Mənəviyyata Açılan Pəncərə

Xeybərdən sonraki hadisələr

Xeybər qənimətləri ilə Mədinəyə qayıdan Allah Rəsulu (s.ə.s.) bu imkanlarla iki əhəmiyyətli iş görəcəkdi. Birincisi, mal-mülklərini Məkkədə qoyub Mədinəyə hicrət edən mühacirlərə təlimat verəcək, qapılarını onların üzünə açıb mal-mülklərini də onlarla bölüşən ənsara bu malları geri qaytarmalarını  tələb edəcək və özü şəxsən bunu yerinə yetirəcəkdi. Belə ki, Hz.Ənəsin anası Ümmü Süleym hicrətdən sonra Ona bir xurmalıq bağışlamışdı. O gün Allah Rəsulu bu xurmalığı istifadə üçün verdiyi Ümmü Eyməndən alıb sahibinə qaytaracaqdı.

 İkincisi, yenə Məkkə ilə bağlı idi. O ərəfədə Məkkədə böyük bir quraqlıq olmuş, insanlar və mal-qara qıtlıqdan əziyyət çəkirdi. Bunu bilən Allah Rəsulu (s.ə.s.) hər fürsətdə Ona qılınc qaldırıb həyatına qəsd etməyə çalışan məkkəlilərə kömək edəcək və onlara Xeybər qənimətlərindən  yardım göndərəcəkdi.

Rəsulullahın bu addımı möminin şəfqət və həssaslığını göstərirdi. Onlar da Allahın qulu idi, buna görə də məkkəlilərin dadına yetişir və bu hərəkəti ilə onları Allaha "qul" olmağa çağırırdı.

Yardımı səhabə Amr ibn Ümeyyə aparır. Yardımın ünvanı yenə Əbu Sufyan, Süheyl ibn Amr və Safvan ibn Ümeyyə idi. Onlar Məkkə böyükləri idi və bu yolla həm də onların fikirləri öyrənilir, İslama münasibətləri yenidən yoxlanılırdı. Belə ki, bir vaxt bunların üçü də Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna gələcək və Onun səhabəsi olmaqla şərəflənəcəkdi.

 Ancaq Süheyl ibn Amr və Safvan ibn Ümeyyə bu yardımı qəbul etmək istəmir. İnsanların ehtiyacını görsələr də, dünənə qədər hər cür pislik etdikləri Mədinədən belə bir yardımın gəlməsini qürurlarına sığışdıra bilmirlər! Ancaq bu addım onların qəlbini titrətmişdi; belə ki, keçmişi göz önünə gətirəndə yaxşı görürdülər ki, belə bir vəziyyətdə heç kim qayıdıb onlara belə bir yardım etməzdi. Beləcə, Rəsulullahın fərqli olduğunu bir daha müşahidə edirdilər.

Əbu Sufyan daha təmkinli idi. Yoldaşları müsbət baxmasa da, meydanda insani bir əməl var idi və bu yaxşılığı görməmək düzgün olmazdı. Ona görə də:

– Allah qardaşım oğlunu xeyirlə mükafatlandırsın, çünki O, qohumluğunu göstərib  bizə əl uzatdı, – deyir və bunların hamısını qəbul edib Məkkədəki fəqir-füqəraya paylayır.[1] Məkkənin qədir-qiymətini bilmədiyi Məhəmmədül-Əmin onuın dadına yetişmiş, ərzaq və qızıl göndərmişdi: könüllərdə istiqbalın fəthi yaşanırdı!

Bu vaxt devslilərlə birlikdə Mədinəyə gələn Əbu Hureyrə Məscidi-Nəbəvidə məskunlaşmış və Suffə əshabına qoşulmuşdu. Axtardığını tapdığı üçün çox sevinirdi, amma özü ilə birlikdə Mədinəyə gələn anasının heç cür müsəlman olmaq istəməməsi sevincini gözündə qoyur. Nəhayət, məsələni Allah Rəsuluna (s.ə.s.) açır və anası üçün dua etməsini xahiş edir:

– Ya Rəsululllah, anamı hər dəfə İslama dəvət edirəm, amma o, məni təhqir edir. Bu gün də eyni təklifi etdim, ancaq o, yenə Sənin haqqında xoşagəlməz sözlər söylədi. Anamın da hidayətə çatması üçün Allaha dua etsəydiniz! – söyləyir.

 Çox səmimi və ürəkdən gələn bir istək idi və Allah Rəsulu da əllərini açıb Əbu Hureyrənin anası üçün dua etməyə başlayır. Əbu Hureyrənin sevincdən ayaqları yerdən üzülür! Şübhəsi yox idi, Rəsulullah (s.ə.s.) dua edibsə, bu dua qəbul olunacaq və anası da dünya və axirəti qazanma yoluna gələcəkdi. Tez-tələsik evlərinə yönəlir, baş verənləri anası ilə bölüşəcəkdi! Evə çatanda qapının bağlı olduğunu görür, içəridən su səsi gəlir. Qapını açmağa çalışır, anası ona:

– Orada gözlə, – deyə səslənir.

Nəhayət, anası örtüyünə bürünüb qapını açıb:

 – Gir içəri, – deyir.

Nə isə olmuşdu, ancaq Əbu Hureyrə hələ baş verənlərin fərqində deyildi. Nəhayət, anası Meymunə binti Subeyh:

– Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Məhəmməd də Onun qulu və Rəsuludur, – deyir.

Sanki, ona dünyanı bağışlayırlar. Devsin aslanı Əbu Hureyrə (r.a.) sevincindən ağlayır. İman dolu bir könül üçün dünyadakı ən böyük xoşbəxtlik idi bu və bu müjdəni Allah Rəsulu ilə də bölüşmək istəyir. Qaça-qaça məscidə gəlir:

– Ya Rəsulullah! Müjdə, – deyə səslənir, – Allah (c.c.) Sənin duanı qəbul etdi, anam müsəlman oldu!

Allah Rəsulunu (s.ə.s.) da sevindirən xəbər idi bu və öncə Allaha həmd-səna, ardınca da  dua edir:

– Allahım, bu qula və anasına qarşı mömin qullarının qəlbində məhəbbət hasil eylə və mömin qullarını da onlara sevdir!

Allah Rəsulu (s.ə.s.) Xeybərdən gəldikdən sonra Həbəşistandan qayıdan Hz.Cəfərə Məscidi-Nəbəvinin yaxınlığında bir ev tikdirir və ona Rum hökmdarının hədiyyə etdiyi atlas cübbəsini bağışlayır.[2]  Həbəşistan mühacirlərinə qucaq açan Nəcaşinin müsəlmanları qorumaq üçün etdiklərini öyrənən Rəsulullah öncə gedib dəstəmaz alır, sonra da əllərini qaldırıb onun üçün Rəbbinə dua edir.

Bu ərəfədə təhlükəsizliyi təmin etmək üçün lazımi addımların atılması da ehmal edilmir, hələ də Mədinəyə hücum etmək istəyənləri və bu niyyətlə atılan addımları yatırmaq və Hicazda İslamın hakimiyyətini möhkəmləndirmək məqsədilə ətraf ərazilərə hərbi qüvvələr göndərilir. Bu məqsədlə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz.Ömərin başçılığı altında otuz nəfərlik dəstəni Türəbəyə, Hz.Əbu Bəkrin başçılığı ilə bir hərbi dəstəni də Nəcid bölgəsindəki həvazinlilərin üstünə göndərir. Bundan əlavə Bəni-Mürrə, Meyfəyə və Cinab kimi bölgələrə də səfərlər təşkil edilir ki, bütün bu tədbirlər Hicazda ümumi sülhün təşəkkülünə hesablanırdı.

Zatür-Riqa

 Qatafan səfəri Mədinədən çıxandan geri dönənədək keçən on beş günlük müddət ərzində baş verən qeyri-adi, xarüqüladə hadisələrə görə əshab arasında "qeyri-adi hadisələr səfəri" də[3] adlandırılır.

 Hər zaman olduğu kimi, həmin gün də Mədinəyə bir tacir gəlir və malını əshaba satır. Bir müddət oturub söhbət etdikdən sonra da:

– Ənmar ibn Bəğiz və Bəni Saadoğulları sizə qarşı döyüşmək məqsədilə toplandıqları halda, sizin bir tədbir görmədiyinizi görürəm, – deyir.

Mühüm xəbər idi, belə ki, həmin adamlar əvvəllər də fürsət düşdükcə Mədinəyə hücum etməyə çalışımışdılar. Bu xəbər Allah Rəsuluna çatan kimi yerinə Əbu Zərri vəkil qoyub[4] dörd yüz[5] nəfərlik bir qüvvə ilə Məhərrəm ayının bir şənbə günündə həmin istiqamətə doğru yola çıxır. Mədik istiqamətində gedir və Şuqra vadisinə çatanda orada bir gün dincəlir, orada səhabələri müəyyən dəstəlara bölüb ətrafı yoxlamağa göndərir.

Gecədən xeyli keçmiş geri dönən əshab ətrafda heç kəslə rastlaşmamış, ancaq bəzi izlər tapmışdı. Bundan sonra Allah Rəsulu (s.ə.s.) yenidən hərəkət əmri verir, hədəfinə doğru sürətlə irəliləyir. Yorulduqca və isti güclənincə fasilə verir, yenə yola davam edirlər.

