31. 869 dəfə oxunub ,   0 şərh   Çap et

Mələklərin sayını ancaq Allah bilir. Quranda və hədislərdə mələklərin sayı haqqında konkret məlumat yoxdur. Amma “Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”[1] məallı ayələrdən çıxış edib deyə bilərik ki, mələklərin sayı-hesabı bilinmir.

İndi Quran və hədislərdə adı çəkilən bəzi mələkləri və onların vəzifələrini izah eləyək.

Vəhy mələyi Həzrət Cəbrail

Cəbrail (əleyhissəlam) dörd böyük mələkdən biridir. Allah ona peyğəmbərlərə vəhy aparmaq vəzifəsini vermişdir. Adı Quranda üç yerdə “Cibril” şəklində keçir[2]. Cəbrail həmçinin ayələrdə “ruh”, “ruhəna”, “rasulun kərim”, “rasulu rabbik”, “ruhul-əmin”, “ruhul-quddus” kimi adlarla da zikr edilir[3]. Bir hədisdə isə “ən-Namus” adı ilə yad edilmişdir[4].

Kainat hadisələrini idarə edən mələk Həzrət Mikail

Dörd böyük mələkdən biri olub kainatdakı təbiət hadisələrinin idarəsi və varlıqların ruzisinin verilməsi vəzifəsini yerinə yetirir. Quranın bir neçə ayəsində adına rast gəlirik[5].

Qiyamət mələyi: Həzrət İsrafil

Bu mələyin adı Quranda açıq verilmir. Ayələr yalnız onun sura üfürəcəyini bəyan edir[6]. Hədisdə onun adını dörd böyük mələyin biri kimi görürük.[7] İsrafil (əleyhissəlam) suru iki dəfə üfürəcək. Birinci dəfədə qiyamət qopacaq, ikincisində isə yenidən diriliş olacaq.

Ölüm mələyi: Həzrət Əzrail

Vəzifəsi əcəl vaxtı yetişənlərin ruhunu almaqdır. Quranda ölüm mələyi adı ilə göstərilmişdir.[8]

Kiramən katibin mələkləri

İnsanın sağ və solunda olan iki mələyin adıdır. Sağdakı mələk yaxşı əməlləri, soldakı mələk isə pis əməlləri yazır. Hafaza mələkləri də adlandırılan bu mələklər qiyamət günü bəndələr hesaba çəkiləndə işlənən əməllərə də şahidlik edəcəklər.[9]

Müqərrəbin mələklər

İlliyun və kərubiyyun kimi də tanınan bu mələklər Allahı təsbeh edib anmaq vəzifəsini daşıyırlar. Bu mələklər Allaha çox yaxın və Onun qatında şərəfli mövqeyə sahibdirlər.[10]

Həməleyi-ərş mələkləri

Ərşi (Allahın qüdrət və səltənətinin təcəlli yeri) daşıyan mələklərin adıdır. Quranda onlar haqqında belə buyurulur: “Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və həmd edirlər…”[11]

Münkər və nəkir mələklər

Ölümdən sonra qəbirdə sorğu-suala çəkmək vəzifəsini icra edən iki mələkdir. Bu mələklər qəbirdəki adamın yanına onun heç vaxt görmədiyi surətdə gəldiyi üçün “bilinməyən, tanınmayan, qəribə qarşılanan” mənalarında münkər və nəkir adlandırılmışdır. Bu iki mələk qəbirdəki ölülərə “Rəbbin kimdir?”, “Peyğəmbərin kimdir?”, “Hansı kitaba inanırsan?” şəklində suallar verir və həmin insanla verdiyi cavablara uyğun rəftar edirlər[12].

Hədisi-şəriflərdə insanın qəlbinə doğrunu və həqiqəti ilham edən[13], namaz qılanlarla birgə “Fatihə” surəsinin sonunda “amin” deyən[14], hər gün sübh və ikindi namazlarında möminlərlə birlikdə olan[15], Quran oxunarkən yer üzünə enən,[16] elm və zikir məclislərinə baş çəkən[17] və möminlərə rəhmət oxuyan[18] mələklərdən də bəhs olunur.


[1] “Fəth” surəsi, 48/4, 7; “Tövbə” surəsi, 9/26.

[2] “Bəqərə” surəsi, 2/97.

[3] “Məaric” surəsi, 70/4; “Nəbə” surəsi, 78/38; “Qədr” surəsi, 97/4; “Məryəm” surəsi, 19/7.

[4] Buxari, “Bədül-Vəhy”, 3.

[5] “Bəqərə” surəsi, 2/98.

[6] “Ənam” surəsi, 6/73; “Kəhf” surəsi, 18/99.

[7] Buxari, “Riqaq”, 43.

[8] “Səcdə” surəsi, 32/11.

[9] “Qaf” surəsi, 50/17-18; “İnfitar” surəsi, 82/10-12.

[10] “Nisa” surəsi, 4/172.

[11] “Mumin” surəsi, 40/7.

[12] Tirmizi, “Cənaiz”, 70.

[13] Tirmizi, “Təfsir”, 3.

[14] Buxari, “Azan”, 11.

[15] Buxari, “Məvaqit”, 16.

[16] Buxari, “Fəzailül-Quran”, 15.

[17 Buxari, “Dəavat”, 66.

[18] Tirmizi, “Elm”, 19.




Bənzər məqalələr

İblis mələkdir yoxsa cin?

Sual: İblis mələklərdən yoxsa cinlərdəndir? Mələklərdən idisə niyə Allahın əmrinə boyun əymədi? Cavab: Quranda buyrulur “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.”

Əzrailin surəti hamıya eyni görünür?

Ölüm anında Əzrail və ya onun köməkçiləri insana onun əməli, ruhunun gözəlliyi, qəlbinin təmizliyindən asılı olaraq fərqli surətlərdə görünür. Bir gün mütləq hər kəs Əzraillə üz-üzə gələcək, elə isə kim onu necə görmək istəyirsə, o cür yaşamalıdır.

Mələklərə imanın faydaları

Allah və axirət inancı kimi, mələklərin varlığına imanın da insanın həyatına bir çox yöndən müsbət təsir və faydaları vardır. Bunları aşağıdakı kimi ümumiləşdirə bilərik: Mələklərə inanan bir insan heç vaxt özünü tənha hiss etməz. Çünki bu insan ən yalqız anlarında da mələklərin yanında olduğunu bilər və onların varlığından mənəvi feyz alar. O görünməz mənəvi dostlarla […]

Allah-Təala mələklərə ehtiyacı olmadığı halda, onları nə üçün yaratmışdır?

Böyük bir İslam alimlərindən biri bu sualı belə cavablandırmışdır. “Şübhəsiz ki, böyük mələklərin yaradılmasında bir çox hikmətlər vardır. Birincisi, böyük mələklər cansız varlıqlarda bir mənada ruhun vəzifəsini icra edirlər. Məsələn, ağaca baxan mələk vardır. Həmin mələk ağacın hal lisanı ilə Allahı göstərdiyini təsbeh-təqdis edir və onun təsbihatını Allaha çatdırır. Bəzi mələklər də yer kürəsinə baxır. […]


Şərh yaz