13. 278 dəfə oxunub ,   0 şərh   Çap et

Elə bir ölüm yoxdur ki, yaxınları kədərləndirməsin. Yaxınını itirən insanın kədərlənməsindən və ağlamasından daha təbii bir şey varmı? Bu, sevgi və mərhəmətdən doğur. Bu cür üzülüb ağlamaq caizdir. Ancaq özündən çıxıb qışqırmaq, xoşagəlməz sözlər demək və mərhumu incidən ağılar söyləmək doğru deyildir. Çünki bu cür hərəkətlər cahiliyyə dövrünə xas adətlərdir. Mömin bir müsibətlə üzləşəndə saçını-başını yolmaz, ah-fəğan etməz, əksinə, səbir və mətanətini ortaya qoyar, can və malın əsl sahibinin Allah olduğunu düşünər və Onun mülkündə dilədiyini etdiyini etiraf edər. Dolayısilə, qəza-qədərə razı olub səbrinin mükafatını alar. Müsibətlər ixlaslı qulları asi, üsyankar qullardan ayırar.

Peyğəmbərimiz (s.ə.s), “Ölüsü üçün baş-gözünə vuran, yaxasını cıran və cahiliyyə adətindəki kimi fəryad qoparan bizdən deyildir, bizim adətimizdə belə bir şey yoxdur“,[1] – buyurmuşdur. Ancaq Allah Rəsulu oğlu İbrahimin ölümünə kədərlənib ağlamışdı. Niyə ağladığını soruşanlara da: “Bu, mərhəmət hissidir, onu saxlamaq mümkün deyildir. Göz yaşarar, qəlb məhzun olar, ancaq dil Rəbbimizin xoşnud olmadığı sözləri söyləməz![2] –deyə cavab vermişdi.

Mərhumun üzünü açıb öpmək olar. Peyğəmbərimiz Osman ibn Mazunun (r.a) cənazəsini öpüb göz yaşı tökmüşdür.[3] Hz. Əbu Bəkir də Peyğəmbərimizin mübarək nəşini öpmüşdür. Hz. Aişə nəql edir: “Peyğəmbərimiz vəfat edəndə atam Sünüh məhəlləsindəki evindəydi. Məscidə gəldi, otağıma girdi. Peyğəmbərimizə yaxınlaşdı, mübarək üzü bir xirqə ilə örtülü idi. Örtüyü qaldırdı, alnını hörmətlə öpdü və ağladı. Daha sonra da: “Ey Allahın Peyğəmbəri, anam-atam Sənə fəda olsun. Allah ölüm əziyyətindən başqa bir daha Sənə kədər nəsib etməyəcək. Mütləq olan ölüm keçidini isə artıq keçmisən”, – dedi”.[4]

Peyğəmbərimizin (s.ə.s) qızı Ona: “Oğlum ölür, tez bizə gəl”, – deyə xəbər göndərir. Rəsulullah: “Alan da, verən də Allahdır. Hər kəsin bir əcəli var. Səbir etsin və savabını Allahdan gözləsin!” – buyurur. Qızı: “Allah xatirinə mütləq gəlsin”, – deyə təkrar xəbər göndərir. Peyğəmbərimiz (s.ə.s) bir neçə nəfərlə qalxıb gedir. Uşağı qucağına verirlər: uşaq son anlarını yaşayırdı. Rəsulullahın gözlərinin yaşardığını görən Hz. Sad təəccüblə soruşur: “Ağlayırsınız, ya Rəsulallah?” O (s.ə.s): “Bu, bir rəhmət və mərhəmətdir, Allah onu qullarının qəlbinə yerləşdirmişdir və Allah ancaq mərhəmətlilərə mərhəmət edər”, – buyurur.[5]

