Mənəviyyata Açılan Pəncərə

Ağrılı Mərhələ

Ruqanə və iki möcüzə

Peyğəmbərimiz (s.ə.s.) insanların hidayətə çatması üçün hər cür yolu sınaqdan keçirirdi. Bunu edərkən də kimin hansı məsələyə və nəyə daha çox marağı varsa, həmin sahəni əsas götürərək sözü İslamın üzərinə gətirir və bununla da Uca Allahı insanlara tanıtmağa çalışırdı. Ancaq bunun üçün qarşıdakı adamı çox yaxşı tanımaq lazım idi. Elə təbliğin ən mühüm şərtlərindən biri də duyğu və düşüncəsi, istək və arzuları, zövq və sevimli məşğuliyyətləri baxımından qarşıdakı adamı çox yaxşı tanımaq idi və bunu ən yaxşı edən şəxs də, şübhəsiz ki, Allah Rəsulu (s.ə.s.) idi.

Ruqanə ibn Yəzid adlı kürəyi yerə vurulmayan bir pəhləvan var idi. Peyğəmbərimiz (s.ə.s.) də bu adamla tez-tez görüşürdü. Yenə bir gün Məkkənin kənar məhəllələrinin birində görüşüb söhbət edirdilər. Hz. Məhəmməd (s.ə.s.):

− Ey Ruqanə, − deyərək sözə başlayır, − Gəl sən də təqva paltarını geyin və dəvətimi qəbul  et, − deyir.

 Ruqanə:

− Bilsəm ki, Sənin məni dəvət etdiyin şey haqq və doğrudur, gəlib Sənə tabe olaram, − cavabını verir. Bu sözlərində səmimiyyət gizlənmişdi və iş buraya qədər gəlmişkən  məsələ yarımçıq qalmamalı və axıra çatdırılmalı idi. Buna görə də, Ruqanənin başa düşəcəyi dildə danışmaq lazım idi:

− Əgər Mən səni burada məğlub etsəm, gətirdiklərimin haqq olduğuna inanarsanmı? − deyə soruşur Allah Rəsulu (s.ə.s).

Tərəflərin fiziki vəziyyəti baxımından təklif qeyri-mümkün görünürdü. Öz sahəsində ad çıxarmış bir pəhləvana, ömründə heç vaxt güləşməmiş, təcrübəsiz bir adamın qalib gəlməsini təsəvvür etmək mümkün deyildi.  Buna görə də, Ruqanə tərəddüd etmədən cavab verir:

− Bəli, qəbul edərəm.

Əlbəttə, məqsəd quru güləşmək  deyildi; əsas məsələ Ruqanəni düşündürən bir möcüzə göstərmək idi. Rəsulullah (s.ə.s.) onunla başa düşəcəyi kimi davranacaq, gücünü Allahın qüdrətinə bağlayan bir peyğəmbər olduğunu başa salacaqdı. Hz. Məhəmməd (s.ə.s.):

− Elə isə gəl güləşək, − deyir vaxt itirmədən.

Özündən əmin olan Ruqanə ayağa durur və həqiqətən də, güləş başlayır. Ancaq bu nə idi? Ruqanə elə ilk həmlədə özünü yerdə görür. Elə bil qarşısında Məhəmmədül-Əmin deyil, bir ordu var idi. Nə bir fənd işlədə bilmiş, nə də bunu fikirləşməyə vaxt tapmışdı! Sanki əl-ayağı bağlanmışdı. Bu işdən heç nə başa düşməmişdi. Buna görə də:

− Gəl bir də güləşək, − deyir. Ruqanənin bu təklifi də qəbul edilir və yenə ayağa dururlar. Nəticə əvvəlkindən fərqli deyildi. Elə ilk həmlədə kürəyi yerə vurulan yenə Ruqanə olmuşdu. Təəccübünü gizlətməyə ehtiyac yox idi:

− Ey Məhəmməd! Allaha and olsun ki, bu, mümkün olmayan və çox əcaib bir məsələdir. Necə olur ki, Sən mənə qalib gəlirsən? − deyir.

Artıq Ruqanə də yada düşməyə başlamışdı. Allah Rəsulu məsələni burada nöqtələmək istəmirdi. Buna görə ikinci bir möcüzəyə ehtiyac var idi. Rəsulullah (s.ə.s.) belə buyurur:

− Əgər istəyirsənsə, sənə bundan da təəccüblüsünü göstərə bilə­rəm. Amma bundan sonra Allahdan qorxmağını və Mənə tabe olmağını istəyirəm!

− Yaxşı, o nədir? − deyə Ruqanə soruşur.

− Bu gördüyün ağacı çağıracağam və o da yanıma gələcək, − deyir Allah Rəsulu (s.ə.s.).

− Yaxşı, elə isə çağır!

Rəsulullah (s.ə.s.) ağacı yanına çağırır. Baş verənləri diqqətlə izləyən Ruqanənin gözləri az qala hədəqəsindən çıxacaqdı. Çünki Peyğəmbərimizin (s.ə.s.) çağırdığı ağac tərpənməyə başlamış və yellənə-yellənə yanına gəlirdi. Nəhayət, ağac Allah Rəsulunun qarşısına gəlincə:

− Gəldiyin yerə qayıt, − deyir Rəsulullah (s.ə.s.) və bu dəfə də ağac gəldiyi yerə gedir.

Ruqanənin beyni qarışmışdı. O, öhdəsindən gələ bilməyəcəyi bir gücün qarşısında olduğunu dərk etmişdi, amma hələ son həmləni edə biləcək iradəyə sahib deyildi.[1] Buna görə də, qövmünün yanına qayıtmağa üstünlük verir.

