12. 641 dəfə oxunub ,   0 şərh   Çap et

Təharət nədir?

Təharətin (təmizliyin) növləri?

Nəcasətdən təmizlik nə dəməkdir?

Hədəsdən təmizlik nə deməkdir?

Hədəsdən təmizliyin növləri

Nəcasətlər və hökümləri

Qəliz nəcasətin namaza mane olan miqdarı nə qədərdir?

Ağır nəcasətlər hansılardır?

Təmiz sayılan şeylər

Təmiz olmayan maddələr yeyilməsə də başqa  yerlərdə istifadə oluna bilərmi?

Təharət təmizlik, paklıq mənalarına gəlir.

Dini terminologiyada mənası isə nəcasət deyilən maddi və hədəs deyilən, ibadətlərə mane hökmü kirlilik hallarından təmizlənmək deməkdir.

Təharətin (təmizliyin) növləri?

Təharət, yəni, təmizlik əsas olaraq iki cür olur:

1 – Nəcasətdən təharət (təmizlik).

2 – Hədəsdən təharət (təmizlik).  

Nəcasətdən təmizlik nə dəməkdir?

Maddi olan kililiyə “nəcasət” deyilir. Təmiz olmayan, nəcasətli maddəyə isə “murdar” və ya “nəcis” deyilir. Nəcasətdən təmizlik, bədən və ya paltara, bulaşan və nəcis sayılan maddələrdən təmizlikdir.

 Nəcis olan maddələrin bəzləri əslən natəmizdir. Bəzisi isə əsli etibarı ilə təmiz ikən, daha sonra ona bir pisliyin bulaşması, qarışması səbəbi ilə nəcis olmuşdur. Misal olaraq, sidik ilə, sidik bulaşmış paltarı verə bilərik. Sidik, birbaşa özü murdar və nəcisdir. Paltar isə, əslində təmizdir, ona bulaşan sidiklə pislənmiş, nəcis olmuşdur.  

Hədəsdən təmizlik nə deməkdir?

Hədəs bəzi ibadətlərin yerinə yetirilməsinə dini yöndən mane olan hökmü kirlilik halıdır. Dəstəmazsızlıq, cünubluq, heyz və nifas/zahılıq halları kimi… Hədəsdən təmizlik isə, qüsl və ya dəstəmaz almaq surəti ilə təmizlənməkdir. Suyun tapılmadığı və ya olsa belə istifadəsi mümkün olmayan hallarda təyəmmüm edilir.

Hədəsdən təmizliyin növləri

Hədəsdən təmizlik iki cürdür:

Kiçik hədəs: Dəstəmazsızlıq halı buna misal göstərilə bilər. Məsələn, tualetə gedəndə, ağız və burun kimi bir üzvdən qan gələndə, arxadan yel çıxanda və s. səbəblərlə dəstəmaz pozulur. Bu hal kiçik hadəs sayılır. Bunu ortadan qaldırmaq üçün, sadəcə dəstəmaz almaq kifayətdir. Su tapılmadığı zaman dəstəmaz əvəzinə təyəmmüm almaq da kiçik hadəsdən təmizlik yerinə keçir.

Böyük hədəs: Ancaq qüsl almaqla ortadan qalxan, cünubluq, heyz və nifas kimi hallara deyilir. Bu hallardan təmizlənmək isə ancaq qüsl almaqla mümkündür.

Nəcasətlər və hökümləri

Dinin təmiz saymadığı, murdar (nəcis) qəbul etdiyi şeylərin iki yerə ayrılır:

1 – Qəliz/ağır nəcasət (nəcasəti-ğəlizə),

2 – Yüngül/xəfif nəcasət (nəcasəti-xəfifə)…

Nəcis olduğu qüvvətli dəlillərlə sabit olan nəcasət ağır, ixtilaflı və nisbətən zəif sayılan dəlillərlə sabit olan nəcasət də yüngül qəbul edilmişdir. 

