3. 109 dəfə oxunub ,   0 şərh   Çap et

Bir çox cəmiyyət bir müsəlman əsgər belə görmədən İslamı qəbul etməklə şərəflənmiş, neçə-neçə diyar sülhsevər dəvət və təbliğ bayrağını daşıyan könül ərləri sayəsində fəth edilmişdir. Aralarında kifayət qədər fərqin mövcudluğuna rəğmən İslamda cihadı, müharibə və silahlı mübarizə ilə məhdudlaşdıran iki qrup vardır:

Bunlardan ilki İslamı tam dərk etmədən, öz anladıqları ilə yanlış formada təqdim və təmsil etməklə önə çıxan müsəlmanlardan ibarət zümrə;

Digəri isə məkrli niyyətləri olan, İslama kin bəsləyən və bu dinin qılıncla yayıldığını iddia edən qeyri-müsəlman dairələrdir.

Görəsən, həqiqətənmi belədir? Bu suala cavab tapmaq üçün tarix boyu könüllərin fəthinin İslamın yayılmasındakı rolu mövzusunu işıqlandırmağa və aydınlaşdırmağa çalışacağıq.

“Cihad” yalnız müharibə deməkdirmi?

 Keçmiş əsrlərdə məfhum və istilahlar məna “sürüşmələrinə” və dəyişikliyinə məruz qalmışdır. Məsələn, dini yanlış və “yarımçıq” dərk edən bəzi müsəlmanlar zaman keçdikcə silahlı mübarizə, müharibə və cihad məfhumlarını eyni mənanı ifadə edən anlayışlar kimi qəbul etməyə başlamışdır. Biz, oxuduğunuz məqalədə Qurani-Kərimin nazil olduğu ərəb dilində “cihad” məfhumunun hansı mənaları ifadə etdiyini filoloji və morfoloji baxımdan tədqiq etməyə çalışacağıq. Mövzunun tədqiqinə keçməzdən əvvəl qeyd etməliyik ki, silahlı mübarizə dedikdə nə başa düşüldüyü hamıya məlumdur.

Ərəb dili lüğətlərində cihad və bu sözdən törəyən “mücahədə”, “ictihad” və “təhəccüd” kəlmələri yorğunluq hissi yaranacaq qədər çalışıb səy göstərmək, bütün güc və taqəti tükənəcək şəkildə çalışmaq mənalarındadır.

İctihad – səylə çalışıb var gücünü sərf etmək və bu yolda qarşıya çıxan bütün çətinliklərə dözmək deməkdir.

Cihad və mücahədə – düşmən qarşısında var gücü ilə müdafiə olunmaq mənasına gəlir. Cihad məfhumunu üç qrupa ayıra bilərik:

a) Görünən, açıq düşmənə qarşı cihad;

b) Şeytana qarşı cihad;

c) İnsanın öz nəfsi ilə apardığı cihad.

Bu üç başlıqda topladığımız cihad məfhumu aşağıdakı üç ayədə üstüörtülü şəkildə qarşımıza çıxır:

1) (Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. (Həcc, 78);

2) (Ey möminlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! (Tövbə, 41);

3) İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (onlara) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar bir-birinə dostdurlar (varisdirlər). (Ənfal, 72).

Quranın təbiri ilə desək, cihad bir müsəlmanın gücü və imkanı daxilində bütün səbəb, vasitə, üslub və metodlardan istifadə edərək, tələb olunan hədəfi reallaşdırmaq üçün göstərdiyi səy və gördüyü işlərin məcmusudur. Daha dəqiq ifadə etsək, nəzəri və elmi baxımdan mümkün olduğu qədər səylə çalışmaqla əldə olunan nəticə “ictihad”, praktiki və əməli nöqteyi-nəzərdən səy göstərmək isə “cihad” adlanır.

