28. 283 dəfə oxunub ,   2 şərh   Çap et

“Alın yazısı” el arasında “qədər” mənasında işlədilir. Qədərə isə “Allah-Təalanın əzəldən əbədəcən olacaq hər şeyi əvvəlcədən bilməsi, təqdir və təsbit etməsi” şəklində tərif vermək olar. Allah-Təala keçmişi, bu günü və gələcəyi eyni anda görən əzəli və hüdudsuz elmi ilə insanın nə zaman doğulacağı, nə vaxt öləcəyi, nələr edəcəyi də daxil olmaqla hər şeyi qabaqcadan bilir və bunları Lövhi-Məhfuz adlı əsas kitabda ən incə təfərrüatına kimi qeyd edir. Biz buna qədər deyirik.

Qədər anlayışı canlı-cansız bütün varlıqları əhatə etsə də, “alın yazısı” daha çox qədərin insanla bağlı tərəfini ifadə edir. Mövzu ilə əlaqədar ayə və hədislərə nəzər salanda açıq-aydın görünür ki, insan hələ dünyaya gəlməmişdən əvvəl onun nə vaxt, harada doğulacağı, ruzisini haradan və necə əldə edəcəyi, hansı əməlləri işləyəcəyi, cənnətlik, yoxsa cəhənnəmlik olacağı – bütün bunların hamısı müəyyənləşmiş, yazılmışdır.

Bu məqamda ağlımıza belə bir sual gələ bilər: “Allah bizim qədərimizi dünyaya gəlməmişdən əvvəl müəyyən etmişdirsə, çalışmağın, ibadət etməyin nə mənası var?” Bu sualın cavabı Həzrəti Əlinin (radiyallahu anh) rəvayət etdiyi bir hədisi-şərifdədir:

“Peyğəmbərimiz bir səhabənin dəfni üçün Baqiul-Qarkadda(Mədinə qəbristanlığı) idi. Kədərli halda münasib yerdə oturmuş, səhabələri də ətra­fına toplaşmışdı. Əshab Onun kədərini bölüşməyə çalışırdı. Peyğəmbərimiz əlindəki əsa ilə yerə bəzi xətlər çəkib belə dedi: “Aranızda elə bir adam yoxdur ki, Allah onun aqibətini – cənnət və ya cəhənnəm gedəcəyini təyin etməmiş olsun”. Bundan sonra səhabələr heyrətlə soruşdular: “Ya Rəsulallah! Madam ki vəziyyət dediyiniz kimidir (cənnətə və cəhənnəmə gedənlər əvvəlcədən müəyyənləşmişdir), niyə çalışıb-vuruşuruq?” Peyğəmbərimiz cavab verdi: “Əməl edin. Kimin üçün nə yaradılıbsa, bu yol ona asanlaşdırılır. Yəni kim səadət əhlindəndirsə, o səmtə sarı gedir və kim də şəkavət (bəla və zillət) əhlindəndirsə, gedəcəyi səmt həmin tərəfdir”. (Buxari, Qədər: 6)

Səhabələrimiz Peyğəmbərimizin bu sözündən sonra ibadətə daha möhkəm sarılırlar. Qulluq vəzifəsini yerinə yetirməkdə daha həssas və daha həvəsli davranırlar. Onlar qədəri düzgün başa düşmüşdülər. “Biz hansı yolla gediriksə, Allah bizim üçün o yolun nəticəsini yazır”, – deyə düşünmüş və qədər inancı onları tənbəlliyə deyil, əksinə, daha çox çalışmağa sövq etmişdir.

Allah-Təala da Qurani-Kərimdə möminləri çalışmağa, saleh əməllər işləməyə, xeyir və yaxşılıq etməyə təşviq edir. Bizi şirk başda olmaqla hər cür pislikdən uzaq olmağa çağırır. “İnsana ancaq öz zəhməti (səyi, əməli) qalar!” (“Nəcm” surəsi, 39) məallı ayə bu həqiqəti ifadə edir. Əslində, Allah-Təala bizim necə hərəkət edə­cəyimizi, hansı əməlləri işləyəcəyimizi əzəli elmi ilə bilir və alın yazımızı ona uyğun təqdir edir. Çünki əks halda çalışmağın, ibadət etməyin bir mənası qalmazdı. Halbuki Allah mütləq ədalət sahibidir, heç kimə zülm etməz, haqsızlığa yol verməz. Elə isə hər kəs əməlinin əvəzini mütləq alacaqdır.

İnsanın qədəri Lövhi-Məhfuzda başdan ayağadək yazılmışdır və dəyişməzdir, lakin Allahın Lövhi-Məhv və İsbat adlı başqa kitabı da var. “Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar).­ Kitabın əsli Onun yanındadır” (“Rad” surəsi, 39) məallı ayənin ilk hissəsində bu kitaba işarə edilir. “Kitabın əsli” deyiləndə isə Lövhi-Məhfuz nəzərdə tutulur. Allahın qədər planında yazdığı­ şeyləri vaxtı çatanda yaratmasına qəza deyilir. Qısaca desək, qəza qədərin tətbiqidir, həyata keçirilməsidir. Bəzən Allah-Təala təqdir etdiyi bir hökmü qulun lehinə olaraq tətbiq etmir və ya dəyişdirir. Bu da əta adlanır. Əta Allahın qullarına bir lütfü, köməyi və əfvidir. Qəza, qədər və əta – hər üçü Allahın qanunudur.

Gəlin əta qanununu bir misalla izah edək. Bir adam bir günah iş görmək üçün evdən çıxır. O qulun həmin əməli işləməsi haqda artıq hökm verilmişdir. Ancaq Allah-Təala həmin qul haqqında verdiyi hökmü onun bir duasına, bir sədəqəsinə və ya ata-anasına gözəl rəftarına görə dəyişdirir. Ya qəlbinə gözəl hiss salır, yaxud qarşısına xeyirxah insan çıxarır, ya da yönünü xeyrə sarı yönəldir. Bu, Allahın həmin qula bir ətasıdır. Lakin bütün bunlar Lövhi-Məhv və İsbatda olur. Lövhi-Məhfuzda qulun duası, yaxşılıqları, ibadətləri və onların nəticələri, qəza, qədər və əta – hamısı yazılmışdır. Dolayısilə, Lövhi-Məhfuzda ən kiçik bir silinmə və dəyişiklik mümkün deyildir.

Rəbbimiz ətası ilə pisliyə və günaha aparan yollara sədd çəksin və bizləri daim xeyrə yönəltsin.




2 şərh yazılıb
  1. Aysel , 24/12/2015 tarixində, saat 16:12

    Cox sagolun deyerli melumatlara gore.

  2. Aysel , 25/12/2015 tarixində, saat 14:12

    Cox sagolun sualimi cavablandirdiginiz ucun minnetdaram. Allah razi olsun.

Şərh yaz