Bir şeyi kirlətməkdə nəcasətin qəliz və ya xəfif olmasının fərqi yoxdur. Məsələn, hər iki nəcasət növündən müəyyən miqdarda suyun için düşsə, o su murdar sayılar. Artıq həmin sudan dəstəmaz almaq caiz deyil.  

Qəliz nəcasətin namaza mane olan miqdarı nə qədərdir?

Nəcasətin namazın səhhətinə mane olan miqdarı quru maddə və mayelərdə müxtəlifdir. Belə ki:

Fiqh kitablarında qəliz nəcasətin ölçü vahidi olaraq keçmiş dövrlərdə istifadə edilən böyük dirhəm (gümüş pul) əsas götrülmüşdür. Orta əsrlərdə istifadə edilən bu dirhəm o dövrün kütlə vahidi ilə 1misqal ağırlığında idi.[1] Bir misqal da təxminən 4 qramdır. Bina görə də quru haldakı nəcasətlərdə nəcasətin ağırlığı, yəni 4 qram, maye halında isə səthi, yəni təxminən ovuc içi qədər yerə yayılarsa qəliz nəcasət sayılır.[2] Namaz qılan şəxsin bədənində, geydiyi paltarda və namaz qılacağı yerdə dörd qramdan çox, ağır nəcasət sayılan murdar bir şey olarsa namaza manedir. Maye halında olan nəcasət ovuc içindən daha geniş yerə yayılarsa bu da namaza manedir. Namaz qıla bilmək üçün bu nəcasətlərdən təmizlənmək fərzdir.

Bu miqdarlardan az olan nəcasətlər, namazın səhhətinə mane deyil. Namaza mane olam miqdarda olmasa belə bu nəcasətlərin – əgər mümkünsə – təmizlənməsi sünnədir.

Ağır nəcasətlər hansılardır?

Qəliz (ağır) nəcasət sayılan maddələr bunlardır:

1 – İnsan bədənindən çıxan, dəstəmaz və ya qüsl almağı gərəkdirən hər şey: sidik, nəcis, məni, sevişmək və ya qarşı cinsi düşünməklə cinsi orqandan gələn ağ rəngli, yapışqan “məzi”, gücə düşəndən və işədikdən sonra cinsi orqandan çıxan qatı və ağ rəngli “vədi”, qan, irin, sarı su, ağız dolusu qusuntu, heyz-nifas və istihazə/üzr (heyz və nifas günləri xaricində qadının uşaqlıq yolundan gələn qan) qanları və bənzəri şeylər.

 2 – Əti yeyilməyən heyvanların sidikləri, ağız suları və nəcisləri. Ancaq əti yeyilməyən heyvanlardan qızılquş, qartal, çalağan kimi quş cinsindən olanların nəcisləri, yüngül nəcasət sayılır.

 3- Əti yeyilən heyvanlardan toyuq, qaz, ördək, hind toyuğu və hinduşka kimi evdə saxlanılan heyvanlarının nəcisləri…

Əti yeyilən heyvanlardan sərçə, göyərçin kimi havada ifraz edən quşların nəcisləri təmiz sayılır.

4 – Donuz əti və ondan emal edilmiş hər şey; bütün heyvanlardan axan qanlar; öz-özünə ölmüş (meytə) leşlər; quruda yaşayıb “Bismillah” deyilmədən kəsilərək ölən qanlı heyvanlar və bunların dabbağlanmamış dəriləri ağır nəcasətdir. Bu haqda Qurani-Kərimdə belə buyrulur: Ölü heyvan (kəsilmədən ölüb murdar olmuş, leş), qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş (küt alət və ya silahla vurulmuş), (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır – dikinə qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır.” (Maidə, 5/3)

Donuzun qıllarından hazırlanmış fırçadan divar boyamaq üçün istifadə etmək olar.

Heyvan kəsilərkən dinin əmr etdiyi üsula uyğun kəsilməzsə leş (meytə) hökmündə olub, murdar sayılır və onun əti yeyilməz. Kəsən şəxs bilərəkdən “Bismillah” deməsə də hökm eynidir, ancaq unudaraq deyilməyibsə təmiz sayılır, yeyilə bilər.