Qəbiləsinin yanına qayıtmışdı, amma hələ də yaşadıqlarının təsiri altında idi. Əvvəlcə başına gələnləri bir-bir danışır. Sonra da vəziyyətindəki qəribəliyi soruşanlara belə cavab verir:

− Ey Abdimənafoğulları! Siz bu adamla bütün dünyanı sehrləyə bilərsiniz. Allaha and olsun ki, mən Ondan daha böyük sehrbaz görməmişəm![2]

Hz. Əbu Bəkirin hicrət təşəbbüsü

Peyğəmbərimiz və Ona tabe olanlar Əbu Talib kimi bir hima­yədardan məhrum qaldıqları üçün Məkkə müşrikləri onlara daha çox təzyiq göstərməyə başlamışdı. Bu təzyiqin şiddəti gündən-günə daha da artırdı. Təkcə Allah Rəsulunu hədəf götürməsi, Onunla birlikdə hərəkət edən hər kəsi hədəfə çevirmiş və daim narahat edirdilər. Hz. Əbu Bəkir də bundan öz payını alırdı. Artıq Məkkədə sakitlik və rahatlıqdan əsər-əlamət qalmamışdı. Həm də Həbəşistana əvvəlcədən gedənlərdən  yaxşı xəbərlər gəlirdi.

Çox keçməmiş, Hz. Əbu Bəkir də hicrət etmək üçün Allah Rəsulundan (s.ə.s.) izin istəyir. İstək ağlabatan idi, icazə verilir. Məkkə­də qəddarlıq və təzyiq çoxalsa da, yer üzü geniş idi. Və bir gün Hz. Əbu Bəkir də hicrət məqsədi ilə dayısı oğlu ilə Həbəşistan istiqamətinə yola düşür. Bir arzusu vardı: namazları təzyiq altında qalmadan qılmaq və içindən gəldiyi kimi yüksək səslə Quran oxuya bilmək…

Bir müddət yol getdikdən sonra qarşılarına köhnə dostu və məkkəlilər arasında böyük nüfuzu olan ibn Düyunnə çıxır. O, Əbu Bəkir kimi hörmətli bir adamın yola rəvan olduğunu görüb təlaşla soruşur:

− Hara gedirsən?

− Qövmüm məni vətənimdən çıxmağa məcbur etdi… İşgəncə verdilər və maddi cəhətdən sıxıntıya salmağa çalışdılar, − deyə cavab verir Hz. Əbu Bəkir (r.a.).

İbn Düyunnə məəttəl qalmışdı. Necə ola bilər ki, onun kimi fəzi­lətli, gözəl əxlaqlı, hamıya qucaq açan və doğruluğu ilə məşhur olan bir adam vətənini tərk etməyə məcbur edilirdi? ibn Düyunnənin heyrəti sözlərinə də təsir edir:

− Nəyə görə? Allaha and olsun ki, yaxınlarına yaxşılıq etməkdə hamımızdan irəlidəsən. Ehtiyacı olanlara kömək edir və kasıblara arxa-dayaq olursan. Dərhal geri qayıt! Çünki sən artıq mənim himayəmdəsən , − deyir.

Hz. Əbu Bəkirin də könlü Məkkədə qalmışdı. Allah Rəsulu Məkkədə ikən Həbəşistan hicrətinə necə dözə biləcəkdi?.. Onun kimi birisi dərhal Məkkəyə qayıtmalı və bir ehtiyacı olanda Peyğəmbərinin yanında olmalı idi. Əslində seçilmiş  Siddiqə yaraşan da bu deyildimi? İndi isə tarixi bir fürsətlə üz-üzə idi və təklifi sevinclə  qəbul edir.

Birlikdə Məkkəyə qayıdırlar. Əbu Bəkirin əlindən tutub Kəbəyə gələn ibn Düyunnə məkkəlilərə səslənir:

− Ey Qureyş camaatı! Hamı bilsin ki, mən Əbu Kuhafənin oğluna (Hz. Əbu Bəkirə) aman verdim. Bundan sonra heç kim ona qarşı pis niyyət bəsləməsin.

İbn Düyunnənin xətrinə dəyə bilməyən Qureyşin bir şərti var idi: Əbu Bəkir açıq-aşkar namaz qılıb Quran oxumayacaq, insanları da dinə dəvət etməyəcək.

Evinin bir tərəfini ibadət üçün ayırmışdı. Namazını burada qılır, yanıqlı səsi ilə Quran oxuyub göz yaşları ilə Rəbbinə dua edirdi. Onun bu səmimiyyətini görən bəzi adamlar ətrafına yığışır, oxuduqlarına qulaq asıb hərəkətlərinə tamaşa edirdilər. Xüsusilə, uşaqlar, qadınlar və qullar üçün bura görüş yerinə çevrilmişdi.

Bu cür davranış təbliğdə də ən təsirli yol idi. Hz. Əbu Bəkir də bu yoldan istifadə edərək Özü də bilmədən insanların qəlbini İslama yaxınlaşdırmağa başlamışdı.

Ancaq Qureyş dərhal bu vəziyyətin fərqinə vardı. Buna görə də, ibn Düyunnənin yanına gedib onu vəziyyətdən xəbərdar edirlər:

− Əlbəttə ki, sən Əbu Bəkirə bizə əziyyət versin deyə aman verməmisən. Halbuki o, Quran oxuyub namaz qılarkən o qədər təsirli olur, dini elə təmsil edir ki, uşaqlarımızın, qadınlarımızın dini dəyişdirəcəyindən qorxuruq, − deyirlər.

