71. 537 dəfə oxunub ,   2 şərh   Çap et

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü nüma.
Vətənim verdi mənə namü nəmək,
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni:
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin ne’məti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən – əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz.

Abbas Səhhət 

Ana kimi yar olmaz, vətən kimi diyar.

(Atalar sözü)

Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən həyata havasını tənəffüslə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir.

Vətən və yurd sevgisi təkcə insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on kilometrlərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.

Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.

Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.

Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına  qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını  təmin etməyə çalışmaqdır.

Ata babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki vətən, hər nə bahasına olursa olsun müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı torpaq parçasıdır. Vətəni müdafiə etmək insanın sinəsində doğulub boya-başa çatdığı, suyu və çörəyi ilə bəsləndiyi, havasını tənəffüs etdiyi sevimli vətəninə, mənəviyyatına, millətinə, ismət və namusuna, haqqlarına hücum edildiyi zaman malını, canını və hər şeyini fəda etməkdən çəkinməməkdir.

Vətən qarşısında vəzifələrimiz

Dövlət qanunlarına və rəhbərlərinə itaət etmək

Hərbi xidmət borcunu yerinə yetirmək

Vergi vermək

Ticarət, kənd təsərrüfatı və sənətin inkişaf etməsi üçün dövlətə kömək etmək

Vətənin müdafiə və mühafizəsində səfərbər olmaq

Vətənin inkişaf etməsi, vətəndaşların xoşbəxt və firavan həyat yaşamaları üçün səy göstərmək

Vətənin inkişaf etməsi üçün əxlaqlı, keyfiyyətli, bilikli, təhsilli, mədəni və problemsiz insan olmaq

Vətən və millət

Vətəni qorumaq millət və dövləti qorumaqdır. Millət vətən üzərində yaşayan böyük bir ailədir. Vətəni hiss edən və yaşadan ictimai vicdandır. Millət dinini, imanını, tarixini, mədəniyyətini, doğrunu-əyrini vətənində tanıyır. Vətən insanlığımızı müqəddəsləşdirən bir məsələdir. Biz onun bağrında yetişir, boya-başa çatırıq.



Açar sözləri

vətən vətən sevgisi

2 şərh yazılıb
  1. Ülvi , 10/03/2016 tarixində, saat 13:03

    Əla.Bəyəndim…

  2. yunus , 29/07/2020 tarixində, saat 21:07

    salam her vaxtiniz xeyir olsun.oncelikle bele gozel meqaleniz ucun tesekkur edirem. istenilen movuzuda sayitnizi ozume rehber ve esas tuturam. veten movzusunda sosial carx hazirlayiram yazdiqlariniz menim ucun cox faydalı oldu bir iki cumle yazdiqlarinizdan istifade edecem halalliqin verin lutfen

Şərh yaz