Sünnət etdirməyin İslamda yeri
Sünnət kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılmasıdır.
İslamdan əvvəl ərəblərdə həm qadınlar, həm də kişilər sünnət olunurdu. Ərəb dilində kişi sünnətinə “xitan”, qadın sünnətinə də “hafd” deyilir. Sünnət olunacaq yer “əl-xitan” adlanır. Bu söz kişi və qadın üçün istifadə olunur.
Cahilliyə dövründə sünnət gigiyenik tələb kimi qəbul edilirdi. Yəni sünnət olmaq təmizlik və gözəllik əlaməti sayılırdı.[1] Buna görə də sünnət kəlməsinin əvəzinə “təharət” kəlməsi işlədilirdi.[2]
Rəvayətə görə, ilk dəfə sünnət olan şəxs İbrahim (ə.s) olmuşdur. Onun səksən yaşında sünnət olduğu bildirilir. Hədisdə belə bildirilir: “Şübhəsiz ki, ilk qonaq qarşılayan və ilk dəfə sünnət olan Həzrət İbrahimdir”.[3] Bəzi təfsir kitablarında, İbrahimin (ə.s) Quranda bəhsi keçən bəzi kəlmələrlə sınağa çəkilməsi[4] təmizliklə bağlı sualları olmuşdur.
Quranı-Kərimdə sünnət olunmaq haqqında ayə yoxdur. Sünnət olmaq Peyğəmbərimizin (s.ə.s) hədislərinə əsaslanır. Peyğəmbərimiz fitri sayılan təmizliyin, “ağzı su ilə yumaq, buruna su çəkmək və təmizləmək, bığları qısaltmaq (və ya qırxmaq), dırnaqları kəsmək, qoltuq altı və qasıq nahiyəsindəki tükləri təmizləmək və sünnət olmaq”[5] olduğunu bildirmişdir.
Yenə başqa bir hədisdə Rəsulullah (s.ə.s): “Dörd şey var ki, bunlar peyğəmbərlərin sünnəsidir: sünnət olmaq, gözəl ətir sürtmək, misvakdan istifadə etmək və evlənmək.”[6]
“Beş şey fitrətdəndir: sünnət olmaq, qasıq tüklərini təmizləmək, dırnaqları kəsmək, qoltuq altındakı tükləri təmizləmək və bığları qısaltmaq”.[7]
-buyurmuşdur
Həzrət İbrahimdən (ə.s) Rəsulullaha (s.ə.s) qədər göndərilən bütün peyğəmbərlər və ümmətləri sünnət olunmuşdur. Bəzi peyğəmbərlərin[8] sünnətli olaraq dünyaya gəldiyi bildirilir.
Başqa dinlərdə sünnət olmaq adəti var?
Yəhudilər də sünnət adəti var. Yəhudilikdə uşaq doğulduqdan yeddi gün sünnət edilir. Bəzi protestant və katolik xristianlar da uşaqlarını sünnət etdirirlər. Ancaq mövcud xristianlıqda bu adət unudulmuşdur. Onlar sünnətə, qəlbi əhatə edən pərdəni atmaq, günahlardan qurtulmaq şəklində yanlış izah gətirmiş və sünnəti tərk etmişlər.[9]
Sünnət olmaq müsəlmançılığın simvollarından biridir. Odur ki, Rəsulullah (s.ə.s) İslamı qəbul edən yaşlılara hətta səksən yaşında olsalar belə “üzərinizdəki (İslamın xoş görmədiyi) artıq tükləri təmizləyin və sünnət olun”[10] buyururdu. Məsələn, Rəsulullah (s.ə.s) İslamı yeni qəbul edən Useym ibn Kəlbin babasına belə demişdir: “üzərindəki küfrün tüklərini qırx və sünnət ol”.[11]
Kişi və qadın sünnəti
Bəzı ərəb və Afrika ölkələrində qız uşaqlar da sünnət edilir. Xüsusən şərqi Afrika ölkələrindəki xristian və ənənəvi dinlərə mənsub xalqlar arasında qadın sünnəti daha geniş yayılmışdır.
