2. 327 dəfə oxunub ,   0 şərh   Çap et

            Əsl “Quran müsəlmanlığı”[1], Həzrəti Peyğəmbərin Quran ayələri ilə yanaşı Öz ifadə və bəyanlarıyla təbliğ etdiyi və səhabələrin də Rəsulullahdan (s. ə. s) öyrənib tətbiq etdikləri müsəlmanlıqdır.

  Qurani-Kərim İslam ümməti içində ortaya çıxacaq bəzi inhiraflara işarə edərək bu barədə müsəlmanları xəbərdar etmişdir. Bunlardan biri də Qurani-Kərimi şərh edərkən Peyğəmbər Əfəndimizin (s. ə. s) hədislərinə önəm verməməkdir. Allah-Təala Qurani-Kərimi göydən birbaşa müshəf halında, kağıza yazılmış kitab kimi endirməmişdir. Əksinə Peyğəmbər olaraq seçdiyi şəxsə vəhy etmişdir. O da Kitabı insanlara təbliğ etmiş, açıqlamış və necə tətbiq edəcəklərini göstərmişdir. Allah-Təala Peyğəmbərinə tabe olmağın fərz olduğunu açıqca bildirir. Məsələn, bir ayədə belə buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”[2] Bu mənada başqa ayələr də vardır. Buna baxmayaraq hicri birinci əsrin sonunda “Quran müsəlmanlığı” iddiasının ortaya çıxdığına şahid oluruq. Çox şükür ki, o dövrdə hələ həyatda olan bir neçə səhabə var idi. Bu iddiaya qarşı müsəlmanları xəbərdar etdilər. Sonralar Suriya, İraq, İran, Misir kimi ölkələrin fəthi ilə genişlənən İslam dövlətinin bəzi şəhərlərində Quranı səthi anlayan müəyyən şəxslər belə deməyə başladılar: “Quranı-Kərimdə, onda lazımi hər şeyin bildirildiyinə,[3] ayələrinin tam açıqlandığına,[4] rəhbər olaraq kafi olduğuna[5] dair ayələr var. Bütün bunlar Qurani-Kərimdən başqa bir qaynağa ehtiyac olmadığını bildirir. Digər tərəfdən: “Qurani-Kərimin mətni qətidir. Halbuki hədislərin nəqli qəti deyildir. Mütəvatir (qəti) hədislərin sayı iyirmiyə belə çatmır. Qəti olmayan hədislərlə Qurani-Kərimi açıqlamaq isə doğru deyil”. Bu iddia tamamilə əsassızdır. Allah-Təala bu ayəsində Allah (c. c) ilə Rəsulunun (sallallahu əleyhi və səlləm) arasını ayırmaq istəyənlərin ortaya çıxacağını xəbər vermişdir: “Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər; “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”,- deyənlər və bununla (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər – Bütün bunlar, həqiqətən, kafirdirlər”.[6] Hədisləri inkar etmək, Hz. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) risalətini qəbul etməmək, Onun Allah ilə münasibətini kəsmək mənasına gəlir.[7] Hz. Peyğəmbər də (sallallahu əleyhi və səlləm) bu təhlükəni belə xəbər vermişdir: “Bunu qəti olaraq bilin ki, Mənə Quran və Onun bir misli verildi. Qarnı tox halda, rahat şəkildə əyləşərək: “Bu Qurana sarılın! Onda halal olanları halal, haram olanları da haram bilin”˗ deyəcək bəzi kəslər çox keçmədən gələcəkdir”.[8]

  Hədisləri qəbul etməmək bu mənaya gəlir: “Hz. Peyğəmbər (sallallahu əleyhi və səlləm) iyirmi üç il ərzində susmuş, nəql ediləcək heç bir söz söyləməmiş, heç bir iş görməmişdir”. Belə bir şey əsla qəbul edilə bilməz. Kobud bir hesabla bir gündə, söz və davranış olaraq Onun (sallallahu əleyhi və səlləm) -ən az- on cümləlik bir şey söyləməsi çox normaldır. Bu hesabla iyirmi ildə altmış min hədis edir. Unutmamaq lazımdır ki, bu hədislər yüzlərlə səhabədən gəlməkdədir. Eyni söz və davranış fərqli hədislər halında nəql edilmişdir. Təkrarları və digər bəzi ünsürləri də saymasaq belə, yenə də on minə qədər hədis edir. Bu qədər hədisin olması da düşünülə biləcək ən az miqdardır.

