Mənəviyyata Açılan Pəncərə

Ailə başçısının vəzifələri

Keyfiyyətli məhsul almaq istəyiriksə, toxumu təmiz bir yerə səpməli, orada inkişaf edə-edə təmiz hava ilə havalandırmalı, təmiz şüalarla isindirməli, təmiz su ilə suvarmalı və qayğı ilə yetişdirməliyik. Buxari və Müslimin kitabına düşən aşağıdakı hədis bu fikri təsdiq edir: “Şaki[1] hələ ana bətnində olanda bədbəxtdir, səid[2] anasının bətnində də xoşbəxtdir.”[3]

Bəli, ana bətnində uşağın səid, yaxud şaki olması barədə hökmü verilənədək hər cür tədbir  görülməlidir. Sperma və yumurtanın birləşdiyi andan etibarən gələcək körpənin qidası olan ananın davranışları, valideynlərinin keçmiş və gələcək hərəkət və davranışları onun şaki və ya səid kimi yazılmasında mühüm rol oynayır.

Unutmayaq ki, ilahi qədər bizim iradə və davranışlarımızı nəzərə almadan öz hökmünü verməz. Uca Yaradan bizim necə hərəkət edəcəyimizi, necə addım atacağımızı, bu addımların nələr doğuracağını bilir və iradəmizi də nəzərə alaraq hökmünü verir. Nə qədər uşaq var ki, doğulub böyüdükləri mühit və səbəbkarları (valideynlər nəzərdə tutulur – red.) baxımından dünyaya göz açdıqları andan bədbəxt sayılırlar. Allahın (c.c.) öz lütf və ətası ilə belələrini səadətə çatdırması isə istisna təşkil edir.

Bəli, hər şey ta toxumun atıldığı andan başlayır. O, yumurta mərhələsində şaki və ya səiddirsə, bunda haram bir tikənin, ana-atanın işlədiyi günahlarının rolu əhəmiyyətsiz görülməməlidir. Toxum “Bismillah”sız atılmışsa, onun xeyirli səmərə verməsi Allahın lütfünə qalıb. Napak və əyri bir təşəbbüsdən təmiz nəticə əldə etmək qeyri-mümkün olmasa da, çox çətindir. “Mümkün deyildir” demirik, çünki Əbu Cəhlin[4]belindən İkrimə kimi bir övlad gəlmişsə, günah bataqlığına batmış  ailələrdən belə bəzən inanclı insanlar çıxa bilir.

Bundan başqa, “Sizi tək bir candan (Adəmdən) xəlq edən və ondan xoşbəxtlik tapasınız deyə zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı.  (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh bir uşaq versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq!” – dedilər”[5] ayəsi bir yandan doğumdan əvvəl ana-atanın bir sıra arzu və istəklərinin ola biləcəyini göstərir, digər yandan da onların Allaha (c.c.) üz tutub saleh övlad istəməsinin vacibliyinə işarə edilir.

Qazancın halal olması

Ana-atanın bir vəzifəsi də həm öz ruzisinə həssas yanaşması, həm də övladlarına təmiz və halal çörək yedirməsidir. Qeyd etdiyimiz kimi, bir müsəlman evlənib ailəsini haram, və ya şübhəli qazancla saxlayacaqsa, o şəxsin evlənməsi haram, ya da məkruhdur. Bəli, heç kəsin doğma övladı da olsa, başqa bir cana haram tikə yedirməyə haqqı yoxdur.

Beləliklə də, ehtiyaclarını təmin etməklə mükəlləf olduğumuz övladlarımızı və ailəmizin digər üzvlərini gözəl və təmiz ruzi ilə saxlamağa borcluyuq. “Onsuz da, hər tərəf haram içindədir”, – deyib onlara haram və ya şübhəli şeylər yedizdirə bilmərik. Zaman dəyişsə, əsr başqalaşsa da, hər kəs qeyri-əxlaqi yollara düşsə də, biz haram yedirə bilmərik. Əslində, haram yollarla əldə etdiyimiz qazanc da, o qazancla yedirib-içirdiyimiz uşaqlarımız da bir gün Cəhənnəm zəqqumu[6] kimi mütləq bizim başımıza bəla gətirəcək, bəlkə də, bizə qan ağladacaqdır.

