8. 336 dəfə oxunub ,   0 şərh   Çap et

Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Bir çox məsələlərin həllində məşvərət əvəzolunmaz yerə sahibdir. Məşvərət sözünün əvəzinə müşavirə, şura, istişarə və məsləhət kəlmələrindən də istifadə olunur.

Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir. Allah Rəsulu peyğəmbərlik kimi uca bir məqamla şərəfləndirilməsinə baxmayaraq, əshabının fikirlərini öyrənməyə laqeyd yanaşmamış və demək olar, bütün əhəmiyyətli işləri onlarla məsləhətləşmişdir. Kim bilir, bəlkə də, ehtiyacı olduğuna görə deyil, ümməti məşvərəti həyatın ayrılmaz bir parçasına çevirsin deyə belə etmişdi.

Məlum olduğu kimi, Allah-Təala Həzrət Adəmi yaratmamışdan əvvəl mələklərə yer üzündə bir xəlifə yaradacağını söyləmiş və onların bu mövzuda nə düşündüyünü soruşmuşdu. Yəni onlarla məşvərət etmişdir. Halbuki məsləhətləşmək ağlı və elmi məhdud olan varlıqlara xas xüsusiyyətdir. Bu hadisə eyni zamanda “mən, mən” deyən eqoist nəfsləri mənəm-mənəmlikdən əl çəkib “biz” deməyə səsləyir. Allah-Təala bununla insanları məsləhətləşməyə çağırmışdır, yoxsa Rəbbimiz kiminləsə məsləhətləşmək məcburiyyətində deyil.

Məşvərət nəbəvi, təkbaşına hərəkət etmək isə şeytani davranışdır. Yəni məsləhət-məşvərət möminlərin həyatında əsas prinsiplərdən biridir. Quranın meyarlarına görə məşvərət mömin cəmiyyətin ən bariz əlamətlərindən və inananların ən vacib vəsflərindəndir. Təsadüfi deyil ki, Quranda məşvərət namaz və infaqla birgə zikr edilir: “O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.” (Şura surəsi, 42/38).

Hər şeydə bizə rəhbər olan Rəsulullahın (s.ə.s) həyatına nəzər saldıqda, Onun (s.ə.s) Bədirdə mövqe seçərkən, Uhudda və Xəndəkdə müharibə taktikasını müəyyənləşdirərkən əshabı, Hüdeybiyyədə Ümmü Sələmə (r.anha) ilə məsləhətləşdiyini görürük.

Məşvərətdə nələrə diqqət edilməlidir?

Məşvərət hər hansı bir məsələdə düzgün qərar verməyin ilkin şərtidir. Yaxşıca düşünülmədən, başqalarının fikir və tənqidləri nəzərə alınmadan verilən qərarlar çox vaxt uğursuzluğa düçar olur. Məşvərəti tanımayan bir insan yüksək qabiliyyətə, fitri istedada malik olsa belə, hər işi məşvərətlə görən, hər fikrini məsləhətləşən adi bir insana nisbətən daha çox xəta edər. İctimai şüurun xüsusi əhəmiyyətə malik olduğu dövrümüzdə ən ağıllı insan məşvərətə əhəmiyyət verən, başqalarının fikirlərindən də faydalanan insandır.

Bir işə təşəbbüs etmədən əvvəl məsləhətləşmək, ətraflı araşdırma aparmaq, səbəblər baxımından  nə lazımsa hamısını yerli-yerində etmək lazımdır ki, nəticədə qədərdən şikayət və insanları təqsirləndirmə kimi müsibəti ikiqat artıran zərərli davranışlara – tənqid, qınaq, dedi-qodu, sui-zənnə −  yol verilməsin.

Məşvərətin də özünəxas qaydaları var. Belə ki, məşvərət zamanı rəhbər və tabeliyində olanlar eyni hüquqlara malikdir. Belə ortamı təmin etmək də rəhbərin vəzifəsidir ki, iştirakçılar fikirlərini rahatlıqla ifadə etsinlər. Yoxsa toplantı məşvərət olmaqdan çıxaraq rəhbərin fikirlərinin təsdiqləndiyi məkana çevrilər. Ordakılar müzakirə olunan mövzulara münasibət bildirmədikdə məsuliyyət daşıyırlar.

Məşvərət Allahın razılığını qazanmaq məqsədilə insanların xeyri üçün edilməlidir. Dəbdəbəli məkanlar, ləziz yeməklərlə dolu süfrə arxasında edilən məşvərət ordakılara psixoloji təsir edir, onlarda fikir dağınıqlığına səbəb olur. Buna görə də məşvərət olunan yeri seçərkən bunlara diqqət etmək lazımdır.

Mümkündür ki, məşvərətdə hamının fikri eyni olmasın. Belə vəziyyətlərdə əksəriyyətin qənaətinə görə əməl etmək lazımdır. İstər hamılıqla, istərsə də əksəriyyətin fikrinə görə qərar verilsin, qərar qəbul edildikdən sonra ona zidd hərəkət eləmək və alternativ fikirlər söyləmək doğru deyil.

