11. 970 dəfə oxunub ,   0 şərh   Çap et

Azan sözünün mənası “eşitdirmək, bildirmək” deməkdir. Termin olaraq isə, fərz namazların vaxtlarını bildirən, xüsusi sözlərdən ibarət elana azan, azan oxuyana da “müəzzin” deyilir.

Fərz namazlar üçün azan oxunması, yəni bu namazların qılınacağının elan edilməsi Kitab və Sünnə ilə bildirilmişdir. Namaz Məkkə dövründə fərz olunmasına baxmayaraq, Hz. Peyğəmbər (s.ə.s) Mədinəyə gələnə qədər namaz vaxtlarını bildirmək üçün bugünkü kimi azan oxunmurdu. Bəlkə də Məkkədə camaatla namaz qılınmadığı üçün buna ehtiyac yox idi. Mədinəyə gələndən bir müddət sonra namaz vaxtı olanda “əs-salət, əs-salət” (namaza, namaza)” və ya “əs-salətu cəmiah (namaz insanları bir araya toplayandır)” ˗ deyə elan edilməyə başlandı.

Hicrətin birinci ili Mədinədə Məscidi-Nəbəvinin inşası tamamlanandan sonra, səhabələr mütəmadi olaraq camaatla namaz qılmağa başladılar. Bunu görən Rəsulullah (s.ə.s) namaz vaxtlarının elan edilməsi barədə əshabıyla məsləhətləşdi. Bayraq sancmaq, boru və zınqırov səsindən istifadə etmək kimi müxtəlif təkliflər irəli sürüldü. Lakin boru çalmaq yəhudilərə, zınqırov səsi də xristianlara məxsus olduğundan qəbul olunmadı. Ənsardan Abdullah İbn Zeyd (r.a) gecə bir  yuxu görmüşdü. Yuxusunu belə nəql edir, “Əlində zınqırov olan birini gördüm və həmin zınqırovu almaq istəyəndə həmin adam bunu nə edəcəyimi soruşdu. İnsanları bununla namaza çağıracağam deyincə, mən sənə bundan daha xeyirlisini bildirimmi? – dedi və mənə azanın bütün cümlələrini öyrətdi”. Abdullahın bu yuxunu ertəsi gün Hz. Peyğəmbərə (s.ə.s) danışdı. O (s.ə.s) da bunu təsdiqlədi və nəticədə azan oxunmağa başladı.[1]

Namaz vaxtlarını bildirmək üçün azan oxumaq müəkkəd sünnədir.

Allah-Təala belə buyurur: “Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır.”[2]Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Biləsiniz, bu sizin üçün nə qədər xeyirlidir!”[3]  

Hz. Peyğəmbərin (s.ə.s) azanla bağlı bir çox hədisi var. Bəziləri bunlardır: “Namaz vaxtı çatdıqda aranızdan biri sizin üçün azan oxusun, ən yaşlı olanınız da imamlıq etsin.”[4] Hz. Peyğəmbər (s.ə.s) yuxarıda qeyd edilən Abdullah İbn Zeydin (r.a) azanla əlaqədar  yuxusu ilə bağlı belə buyurmuşdur: “İnşallah bu yuxu gerçəkdir. Qalx və Bilala gördüyün yuxudakı sözləri öyrət! Çünki onun səsi səninkindən daha yaxşıdır.”[5]

Aşağıdakı hədisdə azanın savabı belə bildirilir:

Rəsulullah (s.ə.s): “Qoyun sürüsünün başında və ya çöldə olduğun zaman namaz üçün azan oxuyanda səsini yüksəlt. Çünki müəzzinin səsini eşidən heç bir varlıq  (cin, insan və s.) yoxdur ki, qiyamət günündə müəzzin üçün şahidlik etməsin.”[6] – buyurmuşdur.