Əslində, onlar bu sözləri ilə Hz. Əbu Bəkir məqamının gözəlliyini də qəbul edirdilər. Ancaq inadkarlıq və təəssübkeşlik içində ikən  bu insanlar yaxşı və gözəl olana qovuşa, onu duya bilmirdilər. Onların əsas narahat olduğu məsələ həqiqət qarşısındakı acizlikləri idi və buna görə də, gerçəklə üz-üzə gəlməkdən çəkinir, ətraflarındakı insanların da bu həqiqətə bələd olmasını istəmirdilər.

Çox keçmədən yenə ibn Düyunnənin yanına gəlirlər:

− Onun yanına get və evinə girməyini söylə! Evində istədiyi kimi hərəkət etsin, − deyərək Hz. Əbu Bəkirin başqalarının görə biləcəyi yerdə namaz qılıb Quran oxumaqdan əl çəkməsini tələb edirlər.

Müşriklər artıq ibn Düyunnəyə də təsir etmişdilər. O da Əbu Bəkirin yanına gəlir və belə deyir:

− Ey Əbu Bəkir! Mən sənə qövmünə əziyyət verəsən deyə aman vermədim. Onlar sənin Quran oxuyub namaz qıldığın yerdən narahat olurlar. Sən bu hərəkətinlə onlara əziyyət verirsən. Gir evinə və orada istədiyin kimi ibadətini davam etdir.

Hz. Əbu Bəkir üçün isə dinini təbliğ edib insanların əlindən tuta bilmədiyi, namazını qılıb aşkar Quran oxuya bilmədiyi yerdə bir müşrikin zəmanəti ilə yaşamaqdansa, Allahın inayətinə sığınmaq daha məqbul idi. Bu, aslanı zəncirləmək kimi bir şey idi. Halbuki, insanlıq ondan xidmət gözləyirdi. Əbu Bəkir də zəncirlərini bir kənara atıb arxasınca məşəqqət gəlsə də, dinə xidmət etmək yolunu seçir.

Çox fikirləşir. Deyilənləri etsəydi, dinini yaşamaqda, bəlkə də, heç bir çətinliklə üzləşməyəcəkdi. Amma inandığı dəyərlər dinin fərdi etiqad sistemi olmadığını göstərirdi. Həm də belə olsaydı, Rəsulullah (s.ə.s.) niyə bu qədər çətinliklərə qatlanırdı ki? Fərdi mükəlləfiyyətlər arasında başqalarının əlindən tutub onları həqiqətə aparmaq var idi. Hz. Əbu Bəkir də məhz özünə yaraşan şəkildə hərəkət edir. İbn Düyunnənin yanına gedir, verdiyi amana ehtiyacı olmadığını, Allahın mühafizəsinə və himayəsinə sığındığını elan edib qayıdır.[3]

O dövrdə Məkkədə belə bir elan bəla və müsibətlərin sel olub axması  demək idi.

Hz. Əbu Bəkir artıq o dar çərçivədən çıxmışdı və Rəbbinə qulluq vəzifəsini əksər hallarda Kəbədə əda etməyə çalışırdı. Ancaq bu, asan olmayacaqdı. Çünki Qureyşin köhnə hiddəti yenidən qabarmışdı: artıq zəmanətdən məhrum olan Hz. Əbu Bəkiri yaxından təqib edirdilər.

Əbu Bəkir bir gün Kəbədə namaz qılırdı. Bu vaxt Qureyş səfehlərindən biri ona yaxınlaşır. Təhqiramiz sözlər deyərək yerdən götürdüyü toz-torpağı səcdədə Rəbbi ilə baş-başa olan Əbu Bəkirin üstünə sovurur.

Bu vaxt Qureyş öndərlərindən biri oradan keçirdi. Üstündəki toz-torpağı təmizləməyə çalışan Hz. Əbu Bəkirin gözü ona iztehza ilə baxan həmin adama sataşır.[4] Onun qıldığı namazın kimə nə ziyanı var idi? Bu zülmü kim rəva görə bilərdi? Bəlkə, onda insanlıqdan bir nişanə olar deyə ümidlənir və səslənir:

− Bu səfehin etdiyi hərəkəti görürsənmi?

Əfsuslar olsun ki, xitab etdiyi adam heç də əvvəlkindən ağıllı deyildi:

− Bunu başqası deyil, sən öz-özünə etdin, − cavabını verir. Guya bu adam Hz. Əbu Bəkrin ibn Düyunnənin amanından çıxdığı üçün bu vəziyyətə düşməsində özünün səbəbkar olduğunu bildirmək istəyirdi. Bəlkə də, o, başqa deyə biləcəyi söz qalmamışdı və nəsə demək xatirinə bu sözləri söyləmişdi.

Hz. Əbu Bəkrin Rəbbindən başqa üz tutduğu heç bir qapıdan fayda yox idi. Əllərini qaldırır və dua edir  Rəbbinə:

− Nə qədər mərhəmətlisən, ey Rəbbim!  Nə qədər mərhəmətlisən, ey Rəbbim! Nə qədər mərhəmətlisən, ey Rəbbim![5]

Hz. Əbu Bəkir bununla ağı qara, gündüzü gecə kimi göstərməyə adət etmiş bu səfehlərə qəzəb etməyən Rəbbinin mərhəmətindəki ənginliyi ifadə edir və üsyanları müqabilində yenə də İlahi rəhmətin genişliyindəki  əzəmətə olan heyranlığını elan edirdi.

 Rum diyarından xəbər var

Həmin dövrdə dünyada da qeyri-sabitlik hökm sürürdü; qəbilələr arasında davam edən müharibələr dövlətlər arasında da cərəyan edirdi. Bu müharibələrdə isə bir çox günahsız insan həlak olurdu. Rumlularla farslar arasında da oxşar vəziyyət hakim idi.

