“Qonşun səndən zərər görməyəcəyinə əmin deyilsə, cənnətə girə bilməzsən”. (Buxari, Ədəb, 29; Müslim, İman, 73; Əhməd ibn Hənbəl, Müsnəd, II, 336)
Yaşayış və ya iş yerlərinin yaxınlığından doğan qonşuluq münasibətləri dinimizin əhəmiyyət verdiyi məsələlərdən biridir. Həzrət Əliyə görə, bir-birinin səsini eşidəcək qədər yaxın olan şəxslər, Həzrət Aişə anamıza görə isə, evin hər tərəfindən başlayaraq qırx ev qonşu sayılır.
Biz gündəlik həyatımızın bir hissəsini evdə, müəyyən vaxtını da iş yerində keçiririk. Bu baxımdan həm ev qonşularımız, həm də dükan və ya iş yeri qonşularımız var. Hər iki qonşumuzla xoş keçinmək, hörmət və sevgi göstərmək Allahın bizdən gözlədiyi gözəl davranışlardandır.
Quranda belə buyurulur: “Yalnız Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-ana, qohum-əqrəba, yetimlər, yoxsullar, yaxın və uzaq qonum-qonşu, yaxın (yoldaş və) dost, (pulu qurtarıb yolda qalan) müsafir (yolçular), əlinizin altında olan (sahib olduğunuz qul və kənizlər) ilə yaxşı rəftar edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (“Nisa” surəsi, 4/36)
Ayə ilk öncə Allaha qulluğu və heç bir şeyi şərik qoşmadan səmimi qəlbdən ibadət etməyi əmr buyurur. Daha sonra ana-ata ilə yaxşı rəftar etmək, qohumlara arxa olmaq, yetimləri və yoxsulları himayə etmək xatırladılır. Bundan başqa, evi yaxında olan və ya qohum olan yaxın qonşuya və evi uzaqda olan və ya qohum, ya da müsəlman olmayan uzaq qonşuya yaxşılıq etməkdən bəhs edir. Almalılı Həmdi Yazır bu ayə ilə əlaqədar aşağıdakı hədisi verir: “Üç cür qonşu var. Birincisinin üç haqqı var: qonşuluq haqqı, yaxınlıq haqqı və din qardaşlığı haqqı, ikincisinin iki haqqı vardır: qonşuluq haqqı və din qardaşlığı haqqı. Üçüncüsünün bir haqqı vardır: qonşuluq haqqı. Bunlar Xristian, Yəhudi və müşrik olan qonşulardır” (İbn Həcər, Fəthül-bari, 10/456). Demək ki, xristian və ya yəhudi olmasına baxmayaraq, hər bir qonşuya yaxşılıq etmək qonşuluq haqqıdır. Belə insanlara ən böyük yaxşılıq isə İslamın gözəlliklərini əməl və sözlə aşılamaqdır.
Buna görə də Abdullah bin Amr ibn As bir qoyun kəsdirmiş və xidmətçisindən: “Yəhudi qonşumuza verdinmi? Yəhudi qonşumuza verdinmi?” – deyə təlaşla soruşmuş, dərhal sonra da şəxsən Allah Rəsulundan eşitdiyi: “Cəbrail qonşuya yaxşılıq etməyi mənə o qədər xatırlatdı ki, qonşunu qonşuya varis təyin edəcəyini zənn etdim”. (Buxari, Ədəb, 28; Müslim, Birr, 140-141) hədisi-şərifini demişdir. (Buxari, əl-Ədəbül-müfrəd, s.52, bab 57)
Allah Rəsulu qonşuluq hüququna dair əhəmiyyətli xəbərdarlıqlar etmişdir.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) üç dəfə: “Vallah, iman etmiş sayılmaz!” – buyurdu. Səhabələr: “Kim iman etmiş olmaz, ey Allahın Rəsulu?” – deyə soruşanda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “O şəxs ki qonşusu ondan bir ziyan gəlməyəcəyinə əmin deyil!” – buyurdu. (Buxari, Ədəb, 29)
“Allah-Təalanın nəzərində xeyirli dost dostuna faydalı olandır. Yenə Allah-Təalanın nəzərində xeyirli qonşu qonşusuna faydalı olandır”. (Tirmizi, Birr, 28)
“Allaha və Axirət gününə iman edən insan qonşusu ilə xoş davranaraq yaxşılıq etsin. Allaha və Axirət gününə iman edən insan qonağına yaxşı baxsın (ona qarşı səxavətli davransın). Allaha və Axirət gününə iman edən insan ya xeyir danışsın, ya da sussun”. (Müslim, İman, 73)
Qonşular bir-birləri ilə qaynayıb-qarışdığı üçün qohumlar kimi gözəl keçinməli, bir-biri haqqında gözəl şeylər düşünüb bir-birinin xoşbəxtliyini arzulamalı, dərdlərinə şərik olmalı, bir-birindən borc pul və ya əşya istəyəndə əsirgəməməli, xəstələnəndə baş çəkməli, maddi çətinliyə düşəndə bir-birinə əl tutmalı, bir-birinin malının və canının zərər görməməsinə səy göstərməli, bir-birini xətalardan çəkindirməli və ya məsləhət istəyəndə doğru yol göstərməlidirlər. Həmçinin bir-birinə hədiyyə verməli, qarşılaşanda təbəssümlə salamlaşmalı, köməyə ehtiyac olanda isə dərhal əl tutmalıdırlar ki, qonşuluq hüququna riayət etmiş olsunlar.
Digər mühüm məsələ isə daşınmaz əmlakın satışında qonşulara üstünlük verməkdir ki, buna da “şufa”, yəni “birinci almaq haqqı” deyilir. İş adamı və ticarətçi bir daşınmaz əmlakı satarkən əvvəlcə qonşusuna təklif etməlidir. Əgər qonşu təklif edilən qiymətə almaq istəməzsə, o halda mal sahibi malını başqa adama sata bilər. Əgər qonşuya xəbər verilmədən daşınmaz əmlak satılarsa, qonşu satqı dəyərini ödəyib satışı ləğv etdirə bilər. Çünki Peyğəmbərimiz: “Qonşu qonşusunun malını almağa daha layiqdir”, (Əhməd ibn Hənbəl, Müsnəd, III, 303; Əbu Davud, Büyu, 73) – buyuraraq “Bir-birinizin malını ancaq könül razılığı ilə yeyə bilərsiniz” (“Nisa” surəsi, 4/23) prinsipinə şərt qoymuşdur. İslamın bu hökmünü unutmamalı və bir daşınmaz əmlakı satarkən əvvəlcə qonşularımıza təklif etməliyik.
Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.
Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır?
Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.
Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız.
Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.