4. 789 dəfə oxunub ,   1 şərh   Çap et

Böyük bir İslam alimlərindən biri bu sualı belə cavablandırmışdır.

“Şübhəsiz ki, böyük mələklərin yaradılmasında bir çox hikmətlər vardır. Birincisi, böyük mələklər cansız varlıqlarda bir mənada ruhun vəzifəsini icra edirlər. Məsələn, ağaca baxan mələk vardır. Həmin mələk ağacın hal lisanı ilə Allahı göstərdiyini təsbeh-təqdis edir və onun təsbihatını Allaha çatdırır. Bəzi mələklər də yer kürəsinə baxır. Bu mələklər əngin qabiliyyəti ilə “ileyhi yəsədul kəlimətut-tayyib…”[1] ayəsində buyurulduğu kimi, yer üzündən Allaha yüksələn bütün gözəl kəlmələri və saleh əməlləri təmsil edir, onları alqışlayır və Allaha təqdim edirlər. Əşya cansız olduğundan vəzifəsini şüursuz şəkildə yerinə yetirir. Mələklər bu işləri şüur libasında Allaha təqdim edirlər. Ən kiçik atom olan hidrogendən urana, hüceyrədən böyük varlıqlara və qalaktikalara qədər canlı-cansız hər şeyə görə məsul olan mələklər vardır və bu varlıqların təsbehlərini ilahi dərgaha yüksəldirlər.

İkincisi, yaradılan hər bir varlıq ayrı-ayrılıqda Allaha aynalıq edir. Allah-Təala: “Mən cinləri və insanları sırf Məni tanıyıb yalnız Mənə ibadət etsinlər deyə yaratdım!” – buyurur[2]. Cin və insanların vəzifəsi də Allahı tanımaq və göstərmək, tanıma və göstərmə qabiliyyəti nisbətində də təsbeh və təqdis etməkdir. Yəni hər şey öz ruhu və qabiliyyəti ilə Allaha ayna olmalıdır. Lakin cismaniyyət başqadır, nuraniyyət başqa. Cinlərlə mələklər fərqli-fərqli şeylərdən (cinlər oddan, mələklər nurdan) xəlq edilmişdir. Bunların hər biri öz aləminin dili ilə Allahı göstərirlər.

Bir misal çəkək: Bir boy güzgüsü fərz edək. Bu güzgünün qarşısında dayansanız, necəsinizsə, elə də görünəcəksiniz. İri bir güzgünün qabağına keçsəniz, bu dəfə özünüzü daha böyük görəcəksiniz. İndi elə bir güzgü təsəvvür edək ki, insanın digər ölçülərini də göstərsin. Bununla yanaşı, onun hərəkətlərini də əks elətdirən başqa bir güzgü fərz edək. Bəli, göründüyü kimi, güzgülərdən asılı olaraq eyni insan fərqli şəkillərdə görünür. Bunun kimi, cismaniyyət də Allahı göstərən bir güzgüdür. Mələklər qəzəb, kin, həsəddən və əmrə asilikdən uzaqdırlar və Allah-Təalanın təcəllilərinə bir başqa şəkildə ayna olurlar.

Allahın keyfiyyət və kəmiyyətdən xaliliyinə böyük mələklər ayna olur. Yəni onlar öz xüsusiyyətləri ilə Allahın kəmiyyət və keyfiyyət kriterilərinin fövqündə olduğunu göstərirlər. Bu mənada insan mələkdən fərqlənir. Belə ki, o yeyir, içir, evlənir. Düzdür, insanda mələyə xas mələklik cəhəti vardır. Lakin o, emal olunmamış xam filiz kimidir. Bu dünyaya saflaşmaq və mələkləşmək üçün göndərilmişdir. Burada lazımsız maddələrdən təmizlənməli və axirət yurduna pak halda getməlidir. Mələk isə artıq maddələrdən təmizlənmiş saf və xalis qızıl kimidir. Ona görə də Allahın isimləri onda fərqli təcəlli edir. İnsan bu xüsusiyyəti ilə Allahın isimlərini donuq, tutqun və kəsif, mələklər isə varlığın həqiqətinə aid yönləri ilə çox saf və duru əks elətdirirlər. İnsan Uca Yaradanını göstərən və tanıdan bir kitab olduğu kimi, böyük mələklər də bir kitabdır və hər biri öz dili ilə Onu göstərir”


[1] “Fatir” surəsi, 35/10. Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr…

[2] “Zəriyət” surəsi, 51/56.



Açar sözləri

mələk mələklərə iman

Bənzər məqalələr

İblis mələkdir yoxsa cin?

Sual: İblis mələklərdən yoxsa cinlərdəndir? Mələklərdən idisə niyə Allahın əmrinə boyun əymədi? Cavab: Quranda buyrulur “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.”

Əzrailin surəti hamıya eyni görünür?

Ölüm anında Əzrail və ya onun köməkçiləri insana onun əməli, ruhunun gözəlliyi, qəlbinin təmizliyindən asılı olaraq fərqli surətlərdə görünür. Bir gün mütləq hər kəs Əzraillə üz-üzə gələcək, elə isə kim onu necə görmək istəyirsə, o cür yaşamalıdır.

Mələklərə imanın faydaları

Allah və axirət inancı kimi, mələklərin varlığına imanın da insanın həyatına bir çox yöndən müsbət təsir və faydaları vardır. Bunları aşağıdakı kimi ümumiləşdirə bilərik: Mələklərə inanan bir insan heç vaxt özünü tənha hiss etməz. Çünki bu insan ən yalqız anlarında da mələklərin yanında olduğunu bilər və onların varlığından mənəvi feyz alar. O görünməz mənəvi dostlarla […]

Mələklərin sayı və növləri

Mələklərin sayını ancaq Allah bilir. Quranda və hədislərdə mələklərin sayı haqqında konkret məlumat yoxdur. Amma “Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”[1] məallı ayələrdən çıxış edib deyə bilərik ki, mələklərin sayı-hesabı bilinmir. İndi Quran və hədislərdə adı çəkilən bəzi mələkləri və onların vəzifələrini izah eləyək. Vəhy mələyi Həzrət Cəbrail Cəbrail (əleyhissəlam) dörd böyük mələkdən biridir. Allah […]


1 şərh yazılıb
  1. Isazade Rufet , 25/06/2014 tarixində, saat 14:06

    Salam Aleykum… Bu melumatlara göre size minetdaram.

Şərh yaz