmrini verir. Bu dəfə də səmanın qapıları açılır, yağış yağmağa başlayır. Əshabın sevincinin həddi-hüdudu yox idi. Quraqlığın ətrafı qovurduğu bir zamanda bunun mənası böyük idi. Əllərini açır və səmadan enən ilahi mərhəmətdən doyunca içirlər. Dalbadal lütf edilən bu qədər ilahi inayət qarşısında Allah Rəsulu (s.ə.s.) əshabına dönüb xitab edir.

Nəbinin nəsihəti davam etdiyi vaxt kənardan üç nəfər gəlir. Onların biri səhabələrin arasına girib halqaya daxil olur, digəri halqanını arxasında oturur, üçüncüsü isə üzünü çevirərək oradan uzaqlaşır. Gördüyü hər şeyi dəyərləndirən Allah Rəsulu (s.ə.s.) bu üç şəxsin vəziyyətini də xütbəsində qeyd edir:

– Bu üç nəfər haqqında sizə danışımmı?

Təbii ki, əshab: "Bəli, ya Rəsulullah," – deyir.

– Onların biri həya etmiş və arxa cərgədə oturmuşdur, Allah da onun həyasını təqdir etmişdir. Digəri tövbədə səmimi olduğunu göstərmiş və Allah da onun tövbəsini qəbul etmişdir. Üçüncüsünə gəlincə isə o, üz çevirmişdir, Allah da mərhəmətini kəsib nəzərlərini ondan uzaqlaşdırmışdır!

Hudeybiyyə ən böyük fəthdir

Böyük bir qazancla geri dönürdülər. Ancaq Rəsulullahın (s.ə.s.) qulağına bəzi söz-söhbətlər gəlib çatır. Bəziləri Hudeybiyyənin bir fəth olmadığını söyləyir, qurbanları kəsə bilmədən və Beytullahı təvaf etmədən geri dönmələrini buna bir sübut kimi göstərirdilər. Mömin olaraq onlara sığınan insanların müşriklərə təslim edilməsini də bu "sübut"a əlavə edirdilər.

Hər söz-söhbət dinlə bağlı yeni bilgilərin ortaya çıxması ilə nəticələnirdi. Bu söz-sözhbəti eşidən Allah Rəsulu (s.ə.s.) üzünü əshabına tutur:

– Bunlar nə pis sözlərdir! Əksinə bu, fəthlərin ən böyüyüdür, çünki müşriklər qılınclarını qınlarına qoymuş və sizi öz yurdlarından ancaq sözlə uzaqlaşdırmağa razı olmuşlar! Sizinlə oturub müqavilə bağlamaq istəyir və təhlükəsizlikləri üçün də sizə müraciət etmə lüzumunu  hiss edirlər! Çünki onlar sizi diqqətlə nəzərdən keçirdikdə xoşlarına gəlməyən mənzərə ilə qarşılaşdılar və Allah (c.c.) sizi müzəffər etdi. İndi siz əmin-amanlıq içində və savab qazanıb  yurdunuza dönürsünüz ki, bu, fəthlərin ən böyüyüdür! Uhudu nə tez unutdunuz! Hanı o günlər ki, Mən arxadan sizə səsləndiyim halda, arxanıza baxmadan yuxarılara dırmanırdınız! Hamısının birdən üstünüzə gəldiyi günü – Əhzab gününü bir xatırlayın. Onlar hər tərəfdən üstünüzə hücum çəkəndə gözlər az qala hədəqəsindən çıxmış və ürəklər ağıza gəlmişdi. O zaman siz hətta Allah haqqında bəzi şübhələrə qapılmışdınız!

Allah Rəsulunun (s.ə.s.) bu minnət dolu sözlərini eşidən səhabələrin hamısı bir ağızdan:

– Allah və Rəsulu doğru deyir, həqiqətən də, bu, fəthlərin ən böyüyüdür, – deyir.

Məsələyə daha geniş prespektivdən baxmaq lazım idi. Bu vəziyyətdə daha geniş düşünüb sabahkı nailiyyətlərin hesabını aparmaq ən ağıllı iş idi. Eyni zamanda Hudeybiyyə Rəsulullahın da qeyd etdiyi kimi, hələ dünənə qədər onları insan yerinə belə qoymaq istəməyən və qılıncdan başqa yol görməyən müşriklərlə eyni masada oturmaq və bununla Müsəlman varlığını rəsmən qəbul etdirmək demək idi. Diqqətlə baxıb dərindən düşünəndə məsələnin əsl mahiyyətini anlamaq olurdu. Buna görə də səhabələr boyunlarını bükür, Rəsulullaha bunları demək lüzumunu hiss edir:

– Vallah, ya Rəsulullah! Biz Sənin düşündüklərini düşünə bilməmişdik. Həqiqətən də, Sən Allahı və bizə aid olan işləri ən yaxşı bilənimizsən!

