“Sünən”in “Kutubu sittə”dəki yeri
“Sünən”dəki hədislərin səhihliyi
“Sünən” haqqındakı araşdırmalar
“Kutubu sittə”yə daxil olan altı kitabdan birinin müəllifi İbn Macədir. Atasına nisbətlə İbn Macə deyə tanıdığımız böyük mühəddis[1] Əbu Abdullah Muhamməd ibn Yezid ər-Rəbəi, hicri 209 (m. 824)-cu ildə hal-hazırda Bəsrə körfəzinin şimalında yerləşən Qəzvin şəhərində dünyaya göz açmışdır. Qəzvin şəhərinin ən böyük mühəddisi olan İbn Macənin hədis elmi ilə neçə yaşında məşğul olmağa başladığı dəqiq məlum deyil. Lakin Əli ibn Muhamməd ət-Tənafusinin onun ilk müəllimi olduğunu nəzərə alsaq, müəllifin hədis araşdırmasına hicri 233-cü ildən əvvəl, yəni dövrün ənənəsinə uyğun təxminən 15 yaşında başladığını deyə bilərik.
İbn Macə elmi biliklərini artırmaq, xüsusi ilə də hədis elmini daha dərindən öyrənmək üçün o dövrün əhəmiyyətli elm mərkəzlərindən Qəzvin, Bağdad, Şam, Rey, Bəsrə, Kufə, Məkkə, Mədinə, Misir və Vasit kimi İslam mədəniyyətinin beşiyi sayılan şəhərlərə səyahət etmişdir. Ehtimal olunur ki, bu səyahətlər hicri 230-cu ildən başlamışdır. O, bu səyahətlər zamanı bir çox mühəddisdən təhsil almış, hədis dinləmişdir.
Gənclik illərində xəlifə Məmunla başlayıb, xəlifə Mütəvəkkil dövrünə qədər davam edən “mihnə”[2] hadisələrinin, imam Əhməd ibn Hənbəl və Nuaym ibn Hammad kimi tanınmış bir çox mühəddisin işgəncələrə məruz qaldığı o çətin dövrü görmüşdür. Bu hadisələrin baş verməsinin səbəbi mötəzilə alimlərinin “Quranın məxluq” olduğu düşüncəsini xəlifə Məmuna təlqin etməsi, Məmunun da bunu zorla qəbul etdirməsi idi. Həmin fikri qəbul etməyən alimlər isə işgəncələrə məruz qalır və həbs olunurdular. Bu vəziyyətə xəlifə Mütəvəkkil dövründə son qoyuldu.
İmam İbn Macənin böyüdüyü Qəzvin şəhəri, Hz. Ömərin xəlifəliyi dövründə başlayan Hz. Osmanın xəlifəliyi dövrünə qədər davam edən fətihlərlə İslam torpaqlarına əlavə edilmişdir. Qəzvin şəhəri İbn Macənin yaşadığı hicri III əsrdə İsfahan və Rey şəhərləri ilə birlikdə dövrün mühim elmi mərkəzlərindən birinə çevrilmişdir. Hədis elminə dair əsərlər yazmış Əli ibn Said əl-Əsgəri (v. 300), Məhəmməd ibn Səid əl-Qəzvini (v. 316) və Amr ibn Rafi əl-Becəli (v. 237) kimi alimlər orda yetişmiş və dövrün mədəni həyatına böyük töhfələr vermiş şəxsiyyətlərdəndir.
