Böyük bir İslam alimlərindən biri bu sualı belə cavablandırmışdır.
“Şübhəsiz ki, böyük mələklərin yaradılmasında bir çox hikmətlər vardır. Birincisi, böyük mələklər cansız varlıqlarda bir mənada ruhun vəzifəsini icra edirlər. Məsələn, ağaca baxan mələk vardır. Həmin mələk ağacın hal lisanı ilə Allahı göstərdiyini təsbeh-təqdis edir və onun təsbihatını Allaha çatdırır. Bəzi mələklər də yer kürəsinə baxır. Bu mələklər əngin qabiliyyəti ilə “ileyhi yəsədul kəlimətut-tayyib…”[1] ayəsində buyurulduğu kimi, yer üzündən Allaha yüksələn bütün gözəl kəlmələri və saleh əməlləri təmsil edir, onları alqışlayır və Allaha təqdim edirlər. Əşya cansız olduğundan vəzifəsini şüursuz şəkildə yerinə yetirir. Mələklər bu işləri şüur libasında Allaha təqdim edirlər. Ən kiçik atom olan hidrogendən urana, hüceyrədən böyük varlıqlara və qalaktikalara qədər canlı-cansız hər şeyə görə məsul olan mələklər vardır və bu varlıqların təsbehlərini ilahi dərgaha yüksəldirlər.
İkincisi, yaradılan hər bir varlıq ayrı-ayrılıqda Allaha aynalıq edir. Allah-Təala: “Mən cinləri və insanları sırf Məni tanıyıb yalnız Mənə ibadət etsinlər deyə yaratdım!” – buyurur[2]. Cin və insanların vəzifəsi də Allahı tanımaq və göstərmək, tanıma və göstərmə qabiliyyəti nisbətində də təsbeh və təqdis etməkdir. Yəni hər şey öz ruhu və qabiliyyəti ilə Allaha ayna olmalıdır. Lakin cismaniyyət başqadır, nuraniyyət başqa. Cinlərlə mələklər fərqli-fərqli şeylərdən (cinlər oddan, mələklər nurdan) xəlq edilmişdir. Bunların hər biri öz aləminin dili ilə Allahı göstərirlər.
Bir misal çəkək: Bir boy güzgüsü fərz edək. Bu güzgünün qarşısında dayansanız, necəsinizsə, elə də görünəcəksiniz. İri bir güzgünün qabağına keçsəniz, bu dəfə özünüzü daha böyük görəcəksiniz. İndi elə bir güzgü təsəvvür edək ki, insanın digər ölçülərini də göstərsin. Bununla yanaşı, onun hərəkətlərini də əks elətdirən başqa bir güzgü fərz edək. Bəli, göründüyü kimi, güzgülərdən asılı olaraq eyni insan fərqli şəkillərdə görünür. Bunun kimi, cismaniyyət də Allahı göstərən bir güzgüdür. Mələklər qəzəb, kin, həsəddən və əmrə asilikdən uzaqdırlar və Allah-Təalanın təcəllilərinə bir başqa şəkildə ayna olurlar.
Allahın keyfiyyət və kəmiyyətdən xaliliyinə böyük mələklər ayna olur. Yəni onlar öz xüsusiyyətləri ilə Allahın kəmiyyət və keyfiyyət kriterilərinin fövqündə olduğunu göstərirlər. Bu mənada insan mələkdən fərqlənir. Belə ki, o yeyir, içir, evlənir. Düzdür, insanda mələyə xas mələklik cəhəti vardır. Lakin o, emal olunmamış xam filiz kimidir. Bu dünyaya saflaşmaq və mələkləşmək üçün göndərilmişdir. Burada lazımsız maddələrdən təmizlənməli və axirət yurduna pak halda getməlidir. Mələk isə artıq maddələrdən təmizlənmiş saf və xalis qızıl kimidir. Ona görə də Allahın isimləri onda fərqli təcəlli edir. İnsan bu xüsusiyyəti ilə Allahın isimlərini donuq, tutqun və kəsif, mələklər isə varlığın həqiqətinə aid yönləri ilə çox saf və duru əks elətdirirlər. İnsan Uca Yaradanını göstərən və tanıdan bir kitab olduğu kimi, böyük mələklər də bir kitabdır və hər biri öz dili ilə Onu göstərir”