Küraül-Qamimə çatanda Allah Rəsulunun dəvəsi yerişini dəyişir, həddən artıq yük aparırmış kimi əziyyət çəkməyə başlayır. Uzaqdan Qasvaya diqqətlə baxanlar Rəsulullaha yeni bir vəhy gəldiyini çoxdan anlamışdı. Rəsulullaha israrla sual verdiyi halda, heç cür cavab ala bilməyən Hz.Ömər vəziyyəti anlayınca özü haqqında bir ayənin nazil olmasından narahat olur və dəvəsini mahmızlayaraq qabağa gəlir. Çox keçmədən Allah Rəsulu vəhy gələrkən  sualını cavabsız qoyduğu Hz.Ömərə səslənir. Nəbəvi sədanı eşidən Hz.Ömərin gələn ayənin özü haqqında olması qorxusu ilə təşvişə düşür.

Rəsulullah (s.ə.s.) buyurur:

– Bu gecə Mənə elə bir surə endirildi ki, o, Mənə dünya və ona aid olanlardan daha sevimlidir!

Hər kəs gələn ayələrin məzmununu bilmək istəyir, Allah Rəsulunun ətrafına toplanıb gələn surəni öyrənmək üçün səbirsizliklə gözləyir. Rəsulullah (s.ə.s.) onlara "Fəth" surəsini oxuyur:

– Həqiqətən, Biz Sənə açıq-aşkar bir zəfər bəxş etdik! – ayəsi ilə başlayırdı surə.

Şübhəsiz ki, bu, bir neçə saat öncə Allah Rəsulunun dediyi sözlərin təsdiqi idi. Bir səhabə bütün bunların bir daha Allah Rəsulu tərəfindən təsdiq olunmasını istəyirmiş kimi:

– Bu,  bir fəthdirmi? – deyə təkrar sual verir və bunun cavabında Rəsulullah (s.ə.s.) da:

– Allah and olsun ki, bu mütləq bir fəthdir, – buyurur. Beləliklə, məsələ bir daha təsdiqlənir, Hudeybiyyənin bir fəth olmasına da heç kimin şübhəsi qalmır.

Elə surəni endirən Cəbrail də belə bir fəthə imza atdığı üçün Allah Rəsulunu təbrik edir və O da qarşılıq verir. Bunu görən səhabələr də Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) yaxınlaşır və Allahın ehsan etdiyi belə əhəmiyyətli bir fəthin sevincini bölüşürlər.[18]

Zaman-zaman səslərini ucaldıb etdikləri etirazların bağışlandığını öyrənmiş və bir az rahat olmuşdular. Bundan sonra yaxşı anlamışdılar ki, Rəsulullahın hər hansı bir seçimi nə Allahın iradəsi xarcindədir, nə də bu seçim qarşısında alternativlər axtarmaq bir möminə yaraşan davranışdır.

Artıq Rəsulullah əshabı ilə birlikdə gecə-gündüz demədən irəliləyir, tezliklə Mədinəyə çatmaq istəyirdi. Allah Rəsulu (s.ə.s.) ilə əshabın ümrə məqsədi ilə Mədinədən çıxdığı gündən bir ay yarım keçmişdi. Bu surənin təqribən yarısı Hudeybiyyədə, qalan hissəsi isə geri  qayıdarkən nazil olmuşdu.

Əbu Basirin gəlişi və ondan sonra baş verən  hadisələr 

Rəsulullah artıq əshabı ilə birlikdə Mədinədə idi.  Çox keçmir ki, Əbu Cəndəldən sonra bu dəfə də Məkkə müşriklərinin əzab-əziyyətlərindən qurtulan Əbu Basir[19] Rəsulullaha pənah gətirir. O, Zührəoğullarının müttəfiqi idi. Ancaq Məkkədə İslamı qəbul edincə Əbu Cəndəl kimi həbslər, işgəncələr, müxtəlif təhqirlərlə üzləşmişdi. İndi isə fürsət tapıb qaçmış, bütün sıxıntılardan qurtulmaq ümidi ilə özünü Mədinəyə çatdırmışdı. Ayaqları şişmiş və yara içində idi. Çünki Məkkədən piyada qaçmış, izi itirmək üçün daş-kəsəkli, çətin keçilən cığırlardan keçmişdi.

