Cünub olan şəxsin imkan daxilində bir an öncə qüsl alaraq cünubluqdan çıxması gərəkir. Ancaq vaxt azlığından və ya hər hansı səbəbdən yuyunmağa fürsət tapa bilməyən şəxs yuyunmadan da sahur yeməyi yeyə bilər.
Cünub olan yəni qüslu pozulan şəxs ilk fürsətdə yuyunmalıdır. Bir insan qəlbində iman olduğu halda qüslsuz ölsə də axirətə imanla köçmüş sayılır. Allah Rəsulu (s.ə.s.) Uhud döyüşündə cənabətli (qüslsüz) şəhid olan Hanzala ibn Amrın (r.a.) mələklər tərəfindən yuyulduğunu bildirmişdir.
Yuxuda olarkən cünub olmaq insanın ixtiyarı xaricindədir. Bu gecə və ya gündüz yatarkən baş verə bilər. Sahurdan sonra yatan, oyananda cünub olduğunu görən şəxsin orucu pozulmur. Həmin şəxs oruca davam etməlidir.
Cünub olan ana südəmər körpəsini əmizdirə bilərmi? Cünub olan ana südəmər körpəsinə süd əmizdirə bilər. Ancaq yaxşı olar ki, ana uşağa döş vermədən əvvəl döş gilələrini su ilə yusun.
Cünub ikən dırnaq kəsmək haram deyil və nəslərdə (ayə və hədislərdə) hər hansı qadağa yoxdur.