İbn Macənin ilk müəllimi Əli ibn Muhamməd ət-Tənafusi olmuşdur. Bundan başqa onun müəllimləri arasında Cubarə ibn Muqallis, Musab ibn Abdullah əz-Zübeyri, Süveyd ibn Səid, Əbu Cəfər Abdullah ibn Musa əl-Cumahi, Muhamməd ibn Rumh əl-Misri, İbrahim ibn əl-Munzir əl-Hizami, Muhamməd ibn Abdullah əl-Həmədani, Əbu Bəkr ibn Əbu Şeybə (“Sünən”ini təlif edərkən ən çox faydalandığı müəllimi), Hişam ibn Ammar əs-Süləmi, Yezid ibn Abdullah ibn Meymun əl-Yəmami və Əbu Musab əz-Zühri kimi şəxslərin adlarını sadalamaq mümkündür. Bundan başqa İbn Macənin sünənində bir çox müəllimin də adı qeyd olunmuşdur.[3]
İbn Macənin yaşadığı Qəzvində və təhsil almaq üçün getdiyi digər şəhərlərdə bir çox tələbələr yetişdirmişdir. Bunlardan: Muhamməd ibn İsa əs-Səffar əl-Əbhəri, Əhməd ibn Ruh əl-Bağdadi əş-Şərani, Əhməd b. Muhamməd əl-Mədini, Əli ibn İbrahim ibn Bahr əl-Qəttan, Süleyman ibn Yezid əl-Qəzvini, Hüseyn ibn Əli ibn Buranyad və İbn Macədən elmi öyrənmişlər.
Məqdisi İbn Macənin vəfatı haqqında bunları yazır: “Qəzvində onun səhabə dövründən öz dövrünə qədər yaşamış bütün şəxsiyyətlər və şəhərlər haqqında yazdığı tarix kitabını gördüm. Əsərin sonunda onun tələbəsi olan Cəfər ibn İdris aşağıdakıları qeyd etmişdi: “Əbu Abdullah Muhamməd ibn Yezid İbn Macə 22 Ramazan 273-cü ildə bazar ertəsi günü vəfat etdi, çərşənbə axşamı isə dəfn edildi. O “209-cu ildə doğuldum” – deyirdi. Vəfat edərkən onun 64 yaşı vardı. Cənazə namazını qardaşı Əbu Bəkr qıldırdı, dəfn işlərini də qardaşı Əbu Bəkr və Əbu Abdullahla oğlu Abdullah öz üzərlərinə götürdülər.”[4]
Hədis elminin ən tanınmış şəxsiyyətlərindən biri olan İbn Macə, yazdığı əsərlərinə görə müfəssir və tarixçi olaraq tanınmışdır. Bundan başqa o, hədis elminə də dərindən vaqif idi. Tanınmış mühəddis Əbu Yala əl-Xəlili onun haqqında “İbn Macə hədis elmində böyük alim və höccətliyi bir çoxları tərəfindən qəbul edilmiş şəxsiyyətdir.” – demişdir.[5] İmam Zəhəbi də İbn Macənin sözünə sadiq, hafiz, hədis elmini dərindən bilən müstəsna şəxsiyyət olduğunu söyləmişdir.[6] İbn Kəsir isə onun haqqında “ortaya qoyduğu “Sünən” adlı əsəri onun əməlinə, elminin dərinliyinə işarə etdiyi kimi, eyni zamanda üsul və füruda da nə qədər sünnəyə bağlı olduğunu göstərir.” demişdir.[7] İbn Macə hədis elmində bəzi xüsusiyyətlərinə görə tənqidə məruz qalsa da, hədis elminin nüfuzlu alimləri tərəfindən təqdirlə yad edilmiş bir mühəddisdir.
İmam İbn Macə mühəddis olmaqla yanaşı müfəssir və tarixçi idi. Onun təlif etdiyi ən böyük əsərinin adı “əs-Sünən”dir. Bunula bərabər “Təfsirul-Quran”, “Tarixu Qəzvin” adlı əsərləri də vardır. İbn Macənin Təfsirul-Quran adlı əsəri bu gün əlimizdə mövcud deyildir. Ancaq Təhzibul-Kamal adlı əsərin müəllifi əl-Mizzi, qeyd olunan əsərin böyük əsər olduğunu və onun iki bölümünü gördüyünü qeyd edir. İbn Macənin bu əsərinin adından bəhs edilsə də, bu günə qədər gəlib çatmadığı üçün, onun haqqında çox az məlumat vardır.
