5. 364 dəfə oxunub ,   0 şərh   Çap et

İslamın çoxevliliyi əmr etməsi haqqında yanlış fikirlər səsləndirilir. Bəziləri bununla dinimizi insanların gözündən salmaq, bəziləri də bəşəri zəifliklərini ört-basdır etmək istəyirlər. Əgər çoxevlilik müsələnmanlığın imicinə xələl gətirəcəksə mömin buna səbəb olan kəs olmamalıdır.

On beş əsrdir ki, İslam deyilərkən üzərində ən çox müzakirə aparılan mövzulardan biri də kişiyə dörd qadınla evlənmə icazəsinin verilməsi məsələsidir. İslam əleyhdarlarının dinimizə qarşı istifadə etdiyi bu məsələ əfsuslar olsun ki, bəzi müsəlmanlar tərəfindən də yanlış anlaşılmışdır. Çoxevlilik kişilərin həyat yoldaşlarını qısqandırmaq üçün istifadə etdiyi, qadınların da xoşuna gəlməyən mövzu olmuşdur. Bəşəri acizliklərini din vasitəsilə təmin etməyə çalışanlar da mövzunu daha da mürəkkəbləşdirmişlər. Buna görə də çoxevlilik mövzusu dini, sosioloji və psixoloji yöndən dəyərləndirilməlidir.

İslamın nə üçün çoxevliliyə icazə verdiyini daha yaxşı anlamaq üçün məsələyə tarixi və sosioloji yöndən nəzər salmalıyıq. Quranın nazil olduğu cəmiyyətə bütün yönləri ilə – adət-ənənə, qəbilə və ya dövlət hüquq sistemi, qadın-kişi münasibətləri, əhali arasında qadın-kişi nisbəti, sosial-iqtisadi vəziyyət, insan potensialı kimi vəziyyətlərin – nəzərə alaraq baxmaq lazımdır. Bundan əlavə İslam ölkələrində tarixən dörd qadınla evliliyin tətbiq olunub-olunmadığına, hansı nisbətdə tətbiq olunduğuna da nəzər salmaq lazımdır.

On beş əsr əvvəlki Ərəbistan üçün yuxarıdakı şərtlərin çoxevliliyə zəmin təşkil etdiyini görə bilərik. Həmin dövrdəki insanlar çoxevliliyi normal qəbul edirdilər. Belə bir cəmiyyətdə zühur edən İslam dini insanları çoxevliliyə təşviq etməmiş, əksinə çoxevliliyi müəyyən sayla – dörd qadınla evlənməklə məhdudlaşdırmışdır. Bundan əlavə Quran dörd qadınla evlənmək üçün lazımi şərtlərin bildirildiyi Nisa surəsinin 3-cü ayəsi ilə inananlara tək qadınla evlənməyi tövsiyə edir. Bu o deməkdir ki, İslam əsrlərlə davam edən yanlış tətbiqatı yeni gətirdiyi sistemlə tədricən tənzimləyir. Çoxevliliyin tamamilə qadağan edilməməsinin də bir çox hikmətləri vardır. Çünki, din sadəcə müəyyən bir əsrə yox bütün dövrlərə xitab edir.

İslamın çoxevliliyə icazə verməsinin hikmətlərindən biri də müharibə və bənzəri çətin şərtlərdə dul qalan, yardıma ehtiyacı olan qadınların bəşəri arzularını halal yolla təmin etməsidir. Bununla da harama gedən yollar bağlanmış olur.

Dinimizdə kişilərə dörd qadınla evlənməyə icazə verilir. Amma bu sadəcə müəyyən şərtlərə bağlı bir icazədir. Fərz və ya vacib deyil. Fiqh termini olaraq buna rüxsət[1] deyilir ki, bu da zərurət və ya ehtiyac halında verilən icazə mənasındadır. Xəstə olan şəxsin oruc tutmaması buna misaldır.

Quranda çoxevliliklə əlaqəli iki ayədə həmin rüxsətin şərtləri açıq-aşkar bildirilmişdir. Nisa surəsinin 3-cü ayəsində “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətli olmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə[2] (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır..[3]” buyrulur.

Cahiliyyə dövründə müharibədə yetim qalan uşaqları malına yiyələnmək məqsədilə qohumları himayə edirdilər. Yetim qızlar da evlilik yaşına çatanda, malına sahib olmaq üçün onunla özləri evlənirdilər. Haqq-hüququnu müdafiə edən heç kimsəsi olmayan yetim qız isə məcburən həmin evlilik təklifini qəbul etməli olurdu. Ayədə yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn qadınlarla evlənin, bunu edərkən də haqsızlıq etməyin, yetimin haqqını verin deyilir. Əsasən Quran tək evliliyi tövsiyə edir. İki, üç, dörd qadınla evlilik məsələsinə dolayı yolla toxunur.