Qadın sünnəti klitorun[12] bir hissəsinin kəsilməsidir. Mənbələrə nəzər saldıqda görürük ki, Rəsulullahın (s.ə.s) dövründə Mədinədə qızlar sünnət olunurdu. Qadın sünnəti ilə məşğul olan qadınlar da vardı. Ehtimal ki, Məkkədə qadınlar sünnət olunmurdular. Rəsulullahın ailəsindən qızlarının və xanımlarının sünnət olunduğu ilə əlaqəli heç bir rəvayət yoxdur. Allah Rəsulu (s.ə.s) Mədinəlilər arasında adət halına gəlmiş bu tətbiqatı qaldırmamışdır. Ancaq bu işlə maraqlanmış, bu işin qadın sağlamlığına zərər verən yönlərinə mane olmuşdur. Əbu Davudun rəvayət etdiyi hədis belədir: “Mədinədə qadınlardan bir nəfər (adı Ümmü Atiyyədir) qızları sünnət edirdi. Rəsulullah (s.ə.s) ona: “Çox dərin kəsmə! Bu, həm qadının cinsi əlaqədən zövq alması, həm də əri üçün daha xoş olar”. Həzrət Əlidən gələn digər rəvayətdə isə, bir nəfər göndərib sünnət edən qadını yanına çağırtdırdı və ona “Sünnət etdiyin zaman üstdən çox az kəs, çox dərindən kəsmə…” ˗ deyə təlimat verdi. Münavi, bu hədisi şərh edərkən qeyd edir ki, qadının sünnət olunan hissə çox dərin kəsildikdə cinsi əlaqədə olmaq istəyi azalır. Zövq almadığı üçün əri ilə cinsi münasibətdə soyuq davranır. Bu haqda sənədi zəif də olan bir hədis də belədir: “Sünnət olunmaq (xitan) kişilərə sünnə, qadınlar üçün fəzilətdir”.[13]
Dövrümüzdə sünnət müsəlmanlar və yəhudilər, Amerika materikinin yerli xalqları, bir çox Afirak qəbilələri və Avstraliyadakı yerli xalq – aborigenlər arasında geniş yayılmışdır.
Aparılan araşdırmalara görə, ABŞ-da hər 5 kişidən 3-ü sünnət olunmuşdur. Bu 60% insanın sünnət olunması deməkdir. Dünyada isə bu rəqəm 15%-dir. ABŞ-da hər il 1.200.000 insan sünnət olur. ABŞ-da sünnət olunan insanların əksəriyyəti dini səbəbdən daha çox sağlamlığa faydalı olduğuna görə sünnət olunurlar. İngiltərədə də uşaqlar ehtiyac olarsa sünnət olunurlar.
Hansı yaşda sünnət olmaq daha yaxşıdır?
Sünnət olmağın hər hansı yaşı yoxdur. Yaş fərqi ərazidən asılı olaraq 7 gündən etibarən 13 yaşına qədər dəyişə bilər. Uşaqları həddi-büluğ yaşına çatmadan sünnət etdirmək atanın vəzifəsidir. Rəsulullah (s.ə.s) nəvələri Hz. Həsən və Hz. Hüseyni dünyaya gəldikdən sonra yeddinci gün sünnət etdirmişdir.[14]
Yaraların daha tez sağalması, qanamanın az olması və psixoloji travmanın olmaması baxımından bu əməliyyatın 0-1 yaş arasında edilməsi məsləhət görülür. Lakin bəzi məqamlar var ki, uşağın sünnət olması onun sağlamlığı üçün təhlükəlidir (sidik dəliyinin normal yerindən aşağı və ya yuxarı olması və s.) Bu kimi hallar 6-7 yaşda özünü göstərdiyinə görə belə uşaqların 7 yaşdan sonra sünnət olunması məsləhətdir.
Sünnət olmağın hökmü
Hənəfi və maliki məzhəbinə görə sünnət olmağın hökmü sünnədir. Ancaq şafei və hənbəli məzhəbinə görə isə, sünnət olunmaq vacibir, yəni fərzdir. Şafeilərə görə, qadınların da sünnət olunması vacibdir, ancaq hənəfilər qadın sünnətini məndub, müstəhəb saymışlar. Ona görə də, türk xalqları arasında qadınların sünnət etmək adəti formalaşmamışdır.