Onun Mədinədə sığınması xəbərini alan Məkkə müşrikləri bir yerə yığılır və Hudeybiyyə müqaviləsinə istinad edərək Əbu Basiri geri istəmə qərarına gəlirlər. Buna görə Ahnəs ibn Şərik və Əzhər ibn Abdiavf bir məktub yazıb Huneys ibn Cabirlə Rəsulullaha (s.ə.s.) göndərirlər.

Huneys bələdçi kimi Kövsər adlı köləsini də özü ilə götürüb Əbu Basirdən üç gün sonra Mədinəyə gəlir. Məktubu çatdırır.  Məktubu Rəsulullaha (s.ə.s.) Übeyy ibn Kab oxuyur.

– Səninlə bağladığımız müqavilənin şərtlərini bilirsən, – deyirlər, – bizdən kimsə sizin yanıza gəlsə, onu bizə təhvil vermək məsələsində aramızda şahidlər tutmuşduq. Buna görə də indi Sən adamımızı bizə qaytar!

Çətin qərar idi. Amma bu kimi çətinliklər yaşanmadan ümumi sülhün əldə edilməsi mümkün görünmürdü.[20] Buna görə də Allah Rəsulu (s.ə.s.) Əbu Basiri hüzuruna çağıraraq əmr edir ki, onu aparmaq üçün gələn iki nəfərlə geriyə – Məkkəyə qayıtsın.  Əbu Basir özündə deyildi:

– Ya Rəsulallah, – deyir, – onlar mənə təzyiq etdikləri və dinimdən döndərmək üçün fürsət axtardıqları halda, Sən məni müşriklərin yanınamı göndərirsən?

Allah Rəsulu (s.ə.s.) şəfqət dolu səsi ilə Əbu Basirə deyir:

– Ey Əba Basir! Sənin də bildiyin kimi, biz o qövmlə müqavilə imzalayıb bəzi məsələlərdə  söz verdik. İndi dinimizə görə, onu pozan tərəf biz ola bilmərik! Ancaq onu bil ki, Allah sənə və sənin vəziyyətində olan digər müsəlmanlara mütləq bir çıxış yolu ehsan edəcəkdir!

Allah Rəsulundan (s.ə.s) eşitdikləri qarşısında əndişələrini yenidən dilə gətirən Əbu Basir çarəsiz yalvarışlarla:

– Ya Rəsulullah, – deyir, – məni, doğrudan, müşriklərə təslim edirsən?

İki yol var idi və Allah Rəsulu (s.ə.s.) da ikisindən birini seçmək məcburiyyətində qalmışdı. Ümuminin əmin-amanlığı və insanların İslamla daha yaxından tanış olub imana gəlməsi uğrunda bu gün çəkilən sıxıntılar sabah yox olub gedəcək, şirin xatirələrə dönəcəkdi. Buna görə də:

– Geri dön, ey Əba Basir, – deyir Allah Rəsulu, – çünki Allah sənin üçün də bir çıxış yolu ehsan edəcəkdir!

 Əbu Basir də Qureyşin elçisi Huneys və onun köləsi Kövsərlə Məkkəyə doğru yola çıxır. Yenidən işgəncə, təqib, təzyiq və məşəqqətlərin içinə dönürdü! Bu vaxt ona yaxınlaşan bəzi səhabələr:

– Ey Əba Basir, – deyirlər, – Allahın sənə də bir çıxış yolu göstərəcəyindən şübhən olmasın. Rəsulullahın bu müjdəsi ilə sevin! Bəzən bir adam min adamdan da üstün ola bilər, sən filan şeyləri et!

Məqsədlərini açıq-aydın ifadə edirlər. Əbu Basirin geri qayıdarkən Qureyş elçilərini öldürməklə bir çıxış yolu tapacağını düşünür və belə bir işin mümkün olduğunu görüb Əbu Basirə xatırladırlar. Hətta Hz.Ömər ona:

– Sən ağıllı-başlı adamsan, yanında da qılıncın var, – deyib məsələni açıq şəkildə dilə gətirir.

