7. 028 dəfə oxunub ,   0 şərh   Çap et

Hədiyyə sözü ərəb dilində “yol göstərmək” mənasına gələn “hidayət” (huda, hədy) sözündən törəmişdir[1]. Sevgi və ya hörmət ifadəsi olaraq təmənna gözləmədən verilən şey, ərməğan mənasını verir.

İnsanlar arasında məhəbbət, dostluq və qardaşlıq tellərinin qırılmaması üçün qarşılıqlı maddi-mənəvi dəstəyə hava-su kimi ehtiyac var. Bu mövzuda hədiyyələşmə mühüm yer tutan fəzilətlərdəndir.

Qurani-Kərimdə hədiyyə vermək və ya qəbul etmək haqda ayə yoxdur. Bircə yerdə Həzrət Süleymanın (ə.s) haqqa dəvətinə uyğun gəlmədiyinə görə, Səbə Məlikəsinin (qadın hökmdar) göndərdiyi hədiyyələri qəbul etmədiyi bildirilir[2].

Hədiyyə vermək və ya qəbul etmək, hədiyyələşmək barədə çoxlu hədis vardır. İndi isə bu çərçivədə Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) həyatını gözdən keçirək.

Hədiyyə verməsi

Allah Rəsulu hədiyyə qəbul etdiyi kimi insanlara hədiyyə də verirdi. O, ya gələn hədiyyəyə hədiyyə ilə cavab verər, ya da hədiyyə gəlmədən kimlərəsə hədiyyə göndərərdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) xanımlarına, yaxın qonşu və qohumlarına, səhabələrinə, İslama dəvət etdiyi insanlara, Ona xidmət edənlərə, ziyarətə gələn heyətlərə hədiyyələr verərdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yemək, geyim, ətir, at, dəvə, ət, torpaq və s. hədiyyələr vermişdi.

Həzrət Aişə (r. anha) nəql edir: “Allah Rəsulu hədiyyəni qəbul edər və hədiyyə gətirənləri hədiyyə verib yola salardı”[3]. Verdiyi hədiyyələrin miqdarı insanların ictimai mövqeyindən, etibar və nüfuzundan asılı olaraq dəyişirdi. İndi bunu misallarla gözdən keçirək.

Hədiyyə verdiyi insanlar  

Həzrət Ənəs (r.a) nəql edir: “Allah Rəsulu Hüneyn döyüşünə gedərkən Safvan ibn Ümeyyədən borca silah istədi. Safvan hələ müsəlman olmamışdı. Buna baxmayaraq, ləvazimatları ilə birlikdə yüz zireh borc verdi. Safvan: “Bunları məndən öz razılığımla, yoxsa məcburən istəyirsən? − deyə soruşdu. 

Allah Rəsulu:

− Borc istəyirəm, − cavabını verdi. O da borc kimi verdi. Sonra Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) əmri ilə zirehləri Hüneynə apardı. Buna görə də Hüneyn döyüşündə iştirak etdi. Taif qəzvəsinə də qatıldı. Bu döyüşlərdən sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Ciranəyə qayıtdı. Orada Safvan ilə birlikdə qənimətlər arasında gəzərkən onun dağ yamacında otlayan qoyunlara, dəvələrə və çobanlara baxdığını gördü. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) gözünün ucu ilə Safvana baxırdı.

− Ey Safvan! Deyəsən, bu yamac xoşuna gəldi? − dedi.

− Bəli, − cavabını verdi. 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

− Elə isə, oralar heyvanlarla  birlikdə sənin olsun, − buyurdu.

Bunu eşidən Safvan:

− Peyğəmbərdən başqası bu qədər comərd ola bilməz! Şəhadət gətirirəm ki, Allahdan başqa ibadətə layiq bir ilah yoxdur və yenə şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur”, − deyib müsəlman oldu”[4].

Göründüyü kimi, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir insanın müsəlman olması üçün bu qədər böyük sərvəti hədiyyə vermişdir.

Sevdiyi insanlar

Həzrət Ömər nəql edir: “Allah Rəsulu bəzən mənə əta (qazilik bəxşişi) verirdi.

