5. 203 dəfə oxunub ,   0 şərh   Çap et

Hədislər işığında etikaf

Etikafın fəziləti və hikmətləri

Peyğəmbərimizin (s.ə.s.) bütün ramazanlarda etdiyi ibadətlərdən biri də etikafdır. Etikaf bir məsciddə və ya məscid sayılan bir yerdə məqsədli şəkildə bir müddət qalmağa deyilir.

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.[1]

Etikaf Peyğəmbərimizin (s.ə.s.) ömrünün sonunadək həmişə elədiyi bir ibadət və qüvvətli bir sünnətdir. Əbu Hüreyrə (r.a.) deyir: “Allah Rəsulu (s.ə.s.) hər ramazanda on gün etikaf edərdi. Vəfat etdiyi il isə iyirmi gün etikaf elədi.”[2]

Ənəs və Ubey ibn Kab (r.a.) nəql edir: “Allah Rəsulu (s.ə.s.) ramazanın son on günü etikaf edərdi. Lakin səfərdə olduğuna görə bir il etikaf edə bilmədi, növbəti il isə iyirmi gün etikaf etdi”.[3]

Etikaf təkcə Həzrət Məhəmmədin (s.ə.s.) ümmətinə xas olmayıb, bütün səmavi dinlərdə müxtəlif şəkillərdə yerinə yetirilən, Həzrət İbrahim (ə) və Həzrət İsmail (ə) zamanından bəri davam etdirilən bir ibadət hesab olunur. Demək, “…İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar (etiqaf edənlər), rüku və səcdə edənlər üçün  təmizləyin!” – deyə əmr eləmişdik” (“Bəqərə” surəsi, 2/125) məallı ayə buna işarə edir.

Etikaf Quran və Sünnədə təsdiqini tapmışdır. Qurani-Kərimdə: “Məscidlərdə ibadətdə (etiqafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin” (“Bəqərə” surəsi, 2/187) məallı ayə və Həzrət Aişə anamızın (r.a.) rəvayət etdiyi “Rəsuli-Əkrəm ramazanın son on günü etikaf edərdi. Vəfatına qədər bu adətinə əməl elədi. Onun ardınca xanımları da etikaf elədi”[4], hədis etikafın dəlillərini təşkil edir.

Rəsulullah (s.ə.s.) bu şəkildə müntəzəm etikaf etmişdir. Lakin etikaf etməyən səhabələr də vardı və Rəsulullah (s.ə.s.) da onlara bir söz demirdi. Onların bu davranışına heç nə deməsə də, özünün etikaf etməsi bu ibadətin sünnət olduğunu göstərir.

Hənəfi məzhəbi etikafı Peyğəmbərimiz (s.ə.s.) həmişə yerinə yetirdiyinə görə kifayə xarakterli müəkkəd, yəni hər kəs üçün mütləq olmayan sünnə hesab etmişdir. Etikaf ibadətin bir növü olduğuna görə, etikaf edən şəxsin mükəlləf olması[5] və etikafa niyyət etməsi vacibdir.[6]

Etikaf etmək üçün həddi-buluğa çatmaq və ya azad olmaq şərt deyil. Yəni əqli cəhətdən sağlam uşaq və kölələr etikaf edə bilərlər. Hənəfilərə görə, qadınların evin namaz otaqlarında etikaf etməsi daha məsləhətlidir.[7]

Etikafın fəziləti və hikmətləri

Etiqafa çəkilən şəxs bütün vaxtını ibadətə, namaza ayırmış olur. Çünki məsciddə qalır və hər vaxt namaza hazır olur. Bu isə namaz qılmağa bərabərdir. Etikaf sayəsində insan mənən zənginləşir, qəlbən nurlanır və ilahi feyzlərə qovuşur.[8]

Etikaf insanı fani dünyanın iş-gücündən bir müddət uzaqlaşdırır, onu daha çox ibadətə yönəltməklə  yanaşı, ümumi mənada həyatın qayəsi haqda düşünməsinə zəmin hazırlayır. İnsanların həmişə belə dərin təfəkkürə ehtiyacı vardır.[9]

Etikafı, xüsusilə, ramazan ayının son on günü etmək Qədir gecəsinin əhyası üçün də əhəmiyyətlidir. Həzrət Aişə: “Rəsuli-Əkrəm ramazanın son on günü ibadətlərini daha da artırar, gecələri əhya edər və ailəsini ibadət etsinlər deyə oyadardı”, – demişdir.[10]

Etikafda mümkün qədər çoxlu namaz qılmaq, Quran oxumaq, dua və niyaz etmək, əfv diləmək, kəlmeyi-tövhid və təkbir gətirmək müstəhəbdir. Allahın varlığı, birliyi, qüdrəti haqqında düşünmək, lüzumsuz şeyləri danışmamaq, başda Peyğəmbərimizin həyatı olmaqla, dini, elmi mövzulara dair əsərlər oxumaq da müstəhəb qəbul edilmişdir.

Bir şəxs etikafa əhd edər, ancaq onu yerinə yetirmədən ölərsə, yaxınları onun adından  hər gün üçün bir fidyə verməlidir. Çünki əhd edildiyinə görə vacib hökmünü daşıyan etikaf orucun bir parçası sayılır. Ona görə də orucdakı fidyə burda da vacib olur. Ancaq yaxınları yoxsuldursa, o halda Uca Allahdan əfv və bağışlanma diləmək lazımdır.

Etikaf ramazanda olduğu kimi – konkret vaxt üçün əhd edilməmişdirsə – ramazandan başqa aylarda da edilə bilər.


 

[1] Abdülaziz Hatip, “Ramazanın hatırlatdığı ibadet: İtikaf”, Yeni Ümit, sayı: 23
[2] Buxari, Etikaf, 17; Əbu Davud, Savm,  78, (2466). İbn Macə, Siyam, 58 (1769).

[3] Əbu Davud, ÜSavm 77, (2463); Tirmizi, Savm 79, (803); İbn Macə, Siyam 58, (1770).

[4] Buxari, Etikaf, 1; Müslim, Etikaf, 5

[5] Əqli cəhətdən sağlam olmaq.

[6] Türkiye Diyanet Vakfı İlmihalı

[7] Qadınların kişilərə aid bəzi mükəlləfiyyətlərdən azad edilməsi və bəzilərinə görə məsuliyyət daşımaması İslamın qadına göstərdiyi mərhəmətin bir təzahürüdür. Bu mərhəmət təcəllisinin hikmətini belə izah etmək olar: Qadın kişi ilə müqayisədə daha şəfqətli və mərhəmətlidir. Yeganə mərhəmət sahibi Rəhmanü-Rahim qadınların əngin şəfqətinə iltifat göstərərək onu rəhmətinin bir təcəllisi ilə də şərəfləndirib bəzi mükəlləfiyyətlərdən azad etmişdir.

[8] Ahmet Kurucan, Ramazan Ufku, Işık Yayınları

[9] Türkiye Diyanet Vaqfı İlmihali

 [10] Buxari, Fədlü leylətil-Qədr,  5; Müslim, Etikaf,  7.


Açar sözləri

etikaf etiqaf on gün Ramazan

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.

Qədr gecəsinin feyz və bərəkəti

Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi  namaz qılarsa, keçmiş günahları əfv olunar.


Şərh yaz