Bir gün Məkkəyə təzə xəbər gəlmişdi. Xəbərdə rumluların farslara məğlub olması və təxminən Şama qədər uzanan böyük bir ərazini itirməsi bildirilirdi. Bizans (rum) kralı Herakl bu böyük məğlubiyyət və farsların təqibi nəticəsində hətta İstanbula qədər geri çəkilmək  məcburiyyətində qalmışdı. Hadisənin şahidləri artıq Bizansın heç vaxt özünə gəlib döyüşə bilməyəcəyini deyirdilər. Bu, Məkkə müşriklərini sevindirən bir xəbər idi. Çünki onlar özləri kimi müşrik olan farsların tərəfini tutur və kitab əhli olduqları üçün də müsəlmanlara daha yaxın olan rumluların məğlub olmasını ürəkdən arzulayırdılar. Buna görə də belə deyirdilər:

− Rumlular da özlərinin kitab əhli olduğunu deyir, amma bu gün farslar onlara qalib gəldi. Siz də Peyğəmbərinizə göndərilən kitaba gorə bizdən üstün olacağınızı deyirsiniz! Yaddan çıxarmayın ki, farslar kitab əhli olan rumlulara necə qalib gəlmişlərsə, biz də sizə qalib gələcək və həmişə sizdən üstün olacağıq![6]

Bir xəbər də səmanın o biri tərəfindən gəlirdi:

− Əlif, Lam, Mim! Rumlular (bizanslar) ərəb torpaqlarına yaxın bir yerdə iranlılara məğlub oldular. Lakin onlar bu məğlubiyyətlərindən sonra bir neçə ilin içində − üç illə doqquz, yaxud on il arasında − qalib gələcəklər. Bilin ki, əvvəl də, sonra da hökm Allahındır. O gün mömin­lər Allahın köməyi ilə sevinəcəklər. Çünki Allah istədiyinə kömək edər. O, mütləq qalibdir, hüdudsuz mərhəmət və ehsan sahibidir.[7]

Səmadan gələn xəbər heç də müşriklərin güman etdiyi kimi deyildi. Bu gün rumlular məğlub olsalar da, yaxın gələcəkdə onlar yenidən möhkəmlənəcək və farslar üzərində böyük qələbə qazanacaqdılar. Və o gün müsəlmanlar üçün də bir zəfərdən bəhs olunurdu.

Artıq məsələ şəklini dəyişmişdi. Hz. Əbu Bəkirlə rastlaşan Məkkə müşrikləri belə deyirlər:

− Ey Əbu Bəkir! Eşitdiyimizə görə, dostun bir neçə il ərzində rumluların farslara qalib gələcəyini söyləyirmiş!

− Bəli, − deyir Əbu Bəkir. Bunu deyərkən zərrə qədər də şübhəsi yox idi. Çünki Allah və Rəsulu buyurubsa, o, mütləq olacaqdı.

Amma müşriklər onun kimi fikirləşmirdi. Az da olsa, əylənmək istəyirdilər:

− Mərcə girə bilərsənmi? − deyirlər. Hz. Əbu Bəkir tərəddüdsüz  :

−Bəli, − deyir. O vaxtlar mərc məsələsi ilə bağlı hələ hökm gəlməmişdi. Altı il müddətinə razılaşırlar: kimin dediyi olsa, o, udan tərəfə on dəvə verəcəkdi.

Hz. Əbu Bəkir Allah Rəsulunun (s.ə.s.) sadiq dostu idi və bu hadisəni Ona danışmaya bilməzdi. Rəsulullahın (s.ə.s.) hüzuruna gəlir və hər şeyi danışır. Məsələdən agah olan Allah Rəsulu isə məsləhət görür:

− Vaxtı uzat və dəvələrin sayını çoxalt!

Çünki ayədə göstərilən “bir neçə il” ifadəsi on ilə kimi bir dövrü nəzərdə tuturdu.

Allah Rəsulundan (s.ə.s.) bu təminatı alan Hz. Əbu Bəkir dərhal Məkkə müşriklərinin olduğu yerə yollanır:

− Siz bu müddətin doqquz il qəbul edilməsinə və dəvələrin sayının da artırılmasına razısınızmı? − deyə soruşur.

Bu adamlar özlərinə o qədər arxayın idilər ki, doqquz il yox, on doqquz il də olsa, buna tərəddüd etməzdilər. Məkkə müşrikləri başqalarının da şahidliyi ilə doqquz il müddət  və  yüz dəvə olmaqla ciddi bir iddiaya girirlər.[8]

Sevda anamızla izdivac

Peyğəmbərimizin (s.ə.s.) yaşı əllini keçmişdi. Buna baxmayaraq, yükü hər ötən gün ağırlaşırdı. Həmçinin əziz zövcəsi Hz. Xədicə də vəfat etmiş və qızları ilə tək qalmışdı. Rəsulullahın (s.ə.s.) bu halını görən və həyatını nəzərə alıb çıxış yolu axtaran Osman ibn Mazunun xanımı Hz. Havlə binti Hakim Onun hüzuruna gəlir və Ona dəstək olacaq bir qadınla ailə qurması məsələsində israr edir. Seçim kimi iki xanım da təklif edir: Sevda Binti Zəma və Aişə Binti Əbu Bəkir.

Təklif məqbul görünürdü. Çünki bir tərəfdə müşriklərin bu qədər təzyiq və zülmləri, digər tərəfdə isə Hz. Xədicənin boynubükük əmanətləri dayanırdı.