Zil-Huleyfə adlı yerə gəlib çatanda Əbu Basir fürsət tapıb Huneysi öldürür və yenidən Mədinəyə yollanır. Kövsərin də üstünə gedir, ancaq çata bilmir. Canını bir təhər qurtaran Kövsər özünü Rəsulullahın şəfqətli qollarına atır.

Kövsər Mədinəyə girəndə Allah Rəsulu (s.ə.s.) əshabı ilə əsr namazını qılıb oturmuşdu. Onun bu şəkildə gəlişini görüb:

– Bu adam çox qorxub, – buyurur. Sonra da:

– Sənə nə olub? Niyə bu gündəsən? – deyə soruşur.

Təngnəfəs gələn Kövsər qırıq-qırıq cümlələrlə bunları deyə bilir:

– Öldürdü! Vallah, sizin yoldaşınız mənim yoldaşımı öldürdü! Az qala məni də öldürəcəkdi, güclə canımı qurtardım!

Allah Rəsulundan onu qorumasını istəyirdi və Rəsulullah (s.ə.s.) da ona aman verir.

Çox keçmədən Əbu Basir də görünür. Huneysin dəvəsinə minib qılıncını da qurşanmış vəziyyətdə hüzura gəlir və:

– Ya Rəsulullah, – deyir, – Sən vəzifəni yerinə yetirdin və beləliklə, Allah da Sənin üstündən məsuliyyəti götürmüş oldu. Sən razılaşmaya sadiq qalıb məni düşmənə təslim etdin. Mən isə dinimə görə işgəncələrə məruz qalmamaq üçün özümü müdafiə etdim!

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir tərəfdən Əbu Basirin qurtulmasına sevinir, digər tərəfdən bu hərəkətin gərginliyə səbəb olacağını düşünürdü. Bu yeni bir vəziyyət idi və bundan sonrakı hadisələrin gedişatı məlum deyildi. Buna görə də əvvəlcə:

– Vay onun halına, – deyir.  Bu ifadələrdə həm Əbu Basirin hərəkətini qınama, həm də nəticədən narahatlığı hiss olunurdu.Və əlavə edir:

–  Əgər yanında başqa adamlar olsa idi, bu, yeni bir müharibə demək idi!

Əbu Basir ağıllı adam idi və bu cümlələrdən yenidən Qureyşə təslim ediləcəyi nəticəsini çıxarır. Demək, onun üçün hələlik Mədinədə Rəsulullahla birlikdə ömür sürmək mümkün deyildi. Başını götürüb getməli və öz yolunu özü seçməli idi. O da qovuşmaq üçün can atdığı Rəsulullahla vidalaşıb hüzn içində Mədinəni tərk edir.[21]



