6. 450 dəfə oxunub ,   0 şərh   Çap et

O, gənc bir çoban idi. Uqbə bin Əbu Muaytın qoyunlarını otarırdı. Bir gün yenə qoyun otaranda yanına iki nəfər yaxınlaşdı. Qonaqlar susadıqlarını deyib ondan süd istədilər. Gənc çoban onlara belə cavab verdi: “Var, amma verə bilmərəm! Bu qoyunlar mənə əmanət edilmişdir. Sahibinin icazəsini al­madan süd verə bilmərəm. Əks halda əmanətə xəyanət etmiş olaram”.

Nəticədə, qonaqlar bu balaca çobandan təkə üzü gör­məmiş qısır bir keçi istədilər. Çoban qonaqlara bu keçini göstərdi. Onlardan biri keçini tutub dua etdi. Sonra da süddən kəsilmiş keçini sağ­mağa başladı. Sanki ke­çinin məmələri bir anda südlə dolmuşdu… Südü bir qaba doldurdular. Südü içib qurtarandan sonra keçini sağan adam yenə dua etdi, keçi əvvəlki vəziyyətinə qayıtdı.

Qarşısındakı şəxsin Allahın Rəsulu (s.ə.s.), onun dostunun da Hz. Əbu Bəkir (r.a.) olduğunu bilməyən gənc çoban həyəcanla soruşdu:

– O oxuduqlarınızı mənə də öyrədərsiniz?

Rəsulullah mübarək əlini çobanın başına qoyaraq ona:

– Sən artıq hər şeyi öyrənmisən, – deyə cavab verdi. 1

Bu balaca çoban İslamı qəbul etdi və o andan etibarən daim Allah Rəsulunun duaları onun üstündə oldu. Sonralar o, Qurani-Kərimi ən yaxşı oxuyan səhabələr sırasına daxil oldu və “Altı Abdullah”ından biri kimi İslam tarixində məşhurlaşdı.

Bəli, bu günahdan uzaq və təqvalı çoban Abdullah bin Məsud Həzrətləri idi (r.a.). Beləcə ilk Müsəlmanlardan olma şərəfini qazanırdı.

Məkkədə müşriklərin müsəlmanlara qarşı olan işgəncələri və təzyiqləri artanda səhabələr bir yerə toplaşıb Kəbənin yanında insanlara açıq-aşkar Quran oxuya bilmədiklərinə görə bir-birini qınayırdılar. Hz. Abdullah:

– Mən onların yanında açıq-aşkar Quranı oxuya bilərəm, – dedi. Səhabələr:

– Birdən onlar sənə nəsə edərlər! Quranı gərək tayfası və qəbiləsi arxasında dura bilən adam oxusun,- dedilər.

– Mənə icazə verin, Allah məni qoruyar, – deyib çıxdı və Kəbənin yanında Qureyş müşriklərinin toplaşdığı yerə getdi. “Bismillahir-rahmənir-rahim” deyib “Rəhman” surəsini oxumağa başladı.

Müşriklər qəzəblənərək dərhal Abdullahın yanına getdilər və onu döyməyə başladılar. Amma Abdul­lah yenə susmadı, oxumağa davam etdi. Nəhayət, yoldaşlarının yanına qayıtdı. Onlar narahatlıqla yanına gələndə Abdullah belə deyirdi: “Vallah, mənim gözümdə Allahın düşmənləri arasında bunlardan daha sadə olanı yoxdur. İstəsəniz, sabah da gedib eyni şeyi edə bilərəm”.

Səhabələr Hz. Abdullahın səhər də oraya gedib özünü yenidən təhlükəyə atmasını uyğun görmədilər.2 Bu qəhramanlığı ilə Abdullah ibn Məsud Rəsulullahdan (s.ə.s.) sonra Kəbədə açıq-aşkar Quran oxuyan ikinci şəxs oldu.