Hər ikisi də yaxından tanıdığı qadınlar idi. Peyğəmbərimiz dərin bir sükuta dalmışdı və Onun bu sükutunu razılıq əlaməti bilən Hz. Havlə dərhal hərəkətə keçir. O, üzərinə düşən vəzifəni yerinə yetirmək üçün hər iki namizədə baş çəkir. Məqsədi onların fikirlərini öyrənmək idi.

Əvvəlcə Sevda Binti Zəmanın yanına gedir. Hz. Sevda əri Səkran ibn Amrla birlikdə Həbəşistana hicrət etmiş və Hz. Səkranın orada vəfat etməsindən sonra Məkkəyə qayıtmışdı. Ağır təbiətli, ciddi və çox etibarlı bir qadın idi. Əziyyət və möhnətlərlə dolu bir həyat yaşamış, bütün çətinliklərə baxmayaraq, əqidəsindən dönməmişdi. Axirətə aid meyvələri dünya həyatında tükəndirmək istəmir,  başına gələcək bütün əziyyətlərə səbirlə dözməkdə qərarlı idi. İndi isə, heç gözləmədiyi vaxtda möminlərin anası səviyyəsinə yüksəlmək fürsəti əldə etmişdi. Həm də belə bir təklif dul və kimsəsiz qalan Hz. Sevdaya da sahib çıxmaq mənasına gəlirdi. O da bunun əvəzində ən sıxıntılı günlərində Allah Rəsulunun (s.ə.s.) tənhalığını bölüşmüş olacaqdı. Hərçənd, ərinin xiffətini ürəyində hələ də hiss edirdi, amma bu təklif hər cür ağrı-acını sakitləşdirəcək və bütün sıxıntıları unutduracaq mahiyyətdə idi. Bu işin zarafatı yox idi; bu, yolunda hər cür dəyərin fəda edildiyi bir insanla − Allah Rəsulu (s.ə.s.) ilə eyni yastığa baş qoymaq təklifi idi. Heç belə bir təklifə də “xeyr” demək olardımı? Ancaq o, bu qərarı təkbaşına verə bilməzdi. Əvvəlcə, Hz. Havləni yaşlı atasının fikrini öyrənməyə göndərir.

Hz. Havlə onun yanına gəlib cəhalət dövrünə xas şəkildə salam verir:

− Kimdir? − deyə yaşlı adam dərhal soruşur.

− Havlə Binti Hakim, − cavabını verir Hz. Havlə.

− Nə istəyirsən? Nəyə görə gəlmisən?

− Məni Abdullahın oğlu Məhəmməd göndərdi. Sevda ilə evlənmək istəyir.

− Çox münasib bir təklifdir. Bəs sənin rəfiqən bu məsələyə nə deyir?

− Yaxşı baxır.

− Elə isə onu çağır, yanıma gəlsin.

Bu sözlər atanın da razılığı mənasına gəlirdi. Dərhal Sevda Binti Zəmanın yanına gedib, atasının onu öz yanına çağırdığını deyir. Bir az sonra Sevda atasının qarşısında idi. Atası soruşur:

− Bu qadın Abdullahın oğlu Məhəmmədin səni istədiyini deyir. Bilirəm ki, O, kərəm sahibi bir adamdır. Səni Onunla evləndirməyimi sən də istəyirsənmi?

Bu, cavabı əvvəldən məlum olan bir sual idi. Hz. Sevda heç gözləmədən:

− Bəli, − deyir.

Beləliklə, Peyğəmbərimiz (s.ə.s.) ailə məclisinə dəvət edilir və nikah bağlanır.

Aradan bir neçə gün keçir, Sevdanın Məkkədə olmayan qardaşı Abdullah ibn Zəma da qayıdır. Bacısının ondan xəbərsiz Məhəmmədül-Əminlə evləndiyini eşidən Abdullah ibn Zəma bunu heç cür həzm edə bilmir, özünü didib-tökərək bu izdivaca etirazını bildirirdi.[9] Digər tərəfdən isə Hz. Səkranın qardaşı və hər dəfə bir qohumu Peyğəmbər (s.ə.s.) karvanına qoşulan Süheyl ibn Amr da şiddətlə bu izdivaca qarşı çıxır, ailəsindən daha bir fərdin gedib Allah Rəsulu ilə eyni məkanı bölüşməsinə həmişəki kimi şeirlə etirazını bildirirdi. Çünki bu günə kimi qardaşları Səlit, Xatib və Səkranla yanaşı, qızı Ümmü Gülsümlə kürəkəni Əbu Səbrə də gəlib Rəsulullaha (s.ə.s.) tabe olmuşdu. Bütün bunlar yetmirmiş kimi, oğlu Abdullah da müsəlman olmuşdu. Elə “onu xilas etdim” (!) deyərkən bu dəfə də kiçik oğlu Əbu Cəndəli əlindən qaçırmaq üzrəydi. Gün keçdikcə ətrafındakı dayaqlar bir-bir itib gedir və bu gediş də Süheyli çox narahat edirdi.

Ancaq bu cəhdlər heç bir nəticə verməyəcək və Allah Rəsu­lu (s.ə.s.) yenə Süheylin qardaşı Xatib ibn Amrın vəkilliyi ilə Məkkədə ­bir ramazan axşamı Hz. Sevda anamızla ailə həyatı quracaqdı. Beləliklə, Peygəmbərimiz (s.ə.s.) Hz. Xədicə anamızdan sonra ilk dəfə başqa bir qadınla həyatını birləşdirirdi.[10]

Bu arada Hz. Havlə Hz. Əbu Bəkrin də evinə gəlmiş və onun həyat yoldaşı Ümmü Rumana da bunları demişdi:

− Ey Ümmü Ruman! Allahın sənə olan bərəkət və ehsanı niyə bu qədər boldur?