Müharibə və silahlı mübarizə də cihad məfumunun ehtiva etdiyi mənaya daxildir. Belə ki, döyüşçü (əsgər) qarşıya qoyulan hədəfə çatmaq üçün var gücü ilə səy göstərir, mübarizə aparır. Bu baxımdan Allah yolunda döyüşən kəs mücahiddir. Ancaq Allah yolunda mübarizə aparan hər bir müsəlman mücahid, döyüşçü sayılmaz. Buradakı fərqi daha yaxşı dərk etmək üçün cihaddan bəhs edən ayələrə nəzər salmaq yerinə düşər. Məsələn, “Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir” (əl-Həcc, 39) ayəsinin nazil olması ilə Mədinədə müsəlmanlara müşriklərlə müharibəyə girişmək və silahlı mübarizə üsuluna baş vurmalarına icazə verilmişdir. Cihad isə hələ silahlı mübarizəyə icazə verilməyən Məkkə dövründə əmr edilmişdi. Hətta Rəsulullah (s.ə.s) Qureyş qəbiləsinin müsəlmanlara etdiyi zülm və işgəncələrə baxmayaraq, səhabələrinə özlərini müdafiə etmələrinə belə icazə verməmişdi. Başda “Ənkəbut”, “Nəhl”, “Furqan” və “Loğman” surələri olmaqla peyğəmbərliyin Məkkə dövründə nazil olan bir çox surədə cihaddan bəhs edən ayələr mövcuddur. Məsələyə bu prizmadan yanaşdıqda cihadın Məkki, döyüşün isə Mədəni bir fakt olduğunu demək mümkündür.

Cihad İslami həyatın inşası və nizama salınması, insanları razı salma və bəyan surətilə Allaha qulluğa istiqamətləndirmə sistemidir. Bu baxımdan cihad heç bir halda ətaləti, yerində durmağı qəbul etmir. Müharibə və döyüşə gəlincə, bu istisna halı olub müəyyən vaxt və məkan çərçivəsində baş verir. İslamda sülh əsasdır. Müharibə cihadın üsulları arasında müraciət ediləcək sonuncu vasitədir.  Uca Allah müqəddəs kitabında belə buyurur: “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun” (əl-Bəqərə, 190).

Müsəlmanın həddi aşaraq zalıma çevrilməməsi üçün Quranda döyüşlə bağlı bəyan edilən hökmləri bilməsi vacibdir. Uca Yaradan “Mümtəhənə” surəsində belə bəyan edir: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər” (Mümtəhinə, 8).

Mömin cihadın fəaliyyət sahəsini və prinsiplərini öyrənməklə məsuldur. İslam münafiqlərə qarşı cihada icazə versə də, ictimai nizam əleyhinə destruktiv fəaliyyət və dövlətə üsyan halları istisna olmaqla onların öldürülməsini qadağan etmişdir. Allah Öz kitabında belə buyurur: “Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran!…” (Tövbə, 73). Peyğəmbərimizin (s.ə.s) münafiqləri öldürməməsi bu ayədə əmr edilən cihad kəliməsinin müharibə, silahlı mübarizə mənasına gəlmədiyini göstərir. Allahın Rəsulu səhabələrinin, xüsusilə də Həzrəti Ömərin bəzi münafiqləri – ələlxüsus münafiqlərin başçısı Abdullah ibn Übeyy ibn Səlulu – öldürməsinə icazə verməmişdir ki, bu da münafiqlərə qarşı aparılan cihadın mənəvi cihad olduğu görüşünü dəstəkləyir. Mömin hikmət sandığında tapa bildiyi bütün “silah”lardan istifadə etməlidir. Müasir siyasi düşüncə sistemində “soyuq müharibə” kimi xarakterizə olunan anlayış elə bu qəbildəndir. Belə bir “müharibə”də istifadə edilən heç bir “silah” və irəli sürülən arqument qan tökülməklə nəticələnməz. Deməli, nifaq şəbəkəsinə qarşı aparılan cihad münafiqlərin qurduqları hiylələri, sirləri açmaq, məkrli niyyətlərini ifşa etmək surətində olmalıdır. Burada əsas məqsəd İslam düşmənlərinin iftira və məkrli planları ilə möminlərə zərər yetirmələrinin qarşısını almaqdır.