Abdullah bin Məsud (r.a.) iki dəfə hicrət etmişdir. O, müşriklərin təzyiq və işgəncələri artınca Həbəşistana hicrət etdi. Lakin Peyğəmbərimizin həsrətinə dözə bilmədi. Bir müddətdən sonra yenidən Məkkəyə qayıtdı. Mədinəyə hicrət izni çıxınca o da Müsəlmanlarla birgə Mədinəyə hicrət etdi. Rəsulullah (s.ə.s.) onu Zübeyr bir Avvamla (r.a.) qardaş etdi.

Peyğəmbərimiz (s.ə.s.) Hz. Abdullahın məscidin yaxınlığında məskunlaşmasını istədi. Bu səbəblə o hər an Rəsulullahın xidmətində dayanmağa çalışardı. Abdullah (r.a.) daim Peyğəmbəri­mizin yanında olar, ayaqqabılarını geyindirər, əsa, yastıq, qoxu və misvak kimi əşyalarını daşıyardı. Peyğəmbərimizi yuxudan İbn Məsud oyadardı. Buna görə o, səhabələr arasında “Sahibüs-Səvadi vəs-Sivak” kimi tanınardı. Hz. Abdullah Rəsulullahla o qədər birlikdə olurdu ki, Mədinəyə ilk gələnlər onu Əhli-Beytdən zənn edirdilər… Xeybərin fət­hindən sonra Mədinəyə gələn məşhur səhabələrdən Əbu Musa əl-Əşari (r.a.) bununla əlaqədar olaraq belə deyirdi: “Mən və qardaşım Mədinəyə gələndə Rəsulullahın yanına çox girib-çıxdığı üçün onu və anasını Rəsulullahın Əhli-Bey­tindən sanırdıq”. 3

Əbu Musa əl-Əşaridən Rəsulullaha ən yaxın şəxsin kim olduğu soruşanda o: “Yol göstərmə  və xasiyyət baxımından Allah Rəsuluna ən yaxın olan şəxs Abdullah bin Məsuddur”, ‒ demişdi.

Onun Rəsulullaha olan yaxınlığı ilə bağlı başqa bir rəvayəti də Əbdürrəhman bin Yeziddən öyrənirik. O, belə deyir: “Biz bir dəfə Huzeyfətül-Yəmənin yanına (r.a.) gəlib səhabələr arasında Rəsulullaha ən yaxın kim olduğunu öyrənib ondan nümunə götürmək istədik. Hz. Huzeyfə (r.a.) belə dedi: “Gözəl həyat tərzi ilə Rəsulullaha ən yaxın olan Abdullah ibn Məsuddur. On­dan başqasını tanımıram”.

Gözəl Quran Oxuyardı

Hz. Abdullah çox gözəl Quran oxuyardı. Peyğəmbərimiz (s.ə.s.) səhabələrə Quranı dörd adamdan öyrənmələrini tövsiyə edirdi. Bunlardan biri də Hz. Abdullah idi.4 Buxaridəki bir rəvayətə görə, Peyğəmbərimiz Hz. Abdullahdan Quran oxumasını xahiş etmişdi. İbn Məsud: “Ey Allahın Elçisi! Quran sənə nazil olduğu halda mənmi sənə oxuyacağam?!” – deyə soruşdu. Peyğəmbərimiz də: “Bəli, onu başqasından dinləmək mənim xoşuma gəlir!” – deyə cavab verdi.

İbn Məsud oxumağa başladı. “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?” 5 ayəsinə çatanda Rəsulullah: “Hələlik yetər”, – dedi, o anda gözlərindən yaş axırdı.6

Abdullah bin Məsudun (r.a.) Peyğəmbərimizin (s.ə.s.) yanında xüsusi yeri vardı. Bir dəfə belə buyurdu: “Məndən sonra iki adama: Əbu Bəkir və Ömərə tabe olun. Ammarın göstərdiyi yolla gedin. İbn Məsudun tövsiyələrinə riayət edin”. 7