Mən də Ona: “Bunları məndən daha yoxsul olana versəniz? − deyirdim. Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Sən bunları götür! Göz dikmədiyin və istəmədiyin bir şey veriləndə onu qəbul et. Öz malın bil,  istəsən ye, istəsən sədəqə ver! Ancaq sənə verilməyən dünya malının arxasınca düşmə”, − cavabını verirdi”[5].

“Əta” əliaçıqlıqla vermək, ehsan, bəxşiş mənalarını verir[6]. Ümumi olaraq hər bir yaxşılığa əta deyilir. Xüsusi mənada isə Allah yolunda döyüşən insanlara verilən bəxşiş anlamında işlədilir. Zəkat veriləsi zümrələr ayələrlə müəyyən edilmişdir. Onlardan biri də mücahidlərdir. Hədisdə qeyd olunan əta ayə ilə müəyyən olunmuş paydan əlavə, xüsusi olaraq verilən bəxşişdir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bəzən Həzrət Ömərə qazilik bəxşişi verərdi.

O dövrdə Həzrət Ömərdən daha kasıb insanlar var idi. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bunu bilirdi. Lakin Həzrət Ömərə verməkdə məqsədi başqa idi. Bu hədisi-şərif çox çalışan, çox sevilən, verilən hər bir şeyi ədalətlə paylayan, verilən hədiyyələri xeyirxah işlərə sərf edən şəxslərə (ondan daha çox ehtiyacı olanlar olsa belə) xüsusi hədiyyə və ya bəxşiş verilməsinin düzgün olduğunu göstərir.

Mehriban münasibətlərin qurulmasında ən gözəl davranışlardan biri olan “ hədiyyələşmə” bu hədisi-şərifdə açıq şəkildə göstərilmişdir. Hədiyyələşmədə əsas qayə dostluq əlaqələrini gücləndirməkdir. İnsan, xüsusilə, sevdiyi və ya dost olmaq istədiyi şəxslərə hədiyyə verir. Buna görə də hədiyyə verilən əşya bahalı olmasa belə, əsas məsələ insanların bir-biri ilə hədiyyələşməsidir. Hədiyyələşmədə hədiyyənin dəyərinə baxmaq doğru deyildir.

Hər kəs tanışlarına, sevdiklərinə, dəyər verdiyi insanlara hədiyyə alır. Bir insan Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) tövsiyəsini düşünərək kiməsə hədiyyə verərsə, sünnət savabı qazanmış olar. Buna görə də hədiyyənin azlığı-çoxluğu və ya dəyərli-dəyərsiz olmasına əhəmiyyət verməməli, qəlblərə yol tapmağa çalışmalıyıq.

Üç dəfə dalbadal hədiyyə istəyən şəxsə hədiyyə verməsi

Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) bir şey istəyəndə verər, olmayanda verəcəyini vəd edərdi. Ondan bir şey istəyənlərə heç vaxt “xeyr” deməyib. Hətta üç dəfə dalbadal hədiyyə istəyəni də əliboş qaytarmamışdır. Bəzən əyninə geyindiyi bircə paltarını istəyən olur, O da heç tərəddüd etmədən çıxarıb verirdi. Həzrət Ömər nəql edir:

“Bir bədəvi gəlib Peyğəmbərimizdən bir şey istədi, Allah Rəsulu da ona istədiyini verdi. O, yenə istədi, yenə də verdi. Üçüncü dəfə istəyəndə verməyə heç nə tapmadı. İmkan düşən kimi verəcəyini vəd etdi. Bunu görəndə çox kədərləndim və Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) narahat edən bədəviyə qəzəbləndim. Dizüstə çöküb: “İstədi, verdin. Bir daha istədi, əliboş qaytarmadın. Təkrar istədi, bu dəfə söz verdin. Özünü bu qədər əziyyətə salma, ey Allahın Rəsulu!” − dedim. Lakin bu sözlər Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) xoşuna gəlmədi. Qaşlarını azca çatdı. Bunu görən Hüzafətüs-Səhmi ayağa qalxdı və: “Allah yolunda  ver, ey Rəsulullah! Allahın Səndən nemətlərini əsirgəyəcəyini heç vaxt düşünmə!” − deyib təsəlli verdi. Allah Rəsulu: “Elə mənə də bu əmr olunub,” – buyurdu[7].

