13. 658 dəfə oxunub ,   0 şərh   Çap et

Ağlamaq – acı, kədər, peşmançılıq və bəzən də sevincdən göz yaşı tökmək, üzülmək, iztirab çəkmək, kədərlənmək mənalarını verir.  

Ağlamağın səbəbləri – Allah qorxusu, sevgisi, qiyamət, hesab və Cəhənnəm əndişəsi, Cənnət nemətləri yaxud da dünya işləri ilə bağlı sevinc və kədər hisləri.

Dinimizdə həddən artıq gülmək xoş qarşılanmamış, əksinə günah əndişəsi ilə ağalamaq tövsiyə olunmuşdur. Qurani-Kərimdə “ağlamaq”la bağlı bəzi ayələr belədir: Allah Rəsulunun əmrinə əməl etməyərək Təbük səfərinə qatılmayıb Mədinədə qalanlar haqqında nazil olan: “Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar![1] ayəsində ağlamağın əhəmiyyətini, xristian din xadimləri haqqında gələn: “Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz![2] bəyanında isə göz yaşlarının ulu dərgahda nə qədər dəyərli olduğunu görürük. Bu və bu kimi ayələr inananları ağlayıb sızlamağa sövq edir. Lakin ağlamağın da bir ədəbi, qaydası var. Saç-baş yolaraq, üz-gözə vuraraq və özünü göstərmək üçün, riyakarlıqla ağalamaq tövsiyə olunmur. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bəzən ümmətin aqibətindən narahat olduğu üçün və onlara olan şəfqətindən, bəzən vəfat edənlərə mərhəmətindən, bəzən Allah qorxusundan, bəzən Quranı dinləyərkən, bəzən də namaz qılarkən ağalayardı.

Namazda ağlaması

Abdullah ibn Şihhir (r.a) nəql edir: “Allah Rəsulu namaz qılırdı. Yanına yaxınlaşdım. Elə için-için ağlayırdı ki, elə bil ocağın üstündə qazan qaynayırdı”[3]. Şübhəsiz ki, Allah qorxusundan bu cür ağlayırdı.

Abdullah ibn Amr (r.a) rəvayət edir: “Bir gün günəş tutulmuşdu. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) namaz qılmaq üçün ayağa qalxdı. Orada olanlar da qalxıb namaz qılmağa başladılar. Namazın qiyamını xeyli uzatdı. Sonra rükuya getdi və rükuda da bir o qədər dayandı. Rükudan qalxıb səcdəyə getdi və səcdəni də xeyli uzatdı. Səcdədən başını qaldırıb cəlsədə uzun müddət oturdu. İkinci səcdəsi də xeyli çəkdi. İkinci rükəti də bu şəkildə uzun qıldı. İkinci rükətin səcdəsində dərindən nəfəs aldı. Ağlaya-ağlaya dua edirdi: “Ey Rəbbim! Sən mənə onların arasında oduğum müddətdə əzab etməyəcəyini vəd etmədinmi? Ey  Rəbbim, ümmətim nə qədər ki Sənə tövbə edib yalvarır, bağışlanma diləyir, ona əzab etməyəcəyinə söz vermədinmi?! Budur qapına gəlmişik, Səndən əfv diləyir və Sənə yalvarırıq”.

İki rükətlik namaz qurtaranda günəşin üzü açılmışdı. Peyğəmbərimiz namazdan sonra Allaha həmd-səna edib camaata xitab etdi: “Günəş və Ay Allahın var və bir olduğunu göstərən dəlillərdir. Ayın və ya Günəşin tutulduğunu görəndə Allahı zikrə (namaza) tələsin. Allaha and olsun ki, Cənnət mənə o qədər yaxınlaşdırıldı ki, (əl uzatsaydım), üzüm salxımlarından dərə bilərdim. Cəhənnəm də o qədər yaxınlaşdırıldı ki, sizi əhatəsinə almaqdan qorxub Allaha sığındım”[4]. Allah Rəsulu bu sözləri ilə ümmətinə Ay və Günəş tutulmasının dua və zikr vaxtı olduğunu bildirmiş, möminləri belə vaxtlarda Allahı zikr etməyə çağırmışdır.