Əvvəlki vəzifələrimizi yerinə yetirmişiksə, o zaman dünyaya gələn hər yeni qonağın[7] şəkavətlərdən[8] müəyyən qədər uzaq bir səid (səadətə namizəd) olduğunu uma bilərik. Amma yediyimiz haram, içdiyimiz haram, geydiyimiz haramdırsa, həyatımız haramla yoğrulubsa, demək, artıq uşağın nicat tapıb məsud olma ehtimalını öz əlimizlə məhv etmişik.

Bəli, haram yeyir, haram içir, haramla nəfəs alırıqsa, ruh dünyamızın qapılarını şeytanın üzünə açmış sayılırıq. Şeytan insanın damarlarında dolaşır[9], alveollara, leykositlərə nüfuz edir, başqa sözlə, nəslə də, nəsəbə də şərini bulaşdırır.

Bu baxımdan da yemək, içmək, geyim-kecim və s. bütün ehtiyaclar lap başlanğıcdan halal yollarla təmin edilməli, uşağa haram yedirilməməli, haram içirilməməli və haram geyindirilməməlidir.

Hədislərdən də gördüyümüz kimi, əynində haram paltar, mədəsində haram tikə olan bir adam Kəbənin təvafında: “Ləbbeyk, Allahümmə, ləbbeyk”[10], – deyəndə (bu cümlə həcc zamanı və ehram müddətində deyilən müqəddəs kəlmələrdir) Allahdan (c.c.) aldığı cavab: “Lə ləbbeykə və lə sadeyk”[11], – olacaqdır.[12] Yəni “Ləbbeyk də, sadeyk də özünə qalsın”.

Ona görə də paltarın ipliyinin belə haram və şübhəli olmamasına diqqət yetirməli, bilmədən istifadə etdiklərimizdən də Allaha (c.c.) sığınmalıyıq. Harama girmə qorxusu ilə ürəyimiz yarpaq kimi titrəməlidir. Qəti bilməliyik ki, əkdiyimiz hər toxum ya zəqqum olub başqalarını zəhərləyəcək, ya da kökü yerin dərinliklərində, budaqları səmaların ənginliklərində bol bəhərli bir ağaca dönüb meyvələri ilə, kölgəsi ilə, budaqları ilə, yarpaqları ilə bəşəriyyətə xidmət edəcək, bəşərin səadətə çatmasına və yer üzünün çiçəklənməsinə öz töhfəsini verəcəkdir.

Təlim və tərbiyə

Allah Rəsulunun tövsiyələrinə uyğun olaraq uşağa gözəl mənalı, yaxşı bir ad qoymaq ana-atanın ilk vəzifələrindən biridir. Peyğəmbərimiz (s.ə.s) insanlara ad qoyulmasına xüsusi əhəmiyyət vermişdir, “Övladalarınıza peyğəmbərlərin adını qoyun. Bundan əlavə, Əziz və Uca Allah dərgahında ən sevimli adlar Abdullah və Əbdürrəhman isimləridir. Ən düzgün ad Haris (qazanc gətirən, axirət səadətini qazanan) və Hümamdır (himmətli, qeyrətli, əzmkar). Ən çirkin adlar isə Hərb (müharibə, şiddət) və Mürrədir (xəsislik, acı),”[13]– buyurmuş, müharibə və düşmənçilik mənasına gələn”Asiyə” (üsyan edən) adını “Cəmilə” (gözəl) ismi ilə dəyişdirmişdir.[14]

Daha sonra uşağa süd əmizdirməklə əlaqədar hüquqi prosedur, ardınca da süddən kəsilən uşağın xərclərinin təmin edilməsi və tərbiyəsinə görə məsuliyyət daşıma məsələləri gəlir.

Hər bir uşaq təmiz bir fitrətlə dünyaya gəlir.[15] Ağ kağız kimi tərtəmiz olur. Ona hər şeyi siz yazacaqsınız, amma Allaha xoş gələn fəzilətləri nəqş edəcəksiniz. Bunlar mələyin dəyər verdiyi, məhşərdə məqbul olan, hesab günü tərəzinin sağ kəfəsində ağır gələn naxışlar olmalıdır… İlahi riza və peyğəmbər cizgisində olan naxışlar!…

Ana-atanın vəzifəsi bu yazı və naxışları öz mövsümündə, vaxtlı-vaxtında, həm də uşaqlarının ruhuna həkk eləməkdir. Bəli, övlad sahibi olan hər bir ana və ata hər gün vaxtının bir hissəsini uşaqlarının təlim və tərbiyəsinə ayırmağa borcludur. Təlim və tərbiyənin digər məsələlərini bundan sonrakı bölmələrdə izah edəcəyik.