Hədiyyələri qəbul etməsi

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) adətən hədiyyə qəbul etdiyinə görə Ona çoxlu hədiyyələr göndərilmişdir. Hər dövrdə olduğu kimi o vaxtlarda da hökmdarların, qəbilə rəislərinin bir-birlərinə hədiyyə göndərməsi adəti var idi. Buna görə qonşu ölkələrdən də hədiyyələr gəlirdi.

Gələn hədiyyələr arasında hər cür yemək-içmək, geyim (cübbə, dəst paltar, bürdə, məst), çadır, ətir küpü, qılınc, dəvə, at, qatır, dinar (pul), kəniz və s. o dövrə aid, demək olar, hər şey olurdu.

Həzrət Ənəs Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Mənə bir qoyunun ayağı belə hədiyyə edilsə, götürərəm, belə bir yeməyə dəvət olunsam, gedərəm”[8]. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) gələn hər bir hədiyyəni dəyərinə baxmadan qəbul edərdi. Hədiyyələri özü istifadə etməklə yanaşı, yaxınlarına, ehtiyacı olan müsəlmanlara da verərdi.

Həzrət Əli (radiyallahu anh) nəql edir: “Kisra[9] Peyğəmbərimizə bəzi hədiyyələr göndərdi. Peyğəmbərimiz də bu hədiyyələri qəbul etdi. Başqa ölkələrin hökmdarları da hədiyyələr göndərir, O da qəbul edirdi”[10].

Bu rəvayət Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) ətraf ölkələrin hökmdarlarından hədiyyələr gəldiyini, Peyğəmbərimizin də bu hədiyyələri qəbul etdiyini göstərir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu hədiyyələri dövlət başçısı kimi qəbul edirdi.

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) hədiyyələrdən necə istifadə etməsi haqda bir iqtibas verib  mövzunu bitirək. Qazı İyaz “əş-Şəfa” adlı əsərində yazır: “Allah Rəsulunun sağlığında Hicaz, Yəmən, bütün Ərəbistan yarımadası, Suriya və İraqın bir hissəsi fəth edilmişdi. Bu ölkələrin xüms, cizyə və zəkatlarından Rəsulullaha böyük miqdarda gəlir göndərilirdi. Bəzi hökmdarlar da Ona hədiyyələr göndərirdi. Ancaq Rəsulullah bunların heç birini özü üçün istifadə etmədi. Hamısını lazımi yerlərə xərclədi. Müsəlmanları gücləndirdi və zənginləşdirdi”[11].

Sədəqə qəbul etməməsi

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) sədəqələri geri qaytarar, təmiz və halal hədiyyələri isə qəbul edərdi: “Sədəqə ilə Allahın rizası qazanılır, hədiyyə ilə Rəsulullahın rizası qazanılır və ehtiyacları qarşılanır”[12]. Evə bir şey gətiriləndə bunun sədəqə yoxsa hədiyyə olduğunu soruşar, hədiyyədirsə, bəzən özü istifadə edər, sədəqədirsə, əl vurmadan kasıblara paylayardı.

Əbu Hüreyrə nəql edir: “Allah Rəsuluna yemək gətiriləndə “Hədiyyədir, yoxsa sədəqə?” deyə soruşmaq adəti idi. “Sədəqədir” deyiləndə səhabələrinə “Siz yeyin”, buyurar özü əlini də vurmazdı. “Hədiyyədir” deyiləndə isə səhabələri ilə birlikdə yeyərdi”[13].