Məşvərəti ehtiyac olduqda etmək lazımdır. Nə vaxt edilməsi haqqında hər hansı ayə və ya hədis yoxdur. Bundan əlavə məşvərəti ancaq tabeliyində olanlarla yox, başqaları ilə də məşvərət edilə bilər. Bu xüsusda konkret bir qayda yoxdur.

Məşvərətdə müzakirə olunacaq mövzular əvvəlcədən təyin olunmalı və heyət bu haqda məlumatlandırılmalıdır. Zaman israfının israfların ən böyüyü olduğu nəzərə alınmalı, iştirakçıların hər dəqiqəsi məşvərətə həsr olunmalıdır. Bir neçə saat ərzində həll ediləcək məsələlər yemək, meyvə və çayla uzadılmamalıdır.

Məşvərətdə nə haqqında danışılırsa fikir mübadiləsi ancaq həmin mövzu ətrafında aparılmalı əlavə mövzulara girilməməlidir. Çünki, bu, vaxt itgisinə səbəb olar.

Bundan əlavə məşvərət zamanı olub-keçənlərdən danışaraq mövzudan yayınmaq da məşvərətin bərəkətini azaldar. Olub-bitənlərdən danışmaqla qədərə “daş ataraq” tənqidə qapı açılmamalıdır.

İnsanlar məşvərətə şövqlə gəlməlidir. Ora gələnlər əsla “yenə saatlarla vaxtımız boş yerə gedəcək” deyə düşünməməlidir ki, bu təqdirdə məşvərəti təyin edənlər bundan məsuliyyət daşıyır.

Məşvərət mübahisə, bir-birini təhqir etmək, kiminsə xətrinə dəymək yeri deyil. Məşvərət insanlar arasında düşüncə və hissləri ən gözəl üslubla, yumşaq dil ilə ifadə olunduğu fikir mübadiləsidir.

Ancaq öz fikirlərini qəbul elətdirməyə çalışmaq, başqalarının düşüncələrini görməzlikdən gəlmək, onların qənaətlərini soruşmamaq məşvərət ədəblərinə ziddir. Hər kəsin fikrini soruşmaq, deyilənlərə hörmətlə yanaşmaq, fikir mübadiləsi aparmaq məşvərətin əsas şərtlərindəndir.

Məşvərət bəzən bir nəfərlə, bəzən də daha çox insanla edilə bilər.

Məşvərətdə işin əhli olanlarla məsləhətləşmək də əsas şərtlərdən biridir. Yoxsa mövzu ilə uzaqdan-yaxından əlaqəsi olmayan şəxslərlə edilən məşvərət bizi yanılda bilər.

Məşvərət zamanı ancaq əldə olunan nailiyyət və uğular yox, eyni zamanda buraxılan nöqsanlar və xətalar da danışılmalıdır. Bu zaman sui-zənn və qeybətdən uzaq durmalı, insanları şübhəyə təşviq edəcək nəyəsə səbəb olunmamalıdır.

Hər şeyə şübhəylə yanaşan, yeniliklərə qapalı, pessimist ruhlu, hər şeyi yerli-yersiz tənqid edən insanlarla məşvərətdən uzaq durmalı və ya məşvərət zamanı onların fikirlərinin daha təsirli olmasına mane olmalıyıq.

Xülasə unudulmamalıdır ki, məşvərətlə görülən işdə bərəkət var. Ağıl ağıldan üstündür. Məşvərət edilmədən necə gəldi atılan addımlar insanı geri dönüşü mümkün olmayan yola sürükləyə bilər. İşin əhli ilə məşvərət edilməli, zaman israfından uzaq durulmalı, alınan qərarlara da əməl olunmalıdır.




Bənzər məqalələr

Məşvərət

Məşvərət, bir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə mnasına gəlir. Leksik mənası bir şeyi olduğu yerdən almaq, götürmək və ortaya çıxarıb görünür hala gətirmək” deməkdir.

İslamda beyət

Beyət bir dinə, sistemə və ya həmin sistemin təmsilçisinə itaət etmək, ona sadiq qalacağına və üzərinə düşəni edəcəyinə söz verməkdir.

Tənqiddə tarazlıq

Mənəvi dəyərlərimizi tənqid edən və ya əleyhində danışanlarla necə davranmalıyıq? Ümumiyyətlə bu mövzuda tarazlığı necə qorumaq olar?

İslama uyğun yaşamaq

Həyatın İslama uyğunluğunu müəyyənləşdirmək üçün başda Quran və Sünnə əsas alınmalıdır. Bununla yanaşı dini-elmi metodologiyaya əsasən icma, qiyas, istehsan, məsləhət və adət-ənənə kimi şəri dəlillərə müraciət etmək lazımdır.

Ailədaxili məsləhətdə nələrə diqqət edilməlidir?

Bir çox valideyinlərin ehtiyac görmədiyi və diqqət etmədiyi ailədaxili məşvərətlər[1] əslində mümkünsüz kimi görünən bir çox problemin həllində mühim rol oynayır. Ailədaxili problemlər ətraflı müzakirə olunmalı, hamının fikri və bilgisi daxilində ortaq çarələr tapılmalıdır. Yaxşı, bəs nədir ailədaxili məşvərət və necə edilməlidir?


Şərh yaz