−  Niyə? − deyə soruşur Ümmü Ruman. Çünki hələ məsələdən xəbəri yox idi. Hz. Havlə də elə bunu gözləyirdi və əlavə edir:

− Məni Rəsulullah sizin yanınıza göndərdi. Qızınız Aişə ilə nikahlanmaq istəyir.

Ümmü Ruman üçün bundan daha böyük bir bəxtiyarlıq ola bilməzdi, ancaq bir tərəddüdü də var idi:

− Bu, Onun üçün münasibdirmi? Çünki Aişə Onun qardaşının qızıdır.

Bir-birinə bu qədər yaxın olan iki insanın arasında belə bir məsələnin, sanki, qeyri-mümkünlüyü fikri formalaşmışdı. Belə bir reaksiya qarşısında Hz. Havlə də tərəddüd keçirir. Dərhal Allah Rəsulunun (s.ə.s.) yanına qayıdıb deyilənləri Ona çatdırır. Rəsulullah (s.ə.s.) buyurur:

Get Ümmü Rumana “Mən onun (Hz. Əbu Bəkrin) qardaşıyam, o da Mənim qardaşımdır, ancaq bir şərtlə ki, bu, İslam qardaşlığıdır və onun qızı ilə Mənim aramda nikah bağlanmasında  heç bir maneə yoxdur!”− de.

Hz. Havlə yenə Hz. Əbu Bəkirin evinə qayıdır və deyilənləri olduğu kimi çatdırır. Bundan sonra Ümmü Ruman:

− Mutim ibn Adiyy Aişəni oğlu Cübeyrə almaq istəyirdi. Son qərarının nə olduğunu bilmirəm. Allaha and olsun ki, Əbu Bəkir bir adama verdiyi sözdən əsla dönməz, − deyir. Buna görə də, Əbu Bəkrin gəlişini gözləməkdən başqa çarə yox idi.

Nəhayət, Əbu Bəkir də gəlir və məsələni öyrənir. Rəsulullahla (s.ə.s.) qohum olmaq böyük şərəf idi. Amma hələlik bir qərara gəlməsələr də, Mutimlə aralarında bu haqda danışmışdılar. Əvvəlcə məsələnin bu tərəfi dəqiqləşdirilməli,  digər addımlar bundan sonra atılmalı idi. Vaxt itirmədən birbaşa Mutimin evinə gəlir. Əbu Bəkirin gəldiyini görən kimi xanımı Ümmü Sabiy tez irəli çıxıb:

− Ey Əbu Kuhafənin oğlu! Səninlə quda olandan sonra sən, yəqin ki, ərimi də öz dininə dəvət edər və dinini qəbul etdirərsən, − deyir.

Qadının sözlərində açıq-aşkar istehza var idi. Bu sözlər həm də “Biz səninlə bu din fərqi olana kimi quda ola bilmərik” mənasına gəlirdi. Hz. Əbu Bəkir üzünü Mutimə tutur:

– Sən də onun dedikləri ilə razılaşırsanmı?

− Yox, o, öz fikrini söyləyir, − deyir Mutim.

Bir müddət də danışandan sonra aydın olur ki, ibn Adiyy ailəsinin Aişə ilə bağlı fikirləri hələlik dəqiqləşməyib. Deməli, arada nə verilmiş söz, nə də bunun üçün tələb var idi.

Peyğəmbərimizlə (s.ə.s.) bu qədər yaxınlıqdan sonra indi də qohum olmaq imkanı var idi. Bu, Hz. Əbu Bəkirin yuxuda da görə bilməyəcəyi bir şərəf idi. Əbu Bəkir (r.a.) Rəsulullaha (s.ə.s.) yaxınlığı bir də belə bir qohumluq əlaqəsi ilə gücləndirəcək və bundan sonra Ondan heç ayrılmayacaqdı. Hz. Əbu Bəkir Mutimin evindən çıxıb birbaşa evinə qayıdır. Onun gəlişini gözləyən Hz. Havləyə müjdəli xəbəri verir. Beləliklə, Əbu Bəkirin ailəsi üçün yeni bir mərhələ başlayırdı.[11] Bu, “hə” almaq mənasına gəlirdi və bu izdivac Mədinəyə hicrətdən yeddi ay sonra baş tutur.

Bir borcun qaytarılması

Bütün baş verənlərə baxmayaraq, Məkkədəki ticarət həyatı öz axarı ilə davam edirdi. Bir gün İraş bölgəsindən Kəhlə adlı bir adam gəlmiş və dəvəsini Əbu Cəhilə satmışdı. Aradan xeyli vaxt keçsə də, Əbu Cəhil onun pulunu vermirdi. Gedib-gəlməkdən bezən iraşlı bir gün qureyşlilərin yanında qışqırmağa başlayır:

− Ey Qureyş camaatı! Kim mənə Əbul-Hakəm ibn Hişama qarşı kömək edə bilər? Mən həm qəribəm, həm də uzun yoldan gəlmişəm. Bu adam mənim haqqımı qəsb edib vermir!

Bu vaxt Allah Rəsulu (s.ə.s.) da Kəbədə idi. Qureyşlilərdən biri Rəsulullahı göstərib:

− Bu adamı görürsənmi? Buradakı adamlarla Onun arasında Onun söylədiklərinə görə  anlaşılmazlıq vardır. Onıın yanına get, sənə kömək etsin!

Haqsızlığa məruz qalmış iraşlı az qala hər gördüyü  saman çöpündən də bir ümid budağı kimi yapışırdı.  Birbaşa göstərilən ünvana gəlir və vəziyyəti danışır. Ondan istənilən bir şeyə Allah Rəsulu (s.ə.s.) heç “yox” deyərdimi? Ayağa qalxır və iraşlı adamla birlikdə Əbu Cəhilin evinə tərəf gedir.