Quran ayələrini dinləyərkən ağlaması

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Qurani-Kərim dinləyərkən ağlayardı. Bu göz yaşları Allah qorxusu ilə yanaşı, Rəbbə sayğı və sevgidən qaynaqlanırdı.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir gün Abdullah ibn Məsuda: “Quran oxu, dinləyim”, –  deyir. Abdullah ibn Məsud həyəcanla: “Quran Sənə nazil olduğu (və ən çox Sənin ağzına yaraşdığı) halda mən onu Sizə necə oxuya bilərəm, ey Allahın Rəsulu?” – deyə sual edir. “Mən başqasından Quran dinləməyi xoşlayıram”, − deyə cavabını verir Allah Rəsulu. Abdullah ibn Məsud “Nisa” surəsini oxumağa başlayır. “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və Səni də onlara şahid çəkəcəyimiz zaman onların halı necə olacaq” ayəsinə çatanda Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) göz yaşları selə dönür”[5].

Vəfat edənlər üçün göz yaşı tökməsi

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Osman ibn Mazun (r.a) vəfat edəndə onu öpmüş və ağlamışdı. Həzrət Aişə anamız (radiyallahu anha) bu hadisəni belə nəql edir: “Allah Rəsulunun mənəvi qardaşı Osman ibn Mazun vəfat etmişdi. Allah Rəsulu adətən mərhumun arxasınca çox ağlamazdı. Ancaq Həzrət Həmzə kimi, Osman ibn Mazuna da göz yaşı tökmüş, əyilib alnından öpmüşdü.

Allah Rəsulunun ağladığını görən Osman ibn Mazunun zövcəsi Ümmü Ala (r. anha): “Osman Cənnətə gedəcəyinə zəmanət aldı” mənasında: “Osman bir quş kimi uçub Cənnətə getdi,” – dedi.

Bu sözlər Allah Rəsulunun xoşuna gəlmədi və üzünü ona tutub: “Osmanın Cənnətə uçub getdiyini haradan bilirsən? Mən Allahın Rəsulu ola-ola onun hara getdiyini bildirilməsə, bilə bilmərəm. Lakin ömrü boyunca harama əl uzatmadı və haramdan uzaq yaşayıb dünyadan köçdü. Ümid edirəm ki, yaxşı yerə gedib. Ancaq təminat verə bilmərəm. Şübhəsiz ki, Osman haraya layiqdirsə, ora da getmişdir!”

Bu sözləri eşidən Ümmü Ala deyir ki: “Həmin hadisədən sonra heç kim haqqında qəti söz demədim. Yalnız hüsnü-zənn etdim”[6].

Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) ağlamaq barədə bəzi tövsiyələri olmuşdur.

Ağlayanda həddi aşmamaq

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ölüm ayağında olanların yanına gedəndə kədərlənər, gözləri dolar və ağlayardı. Vəfat edən əziz bir adam olsa belə, ağlamaqda həddi aşmamağı tövsiyə edərdi. Elə özü də bu məsələdə ümmətinə örnək olmuşdu.

Üsamə ibn Zeyd (r.a) nəql edir: “Allah Rəsulunun qucağına can üstə olan nəvəsini (qızının oğlunu) verdilər. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) gözləri doldu. Bunu görən Sad ibn Übadə (r.a): “Ey Allahın Rəsulu! Bu, nə haldır?” – dedi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

− Bu, Allahın bəndələrinə verdiyi şəfqət və mərhəmət hissidir. Allah acımağı bacaran bəndələrinə rəhm edər, − buyurdu”[7].

Bu hədisi-şərifdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ağlamağın bir səbəbinin acımaq hissi olduğunu və bunun da mərhəmət duyğusundan qaynaqlandığını bildirir. Demək, ağlamağı zəiflik və ya acizlik kimi başa düşmək düzgün deyil.

Allah Rəsulu həmçinin  bu hədisdə Allahın rəhimli bəndələrinə mərhəmət edəcəyini bəyan buyurmuşdur. Ömründə bir damcı da olsa göz yaşı tökməyən bir insan acıma hissindən məhrum olduğu kimi, Allahdan mərhəmət ummaqdan da uzaqdır. Ancaq qəlbində mərhəmət hissi olanlar daim Allahdan mərhəmət diləyərlər. Digər tərəfdən, göz yaşı tökənlərin Allahın rəhmətini anlaması daha asandır. Mömin bir bəndə göz yaşları ilə həm  Allahın rəhmətini dərk edir, həm də ilahi mərhəmətə nail olur.

Abdullah ibn Ömər (r.a) rəvayət edir: “Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Əbdürrəhman ibn Avf, Sad ibn Əbu Vəqqas və Abdullah ibn Məsudla birlikdə Sad ibn Übadənin ziyarətinə gedirlər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Sadın halını görüb ağlayır. Onun ağladığını görən səhabələr də göz yaşı tökürlər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Həqiqətən, Allah göz yaşı və qəlbin iztirabına görə əzab verməz. Lakin – dilinə işarə edərək – bunun üzündən ya əzab verər, ya da bağışlayar”, − buyurdu”[8].

Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) Sad ibn Übadənin ürəkyaxan halına ağladığını görən səhabələr təəccüblənmişdilər. Rəsulullah da belə buyuraraq insanların göz yaşına görə deyil, ağızdan çıxan sözlərə diqqət etmədiklərinə görə əzaba məruz qalacağını söyləmişdir.

Sevinmək və ya kədərlənmək təbii haldır. Bəzən insanlar kədərli hadisə ilə üzləşəndə hislərini cilovlaya bilmir, lüzumsuz və xoşagəlməz sözlər işlədirlər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində: “Əsl səbir müsibət üz verərkən edilən səbirdir[9], – buyurmuşdur

Müsibət və bəla üz verərkən ilk anda səbir etmək insanı çirkin sözlər danışmaqdan, psixi sarsıntılardan və qədərə üsyandan qoruyur. Biz də bir müsibətlə üzləşəndə səbir etməli, xoşagəlməz sözlər danışmaqdan çəkinməliyik…

Qışqırıb-bağıraraq ağlamağı qadağan etməsi

Dinimiz mərhuma görə çığır-bağır salmağı, fəryad qoparmağı qadağan etmişdir. Bunun əksinə, çığırıb bağırmadan ağlamağın caiz olduğu haqqında bir çox rəvayət vardır. Hədisi-şəriflərə nəzər yetirsək, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) bu məsələdə də səhabələrinə xəbərdarlıq etdiyini görərik.

Abdullah ibn Abbas həzrətləri nəql edir: “Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir qız uşağını qucağına aldı. Uşaq bir xeyli qucağında qalandan sonra vəfat etdi. Bunu görən Ümmü Eymən yüksək səslə ağlamağa başladı. Peyğəmbərimiz onun fəryad qoparıb ağlamağına mane oldu. Ümmü Eymən:

– Siz də ağlamırsınız, ey Allahın Rəsulu? Mən sizin ağladığınızı görmüşəm, – dedi.

Peyğəmbərimiz:

– Mən səbirsizlikdən və taleyə (qədərə) etiraz edərək fəryad qoparmıram. Mən mərhəmətdən ağlayıram. Bunu yaxşı bil ki, mömin hər vəziyyətdə xeyir yolundadır və xeyirli olanı istəyər. Ruhunun alınması onun üçün bir xeyirdir. Buna görə Allaha həmd edər”, − buyurur”[10].

Əlbəttə, hər kəs bir əzizini itirəndə ağlayır. Ancaq baş verən hadisənin hikmətini anlaya bilməyən insan hansı hadisə ilə qarşılaşır-qarşılaşsın, xeyirlisini istəməli və başına nə gəlirsə-gəlsin “xeyirlisi belə imiş” deyib Allaha təvəkkül etməlidir. Bunun əksini eləmək qədərə üsyan və Allahın rəhmətini tənqid etmək mənasına gələ bilər.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) oğlu vəfat edəndə kədərlənib ağlamışdı. Həzrət Ənəs (r.a) nəql edir: “Allah Rəsulu can üstə olan oğlu İbrahimin yanına girəndə göz yaşlarını saxlaya bilmədi. Bunu görən Əbdürrəhman ibn Avf (r.a):

− Ey Allahın Rəsulu! Siz də ağlayırsınız? − deyə soruşdu.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ona:

– Ey İbn Avf! Bu gördüyün göz yaşları rəhmət və şəfqət nişanəsidir, − cavabını verdi və sonra sözlərinə belə davam etdi, – Göz yaşarar, qəlb kədərlənər, dil ancaq Rəbbimizin razı olduğu sözləri söylər. Ey İbarahim! Sənin gedişin bizi kədərə qərq elədi”[11].

Ümmətinin qurtuluşu üçün ağlaması

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ümməti haqqında duyğu və  düşüncələrini dua və göz yaşları ilə dilə gətirirdi. Ümmətinin üstündə tir-tir əsir, nicat tapsın deyə dualarla Rəhmli Rəbbə yalvarırdı. Bir gün, “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən[12], “Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən![13] məallı ayələri təkrar edə-edə sabaha qədər ağlamışdı. Uca Allah Cəbraili (əleyhissalam) göndərib bu göz yaşlarının səbəbini sormuş və: “Ümmətinə görə Səni kədərləndirməyəcəm”[14] müjdəsi ilə Ona təsəlli vermişdi.