Ailə təlim və tərbiyədə ilk təhsil ocağı, ilk məktəbdir. Ana-ata təlim və tərbiyəyə ayırdığı zamanı əvradü-əzkarından[16]və digər şəxsi işlərindən önə çəkməlidirlər. Uşaqlara Allah inancının öyrədilməsi, onların qəlbinə Allaha iman fikrinin yaş və dünyagörüşü səviyyəsinə uyğun nəqş edilməsi valideynin maddi-mənəvi feyzlərindən vacib olduğu kimi, bir çox şəxsi vəzifələrindən də əhəmiyyətlidir. Buna görə də siz asi və üsyankar oğul-qızlarınızın tərbiyəsinə biganə qalaraq Kəbəni ziyarətə getsəniz, arxadan vəzifənizin harayını eşidəcəksiniz: “Ciddi və vacib vəzifənizi yerinə yetirməyib hara gedirsiniz?!”

Ayrıca ata uşağına dini, dəyanəti, oxuyub yazmağı, Quran oxumağı, hətta at sürməyi, üzgüçülüyü və dövrün tələbinə uyğun olaraq, atıcılığı da öyrətməlidir. Beyinin güc və qüvvəsini sırf əzələləri şişirtməyə sərf edən idman növlərini deyil, gələcək həyat və sağlamlıq üçün faydalı olan xeyirli idman növlərini öyrətməlidir.

Tərbiyədə məsuliyyət hissi

İmam Zeynəlabidin “Risalətül-hüquq” əsərində belə bir nəsihət verir: “Zəhmətinin bəhrəsi uşağının səndən olduğunu, xeyrinin və şərinin də sənə qayıdacağını görəcəksən.”

Allah Rəsulu (s.ə.s) vəfatından bir müddət əvvəl yaxında dünyadan köçəcəyini bilirdi, hiss etdirilmişdi. Buna görə də bir gün ətrafına toplaşmış səhabələrə: “Bəndəyə[17] dünya ilə axirət arasında seçim etmək ixtiyarı verildi, O, axirəti seçdi,” – demişdi.  Nəyə işarə vurduğunu o dəqiqə başa düşən Həzrət Əbu Bəkir (r.a.): “Anam, atam Sənə fəda olsun, fəda olsun, ey Rəsulullah!”[18] – deyib ağlamışdı… Çünki həmin bəndənin Rəsulullah (s.ə.s) olduğunu dərhal anlamışdı.

Bundan başqa, Allah Rəsulu (s.ə.s) Vida xütbəsində də: “Yaxında mənim haqqımda sizdən soruşacaqlar, nə cavab verəcəksiniz, təbliğ vəzifəmi yerinə yetirdimmi?” – buyurmuşdu. O, mühüm bir vəzifəni yerinə yetirmişdi, amma bunu layiqincə yerinə yetirib-yetirmədiyinə görə narahatlıq keçirirdi. Gördüyü işlər, həyata keçirdiyi böyük dəyişikliklər belə bir narahatlığa səbəb olmadığını açıq-aydın göstərirdi. Onun bu sözlərini eşidən hər kəs vəzifəsini layiqincə yerinə yetirdiyini yekdilliklə təsdiq etdilər. O nəhəng meydan bu səslərlə əks-səda verdi və hər tərəfdən: “Sən vəzifəni yerinə yetirdin, risalətini təbliğ etdin, məsuliyyətini layiqincə icra etdin!” kimi etiraf sədaları yuksəldi. O da barmağını yuxarıya doğru qaldırdı və üç dəfə: “Allahım şahid ol, Allahım şahid ol, Allahım şahid ol!” – dedi.[19]

