Ümidvar olmaq, tarix boyunca insanın ruh dünyasını bəsləyən, onu ruhlandıran, motivə edən mənəvi bir güc olaraq bilinir. Damarlarda axan qan bədəni bəsləyib ayaqda tutduğu kimi, ümidvar olmaq da insanın ruh dünyasını o dərəcə də bəsləyir, ona, müxtəlif çətinliklər qarşısında əzimli olmağa və aşmağa güc verir.
İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.
Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.