1. 047 dəfə oxunub ,   0 şərh   Çap et

Aydınlığa hamilə, bari-həmlini yerə qoymağa çalışan qapqaranlıq bir dünya… Və Nəbinin zühuruna az qalmış müjdə dolu nişanələr sayrışır üfüqdə. Vicdanlara elə təsir edir ki, bir çox məkkəli gələcək son Nəbi haqqında danışır. Tövsiyələr və tövsiyələr: zühur edər-etməz dərhal itaətə tələsin! Və bütünləşin Onun ruhu ilə![1]

Bütün bəşəriyyətin canı boğazında və hər kəsin ümidi son xilaskarın gəlişinə… Ana-atalar bu xilaskarın öz nəsillərindən olmasını istəyir və bir çoxu yeni dünyaya gələn övladına “Məhəmməd” adını qoyur.[2]

Lakin O, Həzrət İbrahimdən oğlu İsmail vasitəsilə davam etdirilən və Əbdülmüttəlibdən Abdullaha keçən nurlu bir silsilədən gələcəkdi və könüllər də bu yoldan gələn nurun intizarında idi. Hadisələr Onun gələcəyini xəbər verir, qaranlığın zillənməsi söküləcək şəfəqin yaxınlaşdığını söyləyirdi. Ogünkü insanlıq həyatı həyat edən qayə və idealdan məhrum idi. İnsanların bütün əməlləri ucsuz-bucaqsız səhrada ilğım qovalamağa bənzəyirdi. Susuzluqdan ciyəri yanan onu uzaqdan su sanır, gəlib çatanda da bir şey tapmır”.[3]

Duyğu, düşüncə və davranışlar da bundan o qədər fərqlənmirdi. “Yaxud (onların əməlləri) əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda hardasa onu görməz”.[4]

Bu dövrün adı “Cahiliyyə”dir. Ancaq bu, elmin əksi olan cəhalət deyil, iman və inancın əksi olan küfrə bərabər cahiliyyədir.

O dövrün qapqara çirkinliklərini ərz edib müvəqqəti də olsa, ruhlarınıza qaranlıq bir pərdə çəkmək istəmirəm. Batil şeylərin hər cür təsviri zehinləri bulandırar. Və məncə, buna səbəb olmaq da bir günahdır. Lakin yenə də o dövrü izah etmək üçün az da olsa, bəzi adət-ənənələrinə toxunmaq faydalı olardı, ta ki Peyğəmbərimizin bütün kainata rəhmət olaraq göndərilməsi və bu mərhəmətin ilahi bir lütf olması daha yaxşı idrak edilsin.

Onun gəlişi bütün insanlara Cənabi Allahın ən böyük lütfü və ən əngin ehsanıdır. Bunu İlahi bəyandan eşidirik:

Allah möminlərə lütf etdi. Çünki onların öz içindən onlara (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər“.[5]

Allahın (c.c.) lütf, ehsan və kərəminə baxın ki, insanlara öz içlərindən, özlərindən, haqqa gedən yolda rəhbər və pişdar olan, imama ehtiyac olanda qabağa keçə bilən, xətibə ehtiyac olanda minbərə çıxa bilən, idarəçiyə ehtiyac olanda fərman verib sikkə kəsən, sərkərdəyə ehtiyac duyulanda ən mükəmməl sərkərdə kimi onları idarə edən bir nəbi, bir elçi göndərdi.

Xristianlıqda yanlış bir əqidə vardır. Onlar Həzrət İsanın insanlığın ilk günahını bağışlamaq üçün Allah tərəfindən fəda edildiyinə inanırlar. Yəni onların inancına görə, Rəbb fədakarlıq etmiş və insanları əfv etmək üçün – haşa – öz oğlu­olan Məsihi qurban vermişdir. Başqa sözlə, Həzrət İsa – onların səhv etiqadına görə – çarmıxa çəkilmiş və Həzrət Adəmlə başlayan, daha sonra hər bir insanın doğularkən özü ilə gətirdiyi bu ilk günah beləcə bağışlanmışdır. Bu, bir etiqad kimi yanlış və doğru yoldan uzaqlaşmaqdır. Ancaq bu yanlış anlayışda bir həqiqətə işarə də vardır:

Allah insanların günahını bağışlamaq, onları sapqınlıqdan, azğınlıqdan, zəlalətdən, günahdan qurtarmaq üçün ən sevimli qulunu, Həzrət Məhəmmədi (s.a.s.) həm də necə məşəqqətlərə məruz qalacağını bilə-bilə peyğəmbər göndərmişdir. Ta ki azıb yollarda qalmasınlar, yollarda qalıb əbəs ömür yaşamasınlar, insanlıq səmasına yüksəlib kamil insan ol­sunlar, daxilən dərinləşib hər an Allahı (c.c.) hiss etsinlər və İbrahim Haqqının beyti ilə desək, Allahı vicdanlarında ən böyük xəzinə kimi  bilsinlər:

Sığmam dedi Haqq ərzü-səmaya,

Kənzən bilindi dil mədənindən.[6]

Könül elə bir xəzinələr mənbəyidir ki, cahanlara sığmayan Haqq ən qiymətli bir cövhər kimi hər an orada özünü hiss etdirir. Kitablar, zehinlər, düşüncələr, fəlsəfələr, bəyanlar, səma, ərz və bütün mükəvvənat (yaradılmışlar) Allahı (c.c.) əhatə edə bilməz və heç biri Onu ifadə etməyə gücü çatmaz. Ancaq qəlb qismən də olsa, Ona tərcüman ola bilir. Bəli, qəlb elə bir dildir ki, indiyə qədər qulaqlar o dilin bəyanı qədər dərin bəyan eşitməmişdir. Elə isə insan qəlb aləmində dərinləşməli, orada axtardığını tapmağa və Rəbbə qovuşub Onda fani olmağa çalışmalıdır. Allah-Təala Həzrət Məhəmmədi məhz bu məqsədlə insanların arasına göndərmişdir.

Bəli, O, insanlığa Allahın (c.c.) ayələrini oxumaq, müxtəlif möcüzələrini gözlər önünə sərmək və insana öz mahiyyətini öyrətmək üçün gəlmişdir. Bəli, Onun sayəsində bəşəriyyət təbiət kirlərindən təmizlənəcək, cismin nəfsani əməllərindən xilas olub qəlbən və ruhən yüksələcəkdi və yüksəldi də. Bəli, O, insanlara Kitab və hikməti təlim edəcək, insanlıq da Kitab və hikmətin işıqlı dünyasında özünü taparaq gözlərini əbədi aləmlərə dikəcək və əbədiləşmə yoluna qədəm qoyacaqdı… Nəticə belə də oldu.

Bizim üçün çox əhəmiyyətli, bərəkətli və feyz dolu günlər var. Bunlardan bəziləri də möminlərin bayramı sayılır. Hər həftə cümə günü yaşanan bu bayram Qurban və Ramazan bayramlarında daha da izdihamlı olur. Qurban bayramı Həzrət İbrahimin fədakarlıq etdiyi, Müsəlmanların da səmimiyyətlə günahlarının əfvinə yol axtardığı və bu niyyətlə  Beytullaha üz sürtüb, Ərəfatda vəqfəyə dayandığı və Məhəmmədi ruhla yalvarıb-yaxardığı bir gündür. Ramazan isə bir ay oruc tutmaqla Rəbbə yaxınlaşma sevincini, yaşama sevincini bölüşməyin ifadəsi olub zəngin, dolğun və bərəkətli bir bayramdır.

Bir bayram da var ki, bütün insanlıq, hətta bütün varlıq­ alə­minin bayramı sayılır, o da Allah Rəsulunun dünyaya təşrif buyuraraq bizi şərəfləndirdiyi gündür… Viladəti-Əhmədiyyədir. Yəni Allahın bir günəş mahiyyətində yaratdığı o Nuru bir şam kimi insanlıq səmasından asdığı gündür. Bəli, o Nur sayəsində bütün cahiliyyə qaranlıqları dağılmış və aləm nu­ra qərq olmuşdur. Bu da Allahın cinlərə və insanlara ən böyük lütfü və ehsanıdır.


[1]Nümunə olaraq baxın: İbn Sad, ət-Tabaqatül-kübra, 1/161-162; Təbəri, Tarixül-üməm vəl-mülk, 1/529

[2]İbn Sad, ət-Tabaqatül-kübra, 1/169

[3]Nur surəsi, 24/39

[4]Nur surəsi, 24/40.

[5]Ali İmran surəsi, 3/164.

[6]Qəlb mədənində xəzinətək bilindi.



Açar sözləri

Rəsulullah

Bənzər məqalələr

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Peyğəmbərimiz kimi isə öldürmüşdür?

Sual: “Peyğəmbərimiz (s.ə.s) qılıncında qan olmayıb” deyirlər. Bu fikir nə dərəcədə doğrudur? Peyğəmbərimiz (s.ə.s) iştirak etdiyi müharibələrdə kimi isə öldürmüşdürmü? Allah Rəsulunun (s.ə.s) qılıncında qan olmamışdır fikri doğrudur. Həqiqətən şəfqət abidəsi olan Hz. Muhamməd (s.ə.s) heç kimsəni öldürməmişdir. Sadəcə yaraladığı bir düşməni var. O da yaraladığı yerdə ölməmişdir. Daha sonra qan axmadan ölmüşdür. Hadisə aşağıdakı […]


Şərh yaz