Sual: Haramla məkruh arasındakı fərq nədir?
Cavab: İslam dinində edilməsi qəti olaraq qadağan edilən şeylər (davranış, hərəkət və s.) haram sayılır. Dini cəhətdən qadağaları yalnız Allah və Rəsulu (s.ə.s) qoya bilər. Bir şeyin haram buyrulmasının səbəbi həmin şeyin zərərli olmasıdır. Bu haramlıq zərər və ya qadağan edilən şeyin ya özündən qaynaqlanır, ya da dolayı olaraq bir səbəbə isnad edilir. Haram bilavasitə və dolayı olmaqla iki yerə bölünür:
Bilavasitə haram (haram-lizatihi) Allah və Rəsulunun müvəqqəti bir səbəbə bağlı olmadan lap əvvəldən haram etdiyi şeydir. Məsələn, zina, oğurluq, ölü heyvanın ətini satmaq və s. Bunlardakı zərər öz tərkiblərindən qaynaqlanır. Bu səbəbdən bilavasitə haramı işləyən insan cəzaya məruz qalar.
Dolayı haram isə əslində halal olduğu halda müəyyən səbəbdən bilavasitə harama səbəb olduğuna görə belə adlandırılmışdır. Məsələn bir qadının övrət yerinə baxmaq haramdır, çünki zinaya yol açma ehtimalı var. Zina isə bilavasitə haramdır. Dolayı haramın hökmü: belə haram ehtiyac əsnasında mübah olur. Məsələn qadının övrət yerinə baxmaq haramdır. Amma müalicə üçün ehtiyac var və mütəxəssis qadın həkim yoxdursa, həmin qadını kişi həkim müayinə edə bilər. Günah termini də haramla eynimənalı işlədilir.
Məkruh “xoşagəlməz”, “naxoş” və “bəyənilməyən” deməkdir. Termin olaraq isə, dinə görə edilməsi xoş qarşılanmayan və bəyənilməyən işlərdir. Dəstəmaz və qüsl alarkən suyu israf etmək, məscidə gedərkən soğan və sarımsaq yemək və s. Məkruh iki hissəyə ayrılır:
Təhrimən məkruh: Harama yaxın olan məkruha deyilir. Kişilərin ipək paltar geyinməsi, dəstəmaz alarkən suyu israf etmək buna aid ola bilər.
Tənzihən məkruh: halala yaxın olan məkruhdur. Dəstəmaz alarkən burnu sol əl əvəzinə, sağ əl ilə təmizləmək kimi.
Məkruhun hökmü nədir?
Təhrimən məkruhun tərk edilməsi savabdır. İşlənməsi isə, axirətdə əzaba səbəb ola bilər. Yəni, harama yaxın olan məkruhu işləyən şəxs axirətdə hesaba çəkilə və əzaba məruz qala bilər.
Tənzihən məkruhun işlənməsində cəza yoxdur. Lakin tərk edilməsi savabdır. Məkruhları halal qəbul etmək səhvdir. Ancaq insanı dindən çıxarmır.
Xülasə, haram qəti şəkildə qadağan olunan işlərdir ki, bunları etmək olmaz. Məkruhdan isə uzaq durumaq lazımdır.
Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:
“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.”
Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.
Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?
Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?