Nəhayət, Mədinədən iki günlük məsafədə yerləşən bir xurmalığa çatırlar. Bura həmin tacirin dediyi qəbilələnin məskəni idi. Ancaq orada qadınlardan başqa heç kim yox idi. Rəsulullahın gəlməsi xəbərini alan kimi dağlara çəkilmiş, hadisələrin gedişini gizləndikləri yerdən izləməyə başlamışdılar.

 Gərgin ab-hava hökm sürürdü. Dağ başına qaçıb sığınan qatafanlılar artıq sonlarının gəldiyini düşünürdülər. Allah Rəsulu ilə olan əshab isə dağlara çəkilən insanların qəfil hücum edib etməyəcəyini dəqiq bilmək istəyirdi. Səssicə gözləyirlər.

Elə bu vaxt günorta (zöhr) namazının vaxtı girir və Allah Rəsulu (s.ə.s.) əshabı ilə namaza hazırlaşır. Azan oxunur, cərgələr düzülür! Bunu görən qatafanlılar əllərinə fürsət düşdüyünü düşünürlər.

Əvvəlcə dərhal hücum edib müsəlmanlara zərbə vurmağı planlaşdırsalar da, bir qismi:

– Bu dəfə onlara bir şey etməyin, necə də olsa, bundan sonra da namaz qılacaqlar. Namaz onlara övladlarından da əzizdir, – deyincə bu hücum planını sonrakı namaza saxlayırlar.

 Ancaq bir şeyi nəzərə almamışdılar. Belə ki, bu vaxt Cəbrail gələrək Allah Rəsulunu onların bu xain planından xəbərdar edir. Bundan sonra Rəsulullah (s.ə.s.) əsr namazının vaxtı girər-girməz əshabını iki dəstəyə ayırır və yenə camaatla namaz qılır. Buna görə ilk rükətdə Onunla birlikdə namaz qılan səhabələr ikinci rükətə qalxdığı zaman ayrılıb ehtimal olunan təhlükələrə qarşı keşik çəkir  və bu vaxt digər dəstə namaza durub ikinci rükəti Onunla birlikdə tamamlayır. Daha sonra hər iki dəstə da qılmadığı bir rükəti özü  tamamlayır və beləcə, pusquda duran düşmənin niyyətini puç edirlər. Bunula dağa çəkilən düşmənin göz dikdiyi bir ümid işığı sönür, həm də əbədi olaraq!

On günə yaxın bu bölgədə qalan Allah Rəsulu düşmənlə qarşılaşma ehtimalı aradan  qalxan kimi əshabına Mədinəyə qayıtmaq əmri verir. Hətta səhabə Cual ibn Suraqanı öncül qüvvə kimi Mədinəyə göndərir və heç bir problem olmaması barədə ora xəbər çatdırmağı tapşırır.

Bu vaxt bir səhabə quş yuvası tapır. Yuvada olan quş balalarından birini götürüb düşərgəyə gəlir. Onun hərəkətlərində bir dəyişiklik hiss edən əshab maraqla əlinə baxmağa başlayır. Hər bir hadisəyə ayrıca qiymət verən Allah Rəsulu da ona baxır və hadisənin sonunu gözləyir.

 Elə bu vaxt bir quşun həmin səhabənin üstünə enib-qalxdığını görürlər. Bu, balasını onun əlindən qurtarmaq istəyən bir ananın çırpıntısı idi! Məsələ aydın olmuşdu. Quş ana şəfqəti ilə yuvasını dağıdan insana hücum edir və balasını onun əlindən almaq istəyirdi. Həqiqətən də, ürək kövrəldən bir mənzərə idi, balasını nəyin bahasına olursa-olsun, qurtarmaq üçün özünü təhlükəyə atırdı. Rəsulullah:

– Bu quşa baxanda yazığınız gəlir, elə deyilmi? – deyə soruşur, – siz onun balasını götürdünüz, o da balasına olan mərhəmətinə görə özünü təhlükəyə atır. Unutmayın ki, Allahın öz qullarına olan mərhəməti bu quşun balasına olan mərhəmətindən daha güclüdür!

Yenə yola düzəlir və Mədinəyə xeyli yaxınlaşırlar. Nəhayət, gecənin qaranlığı çöküncə  Sırar adlı yerdə fasilə verirlər. Allah Rəsulu (s.ə.s.) burada bir dəvə kəsilməsini əmr edir.

Fikir verməmişdilər: bu zaman onları bir Müsəlman qanı tökməmiş geri dönməyəcəyinə əhd edən bir düşmən təqib edirdi. Küləkli bir gecə idi və Allah Rəsulu (s.ə.s.) üzünü əshabına tutub:

 – Bu gecə bizi kim qoruyacaq ? – deyə soruşur.

Abbad ibn Bişr və Ammar ibn Yasir ayağa qalxıb:

– Biz qoruyacağıq, ya Rəsulullah, – deyirlər və Allah Rəsulu da bundan məmnun olub istirahətə çəkilir.[6]

Ümrənin qəzası

Hicri yeddinci ilin zülqədə ayı idi. Cəbrail "Döyüş haram olan ay (hicrətin 7-ci ilinin zülqədə ayı) döyüş haram olan ay (hicrətin 6-cı ilinin zülqədə ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır".[7] məallı ayəni gətirir. Bununla Allah keçən il əda edilməyən ümrə vaxtının yetişdiyini xatırladırdı.[8] Allah Rəsulu (s.ə.s.) da bir il əvvəl razılığa gəldikləri kimi əshabına ümrə üçün hazırlaşmaq əmri verir. Keçən müddətdə şəhid olan və ya öz əcəli ilə ölənlər xaricində Hüdeybiyyədə olanların hamısının iştirakının vacibliyini bildirir.

Bu vaxt ümrə üçün imkanları olmayan insanlar da yola çıxmaq istəyirdilər. Nə minməyə atları, nə də yol azuqələri var idi:

– Ya Rəsulullah, Allaha and olsun ki, bizim əlimizdə yol azuqəmiz olmadığı kimi bizə əl tutan bir kəs də yoxdur! – deyirlər.

İstək səmimi olsa da, imkanları yox idi. Onların içində Mədinə kənarlarından buraya hicrət etmiş insanlar var idi! Ona görə də bu insanlara əl tutulmalı, yola çıxmaq üçün lazımi köməklik göstərilməli idi.

Bunun üçün Fəxri-Kainat Allah Rəsulu (s.ə.s.) əshabını sədəqə verməyə təşviq edir. Allah üçün verənə Allahın da bol miqdarda verəcəyinə şübhə yoxdur. Beləliklə, fani olan dünya malını axirətdə əbədi bir sərvətə döndərmə fürsəti  vardı.

– Sədəqə verin və əsla əlinizi çəkməyin, yoxsa həlak olarsınız, – deyir.

Ancaq bir neçə adam deyil, əksər səhabələr imkansız idi və:

– Ya Rəsulullah, əlimizdə heç bir şey yoxkən, nə verə bilərik ki?!

– Əlinizdə bir xurmanın yarısı belə olsa, – buyurur Allah Rəsulu (sallallahu əleyhi və səlləm).

 Belə ki, Cəbrailin gətirdiyi "Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin"[9] məallı ayə də bundan bəhs edirdi. Demək ki, əsas təhlükə insanın döyüş meydanlarında cəbhədən-cəbhəyə atılması deyil, möhtacları görə-görə yardım etməməklə özü-özünü həlak etməsidir! Məsələ indi aydınlaşmışdı: vermək üçün mütləq zəngin olmağı gözləmək lazım deyildi. Və səhabələr əllərindən gələni əsirgəmir və Beytullaha yola çıxan qardaşlarına dəstək olmağa çalışırlar.

Bu minvalla Mədinədən Kəbəyə qadınlar və uşaqlar xaric iki min nəfər yola çıxır. Allah Rəsulu (s.ə.s.) Mədinədə yerinə Əbu Ruhm əl-Ğifarini qoymuşdu.[10] Bir il əvvəl görülmüş yuxu və geri dönərkən nazil olan ayələrlə verilən müjdə həyata keçmək üzrə idi. Əmin-amanlıq içində Kəbəyə gedəcək və əsrlərdən bəri ilk dəfə burada ibadətin necə edilməsini bütün aləmə göstərəcəkdilər.

Allah Rəsulu (s.ə.s.) Məscidi-Nəbəviyə girir və təlbiyə gətirməyə başlayır. Onu eşidən hər kəs təkrar edir. Mədinə "Ləbbeyk Allahummə ləbbeyk; ləbbeyk lə şərikə ləkə ləbbeyk. İnnəl-hamdə vən-Nimətə ləkə vəl-mülkə lə şərikə lək" sözləri ilə silkələnir.

  Qurban kəsməyə altmış dəvə aparırlar. Allah Rəsulu (s.ə.s.) öz qurbanını şəxsən hazırlayır, boynuna nişan qoyur. Qurbanlıqlara nəzarəti yenə Naciyə ibn Cündəbə həvalə edir. Ona beş nəfər də qoşaraq dəvələri otlada-otlada sağ-salamat Məkkəyə çatdırmağı tapşırır.