Səhabələrinə ağlamağı tövsiyə etməsi

Allah üçün ağlamaq imanlı insanların bariz xüsusiyyətlərindən biridir. Qurani-Kərimdə bununla bağlı çoxlu misallar vardır. Gözü yaşlı, qəlbi məhzun insanlarla yanaşı, həyatı oyun və əyləncə sayıb ömürlərini gülüb-oynamaqla keçirənlər də vardır. Onlar haqda nazil olan tənbeh və xəbərdarlıq məzmunlu “Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!”[15] ayəsi bu ağlamağın əhəmiyyətini vurğulayır.

Peyğəmbərimiz: “Əhsən, nəfsinə hakim olanlara! Əhsən, evini qonaq üçün hazır saxlayanlara! Əhsən, xətalarına göz yaşı tökənlərə”[16], – buyuraraq səhabələrini göz yaşı tökməyə çağırmışdır.

Ənəs ibn Malik (r.a) nəql edir: “Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir gün bizə elə sözlər danışdı ki, o vaxtadək eşitməmişdik. Sonra da: “Əgər siz mənim bildiklərimi bilsəydiniz, az gülər çox ağlayardınız” buyurdu. Bunu eşidən səhabələr əlləri ilə üzlərini örtüb hıçqıra-hıçqıra ağladılar”[17].

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Allah qorxusundan tökülən göz yaşlarının ilahi əzaba qalxan olduğunu bildirmişdir: “İki göz vardır ki, Axirət günü onları Cəhənnəm odu yandırmaz. Biri Allah qorxusundan yaş tökən göz, biri də sərhəddə keşik çəkən göz”[18].

Günahlara görə ağlamağı tövsiyə etməsi

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) nicat yolunu soruşan Üqbə ibn Amirə (radiyallahu anh) işlədiyi günahlara ağlamağı tövsiyə etmişdi. Həzrət Üqbə hadisəni belə nəql edir: “Nicat yolu, qurtuluş nədədir?” − deyə Allah Rəsulundan soruşdum. “Dilinə hakim ol, evin geniş olsun, günahlarına ağla” buyurdu”[19]. Burada;

a) Dili pis sözlərdən qorumaq.

b) Allaha rahatca ibadət etmək üçün geniş bir evə sahib olmaq.

c) Xətalara və günahlara görə göz yaşı töküb peşman olmaq tövsiyə edilir.

d) Yerli-yersiz ağlamağı xoş qarşılamaması

Allah Rəsulu yerli-yersiz ağlamağı riyakarlıq olma ehtimalına görə xoş qarşılamamış və bu cür ağlamağın şeytandan qaynaqlandığını bildirmişdir[20].

Sad ibn Əbu Vəqqas (r.a) Allah Rəsulunun belə buyurduğunu nəql edir: “(Allah qorxusundan) ağlayın. Ağlamağınız gəlməsə, özünüzü məcbur edin”[21].

Allah qorxusundan ağlamağı tövsiyə etməsi

Heç kimin olmadığı bir yerdə Allahı zikr edib ağlayan bir möminin axirətdə Allah-Təalanın xüsusi lütfü ilə qarşılaşacağını Əbu Hüreyrənin (r.a) rəvayət etdiyi bir hədisi-şərifdən öyrənirik: “Allah Rəsulu buyurdu: “Allah öz kölgəsindən başqa sığınacaq olmayan qiyamət günü yeddi şəxsi kölgəsi altına alıb himayə edəcək. (Birincisi) adil imam (rəhbər), (ikincisi) ömrünü ibadətlə keçirən gənc, (üçüncüsü) məscidlərə qəlbən bağlanan (mömin), (dördüncüsü) Allah üçün bir-birini sevib bir yerə yığışan və Allah üçün bir-birindən ayrılan iki insan, (beşincisi) var-dövlətli və gözəl bir qadının təklifini (nəfsinə hakim olub) “Mən Allahdan qorxuram” deyib rədd edən adam, (altıncısı) sədəqəni gizli verən, (yeddincisi) tənha qalanda Allahı zikr edib gözləri yaşla dolan (mömin)”[22].

Mövzumuza Allah qorxusu ilə tökülən göz yaşının ulu dərgahda nə qədər dəyərli olduğunu bildirən bu hədislə nöqtə qoyaq.

Əbu Ümamə Sudayy ibn Aclan əl-Bahilidən (radiyallahu anh) rəvayət edilən bir hədisdə Allah Rəsulu belə buyurmuşdur: “Allah qatında iki damladan və ya iki izdən daha gözəl bir şey yoxdur. İki damla – Allah qorxusu ilə tökülən göz yaşı və Allah yolunda axıdılan qandır. İki iz isə Allah yolunda çarpışarkən alınan yara izi və fərzləri yerinə yetirərkən alına düşən səcdə izidir”[23].

