1. Zəkat insanı maddiyyatın əsarətindən xilas edir
Əbəs iş görməkdən xali olan Allah-Təalanın zəkat əmri təkcə alan üçün deyil, verən üçün də min bir hikmət və fayda ehtiva edir. İnsan maddə və mənadan, cisim və ruhdan ibarət bir varlıqdır. Maddə həmişə mənanın əleyhinə işləyir. İnsan isə bu dünyaya imtahan üçün göndərilmişdir. Ayədə buyurulduğu kimi, onun canında, təbiətində mala hərislik və xəsislik var. Demək, insan dünya malına, onun cazibədar gözəlliklərinə hərisliklə baxan hislərinə, maddiyyat ehtirasına qalib gəlməyə borcludur ki, imtahandan üzüağ çıxsın. Qısa dünya həyatında bu cür əməllər işləyərək, nəfsin istəklərindən keçərək əbədi səadətə çata bilsin. Zəkat insanı maddiyyatın əsarətindən çıxarıb onun ağası edən bir əməldir. Bu ibadətin Allahın əmri olması isə bu məsələdə tərəddüd göstərənləri məcbur və təşviq edən bir amildir. Bəli, insan zəkat vasitəsilə həm maddiyyat, həm də mənəviyyat cəhətdən arınıb mənən yüksəlir. Allah-Təala bu həqiqəti bəyan edir: “(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan”. (“Tövbə” surəsi, 9/103)
2. Zəkat insanı xəsislikdən uzaqlaşdırır
Xəsislik insanı Allahdan uzaqlaşdıran, uzaqlaşdırdığı qədər də Cəhənnəmə yaxınlaşdıran mənfi bir xüsusiyyətdir.[1] Və xəsislik eyni zamanda bizdən əvvəlki ümmətləri həlak edən başlıca səbəblərdəndir.[2] Ayədə bildirildiyi kimi, insan əbədi səadətə qovuşmaq istəyirsə, nəfsindəki bu xəsislikdən əl çəkməlidir.(“Həşr” surəsi, 59/9) Elə isə bu mənada zəkat, verəni xəsislik hissindən uzaqlaşdırır. İnsan nə qədər zəkat verir və zəkat verərkən nə qədər sevinirsə, xəsislik hissindən bir o qədər uzaqlaşmış olur. Yəni istəmədən, könülsüz verilən zəkatlar insanı axirətdə sorğu-sualdan qurtarsa da, dünya həyatında nəfsi xəsis xislətdən təmizləyə bilməz.
3. Zəkat malı bərəkətləndirir
Əvvəlcə qeyd edək ki, bu başlıq bir ayədir. “Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, zəkatı (zəkatı verilmiş malın bərəkətini) isə artırar” (“Bəqərə” surəsi, 2/276). Bu məsələyə iki yöndən yanaşa bilərik:
a. “Qəlblər Allahın əlindədir. O, istədiyi vaxt insanları əmrini yerinə yetirib zəkatını verən kəslərə doğru yönəldir və onun ticarətini canlandırır. Bu isə Allahın zəkatı verilən mala bəxş etdiyi bərəkətdən başqa bir şey deyil”. Bu ayədə də əksini tapır: “(Ya Peyğəmbər!) De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (“Səbə” surəsi, 34/39).
b. Yoxsullara verilən zəkat həmişəlik onların əlində qalmır. Gündəlik ehtiyaclarını təmin etmək üçün özünü oda-közə vuran kasıb bazara gedib əlindəkini xərcləyir ki, bu da ticarət həyatının müxtəlif sahələrində canlanmaya səbəb olur. Nəticə etibarilə, zəkat verənlər yenə də qazanc əldə edirlər. Sərmayələrin kasadlığından, alıcı qüvvəsinin zəifliyindən, tələbin azlığından kasıblar deyil, əksinə, daha çox sərmayədarlar, iş adamları zərər görür. Demək, zəkat bu mənada həm də sərmayə qoymaqdır. Məsələn, bəzi inkişaf etmiş varlı ölkələr sıx ticarət əlaqələri saxladığı kasıb dövlətlərə fond ayırıb yardım edirlər. Burada niyyət heç də Allah rizasını qazanmaq deyildir. Məqsəd yardım etdikləri ölkələrin alıcılıq qabiliyyətini artırmaq və öz məhsullarını bu yoxsul dövlətlərə satıb daha artıq qazanc götürməkdir.
4. Zəkat şəxsiyyətin formalaşmasına müsbət təsir edir
Cəmiyyətdə ancaq özünü düşünən, başını qınından çıxarmayan asosial tiplər vardır. Onlar, bəlkə də, fitrətin qanunlarına zidd hərəkət etdiklərinə görə insanların sevgisindən məhrum edilməklə və təcrid olunmaqla cəzalandırılmışlar. Sevilən insanlara gəlincə onlar cəmiyyətin dərdlərinə çarələr axtaran, bu yolda maddi və mənəvi fədakarlıqlar edən sevimli bəndələrdir. Zəkat verən mömin də kasıb-kusubu şəfqət və himayə qanadlarının altına almaqla onların sevgi və hörmətini qazanır. Beləcə zəkatını sevə-sevə verməklə qəlbən və ruhən təmizlənir, cəmiyyətdə hörmət-izzət sahibinə çevrilir. Haqlı olaraq xalqın ehtiramını qazanan həmin mömin ona bu gözlə baxan, hörmət göstərən insanları yanıltmamaq, ümidləri puça çıxarmamaq üçün istər şəxsi, istərsə də iş həyatında daha həssas olmağa çalışır. Beləliklə, zəkat mömində gözəl xarakterin formalaşmasında mühüm rol oynayır.
5. Xülasə
Zəkatın həm alana, həm verənə faydaları haqqında qısaca bəhs etdik. Bu mövzuda geniş məlumat almaq istəyənlərə tövsiyəmiz budur ki, zəkatı təfsilatı ilə izah edən kitablara müraciət eləsinlər.
Zəkat insanı möhtaclara yardım etməyə alışdırır. Zəkat ilahi əxlaqa yiyələnmək deməkdir. Zəkat Uca Rəbbin bəxş etdiyi nemətlərin əvəzində bir şükürdür. Zəkat insanı dünya malına dördəlli yapışmaqdan çəkindirməkdə, onun üzünü həqiqi həyata — axirətə çevirməkdə mühüm rol oynayır. Zəkat möminə pulu necə xərcləməyi, hara sərf etməyi öyrətməklə onun həyatını nizama salır. Zəkat ruh və cisim arasında müvazinət qurmaqla insana xatırladır ki, o, maddənin köləsi deyil, ağasıdır. Zəkat şəfqət və mərhəmətin sirli açarı, qatılaşan qəlblərin də ən təsirli dərmanıdır.
Zəkat insanları da ehtiyacdan, başqalarına əl açmaqdan qurtarır. Kasıbı həsəd və qısqanclıq duyğusundan xilas edir. Beləcə cəmiyyət, xüsusilə, imkanlı möminlər “onda var, bəs məndə niyə yoxdur” düşüncəsinin zərərlərindən qorunmuş olur. Bu mənada zəkat sərvəti qoruyan və cəmiyyətin nizamını təmin edən sığorta kimidir. Və zəkat “Verən əl alan əldən üstündür”[3] hədisinə inanan yoxsulları işləməyə, zəkat alandan verənə çevrilməyə təşviq edir.
[1] Tirmizi, “Birr”, 40
[2] Müslim, “Birr”, 56
[3] Buxari, “Zəkat”, 18
Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.
“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.
Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?
İslam, ehtiyac sahibi bir şəxsin başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.
İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.