Allah Rəsulu zahidlərin ən zahidi idi. Onun vərası, yəni bəsit mənasıyla, şübhəli şeylərdən qaçınma hissi ikinci bir insanda yox idi. Onun bütün davranış və hərəkətləri bu müstəvidə nizamlanmışdı. Allahdan elə qorxurdu ki, az qalırdı ürəyi dayansın. O qədər həssas idi ki, çox vaxt gözlərində yaş və qəlbində ürpərti olardı. O coşarkən bir dənizi, dayanarkən də ümmanı xatırladırdı.
İndi bu düşüncə, bu anlayışla ömür sürən bir insana yuxarıda ərz edilən ayələri yanlış dəyərləndirib ona “dünyaya və günaha meyil” libası biçmək böyük bir hörmətsizlik və qorxunc bir aldanış deyilmi? Allah (c.c.) Onu elə bir ucalıq səmasına yüksəltmişdir ki, yerdə hürənlərin səsi Ona heç vaxt çata bilməyəcək. O da qaldı ki, atdıqları palçıq Ona sıçraya bilsin. Çünki Onun zühdü, təqvası, Allahdan (c.c.) qorxması və günahlara qarşı fövqəladə həssaslığı “günahla işləməyə meyil” iftirasından çox-çox uzaqdır.
Əvvəla, zühd dünya verilsə sevinməmək, bütün dünya əldən çıxsa, kədərlənməməkdir. Allah Rəsulu bu fəzilətin zirvəsindədir. Bütün dünya Onun olsaydı, hər halda bir arpa dənəsi qədər sevindirməzdi. Bütün dünya bir anda əlindən çıxsaydı, yenə bir arpa dənəsi qədər kədərlənməzdi. O, dünyanı qəlbən tərk etmişdi. Ancaq bu, dünyanı kəsbən (çalışmaq, işləmək) də tərk etmək demək deyildi. Çünki qazanc yollarının ən məntiqlisini və ən gözəlini bizə göstərən yenə Həzrət Məhəmməd Mustafadır (s.a.a.). O, nə dünyanı kəsbən tərk etmiş, nə də insanları buna təşviq etmişdir. Dünya qəlbən tərk edilməlidir. Buna ən tutarlı dəlil də yenə Allah Rəsulunun qurduğu İslam Şəhər Dövlətinin, qısa zamanda dünyanın ən zəngin və ən güclü dövlətlərindən birinə çevrilməsidir.
Allah Rəsulu peyğəmbərliyin işıqlı iqliminə addımını atdığı andan dünya bütün dəbdəbə və ehtişamıyla ayağının altına sərildiyi ana qədər dəyişmədi. Hətta O, dünyaya gələrkən sahib olduğu dünya malına vəfat edərkən sahib deyildi. Çünki varını, yoxunu Allah yolunda vermişdi. Ondan bir neçə keçi və bir də xanımları üçün tikilmiş kiçik otaqlar qalıb. Otaqlar da xalqın malı sayılırdı və analarımızın vəfatından sonra məscidin ərazisinə daxil edilmişdi. Bu otaqların necə kiçik və dar olduğunu oraya gedənlər yaxşı bilir.[1]
Həzrət Ömər (r.a.) bir gün Allah Rəsulunun hüzuruna girdi. Peyğəmbərimiz həsirin üstündə uzanmış, üzündə də həsirin izləri qalmışdı. Otağının bir tərəfində işlənmiş bir dəri, bir başqa küncündə də, içində bir neçə ovuc arpa olan kiçik bir kisə vardı. Allah Rəsulunun otağında olan əşyalar bundan ibarət idi. Həzrət Ömər (r.a.) bu mənzərə qarşısında riqqətə gəldi və ağladı. Allah Rəsulu nə üçün ağladığını soruşanda:
“Ya Rəsulullah! İndi kəsralar, padşahlar saraylarında quş tükündən yataqlarda yatır, (hörmətinə kainat yaradılan) Sən quru bir həsir üstündə yatırsan və üzündə həsirin izi qalır. Gördüklərim məni ağlatdı, cavabını verdi.