Bunu görən qureyşlilər bir az sonra baş verəcək hadisələrə şahid olmaq istəyirdilər. Çünki onların fikrincə, Əbu Cəhil “ayağını yaş taxtanın üstünə qoymaz” və qapısına gələn bu adamları peşman edərdi! Qureyşlilər aralarından birini seçib:

− Sən get və hadisəni izlə, sonra gəlib bizə danış, − deyirlər.

Nəhayət, Peyğəmbərimiz (s.ə.s.) və iraşlı Əbu Cəhilin evinin qapısının ağzına kimi gəlir. Allah Rəsulu (s.ə.s.)  qapını döyməyə başlayır:

− Kimdir? − deyə Əbu Cəhil acıqlı səslə soruşur.

− Məhəmməd, − Peyğəmbərimiz (s.ə.s.) cavab verir və davam edir:

− Çölə çıx, danışaq.

Qapı qəzəblə açılır. Ancaq qapını açar-açmaz Əbu Cəhilin əhvalı dəyişməyə başlayır. Sanki bir az əvvəl içəridən qışqıran və hiddətlə qapını açan o deyildi. Sanki üstünə su ələnmişdi. Üzü saralıb-solmuş, rəngi ağappaq olmuşdu.

Peyğəmbərimiz (s.ə.s.) çox təmkinlə və sakit səslə:

− Bu adamın haqqını ver, − deyir.

− Oldu, gözləyin, gətirirəm, − cavabını verir Əbu Cəhil . Bu günə kimi heç cür borcunu vermək istəməyən sanki Əbu Cəhil  deyilmiş. İraşlı da, qureyşlilərin göndərdiyi şəxs də heyrətdən nə deyəcəyini bilmirdi. Evə gedən Əbu Cəhil  bir azdan qayıdır və iraşlıya olan borcunu ödəyir.

Qureyşlilərin göndərdiyi adam da geri qayıtmışdı. Əylənmək istəyən qureyşlilər soruşurlar:

− Danış görək, nə oldu.

− Qəribə bir, çox təəccüblü şeylər gördüm, − deyə danışmağa başlayır:

− And olsun ki, O, Əbul-Hakəmin evinə gedib ancaq qapını döydü. Çölə çıxan Əbul-Hakəmə də sadəcə: “Bu adamın haqqını ver,” −  dedi. O da: “Oldu, gözləyin, gətirirəm,” − deyərək evə getdi və bir az sonra da dəvənin pulunu gətirib həmin adama verdi.

Qureyşliləri maraq bürümüşdü. Necə ola bilərdi ki, Əbul-Hakəm kimi ağıllı və şeytani düşüncəyə malik bir adam illərdir vermədiyi pulu bircə sözlə bir anda gətirib qaytarsın? Eşitdiklərinə heç cür inana bilmirdilər.

Nəhayət, Əbu Cəhil  də yola çıxmış, onlara tərəf gəlirdi. Onu görən kimi:

− Eyib olsun sənə! Nə oldu sənə? Vallah, bu günə kimi sənin belə bir şey etdiyinə şahid olmamışdıq!

Əbu Cəhil hələ baş verən hadisənin təsirindən qurtulmamışdı. Və danışmağa başlayır:

− Eyib sizə olsun! Başımıza gələnləri bilmədən belə danışırsınız. O adam qapımı elə möhkəm döyürdü ki, çıxardığı gurultulu səs qorxu kimi ürəyimə işləyirdi. Sonra çölə çıxdım. Bir də nə görsəm yaxşıdır. Onun başının üstündə şahə qalxan bir dəvə dayanmışdı. Bu günə qədər nə onun dırnaqları kimi bir dəvə dırnağı görmüşəm, nə onun dişləri kimi bir dəvə dişinə şahid olmuşam, nə də onun başı böyüklükdə dəvə başına rast gəlmişəm! And olsun ki, əgər pulunu gətirib verməsəydim, məni elə oradaca parçalayacaqdı.[12]

Məkkədə yeni bir möcüzə baş vermişdi. Peyğəmbərimizin (s.ə.s.) Haqq adından haqsızlığa qarşı bu cür davranışı, əlbəttə ki, yeni deyildi; bu, Allah Rəsulunun (s.ə.s.) peyğəmbərlikdən əvvəl Hilful-Fudul adı ilə bir araya gəlmələrini xatırladan bir hərəkət idi və yaddaşlara həkk olunacaqdı.

Həbəşistandan gələn iyirmi nəfər

Həbəşistana gedən möminlərin hicrəti ilə Peyğəmbərimiz haqqındakı xəbərlər o yerlərdə də yayılmış və bir qrup insan Rəsulullahı görmə niyyətiylə yola çıxaraq Məkkəyə gəlmişdi.[13]

Allah Rəsulunu (s.ə.s.) Kəbədə ibadətlə məşğul olarkən tapır və hüzuruna gəlib xeyli söhbət edirlər. Ətrafına yığışan qureyşlilər də baş verənlərə maraqla tamaşa edirdilər. Həbəşistandan gələnlər məqsədlərini bildirib Peyğəmbərimizdən suallarına cavab aldıqdan sonra Allah Rəsulu (s.ə.s.) onları Allaha qulluğa çağırıb Qurandan ayələr oxumağa başlayır. Oxunan ayələrə qulaq asan adamlar göz yaşlarını saxlaya bilməmişdilər. Allaha dəvət olan yerdə onlar heç üz döndərərdilərmi?! Dərhal dəvətə “bəli” deyib Haqdan gələn hər şeyi təsdiq edirlər: “Sanki, kitablarımızda bəhs edilənlər də məhz bu idi”, – deyirdilər.