Nisa surəsinin 129-cu ayəsində isə “Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. (Birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan) qorxsanız, Allah Bağışlayandır, Rəhmlidir.[4]buyrulur. Nisa surəsinin 3-cü ayəsi evlənməyənlərə xitab edərək onlara tək evliliyi tövsiyə edir. 129-cu ayə isə tarixdə birdən artıq qadınla evli olan kişilərə xitab edir. Bununla yanaşı 129-cu ayədə birdən artıq qadınla evli kişilərə sevgi və qayğı baxımından ədalətli olmağın çox çətin olduğu xatırladılır.

Səhabələrin əksəriyyəti tək qadınla evli olub

Allaha daha da yaxın olmaq istəyən müsəlman rüxsətlərdən daha çox əzimətlərdən istifadə etməyə çalışmalıdır. Əzimət lüğətdə bir şeyə qəti şəkildə əzm etmək, yönəlmək və niyyət etmək deməkdir. Termin mənası isə Uca Allahın mükəlləflərin hamısı üçün bütün vəziyyətlərdə qaçınılmaz olaraq əvvəlcədən qoyduğu hökmlərdir. Ramazan ayı gəldiyində  oruc tutmaq hər kəsə fərzdir. Ancaq xəstə və yolçu olanlara tutmamaq kimi rüsxət verilmişdir.

Qadınlar arasında haqq və ədaləti təmin etməyin çətinliyini nəzərə alan İslam alimləri rüsxət olan çoxevlilik haqqından istifadə etməkdənsə, əzimətdən istifadə edilməsini tövsiyə edirlər. Müasir İslam alimlərindən biri: “həqiqi möminin çoxevliliyi, İslamın imicini zədələyəcək və insanların dini yanlış anlamasına, bəzilərinin də dindən uzaqlaşmasına səbəb olacaqsa onun birdən artıq qadınla evlənmə qapısını açmağa haqqı yoxdur.” deyir.

Əsri-səadətdə səhabələrin əksəriyyəti dinimizin icazə verdiyi çoxevlilikdən istifadə etməmişlər. Mədinə dövründə təsbit edilən 671 ailə üzərində araşdırma aparılmışdır. Nəticə həqiqətən də təəccüblüdür. 671 ailədən 542 ailədə tək qadınla, 129 ailədə isə iki və daha çox qadınla evliliyin mövcud olduğu məlum olmuşdur. Araşdırmaya görə o dövrdə Mədinədə tək qadınla evlənənlərin sayı 80,5% təşkil edir. Ayrıca Osmanlı dövründə də vəziyyət bundan fərqli deyil. XVI əsr Bursa şəhərində evli kişilərin 97,5%, XVII əsrdə İstanbulda 92,3%, XVIII əsrdə Osmanlı Dövlətinin əhalisinin 87,6%-i tək qadınla evli idi. Habelə 1880-1940-cı illərdə İstanbulda tək qadınla evlilik nisbəti 96,7% olmuşdur.

Müəyyən şərtlərlə icazə verilən çoxevliliyi “İslam qadınların hüquqlarını tapdayır” deyə tənqid edənlərin bu məsələdə səmimi olmadıqlarını deyə bilərik. Həmin şəxslər sadəcə olaraq qadın-kişi münasibətlərində pozulan tarazlığa, bir qadınla evli olduğu halda başqa qadınlarla əlaqəsi olanlara və nikahdankənar doğulan uşaqlara, bunun cəmiyyətin əxlaqına vurduğu mənfi təsirlərinə baxsınlar.

Çox qadınla evlənmək Sünnə deyildir

 Birdən artıq qadınla evlənməyin Sünnə olduğuna dair Quran və Hədislərdə heç bir məlumat yoxdur. Dolayısı ilə dörd qadınla evlənməyin Sünnə olduğunu düşünmək və bunu dini əmr olaraq qəbul edib icra etməyə çalışmaq doğru deyil. Rəsulullahın (s.ə.s) çox  qadınla evlənməsi sadəcə Ona məxsusidir. Bu haqda bir İslam alimi belə deyir: “Heç kim iradə zəifliyinə dini don geyindirərək bunu savab kimi göstərməməlidir. Bu dindən sui-istifadə etməkdir. Bəzi məsələlərdə zamanın hökmü var. İnanan insan həyat yoldaşına başqa nəzərlə baxırsa, onun müsəlmanlıq üçün bunu edirəm deməyə haqqı yoxdur. Evlilik ehtiyacı fitri ehtiyacdır. Ancaq həyatın qayəsi deyildir. Minumumla kifayətlənməliyik” − deyir.

