36. 880 dəfə oxunub ,   2 şərh   Çap et

Gərdək otağına girərkən “bismillah” demək

Kişinin həyat yoldaşına dua etməsi

İki rükət namaz

Ərlə arvad arasındakı cinsi əlaqənin ədəbi

Cinsi əlaqədən qabaq buna mənəvi cəhətdən hazırlaşmaq

Təmizliyə diqqət etmək

Gərdək və ya zifaf gecəsi nikah bağlandıqdan sonra ər-arvad olan cütlüyün baş-başa qalacaqları ilk gecədir. İlk dəfə qarşı cinsin nümayəndəsi ilə baş-başa qalacağına görə istər qız, istərsə də oğlan eyni anda həm həyəcanlanır, həm də sevinir. Bu gecədə qorxu, təlaş, sevinc, həyəcan hisləri bir-birinə qarışır. Sevinc və həyəcan hislərinin keçirilməsi olduqca normal haldır. Çünki yeni bir həyatın başlanğıcı qoyulur, cütlüklər ailə qurur, nəslin davamı üçün ilk addım atılır, həmçinin cismani zövqlərin rahatlıqla yaşanacağı bir ortam əmələ gəlir.

Təlaş və qorxuya gəldikdə isə bu daha çox qızlarda müşahidə olunur. Lakin eyni hisləri oğlanlar da keçirə bilər. Zifaf gecəsində qız ilk dəfədir ki, kişi ilə təklikdə qalır. Kişinin ona qarşı ilk reaksiyası, onu bəyənib, yaxud bəyənməməsi, qaba, yoxsa yumşaq davranması, ərini qane etməsi və ya kişinin ondan narazı qalması ilə bağlı təlaş keçirir. Doğrudur, qız qədər olmasa da, lakin bu gecə kişi də təlaşlana, qorxa bilər. Bu zaman kişinin beynində müxtəlif suallar, fikirlər dolaşır. Məsələn, bu gecə, görən, xanımını məmnun edə biləcəkmi, onunla nə cür davranmalıdır?  Ola bilsin, kişi ilk gecədə naşılıq etməkdən, xanımını özündən soyutmaqdan çəkinsin. Qorxu və təlaş keçirməmək, eləcə də sevinc və həyəcanın, belə deyək, normasında qalması üçün bu gecəyə aid bəzi şeyləri bilmək lazımdır. Bunları qısaca xarakterizə edək:

Bismillah demək

Hər bir xeyrin əvvəli “bismillah” kəlməsi ilə başlayır və  “bismillah” deyilmədən görülən işlərdə bərəkət yoxdur. Gərdək otağına da “bismillah” deyərək girilməlidir ki, ilk addım mübarək və bərəkətli olsun.

Salam, kəlam və ikram

Zifaf otağına girərkən salam vermək lazımdır. Salam sağlıq və salamatlığa vəsilədir. İlk gecə olduğundan zifaf gecəsi bir qədər söhbət edilməli, tərəflər bir-birinə xoş sözlər deməli və danışarkən nəzakət və mülayimliyə diqqət yetirilməlidir. Kişinin xanımına içəcək və s. şeylərdən ikram etməsi də gözəl olar. Bu barədə belə bir rəvayət vardır: “Əsma binti Yəzid Həzrət Aişə anamızı bəzəyib-düzədikdən sonra Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanına gətirmişdi. Allah Rəsulu gəlib Aişə anamızın yanında oturdu. Ona böyük bardaqda süd gətirmişdi. Süddən bir qədər içib bardağı Həzrət Aişəyə verdi. Aişə anamız utandığına görə başını aşağı saldı”[1].

Kişinin həyat yoldaşına dua etməsi

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) tövsiyə edir ki, kişi evləndiyi gün əlini xanımının alnına qoyub “Əuzu bəsmələ” oxuduqdan sonra belə dua etsin: “Ya Rəbb, Səndən bunun özünün və xasiyyətinin xeyrini diləyirəm. Şərindən və xasiyyətinin şərindən də yenə Sənə sığınıram”[2].