Bu səfərdə əsas məqsəd Allaha qulluq vəzifəsini əda etmək olsa da, Allah Rəsulu ehtiyatı əldən vermir və silahların da götürülməsini istəyirdi. Hətta Məhəmməd ibn Məsləmənin başçılığı ilə yüz nəfərlik bir dəstə seçmiş, süvari birliyi kimi öncədən göndərmişdi! Qılınc, qalxan, nizə, dəbilqə kimi silah-sursatı Bəşir ibn Sada tapşırmış və  onları da Məhəmməd ibn Məsləmə ilə birlikdə yola salmışdı. Bunları səhabələr diqqətlə izləsə də, heç nə başa düşmür:

– Ya Rəsulullah, onlar bizim Məkkəyə girərkən özümüzlə yalnız yolçu qılıncı götürməyimizi, onu da qınında saxlamağımızı şərt qoyublar. Səni bu qədər silah götürməyə sövq edən nədir? – deyə soruşurlar.

Allah Rəsulu (s.ə.s.) bu suala:

– Biz silahlarla Hərəmə girəsi deyilik, amma onların bizə yaxın bir yerdə olması faydalıdır! Əgər işdi birdən bizə hücum etsələr, bunlar əlimizin altında olsun, – deyə cavab verir.

Deməli, tam əmin deyildi ki, Qureyş verdiyi sözə əməl edəcək. Bəlkə də, əshabına hər ehtimala qarşı tədbirli tərpənməyin vacibliyini göstərmək istəyirdi.

Zül-Huleyfədə onlardan ayrılıb qabaqda gedən Məhəmməd ibn Məsləmə və yoldaşları Mərrüz-Zahran adlı yerə çatanda bir dəstə qureyşli ilə qarşılaşır. Qureyş təşvişə düşür və bu hərəkətliliyin  səbəbini soruşur. Məhəmməd ibn Məsləmə və yoldaşları Rəsulullahın da arxadan gəldiyini xəbər verirlər.

Hələ Bəşir ibn Sadın apardığı silah-sursatdan xəbər tutanda qorxudan rəngləri ağarır. Tələsik Məkkəyə gəlir, rəhbərlərini vəziyyətdən xəbərdar edirlər. Qureyşi təlaş bürüyür:

– Necə ola bilər? Biz müqaviləni pozacaq yanlış bir hərəkət etməmişik. Müqaviləyə sadiqik! Bəs onda Məhəmməd və tərəfdaşları niyə əllərində silah üstümüzə gəlirlər?

Vəziyyəti təfərrüatı ilə və hadisələrin gedişatını öyrənmək üçün Müqrəz ibn Hafsın rəhbərliyi ilə bir heyət təşkil edib Yəcəc adlı yerə göndərirlər. Bu vaxt Allah Rəsulu da Yəcəcə gəlib çatmışdı.

– Vallah, ya Məhəmməd, Sənin nə uşaq ikən, nə də sonralar insanlara haqsızlıq etdiyini görmüşlər. İndi isə bu silahlarla birlikdə Hərəmə girmək istəyirsən! Halbuki sən qövmünlə (Qureyşlə) bağladığın sazişdə sadəcə səfər qılıncları və onların da qınlarında olması şərtini qəbul etmişdin!

Allah Rəsulu (s.ə.s.) verdiyi cavabla onların narahatlığına son qoyur:

– Mən oraya silahlarla birlikdə girməyəcəyəm ki!

Miqrəz və yoldaşları rahat nəfəs alırlar. Ürəkləri yerinə gəlir. Rəsulullaha (s.ə.s.) dönüb:

– Sənə yaraşan da budur. Necə ki Sən daim yaxşılıq və vəfa ilə tanındın, – deyir və birbaşa Məkkəyə yollanırlar. Bunları deyirlər:

– Şübhəsiz ki, Məhəmməd sizinlə bağladığı sazişə sadiqdir və buraya silahla girməyəcək!

Bu vaxt Qureyş: "Səhabələr yeriyə bilməyəcək dərəcədə taqətdən düşmüş," – deyə dedi-qodu etməyə başlayır. Bu sözlər əshabın da qulağına çatır. Məkkəlilər müsəlmanların Mədinə hummasından (qızdırma xəstəliyi) əldən düşdüyünü deyir, onları məsxərəyə  qoyurdular. Əshab Rəsulullahın hüzuruna gəlib deyir:

– Dəvələrimizdən kəsib ətindən yesək, sabah onların yanında gedərkən daha güclü, daha canlı  olarıq!

Ancaq Allah Rəsulu buna razılıq vermir. Əvvəlcə:

– Əsla bunu etməyin, – deyir və ardınca da, – siz əlinizdə olan bütün azuqənizi mənə gətirin, – deyə onlara yeni bir qapı açır.

Hər kəs olan-qalan azuqəsini hüzura gətirir və ortaya sərilmiş süfrəyə tökür. Çox keçmədən bir təpəcik meydana gəlir. Sayca iki mindən çox olan müsəlmanlar burada doyunca yeyib gedir, amma təpəcik kiçilmir. Artıq hər kəs dəvə kəsmədən bu ilahi ehsandan doyunca yemiş, ehtiyat azuqə də götürüb dağılışmışdı.

Allah Rəsulunun (s.ə.s.) Məkkəyə girişi

Zülhiccə ayının dördüncü günü idi. Allah Rəsulu (s.ə.s.) günəşin ilk şəfəqləri ilə Mərrüz-Zəhran adlı mövqedən hərəkətə başlamış, Məkkəyə girirdi. Kəbə neçə ilin həsrətindən sonra ilk dəfə öz əkizi ilə görüşəcəkdi! Yeddi il əvvəl vidalaşdığı bu məkana indi onun hər zaman problem çıxaran sakinləri ilə saziş bağlayaraq qədəm qoyurdu. Qurbanlıqları qabağa keçirmiş, onların arxasınca Kəbəyə doğru hərəkət edirdi. Zi-Tuva adlı yerə çatanda təkbir səslərini yüksəldir, təlbiyə deməyə başlayırlar. Kəbəyə ehtiramı ilk dəfə Allah Rəsulundan (s.ə.s.) öyrənəcəkdilər! Abdullah ibn Rəvaha Qasvanın yüyənini tutub Rəsulullahın önündə gedir və dünəndən bu günə gəldikləri məqamı nəzmə çəkirdi. Onun bu vəziyyətini qəribə qarşılayan və etdiklərinin nə qədər doğru olduğunu xatırladan Hz.Ömərə  Allah Rəsulu cavab verir:

– Mən də eşidirəm, ey Ömər! Səs salma, – deyir və Abdullah ibn Rəvahaya müdaxilə etməməsini istəyir. Sözün ayrı bir gücü vardı və: "Mane olma, ya Ömər! Şübhəsiz ki, o, oxların zərbəsindən daha təsirlidir,"– deyərək bu gücə işarə edirdi. Bu arada üzünü Hz.Abdullaha tutur, Məkkəyə girərkən: "O (c.c.), elə bir Allahdır ki, ondan başqa ilah yoxdur. Quluna zəfəri ilə yardım edər, ordusunu qalib edər və qarşısına çıxan kütləni  təkbaşına yox edər!" – de," – buyurur.

Artıq Abdullah ibn Rəvaha Allah Rəsulundan öyrəndiyi sözləri deyir və onun bu cümlələrini eşidən əshab da təkrar edirdi. İllərlə matəm saxlayan Məkkə ilk dəfə bayram əhvali-ruhiyyəsinə bürünmüşdü. Ən çox sevinən isə mühacirlər idi: hər bir döngədə onların xatirəsi yaşayırdı. Xüsusən də, Haşimoğullarının övladları Rəsulullahı dövrəyə almış, sevgilərini nümayiş etdirirdilər.

Artıq Kəbəyə çatmışdılar. Rəsulullah (s.ə.s.) Kəbə ilə görüşmüş və mehrabla minbər qovuşmuşdu. Səhabələr Rəsulullahı hər hansı təhlükədən qorumaq üçün ətrafında ətdən divar çəkmiş, pərvanə olub başına dolanırdılar. Müqaviləyə görə üç gün Məkkədə qalacaq və Allaha bol-bol dua edəcəkdilər.

Allaha yönəlişi tam və qulluq məqamı da zirvədə idi. Artıq təvaf başlayırdı və Həcərül-Əsvədə əl sürtməzdən əvvəl Allah Rəsulu (s.ə.s.) ehramının (hacıların büründüyü tikişsiz paltar) bir ucunu qoltuğunun altına keçirib sağ çiynini açır, digər ucunu da sol çiyninin üstünə atır. Əshabına bir tapşırığı vardı:

– Bu gün özünü daha güclü, daha gümrah göstərənlərə Allah mərhəmət etsin, – deyə dua edir və: – Onlara xoşlamaqdıqları şəkildə görünün, – deyə göstəriş verir.

Məqsədi onları zəif görən və bunun dedi-qodusunu edən müşriklərə möminin izzət və əzəmətini göstərmək idi. Buna görə də, xüsusən, ilk üç şavtda (dövrədə) sərt addımlarla, başlarını dik tutub, sinələrini də qabardaraq Kəbəni təvaf etmələrini istəyir və Özü də bunları tətbiq edərək əshabına örnək olur.