Hədiyyələşmə adəti bəşər tarixinin bütün dövrlərində olmuşdur. Zəngin, kasıb, böyük, kiçik − hər kəsin hədiyyə almaqdan və verməkdən xoşu gəlir. Hədiyyələşməyin ən gözəl örnəklərini Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) həyatında görürük. Buna görə də hər bir mömin ailə üzvlərinə, yaxın qonşu və qohumlarına, səmimi dostlarına, münasibət qurmaq istədiyi adamlara, bir şey istəyənlərə hədiyyə verməli, verilən hədiyyələri də qəbul etməlidir. Hədiyyə alanda və verəndə onun kiçik və ya böyük olmasına baxmamalı, hədiyyəsinin əvəzində hədiyyə gözləməməli, faydalı bir işin müqabilində hədiyyə ummamağa  adət etməlidir.  Verdiyi hədiyyələri almamalı, zərurət olmadıqca hədiyyəni qaytarmamalıdır.

Bahalı olmasa da, mütəmadi verilən hədiyyə daha məqbuldur. Bahalı hədiyyələr hədiyyə verilən insanı çətinliyə sala bilər. Bahalı hədiyyəni qəbul edib ona layiq hədiyyə almağa imkanı çatmaya bilər. Hədiyyəni Rəsulullahın bir sünnəsi olduğuna görə verən və ya alan mömin onun azlığına, çoxluğuna, bahalı və ya ucuz olmasına baxmamalıdır. Hədiyyə riya, təkəbbür, mənfəət düşüncəsi ilə verilərsə, nə savab qazandırar, nə də bir faydası olar. Hədiyyələşmə maddi imkana uyğun olmalı, ailə büdcəsini çətinə salmamalıdır. Hədiyyələşmədə əsas məqsəd xatırlamaq və xatırlanmaqdır.

Hədiyyələşmənin ədəbi

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) möminlər arasında qarşılıqlı məhəbbət və sevginin artması üçün hədiyyələşməyi təşviq etmiş, özü də hədiyyə vermiş və hədiyyə qəbul etmişdir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) müsəlmanları hədiyyələşməyə təşviq etməklə yanaşı, onun nəticəsini də bəyan buyurmuşdur: “Hədiyyələşin ki, bir-birinizi sevəsiniz”, “Bir-birinizə yemək hədiyyə edin. Bu, ruzinizi çoxaldar”. Demək, hədiyyələşmə insanlar arasında münasibətləri gücləndirir və ruzi-bərəkəti artırır.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurur ki, hədiyyələşmə insanlar arasında sevgi və dostluq bağlarını möhkəmləndirir, düşmənçiliyi aradan qaldırır. İmam Malikin Abdullah əl-Xorasanidən rəvayət etdiyi hədisi-şərifdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurur: “Bir-birinizlə əl verib görüşün ki, aranızdakı kin yox olsun. Bir-birinizə hədiyyə verin ki, sevginiz artsın, düşmənçilik aradan qalxsın”[14].

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) böyük-kiçik fərqi qoymadan hədiyyələri götürmüşdür. Hədiyyə verəni sevindirmək istədiyini bu sözlərlə dilə gətirmişdir: “Mənə kürək və ya paça hədiyyə edilsə, dərhal qəbul edərəm”[15]. Yəni: “Hədiyyələşin ki, bir-birinizə olan məhəbbətiniz daha da artsın!”[16].

 Allah Rəsulu (sallallahu aleyhi və səlləm) kiçik də olsa, hədiyyənin insanları bir-birinə necə yaxınlaşdırdığını bu sözlərlə bəyan etmişdir: “Hədiyyələşin, hədiyyə qəlbi kin və nifrətdən təmizləyər. Heç bir qadın qonşu qadına verdiyi bir hədiyyəni, qoyun paçasından bir parça da olsa, kiçik görməsin”[17].

