2. 854 dəfə oxunub ,   0 şərh   Çap et

“(Allah-Təala belə buyurmuşdur:) İki ortaq bir-birinə xəyanət etmədikcə, onların üçüncüsü Özüm olaram. Onlar bir-birinə xəyanət edərlərsə, aralarından çəkilərəm”.[1]

İslam dini bir çox sahədə olduğu kimi ticari və iqtisadi həyatda da birlikdə hərəkət etməyi, tək və təkbaşına iş qurmamağı tövsiyə edir. Peyğəmbərimiz ümmətini təkbaşına səfər etməkdən çəkindirmiş, əksinə, camaat halında qılınan namazın iyirmi yeddi qat çox savab qazandıracağını bəyan etmişdir. Bu anlayış ticari sahədə də özünü göstərir. Fərdi ticarətdə (həmçinin digər işlərdə) şeytanın insanı paxıllıq və qısqanclığa, qibtə və həsədə sövq etməsi, onu din qardaşının qazancına göz dikdirməsi ehtimalı var. Ancaq şərikli iş qurulsa, ortaq ticarət edilsə, həsədin qarşısı alınar və bütün tərəfdaşlar eyni vücudun üzvləri kimi hərəkət edərək bir-birini qısqanmazlar. Bu da işin müvəffəqiyyətli və bərəkətli olması üçün çox əhəmiyyətlidir.

Allah Rəsulu müsəlman ticarətçiləri şərikli işləməyə təşviq etmiş, özü də gəncliyində Həzrət Xədicə ilə şərikli iş görmüşdür. Hətta işində dürüstlüyü və uğur qazanması Həzrət Xədicə ilə ailə qurmasında müsbət rol oynamışdır. Bu baxımdan, dürüst bir ortaqla ticari fəaliyyətlər təşkil etmək sünnətə uyğun hərəkət etməkdir. Allah Rəsulu Səid ibn Əbi Saib ilə də ortaq olmuşdu. Sonralar onunla qarşılaşanda belə demişdi: “Sən mənim ortağım idin və yaxşı ortaq idin. Anlaşılmazlıq və münaqişə salmazdın”.[2]

Allah Rəsulu bir hədisində: “Ortaqlar bir-birinə xəyanət etmədikcə, Allahın qüdrət əli onların üzərindədir”[3], – buyuraraq şərikli işin bərəkətinə diqqət çəkmişdir. Başqa bir hədisində də “Əldə olunan gəlir ortaqların sərbəst təyin etdiyi qaydalar əsasında bölüşdürülür. Zərər isə sərmayə nisbətində olur”[4], – deyərək ortaqlıqda vacib olan əhəmiyyətli bir prinsipi qeyd etmişdir.

Müsəlmanların şərikli iş qurması ilə səylər birləşir, kiçik sərmayələr və əmək böyüyərək daha çox yatırım və iş imkanının yaranmasına səbəb olur. Beləliklə, həm iqtisadi böhranlara daha davamlı olan güclü iş birliyi təsis edilir, həm də əl-ələ vermiş iş adamları və ticarətçilərin iqtisadi uğurları ölkənin tərəqqisinə təkan verir. Maddi güclərini birləşdirən iş adamı və ticarətçilər dünyanın bir sıra bölgələrində iş qurur, nəhayət, ölkələrinin tərəqqisində və nüfuzlu dövlətlərdən birinə çevrilməsində mühüm rol oynayırlar. Bu da bütün sahələrin canlanmasına və inkişafına öz töhfəsini verir.

Dinimizin prinsiplərinə görə şirkətlər ümumən iki yerə bölünür: mülk və əqd. Mülk şirkətləri miras, hədiyyə və vəsiyyət kimi yollarla bir nəfərin deyil, bir neçə nəfərin bir əmlaka, əmtəəyə və s.-ə ortaq olmasıdır. Bu ortaqlıqda heç kəs tərəfdaşının icazəsi olmadan ortaq maldan istifadə edə bilməz. Əqd şirkəti isə müqavilə əsasında təsis olunur və bir çox növlərə ayrılır. Xüsusilə, müdarəbə ortaqlığı İslam bank sisteminin əsasını təşkil edir. Müdarəbə (Payçı – kommandit ortalıqlar) əmək-sərmayə ortaqlığı deməkdir. Burada tərəflərdən biri əməyini, təşəbbüsünü, sərmayə sahibləri də maddi vəsaitini ortaya qoyur, əməklə sərmayə birləşir. Beləliklə, müəyyən mərhələlərdə əldə edilən gəlir müqavilə şərtlərinə uyğun bölüşdürülür.

