Sual: Ərlə arvadın bir-birinin qeybətini etməsi caizdmi?
Cavab: Ərlə arvadın bir-birinin qeybətini etmələrinin hökmünə keçməmişdən qabaq qeybətin dindəki yerinə qısaca nəzər salaq. Qeybət bir insanın nəsil-nacabətində, əxlaqında, dini yaşantısında, işində, geyim-kecimində, fiziki quruluşunda və s. olan bir qüsuru, yaxud neqativ halı onun arxasınca və eşidəcəyi təqdirdə bu sözlərə görə narahatlıq keçirəcəyi, üzüləcəyi tərzdə danışmaqdır. Günlərin birində Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) qeybətin nə demək olduğunu səhabələrindən soruşur, səhabələr də həmişəki ədəb və təvazökarlıqlarını saxlayaraq: “Allah və Rəsulu daha yaxşı bilir”,– şəklində cavab verirlər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) qeybəti bu şəkildə tərif edir: “Qeybət sizdən birinin qardaşı barəsində onun xoşuna gəlməyən sözlər danışmasıdır!” Bu zaman səhabələrdən biri: “Əgər mənim dediyim şey onda varsa, bu da qeybət sayılırmı?”– deyə soruşur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) isə bu cür cavab verir: “Əgər söylədiyin şey onda varsa, qeybətini etmisən. Söylədiyin onda yoxdursa, üstəlik iftira da atmış sayılırsan”[1]. Qeybət sözlə edildiyi kimi, yazı, işarə, ehyam vurmaq və s. formalarda da edilir.
Bir insanın arxasınca ilk baxışdan əhəmiyyətsiz, adi bir şey kimi görünən sözlər danışmaq da qeybət hesab edilir. Belə ki, Həzrət Aişə anamız bir qadının qadının arxasınca boyunun alçaq olduğunu dedikdə Rəsulullah (sallallahu aleyhi və səlləm): “Onun qeybətini etdin!”– buyurmuşdur[2].
Qurani-Kərimdə qeybətin nə qədər pis və çirkin bir günah olduğu elə anladılmışdır ki, daha heç bir bəyana ehtiyac yoxdur. Allah-Təala “Hucurat” surəsində: “Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Elə isə Allahın əzabından qorxun və bu çirkin işdən əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir”[3],– buyuraraq qeybətin ağıl, qəlb, insaniyyət, vicdan, fitrət, cəmiyyət və millət baxımından nə qədər çirkin bir iş olduğunu göstərmişdir.
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) da bir hədis-şərifində qeybət haqqında belə buyurur: “Qeybət etməkdən çəkinin! Çünki qeybət zinadan daha böyük günahdır. Zina edən insan əgər sonra tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Ancaq qeybəti edilən şəxs onu bağışlamadıqca günahı əfv olunmaz”[4].
Əbu Davudda keçən bir başqa hədis-şərifdə isə qeybət edənlərin axirətdəki aqibətlərindən bu cür bəhs edilir: “Merac gecəsində misdən dırnaqları olan qövmə rast gəldim. Bu dırnaqlarla üzlərini (və sinələrini) cırırdılar. “Ey Cəbaril! Bunlar kimdir belə?”– soruşdum. “Bunlar,– dedi,– insanların ətlərini yeyənlər və onların namuslarını (şərəflərini) tapdayanlardır” – dedi[5].
Qeybətin mənasına ümumi şəkildə nəzər yetirdikdən sonra indi də keçək ərlə arvadın birinin qeybətini etməsi məsələsinə. Qeybətin çirkinliyindən və nə qədər böyük bir günah olduğundan bəhs edən yuxarıdakı ayə və hədislərə diqqət yetirdikdə mövzu ilə bağlı hər hansı bölgünün, qruplaşmanın aparılmadığını görürük. Yəni qeybət yalnız bu insanların arasında baş verir deyə bir istisna yoxdur. Bu səbəbdən qeybətlə əlaqəli hökmlər ər və arvada da aiddir. Onların da bir-birinin arxasınca xoşlanmayacaqları şəkildə danışmaları qeybət sayılır.
