1. 818 dəfə oxunub ,   0 şərh   Çap et

“Satılmaq üçün bazara gətirilən malları bazara daxil olmadan yolda qarşılamayın”.

(Buxari, Büyu, 71; Müslim, Büyu, 14)

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həm üxrəvi, həm də dünyəvi işlərdə möminlərin ən etibarlı və əsl rəhbəridir. O, insanların əbədi səadəti naminə əzmlə çalışdığı kimi dünya işlərində də zülmü aradan qaldırmaq və haqq sahibinin haqqını vermək üçün böyük əmək sərf etmişdir. Özü də cəmiyyət həyatında mühüm rol oynayan iqtisadi və ticari sahə ilə yaxından maraqlanmışdır. Mədinəyə hicrət etdikdən sonra şəhər bazarı və ticarətin gedişatını yaxından izləmiş, ticari məsələlərdə əhəmiyyətli məsləhətlər vermişdi. Ticarətçini və istehsalçını yolda qarşılayıb onları “Alver yaxşı deyil, qiymətlər ucuzdur, malın üzünə baxan yoxdur” kimi yalanlarla aldatmağa izin verməmiş, inhisarçılığın qarşısını almışdır.

Səadət əsrində – Rəsulullahın zamanında kənd və qəsəbələrdən Mədinə bazarına müxtəlif ticarət malları gətirilirdi. Tacirlər öz məhsulunu Mədinəyə satmağa gətirən kəndliləri şəhərin girişində qarşılayır, onların malın satış qiymətini öyrənməsinə imkan vermədən bütün əmtəəni yolda alırdılar. Beləliklə, məhsulun hamısı bir neçə tacirin əlində toplanır, daha nizamlı, ancaq rəqabətsiz mühitdə, üstəlik də baha qiymətə bazara daxil olurdu. Peyğəmbərimiz istər qida, istərsə də digər ticarət əşyaları olsun, bazara gətirilən malları müştərilərə təqdim edilmədən və bazara çatmadan yolda qarşılayıb almağı qadağan etmişdir. Çünki həm malı gətirən satıcı və istehsalçı zərərə düşür, həm də insanların hüququ pozulurdu.

Abdullah ibn Abbas (r.a)  Rəsulullahın “Bazara gələnləri yolda qarşılamayın. Şəhərli kəndlinin malını onun adından satmasın” dediyini söyləmiş, Tavus (r.a) da ondan bu sözün mənasını soruşmuşdu. İbn Abbas ona “dəllallıq edə bilməz” cavabını vermişdi. (Buxari, Büyu, 68; Müslim, Büyu, 19) Başqa bir hədisində isə malını satmağa gətirən kəndli ilə şəhər kənarında malı ondan alan şəxs bir-birinin atası və ya qardaşı olsa belə, dəllallığın doğru olmadığını bildirmişdir. (Müslim, Büyu, 21; Əbu Davud, Büyu, 45)  Allah Rəsulu: “Şəhərli kəndlinin adından satış etməsin. İmkan verin camaat öz malını özü satsın. Allah insanların bir qismi vasitəsilə digər qisminə ruzi verir”, – (Müslim, Büyu 21) buyurmuşdur. Bəzi hədislərdə keçən “tələkkil-cələb (mal satın alıb gətirənin yolda qarşılanması)” ifadəsindən görünür ki, istehsal etdiyi malı şəhərə gətirən şəxslə satın aldığı malı şəhərə gətirən ticarətçi eyni çərçivədə götürülür.

İslam alimləri qeyd olunan hədisləri əsas gətirərək bir sıra hökmlər vermişlər. Hənəfi məzhəbinə görə, malın yolda qarşılanıb satın alınması bölgə sakinlərini ziyana salır və bazarın vəziyyətinə (qiymət, rəqabət) mənfi təsir edirsə, məkruhdur.[1] Lakin “yolda qarşılama” bazara mənfi təsir etmir, inhisara yol açmır və süni qiymət artımına səbəb olmursa, heç bir zərəri yoxdur. İmam Şafei də bazara gələn malın yolda qarşılanmasının günah olduğunu göstərir və bildirir ki, “Mal sahibi bazara gəlincə sərbəstdir” (satışdan vaz keçə bilər) (Müslim, Büyu 17) hədisinə istinadən mal gətirən kəndli və ya istehsalçı aldandığını başa düşdükdə satışı pozub zərərini istəyə bilər.

