1. 683 dəfə oxunub ,   0 şərh   Çap et

İcazə ədəbinə həm böyüklər, həm də kiçiklər riayət etməlidir. İslamda bunun özünəməxsus yeri vardır. Ona görə də Allah-Təala bunu əsrlər və nəsillər boyu oxunan ayələrlə açıqlamışdır. Bu, ailə və cəmiyyət həyatında da böyük əhəmiyyət daşıyır. Qurani-Kərimdə:

“Ey iman edənlər! Öz evləriniz xaric, başqalarının evinə, sa­hiblərindən icazə istəmədən və onlara salam vermədən girməyin! Belə etmək sizin üçün daha münasibdir. Bəlkə də, düşünər və hikmətini anlarsınız.

Əgər orda heç kəsi tapmasanız, sizə icazə verilmədən ora girməyin.

Əgər sizə; “Görüşə bilmərik, geri dönün” deyilərsə, dönün.

Allah etdiyiniz hər şeydən xəbərdardır” (Nur, 24/27-28) hökmü bəyan edilmişdir.

Bu ayədə məkan toxunulmazlığı və evlərə giriş qaydası bildirilmişdir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) həyatı və hədisi-şərifləri bu mövzunu kifayət qədər izah edir.

Ayədə keçən “təstənisu” sözü “istinas” kökündən gələn feldir və “ünsiyyət qurma” mənasına gəlir. Bu, “istizan”, yəni “izin, icazə” sözündən daha geniş məna ifadə edir. Dolayısilə də, əvvəlcə ünsiyyət qurub vaxt təyin edərək ziyarətə getmək daha doğrudur. Ev sahibindən icazə almadan evə getmək ailə məhrəmliyinə hörmətsizlikdir. Bu gün qapını döymək və ya zəngə basmaq giriş üçün icazə istəmək mənasına gəlir.

Ayə zahirən salam vermədən əvvəl icazə istəmə mənasını versə də, ümumən İslam alimləri “Əvvəlcə salam verilməli, sonra da icazə istənilməlidir” fikrindədir. Hətta İmam Nəvəvi: “Doğru və üstün olan əvvəlcə salam vermək, sonra icazə istəməkdir. Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm): “Əvvəla salam, sonra kəlam” buyurmuşdur.

Buna görədir ki, böyük səhabələrlə yanaşı, Əbu Səid əl-Xudri kimi gənc səhabələr də bu ədəbi bilir və ona əməl edirdi.

Ubeyd ibn Umeyr rəvayət edir:

Əbu Musa əl-Əşari Ömər ibn Xəttabın hüzuruna çıxmaq üçün icazə istəmişdi. Hər halda Həzrəti Ömər məşğul idi ki, ona icazə verilmədi. Ona görə də Əbu Musa geri döndü. Həzrəti Ömər işini bitirdikdən sonra:

“Abdullah ibn Qeysin (Əbu Musanın) səsini eşitdim! İndi ona icazə verin gəlsin!” – dedi. Həzrəti Ömərə Əbu Musanın geri döndüyünü söylədilər. Hz. Ömər də onu dərhal çağırtdırdı. Əbu Musa gələndə Həzrəti Ömər (radiyallahu anh):

– Niyə gözləmədin? – deyə soruşdu.  Əbu Musa:

– Bizə bu cür davranmaq əmr olunub – dedi. Həzrəti Ömər:

– Buna aid mənə dəlil gətirəcəksən! – dedi. Əbu Musa da ənsarın məclisinə gedib onlardan soruşdu. Onlar:

– Bu məsələdə sənə ancaq ən kiçiyimiz Əbu Səid Əl-Xudri şahidlik edə bilər, – dedilər. Bunu eşidən Əbu Musa Əbu Səidi Həzrəti Ömərin hüzuruna apardı. Həzrəti Ömər:

– Rəsulullahın (sallallahu əleyhi və səlləm) əmrindən mənə gizli qalanımı oldu? Hər halda bazarlarda alış-verişə, ticarətə başım qarışıb, – dedi.

