1. 514 dəfə oxunub ,   0 şərh   Çap et

Müsəlman olanların sayı get-gedə artırdı. Peyğəmbəri­mi­z (s.ə.s) ona nazil olan ayələri bir tərəfdən bütün insanlara  çatdırır, digər tərəfdən də, xüsusilə, Əhli-Kitabı bu uca dinə dəvət edirdi. Bu dəvətə müsbət cavab verənlərə əbədi səadəti müjdələyirdi: “Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə) Allaha boyun əyərək (tam səmimiyyətlə) inanır, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir”.[1]

Ayədə işarə olunan şəxslərdən biri də Abdullah bin Salam (r.a.) idi. Hz. Abdullah Səadət əsrində elm və təqvası ilə şöhrət tapmış və İslam tarixində “Abadileyi-Səba” kimi tanınan yeddi Abdullahdan biri olmuşdur.

Abdullah bin Salamın müsəlman olması hər kəs üçün ibrətli hadisədir. Özü hadisəni belə nəql edir:

“Rəsulullahın (s.ə.s.) peyğəmbərliyini eşidəndə çox sevindim. Çün­ki onun adını, əlamətlərini və gələcəyi vaxtı bilir və gözləyirdim. Lakin buna baxmayaraq, sükut etdim. Qubaya gəldiyini bir adam mənə sevinclə xəbər verdi. O an­da xurma ağacının başında idim. Bibim Xalidə binti Haris ağacın altında idi. Xəbəri eşidər-eşitməz: “Allahu əkbər!” – deyib təkbir gətirdim. Bibim təkbiri eşidincə: “İtəsən səni! And olsun ki, Musa ibn İmranın gəldiyini eşitsəydin, bundan daha çox sevinməzdin”, – dedi. Mən də: “Ey bibim, and olsun ki, o, Musa ibn İmranın qardaşıdır. Musanı göndərən onu da göndərmişdir”, – dedim. Bibim bu dəfə yumşaq şəkildə: “Qardaşoğlu, bizim qiyamətə yaxın gələcəyini gözlədiyimiz peyğəmbər budurmu yoxsa?” – deyincə mən: “Bəli, əmin olun, budur”, – dedim”.

Abdullah bin Salam bu xəbəri eşidən kimi düz Rəsulullahın (s.ə.s) yanına yollanır. Mədinə qapılarının ağzında Rəsulullahı qarşılamaq üçün toplaşan izdihamın arasına girir. Rəsulullahı görüncə özünü saxlaya bilməyib: “Vallah, bu simada ya­lan olmaz!”[2] – deyə qışqırır.

Rəsulullah (s.ə.s.) ondan: “Sən Abdullah bin Salamsanmı?” – deyə soruşur. Abdullah: “Bəli”, – deyincə Rəsulullah (s.ə.s.): “Yaxınlaş, – deyir, – ey Abdullah, Allah üçün söylə. Tövratda mənim əlamətlərimə rast gəldinmi?”  Abdullah bu suala qarşı başqa bir sual sualla cavab verir: “Allahın əlamətlərini soruşursunuz?”

Rəsulullah (s.ə.s.) bir az gözlədikdən sonra Allah-Təala “İxlas” surəsini nazil edir: “De: “O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!

Bu ayələri eşidən Abdullah bin Salam belə deyir: “Bəli, ya Rəsulallah, doğru söyləyirsən. Şahidlik edərəm ki, Allahdan başqa ilah yoxdur və sən Onun Rəsulusan”.[3]

Abdullah bin Salam İslamı qəbul edəndən sonra ailəsini də İslama dəvət etdi. Onların da Müsəlman olmasına vəsilə oldu. Bibisi Xalidə də (r.a.) bu nurlu möminlər halqasına girdi.

Abdullah bin Salamın İslamı qəbul etməsi yəhudiləri qəzəbləndirdi. Abdullah müsəlman olmamışdan əvvəl yəhudilər ona böyük ehtiram bəsləyirdilər, onun müsəlman olduğunu eşidən kimi təhqir etməyə başladılar.