Allah Rəsulu Ömərə (r.a.) belə buyurdu: “İstəmirsənmi, ya Ömər! Dünya onların, axirət də bizim olsun.[2] Başqa bir rəvayətdə isə Peyğəmbərimiz belə buyurur:
“Dünya ilə mənim nə əlaqəm var. Mən bir yolçu kimiyəm. Bir ağac altında kölgələnən daha sonra da oranı tərk edib yoluna davam edən bir yolçu…[3]
O, dünyaya bir vəzifəylə gəlmişdi. İnsanların duyğu və düşüncəsinə diriliş nəfəsi gətirmişdir. Vəzifəsi başa çatanda da dünyanı tərk edəcəkdi. Belə bir insanın dünyaya meyil etdiyini ehtimal etmək ağıl və məntiqə sığmır. Bəli, O, əsla dünyaya meyl etmədi və heç vaxt yolundan zərrə qədər də dönmədi…
“Axşam yatağa uzanmışdı, lakin səhərə qədər yata bilməmişdi. Sağına dönür, soluna dönür, “uflayırdı. Səhər xanımı soruşdu: “Ya Rəsulullah, bu gecə narahat idiniz? Çox iztirab çəkdiniz. Və Allah Rəsulunun cavabı bu oldu:
Yatağımı hazırlayanda yerə düşmüş bir xurma tapdım. Onu ağızıma qoydum. Lakin sonra ağlıma gəldi ki, bizim evdə sədəqə və zəkat xurmaları da olur. Birdən bu xurma onlardan olar! Elə səhərə qədər bunu düşündüm, bunun iztirabı ilə sağa-sola döndüm. Heç cür gözümə yuxu getmədi.[4]
Sədəqə və zəkat Ona haram buyurulmuşdu. Ancaq bu xurma hədiyyə gətirilən xurmalardan da ola bilərdi. Hətta bu ehtimal digər ehtimaldan daha qüvvətli idi. Çünki Onun evində sədəqə və ya zəkat malları gecələməz, gələn kimi paylanardı. Ən kiçik şübhədən belə narahat olan və həyatını həmişə belə həssaslıq içində keçirən bir insanın qəti haram olan bir işə yaxın getməsi mümkündürmü? O, ən xırda və şübhəli bir şeylə belə ruh dünyasına toz qonmasın deyə fövqəladə həssaslıq göstərirdi. Belə möhkəm bir iradə açıq-aşkar günah qarşısında rahat ola bilərdimi? Xeyr, O heç bir günaha güzəştə getmədi və ruhunda heç bir günaha yol vermədi. Ruhu və iradəsi daima pak idi, tərtəmiz idi, bu cür yaşadı və Rəfiqi-Alaya (Uca Dosta) da bu cür yüksəldi.
Həzrət Əbu Bəkir (r.a.) Allah Rəsulundan soruşur: “Ya Rəsulullah! Saçınızda ağ tüklər görürəm. Birdən-birə qocaldınız, bir dərdinizmi var? Və İki Cahan Sərvəri cavab verir: “Məni “Hud”, “Vaqiə”, “Mürsəlat” surələri qocaltdı.[5] Hud surəsində Ona: “Sənə əmr edildiyi kimi, düz (yolda) ol[6] deyilmişdi. Bu, Allahın Həbibi üçün çərçivəsini çəkdiyi doğruluq idi. Və Onun bu cizgini qorumasını istəyirdi…
“Mürsəlat” surəsi Cənnət və Cəhənnəmin ayrıldığını, insanların dəhşət içində ikiqat olduğunu təsvir edirdi. Bu surələrdə bəyan edilənlər Allah Rəsulunu dəhşətə salır və qocaldırdı…
Bir səhabə evində Quran oxuyurdu. Səsi çöldən də eşidilirdi. Bu səhabə:
إِنَّ لَدَيْنَا أَنْكَالاً وَجَحِيماً وَطَعَاماً ذَا غُصَّةٍ وَعَذَاباً أَلِيماً
ayələrinə[7] çatanda Allah Rəsulu oradan keçirdi. Birdən rəngi saraldı və diz üstü yerə çökdü. O, bu ayələrin təhdidindən sarsılmışdı.[8]
Bu ayələr: “Heç şübhəsiz bizim nəzdimizdə (onlar üçün hazırlanmış) boyunduruqlar, yandırıcı bir atəş, boğazdan keçməz bir yemək və dəhşətli bir əzab var, deyirdi.