Cihad döyüşdən daha geniş mənanı ehtiva edir

 Quranın ayələrini oxuyub düşünsək, Peyğəmbərimizin (s.ə.s) həyatını öyrənsək – ki, Onun həyatı Qurandır – cihad məfhumunun ehtiva etdiyi mənanın müharibədən daha geniş olduğunu anlaşılar. Belə ki:  İslam cəmiyyətində meydana gələn zəiflik, acizlik və tez vazkeçmə kimi nöqsan amillərin aradan qaldırılması istiqamətində görülən işlər,  ikinci bir alternativ gücün olmadığı sahələrdə fəaliyyət göstərmə,  həyatın bütün sahələrindəki pozitiv hərəkətlər – bütün bunların hamısı cihad məfhumunun əhatə dairəsinə daxildir. Müharibəyə[1] gəlincə, bu, bir sıra istisna hallar baş verdikdə mümkündür və silahlı qarşıdurma ilə məhduddur; əsas olan sülhdür, müharibə isə istisnadır. Müharibə şərtləri vaxt və məkan baxımından daim məhdud çərçivədədir. Hətta müharibənin caiz (icazəli) olduğu şərtlər daha məhduddur. Belə şərtlər daxilində savaşmaq məcburiyyətində qalan bir müsəlmanın çox diqqətli davranması gərəkdir. Bu, onun şəriətin qoyduğu həddi aşmaması baxımından əhəmiyyətlidir. İslama görə müharibədə təslim olan və ya müsəlman olduğunu bəyan edən kəslərin öldürülməsi, döyüş meydanından qaçanların təqib edilməsi, meyitlərə işgəncə verilməsi, lüzumsuz yerə insan qətli və zərurət yaranmadıqca evlərin və digər ictimai məkanların dağıdılması, yandırılması da caiz deyildir. Digər tərəfdən, cihadın “müdaxilə” sahəsi müharibədən daha genişdir ki, bu sahələrdən biri də mal və puldur. Təhsil, fərdi hüquq, ehtiyacların ödənilməsi, böyük layihələrin hazırlanması və həyata keçirilməsi, yer üzünün abadlaşdırılaraq enerji mənbələrinin istifadəsi, kənd təsərrüfatı, ticarət, ovçuluq və incəsənət – bütün bunlar mal ilə cihadın əhatə dairəsinə daxildir.

Qurani-Kərimə nəzər saldıqda on iki ayədə nəfs və mal məfhumları birlikdə zikr edilmiş, on bir ayədə isə mal nəfsdən əvvəl zikr olunmuşdur. Belə ki, cihadda mala nəfsdən daha çox ehtiyac duyulur. Yalnız “Tövbə” surəsinin 111-ci ayəsində: “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır”, – buyurulur. Ayənin davamında müharibə və savaşdan bəhs edilir ki, müharibə malla müqayisədə nəfsə və cana daha çox ehtiyac duyulan vəziyyətdir. Qeyd olunan ayənin davamında insanın canının və malının Allah tərəfindən satın alındığı vurğulanır. Şübhəsiz ki, insanın canı onun malından daha dəyərlidir. Məhz bu səbəbdən, Uca Allah burada sözə daha dəyərli olanla başlayır.

Son əsrlərdə İslam aləmi zehni və fikri mənada qəbul edilməsi olduqca çətin bir donuqluq halı keçirməkdədir. Bu donuqluq übudiyyət, fiqh və əqidə kimi dünya və axirət həyatı ilə bağlı olan bütün sahələrdə təzahür etmişdir. Hətta bu donuqluq elə bir həddə gəlib çatmışdır ki, cihad məfhumunun əhatə dairəsi məhdudlaşdırılmış, onun yalnız silahlı mübarizədən ibarət olduğu kimi yanlış bir qənaət hasil olmuşdur.