Heyvan kəsildikdən sonra damarlarda qalan qan təmizdir murdar sayılmır. Buna görə də ətlə bərabər yeyilməsi caizdir. Çünki Qurani-Kərimdə haram olan qanın “axmış qan” olduğu bildirilmişdir.[3]

 6 – Spirtli içkilərdən şərab da ağır nəcasətlərdən sayılır. Bu xüsusda bütün İslam alimləri həmfikirdir. Sərxoşluq verici içkilər haqqında Allah Rəsulu (s.ə.s) belə buyurur: “Sərxoşluq verən hər içki haramdır.”[4]  “Çoxu sərxoşluq verən şeyin azı da haramdır.”[5] 

 Şərabdan başqa, tərkibində etil spirt olan maddələrin nəcis sayılıb sayılmayacağı haqqında  üç fərqli görüş var:

  1. Qəliz nəcasətdir
  2. Xəfif/yüngül nəcasətdir.
  3. Şərabdan başqa spirtli içkilər maddələri etibarı ilə təmizdir.

Buradakı fikir ayrılığının səbəbi şərabdan başqa tərkibində spirt olan maddələrin dini yöndən təmiz sayılıb-sayılmayacağı xüsusundadır. Yoxsa bu içkiləri içməyin sərxoşluq verdiyi üçün haram olduğunda bütün alimlər həmfikirdilər.

Xəfif/yüngül nəcasətin namaza mane olan miqdarı nə qədərdir?

Xəfif nəcasətlərdə ölçü, nəcasətin bulaşdığı yerin dörddə birinə yayılmasıdır. Nəcasətin miqdarı bulaşdığı yeriin dörddə birindən az olarsa namaza mane deyil, çox olarsa namaza manedir və yuyulması fərzdir. Xəfif nəcasətin bulaşdığı yerlərin dörddə birdən az olduqda təmiz sayılmasının bir çox hikmətləri vardır. Bəzi peşə sahibləri, təmizlik həssasiyəti olmayan cəmiyyətlər, heyvandarlıqla məşğul olan şəxslər bu fürsətlərdən yararlana bilərlər.[6]

İbadətə mane olmayacaq miqdarda olsa da hər cür nəcasətdən təmizlənmək təqvaya uyğundur.

Allah Rəsulu (s.ə.s) “təmizlik imandandır”[7] buyuraraq, təmizliyə diqqət edənlərin qüvvətli imana sahib olduğuna işarə etmişdir.

Buna görə də, istər qəliz, istərsə də xəfif nəcasətlə kirlənən yerləri namaza mane olmayacaq miqdarda olsa belə mümkünsə təmizləməyə çalışmalı, tərtəmiz bədən və paltarla ibadət etməliyik.

Xəfif nəcasət sayılan maddələr hansılardır?

At, qoyun, keçi, inək kimi ev heyvanlarının və ya əti yeyilən maral, ceyran kimi vəhşi heyvanların sidik və nəcisləri xəfif/yüngül nəcasət sayılır. Bəzi alimlərə görə bunlar da qəliz/ağır nəcasət sayılır. Qatır və uzunqulağın nəcisləri ixtilaflıdır. Bunları qəliz nəcasətdən sayanlar olduğu kimi, xəfif nəcasət olduğunu qəbul edənlər də vardır.

Ətləri yeyilməyən heyvanlardan çalağan, qızılquş, qartal kimi havada nəcis ifraz edən vəhşi quşların; göyərçin və sərçə kimi əti yeyilən quşların nəcisi təmizdir.

Təmiz sayılan şeylər

İslamda ümumiyyətlə bütün yer üzü, mədənlər, sular, otlar, ağaclar, çiçəklər, meyvələr və donuz xaricində bütün heyvanların bədənləri kənardan murdar bir şey toxunmadığı müddətcə təmiz sayılır.