 Hicri 2 və 3-cü əsrlərdə alimlər tərəfindən hədislərin qəbul edilməməsinin yanlış olduğu elmi dəlillərlə isbat edildi. Məsələn İmam Şafei bu iddia sahiblərinin düşüncələrini və onlara verdiyi cavabları təfərrüatlı şəkildə nəql etmişdir.[9] Hicri üçüncü əsrdən sonra Sünnənin dindəki yerini rədd edən müsəlman olmamışdır. Bu hal Avropa dövlətlərinin İslam ölkələrini zəbt edib sömürməyə başlamalarından sonra 19-cu əsrə qədər davam etdi. Müstəmləkəçilər Hz. Peyğəmbərə qarşı (sallallahu əleyhi və səlləm) nifrət duyurdular, həmçinin İslam mədəniyyətinə baxışları da mənfi idi. Buna görə də müsəlmanları zəiflətmək və bölmək üçün çarələr axtardılar. Və bu mövzuda çox müvəffəq oldular. Yetişdirdikləri şərqşünaslar bu xüsuslarda çox fəal idilər. Məsələn Aloys Sprenger (1813-1893) buna nümunə göstərilə bilər. Şərqşünaslar qədər bəzi müsəlman mütəfəkkirlərə də təsir edən bu şəxsin ən bariz xüsusiyyətlərindən biri hədisləri qəbul etməməsidir.[10] Abraham Geiger , İ. Goldziher, L. Caetani, H. Lammens, D. Margoliouth, R. Nicholson, J. Schacht, Ph. Hitti kimi şərqşünaslar da eyni düşüncəni paylaşan şəxslərdir.[11] Hindistan, Misir, Suriya, Türkiyə kimi İslam ölkələrində 19-cu əsrdən bəri İslamın tək qaynağının Quran olduğunu iddia edib Sünnəni yox saymağa çalışan düşüncə sistemləri formalaşmağa başladı.[12] Pakistanda Qulam Əhməd Pərviz Qurani-Kərimin təfsirində hədislərə ehtiyac olmadığını  iddia etməklə pis ad çıxarmışdır. Məqami-Hədis adlı iki cildlik əsəri (1953) ilə bu iddiasını müdafiə etməyə çalışmışdır.[13] Misirdə Muhəmməd Əbu Zeyd, Qurani-Kərimi Quran ayələri ilə təfsir etmək iddiasıyla ortaya çıxmış və bu məqsədlə əl-Hidayə vəl-irfan fi təfsiril-Quran bil-Quran adlı (1931) əsərini yazmışdır. Fikirləri səbəbiylə də Əzhər alimləri tərəfindən İslamdan çıxmaqla ittiham edilmişdir.[14] Bu iddia sahibləri sayca az olmalarına baxmayaraq fikirlərini yaya bildilər. Amma alimlərin güclü dəlilləri qarşısında bunlar çox da təsirli ola bilmədilər. Lakin o zamandan bəri günümüzə qədər bu mövzunun arada bir gündəmə gətirildiyini görürük. Bu da xarici təsirdən qaynaqlanır. Bu iddianın müsəlmanlar arasında kök sala bilməyəcəyini bildikləri halda yenə də bu mövzuları körükləməyə çalışırlar. Təəssüf ki, hər dövrdə bu kimi ixtilafları səsləndirən qafilləri tapmaq onlar üçün çətin olmur.

    Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm), Qurani-Kərim haqqında üç vəzifəsi vardı:

1-Təbliğ

2-Təbyin

3-Tətbiq.

  Təbliğ: çatdırmaq, nəql etmək mənasına gəlir və Quran bunu belə bildirir. Məsələn: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et”.[15]

 Təbyin isə “açıqlamaq” deməkdir. Allah-Təala (c. c) göndərdiyi Kitabı şərh etmək vəzifəsini və səlahiyyətini, əvvəlcə Peyğəmbərinə verdiyini bildirmişdir: “Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”.[16] “Quran müsəlmanlığı” iddiasında olanlar buna da “təbliğ” mənası vermək istəyirlər. Amma bununla ancaq özlərini aldada bilərlər. Çünki bu çox açıqdır. Bir yerdə də Allah, Quranı Rəsulunun qəlbinə, yaddaşına həkk etmək və onu oxumasını təmin etmək səlahiyyətinin Özünə aid olduğunu ifadə etdikdən sonra “Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!”[17] buyurmuşdur. Bir çox təfsirçilərə görə buradakı bəyan etməkdən məqsəd, Hz. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) təybin və təfsir etməsidir.[18]

