Mömin Allaha daha yaxın olmaq üçün nələrə diqqət etməlidir?
Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır. O, bu məqsəd üçün əlindən gələni etməyə hazır olmalıdır. Bəli, mömin Allaha elə ibadət və qulluq etməlidir ki, onu görənlər “yəqin ki, filankəs Allaha ibadət və qulluqdan başqa nə isə bilmir.” deməlidirlər. Hətta mələklər belə onun qulluqda çatdığı zirvəyə qibtə eləməli və onun haqda belə deməlidirlər: “Arzu və istək sərhədlərini aşaraq mənəvi aləmdə səyahət edən insana bax!”
Mömin mənəviyyatda dərinləşməklə yanaşı inandığı həqiqətlərdən başqaları da nəsiblənsin deyə əlindən gələni etməlidir. Onun fədakarlıqlarını görənlər “yəqin filankəsin İslamı yaşamaq və anlatmaqdan başqa işi yoxdur.” deyə düşünməlidir. Möminin təbliğ üçün etdiklərini görənlər bir mənada onu bu idealının “məcnunu” sanmalıdır. Əks təqdirdə kamil imandan söhbət gedə bilməz.
Yəni mömin İslamı yaşama və yaşatma dərdinə düşərkən səhabələr kimi olmalıdır. Səhabələri görənlər onlar haqda belə deyirdilər: “Ruhbanun fil-leyl ve fursanun fin-nəhar” (Gecələrini ibadətlər keçirən, gündüzlər də təbliğ üçün at belindən düşməyənlər). Mömin hər iki cəhətini – mənəviyyatını və təbliğ yönünü çox yaxşı inkişaf elətdirməlidir ki, onun hal və hərəkətlərini, oturuşu və duruşunu görənlərdə təqdir və təəccübə səbəb olsun.
Verdikləri verəcəklərinin təminatıdır!
Möminin təbliğdəki uğuru onun qulluqda dərinləşməsindən asılıdır. Yəni mömin qəlbini Allaha nə qədər açarsa, insanlar da ona bir o qədər yaxınlaşar. Mömin Haqqa nə qədər yönələrsə, xalq da möminə o nisbətdə meyl edər. Bu, bu gün baş verməsə belə bir gün mütləq gerçəkləşər.
Ola bilər ki, bu gün dünyanın fərqli yerlərində təbliğlə məşğul olan möminlərin uğuru istənilən səviyyədə deyil və onlar müəyyən çətinliklərlə qarşılaşırlar. Unutmayaq ki, Əsri-səadətdə yaşayan səhabələr belə bir çox çətinliklərlə üzləşmiş, tab gətirməyənlər uzaqlaşmış, səmimi olanlar yollarına davam etmişlər…
Əsas məsələ istiqamətdən ayrılmamaq, Allahla olan münasibəti qorumaqdır. Möminlər də qulluqdakı dərinliyi – Allahla olan münasibəti qoruduqları müddətcə Allah bu gün olmasa da, bir gün onları müvəffəq edəcəkdir. Unutmamalıdır ki, nəticə Allahdandır. Qəlblərin açarı Allahın əlindədir. İman şöləsi ancaq O (C.C) yandırarsa yanar. Biz səfərdən məsuluq, zəfərdən deyil.
Burada bir xüsusu qeyd etməkdə fayda var: Mömin ibadətinin çoxluğunu və təbliğdəki uğurlarını kafi görməməli və həmişə “daha artığını edə bilərəmmi?” deyə düşünməlidir. Üxrəvi nemətləri bir kənara qoyaraq təkcə dünyadakıları düşünmək belə edilən ibadətlərin azlığı görmək üçün kifayətdir. Məsələn: Bir insanın yoxdan yaranması, can verilməsi, insan olması və Rəsulullahın (s.a.s.) ümməti olmaqla şərəflənməsi elə böyük bir nemətdir ki, haqqını ödəmək mümkün deyil.
Tövbə qəhrəmanları
Möminin əsas vəzifələrindən biri də elədiyi kiçik xətalara görə Allahdan bağışlanma diləməkdir. O, bütün dünyanın məsuliyyətini çəkirmiş kimi İlahi dərgaha əllərini açamalı və ya səcdəyə qapanmalıdır.
Bu mövzuda möminlərin rəhbəri Rəsulullahdır (s.a.s.). Bəli, O (s.a.s.), bütün xəta və günahları bağışlandığı halda gündə yetmiş dəfə tövbə və istiğfar edirdi. Bununla həm bəndə olaraq üzərinə düşəni edir, həm də peyğəmbərliyin gərəyini yerinə yetirirdi. Elədiyi tövbə və istiğfarla əslində ümmətinə bunu çatdırmaq istəyirdi: “Ey qiyamətə qədər mənim yolumdan gedən müsəlmanlar! Bilərək və ya bilməyərək elədiyiniz bütün günahlardan bağışlanma diləyin. Xəyalınızdan, təsəvvürünüzdən, niyyətinizdən keçən istənilən pis fikrə görə tövbə edin.”
