إِنَّ اللَّهَ كَتَبَ الْإِحْسَانَ عَلَى كُلِّ شَىْءٍ…
“Allah hər şeyə ehsanı (yaxşılığı) qəbul etmişdir”.[1]
Dinimizin tələb etdiyi məsuliyyətlərdən bir də işi yaxşı və keyfiyyətli görməkdir. Bu məsuliyyəti layiqincə yerinə yetirmək eyni zamanda ilahi əxlaqa uyğun hərəkət etmək deməkdir.
Quranda Həzrət Yusifin həyatının mühüm məqamları təsvir olunarkən “ihsan” anlayışı xüsusi vurğulanır. Bu, “Yusif peyğəmbərin Allaha sonsuz etimadı, hər işini “Allah görür” düşüncəsi ilə etməsi” mənasına gəldiyi kimi, onun harada necə hərəkət etməsi və işini mükəmməl görməsi mənasına da gəlir. Nəticə etibarilə, Həzrət Yusif padşaha: “Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”[2] deyəndə əvvəlcə Allaha arxalanmış, sonra da işini məsuliyyətlə görməsi və məsuliyyət şüuruna etimadı sayəsində belə bir vəzifəni istəmişdir.
Digər tərəfdən möminlər dünyəvi-üxrəvi işlərini görərkən bunları Allahın, Rəsulunun və möminlərin təftişinə ərz edəcəyini unutmamalı, bu şüurla yerinə yetirməyə çalışmalıdırlar. Çünki Allah-Təala bu barədə buyurur: “De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər”.[3] Ayə açıq-aşkar itqana işarə edir ki, bu da “işlərinizi Allah və Rəsulullahın təftişinə ərz edəcək şəkildə itqan ruhu ilə, nöqsansız və mükəmməl görün” deməkdir. Başqa ayələrdə də Allahın ihsan şüuru ilə hərəkət edənləri sevməsi xəbər verilir.[4]
İtqan ihsan şüurunun təzahürüdür. İhsan Allahı görürmüş kimi Ona ibadət etmək deməkdir. Biz Onu nə qədər görməsək də, O, bizi hər an görür. Bu baxımdan ihsan şüuruna çatmış insanlar təkcə ibadət və itaətdə deyil, davranış və əməllərdə də ihsan şüuru ilə hərəkət edirlər.
İtqanı insanın əlində olanlardan ən düzgün şəkildə istifadə etməsi, gücü çatan şeylərdə gözəl və keyfiyyətli iş ortaya qoyması kimi də başa düşə bilərik. Mövzunu konkret misallarla verək: bir binanın möhkəm bünövrə üzərində ucaldılması, mükəmməl tikilməsi itqan ruhunun arxitekturaya əks olunmasıdır. Memar Sinanın əsərləri hələ də bütün ehtişamı ilə göz oxşayır və bizləri ovsunlayırsa, bunda ihsan və itqan şüurunun böyük payı vardır. Bu ruhu iş adamları və ticarətçilər də iş həyatına əks etdirməli, yaxşı və keyfiyyətli məhsullar istehsal etməlidirlər.
Böyük İslam sosioloqu İbn Halduna görə, xüsusilə, işçi seçimində təcrübəli və bacarıqlı şəxslərə üstünlük vermək lazımdır. Çünki işi yaxşı bilməyən şəxslər yaxşı niyyətli və etibarlı insanlar olsalar da, iş sahibinə faydadan çox zərər verirlər.
Allah Rəsulu bir yuxusunda Həzrət Əbu Bəkirlə Həzrət Ömərin quyu başında camaata su payladığını görmüşdü. Bu yuxu onların Rəsulullahdan sonra xəlifə olacağına işarə idi. Rəsulullah yuxusunu danışanda, xüsusilə, Həzrət Öməri tərifləmiş, onun işini yaxşı və məsuliyyətlə görən, itqan şüuruna sahib bir dahi olduğunu vurğulamışdır. Allahın Rəsulunun bu tərifinə layiq olmaq üçün işlərimizi yaxşı görməli, ala-yarımçıq və qüsurlu deyil, keyfiyyətli və sağlam məhsullar istehsal etməliyik.
Yenə Peyğəmbərimiz bir cənazənin dəfni zamanı səhabələrə qəbirlə əlaqədar tapşırıq vermiş, səhabə də bunu bir sünnə kimi qəbul etmişdi. Allah Rəsulu məsələni sezincə dərhal xatırlatmışdı: “Bunun ölüyə bir xeyri və ya zərəri yoxdur. Lakin Allah işini ihsan şüuru ilə görənləri sevər”.
Mövzunu Peyğəmbərimizin bu gözəl sözləri ilə yekunlaşdıraq: “Allah peşəsində bacarıqlı və mahir olanları, işini ən gözəl şəkildə görənləri sevər”.[5]
[1] Müslim, Sayd, 57; Tirmizi, Diyət, 14; Əbu Davud, Ədab, 111.
[2] “Yusif“ surəsi, 12/55.
[3] “Tövbə” surəsi, 9/105.
[4] Baxın: “Bəqərə” surəsi, 2/195; “Ali İmran” surəsi, 3/134, 148; “Maidə” surəsi, 5/13, 93.
[5] Əbu Yala, Müsnəd, VII, 349; Təbərani, Mücəmül-övsat, I, 275; Suyuti, Camiüs-sağir, II, 290.