Əslində, Allahın sevgili qulu Rəsulullah bu kimi ayələrdən heç narahat olmaya bilərdi. Ancaq O, bizə ədəb, tərbiyə və Allaha (c.c.) sayğını öyrədirdi…
dd. İlahi nəzər qarşısında Peyğəmbərimiz
Abdullah b. Məsud rəvayət edir: Bir gün Allah Rəsulu mənə, “Quran oxu dinləyim, dedi. Mən də: “Ya Rəsulullah! Quran Sənə nazil ola-ola, mən sənə necə Quran oxuyum! – dedim. “Mən başqasından dinləməyi sevirəm buyurdu. ” Nisa” surəsinin başından oxumağa başladım və:
فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَـؤُلاَءِ شَهِيداً
ayəsinə[9] çatmışdım ki, “Bəsdir, bəsdir! dedi. Çevrilib baxdım ki, Allah Rəsulunun göz yaşları sel kimi axır. Az qala huşunu itirəcəkdi.[10]
Ayə Ona axirətdəki dəhşətli mənzərəni təsvir edərək belə deyirdi: “Hər ümmətdən bir şahid, səni də bunlara şahid gətirdiyimiz zaman necə olar.
Bir gecə Allah Rəsulu mənə “Ya Aişə! İcazə verərsənmi, bu gecə Rəbbimə ibadət edim” dedi. Mən də “Səninlə olmağı sevirəm, lakin sənin xoşuna gələn hər şeyi də sevirəm,” dedim.
Allah Rəsulu qalxdı və namaz qılmağa başladı. O gecə səhərə qədər “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.”[11] ayəsini oxudu və göz yaşı tökdü. Səhər olunca əzan oxumağa gələn Həzrət Bilal Ona: “Ya Rəsulullah! Özünü nə üçün bu qədər çətinliyə salırsan? Allah (c.c.) Sənin keçmiş və gələcək bütün günahlarını bağışlayıb,” dedi. Peyğəmbərimiz (s.a.s.): أَفَلاَ أَكُونُ عَبْداً شَكُوراً buyurdu: “Mənə bu qədər nemət verən Rəbbimə lütfü səviyyəsində şükür edən qul olmayımmı?”[12]
Məgər Allah Rəsulu nə üçün göz yaşı tökürmüş? O, öz səviyyəsində şükür zirvəsini qoruya bilməməkdən qorxur və bunun üçün ağlayır! Belə bir Zatın günah işləyəcəyini və ya günaha meyl etmiş ola biləcəyini düşünə bilərsinizmi?..
Peyğəmbərimiz Allahın (c.c.) qadağalarını etməməkdə nə qədər həssas, günah işləməməkdə nə dərəcə diqqətli idisə, əmrləri dinləməkdə də eyni dərəcədə həssas və əmrə müntəzirdi. Onun məsumluq və paklığına yalnız bu cəhətindən baxılsa, zənn edirəm, başqa dəlil axtarmağa ehtiyac olmayacaq.
Əslində, Onun kimi yaşamağa heç kimin gücü çatmazdı. Şəxsi ibadətlərində özünə qarşı çox tələbkar, nəfsinə qarşı çox ciddi idi. Onun bütün həyatı ibadətlə yoğrulmuşdu, ömrünün demək olar, hər an; ibadətlə keçirdi. Təbii ki, ibadəti namaz, oruc və s.-lə məhdudlaşdırmaq olmaz. O, hər işi ibadət şüuruyla görürdü.
Biz Ona sözlərin acizliyindən “Zahidlər Zahidi” deyirik, yoxsa Onun zühdü bu sözlərə sığan deyil.
Bir gün məscidə gəldi, camaatın qarşısına keçib namaza durdu. Ardınca namazını pozdu və təlaşla otağına sarı getdi. O qədər həyəcanlı idi ki, deyərdin hardasa yanğın var, ora qaçır. Bir qədər sonra gəldi. Əvvəlki həyəcanından əsər-əlamət qalmamışdı. Keçdi namazı qıldırdı. Namazdan sonra səhabələr bir az əvvəlki həyəcan və təlaşının səbəbini soruşdu. O da bu cavabı verdi: “Bir az əvvəl mənə kasıblara paylamaq üçün bəzi şeylər gətirdilər. Mən paylamağı unutdum. Elə namaza başlayırdım ki, xatırladım. Evimdə belə bir mal ola-ola, namaz qılmaq istəmədim. Gedib Aişəyə (r.a.) o malı paylamağı tapşırdım.”[13] Baxın, buna zühd deyilir, buna incəlik deyilir, buna təqva deyilir və buna Onun dünya ilə əlaqəsi deyilir…
Dünya dəfələrlə Onun gözü önündə canlanmış, özünü qəbul etdirmək istəmişdi, amma O, gözünün ucu ilə də baxmamışdı.[14]
Bəzən günlərlə ac qalırdı, ağzına aparmağa bir tikə olmurdu. Ömrü boyu arpa çörəyi ilə də olsa doyunca yemək yeməmişdi. Aylar keçər, Onun evində bir şorba qaynatmaq üçün qazan asılmaz, ocaq yanmazdı.[15]
Bir gün namazını oturaraq qılırdı. Nafilə namazı idi. Əbu Hüreyrə (r.a.) namazdan sonra soruşdu: “Ya Rəsulullah! Bir xəstəliyinizmi var? Namazı oturaraq qılırsınız. Verilən cavaba baxın:
“Ya Əba Hüreyrə, günlərdir, ağızıma qoymağa bir şey tapa bilmədim. Aclıq taqətimi kəsdi, ayaq üstə dayanmağa gücüm qalmadı, ona görə namazı oturaraq qılıram.”