İnsanın kəsilən saçları, sümüyü və dişləri təmizdir.

İnsanın ağız suyu təmizdir.

Cənazənin bədəni təmizdirsə, yuyulduğu su da təmiz sayılır. Əksi halda yuyulduğu su da murdar sayılır. Ancaq cənazəni yuyanın üzərinə sıçrayan su damcılarından qorunmaq çətin olduğu üçün bağışlanmışdır (murdar sayılmamışdır).[8]

Əti yeyilməyən heyvanlardan, sadəcə pişiyin ağız suyu və artığı (ağzı dəyən qida) təmiz qəbul edilir. Pişik, insanlar arasında çox dolaşdığından, ev əşyasına hər zaman toxunduğundan və insanın əlini və s. yaladığından, insanlara əziyyət olmasın deyə, onun ağzı və ağız suyu təmiz sayılmışdır. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “O (pişik) murdar deyildir. Çünki o sizin ətrafınızda çox dolaşır.[9]”

İtin, filin dərisi tükləri və dərisi təmiz sayılır. Paltara toxunduqda paltarı kirlətmir. Həmin heyvanların toxunduğu su da təmiz sayılır. Lakin ağız suyu paltara toxunarsa paltar murdarlanır.

Canlıların göz yaşı, təri, tüpürcəyi, burun suyunun murdar və təmiz olması həmin canlının ağız suyunun hökmünə bağlıdır. Ağız suyu təmizdirsə bunlar da təmiz sayılır.

Qatır və eşşəyin ağız suyu təmiz sayılır.

Toyuq öldükdən və kəsildikdən sonra ondan çıxan yumurta təmizdir, yeyilə bilər.

Şəriət qaydalarına görə kəsilmiş heyvanların dəriləri, ciyəri, ürəyi, dalağı və ətləri içində qalıb axmayan qanları təmizdir.

Ot yeməyə başlamamış süd quzularının qursaqları təmizdir. Bunların qursaqlarından pendir hazırlayarkən istifadə etmək olar.

Keçi, qoyun və bunlara bənzər heyvanların yelninə bulaşan nəcasət sağılan südün içinə düçərsə həmin süd murdarlanır. Lakin südün içinə düşən quru nəcis dağılmadan çıxarılar və südün rəngi dəyişməzsə həmin süd təmizdir. Bundan qorunmaq çətin olduğuna görə bağışlanmışdır.

Ölmüş qoyunun məməsindən çıxan süd də təmizdir.

İylənmiş ət, qıcqırmış yemək, acılaşan yağ, qurdlayan pendir təmizliyini itirmir. Lakin sağlamlığa zərərli olduğuna görə yemək olmaz.

Paltara sıçrayan yollardakı palçıqlardan qorunmaq çətin olduğu üçün bu da bağışlanmışdır. Yəni həmin paltarla qılınan namaz batil deyil. Ancaq bir şərtlə ki, palçığa nəcasət qarışmış olmasın və bu açıq olaraq bilinməsin.

Natəmiz yerlərdən küləklə gələn murdar şeylər paltara toxunarsa paltar kirlənmir. Ancaq paltarda nəcasətin əlaməti görünərsə bu təmizlənməlidir.

Hər hansı şəxs natəmiz yatağın üzərində yatmaqla kirlənmiş sayılmaz. Ancaq tər və ya nəmlilik vasitəsilə bədəninin hər hansı bir yerinə ordakı natəmizlik bulaşarsa həmin yer yuyulmalıdır.

İynə ucu və ya dəliyi qədər sidik damcıları sıçrayan yer murdar sayılmır. Lakin az və axmayan suya sıçradığı təqdirdə həmin su murdarlanır. Çünki suyu bundan uzaq saxlamaq mümkündür.

Axar və ya durğun suya hər hansı nəcasət düşərkən ətrafa sıçrayan damcılar təmizdir. Ancaq damcılarda nəcasət görünərsə murdar sayılır.