Ortaq iş qurmaq və davam etdirmək – son dərəcə bərəkətli və gəlirli olsa da – çox çətindir. Çoxları necə gözəl arzularla şərikli iş görür, ancaq təəssüf ki, axıra kimi bunu davam etdirə bilmir. Quranda bu həqiqətə işarə edilir:“Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Həqiqi iman gətirib yaxşı işlər görənlər istisna! Onlar da (təəssüf ki) çox azdırlar!”[5].

Çox çətin idarə edilən ortaq müəssisələr əvvəlcədən obyektiv prinsiplər əsasında qurulmalı, irəlidə problemlərə səbəb olacaq məsələlər gözdən qaçırılmamalıdır. Bu cür münasibətlərdə qanunilik, dürüstlük, hiylədən uzaq olma, qarşılıqlı razılıq və haqq-ədalət kimi prinsiplərə ciddi riayət etmək lazımdır. Əməlisaleh, təcrübəli və çalışqan insanlarla birgə iş qurmağa diqqət yetirilməlidir. Yəni həm dindar və gözəl əxlaqlı olmalıdır, həm də işini yaxşı bilməlidir. Bu iki əsas xüsusiyyətə malik olmayan insanla  iş qurmaq, çox ehtimal ki, bir fayda verməz. Digər mühüm məqamlardan biri də şirkət şəriklərinin  birlikdə müəyyənləşdirib qəbul etdikləri İslami hökmlərə zidd olmayan əsas maddələrin idarəçilər və ortaqlar üçün məcburi hökmlər olmasıdır. Çünki möminlər “Ey iman gətirənlər! Əhdinizə sadiq olun”[6] və “Verdiyiniz sözü yerinə yetirin, çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir”[7] ayələrinin hökmünə görə verdikləri sözlərə və bağladıqları müqavilələrə qarşı tərəf pozmadığı müddətcə əməl etmək məcburiyyətindədir. Allah Rəsulunun (s.ə.s) bu hədisi də əsas prinsipi müəyyən edir: “Müsəlmanlar öz aralarında müəyyənləşdirdikləri şərtlərə əməl edərlər. Ancaq haramı halal, halalı haram edən şərt istisnadır”[8].

Xülasə, müsəlmanlar birgə iş qurarkən müqavilələrdə halalı haram, haramı halal edən maddələrin olmamasına diqqət yetirməlidir. Bununla yanaşı, ortaqların haqqına təcavüz sayılan əməllərlə əlaqədar – bu kimi hallara müasir dövrün ticarət şirkətlərində tez-tez rast gəlinir – İslami hökmləri mütəxəssislərdən soruşub araşdırmaq iş adamlarının əxlaqına və təbii davranışına çevrilməlidir. Beləcə həm qul haqqını tapdalamaqdan uzaq durmuş, həm də Allahın müvəffəqiyyət və lütfünə layiq olmuş olarlar.

[1] Əbu Davud, Büyu, 26; Hakim, Müstədrək, II, 60; Darəkutni, Sünən, III, 35.

[2] Əbu Davud, Ədəb, 1; İbn Macə, Ticarət, 63.

[3] Əbu Davud, Büyu, 26.

[4] İbn Macə, Ticarət, 63.

[5] “Sad” surəsi, 38/24.

[6] “Maidə” surəsi, 5/1.

[7] “İsra” surəsi, 17/34.

[8] Buxari, İcarə, 14; Tirmizi, Ehkam, 17. Son cümlə yalnız Tirmizinin rəvayətində var.



Açar sözləri

dürüstlük ortaq ticarət

Bənzər məqalələr

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Doğruluq və dürüstlük

Doğruluq söz, düşüncə və davranışda əksini tapır. Düzlük və dürüstlük həm doğru danışmaq, həm doğru düşünmək, həm də davranış və əməllərdə bunu əks etdirməkdir. İnsan hər işdə düz danışmalı, öz ziyanına və ya yaxınları əleyhinə olsa belə, doğru sözü söyləməyi bacarmalıdır. Dürüstlükdən hasil olan etimad hissi qarşılıqlı münasibətlərin qüvvətlənməsində, həmrəylik hissinin güclənməsində mühüm rol oynayır.

Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.


Şərh yaz