Sayı iki mindən çox olan gözü yaşlı, səsi gur və addımları sərt müsəlmanların meydana gətirdiyi mənzərə, həqiqətən də, seyrə dəyərdi və dağların başına çəkilən müşriklər də elə onlara tamaşa edirdi. Təkbir və təlbiyə səsləri Faran dağlarına yayılır, Bəkkə vadisində möhtəşəm əks-səda oyadırdı. Məkkə müşrikləri bütün bunların nə dediyini, nələr hayqırdığını çox yaxşı bilirdi.

 Günorta vaxtı Allah Rəsulu (s.ə.s.) Hz.Bilalı çağırıb azan oxumağı tapşırır. Bilali-Həbəşi Kəbədə ilk dəfə Allahın adını hayqıracaqdı. Bu, onun ən böyük arzusu idi. Belə ki, burada istədiyi kimi ürəkdən Allahın adını hayqırmağa fürsət tapmamış, hər zaman işgəncələr altında inləmişdi. Dərhal Kəbənin üstünə çıxır və səsinin var gücü və gözəlliyi ilə azan oxumağa başlayır.

Qureyşin davranışı

Quayqıan dağının Hicrə baxan yamacında oturub Kəbəni təvaf edənləri seyr edən müşriklər ilk dəfə eşitdikləri bu səslərdən diksinmiş, heyrət içində öz aralarında danışırdılar. Əbu Cəhlin oğlu İkrimə:

– Yaxşı ki, Allah  Əbul-Hakəmə (Əbu Cəhlə) ölüm nəsib etdi, bu kölənin söylədiklərini  eşitdirmədi, – deyir və atası Əbu Cəhlin belə bir mənzərəyə tab gətirə bilməyəcəyinə işarə edir. Safvan ibn Ümeyyə ona qoşulub:

– Bunları görmədən atamı alan Allaha həmd olsun, – deyir. Xalid ibn Əsid də onlarla razılaşır:

– Bilalın Kəbənin üstünə çıxıb çığırdığı bu günləri görmədən atamı öldürən Allaha şükürlər olsun, – deyir.

Süheyl ibn Amr və onunla birlikdə bir dəstə insan isə Hz.Bilalın səsini eşitməmək üçün qulaqlarını tıxayıb üzlərini də örtmüşdülər: Allah kəlamını eşitmək belə istəmirdilər. Kin, nifrət və qısqanclıqdan özlərinə yer tapa bilmirdilər, əllərindən başqa nə gəlirdi ki?! Hər şey müqavilənin maddələrinə uyğun yerinə yetirilirdi.

Görüb eşitdikləri hər mənzərə Kəbəyə yeni bir canlanmanın gəldiyini göstərirdi. Dünənə qədər haqlarında xoşagəlməz söz-söhbətlər gəzən və halsızlıqdan addım atmağa taqətləri olmadığı söylənilən insanlar bunlar ola bilməzdi. Ona görə ya bu günə qədər Məkkədə deyilənlər yalandı, ya da Allah Rəsulu və əshabı gümrah saxlayan başqa güclər vardı.  Bir-birinə:

– Sizin: "Qızdırmaya tutulub halsızlaşıblar," – dediyiniz insanlar bunlardırmı? – deyə soruşur və:

– Bunlar  filankəslərdən daha güclüdür, bir baxın təvaf edərkən nəinki adi yerişlə yeriyir, az qala ceyran kimi səkirlər, – deyə təəccüblərini gizlətmirlər.

Bu zaman Allah Rəsulu Kəbənin içinə girmək istədiyini  bildirir. Onlar qəzəblə:

– Müqavilədə belə bir maddə yoxdur, – deyib etiraz edirlər.

Nəhayət, Allah Rəsulu (s.ə.s.) təvaf namazını da qılıb Səfa ilə Mərvəyə yönəlir. Burada da yeddi dəfə gedib-gələndən sonra Mərvədə dayanıb qurbanları kəsirlər. Artıq ehramdan çıxmaq zamanı idi və Allah Rəsulu (s.ə.s.) Hiraş ibn Ümeyyə adlı səhabəni hüzuruna çağırıb mübarək saçlarını ona təraş etdirir. Beləliklə, ümrənin qəzası tamamlanır.

   Ümrə bitən kimi Rəsulullah (s.ə.s.) iki yüzə qədər səhabəyə əmr edərək hər ehtimala qarşı Yəcəcdəki silahların keşiyini çəkən yoldaşlarının yanına getməyi və növbəni təhvil alaraq onları da Kəbəyə göndərməyi tapşırır. Beləliklə, ümrə niyyəti ilə yola çıxan hər kəs vəzifəsini yerinə yetirmiş olur.

Məkkəyə vida

 Günlər çox tez keçmişdi. Buraya gəldiyi andan özünü ibadətə həsr edən Allah Rəsulu (s.ə.s.) üçün Abtah adlı yerdə bir çadır qurulmuşdu və qalan vaxtlarında Rəsulullah buraya gəlirdi. Dördüncü günün səhəri Qureyşi təmsil edən Süheyl ibn Amr və Hüveytib ibn Abdilizza Allah Rəsulunun hüzuruna gələrək:

– Artıq vaxtdır, sizin müddətiniz bitdi. Buranı tərk edin, – deyirlər.

Bu vaxt Allah Rəsulu (s.ə.s.) bir dəstə ənsarla söhbət edirdi və onlara dönüb:

– Mənə bir neçə gün də möhlət versəydiniz, burada bir müddət qalar, sizə bir ziyafət verərdim, – deyə təklif edir.[11]

– Bizim Sənin yeməyinə ehtiyacımız yoxdur. Dərhal buranı tərk et! Üç gün tamam oldu, ya Məhəmməd! Razılaşmaya görə yurdumuzu tərk etməkdən başqa bir seçimin yoxdur!

 Onların Allah Rəsulu ilə kobud davrandıqlarını görən Sad ibn Ubadə qəzəblə irəli atılır:

 – Anasız qalasınız, – deyir, – bura nə sizin, nə də atanızın torpağıdır! Allaha and olsun ki, Rəsulullah buradan müqavilənin şərtlərini yerinə yetirdiyi üçün çıxar, yoxsa sizin zorunuzla deyil!

Hz.Sadın bu sözləri ilə Rəsulullahın simasına təbəssüm qonur. Bu, bir insanın öz rəhbərinə qarşı göstərdiyi və göstərəcəyi ehtiram idi. Ancaq Allah Rəsulu (s.ə.s.) öz nəzakəti ilə həmsöhbətlərini əritmək istəyir:

– Ey Sad! Bizi öz evimizdə ziyarət edən bu insanları incitmə! – deyir.

Sonra isə Əbu Rafini çağırıb yola çıxmaq əmrini verir. Artıq Kəbədən ayrılma vaxtı gəlmişdi. Ancaq bu ayrılıq gələcək vüslətlərə qapı açan müvəqqəti bir ayrılıq idi. Çünki məkkəlilərin qəlbindəki buz əriməyə, beyinlərdə müxtəlif suallar yaranmağa başlamışdı. İndi Kəbədə Əbu Rafinin səsi əks-səda verirdi:

– Axşama qədər burada heç bir Müsəlman qalmasın!

Gözü-könlü Kəbədə qalan Allah Rəsulu da Qasvaya minərək yola düşür. Bu vaxt arxadan bir qız uşağının yanıqlı səsi eşidilir:

– Ay əmi, ay əmi, – deyə çağırırdı.

Allah Rəsulu (s.ə.s.) səs gələn tərəfə baxır. Bu qız əmisi və süd qardaşı Hz.Həmzənin yadigarı Ümamə idi. Doğrudan da, ürəkyaxan bir mənzərə idi; gözlər yaşla dolmuş, könüllər riqqətə gəlmişdi. Uhudun aslanı və şəhidlərin rəhbəri Hz.Həmzənin yetim qızı Rəsulullaha tərəf gəlirdi. Qan çəkirdi. Onlarla birlikdə getmək istəyirdi. Qaçıb tez uşağın əlindən tutan Hz.Əli:

– Əmimiz qızını nə deyib müşriklərin içində yetim qoyaq ki, – deyə Rəsulullaha müraciət edir və onu da Mədinəyə aparmaq istədiyini bildirir. Allah Rəsulu da bu fikirdə idi və beləliklə, Hz.Həmzənin əmanəti balaca Ümamə də Mədinə yolçularına qatılır.[12]

 Rəsulullah Əbu Rafini Meymunə validəmizi gətirmək üçün geridə saxlamışdı və Şərifə çatanda fasilə verərək onların gəlməsini gözləyir. Onların gəlməsi ilə artıq Məkkədə heç kim qalmamışdı. Yenidən Mədinəyə doğru yola düşürlər və daha çox gecələr yol gedirlər. Beləliklə, bir il əvvəl görülmüş yuxu gerçəkləşmiş, Allahın vədi də yerinə yetmişdi.

Zeynəb validəmizin vəfatı

Mədinəyə döndükləri zaman təqvim zilhiccə ayını göstərirdi. Allah Rəsulu (s.ə.s.) qayıdandan sonra da müdafiə məqsədilə səriyyələr göndərməkdə davam edir. Bunun üçün əlli nəfərlik bir süvari birliyini İbn Əbil-Avcanın rəhbərliyi ilə ətrafa göndərəcək, Şuca ibn Vəhbi isə iyirmi dörd nəfərlik dəstə ilə Həvazin istiqamətinə çıxaracaq, Kab ibn Ümeyri də on beş nəfərlik bölüklə Bəni-Qadaya yollayacaqdı.