Tualet və hamamdan çıxan buxardan əmələ gələn su damcıları təmizdir.

Təmiz olmayan şeydən sıxılaraq çıxarılan su murdardır.

Bir şeyin təmiz sayılması o demək deyil ki, onu yemək və içmək halaldır. Elə zəhərli sular və elə sərxoşedici otlar var ki, təmiz olsalar da bunları içmək və yemək haramdır.

Təmiz olmayan maddələr yeyilməsə də başqa  yerlərdə istifadə oluna bilərmi?

Dinimizdə natəmiz sayılan maddələri yemək və ya içmək caiz deyildir. Lakin bir maddənin təmiz olması onun yeyilməsininin halal olduğu mənasına da gəlməz. Sağlamlığa zərərli maddələr yuxarıdakı ölçülərə görə təmiz sayılsalar belə, yeyilməməli və ya içilməməlidir. Həmçinin təmiz olmayan maddələr yeyilməsə də, yerinə görə başqa məqsədlərlə istifadə edilə bilər.

Gümüş və qızıldan hazırlanmış qablarda yemək, içmək və dəstəmaz almaq olar?

Qızıl və gümüşdən hazırlanan qablarda yemək yemək, su içmək və ya həmin qablardakı su ilə dəstəmaz almaq caiz deyil. Ancaq qadınlar, belə qablardan bəzək və zinət əşyası olaraq istifadə edə bilərlər.

Kişilərin anacaq gümüş üzük taxmasına icazə verilir. Qızıl və gümüş xaricində hər hansı bir maddədən hazırlanmış əşyalardan isə istifadə edilə bilər.

Əgər əşya tamamən qızıl və ya gümüş olmayıb başqa maddələrlə qarışdırılmışsa, bu təqdirdə hansı maddə çoxluq təşkil edirsə ona görə hökm verilir. Qızıl və ya gümüş nisbəti çoxluq təşkil edirsə həmin qabların istifadə doğru deyil. Azdırsa istifadə edilə bilər. Qızıl və ya gümüş suyuna çəkilmiş qablarda da nisbət fərqi az olduğundan istifadə edilə bilər.


[1]Kallek, Çengiz, “Miskal” maddəsi, DİA, XXX cild, 182
[2]Mərğinani, Əl-Hidayə, I cild, 35
[3]Ənam, 6/145.
[4] Buxari, Vudu, 71; Ədəb, 80; Müslim, Əşribə, 7
[5] Əbu Davud, Əşribə, 5: Tirmizi, Əşribə, 3
[6]  İbn Hümam, Fəthul-Qadir, I,135 və d.; Meydani, əl-Lübab, I, 55; İbn Rüşd, Bidayətul-Müctəhid, I, 73; Şirazi, əl-Mühəzzəb, I, 46; İbn Qudamə, əl-Muğni; I, .52; Züheyli, Fıqhul-İslami və ədilletuh, I, 115 və d.
[7] Müslim, Təharət 1; Darimi, Vüdu 2; 
[8]Ətraflı məlumat almaq üçün bax. Kasani, e.a.ə., I, 61-65; İbn Abidin, e.a.ə., I, 154, 188-193, 295, 323; Meydani, Lübab, I, 30 vd.; Zühəyli, e.a.ə., I, 101, 120; Bilmən, e.a.ə., s. 55 vd. 
[9] Əbu Davud, Təharət, 75; Tirmizi, Təharət, 92



Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Təmizlikdə tualet kağızı kifayətdirmi?

Müasir dövrdə övrət yerləri su ilə təmizlənmədən əvvəl və ya sonra tualet kağızından da istifadə edilir. Beləcə həm əlin nəcasət ilə birbaşa təması azalır, həm də yuyulandan sonra qalan su qurulanır. Su ilə təmizlik etdikdən sonra övrət yerinin parça və ya tualet kağızı ilə qurulanmasının sağlamlıq və təmizlik baxımından daha uyğun hətta zəruri olduğunu ifadə etmək lazımdır.


Şərh yaz