Bir gün Hz. Abdullah bir ağaca çıxmışdı. Bu vaxt onun arıq qıçlarını görən bəzi səhabələr gülüşdülər. Peyğəmbərimiz buna çox əsəbiləşdi və belə buyurdu: “Nə üçün gülürsünüz?! Abdullahın qıçları qiyamət günü Uhud dağından daha ağır gələcəkdir”. 8

İbn Məsud (r.a.) Peyğəmbərimizlə birlikdə bütün döyüşlərdə iştirak etdi. Böyük qəhrəmanlıqlar göstərdi. Bədir döyüşündə yaralı vəziyyətdə olan Əbu Cəhlin başını kəsərək Rəsulullaha apardı. Peyğəmbərimizin vəfatından sonra da Yərmük döyüşünə qatıldı.

Quranı Ondan Öyrənin

Hz. Abdullah Suffə səhabələrindən idi. Rəsulullaha (s.ə.s.) yaxın olan, on­dan nadir hallarda ayrılan, ömrünü Qurana həsr edən və Rəsulullahın hüzuruna icazəsiz girib-çıxa bilən Hz. Abdullahın elminin tayı-bərabəri yox idi. Təfsir elmində xüsusi bir yeri vardı. Özü bu barədə belə deyir: “Allaha and olsun ki, Allahın Kitabından heç bir surə yoxdur ki, onun harada nazil olduğunu, heç bir ayə yoxdur ki, nə üçün nazil olduğunu kimsə məndən yaxşı bilsin. Əgər gedə biləcəyim məsafədə Allahın Kitabını məndən daha yaxşı bilən insanın olduğunu öyrənsəm, mütləq dəvəmə minib onun yanına gedərəm”. 9

Hədis Elmindəki Yeri

İbn Məsud (r.a.) hədis elmində də məşhur idi. 848 hədis rəvayət etdi. Hədis rəvayət edərkən çox ehtiyatlı davranardı. Bənizi saralar, rəngi dəyişərdi. Çox vaxt “Rəsulullah buyurdu” deməz, onun adından yalan danışmaqdan qorxardı. Onun rəvayət etdiyi hədislərdən bir neçəsi belədir:

Rəsulullah (s.ə.s.): “Qəlbində zərrə qədər qürur olan kimsə cənnətə girə bilməz”, ‒ bu­yurdu. Bir nəfər: “Ya Rəsu­lal­lah, insan paltarının və ayaqqabılarının gü­zəl olmasını istəyir (bu da qürur sayılırmı?)”, ‒ dedi. Rəsulullah (s.ə.s.): “Şübhəsiz ki, Allah gözəldir və gözəlliyi sevər. Qürur isə özünü hamıdan üstün tutaraq haqqı inkar etmək və insanlara yuxardan aşağı baxmaqdır”, ‒ buyurdu.10

“Doğru və düzgün olun. Şübhəsiz ki, doğruluq yaxşılığa, yaxşılıq da insanı cənnətə aparar. Doğru danışanın adı, nəticədə, Allah qatında “Siddiq” (yalnız doğru danışan) mərtəbəsində yazılar. Yalan danışmaqdan uzaq olun. Çünki yalan danışanın adı, nəticədə, Allah qatında “Kəzzab” (çox yalan danışan) kimi yazılar”.11

“Kim dolanışıq çətinliyini insanlara şikayətlənsə, onun ehtiyacı aradan qaldırılmaz. Lakin kim dolanışıq çətinliyini Allaha bildirsə, Allah onun çətinliyini aradan qaldırar, bolluğa çıxardar”.12

“Xəstəliyə və ya başqa cür bir çətinliyə məruz qalan heç bir müsəlman yoxdur ki, Allah ağacın yarpaqlarını tökdüyü kimi, bu vasitə ilə onun günahlarını bağışlamasın”13.

Fiqih Elmindəki Yeri

Hz. Abdullahın fiqh elmində də xüsusi yeri vardı. Bir çox fətvalar vermişdi. Əbu Musa əl-Əşari (r.a.) kimi böyük alim onun elminə hörmət edər, “İbni Məsud aranızda mövcud olduqca məndən heç nə soruşmayın”, – deyərdi. Hz. Ömər də onun haqqında: “İbni Məsud elmlə doldurulmuş bir dağarcıqdır”, – demişdi.

