Ailədə uşaqlar arasında fərq qoyulmaması, birinin digərindən üstün tutulmaması əsas prinsiplərdən biridir. Bəli, bu məsələdə valideynin kiçik bir qüsuru uşaqların yanında hörmətdən düşməsinə kifayət edir. Rəsuli-Əkrəm (s.ə.s) bir hədisində bizə yol göstərir:
Numan ibn Bəşirin (r.a.) atası, yəni Həzrət Bəşir Rəsulullahın (s.ə.s) hüzuruna gəlib belə dedi:
– Ya Rəsulullah, başqa uşaqlarım da var, amma Numanın yeri ayrıdır. İzindirsə, mal-mülkümün filan qədərini Numana verim.
Allah Rəsulu (s.ə.s.):
– Digər övladlarına da o qədər verirsən? – deyə soruşdu.
Bəşir:
– Xeyr, – dedi.
Allah Rəsulu (s.ə.s) bu dəfə üzünü ətrafındakılara tutub belə buyurdu:
– Allahdan qorxun və övladlarınıza qarşı adil olun.
Sonra da Bəşirə tərəf çevrilib:
– Sən övladlarının hamısının sənə eyni cür hörmət etməsini istəyirsən?
Bəşir də:
– Bəli, istəyirəm, – dedi.
Rəsulullah (s.ə.s) da buyurdu:
– O halda belə bir iş görmə, – dedi.[1] Yəni sən təkcə bir övladına deyil, hamısına qayğı göstər. Sən ayrıseçkilik edib onlardan birinə daha çox diqqət göstərsən, onu hədiyyələrlə mükafatlandırsan, nəticədə o biri övladlarının sənə hörməti azalar və etimadı sarsılar.
Allah Rəsulu (s.ə.s) əsaslı bir həll yolu təklif edir və ehtimal olunan problemi kökündən həll edir. Bəli, ailədə uşaqlardan birinin digərlərindən üstün tutulması əvvəla, o biri uşaqlarda fərq qoyulan qardaş və ya bacıya qarşı paxıllıq hissini oyadar və doğma bacı-qardaşları bir-birinə düşmən edər. Elə hesab etməyin ki, bu məsələləri psixologiyanın dar prinsipləri əsasında izah etməyə çalışırıq. Əksinə, biz bu yerdə Qurani-Kərim həqiqətlərinin cahanşümulluğu, insan təbiətinə uyğunluğu, ağlabatanlığı, məntiqliliyi və insani mahiyyətindən çıxış edirik.
Məlum olduğu kimi Yusif (ə.) yuxuda ulduzların, Ayın və Günəşin ona səcdə etdiyini görmüşdü. Bu xəbəri atasına danışanda: “(Atası Yaqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma…”.[2] Halbuki belə bir yuxuya görə ancaq sevinmək və fəxr eləmək olardı. Bir peyğəmbər kimi insan xarakterinə yaxşı bələd olan Həzrət Yaqub (ə.) belə bir yuxuya görə oğlanlarının onu qısqanacağını sezmişdi. Təəssüf ki, nəticədə qorxduğu başına gəlmiş, qardaşları Yusif əleyhissalamı öldürmək məqsədilə bir quyuya atmış və bu əməlləri ilə peyğəmbər ailəsində belə qısqanclığın insanı nələrə sövq elədiyini göstərmişdilər.
Bəli, valideynlərin övladlar arasında fərq qoyması ayrı-seçkilik görən uşaqları qısqanclığa sövq etməklə birlikdə, onların şüuraltında ata-analarına qarşı nifrət hissinin meydana gəlməsinə səbəb olur.
Sevgilərimizin və nifrətlərimizin, dostluqlarımızın və düşmənçiliklərimizin səbəblərinə və şüuraltı köklərinə baxanda bu fikirləri daha yaxşı anlayırıq; Yaxın və səmimi bir dostunuz var. Amma bir dəfə necə olursa, sizə qarşı xudbinlik edir. Və siz də bu hərəkəti ondan heç gözləmirsiniz. İstəyərək və ya istəməyərək bunu hafizənizin bir küncünə həkk edirsiniz. Demək olar, bütün hadisələr insanın daxili aləmində bir iz qoyur, sonra da başqa bir hadisənin təsiri ilə üzə çıxır. Bir gün bir hadisə ilə qarşılaşırsınız və şüuraltınızın bir küncündə səssiz-səmirsiz yatan o xoşagəlməz hislər oyanır, siz də birdən-birə özünüzdən çıxıb: “Onsuz da, mən sizin belə bir adam olduğunuzu əvvəlcədən hiss eləmişdim”, – deyirsiniz.
İndi bu cür mənfi hadisələrin üst-üstə yığıldığını, bir neçəsinin birdən baş qaldırdığını təsəvvür edin. O zaman köhnədən qalma xoşagəlməz hadisələrin hamısını birdən o adamın üzünə vurar, sonra da nəfsinizə haqq qazandırmağa başlayarsınız.
Beləliklə, uşağın zehninə, hafizəsinə, və ya şüuraltına yerləşmiş bu cür düşüncələr yanlış bir rəftarınızla “tərpənərək” onun sizə qarşı aqressivləşməsi, sonra da sözlərinizi qulaqardına vurması ilə nəticələnər.
Əslində bu, sözügedən mövzunun sadəcə bir tərəfini təşkil edir. Bu cür halların uşağın bütün həyatına təsir edəcəyini düşünsək, məsələ daha da qarışıq şəkil alır. Üstəlik, “böyüyəndə düzələcək” deyib hər şeyi onun uşaqlığından sanarsanız, hiss və duyğularının gələcəkdə necə şəkil alacağını nəzərə almazsanız, bir gün heç fərqinə varmadan öz yanlışlarınızla qarşılaşar, heç öhdəsindən də gələ bilməzsiniz. Uşağın evdə şahid olduğu bir-birinə zidd davranış və sözlərin hamısı – siz uşağın hələ belə şeyləri başa düşmədiyini zənn eləsəniz də, – onun yaddaşına həkk olunur. Vaxtı gəlib çatanda da hamısı birdən ortaya çıxır. Və bəzən elə ortaya çıxır ki, ailəni də, ana və atanı da önünə salıb sürükləyir.
Buna görə də valideyn olmaq istəyən hər bir insan psixoloji, pedaqoji düsturları müəyyən səviyyədə bilməli, yaxud da ən azı Quranın bu məsələyə dair başlıca prinsiplərini öyrənməli, ondan sonra yeni bir həyata “Bismillah” deməlidir.
Övlad böyüdüb tərbiyə etmək bəsit bir iş deyildir. Bir vaxtlar arıçılığa maraq göstərirdim, arıçılıq kursuna getdim. Arıçılığın belə nə qədər çətin bir peşə olduğunu gördüm. Bunun kimi, yaxşı nəsillər yetişdirmə yollarını mütləq öyrənməli, cəmiyyətə faydalı fərdlər ərməğan etməliyik. İnsanı kamilləşməsinə, xarakterinin formalaşmasına səbəb olan ailədə potensial etibarilə böyük bir varlığın tərbiyə edilib əsl insanlıq məqamına çatdırılmasının nə qədər əhəmiyyətli olduğunu heç kəs unutmamalıdır.
“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” – deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.
Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?
Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.
Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.
Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.