Möminlərin əmiri Həzrəti Ömər girməsinə icazə verilməyən bir şəxsin sakitcə, əsəbiləşmədən geri dönməli olduğunu unutmuşdu. Bu məsələdə Rəsulullahın (sallallahu əleyhi və səlləm)sünnətinə şahidlik edən və xatırladan da Əbu Səid əl-Xudri olmuşdu.[1]

Qurani-Kərim uşağı icazə istəməyə öyrədir, ata-anaya bunu uşağa öyrətməyi əmr edir, bu mövzuda mərhələli və pedaqoji üsulu əsas götürür. Allah-Təala Qurani-Kərimdə buyurur:

“Ey iman edənlər! Əlinizin altında olan kölə və xidmətçilərinizlə həddi-büluğ çağına çatmamış  uşaqlarınız otağınıza girmək üçün bu üç vaxtda sizdən icazə istəsinlər:

1. Sabah namazından əvvəl,

2. Günorta vaxtı istirahət üçün paltarlarınızı çıxardığınız zaman,

3. İşa (yatsı) namazından sonra.

Bəli, bu üç vaxt məhrəmiyyət vaxtlarınızdır.

Amma bunlardan başqa icazəsiz girmələrində sizin üçün də, onlar üçün də bir əngəl yoxdur. Allah sizə ayələrini belə izah edir. Həqiqətən də, Allah alim və hakimdir.” (Nur, 24/58)

Nəhayət, uşaq həddi-büluğ çağına çatanda artıq hər zaman evdə və başqa yerlərdə qapını döyərək icazə istəməlidir. Növbəti ayədə də bu əmr edilir:

“Uşaqlarınız həddi-büluğa çatanda isə özlərindən böyüklər necə icazə istəyirsə, otağınıza girmək üçün hər vaxtda icazə istəsinlər.

Allah ayələrini belə izah edir. Çünki Allah hər şeyi bilir, hər hökmü yerində izah edir” (Nur, 24/59)

Rəsulullah (sallallahu əleyhi və səlləm) necə icazə istəyirdi?”, “Qapı necə döyülməlidir?” kimi suallara qısa bir cavab kimi bu hədisi qeyd etmək istəyirik:

Abdullah ibn Büsrün rəvayətinə görə Rəsulullah (sallallahu əleyhi və səlləm) icazə istəmək üçün bir qapıya yaxınlaşanda qapıya tərəf baxmaz, mübarək üzünü sağ və ya sol tərəfə çevirərdi. İcazə verilərsə, girər, əks halda geri dönərdi.[2]

Aləmlərin Fəxri Peyğəmbər uşaqlardan da icazə istəyər, böyük-kiçik arasında fərq qoymazdı. Səhl ibn Sad (radiyallahu anh) nəql edir:

“Rəsulullaha su gətirilmişdi. O da ondan içdi. Sağında bir uşaq, solunda da yaşca daha böyüklər vardı. Rəsullah (sallallahu əleyhi və səlləm) uşaqdan:

– Bu sudan onlara verməyə icazə verirsən? – deyə soruşdu. Uşaq:

– Xeyr, vallah, ya Rəsulullah, Səndən gələn nəsibimə heç kəsi şərik edə bilmərəm! – dedi. Buna görə də Rəsullah (sallallahu əleyhi və səlləm) suyu ona verdi”.[3]

Səhl ibn Sad (radiyallahu anh) rəvayət edir:

“Bir adam başını Rəsulullahın (sallallahu əleyhi və səlləm)otaqlarından birinə uzadaraq icazəsiz içəri göz gəzdirmişdi. Bu vaxt Rəsulullah (sallallahu əleyhi və səlləm) dəmir bir daraqla saçını darayırdı. Adamın baxdığını görüncə:

– Əgər sənin baxdığını daha əvvəl görsəydim, (dəmir darağı göstərərək) bununla gözünü çıxarardım. İcazə istəmək sırf göz harama baxmasın deyə əmr edilmişdir” – buyurmuşdu”.[4] Buna görə də başqasının evinə icazəsiz baxmaq yanlış hərəkətdir.


[1]. Buxari, Ədəbül-müfrəd, hədis:1065.

[2]. Əhməd ibn Hənbəl, Müsnəd, 4/189.

[3].Buxari, Əşribə 19; Müslim, Əşribə, 127, Əhməd ibn Hənbəl, Musnəd 1/284.

[4]. Buxari, İstizan, 11.

 



Açar sözləri

ədəb

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.


Şərh yaz