Abdullah (r.a.) yaxşı bir alim olduğu kimi, eyni zamanda yaxşı müəllim idi. Bildiklərini ən gözəl şəkildə başqalarına öyrədərdi. Hz. Əlinin olduğu bir məclisdə: “Biz Hz. Abdullahdan daha gözəl əxlaqlı, daha şəfqətli, daha təqvalı bir kimsəni görmədik”, – dedilər. Hz. Əli (r.a.): “Bunu səmimi qəlbdən deyirsiniz?” – deyəndə, “bəli” cavabını aldı və: “Şahid ol, ya Rəbb, mən də bunların dediklərini və daha çoxunu təsdiq edirəm”, – dedi.14 Ona görə də Hz. Ömər (r.a.) onu Kufəyə müəllim göndərdi. Kufə əhlinə də belə bir məktub yazdı:

“Sizə Ammar bin Yasiri vali, Abdullah bin Məsudu müəllim göndərirəm. Hər ikisi Bədir əshabıdır. Onlara tabe olun, itaət edin və sözlərini dinləyin. Bilin ki, sizi özümdən üstün tutaraq Abdullah bin Məsudu yanınıza göndərirəm”.15

İbn Məsud (r.a.) Hz. Osmanın xəlifəliyi dövründə qazılıq və fətva vermə  vəzifəsini gördü. Ayrıca Beytülmal məmuru vəzifəsində də işlədi. O illərdə bizanslılarla və sasanilərlə döyüşən mücahidlərin ehtiyacları Kufədən göndərilirdi. İbn Məsud (r.a.) bu vəzifəsini gözəl şəkildə ifa etdi. Hz. Osmanın xilafətinin son illərində fitnə yayılınca Hicaza qayıtdı.

Yetişdirdiyi Tələbələr

İbn Məsudun tələbəlik etmiş  tabiunun məşhur alimlərindən bəziləri bunlardır: Alqamə b. Qeys , Əsvəd b. Yezid , Abidə əs-Səlmani , Mesruq b. Ecda’ , Əmr b. Şürahbil və Haris b. Qeys. Məşhur Əbu Hənifə məktəbinin qurucusu Alqamə b. Qeysdir. Ardınca da tələbələri İbrahim Ən-Nəxai, Əsvəd ibn Yəzid Ən-Nəxai və Şabi gəlir. Bunların da ən məşhur tələbəsi olan Hammad b. Əbi Süleyman, Əbu Hənifəyə müəllimlik etmişdir. Bu məktəbdə, Əbu Hənifədən başqa Süfyanı-Səvri, İbn Əbi Leyla və İbn Şübrümə kimi məşhur alimləri yetişmişdir. 16

Tələbələrindən Mesruk onun haqqında belə deyir: “Allah Rəsulunun səhabələri ilə oturub-qalxdım, onlarla söhbət etdim. Onların hər birinin həqiqətən bir ümman kimi dərin olduqlarını müşahidə etdim. Onlardan bəzisi vardı ki, bir adamın elmə olan bütün ehtiyacını və aclığını aradan qaldıracaq qədər geniş elmə sahib idi. Bəzisi, iki adamı; bəzisi on adamı; bəzisi yüz nəfəri; hətta bəziləri də bütün yer üzündəki insanları elmdə əhya edəcək ölçüdə alim idi. Bəli, Abdullah b. Məsud da bunlardan biriydi.” 17

Vüslata Doğruabdullah ibn mesud

Hz. Abdullah ömrünün sonuna yaxın xəstələndi. Hz. Osman (r.a.) onu ziyarətə gələndə şikayətini soruşdu.