Bu ərəfədə Allah Rəsulunun (s.ə.s.) qızı Zeynəb validəmiz xəstə idi. Rəsulullah (s.ə.s.) Bədir döyüşündə əsir düşən Hz. Zeynəbin əri Əbul-Ası qızını, yəni Zeynəb validəmizi Mədinəyə göndərmək şərtilə azad etmiş və bu vəsilə ilə Zeynəb validəmiz də atasının yanına gəlmişdi. Gəlməyinə gəlmişdi, amma hamilə ikən Məkkədə baş verən münaqişədə xəsarət almış, uşağını itirmiş və buna görə də canında  bir xəstəlik qalmışdı.

Bir il əvvəl, məhərrəm ayında Allah Rəsulu (s.ə.s.) onu sonradan müsəlman olan keçmiş əri ilə evləndirmişdi. İndi isə o, dünyadakı yaxınlarından ayrılır və başda anası olmaqla ondan əvvəl dünyasını dəyişmiş bütün əzizlərinin yanına gedirdi.[13]

Hz.Zeynəbin vəfatı Allah Rəsulunu (s.ə.s.) da çox üzmüşdü. Kiçik yaşda vəfat edən oğullarından sonra əvvəlcə Ruqiyyə validəmiz, indi də Zeynəb validəmizdən ayrılırdı. Xədicə anamızın əmanəti olaraq yanında Ümmü Gülsüm validəmizlə Fatimə anamız qalmışdı. Onu yuyub kəfənləyən Ümmü Atiyyəyə görüləsi işləri başa salacaq və namazını da şəxsən özü qıldıracaqdı.

Məkkənin ciyərparələri

Müsəlmanlar, xüsusən, Rəsulullah məkkəlilərin könlündə, şübhəsiz ki, dərin izlər qoymuşdu. Mənimsənmiş düşüncəni, idealı yüksək səviyyədə təmsil etmək onu sözlə ifadə etməkdən daha təsirli idi. Allah Rəsulu (s.ə.s.) hər ikisini birdən edirdi. Hər fürsətdən Haqq məfkurəsi naminə istifadə edir, hər zaman daha ziyadəsinə nail olmaq istəyirdi. Kəbəyə girib Allaha qulluğunu əda etməyə başlayanda Onu maraq dolu baxışlarla uzaqdan seyr edənlər olduğu kimi Onunla qarşılaşmamaq üçün qaçanlar da vardı. Rəsulullah hamısını tanıyırdı; qapılarını onların da üzünə açmaq istəyirdi. Ona görə həmin günlər görə bilmədiyi insanlara ismarışlar göndərir, onları da düşünməyə vadar edirdi.

Xalid ibn Vəlid də bunlardan biri idi. Rəsulullah istəyirdi ki, o da gəlib İslama təslim olanlardan biri olsun. Ona görə də müsəlman olub Mədinəyə hicrət edən qardaşı Vəlid ibn Vəliddən soruşur:

– Xalid ibn Vəlid haradadır?[14]

Hz.Vəlid həmin gün qardaşı Xalidi axtarsa da, tapa bilmir. Ancaq mütləq tapmalı idi. Çünki Rəsulullahın ismarışı var idi və o da bunu bir məktub vasitəsilə qardaşına çatdırmağa çalışır. Məktubunda Rəsulullahla olan söhbətdən bəhs edir və Peyğəmbərimizin onun haqqında:

"Onun kimi bir adamın İslamiyyəti bilib qəbul etməməsi mümkün deyil. Kaş o, bütün döyüşlərdə müsəlmanların tərəfində müşriklərə qarşı vuruşaydı! Bu onun üçün nə qədər xeyirli olardı. Belə olsaydı, biz də onu digərlərindən üstün tutar və göz üstündə saxlayardıq," – dediyini yazır. Məktubunu bu cümlə ilə bitirir:

"Ey qardaşım! Qarşına çıxan bu fürsəti əldən vermə və itirdiklərinin yerini doldurmaq üçün dərhal gəl!"

Məktubu oxuyan Xalid ibn Valid qərarını verir. Onsuz da Allah Rəsuluna qarşı iştirak etdiyi hər döyüşdən sonra içində bir sıxıntı, bir məna verə bilmədiyi narahatlıq baş qaldırırdı. Hudeybiyyədən sonra da ciddi şəkildə düşünməyə başlamışdı. İndi özünə yoldaş axtarırdı. Məsələni Əbu Sufyan, İkrimə və Safvan ibn Ümeyyəyə açsa da, müsbət cavab almamışdı. Ancaq o, qərarlı idi.

Nəhayət, xeyli tərəddüddən sonra niyyətini Osman ibn Talhaya açır. Onun da eyni fikirdə olduğunu görüncə razılaşıb ertəsi gün yola düşürlər. Həddə adlı yerdə Amr ibn Asla qarşılaşırlar:

– Xoş gəldiniz, səfa gətirdiniz, ey camaat, – deyir.

– Sən də!

– Xeyir ola, hara belə?

  Suala sualla cavab verir Amr:

– Bəs siz hara belə?

  Artıq söhbəti uzatmağa gərək yox idi və:

– İslamı qəbul edib Məhəmmədə tabe olmağa, – deyə cavab verirlər.

    Amr ibn As:

– Mən də sizinləyəm, – deyir.

Beləcə köhnə dostlar Mədinəyə üz tutub yeyin addımlarla irəliləməyə başlayırlar. Mədinəyə yaxınlaşdıqları zaman bir az dincəlib paltarlarını dəyişmək istəyirlər. Rəsulullahın hüzuruna təmiz və pak çıxmağı düşünürdülər.

Allah Rəsulu onların gəliş xəbərini çoxdan almışdı. Üzünü əshabına tutaraq:

– Məkkə ciyərparələrini qucağınıza atdı, – buyurur.

Məkkədə tapa bilməyib məktub göndərdiyi qardaşının gəlişini eşidən Hz.Vəlid sevincindən yerə-göyə sığmır. Onları qarşılamaq üçün dərhal yola çıxır. Həqiqətən, Xalid ibn Vəlid gəlirdi. Onlara xitabən:

– Tələsin! Rəsulullah (s.ə.s.) sizin gəliş xəbərini aldı və çox sevindi. İndi sizi gözləyir!

     Onlar da həyəcanlı idilər və az qala qaça-qaça yeriyirdilər. Hüzura gələndə Rəsulullahın mübarək üzünü təbəssüm süsləmişdi. Ay kimi nurlu çöhrəsi gün kimi parlayırdı. Öncə Xalid ibn Vəlid salam verir Rəsulullaha. Salamı elə alır ki, səsindəki lətafət vücudunu əfsunlayır. Allah Rəsulunun (s.ə.s.) qucaq açması, təbəssümündəki hərarət və sevgisinin təcəllisi onları fəth edir. Bu zaman:

– Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də Onun Rəsulusan! – deyir Hz.Xalid. Bir qəhrəmanın da müsəlman olmasına sevinən Allah Rəsulu (s.ə.s.):

– Sənə hidayət nəsib edənə həmd olsun, – deyir, – onsuz da Mən sənin çox ağıllı olduğunu bilir və bu ağılın səni bir gün doğru yola gətirəcəyini gözləyirdim!

Hz.Xalid neçə illərdən sonra yalnız indi Xalid olduğunun fərqinə varır. Bu ehtiram və iltifatı görüb o vaxtadək keçirdiyi zamana heyifsilənir:

– Ya Rəsulullah, – deyir, – Sənin də görüb bildiyin kimi bu günə qədər mən hər dönüş nöqtəsində Sənin əleyhinə və Haqqa qarşı hərəkət etdim. Allaha dua etməyini və bu vəsilə ilə məni bağışlamasını istəyirəm!

Amr ibn As və Osman ibn Talha da eyni hisləri keçirirdi. Əvvəlcə əlini Rəsulullaha (s.ə.s.) uzadan Amr ibn As əlini  geri çəkir. Peyğəmbərimiz də bunun səbəbini soruşur:

– Mənim bəzi şərtlərim var! – deyir Amr ibn As. Allah Rəsulu (s.ə.s.):

– Nədir şərtlərin? – soruşur. İri cüssəli insan boynunu bükmüş və əvvəlki həyatın xəcaləti ilə:

– Məni bağışlamaq olmaz, – deyir.

   Allah Rəsulu (s.ə.s.) onun əllərindən tutub:

– Məgər bilmirsən? İslam müsəlman olmamışdan əvvəl işlənən günahları təmizləyir!

 Hudeybiyyənin bir fəth, bir zəfər olduğunu artıq hamı görürdü. Həmin gün Məkkəyə girməmişdilər, amma indi könüllər İslama açılır, Məkkə böyükləri Mədinəyə axışırdı. Bundan sonra bu proses sürətlənərək davam edəcəkdi.