Müharibə İslam düşüncəsində cihadın ən son mərhələsini təşkil edir. Zərurət yarandıqda cihad edilməsi isə bir həkimin bütün müalicə üsullarına baş vurduqdan sonra xəstənin həyatının xilası üçün bədənin müəyyən üzvünü kəsməsinə oxşayır. Bu cür müdaxilə xəstəliyin böyüyüb bütün bədənə sirayət etməməsi və xəstənin həyatını təhlükə altında qoymaması üçün qaçılmazdır. Məsələyə bu prizmadan yanaşdıqda deyə bilərik ki, lazımi infrastruktur və bünövrə qoyulmadan müharibəyə girişmək qətiyyən doğru addım sayıla bilməz. Bu səbəbdən, Rəsulullah (s.ə.s) lazımi infrastruktur və bünövrənin qoyulub tamamlanmadığı peyğəmbərliyin Məkkə dövründə İslam düşmənləri ilə müharibəyə girişməyə üstünlük verməmişdir. Ancaq Allah Təala tərəfindən göndərilən və insanlığın hər iki dünyada səadətini təmin edən İslam dinin qayəsini və mahiyyətini qavramayan bəzilərinin:

cihadın çətinliklərinin[2] öhdəsindən gəlmək xüsusunda acizlikləri,

vəzifələrini layiqi ilə yerinə yetirə bilməmələri,

fərdi və ictimai fəaliyyətdə yol verdikləri nöqsanlar onların müharibəyə girişilməsini problemin ən qısa həlli vasitəsi kimi qəbul etmələri ilə nəticələnmişdir. Cahiliyyə dövründə ruzinin təmin edilməsi xüsusunda bəzi ərəblərin acizlikdən övladlarını öldürmələri və hər şeyə rəğmən Həzrəti İbrahimin dininə inandıqları iddia etmələri, fərdi planda asana qaçma probleminə misal göstərilə bilər. Bu mənada Quran belələrinə bu cür müraciət edir: “Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin!” (əl-İsra, 31).

Mövzuya ictimai planda nəzər saldıqda isə bəzi müasir cərəyanların cihadın tələb etdiyi vəzifə və məsuliyyətlər qarşısında acizlik, zəiflik və səbirsizlik nümayiş etdirmələri ucbatından dərhal müharibəyə əl atdıqlarını görürük. Cihadın bu cür dərki ya Qərb əleyhdarı şüarlarla və ya mövcud sistemlərə qarşı üsyan şəklində təzahür edir.

 Quranla qəlblərə girmə

 Cihad təlim-təhsil, ticarət-sənaye və Kütləvi İnformasiya Vasitələri kimi həyatın hər sahəsində Quranın o böyük təsir gücündən bəhrələnərək insanların həqiqət işığı ətrafında bir araya gəlmələrini təmin etmə və imanın şöbələrinin reallaşdırılması üçün göstərilən bütün səyləri ehtiva edir. Məhz bu səbəbdən, Uca Allah Öz peyğəmbərinə kafirlərə qarşı Quranla mübarizə aparmağı əmr edir: “(Ya rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et!” (əl-Furqan 52). Ayədəki əmr hələ Mədinədə İslam dövləti qurulandan əvvəl nazil olmuşdu. Bu, bir tərəfdən İslama dəvətin cihadla birbaşa əlaqəsini ortaya qoyarkən digər tərəfdən, müharibənin yalnız zərurət yarandığı təqdirdə baş vurulmalı vasitə olduğunu bildirir.

