Necə həvəslə almışdı əlindəki kitabı. Məktəbdə müəllimi, məhəllədə dostları tövsiyə etmişdi. Üstəlik hər gün evinə gələn qəzetdə də kitabın reklamını görmüşdü. Bir neçə gün sonra qəzetdə həftədə bir dəfə çıxan resenziyalarda da həmin kitab haqqında oxuyunca öz-özünə: “Bu kitabı mütləq alıb oxuyacağam,” ‒ demişdi. “Bir də anamla məsləhətləşim,” – deyə ürəyindən keçirmişdi. Doğrudur, valideynlərinin “yox” deməyəcəyinə əmin idi, çünki evə gələn qəzetdə də bu kitabın reklamı çıxmış, hətta haqqında resenziya da yazılmışdı. “Amma yenə də məsləhətləşsəm, yaxşı olar,” – deyə düşünmüşdü. Hər halda özgəsi deyildi. Oxumuş, savadlı, dünya görmüş ana idi. Gümanı düz çıxdı. Anası da həyəcanla: “Get al gətir, səndən sonra mən də oxuyaram,” – dedi. Getdi, öz xərcliyindən yığdığı pulla kitabı aldı və həvəslə oxumağa başladı.
Ancaq bütün bu olanlardan atanın xəbəri yox idi. Nə oldusa, o axşam oldu. Axşam işdən qayıdan ata uşağın əlində həmin kitabı görüncə birdən-birə özündən çıxdı. Aləmi bir-birinə qatıb çığırdı, bağırdı. “Necə ola bilər ki, onun xəbəri olmadan kitab alınır? Necə ola bilər ki, pullar belə sağa-sola xərclənir? O pullar asanmı qazanılır? Özü də ata olanda görəcək! Əgər kitab oxumaq istəyirsə, getsin kitabxanaya, orada o qədər oxumağa kitab var! Əvvəlcə bir onları oxusun”.
Mən nümunə üçün kitab misalı üzərində dayandım. Kitab olmasın, başqa şeylər olsun. Yenə də nəticə dəyişməyəcək. Bu və buna bənzər hadisələrlə, demək olar, hər gün çoxlarımızın evində neçə-neçə qəlb qırılır, neçə-neçə düşüncə zədələnir, neçə-neçə ailənin xoşbəxtliyinə kölgə salınır, bu günləri və gələcəkləri üçün sağalmaz yaralar açılır.
Burada əsl problem nə uşaq, nə xərclik, nə kitab, nə də kitabın mövzusudur. Əsas məsələ ailədaxili rabitəsizlikdir. Sizcə, ata çox əsəbiləşsə belə, ananın xəbəri olub-olmadığını, ondan icazə alınıb-alınmadığını soruşmalı deyilmi? Əgər anası icazə veribsə necə? Buna görə də bu misalda ailədaxili rabitəsizliyin qışqırıb-bağırmağa səbəb kimi göstərilən şeylərdən daha önəmli olduğunu düşünürəm. Dolayısilə, əsl problem məhz buradadır.
Bu misalda atanın reaksiyası ya iş yerində bir problemin evə gətirilməsindən, ya daha əvvəl ər-arvad arasında olan incikliyin təsirindən, ya da heç kimə məlum olmayan başqa səbəblərdən qaynaqlana bilər. Lakin bunların heç biri yuxarıdakı reaksiya formasına bəraət qazandırmır.
Lap başdan bunu qəbul etməliyik ki, ailə daxilində ər-arvadın hər hansı səbəbdən bir-birindən inciməsi, bir-birini dindirməməsi, hətta ayrı yerdə gecələməsi halları ehtimal daxilindədir. Haqlı və ya haqsız səbəblərlə baş verən bu kimi hallar tezliklə öz həllini tapmasa, yoluna qoyulmasa, İslami dəyərləri mənimsəmiş bir ailə olaraq əvvəlki halını bərpa etməsə, bu prosesin uzanması və ya tez-tez təkrar olunması nəticəsində ailənin həyat modeli, yaşayış tərzi bu cür davam etsə, belə bir ailədə problemlər heç vaxt sona çatmaz. Ailə həyatında heç cür xoşbəxt ola bilməyən cütlüklər, əsasən, nişanlılıq dövrü münasibətlərinin ömür boyu, yəni evlənəndən sonra da bu şəkildə davam edəcəyini zənn edən və fərqli münasibət, ünsiyyət modellərinə hazır olmayan fərdlərdir. Çünki belə fərdlərin xəyallarında qurduğu dünya məhv olmuş, onlar da puça çıxan xəyalların mənəvi sarsıntısı ilə nəinki öz həyat yoldaşlarından, hətta hər kəsdən: ata-anadan, qohum-qardaşdan, dost-tanışdan, dünyadan, hətta öz talelərindən belə küsmüşlər.
Xırda münaqişələrə görə özlərini məhkəmə qapılarına, hakim qarşısına atan, yaxud da intihara hazırlıq görən insanlar, əsasən, belələrinin arasından çıxır.
Bəli, evlilikdən sonrakı münasibətlər evlilikdən əvvəl və ya onun başlanğıcındakı münasibətlərdən çox fərqlidir. Çünki evlilik bir-birinə yad, fərqli xarakterli iki insanın birlikdə yaşadığı həyat deməkdir. Xarakter, mədəniyyət, vərdişlər, ənənələr, fiziki özəlliklər, inanılan və əməl edilən dini, əxlaqi dəyərlərin fərqliliyi, müxtəlifliyi, çoxluğu, azlığı və s. kimi rəngarənglik içərisində iki canda bir ürək olmağı bacarmaq, əlbəttə, çətindir. Burada bir olmağı bacarmaq, heç olmasa, qarşılıqlı sevgi və sayğı ilə çətinlikləri dəf etmək vaxt tələb edir. Üstəlik belə ailədə doğulacaq körpə onların həyat tərzini də, həyat anlayışını da, gələcəyə baxışını və ümidini də tamamilə dəyişdirəcək. Ailə həyatının hər günü və hər ili özü ilə bərabər uşaq, iş, ev, xəstəlik və başqa yeni anlayışlar, yeni problemlər gətirir. Bütün bunlar da bəzən anlaşılmazlıqlara, incikliklərə səbəb olur.
Yaxşı, bəs bu halda nə etmək olar? Ər və arvad bu cür halları mümkün qədər tez həll etməyə çalışmalıdır. Münasibətlərinin axarına düşməsini, ailə həyatının davam etməsini istəyirlərsə, nəyin bahasına olursa-olsun, bunu etməlidirlər. Yoxsa bu vəziyyəti uzatmaq, “Mən haqlıyam, üzr istəsin, ayaqlarıma düşüb yalvarsın” və s. düşüncələrlə ilk addımı qarşı tərəfdən gözləmək, şübhəsiz, yanlışdır. Üstəlik, ər-arvadın bu halları ana-ataya, dost-tanışa açması, hətta eyhamla hiss etdirməsi ikinci böyük yanlışdır.
Yeganə çıxış yolu ər-arvadın qarşılıqlı anlayış, sevgi və sayğı ilə bir-birinin səhvlərini, xətalarını və bir-birindən gözlədiklərini doğru-dürüst və dost kimi oturub danışmasıdır, bu kimi hallardan çıxış yolu axtarmasıdır.
Şeytanı sevindirən xəbər (Hekayə)
Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?
Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.
Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?
Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.