[1]. Hudeybiyyəyə gedərkən Mədinədə Nümeylə ibn Abdullah əl-Leysini və ya Əbu Ruhm Gülsüm ibn Husaynı təyin etməsi, üçünü birdən Mədinədə qoyub İbn Ümmi Məktumu namaz qıldırmaqla vəzifələndirməsi şəklində rəvayətlər var. Bax: Belazuri, Ensabu'l-Eşraf, 1/154; Salehi, Sübülü'l-Hüda ver-Reşad, 5/33
[2]. Ümrə məqsədilə yola çıxanların sayı 1300, 1400, 1400-dən bir qədər çox, 1500, 1525, 1600, 1700 və 1800 şəklində göstərilir. Böyük ehtimalla rəqəmlərdəki fərq və min dörd yüzdən sonrakı rəqəmlər yol boyu ətraf qəbilələrdən qoşulan möminlərlə bağlıdır. Həmçinin səfər zamanı bu işə nəzarət edənlərin möminlərin sayını təxmini söyləməsi və ya qadın və uşaqların bu saya daxil edilməməsi sayın dəqiqliyinə öz təsirini göstərmişdir. Bax: Salihi, Sübülül-Hüda vər-Reşad, 5/70-71
[3]. Bu dəstəyə Sad İbn Zeydin də başçılıq etməsi rəvayət olunur. Bax. Vâkıdî,  Megâzî, 1/574; Salihi, Sübülü’l-Hüda ve’r-Reşad, 5/34
[4]. Hz. Kab "Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını təraş etməyin əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir." ("Bəqərə" surəsi, 2/196) məalındakı ayənin onun haqqında nazil olmasını demişdi. Bax: Buhârî, Sahîh, 4/1535 (3955); Müslim, Sahîh, 2/861 (1201); Tirmizî, el-Câmiu’s-Sahîh,5/212 (2973); Taberî, el-Câmiu’l-Beyân, 2/232
[5]. "Nisa" surəsi, 4/102-104
[6]. Rəvayətə görə həmin gün bu adam dəvəsini axtararkən bir uçurumdan yıxılmış, cəsədi də yırtıcı heyvanlara yem olmuşdu. Bax: Vakidi, Megazi, 1/585 Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/40
[7]. Hadisəni rəvayət edən Hz. Cabirdən insanlar: "O gün  neçə nəfər idiniz?" – deyə soruşanda, əvvəlcə: "Yüz min də olsaydıq, su hamımıza bəs edərdi!" – deyəcək və min beş yüz nəfər olduqlarını söyləyəcəkdi. Bax: Buhârî, Sahîh, 4/1526 (3921); Ahmed b. Hanbel, Müsned, 3/329 (14562); Dârimî, Sünen, 1/27 (27)
[8]. O gün Hüdeybiyyədə su ilə əlaqədar başqa möcüzələr də baş verəcəkdi. Bax: Buhârî, Sahîh, 3/1311 (3384), 4/1525 (3919); Ahmed b. Hanbel, Müsned, 4/290; İbn Hibbân, Sahîh, 11/126 (4801); Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/73
[9]. Urvə ibn Məsudun anası qureyşli Sübeya binti Abdişəmsin qızı idi və: "Mənim anam sizdəndir və bu tərəfdən mən bir növ sizin oğlunuzam," – deyərək bunu nəzərdə tutmağa çalışırdı. Bax: İbn Hişam, Sirə, 4/280, İbn Hişâm, Sîre, 4/280; Taberî, Tarih, 2/118
[10]. O, ərəblərin dahi saydığı dörd şəxsdən biri və ən məşhuru idi. Xəndək savaşı ərəfəsində müsəlman olub Mədinəyə hicrət etmişdi. Urvənin gəlişini görən kimi qılıncına sarılıb və üzünü də örtərək Allah Rəsulunun ətrafında keşik çəkməyə başlamışdı. Bax: İbn Esîr, Usudu’l-Ğâbe, 3/39-40; İbn Hacer, Bidâye, 8/53
[11]. Hədisdəki ifadə "Sizdən sonra heç bir qövm sizin nə kölgənizə, nə də müddünüzə (zərrənizə) çata bilər" şəklindədir ki, biz daha asan anlaşılsın deyə yuxarıdakı ifadəni məqsədəuyğun hesab etdik. Bax: Ahmed B. Hanbel Müsned,3/26)Ahmed b. Hanbel, Müsned, 3/26 (11224); Hâkim, Müstedrek, 3/38 (4336); İbn Ebî Şeybe, Musannef, 7/386 (36853)
[12]. Bu maddələrdə razılığa gəlirlər: 1. Tərəflər arasında on il müddətində müharibə olmayacaqdı. 2. İnsanlar bir-birinə qarşı təhlükə törətməyəcək, bundan əmin  olacaqdılar.  3. Allah Rəsulu və əshab bu il geri dönəcək və ancaq gələn il Beytullahı ziyarət edə biləcəkdi. Bu səfər zamanı Məkkədə üç gün qala biləcək, özləri ilə yalnız səfər silahları götürəcək və qılınclarını da qından çıxarmayacaqlar. 4. Valideyninin izni olmadan Qureyşdən gəlib (qaçıb) Allah Rəsuluna sığınanlar İslamı qəbul etmiş olsalar belə, valideynlərinə təhvil veriləcək; digər tərəfdən bir mömin gedib qureyşlilərə sığınarsa, onlar onu geri qaytarmayacaqdı. 