Əbu Hüreyrə deyir ki, bunu eşidəndə ağlamağa başladım. Allah Rəsulu öz halını unudub mənə təsəlli verdi: “Ağlama, ey Əba Hüreyrə! Burada çəkilən aclıq insanı axirət əzabından qurtarar.”[16]
O, bir lider idi. Rəiyyətinin arasında günlərlə ac qalanlar vardı. Allah Rəsulu da öz həyat tərzini onlara uyğun nizamlamışdı.
Müsəlmanlar arasında ən yoxsul həyatı O yaşayırdı.. həm də bunu öz iradəsi ilə edirdi. İstəsəydi firavan ömür sürə bilərdi. Bu, Onun üçün heç də çətin deyildi. Çünki yalnız gətirilən hədiyyələri paylamayıb yanında saxlasaydı, məsud yaşamasına kifayət edərdi. Amma O, belə etməyi heç düşünmədi.
Bu, qətiyyən Onun və ümmətinin dünyaya küsməsi və ya dünyanı tərk etməsi mənasında başa düşülməməlidir. Məsələ, ağzının sözünü bilməyən bəzi insanlar “Bir loğma, bir xirqə” deyib Allah Rəsuluna aid əxlaq ölçüsünü ələ salırlar. İstəyən, qazanar, varlı olar və Allahın (c.c.) əmr etdiyi ölçüdə zəkatını verər, infaq edər, bəli, heç kim belə bir qazancın əleyhinə deyil. Hətta halal qazanmaq İslamda təşviq edilmişdir. Bununla birlikdə, Allah Rəsulunun və Ona yaxın bəzi insanların yuxarıda əyani misallarını verdiyimiz anlayışa və idraka sadiq qalması bir zərurətdi. Əks halda, gündən-günə sürətlə böyüyən, Məkkə və Mədinə sərhədlərini çoxdan aşan bu ümməti ilk günkü saflıq və duruluğunda saxlamaq mümkün deyil. Bu ümmət sırf cism və cismaniyyət camaatı deyil. Bu ümmət eyni zamanda, ruh, qəlb, iradə və vicdan camaatıdır. Və elə Allah Rəsulu ümmətinin imanını bu dinamizmlərlə güclü saxlamağa çalışırdı. Onlardan nə fədakarlıq gözləyirdisə, onu əvvəlcə şəxsən ortaya qoyur və bu məsələdə də səhabələrinə nümunə olurdu.
Gecə yarısı idi. Allah Rəsulunun aclıqdan taqəti tükənmiş və gözünə yuxu da getmirdi. Bəlkə də, bir az yata bilsəydi, aclığın o şiddətli iztirabından müvəqqəti xilas olardı. Amma aclıq sancısı əl çəkənə oxşamırdı deyəsən. Evindən çıxdı, bir istiqamətə tərəf yeriməyə başladı. Bir az sonra da bir qaraltı gördü. Kimsə gəlirdi. Diqqətini topladı.. tanımışdı… Bu, heç vaxt yanından ayrılmayan səhabəsi idi. İşdə, düşüncədə həmişə Onunla birlikdə olmuşdu. İndi də gecənin yarısında, Mədinənin bu tənha küncündə qarşılaşırdılar, elə bil burda görüşmək üçün sövdələşmişdilər. Gələn Həzrət Əbu Bəkir idi (r.a.). Allah Rəsulu ona salam verdi. Ardından da soruşdu: “Ya Əba Bəkir! Gecənin bu vaxtında səni çölə çıxaran nədir?” Əbu Bəkir (r.a.) Allah Rəsulunu görüncə dərdini unutmuşdu. O, həmişə belə idi. Məkkədə Allah Rəsulunu qurtarmaq üçün müşriklərin üstünə atılmış, zərbələrdən huşunu itirmişdi. Bir gün huşsuz yatmış və gözlərini açanda ilk sözləri Allah Rəsulunuin halını soruşmaq olmuşdu. Anası Ümmü Ümarə hirslənib: “Ölürsən, hələ də Onu düşünürsən!”[17] demişdi. O, bilmirdi ki, Əbu Bəkir (r.a.) Onu düşünməsəydi ölərdi. Çünki Allah Rəsulu onun həyat mənbəyi idi. Elə indi də Ondan ayrı qala bilməmiş və naməlum bir hiss onu bura qədər çəkib gətirmişdi. Rəsulullahın sualına “Aclıq!” cavab verdi. “Evdə yeməyə bir şey tapa bilmədim, gözümə yuxu getmədi, çölə çıxdım.” Eyni dünya..!