Keyfiyyət dərsi və əldə edilən məqam 

Hiradakı vüslətdən sonra, demək olar, hər gün Cəbrail müxtəlif məsələlərlə bağlı gəlir və insanlığın kamala çatması üçün Allahın kəlamlarını çatdırırdı. Qəlbin və ruhun kamala yetişməsi üçün bu yol tutulmuşdu; məqsəd Rəsulullah əshabını, İslamı birbaşa Onunla bilən, tanıyan bu toplumu qiyamətə qədər bütün möminlərə nümunə olacaq səviyyədə yetişdirmək idi. Gələn hər yeni bəyan bir dinamizm, hərəkətverici qüvvə  demək idi. Və nazil olar-olmaz cəmiyyətdə əks olunur, mənimsənilir, yaşanılırdı.

Yenə Cəbrail gəlir, "Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona görə sizi haqq-hesaba çəkər. Allah istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!"[15] ayəsini gətirir.

Hər yeni gələn ilahi əmr kimi, bu ayə də dalğa-dalğa Mədinə üfüqlərində əks-səda verəcək, əshab arasında yeni bir həyəcan tufanı meydana gətirəcəkdi. Ancaq bu səfərki həyəcan tamam başqa idi; belə ki, ayəni eşidənin rəngi solur və dizləri titrəyirdi. Çünki Allah (c.c.) yalnız əməl kimi zahirdə olanlara görə deyil, eyni zamanda ağıl və ürəkdən keçən düşüncələrə görə də haqq-hesab çəkəcəyini bildirirdi.

 Çox keçmədən səhabələr Məscidi-Nəbəviyə axın etməyə başlayır. Hər gələn də səssizcə bir kənara çəkilib dayanır. Rəngi qaçmış, gözləri alacalanmış bu insanlar, nəhayət:

– Ya Rəsulullah, bu günə qədər namaz, oruc, Allah yolunda cihad və bu kimi öhdəsindən gələ biləcəyimiz neçə-neçə əməllə mükəlləf edildik. Amma bu gün Sənə elə bir ayə gəldi ki, bunun öhdəsindən gəlməyə gücümüz çatmaz!

 Əlbəttə, bu, nazil olan ayəyə etiraz deyildi. Əksinə, bu, onun mahiyyətindəki ağırlıq qarşısında acizliyin təlaşı və ilahi əmri əda edə bilməmək qorxusu ilə yenidən Rəhmani şəfqətə sığınmaq idi. O şəfqətin yeganə Sultanı Rəsulullah (s.ə.s.) yetişdirdiyi bu insanların ruhi-mənəvi aləmini çox gözəl bilirdi. Ancaq Onun həmsöhbəti yalnız öz dövründə Məscidi-Nəbəviyə gələnlər deyildi. Onların hər biri dünyanı külli mənada (ümumi) bir məscidə çevirəcək bir mömin idi. Ona görə əvvəlcə əshabına:

– Yoxsa sizdən əvvəl gələn əhli-kitabın söylədiyi kimi siz də: "Eşitdik, amma üsyan edirik!" – demək istəyirsiniz? Əksinə, sizin borcunuz: "Eşitdik və qeyd-şərtsiz itaət edirik! Ey kərim Rəbbimiz! Hər halımızdan Səndən  bağışlanma diləyirik, çünki Səndən başqa müraciət ediləcək qapı yoxdur və dönüş də Sənədir," – deməkdir!– buyurur.

Onlar başqa cür düşünmürdülər, sadəcə qəlblərinə hakim ola bilməməkdən çəkinmiş və qeyri-iradi Allahın əmrlərini yerinə yetirə bilməməkdən narahat olmuşdular. Yoxsa, təbii ki, Rəbbin istəklərinə ram olacaqdılar. Təlaşın səbəbi də əslində ilahi əmri yerinə yetirməmək istəyi deyil, Onu xoşnud edə bilməmək qayğısı idi. Vəziyyəti Allah Rəsuluna ərz edib Onun verəcəyi hökmü gözləyirlər.

Ancaq yenə də O, ilahi əmr məsələsində mütləq itaəti nəzərə çatdırır. Doğrusu, başqa bir alternativ də düşünmək olmazdı və Allah Rəsulunun (s.ə.s.) sözləri ilə Məscidi-Nəbəviyə lərzəyə gəlir, hər tərəfdən:

– Eşitdik və itaət edirik, – sədaları eşidilir.

Eyni zamanda bu, Rəsulullahın yetişdirdiyi camaatın mənəvi keyfiyyətini göstərirdi. Əmri yerinə yetirə bilməmə əndişəsi dilə gətirilmiş, buna baxmayaraq, itaətdən başqa bir seçimin olmadığını görər-görməz səmimiyyətlə təslim olmuşdular.

Eyni zamanda bu, Rəhman və Rəhim olan Allahı xoşnud edən davranış idi. Qazanılan mənəvi keyfiyyəti yoxlamaq üçün bir hədəf göstərilmiş, əhsab da bu sınaqdan alnıaçıq çıxmışdı.

    Çox keçmədən Cəbrail varid olur; bu ayələri gətirirdi: "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə – Qurana inanmış və möminlər də iman gətirmişlər. Onların hamısı Allaha, Onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qayıdacağıq!"

Allah  heç kimə qüvvəsi çatmayan yükü yükləməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir.

 "Ey Rəbbimiz, unutduqda və ya bilməyərəkdən yanıldıqda bizi bundan məsul tutma! Ey Rəbbimiz, bizi bizdən əvvəlkiləri yüklədiyin kimi, ağır yükləmə!

"Ey Rəbbimiz, bizi gücümüz çatmayan şeylərlə mükəlləf etmə! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!"[16]

Eyni zamanda bunlar əshabın çatdığı mənəvi məqamı, səviyyəni göstərirdi. Allahın adını və Rəsulullahın bayrağını dünyada dalğlanadıranlar da vəhyin iqlimində yoğrulan və belə bir məqama yüksələn məhz bu insanlar idi. Keyfiyyət bu səviyyəyə çatanda az çoxlardan çox olur, özünü üstün sayan nə qədər kəmiyyətlər də bu keyfiyyətin qarşısında silinib gedirdi. Məhz Mutə bunun aşkara çıxdığı ən aydın bir məşhərdi.

Mutə

Hicri səkkizinci ilin cəmadiyələvvəl ayı idi. Sülh şəraiti ən yüksək səviyyədə dəyərləndirilir və hadisələrin inkişafı yaxından təqib olunmaqla İslam naminə təbliğ və irşad vəzifəsi yerinə yetirilirdi. Bu səbəbdən Allah Rəsulu Haris ibn Ümeyrlə Busra valisinə bir məktub da göndərir.

Rəsulullahın (s.ə.s.) elçisi Hz.Haris Bəlqa adlı yerdən keçərkən oranın valisi Şurahbil tərəfindən xaincəsinə öldürülür ki, müsəlmanlar o günədək belə bir hadisə ilə rastlaşmamışdılar. O, Hz.Harisin yolunu kəsmiş, əl-qolunu bağlatmış, Peyğəmbərimizin elçisi olduğunu öyrəndikdən sonra da şəhid etmişdi. Bağışlanılmaz bir cinayət idi və açıq-aydın müharibə elanı demək idi. Çünki ən gərgin anlarda belə elçilərə toxunulmur, onların təhlükəsizliyi təmin olunurdı.

Hz.Harisin şəhid edilməsi xəbərini eşidən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) çox kədərlənir və yolu ilə gedən elçinin canına qıyan Şurahbilə qarşı müharibə hazırlığına başlayır. Çünki O (s.ə.s.), quldurluğun kökünü kəsmək üçün vardı və bunu özünə məslək edənlərə həddini bildirməli idi. Gediləcək istiqamət Bizansın hakimiyyəti altında olduğu üçün məsələyə çox ciddi yanaşılır, hər cür ehtimal nəzərə alınırdı.

Qısa vaxtda üç minlik ordu toplanır. Bu qədər böyük ordu o günə qədər yalnız Xəndəkdə yığılmışdı. Sanki, Allah Rəsulu olacaqları əvvəlcədən görürdü. Ağ bayrağı azadlısı (azad etdiyi köləsi) Zeyd ibn Harisə verib orduya başçı təyin edir.

Haris ibn Ümeyrin şəhid edildiyi yerə qədər getmək və orada olanları İslama dəvət edmək tələb olunur. Bunu qəbul etmədikləri təqdirdə Allaha güvənib üzərlərinə düşən vəzifəni yerinə yetirmək və son nəticəni əldə etmək əmrini verir.

Allah Rəsulu bununla kök atmış anlayışları bir-bir söküb atır və kölədən də sərkərdə olduğunu, ola biləcəyini göstərmək istəyirdi. Onsuz da bu müharibənin təkcə Hz.Zeydin rəhbərliyi ilə bitməyəcəyini bilirdi, buna görə də: "Əgər Zeyd şəhid olarsa, orduya Cəfər ibn Əbi Talib, o da şəhid olarsa, Abdullah ibn Rəvaha rəhbəlik etsin," – deyə vəziyyətin ciddi olduğunu bir daha ortaya qoyur.

Səhabələrin çoxu Onun sözlərindən adı çəkilən sərkərdələrin sıra ilə şəhid olacağını anlayır; buna görə də vidalaşmaya bir hüzn çökür, sanki, halallaşırdılar.