Kişi “nə üçün başqa qadına ehtiyacım var?” sualını özünə verməlidir

 Psixoloji nöqteyi-nəzərdən çoxevlilik zamanı qadın-kişi və uşaqlar üçün müəyyən xüsuslara diqqət etmək lazımdır. Xüsusilə də kişi “nə üçün başqa qadına ehtiyac hiss edirəm?” sualı üzərində düşünməlidir. Psixoloqların fikrincə, yaşadığı cəmiyyətdə qadınlarla əlaqəli problem yaşayan və doğru ata modeli ilə qarşılaşmayan kişilərdə birdən artıq qadınla birlikdə yaşamaq istəyi baş qaldırır. Alt beyində sadəcə instinklə hərəkət edən hissə mövcuddur. Əgər insan həmin bölgənin təsiri altına düşərsə instinklərə nəzarətdə pozulmalar meydana gələr və istədiyi kimi cinsi həyat yaşamağı arzulayar. Bu mövzuda özünü haqlı bilər. Belələrinin müalicə olunması lazımdır.

Tərəflərin belə vəziyyətlərə düşməməsi üçün ailədaxili sağlam münasibətlər əhəmiyyətlidir. Psixoloqlara görə, kişi və qadın bir-biri ilə istənilən məsələni rahatlıqla danışa bilməlidir. Qadının kişiyə qarşı vəzifələri olduğu kimi, kişinin də qadına qarşı vəzifələrinin olduğu, sədaqət və etimad hissinin hər iki tərəf üçün əhəmiyyətliliyi unudulmamalıdır.

Fərz edək ki, qadın ərinin ikinci həyat yoldaşı almaq istəyindən xəbərdar oldu. Psixoloqlara görə bu təqdirdə bütün səbəblər nəzərdən keçiriləndən sonra qadın əri ilə danışmalı və nə üçün buna ehtiyac hiss etdiyini soruşmalıdır. Səbəbin necəliyindən asılı olmayaraq heç bir qadın ikinci plana düşmək istəməz. Ancaq qadın bundan xəbərsiz olarsa beynindəki suallar cavabsız qalacaq, şübhələr getdikcə artmağa davam edəcək və etimad hissi zəifləyəcək. Dolayısı ilə bunun səbəbini öyrəndikdən sonra qərar vermək daha doğrudur.

Məsələnin bir də, uşaqlara baxan yönü vardır. Bizim cəmiyyətimizdə çoxevlilik qəbul edilməzdir. Uşaq atasının evli olduğunu öyrəndikdə, onun anasını aldatdığını düşüməyə başlayır və beləliklə ailədə sözü kəsərli olması gərəkən ata rolunun yerini, etibarsız ata kimliyi tutur. Beləcə, atanın ailədə yeri etibarsızlaşır. İkinci evliliyi düşünən şəxs bütün bu riskləri göz ardı etmədən düşünməli və həvəs və arzularının əsiri olaraq qərar verməməlidir.

İnsana verilmiş olan şəhvət hissi doyumsuzdur, bitib-tükənməzdir. Bəlkə də, insanın istedad və qabiliyyətləri ilk yaradılışı ilə formalaşmışdır, ancaq bu duyğuların tam qarşılığını axirətdə almaq mümkündür. Məsələni bu şəkildə təhlil edə bilərik: İnsan küçədə gedərkən gözü bir qadına sataşır və ona qarşı meyl göstərir. Elə həmin dəqiqədə başqa birisinə baxsa bu səfər öncəkini unudacaq, ona meyl göstərəcək. Bu arzu və istəyin bir ölçüsü, sərhəddi yoxdur. Ona görə də insan arzu və həvəslərinin əsiri olmamalı, onların qarşılığını axirətə buraxmalı və əlindəkilərlə yetinməlidir. Arzuların əsiri olaraq verdiyi qərarlar, onu sahildən geri dönməyi hesablamadan dənizə dalan insanın halına salar və bir nöqtədə o şəxs boğular.

Bu yazı da diqqətinizi çəkə bilər:

Çoxevlilik

 


[1]Rüxsət lüğətdə asanlıq deməkdir. Termin mənasına gəlincə, Allahın bəndələri üçün üzr və ehtiyaclarına əsasən qoyduğu müvəqqəti hökmləri ifadə edir. Belə olan halda əzimət ümumi və təməl hökmü, rüxsət isə istisna olan hökmü ifadə edir.

[2]Keçmiş dövrlərdə müharibələr zamanı ələ keçirilən qadına deyilir. Cenevrə konvensiyası ilə hökmü qaldırılmışdır.

[3] Nisa 4/3.

[4] Nisa Surəsi 4/129



Açar sözləri

çoxevlilik poliqamiya

Bənzər məqalələr

Çoxevlilik

Yazıda Tarixdə çoxevlilik, İslamda çoxevlilik, Çoxevliliyin hökmü, Kimlər evlənə bilər? Quranda çoxevlilik,
Qadınlarla münasibətdə ədalət, İslamdakı çoxevliliyin hikmətləri, Çoxevlilikdə qadının rolu kimi mövzulara aydınlıq gətirilmişdir.


Şərh yaz