İki rükət namaz

Evlənənlərin hər ikisinin mümkün qədər birlikdə, yox əgər qadının buna imkanı yoxdursa, kişinin təkcə namaz qılmasını səhabələr tövsiyə etmişlər. İbn Məsud, Əbu Zərr və Hüzeyfə (radiyallahu anhum) yenicə evlənmiş bir adamın yanına getdikdə ona bu şəkildə məsləhət verirlər: “Xanımının yanına girəndə iki rükət namaz qıl və Allahdan onun xeyrini istə, şərindən də yenə Allaha sığın. Sonra arvadınla istədiyin cür vaxt keçir”[3].

İlk gecədə diqqət edilməli olan daha bir önəmli məsələ cinsi əlaqəyə müəyyən qaydada girməkdir. Növbəti hissədə bundan bəhs edilir.

Ərlə arvad arasındakı cinsi əlaqənin ədəbi

Ərlə arvad arasında cinsi əlaqənin özünəməxsus ədəb və ərkanı vardır. Bunları aşağıdakı kimi sadalaya bilərik:

Cinsi əlaqədən qabaq buna mənəvi cəhətdən hazırlaşmaq

Ərlə arvadın cinsi əlaqəyə girməsi həm uşağın doğulması üçün ilk addımdır, həm də insanın şəhvət ehtiyacının təmin olunmasının halal yoludur. Xüsusilə, uşaq dünyaya gətirmək niyyətilə cinsi əlaqəyə girməmişdən qabaq mənəvi cəhətdən bəzi hazırlıq işləri görülməlidir. Bu barədə İslam alimlərindən biri belə düşünür: “Ərlə arvad uşağa ilk addımı atmamışdan əvvəl bir təmizlik müddətini keçməlidirlər. Bu vaxt ərzində yeyib-içdiklərinin halallığına həssas yanaşmalı, daha çox ibadət etməli, dua və zikirlərinin müntəzəmliyini qorumalı, əl, dil, göz, qulaq və başqa bədən üzvləri ilə işlədikləri günahlarına tövbə edib Allahdan bağışlanma diləməli və maddi-mənəvi günahlardan bu şəkildə təmizlənməklə yaxınlıq etməlidirlər. Bu cür təmizlik müddətindən sonra edilən yaxınlıqdan təmiz torpağa atılmış toxumun cücərdiyi kimi gözəl nəsillər yetişəcəkdir. Bu nəsillər ana-atalarını nə utandırıb, nə məyus edəcək, bununla yanaşı Allah və Rəsulunun xoşnudluğunu qazanan insanlar olacaqlar. Fikrimizə dəlil olaraq Buxari və Müslimin kitabına düşən aşağıdakı hədis bu fikri təsdiq edir: “Şaki[4] hələ ana bətnində olanda bədbəxtdir, səid[5] anasının bətnində də xoşbəxtdir.”[6]

Bəli, uşağın hələ ana bətnində ikən bəxtəvər, yaxud bədbəxt olacağı hökmü verilən ana qədər hər cür ehtiyatı almaq lazımdır. Spermanın yumurtaya düşdüyü andan etibarən dölün nə ilə qidalanması, anasının davranışları, ana-atanın bundan əvvəlki və sonrakı hərəkətləri də onun bəxtəvər, yaxud bədbəxt olacağının yazılmasında mühüm rol oynayır.

Hər şey toxumun atıldığı andan etibarən başlayır. O, rüşeym halında ikən gələcək taleyi bəxtəvər və ya bədbəxt yazılıbsa, bunda haram bir tikənin, ana-atanın işlədiyi günahların əhəmiyyətini azaltmaq olmaz. Toxum bismillahsız atılıbsa, onun səmərə verməsi artıq Allahın lütfünə qalıb. Doğrudur, əyri addımdan müsbət nəticə də əldə oluna bilər. Ancaq bu, çox çətindir. Ümumiyyətlə qeyri-mümkündür demirik. Çünki Əbu Cəhildən İkrimə kimi bir insan əmələ gəlib. Bu misala uyğun olaraq, olduqca mənfi həyat tərzi keçirən ailələrdən də bəzən inanclı insanların çıxdığını söyləyə bilərik.

Bir şeyi yəqinliklə bilməliyik ki, əkdiyimiz hər toxum ya zəqqum olub başqalarını zəhərləyəcək, ya da kökü yerin dərinliklərinə işləyən, budaqları isə göylərə yüksələn mübarək bir ağac olub meyvələri, kölgəsi, budaqları, yarpaqları ilə nəsilbənəsil bəşəriyyətə xidmət edəcək və insanın səadəti, yer üzünün abad olması üçün çalışacaqdır”[7].

