16. 642 dəfə oxunub ,   2 şərh   Çap et

Sual: Hz. Müaviyə kimdir? Onun Hz. Əli (r.a) ilə qarşıdurmasını necə başa düşmək olar?

Cavab: Hz. Müaviyə (r.a), Peyğəmbərimizin (s.ə.s) qayını olub, Onun (s.ə.s) həyat yoldaşı Ümmi Həbibənin (r.anha) qardaşıdır. Atası Əbi Süfyan, anası isə Hinddir. Qardaşı Yezid ibn Əbi Süfyan məşhur sərkərdələrdən biridir. (Allah hər birindən razı olsun, müsəlman olduqdan sonra İslam uğrunda çox işlər görmüşlər). Hz. Müaviyə Məkkənin fəthi günü atası ilə birlikdə müsəlman olmuşdur. Hz. Müaviyə vəhy katiblərindəndir. Xəttatlıq və natiqlik qabiliyyəti, həlim xəsiyyətli və vüqarlı şəxsiyyəti vardı. Zeyd ibn Sabit onun haqqında deyir ki, “Müaviyə, Cəbrayılın (ə.s) gətirdiyi vəhyləri və Peyğəmbərimizin (s.ə.s) məktublarını yazardı”.

Hz. Müaviyə, Hüneyn qəzvəsində Rəsulullahın (s.ə.s) önündə atası ilə birlikdə qəhrəmanca döyüşmüş, Təbuk qəzvəsinə də iştirak etmişdir. Hz. Əbu Bəkir (r.a) və Hz. Ömərin (r.a) xilafəti dövründə isə Suriyə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Qardaşı Yezid vəba xəstəliyindən vəfat edincə Şam əyalətinin valisi olmuşdur. Hz. Ömərin xilafəti zamanı 4 il, Hz. Osmanın xilafəti zamanı 12 il, Hz. Əlinin xilafəti dövründə 5 il, Hz. Həsənin dövründə isə  altı ay Şamda vali olmuşdur. Təxminən  21 il valilik etmişdir. Hicri 41-ci ildə, Hz. Həsənin (r.a) xilafətdən çəkilməsi ilə Kufdə xəlifə seçilmişdir. Xəlifəliyi 19 il, dörd aydır.

Hz. Müaviyə Hz. Osman (r.a)  şəhid ediləndən sonra yeni xəlifə seçilən Hz. Əlindən (r.a) Hz. Osmanın qatillərinin tapılmasını tələb etdi. Hz. Əli (r.a) isə ədaləti-məhza prinsipinə görə qatilləri sərbəst buraxdı. Çünki yüz nəfərlik üsyançı qrupdan Hz. Osmanı (r.a)dəqiq olaraq kimin öldürdüyü bilinmirdi. Ona görə onların cəzası Axirətə qaldı. Hz. Müaviyə isə əqrabalıq bağı ilə Hz. Osmana (ra.) daha yaxın olduğu üçün bu fikri qəbul etmədi və Hz. Əliyə (r.a) xəlifəliyini tanımadı. Bunu üzərinə Sıffində iki ordu qarşı-qarşıya gəldi. Bu muharibədə udan-uduzan tərəf olmamışdır. Sonda hər iki tərəf də geri çəkildi. Hz. Müaviyə bu hadisədən sonra, Şam valisi olaraq vəzifəsinə davam etdi. Hətta Bizans ordusu Suriyaya hücum etmək istədikdə onlara yazdığı məktubda belə demişdir: “Əgər üzərimizə gələrsəniz, Əli ilə birləşərəm.” Buradan da Hz Əli (r.a) ilə aralarında ciddi bir düşmənçiliyin olmadığını görmək mümkündür.

Xəlifəliyi dövründə İslamın yayılmasında müstəsna xidmətləri olmuşdur. Onun hakimiyyəti dövründə İslam orduları 662-ci ildə Sicistanı, 663-cü ildə Sudanı, bir il sonra Əfqanıstanı, Hindistanın şimalını, 665-ci ildə Tunisi fəth etdi. 668-ci ildə gəmilərlə getdiyi Kipr adasını və iki il sonra da İranın böyük Kuhistan əyalətini fəth etdi. Yenə həmin il Bizans İmparatoru IV Kostantinin dövründə, oğlu Yezidi böyük bir ordu ilə İstanbulun fəthi üçün göndərdi və şəhər mühasirəyə alındı. Kostantin hər il yüksək miqdarda vergi ödəmək şərti ilə razılaşmaq məcburiyyətində qaldı.

673-cü ildə Ceyhun (Amu-Dərya) çayını dəvələrlə keçərək Buxaranı fəth etdi. Hz. Ömərin dövründə fəth edilən Qüds təkrar xristianların əlinə keçmişdi. Hz. Müaviyə Qüdsü xristianlardan geri aldı. Yəmən, Misir, Qayravan (Fas, Tunis, Əlcəzair), İraq, Azərbaycan, Anadolu, Xorasan və Mavəraunnəhiri (Orta Asiya) hakimiyyəti altına aldı.

Peyğəmbərimiz (s.ə.s), Hz. Müaviyə haqqında: “Ey Müaviyə! Ölkələrə hakim olduğun zaman, yaxşılıq et!” − buyurmuşdu. Buna görə də o, son nəfəsinə qədər İslama xidmət etdi və İslamdan ayrılmadı. Qəbri Şam şəhərindədir.

Hər bir insanın xətası ola bilər. Allah Rəsulunun (s.ə.s) xeryir-duasını almış, vəhiy katibliyi etmiş, İslam torpaqlarının genişlənməsində müstəsna xidmətləri olmuş bir insan, üstəlik səhabə haqqında ağlına gələni danışmaq doğru deyil. Tarix səhnəsində baş vermiş hadisələri bu gün nə qədər təhlil etsək də ortaya bir nəticə çıxarda bilmərik. Ən yaxşısı “ölülərinizi xeyirlə yad edin” hədisini əsas alaraq vəfat edənlərin haqqında ancaq yaxşı əməllərini danışmalı, bunu edə bilmiriksə ən azından susmalıyıq. Kimin haqlı, kimin haqsız olduğu Haqq-hesab günü məlum olacaq.



Açar sözləri

hz müaviyə

2 şərh yazılıb
  1. Namiq BABAŞLI , 16/04/2015 tarixində, saat 04:04

    Allah Sizlərdən razı olsun. Burdan anladığım qədər.Hz. Muaviyənin eyni zamanda Yezid adında da qardaşı olub. Yəni həm qardaşı Yezid olub, həm də oğlu Yezid

    • meneviyyat.az , 16/04/2015 tarixində, saat 14:04

      Bəli qardaşı Yezid sahabədir. Əbu Übeydə ibn Cərrahın (r.a) rəhbərliyi altında döyüşən sərkərdələrdən biridir. Ola bilsin ki, qardaşının xatirəsini əziz tutmaq üçün oğluna onun adını verib.

Şərh yaz