Quranın xəzinələrini kəşf edib, müqəddəs kitabın dünya və axirət məsələlərinə dair ayələrindən bəhs edərkən “Həcc” surəsinin 41-ci ayəsinə nəzər salmaq yerinə düşərdi: “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir şey versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir” (əl-Həcc, 41). Quran ilə İslama dəvətin cazibəsi və qəbulu iqtidarların İslama dəvət və təsirindən həmişə daha effektiv olmuşdur. Bu səbəbdən, insanlar Quranın “ruh”undan təsirlənərək kütlələr şəklində İslamı qəbul etmişlər. Belə ki, Quran ağla xitab etmiş, qəlblərə səslənmiş, bu arada bədənin də ehtiyaclarını nəzərə alaraq, razı salma və irşad yolunu seçmişdir. Qurani-Kərimin praktikada ən gözəl təzahürü səhabələrin timsalında ortaya çıxmışdır. Onlar yer üzündə belə demək mümkünsə, yaşayan Quran idilər. Quran ağlı və qəlbləri fəth etdiyi vaxt insanlar İslamı qəbul etmişlər. Möminlərin anası həzrəti Aişə (r.ah) Mədinənin Quranla fəth edildiyini bildirmişdir. Həqiqət ondan ibarətdir ki, hələ İslamın ilk dövrlərində həyata keçirilən fəthlərin başlıca səbəbi Quran idi. Hərbi qüvvələrin yaradılmasındakı məqsəd müsəlman dəvətçilərə bağlı qapıları açmaqda yardım etmək idi. Bu baxımdan dövlət İslama dəvət xüsusunda yalnız bir vasitədir; dəvət mexanizmi kütlələrin İslamı qəbuluna razı salıb onları batil dinlərin zülmündən İslamın ədalətinə, qula qulluqdan Allaha itaətə çağırış istiqamətində səy göstərmədir. İslam tarixinin hələ ilk dövrlərindən etibarən müsəlmanlar dövlət mexanizmi ilə, şüar və sözlərlə deyil, hərəkətləri ilə, əməl və davranışları ilə yeni dinə dəvət xüsusunda uğur qazanmışlar. Hətta bu zaman dövlət dəvət üçün bir vasitəyə çevrilmiş, İslamın mesajını müxtəlif diyarlara və cəmiyyətlərə çatdırmışdır. Müasir dövrdəki bütün müsəlman millətlər və xalqlar İslamı qılıncla deyil, “könüllərinin fəthi” ilə daxil olmuşdur.

Qəlblərin fəthi

 Qəlblərin qılıncla deyil, sülhlə fəth edildiyi xüsusunda şübhəsi olanlara bu şübhələrini aradan qaldıracaq bir çox örnəyin olduğu xatırladılmalıdır. Bir müsəlman əsgər belə görmədən İslamı qəbul edənlərin sayı dövrümüzdə müsəlmanların təxminən yarısına bərabərdir. Bunu dünya ölkələrinə görə üç bölgəyə ayırmaq olar.

Cənub-şərqi Asiya regionu: Keçmişdə bölgədə buddizm və müxtəlif bütlərə sitayiş inancı hakim idi. Hazırda regionda təxminən 250 milyon müsəlman yaşayır ki, bu rəqəm dünya müsəlmanlarının altıda birini təşkil edir. Müsəlmanlar Filippinin şərq vilayətlərindən Hind okeanındakı Maldiv adalarınadək geniş ərazidə məskunlaşmışlar. Filippinin Moro vilayətində əhalinin 12%-i müsəlmandır. Tailandın Malayziya ilə həmsərhəd Fitani vilayətində, eləcə də Myanmarın Banqladeşlə həmsərhəd Arakan bölgəsində yüz minlərlə müsəlman yaşayır. Digər tərəfdən, ingilislərin nəzarətindəki İslam dünyasına regionun sənaye və elm sahəsində ən çox inkişaf etmiş ölkəsi Malayziyaya, habelə Sinqapura müsəlmanların mövcudluğu nöqteyi-nəzərindən baxmaq kifayətdir. Yaxın keçmişin müxtəlif dövrlərində sözügedən bölgədə müsəlmanların sayının azalması müşahidə edilir. Əgər könül ərlərinin İslama dəvət xüsusunda bilik və təcrübələri, eləcə də səmiyyəti olmasaydı, onda müsəlmanlar bölgədə məhv olma təhlükəsi ilə üzləşəcəkdi.

Şərqi və Mərkəzi Afrika regionu: İslam tarixində ilk müsəlman könüllülərin Məkkədən Həbəşistana hicrət edərək, sözügedən bölgəyə səfər etməsinə baxmayaraq, sayca az olmalarından dolayı həmin vaxt böyük fəthlərə imza ata bilməmişdilər. Mədinədə İslam dövlətinin yaradılması, habelə müsəlmanların Mədinəyə qayıdışı da şərqi Afrikada fəthlərin reallaşmamasına öz təsirini göstərmişdir. Sonrakı dövrlərdə qəlblərə xitab edən ilk dəvətçilərin insanlarla xoş rəftarı və ünsiyyəti, eləcə də yüksək əxlaq sahibi olmaları ilə region əhalisi arasında İslamın təbliği mümkün olmuşdur. Fəth və irşad fəaliyyəti dayanmasından sonra da Tanzaniya, Komor adaları, Eritreya, Cibuti və Somalidə müsəlmanlar hələ də ölkə əhalisinin əksəriyyətini təşkil edirlər.