Bu qadağa şəhərlinin kəndliyə aid malları ucuz qiymətə alıb anbara vurması, planlı şəkildə bazara çıxarıb haqsız rəqabət aparması və süni qiymət artımı meydana gətirməsi kimi səbəblərlə bağlıdır. Bütün bunlar da topluma zərər verir. Bu gün səbzə-meyvə məhsulları satandan tutmuş böyük topdansatışçı, vasitəçi və dəllallara qədər – hamısını bu aspektdə dəyərləndirmək lazımdır. Bu adamlar qiymətləri süni artırmır, istehsalçı və istehlakçının mənafeyini gözləyirsə, kimsə onları qınaya bilməz. Əksinə, inşallah, bu gözəl niyyətlərinə və haqpərəstliklərinə görə Allah onları mükafatlandırar. Allah Rəsulu buyurur: “Bir şəxs qida məhsullarını toplayıb bazar qiymətinə satarsa, onu sədəqə verirmiş kimi savab qazanar” (İbn Macə, Ticarət, 1).

Nəticə olaraq deyə bilərik ki, belə bir qadağa insanların xeyri üçün qoyulmuşdur. Dinimiz bir şəxsin haqqını qoruduğu kimi, cəmiyyətin də hüququnu mühafizə edir və lazım gələndə fərdi cəmiyyətdən deyil, cəmiyyəti fərddən üstün tutur. Malını bazara gətirən şəxs özü satarsa, şəhər əhalisi daha ucuz alar və əhali də bundan faydalanar. Belə olduqda da şəxslərin haqqı tapdanmaz, sadəcə haqsız qazanc və möhtəkirliyin qarşısı alınar. Digər tərəfdən də bazara gələn istehsalçı və ya kəndli məhsulunu həmin gün satıb evinə dönmək istədiyinə görə hərislik göstərib qiyməti qaldırmaz və nəticədə də bazar qiymətləri sabitləşər. Alış-veriş edən şəhərlilər də uzaqdan gələn istehsalçının əməyinə hörmətlə yanaşıb malın qiymətini aşağı salmağa çalışmaz, ona mərhəmət və şəfqət göstərər. Nəticə etibarilə bu qayda hər iki tərəfin lehinədir. Əmtəənin insanların ehtiyacından istifadə edib zəhmətsiz və haqsız qazanc əldə etmək istəyən insanların əlində toplanması bazar qiymətlərində kəskin artımlara, sağlam rəqabətin aradan qalxmasına, əmtəə qıtlığına gətirib çıxarır. Belə hallarda bu gün də rast gəldiyimiz kimi tez xarab olan qida məhsulları çürüyüb israf olur. İslamın sistemə saldığı ticarət əxlaqına əməl edilməsi bu cür mənfi halların qarşısını alacaq və inşallah, gözəl bazar ab-havası meydana gətirəcək.

[1]Məkruh – Xoş qarşılanmayan, sevilməyən və ibadətlərin savabını azaldan əməllərdir. Məsələn, namaz qılarkən ətrafa baxmaq.



Açar sözləri

dəllal tacir ticarət

Bənzər məqalələr

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.

Müştəriyə fürsət vermək

Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.

Əliaçıqlıq insanı Allaha yaxınlaşdırır

“Əliaçıq adam Allaha yaxındır. İnsanlara yaxındır. Cənnətə yaxındır. Cəhənnəmdən uzaqdır. Xəsis Allahdan uzaqdır, insanlardan uzaqdır, cənnətdən uzaqdır. Cəhənnəmə isə yaxındır”. (Tirmizi, Birr, 40; Təbərani, Mücəmül-əvsat, III, 27) Əliaçıqlıq Cənnətdən dünyaya uzadılan bir budaqdır. Sədəqə, qurban, tələbə təqaüdü və hədiyyə kimi vəsilələrlə könülləri sevindirmək, möhtacların köməyinə çatmaqdır. Əliaçıqlıq ağacının bir budağından yapışan bəxtəvərlər Tuba ağacının budağından […]


Şərh yaz