İbn Ömər (r.a) nəql edir: “Sad ibn Ubadə (r.a.) xəstələnmişdi. Allah Rəsulu (s.ə.s) bu vəfalı dostunu ziyarət etməyə getdi. Əbdürrəhman ibn Avf, Sad ibn Əbi Vaqqas və Abdullah ibn Məsud da Onunla birlikdə idi. İçəri girəndə ailəsinin onun başına toplaşdığını və ağır xəstə olduğunu gördü. Onlardan: “Vəfat etdi?” – deyə soruşdu. Onlar: “Xeyr, ya Rəsulallah,” – dedilər. Sad ibn Ubadənin hüznlü halı Peyğəmbərimizin (s.ə.s.) elə təsir etdi ki, hıçqırıqlarını saxlaya bilməyib ağladı. Onun ağlaması orada olanları da ağlatdı. Rəsulullah bəzilərinin bu­nu qəribə qaşıladığını görüb və ağlamağı başqa cür yozulmasın de­yə xəbərdarlıq etdi: “Bilmirsiniz ki, Allah göz yaşına və qəlbin kədərlənməsinə görə əsla əzab verməz?! – dedi və əli ilə dilini gös­tərərk əlavə etdi, – ancaq bundan ötrü əzab və ya mərhəmət edər”.[6]

Bir dəfə Allah Rəsulu (s.ə.s) qəbirstanlıqdan keçərkən bir qadının övladının qəbri başında fəryadu-fəğan edib ağladığını, üstünü başını cırıb, lüzumsuz sözlər dediyini görür və qadına yaxınlaşaraq nəsihət vermək istəyir: “Allahdan qorx və səbir et” . Qadın Peyğəmbərimizi tanımamışdı. “Məndən əl çək, – deyir, – Sən mənim başıma nə gəldiyini bilmirsən!” Allah Rəsulu da heç nə demədən qadının yanından uzaqlaşır. Ətrafdakılar qadına Onun Rəsulullah olduğunu bildirdikdə qadın daha da sarsılır. Çünki bilmədən Allah Rəsuluna hörmətsizlik etmişdi. Qaça-qaça Rəsulullahın evinə gəlir. Qapını döymədən içəri girib Peyğəmbərimizdən üzr istəyir. Allah Rəsulu da məlum hədisi buyurur: “Səbir müsibətin baş verdiyi ilk anda ona dözməkdir[7]. Vəfat hadisəsi və müsibətin ilk anında insan səbir edərsə bir müddət sonra həmin hadisəni normal qarşılamağa başlayır.  

Nəticə etibarilə deyə bilərik ki, vəfat edən şəxsə insan üçün kədərlənmək, səssiz-küysüz ağlamaq tamamilə təbii və insani bir davranışdır.

[1] Buxari, Cənaiz, 43; Müslim, Fəzail, 62.

[2] Tirmizi, Cənaiz, 44; Müslim, Cənaiz, 12; Əbu Davud, Cənaiz, 77.

[3] Tirmizi, Cənaiz, 14; Əbu Davud, Cənaiz, 36; İbn Macə, Cənaiz, 77.

[4] Buxari, Cənaiz, 3.

[5] Buxari, Cənaiz, 44; Müslim, Cənaiz, 6 ; Əbu Davud, Cənaiz, 77.

[6] Buxari, Cənaiz 45; Müslim, Cənaiz 12.

  [7] Buxari, Cənaiz 32; Müslim, Cənaiz 15.



Açar sözləri

ağlamaq ölü qəbir yaş

Bənzər məqalələr

Qəbir əzabı

“Zalımları, ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”(dediklərini) bircə görəydin.” (Ənam, 6/93)

Qurbanlıq heyvanın yaşı

Qoyun və keçinin ya bir yaşı tamam olmalı, və ya qoyunlar yeddi-səkkiz aylıq olmasına  baxmayaraq, bir yaşlı heyvan kimi görünməlidir. Dəvənin ən azı beş, inəyin isə iki yaşı tamam olmalıdır.

Mərhumun adına oruc tutmaq

Vəfat edən şəxsin ailəsi və ya yaxınları onun qəzaya qalmış oruclarını tuta bilməzlər. Rəsulullah (s.ə.s.) belə buyurur: “Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz.”

Axirət həyatının mərhələləri

Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.

Vəfat edənin ardınca nə etməli?

“Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq…” (Nisa, 4/78)


Şərh yaz