Ayrılıq vaxtı yetişincə Rəsulullahın (s.ə.s.) hüzurundan qalxıb gedən bu insanların yolunu Əbu Cəhil  bir dəstə adamla kəsir və:

− Heyif sizdən! Siz nə pis insanlarsınız! Öz dindaşlarınız sizi bura göndərdikləri halda, siz bir adamın sözünə aldanıb dininizi dəyişir və onların ümidini puça çıxarırsınız! Onunla nə danışdınız ki, iki kəlmə ilə öz dininizdən dönüb Onun dediklərini qəbul edirsiniz? Düzünü deyim ki, heç sizdən axmaq insanlar görməmişik! − deyir.

Çox qəribə bir vəziyyət idi… İşığın mənbəyinin yanında dayandığı halada, bu adam zülmət qaranlığı seçmiş,  qatı cəhalətlə qidalanırdı. Belə bir insanın halına ancaq acımaq olardı. Əslində, belə bir münasibətin cavabı sadəcə susmaq idi. Amma yenə də Əbu Cəhilə və yanındakılara bunları deyirlər:

− Allahın salamı üzərinizə olsun! Biz sizinlə cəhalətdə yarışa bilmərik. Bizim fikir və seçimimiz bizə aiddir, sizinkilər də sizə. Öz adımıza biz ancaq xeyir istəyirik!

Yenə vəhy gəlmişdi və bu hadisədən xəbər verirdi:

− Qurandan əvvəl Kitab verdiyimiz elm sahibləri buna da, Qurana da inanırlar. Onlara Quran oxunduğu zaman: “Biz ona iman etdik. O, Rəbbimizdən nazil olan həqiqətin özüdür. Biz ondan əvvəl də Allaha təslim olmuş insanlar idik!” − deyirlər. İki kitaba – Tövrata və Qurana inandıqları üçün müşriklərin gördükləri əzab-əziyyətə səbir etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və onlara nəsib etdiyimiz ruzidən Allah yolunda sərf edərlər. Onlar mənasız bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Salamat qalın! Biz cahillərlə yoldaşlıq etməyi heç arzulamırıq! −deyirlər.[14]

Bəli, Quran bu qədər camaatın arasında və insan faktoru ilə bütünləşmiş halda, ehtiyaca uyğun və baş verən hadisələrə paralel şəkildə nazil olurdu. İnsanlar da buna baxaraq öz hərəkətlərini şəkilləndirirdilər. Bu adamlar xristian idi və aralarında olan rahib və keşişlərə görə təmkinli və ağıllı davranır və iman gətirmək məsələsində başqa insanlarla nisbətdə daha irəlidə görünürdülər. Belə olanda da dostluq və məhəbbət baxımından müsəlmanları daha çox sevir və Quranı dinləyərkən də, Haqla bağlı deyilənlərdən dolayı, hiss etdikləri sevinc və ümid hisləri ilə göz yaşı tökürdülər.[15]


[1]. Ruqanə Məkkə fəthindən sonra müsəlman olacaq və Hz. Müaviyənin xəlifəliyi dövründə vəfat edəcəkdi. Bax: ibn Abdil-Berr, İstiab, 2/507

[2]. Bax: ibn Hişam, Sire, 2/235, 236

[3].. Buhari, Sahih, 2/804 (2175)

[4]. Bu şəxsin As ibn Vail və ya Vəlid ibnul-Müğirə olduğu deyilir.

[5]. İbn Hişam, Sire, 2/218

[6]. Suyuti, Esbabu’n-Nuzul, s. 227; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 354

[7]. Bax: “Rum” surəsi, 30/1-5

[8]. Bax: Taberi, Tefsir, 10/162; ibn Kesir, Tefsir, 3/560; Tirmizi, Sünen, 5/344. Aradan doqquz il keçəcək və həqiqətən də, rumlular farslarla döyüşəcək və qalib gələcəkdi. Möminlərlə Məkkə müşriklərinin arasında baş verən Bədr döyüşü də həmin günlərlə üst-üstə düşəcəkdi.

[9]. Daha sonra müsəlman olan Abdullah ibn Zəma bu hərəkətinə duyduğu üzüntünü hər fürsətdə dilə gətirəcəkdi. Bax: Taberani, Mucemul-Kebir, 24/30(80))

[10]. İbn Sad, Tabakat, 8/53. İllər sonra Hz. Sevda Peyğəmbərimizin (s.ə.s.) onu boşayacağını zənn edərək: “Nə olar, məni boşama və yanından ayırma! Önəmli deyil, Səninlə olan günümü də Aişəyə ayır,” − deyəcək və Allah Rəsulundan ayrılmaqdansa, nikahı baqi qalmaq şərtilə Onunla birlikdə yaşama haqqını Hz. Aişə validəmizə verəcək və bu evlilik sadəcə görünüşdə, amma qiyamət gününə qədər davam edəcəkdi.  Bax: İbnül-Esir, Üsudül-Ğabe, 7/157, 158

[11]. Bax: Hakim, Müstedrek, 2/181 (2704)

[12]. Salihi, Sübülü’l-Huda ve’r-Reşad, 2/419

[13]. Bəzi rəvayətlərdə bu adamların nəcranlı olduğu qeyd edilmişdir.

[14]. “Qəsəs” surəsi, 28/52-55. Bu ayələrin Nəcaşi və yoldaşları haqqında nazil olması ilə bağlı da məlumatlar var. Bax: Salihi, Sübülü’l-Huda ve’r-Reşad, 2/421

[15]. Bax: “Maidə” surəsi, 5/82, 83

Exit mobile version