Kişilərin sünnət olması hənəfilərə görə fərz buyrulmasa da, sünnət olmadıqda dəstəmazın pozulma ehtimalı yüksəkdir. Çünki sünnət olunmadıqda hər dəfə sidik ifrazından sonra cinsiyyət orqanının baş tərəfini örtən dəri geri sıyrılaraq təmizlənməlidir. Sidiyin dəri altından vaxtaşırı çıxma ehtimalı olduğuna görə, həmin şəxs üzrlü hökmündə olub, hər vaxt üçün ayrı dəstəmaz almalıdır. Bu səbəbdən sünnət olmayan şəxs camaata imam ola bilməz.
Uşaqlıq illərində hər hansı bir səbəbdən sünnət olmayanlar ilk fürsətdə sünnət olunsalar yaxşıdır. Bununla həm sünnət savabı qazanar, həm ibadətlərini tam yerinə yetirmiş olarlar. Üstəlik bu sağlamlıq üçün də faydalıdır. İmkanı olmayan, utanan, müəyyən qorxusu olanlara sünnət olmağı təlqin etmək doğru deyildir. Nəticədə sünnət olmağın dini hökmü sünnədir, fərz deyildir. Bu məsələni onun şəxsi seçiminə buraxmaq lazımdır.
Sünnətin insan sağlamlığına hansı faydaları var?
Sual: Allah insanı mükəmməl yaradıb. Bəs niyə insanlar sünnət olurlar?
[1] Məhəmməd Hamidullah, İslam Peygamberi, çev. Salih Tuğ, s. 291.
[2] Qarslızadə Cəmaleddin, Medebetül-Hıtân, s. 7.
[3] Malik ibn Enəs, Muvatta, Sıfatun-Nəbi, 4
[4] Bəqərə, 2/124.
[5] Buxari, Libas, 51, 63, 64; Müslim, Təharə, 49; Əbu Davud, Tərəccül, 16; Tirmizi, Ədəb, 14
[6] Münziri, Ət-tərğib vət-tərhib, 1/134 isnadı səhihdir, ancaq qəribdir.
[7] Müslim Təharət, 59
[8] Bunların təqribən 10-17 nəfər olduğu bildirilir.
[9] Təcridi-Sarih Tərcüməsi, IX, 112
[10] Kənzul-Ummal, I, 263.
[11] Əhməd İbn Hənbəl, III, 415; Əbu Davud, Təharə, 129.
[12] Klitor – qadınlarda vaginanın üstündə yerləşən cinsi orqandır. Kişi penisinin bənzəridir. Lakin penis kimi idrar kanalı dəliyi yoxdur.
[13] Əhməd ibn Hənbəl, Müsnəd, V, 75; Əbu Davud, Ədəb, 167.
[14] Beyhaqi, VIII, 324.
Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.
Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.
Cümə həftənin ən bərəkətli və fəzilətli günüdür.
Kim ramazan ayını oruclu keçirər və ardınca şəvval ayının da altı gününü oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar.
Sual: Allah insanı mükəmməl yaradıb. Bəs niyə insanlar sünnət olurlar? Allah-Təala insanı mükəmməl yaradıb. Bu mükəmməlliyi görmək üçün güzgünün qabağında keçib özümüzə baxmağımız kifayətdir. Orqanların yaradılışına sadəcə gözəllik cəhətdən yanaşmaq doğru deyil. Həmin orqanın funksiyası, digər orqanlarla uyğunluğu və s. səbəblər də nəzərə alınmalıdır. İnsanın yaradılışına bu cür yanaşdıqda mükəmməl yaradılışın şahidi oluru. Bəli, insan […]
Ceyhun Abbasov , 27/03/2015 tarixində, saat 08:03
Salam. Ətraflı, dolğun və məntiqli məlumatlar verdiyiniz üçüm minnətdarlığımızı bildiririk.