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) burada insanları hədiyyələşməyə təşviq edir və hədiyyənin qəlbi kindən, nifrətdən arındıracağını bildirir. Hədisin davamında qonşuya verilən bir hədiyyədən bəhs edilməsi hədiyyələşməyin ən əvvəl qonşular arasında adətə çevrilməsinin uyğun olduğunu göstərmişdir. Bu tövsiyə bina evlərində yaşayan insanlara daha çox aiddir. Belə yerlərdə səs-küyə, maşınlara görə bəzən qonşular arasında söz-söhbət, inciklik olur. Bu cür inciklikləri aradan qaldırmaq üçün ən yaxşı çıxış yolu hədiyyələşməkdir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) zərurət olmadıqca hədiyyəni geri qaytarmazdı. Lakin dinin qadağalarına aid bir şey olanda Rəbbin əmrinə əməl etməyi hər şeydən üstün tutardı. Sab ibn Cəssamə (radiyallahu anh) nəql edir: “Allah Rəsuluna çöl uzunqulağı hədiyyə etmişdim. Lakin Allah Rəsulu bu hədiyyəni qəbul etməyib geri qaytardı. Üzümə baxıb kədərləndiyimi görəndə: “Hədiyyəni ehramda olduğuma görə qəbul edə bilmədim,” – buyurdu”[18].

Həzrət Sab ibn Cəssamə bu hədiyyəni verərkən ehramda olanlara ovun qadağan edildiyini bilmirdi. Buna görə də kədərlənmişdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onun yanlış anladığını və üzüldüyünü görüb hədiyyəni qəbul etməməsinin səbəbini izah eləmişdi, yəni “Ehramlı olmasaydım, hədiyyəni qəbul edərdim”. Hədisə bu cür yanaşsaq; insanların bir-birini yanlış başa düşməsinə və inciməsinə imkan verməmək üçün yanlış başa düşülən davranışın səbəbini dərhal açıqlamaq lazımdır.

Hədiyyələşmənin də özünəməxsus qaydaları vardır. Bu qaydalar arasında ən vacibi hədiyyə vermək fikrindən daşınmaq, və ya verilən hədiyyəni qaytarıb almaqdır. Abdullah ibn Abbasdan (radiyallahu anh) gələn bir rəvayətdə Allah Rəsulu: “Bir insanın hədiyyə verib, sonra onu qaytarıb almaq istəməsi halal (doğru) deyil. Lakin ata övladına ayırdığı hədiyyəni vermək fikrindən daşına bilər. Verdiyi hədiyyəni qaytarıb almaq istəyən adamın halı yemək yeyən, qarnı doyduqdan sonra qaytaran, ardınca da öz qusmağını yeyən itin halına  bənzəyir”[19], − buyurmuşdur.

Hədiyyələşmə insanlar arasındakı sevgi bağlarını gücləndirir. Amma burada da əhəmiyyətli prinsiplər vardır. İslam əxlaqı və ədəbinə görə, bir möminin verdiyi hədiyyənin əvəzində hədiyyə umması düzgün deyildir. Əgər bunu bacarmırsa, yəni hədiyyə gözləməkdən özünü saxlaya bilmirsə, heç olmasa, hədiyyə etdiyi şeydən daha artığını ummamlıdır.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) hansı hallarda hədiyyə qəbul etməyin düzgün olmadığını da bildirmişdi. Əbu Ümamə (radiyallahu anh) Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir:

 “Kim bir insana elədiyi köməyin müqabilində verilən hədiyyəni qəbul edərsə, böyük bir faiz qapısına girmiş olar”[20]. Bir yaxşılıq edib əvəzində hədiyyə almaq caiz deyildir. Mükafat tələb etmək faizin halal mala   zərər vurduğu kimi, yaxşılığın da savabını yox edər.

Mövzu ilə bağlı Həzrət Übadə başına gələn hadisəni belə nəql edir: “Mən əhli-süffədən bəzi insanlara yazı və Quran öyrətmişdim. Onlardan biri mənə bir yay hədiyyə etdi. Fikirləşdim ki, bu yay elə də böyük hədiyyə deyil, ondan Allah yolunda istifadə edərəm. Ancaq gedib Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) soruşsam, daha yaxşı olar. Rəsulullahın hüzuruna gedib: “Ey Allahın Rəsulu, Quran və yazı öyrətdiyim səhabələrdən biri mənə yay hədiyyə etdi. Bu elə də böyük bir şey deyil. Bunu Allah yolunda istifadə edərəm”, − dedim. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) mənə: “Əgər oddan bir libas geyinmək istəyirsənsə, qəbul et”, − cavabını verdi”[21].