Qurani-Kərimdə həyat yoldaşları barəsində: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız”[6],– buyurulmuşdur. Sözügedən ayə müxtəlif şəkillərdə təfsir edilmişdir. Məsələn, ərlə arvadın bir-birini tamamlamaları, bir-birini günahlardan qoruyan qalxan olmaları[7], bir-biriləri üçün rahatlıq və hüzur qaynağı olmaları[8] kimi izahlarla yanaşı, həmçinin qeyd olunur ki, ərlə arvad sanki biri digəri üçün başqalarının onlarda görüb eşitmək istəmədikləri tərəflərini, cəhətlərini gizləyən örtükdür. Həyat yoldaşları başqalarının yanında bir-birinin eyib və qüsurlarını dilə gətirdikdə “libas” olmaq xüsusiyyətlərini itirir, yaxud bu vəzifələrini yerinə yetirməmiş sayılırlar.
Şübhəsiz ki, ailədə ərlə arvad arasında vaxtaşırı müəyyən problemlər olur. Bu problemlərini, necə dəyərlər, üz-üzə oturub həll etmək yerinə, orda-burda üçüncü şəxslərə (hətta valideynlərinə belə) danışmaları və bu zaman bir-birini tənqid etmələri, xəta və qüsurlarını açıb-ağartmaları qeybətdir, dolayısilə də, caiz deyil. Bu eyni zamanda qul haqqı sayıldığından gərək qeybət edən şəxs öz həyat yoldaşından halallıq istəsin. Yəni həyat yoldaşının qeybətini etmiş ər, yaxud arvad qarşı tərəfə hər şeyi olduğu kimi danışmalı və ondan haqqını halal etməsini istəməlidir. Qeybət haram olduğundan, demək, insan həmçinin Allahın haqqına da girir. Buna görə tövbə və istiğfar etməlidir.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədis-şərifində: “Kim din qardaşının namusunu və şərəfini onun qeybətini edənin qarşısında müdafiə edərsə, Allah da o insanı qiyamət günü Cəhənnəmdən qoruyar”[9],– buyuraraq qeybət edilən yerdə olan kəslərin üzərinə də bir vəzifə qoyur. Buna görə də əgər imkanı varsa, insan etirazını bildirib bu çirkin əmələ mane olmalı, yox əgər bu, gücü daxilində deyilsə, o zaman bəzi səhabələrin etdiyi kimi: “Daha bu məclisdə oturmaq düzgün deyil. Ona görə ki, burada günah işləndi və Allaha üsyan edildi!”– deyərək o məclisi tərk etməlidir. Çünki qeybət etmək haram olmaqla yanaşı, onu dinləmək də haramdır. Bəzən məsum görkəm alıb aramızda rahatlıqla dolaşan bu çirkin əməldən qurtulmağın yeganə yolu əvvəlcə onun nə qədər qorxunc və çirkin bir günah olduğunu vicdanla hiss etməkdən, sonra da qeybətə qarşı sərt mövqe ortaya qoymaqdan keçir.
[1]Tirmizi, “Birr”, 23.
[2]Əhməd ibn Hənbəl, “Müsnəd”, 6/206.
[3]“Hucurat” surəsi, 49/12
[4]Əli əl-Müttəqi, “Kənzül-Ummal”, 3/1057.
[5]Əbu Davud, “Ədəb”, 40.
[6]“Bəqərə” surəsi, 2/187.
[7]Mövzu ilə əlaqədar bir hədis-şərifdə belə buyurulur: “Sizdən biri evləndikdə o adamın şeytanı fəryad edib: “Heyif ki, Adəm oğlu dininin üçdə ikisini qorudu”,– deyər. (Əli əl-Müttəqi, “Kənzül-Ummal”, hədis. nöm: 44454
[8] Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur” (“Əraf” surəsi, 7/189)
[9]Tirmizi, “Birr”, 20.