 Tətbiq isə, “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”[19] ayəsində ifadə edilir. Həmçinin “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”[20] ayəsi, möminlərin Onun əxlaqını nümunə almalarını istəyir. Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm), Qurandakı bir çox mücməl[21] ayəni, həmçinin tətbiqə dair hökmləri açıqlamışdır. Məsələn, Quranın əmr etdiyi ən təməl ibadət “səlat” yəni, namazdır. Amma hədislər olmadan “Bu fərzin necə tətbiq ediləcəyi; namazın qiyam, qiraət, rüku, səcdə kimi rüknləri nələrdir? Rükət nə deməkdir? Bu rüknləri nə qədər etmək lazımdır?” kimi sualların cavabını bilmək mümkün deyil. Çünki bir adam bu rüknləri bir dəfə etməklə “səlat” əmrini yerinə yetirdiyini düşünə bilər. Səhər namazının fərzinin iki, günortanın dörd, axşamın üç rükət olduğunu Qurani-Kərimdə tapa bilmərik. Həmçinin ayeyi-kərimədə Allah-Təala “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun…”[22] buyuraraq dəstəmaz almağı əmr edir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) şifahi şərhi və tətbiqi ilə öyrənirik ki, dəstəmaz pozulmadığı müddətcə bir dəstəmazla birdən çox namaz qılına bilər. Yoxsa hər namaz üçün ayrı dəstəmaz almağın fərz olduğu anlaşılardı. Yaxud zəkat əmrinə baxaq. Qurani-Kərim yalnız “Zəkat verin!” buyurur. Amma nisab miqdarını bildirmir. Hədis olmasa, əldə olan hər şeyin zəkatını vermək lazım gələrdi. Bizə mülkiyyətin üzərindən bir il keçdikdən sonra zəkat verməyin lazım olduğunu da hədislər bildirir. Əks təqdirdə müddətə baxmadan dərhal zəkat vermək lazım olardı. Zəkata tabe olan mallar və tabe olmayan mallar hansılardır, tabe olanlardan nə qədər verilməlidir kimi suallara cavabı (qızıl, gümüş və nəğd puldan qırxda bir, mədəndən beşdə bir, əkindən onda bir, əllə suvarılan əkindən iyirmidə bir olduğunu, həmçinin qoyun, inək, dəvə kimi heyvanların fərqli zəkat miqdarlarının nələr olduğunu) əlbəttə hədislər bildirir. Xülasə, əsas və qəti olan namaz və zəkat fərzlərində belə ən az əlli məsələ vardır ki, hədislərin şərhi olmadan bunları anlamaq və tətbiq etmək mümkün deyil.

  Lakin özlərinə Əhli-Quran və ya Quraniyyun adını verən bəzi kəslər əlaqədar ayələri öz həva və həvəslərinə görə təvil edirlər. Necə ki Sünnənin dinin qaynağı olduğunun dəlillərindən olan “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”[23] əmrinin, qənimətin necə bölüşdürüləcəyi hadisəsi ilə məhdud olduğunu, başqa mövzulara şamil edilə bilməyəcəyini irəli sürürlər. Halbuki Quran təfsirində çox önəmli şəxs olan Abdullah İbn Məsud (r. a), nüzul səbəbini çox yaxşı bilməsinə baxmayaraq, bu əmrin ümumi məna ifadə etdiyini bildirmişdir. Bəni Əsəd qəbiləsindən bir qadın ona belə dedi: “Ey Əbu Əbdürrəhman! “Sənin döymə etdirənə və edənə, üzündəki tükləri aldırana və dişlərini gözəllik üçün bir-birindən ayırana- yəni seyrəldənə lənət etdiyini eşitdim”. İbn Məsud (r. a) ona bu cavabı verdi: “Mən kiməm ki, Rəsulullahın (sallallahu əleyhi və səlləm) lənət etdiyinə və Quranda ifadə edilənə lənət etməyim?” Qadın cavab olaraq: “İki qapaq arasındakı Quranı (Quranın hamısını) oxudum. Lakin belə bir şeyə rast gəlmədim” dedikdə İbn Məsudun cavabı belə oldu: “Əgər layiqilə oxusaydın tapardın. Çünki Allah-Təala buyurur ki: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”[24] Bu halda səhabələrin ən irəli gələn təfsirçilərindən İbn Məsuda görə, Sünnənin nəzərdə tutduğu bütün davranışlar, təməldə Quranın istədiklərini yerinə yetirməkdir. Həmin ayə, Hz. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) Sünnəsinə bu funksiyanı yükləmişdir. Allahın yaratdığını dəyişdirməyi qadağan edən Nisa surəsinin 119-cu ayəsinin[25] məqsəd və əhatəsini, ancaq Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) izah və tətbiqiylə öyrənə bilərik.