Ordusunu yola salarkən verdiyi nəsihətlər müharibə hüququnu ən yüksək səviyyədə ifadə edir:

– Allahın adı ilə döyüşün. Allahı inkar edib Ona qarşı çıxanlarla Allah yolunda cihad edin! Ancaq heç kimə xəyanət etməyin! Əhdə vəfasızlıq göstərib heç kimə zülm etməyin! Uşaqlarla qadınları, yaşlılarla kilsədə ibadətlə məşğul olan din adamlarını əsla öldürməyin! Heç bir ağaca və heç bir xurmalığa toxunmayın! Binaları da əsla yandırıb dağıtmayın!

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ordunu Vəda təpəsinə qədər ötürür, yola saldıqdan sonra da uzun müddət onun arxasınca baxır.

 Yolda Heraklın yüz min nəfərlik ordu hazırlaması xəbərini alırlar. Bu vəziyyəti Allah Rəsuluna çatdırıb-çatdırmamaqda tərəddüd etsələr də, yola davam qərarını verir, sonu şəhidlik də olsa, geri dönmürlər.

Məanda  iki gün dincəldikdən sonra yollarına davam edirlər. Nəhayət, iki ordu Məsarif adlı yerdə üz-üzə gəlir. İslam ordusu ucsuz-bucaqsız dənizə bənzəyən düşmən qoşunu ilə burun-buruna dayanır. Artıq döyüş qaçılmaz idi. Hz.Zeydin ordusu Mutə adlı yerdə  qərargah qurur və burada döyüşə hazırlaşır. Sağ cinaha Qutbə ibn Qatədə, sol cinaha isə Ubadə ibn Malik rəhbərlik edəcəkdi.

Ertəsi günün ilk şəfəqləri ilə Mutədə qılınclar sıyrılır, üç min nəfərlik iman ordusu ilə  iki yüz minlik Bizans ordusu üz-üzə gəlir. Qüvvələr qeyri-bərabər idi. İki yüz min nəfərlik ordu heç bir şey etmədən sadəcə irəliləsəydi, bir nəticə əldə edərdi. Ancaq nəticə heç də gözlənilən kimi olmur. Yeddi gün davam edən döyüşdə Allah Rəsulunun (s.ə.s.) bildirdiyi kimi, Hz.Zeyd, Hz.Cəfər və Hz.Abdullah bir-birinin ardınca şəhid olur. Bayrağı səhabələrdən Sabit ibn Əkram götürüb uzun axtarışdan sonra Xalid ibn Validə verir.

Mədinədən Mutəyə

Bu tərəfdə Allah Rəsulu (s.ə.s.) Mədinədə əshabına döyüşün gedişindən xəbər verirdi. Gözləri dolmuş ağlamaqdan saqqalı-şərifi islanmışdı:

– Bayrağı Zeyd aldı və şəhid oldu. Sonra onu Cəfər göturdü və o da şəhid oldu. Ondan sonra bayrağı İbn Rəvaha aldı və o da şəhid oldu. İndi isə onu Allahın qılınclarından olan bir qılınc aldı! Məhz əsas döyüş indi başladı və Allah (c.c.) onun vəsiləsilə bir fəth nəsib etdi!

Bunları söylədikdən sonra Allahın cənnətdə onlar üçün  hazırladığı lütf və ehsanlardan söz açır və onların adlarını da çəkərək dua edir.

Bu vaxt Yala ibn Ümeyyə Mədinəyə gəlmiş, Mutədə olanları Allah Rəsuluna xəbər vermək istəyirdi.  Rəsulullah:

– İstəyirsən, onu sən Mənə danış, istəyirsən, Mən sənə danışım, – deyir.

 Hz.Yala çaşıb qalır. Ondan qabaq kiminsə baş verənlərdən xəbər gətirməsi mümkün deyildi. Deməli, Cəbrail gəlmiş və hamıdan qabaq Mutənin xəbərlərini gətirmişdi.

  – Ya Rəsulullah, onu Sən mənə danış!

Buna cavab olaraq Allah Rəsulu lap əvvəldən Mutədə nə baş veribsə, hamısını bir-bir danışmağa başlayır. Dinlədikcə Hz.Yalanın heyrətdən gözləri bərəlir: Rəsulullah  hər şeyi təfərrüatlı şəkildə təsvir edirdi.

– Səni haqq bəyan ilə göndərənə and olsun ki, Sən mücahidlərin başına gələnləri bütün təfərrüatı ilə danışdın. Mən danışsaydım, bundan artıq heç nə deyə bilməzdim!

Onun təəccübünü görən Allah Rəsulu  (s.ə.s.):

– Allah (c.c.) Mənim üçün yer üzü məsafələrini aradan götürdü və döyüş meydanını öz gözlərimlə gördüm! – deyir

Bundan sonra Rəsulullah (s.ə.s.) təxminən on beş illik hicrətdən sonra bir il əvvəl ailəsi ilə qovuşan əmisi oğlu Hz.Cəfərin evinə gedir, uşaqlarının başını sığallayıb şəfqətlə qucaqlayır. Əsma binti Ümeys bunu görüb narahat olur və:

– Ya Rəsulullah, anam-atam Sənə fəda olsun! Niyə oğullarıma yetim uşaqlar kimi baxıb göz yaşı tökürsən? Yoxsa Cəfər və yoldaşlarının acı xəbərini almısan?

– Bəli, onlar bu gün şəhid oldular! – deyir Allah Rəsulu.

  Bunu eşidən kimi:

– Vay Cəfərim! – deyə ağlamağa başlayır Hz.Əsma. Allah Rəsulu ona dönüb şəhidin arxasınca necə davranmağı başa salır:

– Ey Əsma! Əsla ağzından kobud və uyğun olmayan sözlər çıxarma, özünü döyüb  ağlama!

Hz.Cəfərin uşaqlarını qucağına alıb başlarını oxşayan Rəsulullahın gözlərindən axan yaş saqqalını isladır. Peyğəmbərimiz həmişəkindən daha kədərli idi. Əllərini qaldırıb dua edir:

– Allahım! Şübhəsiz, Cəfər  savabın ən gözəlinə layiq görüldü. Ona görə də Sən onları əməli saleh qullarına verdiyin ehsanlarla və ən gözəl şeylərlə mükafatlandır!

Bir müddət Hz.Cəfərin evində qalan Allah Rəsulu (s.ə.s.) oranı tərk etdikdən sonra qızı Fatimə validəmizin qapısını döyür. Bu vaxt Hz.Fatimə də hadisədən xəbər tutmuş: "Vay, əmim," – deyə ağlayırdı. Əvvəlcə ona:

– Ağlayırsansa, Cəfər kimisinə ağla, – deyə əmisi oğlunu tərifləyir. Ardınca da:

– Cəfərin ailəsinə yemək hazırlamağı unutmayın. Onlar bu gün ailə başçılarının itkisinə ağlayır, dərd içində boğulurlar! Onlar üçün yemək hazırlayın, – deyir.

Bu yeni təlimat ilk dəfə həmin gün verilirdi və sonralar adət olacaqdı. Mutə şəhidləri üçün Mədinədə üç gün yemək bişiriləcəkdi.

Üç gün keçdikdən sonra yenidən Hz.Cəfərin evinə gələn Allah Rəsulu (s.ə.s.) artıq onların ardınca ağlamağı qadağan edir, digərləri üçün də xeyir və bərəkət duası edir. Sonra isə Cəfər ibn Əbu Talibin uşaqlarının hər ehtiyacını öz üzərinə götürdüyünü bildirir və ana Hz.Əsmaya da təsəlli verib bundan sonra heç nədən narahat olmamasını deyir.

Eyni diqqəti digər şəhid ailələrinə də göstərən Allah Rəsulu (s.ə.s.) Hz.Zeydin kiçik qızının kədər dolu baxışları qarşısında özünü saxlaya bilmir, göz yaşı tökür. Bunu görən səhabələr:

– Ya Rəsulullah! Bu nədir? – deyə soruşurlar.

– Bu, sevgilinin sevgilisinə həsrətidir, – cavabını verir.

Allahın qılıncı

Sükanı ələ alan Hz.Xalid həmin günün axşamına qədər savaşın gedişini pozmadan döyüşür və bütün məharətini qaranlığa saxlayır. Bu qədər böyük ordu bir ovuc müsəlman qoşununu beş gündür diz çökdürə bilməmişdi və bilməyəcəkdi də! Belə ki, həmin axşam Hz.Xalid ordunun nizamını kökündən dəyişdirir. Öndə vuruşanları arxa tərəfə, sağ tərəfdəkiləri sola, sol tərəfdəkiləri sağ cinaha keçirir və bununla elə bir görünüş hazırlayır ki, sanki, qaranlıq gecədə onlara yeni kömək gəlib.

Ertəsi gün səhər yerini tutan düşmən əsgərləri axşamdan bəri eşitdikləri gurultunun səbəbini indi anlayır. Demək ki, bu gecə müsəlmanlara köməyə yeni qüvvə gəlmişdi. Çünki qarşılarında duran əsgərlər altı gün boyu döyüşdükləri insanlar deyildi. Böyük bir sarsıntı keçirirlər: üç minlik ordu ilə bacara bilməmişdilər! İndi yenicə kömək almış bu ordu ilə necə döyüşəcəkdilər?! Həmin gün hələ döyüşə girməmiş, sanki, məğlubiyyəti qəbul etmişdilər.