Ardınca da əlavə etdi: “Anam atam Sənə fəda olsun, ya Rəsulullah, Sən niyə çıxmısan?” Cavab eyni idi. Allah Rəsulu də ac olduğu üçün çıxmışdı.
Elə bu əsnada başqa bir qaraltı göründü. Bu uzun boylu insan Ömər olacaqdı. Bu mənzərə tamamlanmalı idi. Allah Rəsulu sağ tərəfinə Həzrət Əbu Bəkiri (r.a.) keçirmişdi, amma hələ sol tərəfinin sahibi gəlməmişdi, elə bil mənzərə yarımçıq qalmasın deyə qaçıb gəlmişdi. Bəli, gələn Həzrət Ömər idi (r.a.). Bu iki dostu qarşısında görüncə çaşıb qaldı. Salam verdi, salamı alındı. Və Söz Sultanı Ömərdən (r.a.) də nə üçün çıxdığını soruşdu. O da eyni cavabı verdi:
“Aclıq, ey Allahın Elçisi, aclıq məni evdə oturmağa qoymadı,” dedi. Peyğəmbərimizin yadına Əbul-Heysəm (r.a.) düşdü. Evi o tərəflərdə idi. Ehtimal ki, gündüz də onu bağında görmüşdü. Heç olmazsa, onlara xurma verər və aclığı yatırardılar. “Gəlin Əbul-Heysəmin yanına gedək,” dedi.
Əbul-Heysəmin (r.a.) evinə gəlib çıxdılar. Əbul-Heysəm (r.a.) və xanımı yatırdı. Evdə bir də kiçik bir uşaqları vardı. Beş və ya altı yaşlarında olardı. Əvvəl qapını Həzrət Ömər (r.a.) döydü. O gur səsiylə “Ya Əbəl-Heysəm!” deyə səsləndi. Nə Əbul-Heysəm (r.a.), nə də xanımı səsi eşitdi. Lakin mışıl-mışıl yatan o balaca uşaq birdən yerindən dik atılıb: “Ata! Qalx Ömər gəldi,” dedi. Əbul-Heysəm (r.a.) uşağının yuxu gördüyünü sandı. “Yat, oğlum, gecə yarısı Ömərin burada nə işi var!” Uşaq yatdı. Qapının açılmadığını görən Əbu Bəkir (r.a.) yumşaq səsi ev sahibini səslədi: “Ya Əbəl-Heysəm!”
Uşaq yenə yerindın atıldı və “Ata! Əbu Bəkir gəldi,” deyə qışqırdı. Atası onu təkrar yatırtdı. Üçüncü dəfə nəfəsi ölülərə həyat olan Allah Rəsulu səsləndi. Onun səsini eşidən uşaq həm qapıya doğru qaçır, həm də “Ata qalx, Rəsulullah gəldi!” deyirdi.