Xülasə, ağlamaq fitri olaraq insanı sakitləşdirən bir vasitədir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) möminlərə namazda, Quran oxuyanda ağlamağı və ən azı özlərini ağlamağa məcbur etməyi tövsiyə buyurmuş, kədərli hadisələrlə üzləşərkən qədərə üsyan etmədən, çığır-bağır salmadan, lüzumsuz sözlər işlətmədən ağlamağı məsləhət görmüşdür. Axirətdə ümmətin əzabdan xilas olması və günahlarımızın bağışlanması üçün ağlamağı da unutmamalıyıq. Bunlarla yanaşı, qəlbən ağlamalı, dini hiss-həyəcan (Allah qorxusundan) ağlamağa səy göstərməli, ifrata varmaqdan və yerli-yersiz ağlamaqdan çəkinməliyik.

Mustafa Gündoğdunun “Onun kimi yaşamaq” kitabından götürülmüşdür.

[1]“Tövbə” surəsi, 9/82.

[2]“Maidə” surəsi, 5/83.

[3]Əbu Davud, “Salət”, 158.

[4]Müslim, “Küsuf”, 3; İbn Macə, “İqamətüs-salət” 152.

[5]Buxari, “Təfsirul-Quran”, 81.

[6]Buxari, “Cənaiz”, 3; “Mənaqibül-ənsar”, 46

[7]Buxari, “Cənaiz” 33, Müslim, “Cənaiz”, 9, 11. Həmçinin baxın: Buxari, “Əyman” 9, “Mərda” 9, “Tövhid” 25; Əbu Davud, “Cənaiz” 24, “Ədəb” 58; Nəsayi, “Cənaiz” 22; İbn Macə, “Cənaiz” 53

[8]Buxari, “Cənaiz” 44, “Talaq” 24; Müslim, “Cənaiz” 12

[9]Buxari, “Cənaiz”, 32; Müslim, “Cənaiz”, 14,15

[10]Nəsayi, “Cənaiz”, 13; Tirmizi, “Şəmail”, s. 267.

[11]Buxari, “Cənaiz” 43; Müslim, “Fədail” 62. Həmçinin bax: İbn Macə, “Cənaiz” 53

[12]“Maidə” surəsi, 5/118

[13]“İbrahim” surəsi, 14/36

[14]Müslim, “İman”, 346

[15]“Tövbə” surəsi, 9/82

[16]Münziri, “ət-Tərğib vət-tərhib”, 4/116

[17]Buxari, “Küsuf”, 2, “Əyman”, 3; Müslim, “Salət”, 112, “Küsuf”, 1, “Fəzail”, 134

[18]Tirmizi, “Fəzalül-cihad” 8; Nəsayi, “Cihad” 8

[19]Tirmizi, “Zöhd”, 60

[20]Əhməd ibn Hənbəl, “Müsnəd”, 5/235

[21]İbn Macə, “Zöhd”, 19

[22]Buxari, “Əzan”, 36; Müslim, “Zəkat”, 91

[23]Tirmizi, “Fəzailül-cihad”, 26




Bənzər məqalələr

Ağlamaq dəstəmazı və namazı pozarmı?

İstər ilahi duyğularla, istərsə də dünyəvi məsələyə görə ağlamaq dəstəmazı pozmur, çünki mücərrəd ağlamağın dəstəmazı pozduğuna dair heç bir hökm yoxdur. Namaz qılarkən ağlamaq fərqlidir.İnsan namaz qılarkən Allahı anaraq, dini hislər keçirərək ağlayarsa, bu, nə namazı, nə də dəstəmazı pozur. Əslində, bu, müsbət haldır. Səhabədən Abdullah ibn əş-Şixxirin (r.a.) rəvayətinə görə, Allah Rəsulu (s.ə.s.) namaz […]

Ölüyə ağlamaq olarmı?

Elə bir ölüm yoxdur ki, yaxınları kədərləndirməsin. Yaxınını itirən insanın kədərlənməsindən və ağlamasından daha təbii bir şey varmı? Bu, sevgi və mərhəmətdən doğur. Bu cür üzülüb ağlamaq caizdir. Ancaq özündən çıxıb qışqırmaq, xoşagəlməz sözlər demək və mərhumu incidən ağılar söyləmək doğru deyildir.


Şərh yaz