Daha sonrakı dövrlərdə zərurət olduğuna görə Quran tədrisinin müqabilində haqq almaq barədə fikirlər irəli sürülsə də, İslamın ilk illərində bu cür xidmət müqabilində qətiyyən haqq tələb olunmamışdır.

Ənəs ibn Malikin (radiyallahu anh) rəvayətinə görə, Bizans hökmdarı Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) atlasdan tikilmiş, qızıl naxışlı, uzun ətəkli bir kürk hədiyyə etmişdi. Peyğəmbərimiz kürkü əyninə geyinəndə camaat:

− Ey Allahın Rəsulu! Bu, Sənə səmadan endirildi? − dedilər.

Allah Rəsulu:

− Çox xoşunuza gəldi? Varlığı qüdrət əlində olan Allaha and içirəm ki, Sad ibn Muazın Cənnətdəki peşkiri (dəsmal) belə ondan faha xeyirli və daha gözəldir, − buyurdu.

 Sonra kürkü əynindən çıxarıb Həzrət Cəfərə göndərdi. Həzrət Cəfərin kürkü geyindiyini görən Peyğəmbərimiz:

− Mən onu sənə geyinmək üçün göndərmədim, − dedi.

Həzrət Cəfər:

− Onu geyinməyib, nə edim? – deyəndə Allah Rəsulu:

− Qardaşın Nəcaşiyə göndər, − buyurdu[22].

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) insanların ala bilmədiyi bahalı, bəzəkli, gözəl hədiyyələri başqalarına verərdi. Çünki insanların bu cür hədiyyələrdə gözləri qala bilərdi və ala bilmədiklərinə görə üzülərdilər. Bu səbəblərdən də Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu cür bahalı hədiyyələri dərhal başqalarına göndərmişdir.

[1].İbn Manzur, “Lisanül-ərəb”, 15/353-354

[2].Məlumat üçün bax: “Nəml” surəsi 27/35-36

[3].Buxari, “Hibə”, 11Tirmizi, “Birr”, 34; Əbu Davud, “Büyu” 87

[4].İbn Hişam, “Sirə”, 4/135

[5].Buxari, “Zəkat”, 51; “Ehkam” 17; Müslim, “Zəkat”, 110. Həmçinin baxın.: Nəsayi, “Zəkat” 94

[6].İlhan Ayverdi, “Misalli Büyük Türkce Sözlük”, s. 198  (OBASTAN)

[7].Heysəmi, “Məcməüz-zəvaid”, 10/421; Bəzzar, “Müsnəd”, 1/66; İbn Kəsir, “əl-Bidayə”, 6/63

[8].Tirmizi, “Ehkam”, 10

[9]. İran şahı.

[10].Tirmizi, “Siyər”, 23

[11].Qazı İyaz, “Şəfa”, 1/23

[12].Buxari, “Hibə”, 5; Müslim, “Zəkat”, 175

[13].Buxari, “Hibə”, 5

[14].Muvatta, “Hüsnül-xüluq”, 16

[15].Buxari, “Hibə”, 2

[16].Muvatta, “Hüsnül-xüluq”, 16; Münavi, “Feyzül-qadir” 3/271

[17].Tirmizi, “Vəla vəl-hibə”, 6

[18].Buxari, “Hibə”, 6

[19].Tirmizi, “Vəla”, 7; Əbu Davud, “Büyu”, 81; İbn Macə, “Sədəqə”, 1

[20].Əbu Davud, “Büyu”, 82

[21].Əbu Davud, “Büyu”, 37

[22].Əhməd ibn Hənbəl, “Müsnəd”, 3/229; İbnül-Əsir, “Üsdül-ğabə”, 1/324




Bənzər məqalələr

Gözəl ətir hədiyyə ediləndə qəbul etmək

“Peyğəmbərimiz (s.ə.s.) gözəl ətri geri qaytarmazdı”. [Buxari, Hibə 9]


Şərh yaz