Tarixu Qəzvin adlı əsərinin isə yalnız Tarixul Xüləfa (rivayətu Əbu Bəkir əs-Sədusi) adlı fəsli bu günə qədər qorunub saxlanılmışdır. Bu əsərin yalnız adıçəkilən bölməsi haqqında məlumat var. İslam tarixi mövzusunda ilk əsərlərdən sayılan bu əsərin əlimizdə olan fəslində Hz. Əbu Bəkrdən Abbasi xəlifəsi Mustəqfi Billaha qədərki xəlifələrin bioqrafiyası qeyd olunmuşdur.
İbn macənin bu günə qədər gəlib çatan “Sünən” adlı əsərini isə sizə daha yaxından tanıtmaq istərdik.
Cəmiyyətin fiqhi ehtiyaclarını qarşılamaq məqsədi ilə təlif edilən “sünən” adlı əsərlər hədis ədəbiyyatında böyük əhəmiyyətə malikdir. Sünənlər fiqhi bab başlıqlarına görə təlif edilmiş, əhkam hədisləri ehtiva edən və Rəsulullahın (s.ə.s) söz, hərəkət və təqrirlərindən ibarət mərfu hədislərdən təşkil olunmuş əsərlərdir. Mühəddislər erkən dövrlərdə əhkam və etiqada aid hədislərə daha çox əhəmiyyət verirdilər. Elə buna görədir ki, hicri III əsrin ikinci yarısından başlayaraq hədisçilərin əksəriyyəti sünən adlı əsərlər yazmağa başlamışdır. Bunlardan Əbu Davud, Tirmizi, Nəsai və İbn Macənin “sünən”ləri ilə yanaşı bir çox alimin “sünəni” hədis ədəbiyyatının ən əhəmiyyətli əsərlərindən sayılır.
Ümumiyyətlə əhkam hədisləri ehtiva edən “sünən”lər kimi İbn Macənin əsəri də fiqhi bab başlıqlarına görə təsnif edilmişdir. Müəllifin əsəri təkrarların sayca az olması və fiqhi bablara uyğun təsnif edilməsinə görə hədisçilər tərəfindən ən sistemli əsər olaraq qəbul edilmişdir. Əsərdəki izahların azlığı ailmlərin əsərə olan marağının azalmasına səbəb olmuşdur. Əsərə çox az şərh yazılmışdır. Əsərə yazılan ən gözəl şərhlərdən biri Muğlatainin “Əl-ilam bi sunənihi aleyhis-səlam” adlı əsəridir.[8]
İbn Macə hədisləri hansı əsasa görə seçdiyini açıqlamamış, bundan başqa bu əsəri hansı məqsədlə yazdığını da bildirməmişdir. “Kutubu Sittə”yə daxil olan bu əsər, Fuad Əbdülbaqi tərəfindən 1952-1953-cü illərdə Misirdə iki cild kitab halında nəşr edilmişdir. Kitab müqəddimə xaricində 37 bölüm, 1513 əsas başlıq (bab) və ümumilikdə 4341 hədisdən ibarətdir. Əbdülbaqi əsərin ön sözündə hədislərin hər birinin rəqəmlərlə nömrələdiyini, hədislərin səhih, həsən, zəif ya da münkər olub-olmadığına görə sıraladığını bildirmişdir.
Əsərdəki 4341 hədisdən 3002 hədis “Kutubu sittə” alimlərinin bir çoxunun əsərlərində mövcuddur. İbn Macə bu hədislərin hər birini onların nəql etdiyi isnadlarla deyil, özünə aid fərqli bir sənədlə rəvayət etmişdir ki, bu da həmin hədislərin daha mötəbər sayılmasına səbəb olmuşdur. Qalan 1339 hədisə isə, yalnız İbn Macənin “Sünən”ində rast gəlmək olar ki, Əbdülbaqinin araşdırmasına görə bunlardan 428-i ricali siqa olan səhih hədis, 199-u həsən isnadlı hədis, 613-ü zəif, 99-u isə çox zəif, münkər və ya mövzu hədislərdir.[9]
“Sünən”in “Kutubu sittə”dəki yeri
Hədis tarixinin qızıl dövrü olaraq bilinən hicri III əsrdə təsnif edilmiş altı səhih hədis kitabı − məşhur adı ilə desək “Kutubu sittə” hədis ədəbiyyatının ən önəmli əsərlərindəndir. Lakin bu kitablara “Kutubu sittə” adının hansı dövrdə verilməsi məlum deyildir. Hətta “Kutubu sittə”dəki bu altı kitabın nə vaxt bir yerə toplandığı və mənbə olaraq qəbul edildiyi də naməlumdur. Hicri III və IV əsrlərdə bir çox əsələr yazılmasına baxmayaraq, həmin əsərlərdən bəziləri seçilərək daha məşhur olmuş və əsas mənbə kimi qəbul edilmişdir. Bu dövrdə bəzi alimlər insanların hədislərin səhihliyi haqqında asanlıqda hökm verə bilməsi üçün ravilərin bioqrafiyası haqqında kitablar yazmağa başladılar. Bu fəaliyyətlər nəticəsində ərsəyə gələn bəzi əsərlər mühəddislər tərəfindən rəğbətlə qarşılanmışdır. “Kutubu sittə” sözünün də həmin fəaliyyətlərdən sonra təqribən hicri VI əsrin sonlarından etibarən formalaşdığını söyləmək mümkündür.
İbn Macənin “Sünən”i bəzi alimlər tərəfindən fiqhi baxımdan çox faydalı hesab edildiyi və İmam Malikin “Muvatta”sına nisbətən “Üsuli-xəmsə”də[10] olmayan bir çox hədisi ehtiva etdiyi üçün həmin əsəri “Üsuli-xəmsəyə” əlavə edərək onu “Kutubu sittə” adlandırmışlar.[11] İbn Macənin “Sünən”ini həmin beş kitaba ilk əlavə edən “Ətrafu kutubus sittə” və “Şurutul əimmətis sittə” adlı əsərləri ilə tanınan alim Əbul Fadl Muhamməd ibn Tahir əl-Maqdisidir. İbn Həcərin fikrincə İbn Tahir əl-Maqdisi və ona tabe olanların “Muvatta”nın yerinə İbn Macənin “Sünən”ini “Kutubu sittə”yə daxil etmələrinin səbəbi “Sünən”dəki mərfu hədislərin “Muvatta”ya nisbətən daha çox olmasıdır.[12]
“Sünən”dəki hədislərin səhihliyi
İbn Macənin “Sünən”indəki hədisləri iki qrupa ayırmaq mümkündür. Daha əvvəl də qeyd etdiyimiz kimi, Əbdülbaqinin araşdırmasına görə əsərdəki 3002 hədis digər “Kutubu sittə” alimlərinin əsərlərində də mövcuddur. Yerdə qalan hədislər isə yalnız İbn Macənin “Sünən”ində vardır. Bu hədislərə “zəvaid” adı verilmişdir. Bu hədislər hədis alimləri tərəfindən müxətlif yönlərdən tənqid edilmişdir. Xüsusilə İbn Həcərin fikirləri diqqətəlayiqdir; “Sadəcə İbn mAcənin rəvayət elədiyi səhih hədislər vardır. Bu rəvayətlər mətninə görə yox, ravilərinə görə zəif hədisdir desək yanılmarıq”.[13] İbn Həcər demək istəyir ki; “Hədisin sənədinin və ya ravisinin zəif olması o demək deyil ki, həmin hədis zəifdir. Ola bilər ki, o hədis başqa ravi tərəfindən səhih hədis kimi nəql edilmişdir. Buna görə də mühəddislər bir hədis üçün “filan hədis filan isnadla zəifdir” ifadəsindən isitfadə etmişlər.”[14]
İbn Macənin həmin hədisləri üzərində araşdırma aparan Əhməd ibn Əbu Bəkr əl-Busiri “Misbahuz-Zucacə fi Zəvaidi ibni Macə” adlı əsərində “zəvaid” adlandırdığımız hədislər və raviləri, onların səhih, zəif və ya həsən olması haqqında məlumat vermişdir. Busirinin də fikirləri İbn Həcərin fikirləri ilə eynilik təşkil edir.
Bir rəvayətə görə İbn Macə əsəri yazıb bitirdikdən sonra o dövrün məşhur alimlərindən Əbu Zura ər-Raziyə təqdim etmiş, o, da əsərin tərtibini və planını bəyənmiş və bu əsərin hədis əsərləri arasında layiqli yer tutacağını bildirmişdir. Bundan başqa Razi əsərdəki zəif hədislərin sayının çox az − bir rəvayətdə 30, digər rəvayətlərdə isə 10-a yaxın olduğunu bildirmişdir.[15] Ancaq İbn Rüşeyd, Zəhəbi və Suyuti kimi mühəddislər isə əsərdəki bəzi hədislərin ravilərinə görə tənqid edilə biləcəyini iddia edirlər.[16]
İbn Macənin “Sünən”i dəyişmədən, sağlam bir isnadla bizə qədər gəlib çatmışdır. Əsəri İbn Macənin qardaşı Əbu Məhəmməd əl-Həsən ibn Yezid ibn Macə əl-Qəzvini 208-ci ildə İsmail ibn Tövbə əl-Qəzvininin məclisindən çıxdıqdan sonra rəvayət etmişdir. İmam Zəhəbi bu haqda belə deyir: “Mən İbn Macənin “Sünən”ini Balbəkdə qaldığım dövrdə Tacəddin Abdulxaliq ibn Abdussəlamdan dinlədim. Əsərin təxminən üçdə birini özüm ondan eşidərək yazdım. Bu şəxs əsəri Muraffəquddin Abdullah ibn Qudamədən eşidərək rəvayət etmişdir. Mən əsəri Hələbdə Əbu Səid Sunqur əz-Zeyni, Şeyx Muvaffaquddin Abdullətif ibn Yusuf, Əbu Zura əl-Maqdisi, Muhamməd ibn əl-Huseyn əl-Müqəvvimi, əl-Qasım ibn Əbil-Münzir əl-Xatib, Əbul-Həsən əl-Qattan və nəhayət İbn Macə vasitəsilə dinlədim.”
“Sünən”i rəvayət etməkdə məşhur olan şəxslər aşağıdakılardır:
Əbul-Həsən əl-Qattan, Süleyman ibn Yezid, Əbu Cəfər Muhamməd ibn İsa, Əbu Bəkr Hamid əl-Əbhəri.
İbn Macənin “Sünən”i xüsusilə Qəzvin, Təbəristan, Kuhistan, Cəbəl və Rey kimi şəhərlərdə məhşur idi.[17]
“Sünən” haqqındakı araşdırmalar
Əsər ilk dəfə hicri 1233, daha sonra hicri 1273 yəni 1889 və 1905-ci illərdə Dehlidə, hicri 1311-ci ildə Lahorda, hicri 1313-cü ildə Misirdə və ən sonda Məhəmməd Fuad Əbdülbaqinin təhqiq və təliqi ilə 1952-1953-cü illərdə yenə Misirdə nəşr edilmişdir. Əsərin xüsusilə 1952-1953-cü illər nəşri çox böyük əhəmiyyətə malikdir. Fuad Əbdülbaqi bu nəşr haqqında bunları demişdir: “Sünənin iki nəşri daha çox xoşuma gəldi. Bunlardan biri hicri 1313-cü ildə Mətbəəyi-İlmiyyədə Misirdə nəşr olunmuşdur. Bu nüsxədə əs-Sindi deyə tanınan Əbul Həsən Məhəmməd ibn Abdulhadi əl-Hənəfinin haşiyəsi də mövcuddur. Əs-Sindi bu nüsxədə Əhməd ibn Əbu Bəkr əl-Busirinin “Zəvaidu ibni Macə” adlı əsərindən bir qismi də yer vermişdir. Lakin bu nəşrdə də əsərə lazım olan diqqət göstərilməmiş, hədislərin mətninin səhihliyi, ravilərin zəifliyi nəzərə alınmamışdır. Buna görə də əsərdə yalnız Sindinin yazdığı haşiyənin bir hissəsindən faydalandım. Kitab və babların nömrələnməsindən başqa, diqqətimi cəlb edən heç bir xüsusiyyəti yox idi.[18]
İkinci nüsxə isə 1848-ci ildə nəşr edilmişdir. Bu nüsxənin yarısı Mövləvi Məhəmməd Tahirin təşəbbüsü ilə Dehlidə Faruk mətbəəsində, ikinci hissəsi isə Məhəmməd Abduləhədin təşəbbüsü ilə eyni şəhərin Mustabai mətbəəsində nəşr edilmişdir. Bu nüsxənin iki haşiyəsi vardır. Bunlardan biri Cəlaləddin əs-Suyutinin “Misbabuz-Zucacə” əsəri, o birisi isə Abdulqani əd-Dəhləvinin “İnhacul-Hacə” əsəridir. Ravilərin adlarının tapılmasında isə bioqrafiya kitablarından istifadə etdim.”[19]
Əsər üzərində aparılan digər araşdırmaları isə belə sıralaya bilərik:
“əl-İlam bi Sünənihi Aleyhissalam” − Alaaddin Moğoltay ibn Kılıç, Nəşr edilməmiş nüsxədir. Müxtəlif əlyazmaları mövcuddur.
“Misbahuz-Zucacə alə-Sünən ibni Macə” − Cəlaləddin əs-Suyuti. İlk dəfə hicri 1282-ci ildə Dehlidə nəşr edilmişdir. Əsər hicri 1299-cu ildə əd-Dimnati tərəfindən “Nurul-Misbah” adı ilə ixtisarlarla Qahirədə nəşr edilmişdir.
“Kifayətul-Hacə fi Şərhi İbni Macə” − Əbul-Həsən ibn Abdulhadi əs-Sindi. “Haşiyətus-Sindi” adı ilə məşhurdur. Hicri 1313-cü ildə Qahirədə nəşr edilmişdir.
“Misbəhuz-Zucacə fi Zəvaid ibni Macə” − Əhməd ibn Əbi Bəkr ibn İsmail əl-Kinani əl-Busiri. Əsərin müxtəlif kitabxanalarda əlyazmaları mövcuddur.
“Zəvaidu ibni Macə aləl-Kutubil-Xəmsə” Nurəddin İbn Həcər əl-Heysəmi.
“əd-Dibacə”− Məhəmməd ibn Musa əd-Dimyəri. Əsər təxminən 5 cilddən ibarətdir.[20]
Hədis elminin qızıl dövrü olaraq xarakterizə etdiyimiz hicri III əsrdə bir çox alim yetişmiş, müxtəlif əsərlər yazılmışdır. İmam Buxari və Müslim başda olmaqla İbn Macə kimi şəxsiyyətlər hədis elminə böyük töhfələr vermişlər. İmam İbn Macə də hədis, təfsir və tarix sahələrində əsərlər yazmışdır. Lakin onun “Sünən” adlı əsəri “Kutubu sittə”yə daxil olan 6 böyük hədis kitabından biridir. Bu kitab hədis ədəbiyyatında müxtəlif xüsusiyyətləri ilə, hədislərin təkrarlanmaması, qısa və lakonik olması, tərtibindəki incəliyi ilə fərqlənmişdir. İbn Macənin bu əsəri haqqında bir çox alim fikir bildirsə də, onlar əsərin yalnız mühəddis alimlər tərəfindən tənqid oluna biləcəyini bildirmişlər. Hədis üsulu qaydalarına görə, bir əsərə tənqidi yanaşmaq üçün o əsərə aid yazılan araşdırmaları da nəzərdən keçirmək vacibdir. Buna görə də İbn Macənin bu əsəri və əsər üzərində araşdırmalar aparan İmam Busirinin qənaətləri də nəzərə alınaraq bu sahəyə vaqif olan biri tərəfindən oxunub incələnməsi daha doğru olardı.