5. Qarşılıqlı ittihamlara, alçaltmalara son qoyulacaq, xəyanət və oğurluq kimi hadisələrə imkan verilməyəcəkdi.  6. İki tərəfə aid olmayan qəbilə və toplumlar istədikləri zaman istədikləri tərəflə ittifaq qura biləcəkdilər. Xüsusən də, bu son maddə qəbul edilən kimi Huza qəbiləsi: "Biz Məhəmmədlə ittifaq etdik," – deyir, Bəni-Bəkir qəbiləsi isə: "Biz də qureyşlilərlə ittifaq etdik," – deyərək mövqelərini açıq şəkildə ortaya qoyurlar. Bax: Ahmed b. Hanbel, Müsned, 4/325; İbn Sad, Tabakat, 2/97 ; Vakıdi, Megazi, 1/608
[13]. Başqa rəvayətdə bu say səksən nəfər kimi göstərilir. Bax: Ahmed b. Hanbel, Müsned, 3/122 (12249); Nesâî, Sünenü’l-Kübrâ, 5/202 (8667); İbn Kesir, Tefsir, 4/193
[14]. "Fəth" surəsi, 48/24
[15]. Başqa bir rəvayətdə bu ifadə "İnsanların hərəkətlərini görürsənmi? Mən onlara bir şey əmr edirəm, onlar isə əmrimi eşidib üzümə baxdıqları halda, bunu yerinə yetirmirlər" şəklindədir. Bax: Vakidi, Megazi, 1/163; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/56
[16]. Alah Rəsulu (s.ə.s.) Hudeybiyyə günü yetmiş dəvə qurban etmiş, bunlardan birini də yeddi nəfərlə ortaq kəsmişdi. Eyni zamanda Onun Əsləm qəbiləsindən olan bir nəfərlə Məkkəyə iyirmi dəvə göndərməsi və onları Mərvədə qurban kəsdirməsinə dair məlumat da vardır. Bax: Vakidi, Megazi, 1/614; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/57
[17]. On doqquz gün olması da bildirilir. Səfərin ümumilikdə bir ay yarım çəkməsi rəvayət olunur. Bax: İbn Seyyidinnas,Uyunul-Əsər2/125; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/57
[18]. Davam edən ayədə Allah (c.c.) Rəsuluna bəxş edəcəyi maddi-mənəvi nemətləri sıralayaraq bunları: "Bu da Allahın Sənin keçmişdə və gələcəkdə qüsurlarını bağışlaması, Sənə etdiyi ehsan və nemətini tamamlaması, Səni doğru yola hidayət etməsi və Sənə şanlı və şərəfli bir zəfər verməsi üçündür" məallı ayələr olaraq ümmətinə bildirincə səhabələr: – Mübarək olsun, ya Rəsulullah, – deyir və sonra da: – Allah Sənə necə lütf edəcəyini açıq-aşkar bəyan etdi, ancaq sabah bizim başımıza nə gələcəyini bilmirik, – deyərək əndişələrini dilə gətirirlər. Bunun cavabında Rəsulullah (s.ə.s) onlara surənin davamını oxumağa başlayır: "Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə mənəvi rahatlıq göndərən Odur. Göylərdəki və yerdəki ordular Allahındır. Allah hər şeyi biləndir, hikmət sahibidir! Bu da Allahın mömin kişiləri və qadınları əbədi qalacaqları, içindən çaylar axan cənnətlərə daxil etməsi və onların günahlarını bağışlaması üçündür. Bu, Allah dərgahında böyük qurtuluşdur, uğurdur! "Fəth" surəsi, 48/1-6
[19]. Əbu Basir ləqəbi ilə məşhur olan bu səhabənin adı Utbə ibn Əsiddir. Bax: İbn Hişâm, Sîre, 4/291; Beyhakî, Sünenü’l-Kübra, 9/227; İbn Hacer, el-İsâbe, 4/433 (5401)
[20]. Daha sonra gələn ayədə bu hökmdən yalnız Məkkədəki işgəncədən qaçan Ümmü Gülsüm kimi xanım səhabələr istisna olunurdu. Bax: "Mümtəhinə" surəsi, 60/10
[21]. Bundan sonra Əbu Basir sahil yolu ilə gedərək İs adlı yerdə məskən salır. Onun İsdə qərargah qurduğunu eşidən digər möminlər tədricən buraya gəlir və Məkkə müşrikləri üçün böyük bir təhlükə mərkəzinə çevrilirlər. Əbu Cəndəl də gəlmişdi. Hətta onlara ətraf qəbilələrdən də qatılanlar olur və bir gün məkkəlilər Əbu Sufyanı Mədinəyə göndərib az qala yalvararaq Hudeybiyyə anlaşmasının həmin maddəsini qüvvədən düşmüş saydıqlarını bildirirlər. Bundan sonra Allah Rəsulu (s.ə.s.) Əbu Basirə məktub yazır, ancaq həmin vaxt xəstə olan Əbu Basir Rəsulullahın məktubunu oxuyarkən oradaca vəfat edir. Bax: Vakidi, Megazi, 1/625; İbn Abdilberr, İstîâb, 4/1614 (2875); İbn Esîr, Usudu’l-Ğâbe, 3/146