Həmçinin, etibarlı rəsmi statistik məlumatlara görə, İslam diyarlarında müsəlmanların bir çox çətinliyə məruz qaldıqları vaxtlarda belə müsəlmanların Qərbi Afrika və Cənubi Saxaradakı 15 ölkədə əhalinin 70%-i təşkil etdikləri məlumdur. Bölgədəki digər 10 ölkədə isə müsəlmanların sayı sözügedən ölkə əhalisinin 50%-dən çoxunu təşkil etmişdir. Bu göstəricilərin regionda uzun müddət davam edən Qərb müstəmləkəçiliyi erasından sonrakı dövrə aid olduğu qeyd edilməlidir. Regionun uzunmüddətli İslam hakimiyyətindən sonra xristian müstəmləkəçilərinin güclü təsirin məruz qalmasına baxmayaraq, 100 milyondan çox müsəlmanın bölgədə mövcudluqlarını davam etdirə bilməsi bu dinin böyüklüyünü və könül fəthlərin əhəmiyyətini bir daha ortaya qoyur. Belə ki, qeyd etdiyimiz olduqca geniş ərazi İslam orduları tərəfindən deyil, müsəlman tacirlər sayəsində fəth olunmuş, insanlar axın-axın İslamı qəbul etmişlər. Regionda qeyri-müsəlmanların İslamı qəbul etməsində məşhur mütəsəvviflərin xidmətləri də qeyd olunmalıdır. Burada Nigeriyanın 140 milyondan çox əhalisinin 65%-nin müsəlman olduğunu xatırlamaq yerinə düşər.

Qəlblərin fəthinə Afrikada müsəlman əhalinin sayına görə Nigeriyanı, Asiyada isə İndoneziyanı nümunə göstərmək kifayətdir. Dünyanın müxtəlif bölgələrində bir çox cəmiyyətlər qəlblərin fəthini hədəf seçmiş müsəlmanların dəvətini sevərək qəbul etmişlər. Cənubi Çin, Şimali Asiya, Şimali Qafqazdan Sibirədək uzanan bölgə, həmçinin, Rusiyadan Sakit okeanadək uzanan ərazilər[3] buna bariz nümunədir.

Abbasilər xilafətinə qarşı monqol-tatar hücumları qarşısında orduların ard-arda məğlub olub payız yarpaqlarıtək düşməsinə baxmayaraq, hədəfi qəlbləri fəth etmək olan qəhrəmanlara İslam bayrağını daim yüksəklərdə dalğalandırmaq müyəssər olmuşdur. Hətta onlar torpaqlarını işğal etməyə gələn orduların belə İslamı qəbul etməsinə müvəffəq olmuşlar. Döyüşdə qalib tərəfin məğlub olanın inanc və mədəniyyətini mənimsəməsi rəhmət çalarlarına bürünmüş fəthlərin əhəmiyyətini bir daha göstərir. Bütün bu xüsuslar İslamın mesajının ümumbəşəri olduğunu, qələmin qılınca, mürəkkəbin isə qana qələbə çaldığını sübut edir.

Qəlbləri fəth edən könül ərlərinin gələcəyi

Qlobal müstəvidən dünyaya nəzər saldıqda qərb dünyasında bir çox aliminin, intellektualın İslamı din kimi mənimsəməsinə baxaraq İslamın böyüklüyünü dərk etməklə yanaşı, müsəlmanların çöküş dövrünü yaşadıqları da görülər. (Bu zahirdə təzad kimi görülə bilər.) Belə ki, bu gün İslam kömürçünün əlindəki cəvahirata oxşayır. İslamı yeni tanıyan bir kəs bu dinin ucalığı ilə onun mənsublarının geriliyi arasındakı uçuruma şahid olduqda təəccübünü gizlədə bilmir. Bu səbəbdən, müsəlmanların özləri ilə İslam arasındakı uçurumu aradan qaldırmaq naminə körpülər inşa etmələri bu din üçün həqiqətən böyük fəth və zəfər sayılacaqdır.