Başqa bir hədis isə belədir: “Qiyamət günündə insanların ən ucaboylusu müəzzinlər olacaq.”[7]

Şafei və hənbəlilərə görə azan və iqaməni birlikdə oxumaq, imamlıqdan daha fəzilətlidir. Çünki Allah-Təala “(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!”-deyən kəsdən daha gözəl danışan kim ola bilər?!”[8] – deyə buyurur. Hz. Aişə (r.anha) bu ayədəki “Allaha çağıranların” müəzzinlər olduğunu söyləmişdir.

Hz. Peyğəmbər (s.ə.s) də belə buyurmuşdur: “İmam camaata zamindir. Müəzzin etibarlı şəxsdir. Allahım! İmamlara doğru yolu göstər, müəzzinləri bağışla.[9]

Azan insanlara namaz vaxtlarını bildirir və namazın qurtuluş vəsiləsi oladuğunu xatırladır. Dünyada namaz vaxtları müxtəlif saatlara rast gəlir. Beləliklə günün hər saatında bəşəriyyətə Allah-Təalanın varlığı, birliyi, böyüklüyü, Hz. Məhəmmədin (s.ə.s) peyğəmbərliyi və namazın qurtuluş səbəbi olduğu yüksək səslə elan edilmiş olur.

[1] Əbu Davud, Səlat, 27, 28; H. No: 498, 499.

[2] Maidə, 5/58.

[3] Cümə, 62/9.

[4] Buxari, Azan, 17, 18, 49, 140, Əhəd, 1, Ədəb, 27, Məğazi, 53; Müslim, Məsacid, 292, 293; Nəsai, Azan, 8.

[5] Tirmizi, Məvaqit, 25; Əbu Davud, Səlat, 28; İbn Macə, Azan, 1.

[6] Buxari, Azan, 5, Bədül-xəlq, 12, Tövhid, 52; Nəsai, Azan, 14; Malik, Muvatta, Nida, 5; Əhməd ibn Hənbəl, III, 6.

[7] Müslim, Səlat, 14; İbn Macə, Azan, 5; Əhməd ibn Hənbəl, III, 169, 264, IV, 95, 98.

[8] Füssilət, 41/33.

[9] Tirmizi, Səlat, 39; Əhməd ibn Hənbəl, II, 232, 284, 278, 382, 419.



Açar sözləri

azan əzan oxumaq

Bənzər məqalələr

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər

Beynimiz və oxuma

İndi gözləriniz hərflər üzərində hərəkət edir. Gördükləriniz beyninizə ötürüldükdə beyninizdə sirlərlə dolu elm aləminə səyahət başlayır. Bəs görəsən oxuyub-anlamaq necə baş verir? Beyində digər mərkəzlər kimi oxuma mərkəzi də varmı?

İqamənin şərtləri

Kişilərin təkbaşına və ya camaatla qıldıqları fərz və ya qəza namazı üçün iqamə oxuması sünnədir. Qadın azan və ya iqamə oxumasa da olar. Əgər azan və ya iqamə oxusa bu məkruhdur və oxuduğu azan yenidən oxunmalıdır.

Azanın şərtləri

Azan və iqamə oxuyanlar aşağıdakılara riayət etməlidirlər: Namaz vaxtının girməsi, Azan ərəbcə olmalıdır, Azan və iqamə camaata eşitdirilməlidir, Azan və iqamənin sözləri arasında tərtib və ardıcıllıq olmalıdır, Azanı bir nəfər oxumalıdır, Oxuyan kişi olmalıdır.

Namaz xaricində azan oxumaq olar?

Namazdan xaricində müəyyən vaxtlarda əzan oxuna bilər. Həmin vaxtları belə sıralamaq olar: Uşaq anadan olandan sonra qulağına azan oxumaq məndubdur. Çünki Hz. Peyğəmbər (s.ə.s) nəvəsi Hz. Həsən (r.a) dünyaya gələndə qulağına azan oxumuşdur.


Şərh yaz