Namaz əsnasında namaza müvafiq olmayan davranışlar ziddiyyət və ya əskikliyin dərəcəsinə görə namazın məkruhları və namazı pozan hallar olmaqla iki qismdir. Namazda xoş qarşılanmayan davranışlara “namazın məkruhları” deyilir. Bunlar təhrimən və tənzihən olmaqla iki qismdir. Namazdakı bir vacibi tərk etmək təhrimən məkruhdur. Namazın bir sünnəsini tərk etmək isə tənzihən məkruhdur. Bununla yanaşı tənzihən məkruh olanlar da əhəmiyyətləri və təhrimən məkruh olanlarla yaxınlıqları baxımından fərqlidirlər. Məsələn, bir müəkkəd sünnəni tərk etmək bir vacibi tərk etmə dərəcəsinə yaxın bir kərahət sayılarkən, müstəhəb və ya məndubu tərk etmək isə daha yaxşı olanı (övla) tərk etməkdir.
Namazın məkruhlarının əsasları aşağıdakılardır:[1]
1. Namazın vaciblərindən birini bilərəkdən tərk etmək. Məsələn, Fatihəni tərk etmək və ya astadan oxunan namazda bərkdən oxumaq, bərkdən oxunan namazda astadan oxumaq. Təhrimən məkruh olan belə bir namaz səhih olmasına baxmayaraq, təkrarən qılınması vacibdir. Çünki buradakı səhv səbəbli olmadığı üçün səhv səcdəsi etmək də kifayət etmir.
2. Namazın sünnələrindən birini bilə-bilə tərk etmək. Məsələn, sübhanəkəni oxumamaq, rüku və ya səcdələrdəki təsbehləri etməmək, ya da rükuda başı qaldırmamaq və ya çox əymək.
3. İkinci rükətdə birinci rükətə nisbətən daha çox qiraət etmək məkruhdur. Hənəfilərə görə bu miqdar üç ayədən çox olmamalıdır. Əks təqdirdə məkruh olmaz.
4. Namaz qılarkən bir üzr olmadan bir yerə, divara, dirəyə və ya əsaya söykənmək məkruhdur.
5. Namazda üzrsüz və ardarda olmamaq şərtilə bir neçə addım gəzmək məkruhdur. Ancaq ilan və ya əqrəb öldürmək kimi üzr səbəbilə bir neçə addım atmaq məkruh deyil. Namaza aid olmayan hərəkət əməli-kəsir (çox iş və hərəkət etmək) dərəcəsinə çatarsa namaz pozular. Namazda ikən bir nəfəri ölümdən və ya yaralanmaqdan xilas etmək yaxud az da olsa bir malın tələf olmasına mane olmaq üçün namazı pozmaq caizdir. Bu malın namaz qılana məxsus olub-olmaması nəticəni dəyişdirməz.
6. Bir rükətdə bir surənin iki dəfə oxunması və ya fərzlərdə hər iki rükətdə də Fatihədən sonra eyni surənin təkrarlanması məkruhdur. Lakin bu nafilə namazlarda məkruh olmaz. Namazda Fatihədən sonra daima müəyyən bir surənin oxunması da məkruhdur.
7. Qiraətə Qurani-Kərimdəki surələrin ardıcıllığına riayət etməmək də məkruhdur. Məsələn, birinci rükətdə “İxlas” surəsini oxuyub sonra “Ləhəb” və ya “Kafirun” surəsini oxumaq məkruhdur. Çünki Rəsulullahın (s.ə.s) qiraətdə surələrin ardıcıllıqlarına riayət etdiyi rəvayət edilmişdir.
8. Namazda paltar, bədən və ya saqqalı əl ilə oynatmaq, əlini ağzına qoymaq və ya ehtiyac olmadan burnunu tutmaq kimi namaza müvafiq olmayan bir işlə məşğul olmaq məkruhdur.
Qudainin Yəhya İbn Əbi Kəsirdən rəvayət etdiyi bir hədisdə belə buyurulur: “Allah sizin üçün üç şeyi xoş qarşılamamışdır: namazda boş şeylərlə məşğul olmaq, orucda çirkin və biədəb söz demək, qəbiristanlıqda gülmək.”[2]
Beləliklə üzdəki təri silmək və ya əsnəmək kimi təbii bir hərəkət etmək məkruh sayılmadığı halda, barmaqları şaqqıldatmaq, namaz qılınan yerdəki çınqıl daşlarla oynamaq boş işlə məşğul olmaq sayılır. Lakin səcdə edilən yerdəki çınqıl daşlarını yalnız bir dəfə düzəltmək caiz hesab edilmişdir.[3]
Namaz əsnasında uşağı çiyinlərə almaq məkruhdur. Həzrət Peyğəmbərin (s.ə.s) hər rükətdə Ümaməni (r.a) çiyinlərinə alıb, sonra yerə qoyduğunu bildirən hadisənin bu hədislə nəsx edildiyi rəvayət edilmişdir: “Şübhəsiz namazda namazın özünə məxsus bir məşğuliyyəti vardır.”[4]
Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.
İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.
“Dəli”nin namazı
Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.
Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.
gulya , 18/04/2014 tarixində, saat 09:04
Allah her kesin namazini qebul etsin.amin