 O, bütün ümmətin məsuliyyətini dərin bir narahatlıqla dilə gətirir və əshabından şahidlik istəyirdi. Görəsən, bizim də maddi-mənəvi təminatı öhdəmizdə olan uşaqlarımızdan: “Bu yaxınlarda mənim barəmdə sizdən soruşacaqlar, necə cavab verəcəksiniz?”, – deyə soruşmağa haqqımız çatırmı? Yaxud da onlardan: “Siz öz vəzifənizi yerinə yetirdiniz!” cavabını almağa ümid edirikmi? Əgər belə deyildirsə, o zaman vay halımıza!.. Ona görə də böyük imamlardan Zeynalabidin: “Sən Allah hüzurunda onlara görə sorğu-suala tutulacaqsan, – demiş, sonra da titrəyə-titrəyə üzünü ulu dərgaha tutub dua etmişdi, – Allahım, övladlarımı tərbiyə etməkdə, ədəbli böyütməkdə və onlara qarşı xeyirxah olmaqda mənə kömək et!” Çünki bir insanın ən mühüm, ən vacib vəzifəsi ailə üzvlərini ən kamil mərtəbəyə yüksəldərək onlara əbədi həyatın həzzini hiss etdirməkdir.

Bəzən uşaqlarımıza hədiyyələr alır, onları sevindirməyə çalışırıq. Hətta həccə gedib Kəbə və ya Rəsulullahın (s.ə.s) hüzurunda dayananda belə onlar ürəyimizdən çıxmır. Müqəddəs işlər, ən vacib ülvi vəzifələr belə onları bizə unutdura bilmir. Əslində, uşaqları ən yaxşı xatırlama şəkli onları İslam və Rəsulullah (s.ə.s) ədəbi ilə yetişdirmək olmalıdır. Axirətdə onları əbədi sevincə qovuşduran bu hədiyyədən dəyərli ərməğan, deyin, varmı?!

Bir hədisi-şərifdə Rəsuli-Əkrəm (s.ə.s) buyurur: “Uşaqlarınızla gözəl davranın və onları ən gözəl şəkildə tərbiyə edin.[20]Bəli, Rəsulullah (s.ə.s) yolunun əhyası və dirçəlişi istiqamətində verilən tərbiyə uşağa ən böyük hədiyyədir.

Gözəl nümunə olmaq

Mömin olan hər bir ana-ata uşaqlarını Qurani-Kərimin düsturları əsasında, çərçivəsini və cizgilərini verməyə çalışdığımız ən ideal cəmiyyətin sağlam və mükəmməl bir parçası kimi yetişdirməyi düşünür. Halbuki onlar bu hislərini əməli həyatlarında göstərməsələr, namaz, həcc, oruc, zəkat kimi ibadətlərlə dərinləşdirməsələr, ya da dilə gətirdikləri gözəl sözləri gözəl davranışlarla tamamlamasalar, dürüst əməlləri ilə gözəl sözlərini geridə qoymasalar, nəinki dedikləri sözlərin heç bir təsiri olmaz, hətta bəzən etirazla qarşılaşarlar, zəhmətləri də əks nəticə verər. Ana və atalar sözlərinin övladlarına təsir etməsini istəyirlərsə, demək istədikləri şeylərə əvvəlcə özləri mükəmməl şəkildə əməl etməlidirlər.

Mövzuya bir az da aydınlıq gətirmək üçün İmami-Əzəmə (Əbu Hənifə) aid edilən bir mənqibəni xatırlatmaq istəyirəm:

Əbu Hənifənin dövründə bir uşaq varmış, bal yeməyi xoşlayırmış, amma bədəni bal götürmürmüş. Uşağa nə qədər “Yemə!” desələr də, bir xeyri olmurmuş. Bir gün uşağın əlindən tutub Əbu Hənifənin hüzuruna gətirir: “Bu uşaq həddən artıq bal yeyir, nə qədər çəkindirsək də, bizə qulaq asmır”, – deyirlər. Əbu Hənifə: “Aparın bu uşağı, qırx gün sonra gətirərsiz”, – deyir. Qırx gün sonra uşağı yenə Əbu Hənifənin yanına gətirirlər. Əbu Hənifə də uşağı qabağında oturdub bal yeməməyi tövsiyə edir. Uşaq ayağa qalxanda atasının əlini öpüb:

– Atacan, bir daha bal yeməyəcəyəm, – deyir.

Orada olanlar:

– Ey imam, nə üçün uşağı ilk dəfə gətirəndə nəsihət etməyib bizi qırx gün gözlətdiniz? – deyə soruşurlar.