Əbul-Heysəm (r.a.) təəccüb və heyrətdən həyəcanlanmışdı. Dərhal qapıya sarı qaçdı. Gözlərinə inana bilmirdi. Gecənin bu saatında Sultanlar Sultanı evinə təşrif buyurmuşdu. Dərhal onları içəri qəbul etdi. Gedib bir quzu kəsdi. Bu şərəf insana həyatda, bəlkə də, bir dəfə nəsib olacaqdı. Həyatının ən məsud anını yaşayırdı. Canını da süfrəyə qoysa az idi. Bu əziz qonaqlarına süfrə açdı, xurma gətirdi, süd gətirdi, ət gətirdi…
Aclıqlarını yatıracaq qədər yedilər. Ardınca da yenə Allah Rəsulunun gözləri doldu. Dodaqlarından bu sözlər töküldü:
“Allaha and içirəm ki, bu nemətlərdən sabah hesaba çəkiləcəksiniz, ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ “Həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!”[18]
O, bu qədər həssas yaşayan müstəsna bir insan idi. Belə bir insanın həyatında yanlışlıq tapmağa çalışmaq ya qərəz, ya da cəhalətdən qaynaqlanır.
Həzrət Ömər (r.a.) ən yaxın səhabələrindəndir və Onun zühdü haqqında deyir: “Allaha and olsun ki, mən Rəsulullahın səhərdən axşama qədər qıvrıldığını bilirəm. Çünki ən pis xurmanı (dakal) belə tapıb qarınını doyura bilmirdi.”[19]
Halbuki O, kimdən istəsəydi, Onun üçün ən ehtişamlı süfrələr hazırlayardı. Buna ehtiyac da yox idi, gələn hədiyyələr özünün və ailəsinin rahat yaşamasına kifayət edərdi. Ancaq O, gələni paylayır və səhərə bir şey saxlamırdı.[20]
Nə üçün dünya nemətlərindən istifadə etmədiyi soruşmuşdular. Bu cavabı vermişdi: “Dünya nemətlərindən istifadə etməyi necə düşünə bilərəm ki, İsrafil suru əlinə almış, Allahın əmrini gözləyir. Belə bir vəziyyətdə olan insan dünya nemətlərindən necə istifadə etsin?!…[21]
[1]Buxari, Fəraiz 3; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 5/306.
[2]Buxari, Təfsir (66) 2; Müslim, Talaq 31.
[3]Tirmizi, Zühd 44; İbn Macə, Zühd 3; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/301.
[4] Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/193; Hakim, əl-Müstədrək, 2/17.
[5]Tirmizi, Təfsir (56) 6.
[6]Hud surəsi, 11/112.
[7]Müzzəmmil surəsi, 73/12-13.
[8]Beyhaqi, Şuabul-İman, 1/522.
[9]Nisa surəsi, 4/41.
[10]Buxari, Təfsir (4) 9; Müslim, Müsafirun 247-248.
[11]Ali-İmran surəsi, 3/190.
[12]İbn Hibban, Sahih, 2/386; İbn Kəsir, Təfsirul-Quranil-Azim, 1/441-442; Qurtubi, Əl-Cami li-Əhkamil-Quran, 4/310.
[13]Buxari, Əzan 158; Nəsayi, Səhv 104.
[14]Beyhaqi, Şuabul-İman, 7/365; Əbu Nuaym, Hilyətül-övliya, 1/30.
[15]Buxari, Riqaq, 17; Müslim, Zühd 20-36.
[16]Əbu Nuaym, Hilyətül-övliya, 7/109.
[17]İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/30.
[18]Təkasür surəsi, 102/8.
[19]Müslim, Zühd 36; İbn Macə, Zühd 10.
[20]Buxari, Bədül-vəhy 5-6; Zəkat 50; Riqaq 20; Savm 7; Müslim, Zəkat 124; Fəzail 50.
[21]Tirmizi, Qiyamət 8; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/326, 3/7.
Bayram günlərində bir neçə həftədən bəri qulluq edərək göyərtdiyimiz, novruzun simvolu olan səmənini qırmızı lentlə bəzəyərək masamızın ortasına qoyuruq. Dadını çıxardaraq şəkərbura, paxlavanı yeyərkən bayram qurtarınca atacağımız səməniyə bir də təfəkkür gözü ilə baxaq. Bitki nəsillərinin davam etməsi və çoxalması ya toxumları vasitəsilə (generativ) və ya kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlir; bəzi bitkilər […]
Hər hansı bir mövzuda başı-sonu, hədəf və qayəsi müəyyən edilmiş; disiplinli, dərin və sistemli düşünmə mənasına gələn təfəkkür əsasında bir peyğəmbərlik peşəsidir.
Təfəkkür, hadisələrdən ibrət almaq və müxtəlif nəticələr əldə etmək üçün çıraq olub yol aydınladar. Yeni icadlara, təcrübələrə nurlu açar olar, açılan qapılardan da həqiqətlər gün üzünə çıxar.
Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.
Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır?