Gündəlik həyatda insanlar müxtəlif problemlərlə qarşılaşırlar. Haqlı-haqsız və ya həmin məsələdə səmimi olub-olmadıqlarını göstərmək üçün bəzən and içməyə meyl edirlər. And içmək haqqında bəhs olunan mövzunun əhəmiyyətli olmasına işarə olmaqla yanaşı həm də söz verməkdir. Həmin verilən və ya deyilən sözün arxasında mütləq durmaq lazımdır.
And içərkən adını çəkdiyimiz varlığı ucaltdığımız üçün, Allahdan başqasının adına and içmək olmaz. Rəsulullah (s.ə.s) Hz.Ömərin (r.a) “və əbi” (atamın canına and olsun ki) deyə and içdiyini eşitdikdə, ona “Allah atalarınızın canına and içməyi qadağan etdi. Kim and içəcəksə Allahın adına and içsin, əks halda sussun” − buyurmuşdur.[1] Hədisin başqa bir rəvayəti isə belədir: “Atalarınızın canına and içməyin. Kim Allahdan başqa bir şeyə and içərsə, Allaha şirk (şərik) qoşmuş olar”.[2] Başqa hədisdə isə, “Bütlərə və atalarınızın adına and içməyin”[3] – buyrulmuşdur. Qurani-Kərimdə Allahın (c.c) müxtəlif varlıqlara və ya zamanlara and içməsi, Allah Təalaya məxsusdur. Təfsir alimləri Quranda keçən andları aşağıdakı kimi izah etmişlər:
Fəqehlərə görə Rəsulullah, Kəbə və ya Quran, namus, şərəf, mələklər, ata-ana və torpaq üzərinə içilən anadlar caiz deyil. Ancaq İslam alimlərinə bəzilərinə görə birbaşa Qurana and içən şəxs kəffarə verməlidir. Çünki Quranı-Kərimi nəzərdə tutaraq and içərkən Onun Allah kəlamı olduğu düşünülərək and içilir.
İnsanın cahillik edib sözünü qüvvətləndirmək və həmsöhbətini inandırmaq üçün etiqadi baxımdan küfür olan şeyləri zikr edərək, halal olan bir şeyi haram görərək and içməsi da qadağan edilmişdir.[4] Allah Rəsulu bu haqda belə buyurmuşdur: ”İslamdan uzaq olum” deyərək and verən kimsə, əgər bu andında yalançıdırsa söylədiyi kimidir. Yox əgər sözündə doğrudursa onda həmin şəxs inancından heç nə itirmədən İslama geri dönə bilməz (yəni inancı zədələnər)”.[5]
Adətlərə bağlı olaraq Allahın adını çəkmədən edilən andlarda andın növlərindəndir.[6]Məsələn, “Əgər …… etdimsə Qurandan uzaq olum”, “…Peyğəmbərdən uzaq olum”, “…… Allahım olmasın”, və ya “… yemək yemək haram olasun”, “…. bu maşına minmək haram olsun” və s. kimi ifadələr vardır. Bu cür ifadələrdən istifadə etmək doğru deyildir, ancaq istifadə edildiyi təqdirdə and kimi sayılır. “Çörək haqqı” deyərkən Allah Təalanı qəsd edərək içilən and da bunun kimidir. Ona görə də and içənin niyyətinə baxmaq lazımdır. Unudaraq və ya yanılaraq yuxarıdakı formalarda and içən şəxs əvvəlcə tövbə istiğfar etməli və daha sonra içdiyi andını yerinə yetirməlidir. Andını pozduğu təqdirdə andə pozmağa görə olan kəffarəni yerinə yetirməlidir. Yox əgər niyyətində çörəyi tutaraq and içibsə bu doğru deyil. Qarşı tərəfi aldatmış və çörəyə and içdiyi üçün də günah işləmiş sayılır. Hədisin ifadəsilə Allaha şərik qoşmuş olar.[7] Buna görə də Allahdan başqa bir şeyə and içən şəxs içdiyi anda görə kəffarə ödəməz, ancaq mütləq tövbə etməlidir.
And içmənin kəffarəsi Quranı-Kərimdə belə ifadə olunur:
“Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!” ( Maidə, 5/89)
Nəticə etibarı ilə deyə bilərik ki, and içməyi adət halına gətirməmək lazımdır. Çünki and verdiyimiz zaman məsuliyyət daşıyırıq. Allahdan başqa bir şeyə and içmək günahdır. Ancaq Allah Təalanın adına and içə bilərik. Andımızı pozmaq məcburiyyətində qaldıqda isə and içmə kəffarəsini ödəməliyik. Yoxsa axirətdə içdiyimiz anda görə cavab vermək məcburiyyətində qalarıq.
[1]Buxari, Əyman 3,4; Müslim, Əyman 3. Ayrıca baxın: Buxari, Ədəb 74, Tövhid 13; Əbu Davud, Əyman 4; Tirmizi, Nuzur 9; Nəsəi, Əyman 4; İbn Macə, Kəffarət 2
[2]Əhməd ibn Hənbəl, Müsnəd, IV, 47.
[3]Müslim, Əyman 6. Ayrıca baxın: Buxari, Əyman 5; Nəsəi, Əyman 10; İbn Macə, Kəffarət 2
[4]Baxın: Təhrim surəsi, 1
[5]Əbu Davud, Əyman 9; Nəsəi, Əyman 8; İbni Macə, Kəffarət
[6] “ Sənin and vermən dostun səni nə üzrə təsdiq etdi isə ona görədir”. Müslim, Əyman
[7]”Allahdan başqası adına and içən şəxs küfrə və ya şirkə düşmüş olar.” (Tirmizi, Nuzur, 8)
Elsad , 24/06/2014 tarixində, saat 14:06
Allah razı olsun. Bu mövzu günümüzün insanlarına aşılanması vacib olan mövzulardandır. Teşekkür.
Fikrət , 25/06/2014 tarixində, saat 08:06
Zəhmət olmasa bu hədisə münasibətinizi bildirəsiniz :
Müslim özünün “Səhih” kitabında (sünnülərin “Sihahi sittə” kitabından biridir) belə qeyd edir: “Bir nəfər Peyğəmbərdən (s.ə.v.v) soruşdu: Hansı sədəqənin mükafatı daha yaxşıdır? Buyurdu: Atana and olsun, ondan agah olacaqsan və o da bundan ibarətdir ki, salamatlıq halında və həris ola-ola, fəqirlikdən qorxub qalmağa ümidin olan halda sədəqə verəsən.” (“Səhihi Müslim”, 3-cü cüz, Misir çapı, Kitabuz-zəkat, bəyanu ənnə əfzələssədəqəti sədəqətus-səhihiş-şəhih babı, səh.92 və 94)