Hz.Xalid bu vəziyyətdən istifadə edir. Nizamlı şəkildə  geri çəkilməklə düşmənlə aranı açmağa çalışır. Bunu görən Bizans ordusu Hz.Xalidin bu gedişini yeni bir taktiki addım hesab edir və hücum edəcəkləri təqdirdə mühasirəyə düşüb böyük itki verməkdən çəkinir.

O gün axşama qədər davam edən bu vəziyyət hər iki tərəf üçün döyüşün bitməsi demək idi. Belə ki, Bizans böyük bir orduya malik olduğu halda, kiçik bir ordu ilə çarpışıb daha çox itki verməklə geri dönmək istəmirdi. Və nəhayət, Bizans ordusu  geri çəkilməyə başlayır.

Əslində, Hz.Xalidin də niyyəti bu idi. Allah Rəsulunun əmanətlərini sağ-salamat Mədinəyə qaytarmaq arzusunda idi və nəticə də bu cür olacaqdı. Yeddi gün sürən əlbəyaxa döyüş nəticəsində müsəlmanlar üçü sərkərdə olmaqla cəmi on iki şəhid vermişdi ki, bu da dillərdə dastan olacaq bir qəhrəmanlıq örnəyi idi.

O dövrün hegemon dövlətinə qarşı döyüşəsən və qüvvələrin bu qədər qeyri-bərabər olduğu bir yerdə cəmi on iki nəfər şəhid verəsən! İlahi inayətdən başqa heç nə ilə izah etmək mümkün deyildi və bunu eşidən hər bir qəbilə artıq Rəsulullahın ordusuna bu gözlə baxmağa başlamışdı. Eyni zamanda Mutə Bizansın qalalarında açılan ilk dəlik idi.

Müsəlman ordusu Mutəyə gedərkən bəzi qəbilələr yolda problem çıxarmış, qan tökmüşdü. Hz.Xalid Mədinəyə qayıdarkən onlara baş çəkib həddini bildirəcək, yoluna bundan sonra davam edəcəkdi.

Mədinədəki qarşılama

Müsəlman ordusunun gəliş xəbərini alan Allah Rəsulu (s.ə.s.):

– Toplaşın və qardaşlarınızı qarşılamağa çıxın! – deyə əshabına müraciət edir və böyük-kiçik hamı onları qarşılamaq üçün Mədinə kənarına axışır.

Bu vaxt Allah Rəsulu Hz.Cəfərin uşaqlarını tərkinə alaraq Cürüf adlı yerə qədər gəlir. Mutənin qəhrəmanları indi qarşılarında durmuşdu. Allah (c.c.) inayət etmiş və ən az itki ilə və ən əsası da məğlub olmadan geri dönmüşdülər. Ancaq bunu hamı bilmirdi və bəzi səhabələr:

– Döyüşdən qaçanlar, – deyə onlara səslənir.

Onlar  dözə bilməyib:

– Ya Rəsulullah! Biz məgər qaçaqlarıq? – soruşur, bunun, həqiqətən də, döyüşdən qaçmaq olub-olmadığını şəxsən öyrənmək istəyirdilər.

– Əksinə, siz yenidən qüvvəsini toplayıb düşmənlə vuruşmağa hazırlaşanlarsınız, – deyə Mutə qəhrəmanlarının ürəyinə su səpir Allah Rəsulu (s.ə.s.). Sonra da üzünü əshabına tutub:

– Onlar Allah yolunda döyüşdən qaçanlar deyil, əksinə, inşallah, yenidən cəbhəyə çıxmaq əzmi ilə geri çəkilmiş əsgərlərdir, – deyir.

Rəsulullah məsələyə son nöqtəni qoyur bu sözləri ilə. Və utandığından gizlənmək istəyənlər rahat nəfəs alırlar, Allah və Rəsulu qatında məsumluğunu hiss edirlər.


[1]. Hətta Rəsulullah (s.ə.s.) Əbu Sufyandan dəri istəmişdi. Bəlkə də, bu, göndərilən yardımın qəbul edilməməsi ehtimalına qarşı düşünülmüş tədbir idi. Yardımları alan Əbu Sufyan Allah Rəsulunun bu istəyini yerinə yetirir və istədiyi dərini Mədinəyə göndərir.
[2]. Ertəsi gün bu cübbəni Hz.Cəfərin əynində görüb: "Mən sənə onu geyinəsən deyə göndərməmişdim," – deyəcək və onu Nəcaşiyə göndərməyi tapşıracaqdı. Bax: Ahmed b. Hanbel, Müsned, 3/229; Salihi, Sübübül-Hüda ve-r Reşad,7/298
[3]. Bu səfər zamanı ağacların Allah Rəsuluna sipər olması, sonra əvvəlki vəziyyəinə qayıtması, Allah Rəsulunun (s.ə.s.) ağacdan qopartdırdığı iki budağı məzarında əzab çəkən bir mərhumun qəbrinin başına sancaraq bu yolla onun əzablarının yüngülləşəciyini bildirməsi, Rəsulullhaın duası ilə epilepsiya (sara) xəstəsi olan bir uşağın sağalması, Peyğəmbərimizə sui-qəsd etməyə cəhd edən Qavrəsin müsəlman olaraq hidayətə çatması, Allah Rəsulunun (s.ə.s.) sahibindən şikayət edən bir dəvəyə təskinlik verməsi, Hz.Cabirin itmiş dəvəsinin yerini bildirməsi, su və ərzağın bərəkətlənməsi, bir tuluq suyun bütün ordunun ehtiyacını ödəməsi, yolda qarşılarına çıxan üç dəvəquşunun bütün orduya çatması və yenə acdıqları zaman sahilə atılan nəhəng bir balıqla qarınlarını doyurmaları kimi möcüzələr baş vermişdi. Bax: Haysemi, Mecmeuz-Zevaid, 9/8; Sübübül-Hüda ver-Reşad, 5/175
[4]. Bu səhabənin Hz.Osman olduğu da bildirilir. Bax: İbn Hişam, Sire, 4/ 157; Vakidi, Megazi, 1/8
[5]. Bu rəqəmin 700 və ya 800 olmasına dair rəvayətlər var.
[6]. Keşik çəkərkən Abbad ibn Bişrə dalbadal iki ox dəyir, ancaq namaz qılan Hz. Abbad "Kəhf" surəsindən aldığı həzzi zədələməmək üçün bunu yoldaşı Hz.Ammara xəbər vermir. Bax: Vakıdi, Megazi, 1/396; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/180
[7]. "Bəqərə" surəsi, 2/194
[8]. Bu ümrəyə "Qəza ümrəsi" deyildiyi kimi, ilk təşəbbüsdə sazişə səbəb olduğu üçün "Qaziyyə", icra olunmamış əvvəlki ümrənin əvəzi olduğu üçün "Qisas" və müqaviləyə vəsilə olduğu üçün "Sülh" ümrəsi də deyilir. Bax: Salihi, Sübübül-Hüda ve-r Reşad, 5/196
[9]. "Bəqərə" surəsi, 2/195
[10]. Bu səhabənin Uveyf ibn Ədbat və ya Əbu Zərr əl-Ğifari olmasına dair rəvayətlər də var. Bax: İbn Hişam, Sire, 5/17; Belazuri, Ensabül-Eşraf, 1/155
[11]. Meymunə validəmiz Hz.Abbasın xanımı Ümmül-Fadl ilə Hz.Cəfərin zövcəsi Əsma binti Ümeysin bacısı idi və əri öldükdən sonra dul qalmışdı. Onun bu vəziyyətdə Məkkədə çəkdiyi əziyyəti görən Allah Rəsulunun (s.ə.s.) əmisi Hz.Abbas hələ Mədinədən çıxmazdan əvvəl məsələni Rəsulullaha bildirmiş və Rəsulullahdan onunla evlənməyi xahiş etmişdi. Ona görə də Allah Rəsulu Məkkəyə gəlişi zamanı Hz.Meymunə validəmizlə nikah bağlamışdı. Bu nigah səbəbilə də qonaqlıq verib məkkəlilərin rəğbətini qazanmaq istəyirdi. Bax: İbn Hişam, Sire, 5/20; Salihi, Sübübül-Hüda ve-r Reşad, 11/208
[12]. Mədinəyə gələndə Ümaməyə görə aralarında mübahisə düşür ki, Allah Rəsulu bunu da həll edir. Hz.Zeyd, Hz.Əli və Hz.Cəfərin fəzilətlərini sadaladıqdan sonra Ümamənin xalasının Hz.Cəfərin həyat yoldaşı olduğunu bildirərək onun Hz.Cəfər ailəsi ilə qalmasının daha doğru olacağını bəyan edir. Bax: İbn Sad, Tabakat, 8/159; Vakidi, Meğazi, 1/739; İbn Hacer, el-İsâbe, 7/706
[13]. Hz.Zeynəb validəmizə aid daha geniş məlumat üçün bax: Akademi Araştırma Heyeti, En Öndekiler, s. 90 vd
[14]. Bax: İbnü’l-Esîr, Üsüdü’l-Gâbe, 5/423, 424
[15]. "Bəqərə" surəsi, 2/284
[16]. "Bəqərə" surəsi, 2/285,286