Həqiqətən də “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz şəkildə girin. Özünüz üçün qabaqcadan hazırlıq görün[8]” ayəsindəki “özünüz üçün qabaqcadan hazırlıq görün” ifadəsini “yaxınlıq etməmişdənq qabaq xeyirli işlər görün” şəklində anlayan alimlərimiz də olmuşdu[9].

Bismillah və dua ilə başlamaq

Bu barədə Həzrət Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu tövsiyəni verir: “Hər kim əri, yaxud arvadı ilə yaxınlıq etmək istədikdə: “Bismillah. Allahım, bizi şeytandan, şeytanı da bizə ruzi olaraq verəcəyin uşaqdan uzaq et”,– deyərək dua eləsə və Allah da onlara uşaq bəxş etsə, şeytan ona heç bir vaxt zərər verə bilməz”[10]. Uşaq dünyaya gətirmək, yaxud da ehtiyacını halal yolla qarşılamaq üçün yaxınlıq edilməsindən asılı olmayaraq, bu duanı oxumaq lazımdır. Ona görə ki, hətta uşağa niyyətlənmədən yaxınlıq edildikdə də uşaq ola bilər. Bu cür dua yaxınlığa bir başqa üxrəvilik verir, cinsi əlaqə büsbütün şəhvət hislərinin təsiri altında edilmir və o məhrəm halda belə Allahın adı zikir olunur (yaxud Allah xatırlanır).

Cinsi əlaqədən qabaq “La ilahə illəllah, Allahu Əkbər” demək, “İxlas” surəsini oxumaq da müstəhəb sayılır. İnzaldan (məninin xaric olması) azacıq əvvəl “İnsanı bir qətrə sudan yaradan, ondan nəsillər artırıb (övladlar dünyaya gətirib) qohum-əqrəba var edənAllaha həmd olsun. Rəbbinin hər şeyə gücü yetər” duasını ürəyində oxumaq da yenə müstəhəb hesab edilir[11].

Müstəhəb qəbul olunan dualardan biri də budur: “Uca və böyük Allahın adı ilə. Allahım, əgər mənə belimdən gələn bir uşaq nəsib edəcəksənsə, onu təmiz övlad et![12]”

Təmizliyə diqqət etmək

Cinsi əlaqə zamanı təmizlik də çox önəmlidir. Yaxınlıq etməmişdən qabaq ağız içinin təmizliyinə fikir vermək, tənasül üzvünü yumaq, gözəl ətir vurmaq həm cinsi əlaqənin həzzini artırır, həm də sağlamlıq baxımından əhəmiyyətlidir. Əlaqədən sonra bez, salfet və s. şeylərdən istifadə etməklə təmizlik gözlənilməlidir. Əlləri yumadan ağıza, buruna vurmaq olmaz.

[1]Əhməd ibn Hənbəl, “Müsnəd”, VI, 471 (27632).

[2]Əbu Davud, “Nikah”, 46.

[3]İbn Əbi Şeybə, “Müsənnəf”, X, 394 (30352).

[4]  Şaki – Hər cür günah işləməkdən çəkinməyən, Allaha asi, üsyankar  olan adam.

[5]  Səid – Allahın (c.c.) sevdiyi. Onun rizasını əldə edən. Axirəti üçün çalışan adam. Məsud, mübarək, bəxtiyar.

[6] Müslim, “Qədər”, 3; İbn Macə, “Müqəddimə”, 7; Buxari, “Qədər”, 1.

[7]“Çekirdekten çınara”, s. 67.

[8]“Bəqərə” surəsi, 2/223.

[9] Razi, “Məfatihul-qeyb” əsəri, sözügedən ayənin təfsiri.

[10]Əbu Davud, “Nikah”, 46.

[11]İmam Qəzali, “İhyau-Ulumiddin”, II, 49.

[12]İmam Qəzali, “İhyau-Ulumiddin”, II, 49.



Açar sözləri

ailə evlilik gərdək Toy zifaf

Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.


2 şərh yazılıb
  1. Rustem , 20/12/2014 tarixində, saat 05:12

    Cox gozel vurguladiniz,Tewekkur edirik

  2. Şükür , 30/05/2017 tarixində, saat 15:05

    Çox sağolun tam oxudum təşəkkürlər

Şərh yaz