4. 675 dəfə oxunub ,   0 şərh   Çap et

“Münafiqin üç əlaməti var, yalan danışar, sözünü yerinə yetirməz, əmanətə xəyanət edər”.

(Buxari, İman, 24; Müslim, İman, 107)

Münafiq “imanla küfr arasında qalan, qərarsız, şübhə içində olan, imandan çox küfrə yaxın olan və ya küfrünü gizlədərək özünü mömin göstərən, dinin bir qapısından girib digərindən çıxan ikiüzlü insan” deməkdir. Bu sözün kökü çöl siçanının təhlükə ilə qarşılaşanda bir neçə çıxışı olan yuvasının bir dəliyindən girib o birindən çıxması mənasını verir.

Münafiqlik imana dair məsələlərlə bağlıdırsa, küfrdür. Əməli məsələlərlə əlaqədardırsa, əməldə münafiqlik adlandırılır. Quran və sünnədə də münafiqlik mövzusundaa bəhs edilmişdir.

Yuxarıda verilən hədisin başqa bir rəvayətində Peyğəmbərimiz dördüncü bir xüsusu da qeyd etmiş və “Anlaşılmazlıq olanda yaxasını kənara çəkib haqsızlıq etməyi” də münafiqlik əlaməti kimi göstərmişdir. (Buxarı, İman, 24; Müslim, İman, 106)

Yenə mövzu ilə əlaqədar bir başqa hədisdə bildirilir ki, yuxarıda sayılan xüsusiyyətlərə malik şəxslər oruc tutub namaz qılsalar da, müsəlman olduğunu iddia etsələr də, onların münafiqlikdən əl çəkməsi mümkün deyildir. (Müslim, İman, 109-110)

Həyatın hər bir sahəsi ilə yanaşı, ticarət həyatında da yalan danışmaq, sözündən dönmək və əmanətə xəyanət kimi hallara daha çox rast gəlinir və bunların tez-tez təkrar olunması fərd və cəmiyyətin yetkin imana sahib olmamasından qaynaqlanır. Allaha bütün varlığı ilə iman gətirən və axirətdə hesab verəcəyinə qəlbən inanan insanlar bu məsələlərdə son dərəcə həssaslıq göstərir, münafiqlikdən ilan-çayandan qaçırmış kimi uzaq olmağa çalışırlar.

Hədisdə ilk qeyd edilən məsələ yalan danışmaqdır ki, o da “yalan yerə and içmək” mövzusunda müəyyən qədər izah olunmuşdur. İslam əxlaqında doğru sözlülük və dürüstlük fəzilətli insan və cəmiyyətin formalaşmasında əvəzedilməz amildir. İnsanlar arasında qarşılıqlı inamı və cəmiyyətin səadətini təmin edən ən vacib mənəvi dəyərlərdən biri olan doğruluq istər fərdi, istərsə də ictimai baxımdan bütün zəruri əxlaqi xüsusiyyətləri özündə toplayır. Bir yerdə ki insanlar sözündə, əməlində dürüst deyil, fırıldaqçılıq edir, yalan danışıb adamları aldadır, o yerdə ticarət də daxil olmaqla, heç bir şeyin sağlam inkişaf etməsi mümkün deyil. Çünki iqtisadi inkişaf ilk növbədə dürüstlük və etibardan asılıdır. Doğruluq olan yerdə etibar, etibar olan yerdə də təşəbbüs gücü və cəsarəti vardır.

Peyğəmbərimiz ticarət həyatının insanı günaha, yalan söyləməyə, başqasının haqqını yeməyə sövq etmə ehtimalı olduğu üçün ticarətçiləri xəbərdar etmişdir: “Qiyamət günü tacirlər facir, yəni günahkar kimi dirildiləcək, ancaq Allahdan qorxanlar, yaxşılıq edənlər və doğruluqdan ayrılmayanlar istisnadır”. (İbn Macə, Ticarət, 3)

Söz verib əməl etmək imana xas xüsusiyyətdir. Ticari həyatda ən vacib xüsusiyyət doğru və dürüst olmaqdır ki, bu da verilən sözün yerinə yetirilməsini və müqavilələrə riayət edilməsini tələb edir. Sevgili Peyğəmbərimiz (s.ə.s) səhabələrindən üç dəfə təkrarla: “Sizin ən xeyirlinizin və ən şərlinizin kim olduğunu söyləyimmi?” – deyə soruşmuş, səhabələr də “Bəli” cavabını vermişdi. Allah Rəsulu da: “Ən xeyirliniz insanların ancaq yaxşılıq gözlədiyi, pislik etməyəcəyinə əmin olduğu insandır. Ən şərliniz isə insanların yaxşılıq ummadığı, pislik etməyəcəyinə də əmin olmadığı şəxsdir”, – demişdi. (Tirmizi, Fitən, 76)

Sözünün üstündə durmayan insanlar ticarətdə də etimad və etibarını itirir. Həmçinin Allah Rəsulu sözünə əməl etməyənlərin aqibətini belə təsvir edir: “Qiyamət günü Allah əvvəlkilər və sonrakıları bir yerə toplayanda vədinə xilaf çıxan hər kəs üçün bir bayraq qaldırılacaq və “Bu, filankəsin oğlu filankəsin vədinə xilafıdır”, – deyiləcək”. (Buxari, Ədəb, 99)

Abdullah ibn Əbil-Hamsa belə bir hadisə danışır:

“Rəsulullah (s.ə.s) hələ peyğəmbər olmadan əvvəl Ondan bir şey almışdım. O sövdələşmədən bir qədər borcum qalmışdı. Mən qalan borcumu onunla bir yerdə görüşüb qaytaracaqdım. Amma verdiyim sözü unutdum. Üç gün keçdikdən sonra xatırladım. Gələndə gördüm ki, O, hələ də danışdığımız yerdə gözləyir. Sonra mənə: “Ey gənc! Mənə əziyyət verdin. Üç gündür, burada səni gözləyirəm”, – dedi. (Əbu Davud, Ədəb, 90)

Hədisdə əksini tapan üçüncü məsələ əmanətə riayət etməkdir. Əmanət bir şəxsə həvalə edilən mal və ya əşyadır. Bir insanı etibarlı bildiyimiz üçün nəyisə əmanət edirik. Həmin şəxs yaxşı niyyətlə və əlindən gəldiyi qədər malı və ya əşyanı qoruyursa, mala zərər dəysə belə, bu zərərə görə məsuliyyət daşımır. Lakin əmanət saxlayan əmanəti öz malı kimi qorumur, malın tələf olmasına və ziyan görməsinə səbəb olursa, məsuliyyət daşıyır. Çünki bu cür rəftar əmanətə xəyanətdir. Bundan başqa əmanət müəyyən haqq müqabilində qorunarsa, bu, ikitərəfli akt və hüquqi əməliyyatla tənzimləndiyi üçün dəyən zərər ödənilməlidir. Əmanət sahibinin icazəsi, məlumatı və razılığı olmadan əmanətdən istifadə etmək, kiminsə istifadə etməsinə icazə vermək, bir başqasına əmanət etmək və ya üzərində hər hansı bir hüquqi əməliyyat aparmaq doğru deyil.

Peyğəmbərimiz: “Əmanətə riayət etməyən insanın imanı həqiqi iman deyildir”, (Əhməd ibn Hənbəl, Müsnəd, III, 135) – buyuraraq imanla əmanətin əlaqəsinə diqqət çəkir. “İman”la “əmanət” sözləri eyni kökdən gəlir.

Digər tərəfdən, Allah Rəsulu əmanətə riayət həssaslığının itirilməsini “Elə ki əmanətə xəyanət edildi, işlər layiqli insanlara həvalə edilmədi, onda qiyaməti gözlə!” (Buxari, İman, 1) sözü ilə ifadə etmiş və qiyamətdən əvvəl ictimai əxlaqın sıradan çıxacağını xəbər vermişdir.

“Ən gözəl qazanc yalan danışmayan, əmanətə xəyanət etməyən, söz verəndə sözündə duran, satın alınan malı dəyərindən çox pisləməyən, mal satarkən də dəyərindən çox tərifləməyən, borcunu gecikdirmədən verən, borcunu alarkən (borclunun işini) asanlaşdıran ticarətçinin qazancıdır”. (Heysəmi, əz-Zəvacir, I, 191) Bu gözəl xüsusiyyətlər ticarətlə məşğul olan hər kəs üçün gərəklidir.



Açar sözləri

doğruluq münafiq yalan

Bənzər məqalələr

Təvazö və ixlas

Təvazö öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmək, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olmaq və sadəlik deməkdir.

Sidq və ya doğruluq

Sidq və ya doğruluq peyğəmbərlərin beş əsas xüsusiyyətindən biridir. Uca Allah Quranda həzrət Musa və həzrət İbrahim haqda “O, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.”[1], həzrət İsmayıl haqda da: “O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi.”[2] – buyurmuşdur. Bu səbəbdən peyğəmbərlərin bütün hərəkət və ifadələrində doğruluq nəzərə çarpır. Peyğəmbərlər […]

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

İxlas nədir?

İxlas bütün növ şirkdən uzaq və tövhid üzrə Uca Allaha qulluq etmək, ibadətdə yalnız Allahın rizasını gözləmək deməkdir.

Kimlər həqiqi iman etmiş sayılır

İman gətirənlərdən, yəhudi, xristian və sabiilərdən hər kim Allaha, axirət gününə (tam səmimiyyətlə) inanar, yaxşı işlər görərsə mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər. Bəqərə 62


Şərh yaz