Müsəlmanlar xəstələnmiş dost və qonşularına uyğun vaxtlarda baş çəkər, sağalmaları üçün dua edərlər. Bu da insanlar arasında sevgini qüvvətləndirir və kədərli qəlblərə sevinc gətirir.
Xəstə mömini ziyarət etmək Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sünnəsidir. O, xəstələrə baş çəkər, möminlərə də xəstə ziyarətini tövsiyə edərdi.[1] Xəstə möminə baş çəkən həm xəstənin əhval-ruhiyyəsinin yaxşılaşmasına səbəb olur, həm də savab qazanır.[2]
İnsan xəstələnmədən sağlamlığın qiymətini bilmir. Xəstəliklər imtahandır. Qəza və qədərə inanan mömin xəstəliyə tutulanda müalicə olunmaqla yanaşı, Allaha təvəkkül etməli və Onun yazısına təslim olmalıdır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) xəstələrə baş çəkməyi, dəfn mərasimlərinə getməyi buyurmuşdur. Çünki bunlar axirəti xatırladır.[3] Allah Rəsulu (sallallahu əleyhi və səlləm) xəstə ziyarəti zamanı əlini xəstənin alnına qoyar, xəstənin əlini əlinə alar, şəfqətlə hal-əhval tutar və: “keçmiş olsun, inşallah, xəstəliyin günahlarını təmizləyər” buyurar, ona dua edərdi.[4]
Qiyamət günü Allah-Təalanın “filan qulum xəstələnəndə sən ona baş çəkmədin, çəksəydin məni onun yanında görərdin” deyəcəyini qüdsi hədisində bizə bildirən Rəsulullah (sallallahu əleyhi və səlləm)[5] (Həzrəti Aişə nəql edir) ailəsindən xəstələnənlərə belə dua edərdi: “Ey insanların Rəbbi olan Allahım! Bu iztirabı uzaqlaşdır. Şəfanı verən Sənsən, Səndən başqa kimsə şəfa verə bilməz.”[6] Rəsulullah (sallallahu əleyhi və səlləm) başqa bir hədisində belə buyurmuşdur: “Əlini bədənində ağrıyan yerə qoy və üç dəfə Bismillah deyib ardınca yeddi dəfə: “Hiss etdiyim xəstəliyin zərərindən və təhlükəsindən Allahın ucalığına və qüdrətinə sığınıram,”[7] – de. Əgər xəstə ölum döşəyində isə, ona kəlimeyi-tövhid (Lə iləhə illəllah) təlqin edilir.[8] Xəstənin yanında həmişə xeyirli və gözəl şeylə danışılmalıdır.
Rəsulullah (sallallahu əleyhi və səlləm) müsəlman və qeyri-müsəlman xəstələr arasında fərq qoymaz, hamısına baş çəkərdi.[9] Xəstə ziyarəti müsəlmanın vəzifəsidir. Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm) möminlərin bir bədənin üzvləri olduğunu bəyan etmişdir: “Sevilməkdə, mərhəmət və şəfqət göstərməkdə möminlər bir bədən kimidir. O bədənin bir üzvü zərər görərsə, digər üzvləri də onunla birlikdə iztirab çəkər.”[10]
Rəsulullah (sallallahu əleyhi və səlləm) müsəlmanın müsəlman üstündə beş haqqından danışaraq belə buyurmuşdur: “Onunla qarşılaşanda salam ver, səni dəvət etsə qəbul et, səndən nəsihət istəsə nəsihət ver, asqırsa və Allaha həmd etsə, ona “yərhamukallah” de, xəstələnəndə baş çək, vəfat edərsə dəfnində iştirak et.”[11]
Ən gözəl əxlaqı yayan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yardımlaşma və qardaşlıq mühiti təsis etmişdir. Xəstə ziyarəti insani bir ehtiyacdır. Çünki xəstə ziyarətinə gələnləri görüb tənhalıq hiss etməz, ölüm qarşısında özünü biçarə görüb, bədbinlik və ümidsizliyə qapılmaz, iztirabı yüngülləşər. Xəstə Yəhudi belə olsa Rəsulullah kimi, ona baş çəkmək lazımdır. Ənəs ibn Malikdən rəvayət edilən hədisdə belə deyilir:
Rəsulullaha (sallallahu əleyhi və səlləm) qulluq edən qeyri-müsəlman bir kölə vardı. Bir gün bu kölə xəstələndi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onu yoluxmağa gəldi və baş tərəfində oturdu. Ona:
– Müsəlman ol – dedi. Kölə atasına baxdı. Atası:
– Əbul-Qasıma itaət et – dedi. O da müsəlman oldu. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) çölə çıxarkən belə buyurdu:
– Onu oddan qurtaran Allaha həmd olsun.”[12]
Nə xəstə, nə də ona baş çəkənlər səbirsizlik etməməlidir. Xəstəliyə lənət etmək, fəryad qoparıb ağlayıb-sızlamaq, hətta ölüm istəmək doğru deyil. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur: “Heç kim başına gələn bir müsibətə görə ölümü istəməsin. Əgər mütləq ölüm arzulamaq istəyəcəksə, belə desin: “Allahım, həyat mənim üçün xeyirlidirsə, məni yaşat, ölüm xeyirlidirsə, öldür.”[13]
Bir kişi xəstə bir qadına ədəbinə riayət etmək şərti ilə baş çəkə bilər.[14] Hətta mömin fasiq müsəlmanı da ziyarət etməlidir. Çünki fasiq də olsa, müsəlmandır. Ziyarətçinin məqsədi xəstəni tək olmadığına inandırmaq, onu ümidləndirmək, ona xoş əhval-ruhiyyə və həyat sevinci bəxş etməkdir. Ağır xəstələr psixoloji baxımdan ölüm düşüncəsinə meyilli olurlar. Belə xəstələrə Allahın izni olmadan heç kəsin vaxtı çatmadan ölməyəcəyini, hər ömür üçün bir vaxtın olduğunu və bu vaxt gəlib çatanda heç bir qüvvənin onu irəli və ya geri çəkə bilməyəcəyini də söyləmək lazımdır (“Səba”, 34/; “Əraf”, 7/34; “Hud”, 11/3). Xəstəyə ürəyi istəyən şeyləri hədiyyə aparmaq ədəbdəndir.[15] Yenə xəstənin vəziyyətini vaxtaşırı yaxınlarından xəbər almaq lazımdır. Bir ziyarətdən sonra xəstə ilə maraqlanmamaq sünnətdən uzaqlaşmaq kimidir.[16]
Rəsulullah (sallallahu əleyhi və səlləm) bir müsəlman xəstəni ziyarət edərkən ona belə dua etməyi tövsiyə buyurmuşdur: “Allahummə ətinə fiddunyə hasənətən və fil əxirəti həsənətən və qına azabən-nər. Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru.” (“Bəqərə” surəsi, 2/201).[17]
[1]. Buxari, Cənaiz, 2; Müslim, Libas, 114.
[2]. Tirmizi, Ədəb, 45; Nəsayi, Cənaiz, 53.
[3]. Buxari, Cihad, 171.
[4]. Buxari, Tövhid, 31.
[5]. Müslim, Birr, 43.
[6]. Tirmizi, Cənaiz, 4; Əbu Davud, Tibb, 17.
[7]. Tirmizi Tibb, 32; Hənbəl, 1/239
[8]. Buxari, İstizan, 29.
[9]. Əhməd ibn Hənbəl, Müsnəd, 3/175.
[10]. Buxari, VIII, 12.
[11]. Tirmizi, Ədəb, 1; Nəsayi, Cənaiz, 52; İbn Macə, Cənaiz, 1.
[12]. Əbu Davud, Cənaiz, 6.
[13]. Buxari, Təmənni, 6; Müslim, Zikr, 10,13.
[14]. Əbu Davud, 2/85.
[15]. İbn Macə, Cənaiz, 1.
[16]. Buxari, İstizan, 29
[17]. Tirmizi, Daavat, 112.
Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…
Xəstələri ziyarət etmək sünnədir. Peyğəmbərimiz xəstələrə baş çəkər və xəstə ziyarətini tövsiyə edərdi. Xəstəni ziyarət edən həm ona mənəvi dəstək olur, həm də savab qazanır. Xəstəlik olmadan sağlamlığın qiyməti o qədər bilinmir. Həmçinin hər bir xəstəlik bir imtahandır.
Sual: Xəstə olan şəxs mütləq həkimə getməli və müalicə olunmalıdırmı?
Oruc tutmağa gücü çatmayan yaşlılar və sağalma ümidi qalmayan xəstələrin tuta bilmədikləri oruc üçün fidyə verməsi vacibdir və fidyənin miqdarını da hər gün bir kasıbı bir günlük doyuracaq qədərdir. Odur ki, sayılan səbəblərdən oruc tuta bilməyənlər istəsələr ramazan ayının əvvəlində və ya axırında nağd pul və ya ərzaq olaraq da verə bilərlər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər.