Buxari və Müslimin rəvayət etdiyi bu hədisdə Allah belə buyurur: أَعْدَدْتُ لِعِبَادِيَ الصَّالِحِينَ مَا لاَ عَيْنٌ رَأَتْ وَلاَ أُذُنٌ سَمِعَتْ وَلاَ خَطَرَ عَلَى قَلْبِ بَشَر “Mən saleh qullarıma o biri dünyada elə şeylər hazırladım ki, nə göz görmüş, nə qulaq eşitmiş, nə də kimsənin xəyalına gəlmişdir“[1]
Hədisdə bir mükafatdan bəhs olunur. İnsan orada gözləmədiyi şeylərlə, həm də gözləmədiyi anda üz-üzə gələcək. Hərçənd Quranda cənnətə aid bəzi nemətlər haqqında danışılır, ancaq bu, o nemətlərin sadəcə adı və ünvanı, onları təsəvvür və təfəkkür etmək üçün bir istiqamət, bir yoldur. Yoxsa dünyada ola-ola onların həqiqətini qavramaq mümkün deyil.
İbn Abbas (r.a.) “Onlara oxşar şeylər verildi”[2] ayəsinin təfsirində deyir ki, cənnətdə sizin bildiyiniz nemətlərin yalnız adları vardır[3]. Daddığınız zaman: “Bu, filan şeyə bənzəyir,” – deyə bilərsiniz, amma qətiyyən onun eynisi deyil, çünki cənnət nemətləri də cənnətin özü kimi əbədi yaradılmışdır. Bu dünyaya aid qarpızı, qovunu, almanı, armudu orada axtarmaq sadəlövhlük olar…
Cənnət mükafatlar diyarıdır. Cənnət Allahın şanına xas nemətlərlə süslədiyi bir axirət sərgisidir ki, ağlınızı başınızdan alacaq, sizi məst və bihuş edəcəkdir. Cənnətdə bir mükafat da var: bir anlıq seyri min illik cənnət həyatından üstün olan Allah-Təalanın camalını müşahidə etmək! Yəni möminlər cənnətə girincə orada Allahı müşahidə edəcəklər. Yoxsa Allah-Təala zaman və məkandan münəzzəhdir (uzaqdır, zaman və məkana sığmır), o məkan cənnət diyarı və o zaman cənnət zamanı olsa belə! Bəli, saleh qulları Camalullahı (Allahın camalını) seyr etmə kimi mükafat da gözləyir.
“Saleh” qüsursuz iş görən deməkdir. “Salihat” isə qüsursuz görülmüş işlərə deyilir. Görülən işlərin salihata daxil olub-olmaması isə ancaq ilahi meyarlarla ölçülür. Yəni Allahın əmrlərinə uyğun namaz necə qılınır, oruc necə tutulur, zəkat necə verilir, cihad necə edilir, batini aləmə necə nəzarət olunur, vicdana necə baxılır, ruh necə coşdurulur, iradə necə gücləndirilir, hiss və duyğular necə inkişaf etdirilir? Bütün bu “necə”lər ilahi meyarlarla dəyərləndirilir, ölçülür. Beləliklə, insanın özünü Allahın bəyanına görə tənzimləməsi, kökləməsi və Allah-Təalanın xoşnud olduğu nəğməni dilləndirməyə çalışması “salihat” yolunda ilk addım sayılır.
Bəli, siz səsinizin Allah qatında gözəl qarşılanmasını istəyirsinizsə, ifaya başlamadan əvvəl sazını kökləyən sazəndələr kimi qəlb tellərini Quran “not”larına uyğun nizamlamalı və kökləməlisiniz. Yoxsa üzünüzə baxılmaz! Allah-Təala Səmi və Basirdir. Hər şeyi görür, hər səsi eşidir. Ancaq səsiniz o ulu məqama uyğun deyilsə, sizi dinləməz. Bu səbəbdən siz də səsinizi eşitdirməyi bacarmalısınız.
Bir başqa mənada salihat mükəlləfiyyətlərin “Allah-Təala hər şeyi görür, hər şeyə nəzarət edir” düşüncəsi ilə həssas və səmimiyyətlə yerinə yetirilməsi deməkdir. Buna görə də, insan əlinə düşən bütün imkanları yaxşı işlərdə dəyərləndirməlidir. Çünki hansı əməlin qurtuluşa səbəb olacağını bilmək mümkün deyildir. Onun üçün də Allah Rəsulu: “Allahdan qorx və heç bir saleh əməli (yaxşılığı) əhəmiyyətsiz hesab etmə”[4] buyurur.
Həmçinin hədisdə “mənim saleh qullarıma” mənasında لِعِبَادِيَ الصَّالِحِينَ deyilir. Deməli, onlar saleh əməllər sayəsində Allaha yaxınlaşmış və Onun sevimli qullarına çevrilmişlər. Başqa bir qüdsi hədisdə isə Allah sevdiyi bəndələr haqqında belə buyurur:
“Artıq onu sevdimmi, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram!” [5].
Yəni qul saleh əməlləri sayəsində Rəbbin boyası ilə boyanar və qəssalın əlində meyid olar. Artıq onu istədiyi tərəfə çevirən, istədiyi hala salan Haqq-Təaladır. Bu nə gözəl bir icbardır ki, Rəbbi onu doğruluq istiqamətinə sövq edir. Artıq belə bir insanın Haqdan üz çevirməsi mümkün deyil, çünki o, “Mənim qullarım” məqamına çatmış və muqarrabinlərdən (Allaha yaxın qullar) olmuşdur. Və belə bir insan: “Dadıma yet, Allahım! Yet ki, bacarmaram Sənsiz” – deyib inləyər.
O, yaxşı və gözəl olan hər əməli işlər və hər əməldə də qurtuluşuna vəsilə axtarar. Çünki o, hansı əməlin onu qurtaracağını bilmədiyi üçün qarşısına çıxan heç bir yaxşılığı əldən verməz. Onun bütün bu əməlləri də axirətə gedər. Bir gün cənnətə girəndə bu əməllər bir-bir onun qarşısına çıxar və ona gözlərin görmədiyi, qulaqların eşitmədiyi mükafatlar gətirər.
“Bəzən bir itə su vermək də cənnət qapılarını açar və açacaq, bəzən də bir pişiyi susuz qoymaq cəhənnəmlə nəticələnir və nəticələnəcək”[6] həqiqətini nəzərə alaraq deyirik ki, cənnət və cənnətdə verilənlər başdan-ayağa sürprizdir.
Həm də insan ancaq gözünün gördüyü, qulağının eşitdiyi, xəyalında canlandırdığı şeyləri bilə bilər. Halbuki insanın duyğuları özü kimi məhduddur. Ona görə də bu duyğular vasitəsilə ancaq məhdud olan şeyləri dərk etmək olar. Bunlarla hüdudsuz aləmin nemətlərini dərk etmək mümkün deyildir.
“Böyük məsələləri anlamaq bu kiçik ağla gərəkməz
Çünki bu tərəzi bu qədər siqləti[7] çəkməz”.
(Ziya Paşa)
Bundan əlavə Allah-Təala yaxşılıqlara bəzən on, bəzən yüz, bəzən yeddi yüz, bəzən yüz min, bəzən bir milyon, bəzən də sayını ancaq Özünün bildiyi mükafatlar verər. Heç bir qul ona necə mükafat verildiyini bilə bilməz. Axirətdə isə əməlləri sürpriz kimi qarşısına çıxınca çaşıb qalar və beləcə onun ağlına, xəyalına gəlməyən şeylər bir həqiqət olar.
Bu qədər dərin həqiqəti bir neçə kəlmə ilə izah edən Allah Rəsulu bizim idrakımızın qavrama hüdudlarına sığmayan bu sözləri, anidən, fikirləşmədən və bədahətən söyləmişdir. Yalnız bu söz belə Onun necə ali bir fətanətə sahib olduğunu isbat etməyə kifayət edir… Ancaq biz Ondan danışmağın ilahi həzzindən vaz keçə bilmədiyimiz üçün, heç olmazsa bir neçə sözünü də nəql etməyi düşünürük.
[1]Buxari, Tövhid 35; Müslim, Cənnət 2-5.
[2]Bəqərə surəsi, 2/25.
[3]Təbəri, Camiul-Bəyan, 1/174.
[4]Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/63; Nəsayi, əs-Sünənul-kübra, 5/486; Təbərani, əl-Mücəmül-kəbir, 7/63.
[5]Buxari, Riqaq 38.
[6]Baxın.: Buxari, Müsakat 9; Müslim, Salam 151-155.
[7]Ağırlığı
Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.
Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.
Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız.
Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.
“Sizə verilən hər şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki iman gətirib Allaha təvəkkül edərlər;