Prof. Dr. Osman Güner
“Yeni Ümit” dərgisi 103-cü sayı, 2014.
[1] Hədis elmi ilə məşğul olan
[2] Sorğulamaq, imtahan eləmək deməkdir. Abbasilər dövründə bir çox alim düşüncələrinə görə əziyyətə məruz qalması “mihnə” adlanır. Alimlərin əziyyətə məruz qalmasına səbəb Quranın Xaliq yoxsa məxluq olması məsələsi idi.
[3]Zəhəbi, Təzkirətul-huffaz, II, 636.
[4]Maqdisi, Şurutul-Eimmətis-Sittə, s. 24-5.
[5]Zəhəbi, Siyərü aləmin-nübəla, XIII, 279.
[6]Zəhəbi, Siyər, XIII, 278.
[7]İbn Kəsir, əl-Bidayə vən-nihayı, XI, 52.
[8]Mustafa əl-Azami, Studies In Hadith, s.107
[9]İbn Macə, Sünən, I, 7-8 (M. F. Əbdülbaqinin ön sözü).
[10] Beş əsas əsər
[11]Kəttani, ər-Risalətull-Mustatrafə, s. 12.
[12]İbn Həcər, ən-Nukət alə ibni Səlah, s. 280.
[13]İbn Həcər, Təhzibut-Təhzib, IX, 532.
[14]Əbu Şəhbə, Aləmul-Muhaddisin, s. 281.
[15]Zəhəbi, Təzkirətul-huffaz, II, 636.
[16]Zəhəbi, Siyər, XIII, 278-9; Ləknəvi, əl-Əcvibətul-fadıla, s. 70.
[17]Muhamməd ibn Əli əd-Davudi, Təbəqatul-Müfəssirin, II, 273.
[18]Zəhəbi, Siyər, XIII/280.
[19]İbn Macə, Sünən, I, 15. (Əbdülbaqinin ön sözü).
[20]Sezgin, GAS., I, 148; Hacı Xəlifə, Kəşfuz-Zünun, II, 1004.
Kim fəzilətinə inanaraq və qarşılığını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa keçmiş günahları bağışlanar.
İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.
“Həqiqi zənginlik çoxlu sərvətə sahib olmaq deyil, qənaətcil olub gözütox yaşamaqdır”. (Buxari, Riqaq 15; Müslim, Zəkat 130)
Kahin, falçı, sehrbazlara müraciət etmək və onları təsdiq etmək qəti qadağan edilmişdir عَنْ عَائِشَةَ قَالَتْ: سَأَلَ رَسُولَ اللّٰهِ أُنَاسٌ عَنِ الْكُهَّانِ، فَقَالَ: «لَيْسُوا بِشَيْءٍ» فَقَالُوا: يَا رَسُولَ اللّٰهِ إِنَّهُمْ يُحَدِّثُونَا أَحْيَانًا بِشَيْءٍ فَيَكُونُ حَقًّا؟ فَقَالَ رَسُولُ اللّٰهِ : «تِلْكَ الْكَلِمَةُ مِنَ الْحَقِّ يَخْطَفُهَا الْجِنِّيُّ فَيَقُرُّهَا ف۪ي أُذُنِ وَلِيِّهِ، فَيَخْلِطُونَ مَعَهَا مِئَةَ كَذْبَةٍ». Həzrəti Aişə (r.anhə) […]