Əsrimiz İslam əsridir. Bəli, qeyri-müsəlmanların bu din xüsusunda imtahanlarında müsəlmanların mənfi davranış və hərəkətləri olmazsa, əsrimiz həqiqətən İslam əsri olacaq. “Mənəvi cihad” (light cihad) bu dinin təbiətilə həmahəngdir. Bu cür bir cihad metodunu asanlıqla yaşadığımız əsrin qəlbinə aşılamaq mümkündür. Gələcək ağıllara və qəlblərə xitab edən mənəvi cihad əhlinin olacaqdır.[4] İslam şəriətinə görə, hər hansı bir prosesə fiziki müdaxilə yalnız insanın fikirlərini sərbəst ifadə etmə hüququnun məhdudlaşdırıldığı vaxt icra olunur; qələm qırıldıqda qılıncla müdaxilə etmək zərurəti yaranır. Güc tətbiq edilməyən cihadın bu növündə dəvətçilər yer üzünü gəzdiyi müddətcə İslamın düşmənləri hərəkət edə bilməyəcək, müsəlmanların səsi radio və televiziya dalğalarında eşidildikcə qırıcı təyyarələr haqq dinin mənsublarının üzərinə bomba yağdıra bilməyəcəklər. Zaman sübut etmişdir ki, internet, televiziya və bir sıra kütləvi rabitə və informasiya vasitələri İslam həqiqətlərinin və müsəlmanların vəziyyətinin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmasında hərbi gəmilərdən və raketlərdən daha sürətli təsir gücünə malikdir. Bu dövr “mənəvi cihad” üçün qızıl dövr, ələdüşməz fürsətdir. Təki müsəlmanlar bu imkanlardan lazımi şəkildə istifadə edərək, dəyərləndirə bilsinlər.

Prof. Dr. Fuad El-BENNA

http://www.yeniumit.com.tr/konular/detay/gonullerin-fethi-103

 


[1] Müharibə, döyüş, silahlı mübarizə kəlmələri ilə ifadə edilən məfhumun Qurani-Kərimin ərəbcə mətnindəki qarşılığı  q-t-l kökündən törəyən qital, qətl kəlməsidir. Bax: Bəqərə 2/190

[2] Yuxarıda qeyd etdiyimiz kimi cihad güc tətbiq edərək İslam hakimiyyəti qurmaq deyildir, əksinə  cihad fərqli yollardan, insanları incitmədən, anlatmadan öncə  özümüz yaşayaraq, sevdirərək və tədriciliyə diqqət edərək könüllərə taxt qurmaqdır.

[3] Bölgədə Buxaradan gələn müsəlman tacirlərin region xalqlarının haqq dini İslamı qəbul etməsində böyük payı vardır.

[4] İçində yaşadığımız əsrin insanına güc tətbiq edərək bir şey anlatmamız mümkün deyildir. Zatən tarix boyunca da qəlblərin İslama açılması qılıncla deyil könül ərlərinin hal və hərəkətlərinin təsirində qalma və bu təsirlə yumşalan könüllərə həqiqətlər anladılaraq olmuşdur. Deyə bilərik ki, mədənilərə qələbə insanların ağıllarına qane edici cavab verməklədir. Silahla, siyasətlə aparılan mübarizə indiyə kimi əldə etdiklərimizi itirməklə yanaşı, bizə heç bir şey qazandırmaz.



Açar sözləri

cihad mücahədə

Bənzər məqalələr

Cihadın fəziləti haqqında

  إِنَّ اللّٰهَ اشْتَرٰى مِنَ الْمُؤْمِن۪ينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ يُقَاتِلُونَ ف۪ي سَب۪يلِ اللّٰهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنْج۪يلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفٰى بِعَهْدِهِ مِنَ اللّٰهِ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذ۪ي بَايَعْتُمْ بِهِ وَذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظ۪يمُ Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır. […]


Şərh yaz