3. 361 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanları yaxşı tanımaq

Təbliğ ediləcək məsələləri əvvəlcə yaşamaq

Təmənna ummamaq

Təbliğin bir sıra önəmli məsələləri vardır.

Birincisi, təbliğin fətanət tərəfi vardır ki, buna peyğəmbər məntiqi də deyə bilərik.

İkincisi, təbliğ edən təbliğ etdiklərini yaxşı təmsil etməlidir. O, dinini yaşamalı, yaşadıqlarını da  anlatmalıdır. Bəli, O, öz İslami həyatını anlatmalı və insanları da belə bir həyata dəvət etməlidir.

Üçüncüsü, təbliğin əvəzində yalnız Allahın rizası umulmalıdır. Cənnət belə təbliğin məqsədi olmamalıdır. Bu da maddi-mənəvi feyzləri fəda etmək deməkdir.

İnsanları yaxşı tanımaq

Birincisi, daxili fətanətdir: Allah Rəsulunun təbliğinin də fətanət yönü vardır. Amma fətanət quru məntiq deyildir.

Bu məntiq zahirdən batinə, dünyadan axirətə uzanır. İnsanın məntiqi ilə yanaşı, hiss və duyğuları da vardır. Onun yalnız məntiqini nəzərə alıb danışanlar hissi bir çətinlik qarşısında aciz qalarlar. İnsanın sırf hiss tərəfini işlətməyi düşünənlər isə məntiqə məğlub olarlar. Halbuki Həzrət Məhəmməd (s.a.s.) müşahidəyə, mühakiməyə və duyğulara – üçünə birdən səslənir. Gözə görünən şeylərdən başlayır, nümunələr verir və bu yolla ruha nüfuz edir. Ağılı istifadə edir və istifadə etdirir. Mühakiməyə əhəmiyyət verir və vicdanlara elə bir metodla səslənir ki, vicdanında Onun səsini eşidən hər kəs bir həmlədə həqiqəti anlamış olur. İntuisiya yoluyla Allahı tapmağa çalışan Paskal və Berqson kimi alimlər bu sahədə Həzrət Məhəmməd Mustafanın yol göstərib yetişdirdiyi möminlərdən çox-çox geri qalırlar. Onsuz da, onlar mütləq və ümumi mənada ən sadə möminə belə çata bilməzlər.

Hər məziyyət kimi fətanətdə də Həzrət Məhəmmədə çatmaq mümkün deyil. O, əvvəla, müşahidə ilə rəqiblərinə diz çökdürmüşdür. Yəni barmağını qaldıraraq bütləri göstərmiş və “Bu daşdan, ağacdan, torpaqdan nə gözləyirsiniz?” – demiş, yəni əvvəlcə ağıla xitab etmiş, sonra da möcüzəvi mahiyyəti ilə və ya ortaya qoyduğu möcüzə ilə həmsöhbətinin əlindən tutub qəlb mənzilinə aparmışdır. Daha sonra da onu hüzurun boyası ilə boyayaraq bir pillə də yuxarı qaldırmış və üxrəviləşdirmişdir.

Məsələn: Həzrət Ömərin mənəvi yüksəlişinə nəzər yetirək. Ona: “Sənin kimi ağıllı bir insan necə olur ki, çöldə-bayırda gəzir? Sənin kimi bir insanın daşdan, torpaqdan və ağacdan nə isə ummasını, düzü, ağlım heç cür qəbul etmir”, – deyir. Əvvəlcə bu sözlərlə Öməri ucaldır. Bu sözlərdə məntiq də nəzərə alınır. Beləcə Allah Rəsulu Həzrət Ömərin ağlına səslənir. Ardınca da daima əminlik və etibar təlqin edən o xariqüladə halı ilə onun qəlbinə nüfuz edir. Üçüncü mərhələdə isə ibadətlərdəki dərinliyi ilə Öməri elə məqama çatdırır ki, o, dəvələri boynundan tutub yıxan Ömər ədəbli uşaq kimi Rəsulullahın qarşısında hörmətlə baş əyir.

İndi bu mövzuda konkret bir misal verib digər məsələlərə keçmək istəyirəm: Allah Rəsulunun hüzuruna bir gənc gəlir. Səhabə bu gəncin adını qeyd etməmişdir, ancaq bəzi rəvayətləri bir yerə yığıb birləşdirəndə bu gəncin Cüleybib (r.a.) olduğunu görürük. Bu gənc gəlir və: “Ya Rəsulullah, izin ver zina edim, dözə bilmirəm”, – deyir. Orada olan səhabələrin münasibəti fərqli olur. Kimi: “Rəsulullahın qarşısında nə cürətlə belə ədəbsiz danışırsan?!” – deyə tənbeh edir, kimi də ətəyindən tutub dartır. Kimisi də üzünə bir şillə çəkmək istəyir. Amma bircə o uca Nəbi, şəfqət peyğəmbəri və mərhəmət abidəsi susur, onu dinləyir, sonra da yanına çağırır, dizlərinin dibinə oturdur. Bura qədərki rəftarı ilə artıq onu mənən ovsunlamış olur. Və bu ovsunladığı insandan soruşur:

– Belə bir şeyin ananla edilməsini istəyərdin?

– Anam, atam sənə fəda olsun, ey Allahın Elçisi, istəməzdim.

– Heç bir insan anasına belə bir şey edilməsini istəməz! Sənin bir qızın olsaydı, ona belə bir şey edilməsini istəyərdin?

– Canım sənə fəda olsun, ya Rəsulallah, istəməzdim.

– Heç bir insan da qızına belə bir şey edilməsini istəməz!

–  Bibi və ya xalanla belə bir şey edilməsini istəyərdin?

– Xeyr, ya Rəsulallah, istəməzdim!

– Bacınla zina edilməsini istəyərdin?

– Xeyr, xeyr, istəməzdim!

Və son söz:

– Heç kim də bibisi, xalası və bacısı ilə zina edilməsini istəməz.

Bəli, Allah Rəsulu bu dialoqla gəncin ağıl və məntiqini hərəkətə gətirib hərtərəfli və qaneedici cavabı vermişdi.  Ardınca əlini onun sinəsinə qoyub belə dua edir: “Allahım, bunun günahını bağışla, qəlbini təmizlə və namusunu hifz et”.[1]

Cüleybib bu duadan sonra iffət timsalına çevrilir. Amma əvvəlki həyatı camaata məlum olduğu üçün kimsə ona qız vermir. Bu məqamda yenə Allah Rəsulu araya girir və Cüleybibi evləndirir.[2] Evləndikdən sonra elə ilk döyüşdə də şəhidlik şərbətini içir. Müharibənin sonunda Allah Rəsulu əshabından soruşur:

–  Hamı burdadır?

Cavab gəlir:

– Bəli, ya Rəsulallah, hamımız burdayıq!

Allah Rəsulu:

– Amma mənim bir nəfərim yoxdur? – deyib Cüleybibin yanına gəlir. Yeddi düşmən öldürmüş, sonra da canını tapşırmışdı. Başını qaldırıb dizinə qoyur və buyurur: “Cüleybib məndəndir, mən də Cüleybibdənəm”. Və Cüleybib bu məqama yüksələrək o biri aləmə qanad açır.[3]

Bəli, Allah Rəsulunun böyük fətanəti belə bir gənci həm də çox qısa zamanda elə bir səviyyəyə çatdırır ki, ağıl bunu anlamaqda acizdir.

İndi, görəsən, bu gün bütün tərbiyəçi və pedaqoqları əl-ələ verib çalışsalar, Allah Rəsulunun çox qısa zamanda reallaşdırdığı o mükəmməl tərbiyə və əxlaq bir yana qalsın, bir iki əxlaqi prinsipi belə həyata keçirə bilərlərmi? Reallıq cavabın müsbət olmayacağını açıq-aşkar göstərir.

Bəli, Onun yaşadığı dövrdə hər cür əxlaqsızlıq insanların fitrətinə, xarakterinə çevrilmişdi. Allah Rəsulu təkcə bu pis əxlaqı söküb atmadı, eyni zamanda onları ən gözəl əxlaqla bəzədi. Və bəşəriyyət belə əxlaqı və əxlaqlı insanları nə onlardan əvvəl gördü, nə də sonra. İslam tarixi minlərlə örnəyi ilə bunun canlı mücəssəməsi olduğu kimi, bu gün bəzi zərərli vərdişlərin qarşısını almaq üçün görülən işlərin nəticəsiz qalması da açıq-aşkar bunu göstərir.

Bir misal verək: böyük bir dövlət siqaretə qarşı mübarizəyə başlayır, nazirliklər qollarını çırmalayır, yüzlərlə elm adamı bu mövzu ətrafında konfranslar verir, kitablar yazır və müxtəlif şüarlarla siqaretə qarşı səfərbərlik elan edilir, amma nəticə yenə mənfi, yenə mənfi…

İndi bir də Allah Rəsulunun tərbiyə etdiyi camaata baxın, söylədiyi sözlər necə dərhal tətbiq edilir. Başqa bir misal:

Həzrət Ənəs nəql edir: “Mən Əbu Talhanın evində içki içənlərin qədəhlərini doldurur, onlara saqilik edirdim. O əsnada bayırdan bir səs eşidildi. Bu səs: “Diqqət yetirin, içki qadağan edildi!” – deyirdi. O an qədəhi dolu olan qədəhini boşaltdı, ağzı dolu olan tüpürdü və hər kəs küplərində nə qədər içki varsa, küçələrə boşaltdı. Belə ki, Mədinə küçələrində günlərlə içki axdı”.[4]

Bəli, O, bütün bunları etmişdir. Bunu görmək istəməyənlərə Ərəbistan yarımadasını göstərir və “Haydı, Onun etdiyinin milyonda birini də siz edin!” – deyirik. Heç vaxt edə bilməyəcəklər.

Təbliğ ediləcək məsələləri əvvəlcə yaşamaq

İkincisi, Həzrət Məhəmməd Mustafanın təbliği ilə İslamı yaşaması üst-üstə düşürdü. Bəli, O, söylədiklərini elə təmsil edirdi ki, Ona baxan bir insan başqa heç bir dəlilə ehtiyac duymadan Allahın varlığına iman gətirirdi. Hətta çox vaxt təkcə Onun simasını görmək peyğəmbərliyini qəbul etməyə kifayət edirdi.

Abdullah b. Rəvaha nə gözəl söyləyir:

 “Əgər O, açıq-aşkar möcüzələrlə gəlməsəydi belə, yalnız Onu görmək Ona inanmağa kifayət edərdi”.[5]

Onu qəbul edənlər, Ona könüldən bağlananlar və “Ya Rəsulallah!– deyə xitab edənlər Ondan sonra dünyanı idarə edən insanlardır. Yəni O, dinini üç-beş insana qəbul etdirməmişdir, O, bir Əbu Bəkir, bir Ömər, bir Osman və bir Əli (r.a.) yetişdirmişdir ki, hər biri bir rəhbər, bir dahi, bir lider idi. Və onlar fitrətən hər rastlarına çıxana tabe olan adamlar deyil. Əgər O, Allahın Elçisi olmasaydı, heç biri Ona iman gətirib təslim olmazdı. Həzrət Əli kimi qəlb gözü açıq və “Əgər qeybin pərdəsi açılsaydı, imanım artmazdı”[6], – deyən və imanın haqqül-yəqin mərtəbəsinə çatan bir insan Onu haqq nəbi kimi qəbul etmişsə, bu, belə öz-özlüyündə bir dəlildir.

Onun siması, oturuşu-duruşu, danışığı elə ovsunlayıcı idi ki, Abdullah b. Salam kimi bir Yəhudi alimi bir dəfə Onu görməklə: “Bu simada yalan yoxdur, bu simanın sahibi ancaq Rəsulullah ola bilər”, – deyərək iman etmişdi.[7]

Demək ki, Onu görmək qəbul etmək üçün kifayət edirdi. Həyatını haqq və həqiqəti anlatmağa həsr edən insanlar bunun nə qədər çətin olduğunu hamıdan yaxşı anlayırlar. Çünki əksəriyyət bir ömür boyu çalışıb-çabalasa da, beş-on nəfərə bir şey öyrədə və ya onların qəlbini fəth edə bilmir. Halbuki bir də Allah Rəsuluna baxın. Bu gün milyarddan çox insanın könlündə taxt qurmuş ikinci bir adam göstərmək mümkündürmü? Gündə beş dəfə adı minarələrdən yüksələn və dünyanı ehtizaza gətirən başqa bir adam varmı?

Halbuki insanlıq Onu sevir və gündə bir neçə dəfə Ona bağlılığını elan edir. Bəli, hər şeyə baxmayaraq, Həzrət Məhəmməd (s.a.s.) könüllərdə taxt qurmaqda davam edir. Çünki O, başqalarına dediklərini birinci növbədə özü yaşamış və daima öz sözlərinə canlı örnək olmuşdur. Ona görə də hər sözü kütlələrə təsir etmiş, daima həyata keçirilmiş və yolunda neçə can fəda edilmişdir.

O, insanları Allaha qulluğa çağırarkən ən gözəl qulluğu yenə özü təmsil etmişdir. Həzrət Aişə anamız nəql edir: “Bir gün gəlib mənə: “Ya Aişə, – dedi, – icazə verərsənmi, bu gecə Rəbbimlə birlikdə olum?” Sonra da namaz qılmağa başladı. O gün səhərədək إِنَّ فِي خَلْقِ السَّمَوَاتِ وَاْلأَرْضِ… ayəsini[8] oxuyaraq namaz qıldı, göz yaşı tökdü və elə ağladı ki, namazgahı sıxılsaydı, damla-damla göz yaşı tökülərdi.[9]

O, ayaqları şişənə qədər namaz qılardı. “Bir gün bütün keçmiş günahlarının bağışlandığını xatırladıb: “Özünə nə üçün bu qədər əziyyət verirsən?” – deyə soruşmuşdular.  “Rəbbimə şükür edən qul olmayımmı?” cavabını vermişdi”.[10]

Ona şükür qapısı açılmışdı və bu qədər çalışıb-çabalaması da buna görə idi.

Yenə Aişə anamız nəql edir: “Gecə yarısı qalxdım. Allah Rəsulunu yanımda görməyincə qısqandım. “Görəsən, başqa xanımının yanınamı getdi?” – deyə düşündüm. Elə  yataqdan dikəlirdim ki, əlim ayağına toxundu. Diqqət yetirincə səcdədə olduğunu anladım və dediklərinə qulaq asdım. Belə dua edirdi: “Ya Rəbbi, Sən hər cür nöqsandan xalisən, Sənə həmd edirəm. Səndən başqa ilah yoxdur”.[11]

O, istəsəydi, padşahlar kimi yeyər, içər və yaşayardı. Bu dəbdəbəli həyatı Ona İslamın təbliğindən əl çəkmək şərti ilə hələ Məkkədə təklif etmişdilər.[12] Ancaq O, məfkurəsi uğrunda əziyyətli həyatı firavan yaşamaqdan üstün tutmuşdu. Bir gün ac qalıb dua edən, o biri gün tox olub şükür edən[13] və qul peyğəmbərliyi məlik peyğəmbərlikdən üstün tutan Haqq elçisi idi O![14] Məhz bu sadə yaşayışı ilə kütlələrin sevgi və rəğbətini qazanmışdı.

Həzrət Ömər də çox sadə yaşayırdı, ancaq Allah Rəsulunun həyatına baxanda gözləri yaşarmışdı. Bir gün Allah Rəsulu: “Ömər, nə üçün ağlayırsan?” – deyə soruşdu səhabəsindən. Həzrət Ömər cavab verdi: “Ya Rəsulallah, hökmdarlar quş tükündən yataqlarda yatır, sən isə həsir üstündə yatırsan və bədənində həsirin izləri qalır, halbuki sən Rəsulullahsan. Rahat həyata hamıdan çox Sən layiqsən!” Allah Rəsulu Ömərə bunları söyləyir: “İstəmirsənmi, ya Ömər, dünya onların, axirət bizim olsun?”[15]

Bəli, dünyanın idarəsi müsəlmanların əlində olmalı idi. Bunu hamıdan çox Allah Rəsulu istəyirdi. Lakin olduqca sadə yaşayırdı. Daha doğrusu, O, yaşamır, yaşadırdı. Onun könüllərdə taxt qurmasının sirri də bu cür təmsildə deyildimi?!

Allahın dinini yayanlar Allah Rəsulunun həyatından çox şey öyrənirlər və öyrənməlidirlər. Bəli, qəlblərə yol tapmaq, İslam kövsərini insanlara içirmək, Haqq-həqiqəti yaymaq və könüllərdə taxt qurmaq üçün bir yol var, o da Allah Rəsulu kimi, İslami həqiqətləri insanlara çatdırmazdan əvvəl yaşamaq.

Birinə Allah qorxusundan göz yaşı tökməkdən, bu iztirabın əhəmiyyətindən bəhs etmək istəyirsinizsə, əvvəlcə gecə qalxıb öz namazgahınızı isladana qədər ağlamalısınız. Məhz o zaman səhər dediyiniz sözlər elə təsirli olacaq ki, özünüz də heyrət edəcəksiniz. Yoxsa “Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?”[16] ayəsinə tuş gələr və heç vaxt müvəffəq ola bilməzsiniz…

Təmənna ummamaq

Üçüncüsü, Allah Rəsulu təbliğ vəzifəsinin əvəzində nə dünyəvi, nə də üxrəvi bir şey ummamışdı ki, bu da Onun peyğəmbərliyinin bir dəlilidir. Bu peyğəmbər əxlaqıdır. Rəsulullahdan sonra bu əxlaqla hərəkət edənlərə gəlincə onlar əsl təbliğ və məfkurə timsalıdır. Quran kimsədən bir şey ummayan bu insanlara tabe olmağı əmr edir və “Onlara tabe olun!” – deyir.[17]

Həzrət Xədicənin mal-mülkü haqqın təbliği yolunda əriyib getmişdi və bütün çətinliklərə baxmayaraq, Allah Rəsulu özü üçün kimsədən bir şey istəməmişdi.

Onun ən yaxın yoldaşı Həzrət Əbu Bəkir idi və hicrətdə də Ona yol yoldaşlığı edəcəkdi. Allah Rəsulu Həzrət Əbu Bəkrin Onun üçün hazırladığı miniyi – həm də belə çətin şəraitdə, – ancaq haqqını ödəmək şərti ilə qəbul edəcəyini söyləmişdi. Halbuki bizlər olsaq, düşmənin bizi izləməsindən başqa bir şey düşünməyə macal tapmazdıq.[18]

Bu, Onun hər işə nə qədər həssas yanaşdığını göstərmirmi? Belə çətin anda haqqı düşünən insan başqa vaxtlarda düşünməzmi? Və təkcə bu hadisə təbliğ insanına örnək kimi kifayət edər, zənnimcə.

Əbu Hureyrə (r.a.) nəql edir: “Bir gün Allah Rəsulunu gördüm, namazını oturaraq qılırdı. Soruşdum:

– Ya Rəsulallah, xəstəsinizmi?

– Xeyr, ya Əba Hureyrə, acam… Aclıqdan ayağa qalxmağa taqətim qalmadı, – dedi. Mən ağlamağa başladım. Allah Rəsulu mənə təsəlli verdi: “Ağlama, ac olanların hesabı çətin keçməyəcək”.[19]

Bir gün gecə yarısı Həzrət Əbu Bəkir və Ömərlə Mədinənin bir küncündə üz-üzə gəlmiş və bir-birindən: “Gecənin bu vaxtı niyə çölə çıxmısan?” – deyə soruşmuşdular. Üçünün cavabı da eyni olmuşdu: aclıq. Bəli, üçü də nələri varsa, Allah yolunda vermişdilər. Evdə ağıza qoymağa bir tikə tapmamış, gözlərinə yuxu getməmiş və özlərini çölə atmışdılar.[20]

O gün təbliğ yükünü məhz bu güclü əllər qaldırmışdı. Bu gün də eyni yükü qaldırmağa namizəd olanlar hər halda o qədər qüvvətli olmalıdırlar.

Doğma qızı Fatimə (Allah Rəsulu onun haqqında: “Fatimə mənin bir parçamdır. Onu sevindirən məni sevindirmiş, incidən də məni incitmiş olar”[21], – demişdi) ev işlərini tək görürdü. Su daşımaqdan, kirkirə fırlatmaqdan əlləri qabar bağlamış və çiyinləri yara olmuşdu. Həzrət Əli bu vəziyyətə çox kədərlənsə də, əlindən bir şey gəlmirdi. Və uzun müddət belə yaşadılar.

O, atasının əxlaqını götürmüşdü, atası kimi öz işini özü görürdü. Bəli, oturub-duruşuna qədər Allah Rəsuluna bənzəyirdi.[22]

Bir döyüşdən sonra Mədinəyə əsir və qənimətlər gətirilmişdi, hər kəs gedib Peyğəmbərimizə ehtiyacını ərz edir və bəzi şeylər alırdı. Həzrət Əli Fatimə anamıza gedib bir şey istəməyi məsləhət gördü. Ancaq atası evdə yox idi. Nə üçün gəldiyini Allah Rəsulunun zövcələrindən birinə söyləyib evinə qayıtdı.

Peyğəmbərimiz məsələdən hali olunca dərhal qızının evinə gəldi. Həzrət Fatimə uzanmışdı. Rəsulullah içəri girincə yatağından qalxmaq istədi. Ancaq şəfqətli ata dərhal yatağın kənarında oturdu. Hətta  dizlərinin soyuqluğunu Fatimə anamız köksündə hiss edirdi: “Qızım, – dedi, –  Suffə əhlinin bütün ehtiyaclarını təmin etmədən sənə bir şey verə bilmərəm. Amma sənə bundan daha xeyirlisini öyrədim. Yuxuya getmədən əvvəl otuz üç dəfə “Sübhanallah, otuz üç dəfə Əlhamdulilləh və otuz üç dəfə (bir rəvayətdə otuz dörd) Allahu Əkbər– de. Bu, sənin axirətin üçün istədiyin şeylərdən daha xeyirlidir”.[23]

Və yenə bir gün Həzrət Fatimənin əlində qızıl bir bilərzik gördü. “Qızım, insanların Allah Rəsulunun qızı əlində Cəhənnəmdən bir zəncir daşıyır deməsinimi istəyirsən? Dərhal onu çıxar!” – dedi və getdi.

Həzrət Fatimə də həmin bilərziklə bir kölə aldı və köləni Allah rizası üçün azadlığa qovuşdurdu. Az sonra vəziyyəti atasına ərz edəndə Allah Rəsulu bilsəniz, nə qədər məmnun olmuşdu?![24]

Burada bir məqam da var: Allah Rəsulu insanlardan bir şey istəməməklə yanaşı, onların əziyyətinə dözürdü. Neçə dəfə toz-torpaq içində qalmışdı və qızları Zeynəbdən, Fatimədən başqa köməyinə gələn olmamışdı.[25] Və yenə neçə dəfə yollarına tikan səpilmiş, ayaqları qan içində evə gəlmişdi.

Bir dəfə Kəbədə namaz qılırdı. Müşriklər başına yığışıb vurmağa başladılar. O anda Həzrət Əbu Bəkir yaxında idi, özünü yetirib: “Bir insanı “Rəbbim Allahdır– dediyi üçünmü öldürəcəksiniz?” – deyib Allah Rəsulunu müdafiə etdi.[26] Bu cür hadisələr tez-tez olsa da, Onu yolundan döndərə bilmirdi. Qızına xitabən: “Ağlama, qızım, Allah atanı hədər etməyəcək”, – demişdi[27] və Allah (c.c.) da Onu müzəffər etmişdi. Onun adını milyonların könlündə həkk etmişdi.

Təbliğ mövzusuna bir daha nəzər salıb başqa bir hissəyə keçək.

Bura qədər izah etməyə çalışdığımız kimi, təbliğ Peyğəmbərlərin və Peyğəmbərimizin yaradılış qayəsidir. Onlar təbliğ üçün xəlq edilmişlər. Biz bu vəzifəni icra etməklə yalnız bir məsuliyyəti yerinə yetirmiş oluruq. Halbuki Peyğəmbərlər onu yaradılış qayəsi kimi icra edirlər.

Həmçinin biz bu mövzunu təhlil edərkən Allah Rəsulunun gətirdiyi bəyanların şəffaf üzündə, مُحَمَّدٌ رَسُولُ اللّٰهِ yazıldığını göstərməyə çalışdıq. Eyni zamanda Onun təbliğ metodlarının həm Rəsulullah olduğunu isbat edən mühüm dəlil, həm də təbliğ vəzifəsini icra etmək istəyənlərə əsl rəhbər olması haqqında qısa məlumat verməyə cəhd göstərdik.

Biz qətiyyətlə inanırıq ki, Allah Rəsulunun təbliğ metoduna müraciət etmədən uzunmüddətli müvəffəqiyyətdən danışmaq mümkün deyil. Bunun mümkün olmadığını real həyatda isbat edən minlərlə hadisə vardır. Ona görə də yəqini imanla və qətiyyətlə bir daha xatırladırıq ki, insanlara rəhbər və imam olmaq istəyənlər və ya bu mövqedə olanlar bu mehrabın əbədi imamı Həzrət Məhəmməd Mustafaya (s.a.s.) tabe olmalı, Onun yolu ilə getməlidir. Həqiqi rəhbər Odur və Onun açdığı yol da həqiqi hidayət yoludur. Çünki “O, istədiyini danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”.[28]



[1]Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/256-257

[2]Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/422.

[3]Müslim, Fəzailüs-səhabə 131; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/422.

[4]Buxari, Məzalim 21; Təfsir (5) 10; Müslim, Əşribə 3-9.

[5] Qazı İyaz, əş-Şəfa, 1/249.

[6]Aliyyulqari, əl-Masnu, s. 149.

[7]Tirmizi, Sifətül-qiyamət 42; İbn Macə, İqamətüs-salat 174.

[8]Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. (Ali-İmran surəsi, 3/190.)

[9]İbn Hibban, Səhih, 2/386; İbn Kəsir, Təfsirül-Quranil-Azim, 1/441-442; Qurtubi, Əl-Cami li-Ahkamil-Quran, 4/310.

[10]Buxari, Təhəccüd 6; Müslim, Sifətül-münafiqin 79-81.

[11]Müslim, Səlat, 222; Tirmizi, Daavat 75; Əbu Davud, Səlat 147

[12]İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/62-63

[13]Tirmizi, Zühd 35; Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/254.

[14]Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/231; Əbu Yala, Müsnəd, 10/491.

[15]Buxari, Təfsir (66) 2; Müslim, Talaq 31.

[16]Saf surəsi, 61/2.

[17]Sizdən heç bir ödəniş istəməyənlərə uyun, Onlar doğru yoldadırlar. (Yasin surəsi, 36/21)

[18]Buxari, Mənaqibül-ənsar 45; Əhməd b. Hənbəl, əl-Müsnəd, 6/198.

[19]Əbu Nuaym, Hilyətül-övliya, 7/109.

[20]Müslim, Əşribə 140; Muvatta, Sifətin-Nəbi 10.

[21]Buxari, Fəzailül-əshab 12; Müslim, Fəzailüs-səhabə 93-94; Hakim, əl-Müstədrək, 3/172. (Hədis bütövlükdə Müstədrəkdə keçir)

[22]Tirmizi, Mənaqib 60; Əbu Davud, Ədəb 143.

[23]Buxari, Fərzül-xümus 6; Daavat 11; Müslim, Zikr 80; Tirmizi, Daavat 24; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/106-107.

[24]Nəsayi, Zinət 39; Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/278-279.

[25]Buxari, Səlat 109; Müslim, Cihad107; Təbərani, əl-Mücəmül-kəbir, 3/268; İbn Abdilbərr, əl-İstiab, 3/1381; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/264; Təbəri, Tarixül-üməm vəl-müluk, 1/554.

[26]Buxari, Fəzailül-əshab 5; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/204, 218.

[27]Təbərani, əl-Mücəmül-kəbir, 3/268; İbn Abdilbərr, əl-İstiab, 3/1381; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/264; Təbəri, Tarixül-üməm vəl-müluk, 1/554.

[28]Nəcm surəsi, 53/3-4



Açar sözləri

metod təbliğ üslub

Bənzər məqalələr

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Rəsulullahın qərar vermə üslubu

Rəsulullahın (s.a.s.) qərar vermə üslubu necə idi? Qərar verərkən nələri nəzərə alırdı?

Peyğəmbər metodu – fərdi tərbiyə

Hər insanın, mənəvi və zehni qabiliyyətləri bir-birindən fərqlidir. Bu baxımdan hər kəs fərdi xüsusiyyətlərə malikdir. Dolayısı ilə insanlara nəyisə öyrədərkən fərdi keyfiyyətlərini də nəzərə almalı və hər kəsin fərdi xüsusiyyətlərinə görə təlim metodları tərtib edilməlidir. Rəsulullah (s.a.s.) da insanların xarakter və qabiliyyətlərindəki bu fərqlilikləri üç ayrı bənzətmə ilə izah etmiş və insanlara nəyisə öyrədərkən hər […]

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.


Şərh yaz