  Hədisləri inkar etmək qeyri-mümkündür. Hədislərin qorunması mövzusuna gəldikdə, bu mövzuda; Qurani-Kərimin prinsipləri əsasında, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) xəbərdarlıqları və səhabələrin tətbiqləri ilə mükəmməl metodlar təsnif edilmişdir. Alimlərin də səylərilə çox zəngin hədis mirasına sahibik. Ancaq ağlını itirmiş şəxs bunları görməz və qəbul etməz. Nəticə olaraq deyə bilərik ki, hədislər olmadan Qurani-Kərimi anlamaq qeyri-mümkündür, Quranın anlaşılması üçün hədislərə ehtiyac vardır. Buna görə də Quran müsəlmanlığı fikri əsassızdır.

[1] Quran müsəlmanlığı nə deməkdir?

[2] Həşr 59/7.

[3] Nəhl 16/89.

[4] Hud 11/1.

[5] Ənkəbut 29/51.

[6] Nisa 4/150.

[7] Suat Yıldırım, Peyğəmbərimizin Quran Təfsiri, I/83. “Quranla hədislər arasında ziddiyyət iddiası” hissəsi, İstanbul, 2006.

[8] Əbu Davud, Sünnə, 5.bab, hədis no: 4604.

[9] Şafei, əl-Umm, Beyrut, 2005, IX, s-5-19.

[10] İlhan Ərdəm, DİA (İslam Ensiklopediyası), Sprenger md., XXXVII, 421.

[11] M.Yaşar Qandəmir, a.k.m., Hədis md. XV,42-44; Tahsin Görgün, e. a. ə., Goldziher md., XIV, s. 109.

[12] “İslam dünyasında XX əsrin sonlarında ortaya çıxmağa başlayan bu düşüncənin təməlində Avropalı tədqiqatçıların tarixi tənqid metodu yatmaqdadır. Bu metodu əvvəl şərqşunaslar, ardından da onlardan təsirlənən müsəlman araşdırmaçılar, İslamın dini mətnləri olan Quran və hədislərə tətbiq etmək istəmişlər (…) Müasir araşdırmaçılar, şərqşünaslar kimi, hədislərin böyük bir qisminin Hz. Peyğəmbərlə əlaqəsi olmayıb ilk dövr füqəha və mühəddislərin fikri olduğunu irəli sürmüşlər “(M. Yaşar Qandəmir, e. a. ə., Hədis md. XV, 47).

[13]J. Baljon, Quran şərhində Müasir Yönümlər, s.32. trc. Şaban Əli Düzgün, Ankara, Fəcr yay. Baljon onun bu kitabı haqqında Pakistani views of Hadith (1958) başlıqlı bir araşdırma nəşr edildiyini bildirməkdədir.

[14] İsmail Cərrahoğlu, Təfsir Üsulu, Ankara, 1985, s. 302; J. Baljon, e. a. ə, s. 33.

[15] Maidə 5/67.

[16] Nəhl 16/44.

[17] Qiyamə 75/19.

[18] Alusi, 29/142.

[19] Həşr 59/7.

[20] Əhzab 33/21.

[21] Lüğətdə “yığcam, xülasə və qısa söz, etidal ilə hərəkət etmək, gözəlləşdirmək” kimi mənalara gələn mücməl, fiqh üsulunda, mənasında bir neçə hal və hökmü ehtiva edən, nə nəzərdə tutulduğu tam aydın ola bilməyəcək dərəcədə qapalı olan, ancaq bir açıqlayıcı ilə aydın ola nassdır. Mücməl kəlmə sırf ictihad ilə aydın ola bilməyəcək qədər qapalıdır; anlamaq üçün mütləq bir açıqlayıcıya ehtiyac vardır.

[22] Maidə 5/6.

[23] Həşr 59/7.

[24] İbn Əbdil-Bərr, Cəmiul-bəyanil-elm, II/188; Şatibi, Muvafaqat, IV/24.

[25] Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.




Şərh yaz