Hz. Abdullah bin Məsud: “Bir şikayətim var, o da günahlarımdır!” – deyə cavab verdi, Hz. Osman ondan nə istədiyini soruşdu, o, Allahın mərhəmətini istədiyini dedi. Hz. Osman bu dəfə: “Sənə nəsə gətirim?” – deyə soruşdu. Cavab qısa idi: “Ehtiyacım yoxdur”. Nəticədə, Hz. Osman: “Övladlarına qoyarsan”, – deyəndə Abdullah: “Övladlarımın ac qalacağındanmı qorxursan?! Mən onlara hər gecə “Vaqiə” surəsini oxumağını əmr edərdim. Çünki Rəsulullahın “Kim hər gecə “Vaqiə” surəsini oxusa, dünyada yoxsulluq dərdi çəkməz” buyurduğunu eşitmişdim”.18

Hz. Abdullah 64 yaşında hicrətin 32-ci ilində vəfat etdi. Baqi qəbiristanlığına dəfn edildi. Cənazə namazını Hz. Osman (r.a.) və Hz. Ammar ibn Yasir (r.a.) qıldırmışdır.19

İbrətlik sözlərindən:

“Harama girib zəngin olmaqdansa, yoxsul qalmağı, Allaha üsyan edib şərəf qazanmaqdansa, Ona itaət edib təvazökar olmağı seçmək lazımdır”.

Abdullah (r.a.): “Əsla heç kəs “immə” olmasın!” – dedi. “”İmmə” nədir?” – deyə soruşdular. Abdullah dedi: “İmmə “mənim şəxsi fikirlərim yoxdur, insanlar nə etsə, mən də elə edərəm, Müsəlman olsalar, Müsəlman olaram, kafir olsalar, mən də kafir olaram” deyən kim­sədir. Siz: “Bütün insanlar kafir olsalar, mən Müsəlman qalmağa qərarlıyam”, – deyin”.


 

  1. İbn Sad, Təbəqat, III /150-151; İbn Kəsir, Əl-Bidayə vən-Nihayə, VII /162
  2. Üsdül-Ğabə, 3: 257
  3. Müslim, Fəzailüs-Səhabə: 110; Tirmizi, Mənaqib: 38
  4. Tirmizi, Mənaqib: 38
  5. Nisa surəsi, 41
  6. Buxari, Fəzailül-Quran: 32-33
  7. Tirmizi, Mənaqib: 38
  8. Təbəqat, 3: 155
  9. Buxari, Fəzailüs-Quran 8; Müslim, Fəzailüs-Səhabə: 115
  10. Müslim, İman: 147; Tirmizi, Birr: 60
  11. Buxari, Ədəb: 69; Müslim, Birr: 105
  12. Tirmizi, Zühd: 18
  13. Buxari, Mərdə: 3; Müslim, Birr: 45
  14. Üsdül-Ğabə, 259
  15. Safədi, Əl-Vafi bil-Vəfəyat, s. 2502.
  16. Cərrahoğlu, DİA, I / 117
  17. İbn Sad, Ət-Təbaqatul-Kübra, IV / 159
  18. Üsdül-Ğabə, 259
  19. İbn Kəsir, Əl-Bidayə, 7/163

 




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Abdullah ibn Səlam (r.a)

Abdullah bin Salam bu xəbəri eşidən kimi düz Rəsulullahın (s.ə.s) yanına yollanır. Mədinə qapılarının ağzında Rəsulullahı qarşılamaq üçün toplaşan izdihamın arasına girir. Rəsulullahı görüncə özünü saxlaya bilməyib: “Vallah, bu simada ya­lan olmaz!” – deyə qışqırır.

Abdullah bin Süheyl

Həzrət Abdullah (r.a) İslamiyyətin ilk illərində müsəlman oldu. Müşriklərin ağır işgəncələrinə məruz qaldı. Peyğəmbərimizin icazəsi ilə Həbəşistana hicrət etdi. Bir müddət orada qaldı.

Səhabələri nümunə götürmək

Necə etmək olar ki, insanlar səhabələri nümunə götürsünlər?


Şərh yaz