Bir gün Rəsulullah (s.ə.s.) evinə yəhudiləri dəvət edir və onlardan Abdullah ibn Salamın necə bir insan olduğunu soruşur. Abdullahın müsəlman olduğunu bilməyən yəhudilər ağızdolusu onu tərifləməyə başladılar. Bu zaman Abdullah bin Salam gizləndiyi yerdən çıxır və belə deyir: “Ey Yəhudilər, Allahdan qorxun! Sizə gələn bu həqiqəti qəbul edin. And olsun ki, bu şəxsin Allahın Peyğəmbəri olduğunu bilir­siniz. Əlinizdəki Tövratda həm adını, həm də əlamətlərini oxumusunuz. Mən şahidlik edirəm ki o, Allahın Rəsuludur. Ona iman etdim, onu təsdiq etdim və onu tanıdım…”

Yəhudilər bunu gözləmirdilər, qəzəbləndilər və Abdullah bin Salamı ittiham etməyə başladılar. Abdullah bin Salam üzünü Rəsulullaha (s.ə.s) tutaraq: “Ya Rəsulallah, yəhudilərin yalançı, şərxata, zalım və qəddar bir qövm olduğunu demədimmi?” – deyir.[4]

Abdullah ibn Salamın fəziləti haqqında iki ayə nazil olmuşdur. Hər iki ayədə də Allah onu müşriklərə qarşı şahid göstərir. Bu ayələrdə buyurulur: “Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin şahid olması yetər!””[5]

De: “Bir deyin görək, əgər (bu Quran) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Quranın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!”.[6]

Təfsirlərdə “İsrail o­ğullarından bir şahid” dedikdə Abdullah bin Salamın nəzərdə tutulduğu qeyd olunur.[7]

Onun fəzilətini göstərən Muaz bin Cəbəlin (r.a) şahidliyi də çox maraqlıdır. Zeyd bin Umeyrə (r.a.) rəvayət edir: “Hz. Muaz ölüm ayağında olanda ondan: “Ey Əba Əbdürrəhman, bizə nə vəsiyyət edirsiniz?” – deyə soruşdular. Hz. Muazı istəyi ilə onu oturtdular. Muaz belə dedi: “Elm və iman məlumdur. Onları axtaran tapar. Elmi dörd adamdan öyrənin: Əbud-Dərda, Salman Farisi, Abdullah bin Məsud və Abdullah bin Salam. Çünki Rəsulullahın belə buyurduğunu eşitdim: “Abdullah bin Salam cənnətdə on nəfərin onuncusudur””.[8]

Yəhudilərin bir dəfə Tövratdakı rəcim ayəsini Rəsulullahdan gizlədikləri nəticəsində Rəsulullaha şəxsən bildirib yalanlarını üzə çıxardan[9] Abdullah bin Salam Hz. Osmanı öldürmək istəyənlərə qarşı çıxdı. Hz. Osman şəhid edilsə, qiyamətə qədər qətl və döyüşlərin Müsəlmanlar arasında davam edəcəyini bildirdi.

Hz. Abdullah hicri 43-cü ildə vəfat etdi.

Allah ondan razı olsun.

 

  1. Ali-İmran, 199.
  2. İbn Hişam, Sirə, II, 164.
  3. Təfsiri-İbni Kəsir, II, 521.
  4. İbn Hişam, Sirə, II, 164.
  5. Rəd, 43.
  6. Əhqaf, 10.
  7. Təfsiri-İbni Kəsir, IV, 156.
  8. Üsdül-Ğabə III, 177; İbn Sad, Təbəqat, II, 353.
  9. Sirə, II, 215.



Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Abdullah bin Süheyl

Həzrət Abdullah (r.a) İslamiyyətin ilk illərində müsəlman oldu. Müşriklərin ağır işgəncələrinə məruz qaldı. Peyğəmbərimizin icazəsi ilə Həbəşistana hicrət etdi. Bir müddət orada qaldı.

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Səhabələri nümunə götürmək

Necə etmək olar ki, insanlar səhabələri nümunə götürsünlər?


Şərh yaz