İmam onlara bu cavabı verir:

– Siz uşağı mənim yanıma gətirdiyiniz gün özüm bal yemişdim. Əgər onu elədiyim bir şeydən çəkindirməyə çalışsaydım, çox güman ki, sözlərim nəticəsiz qalacaqdı. Ona görə də qırx gün gözlədim ki, bal bədənimdən tamamilə çıxsın, ondan sonra nəsihət edim.

Sözlə yanaşı, əməlin də düz olması çox vacibdir. Çünki valideynin davranışları ilə sözləri arasında təzad olarsa, uşağın onlara etimadı sarsılar. Sizlərin yalanını, və ya davranış və sözlərinizin bir-birinə zidd olduğunu həyatda bircə dəfə də olsa, görən uşaq bunu unu­danadək sizə inanıb güvənməz. Şürulatına yerləşən bu hadisə bir gün kiçik bir narazılığa görə “şüurüstü”nə çıxar və övladınızın gözündən tamam düşərsiniz. Başqa sözlə, bundan sonra nə desəniz, nə tövsiyə etsəniz, bir təsiri olmaz. İndi ki belədir, o zaman hərəkət və davranışlarımızı elə tənzimləməliyik ki, onlar bizi evin içində bir ata, bir ana deyil, bir mələk sansınlar.

Onlar bizdə ciddilik, təmkin, həssaslıq görməli və daima bizə etibar etməlidirlər. Duyğu və düşüncələrini məhz bu yolla övladına aşılamağı bacaran ana və atalar ən uğurlu müəllim sayılırlar.


[1] Şaki – Hər cür günah işləməkdən çəkinməyən, Allaha asi, üsyankar  olan adam.

[2] Səid – Allahın (c.c.) sevdiyi. Onun rizasını əldə edən. Axirəti üçün çalışan adam. Məsud, mübarək, bəxtiyar.

[3] Müslim, “Qədər”, 3; İbn Macə, “Müqəddimə”, 7; Buxari, “Qədər”, 1.

[4] Əbu Cəhil – İslamın ilk dövründə Peyğəmbərimizin ən qatı düşməni və Qüreyş qəbiləsinin başçılarından biridir.

[5]“Əraf” surəsi 7/189.

[6] Cəhənnəm zəqqumu – Cəhənnəmdə bitən ağac. 

[7]Burada müəllif ömrün qısa, müvəqqəti, dünyanın bir mehmanxana, qonaq evi olduğunu, hər bir insanın bu dünyada qonaq qaldığını nəzərdə tutaraq doğulan uşağı qonaq adlandırır.

[8] Şəkavət – Bəla və zillətə düşmək. Çətinlik içərisində qalmaq. Asilik.

[9]Buxari, “Əhkam”, 21; “Bədül-xəlq”, 11; “İtikaf”, 11,12; “Sünnə”, 17; “Ədəb”, 81; İbn Macə, “Siyam”, 65.

[10]“Dəvətinə gəldim, Allahım, gəldim.” Həcc və ümrəyə gedənlər Haram adlanan əraziyə daxil olduqdan sonra bu sözlərlə Kəbəni təvaf etməyə gedirlər.

[11]Lə sadeyk – “sad” ərəbcə uğur, xeyir gətirən şey deməkdir. Burada “xeyir yoxdur, uğur, yaxşılıq yoxdur” mənasında işlədilir.

[12] Heysəmi, “Məcməüz-zəvaid”, III, 210; X, 292.

[13] Müslim, “Ədəb”, 14; Tirmizi, “Ədəb”, 66; Əbu Davud, “Ədəb”, 62.

[14] Müslim, “Ədəb”, 14; Əbu Davud, “Ədəb”, 66; Tirmizi, “Ədəb”, 62.

[15] Buxari, “Cənaiz”, 92; Əbu Davud, “Sünnət”, 17; Tirmizi, “Qədər”, 5.

[16] Əvradü-əzkar – “Vird” və “zikr” sözlərindən olub müntəzəm oxunan dualar, zikrlər deməkdir.

[17] Hədis alimlərinin çoxuna görə burada Peyğəmbərimiz (s.a.s.) özünü nəzərdə tutur.

[18] Müslim, “Fəzailüs-səhabə”, 1; Tirmizi, “Mənaqib”, 15.

[19]   Buxari, “Fitən”, 8; “Həcc”, 132; Müslim, “Qasəmə”, 31.

[20]   İbn Macə, “Ədəb”, 3.

Exit mobile version