Möminin əsas xüsusiyyətlərindən biri də elədiyi yaxşılıqları unutması, ən kiçik səhvlərinə görə həmişə bağışlanma diləməsidir.
Bəli, bir mömin istədiyi qədər ibadət eləsə də, Allaha yaxınlaşsa da və İslamı təbliğ etmək üçün əlindən gələni etsə də bunların heç birini kafi görməməlidir. Əksinə etdiyi yaxşılıqları və ibadətləri unutmalıdır ki, lovğalanmasın. İllər əvvəl elədiyi kiçik bir səhvi xatırlayanda: “Allahın bəndəsi olduğum halda belə bir səhvi necə etdiyimi anlamıram?! Necə olub ki, Allahın qoyduğu qanunu görməzdən gəlmişəm?!” – deməli və buna görə iztirab çəkməlidir. Günahlarını düşünəndə: “Bir daha səndən əfv və bağışlanma diləyirəm, ey Rəbbim!” – deməlidir. İşlədiyi günahlara tövbə və istiğfarla elə “zərbələr” vurmalıdır ki, həmin günahlar bir daha ona yaxın düşməsinlər.
Bəli, həqiqi möminə yaraşan böyük uğurlarını kiçik, kiçik xətalarını isə böyük görməkdir. O, gözün harama baxması, qulağın harama meyl etməsi, ayağın harama tərəf getməsi, əlin harama uzanması və zehnin mənfi düşüncələrlə kirlənməsi kimi bütün xoşagəlməz halları gözündə elə böyütməlidir ki, bunlar qarşısında qəddi bükülsün.
Təbii ki, həyatını bu cür həssas yaşayan mömin günahlara qarşı daha diqqətli olar. İnsanın mütəmadi tövbə və istiğfar etməsi onun mənfiliklərə qarşı diqqətini artırar. Bu daxili iztirablar və sorğu-sual, haramlara qarşı bir qalxan kimidir. Bu qalxan sayəsində naməhrəm baxış, harama qulaq vermə, haram loğmanı ağzına alma kimi bəzi günahlara qarşı dərhal reaksiya vermək vərdişi formalaşacaq. Nəticədə mömin bu günahlara yaxınlaşmayacaq. Bunun əksi olanda isə günahlara qarşı diqqət azalar və “Bu kiçik şeydir. Heç nə olmaz əşi!” – deməyə başlayar. Beləcə insan eyni səhvləri etməyə davam edər və tədricən bu kiçik günahlar artmağa başlayar. Üst-üstə yığılan kiçik günahlar zamanla böyüyərək böyük günahdan da böyük olar, çünki biri digərini dəvət edər. Unutmayaq ki, günah günahdır. Kiçik günahı günah görməmə özü də böyük günahdır.
Günahlaraq qarşı həssaslıq Allah dostlarının əsas xüsusiyyətlərindən biridir. Allah dostlarının həyatına nəzər saldıqda, onların çox həssas və diqqətli yaşadığını görürük. Məsələn: Həzrət Əli: “Ey Rəbbim! Əgər lütf elədiklərindən başqasını bağışlamasan, mənim kimi nəfsinin istəklərinə uyan və güc bəla ilə yeriyənlərin halı necə olar? Onları kim bağışlayar?” – deyə yalvarır. Onların bu cür niyazlarını eşidən bizlər ancaq “əstəğfürullah” deyə bilirik. Çünki onların nəyə günah dediklərini bilmirik.
Mömin həm də çalışmalıdır ki, insanlar onun hal və hərəkətlərini yanlış anlamasınlar. Zahiri və batini tarazlığını qorumaq üçün əlindən gələni etməlidir. O, həmişə təbii olmalı, necədirsə, elə davranmalıdır. Riyakarlıqdan və lovğalıqdan uzaq durmalıdır. Lovğalanaraq özünü böyük göstərməməli, süni davranışlar sərgiləməməli, alqış və təqdir gözləməməlidir. Əməllərində səmimi olmalıdır. Mövlanənin dediyi kimi ya olduğu kimi görünməli, ya da göründüyü kimi olmalıdır. (Olduğumuz kimi görünərsək uçuruma yaxın olarıq. Çalışıb görünməmiz gərəkli şəkildə olmalıyıq. İradəmizi bu istiqamətdə hərəkət etməyə məcbur etməliyik.) İmkan verməməlidir ki, başqaları onun haqqında mənfi fikirlərə düşsünlər.
Sadalananların hər biri Allaha yaxınlaşmaq üçün bir vəsilədir. Əgər mömin bu xüsuslarda üzərinə düşəni edərsə, Allahın izni ilə zirvələri fəth edər. Ancaq bunların hər hansı birində xəta edən isə ilişib yolda qala bilər.
Sirat körpüsünü dünyada keçmək
Möminin mükəlləfiyyətlərindən biri olan qulluq əslində çox asan görünsə də, çox böyük diqqət və əmək tələb edir. Bu mənada qulluq həm geniş yolda yürümək qədər asan, həm də sirat körpüsünü keçmək qədər çətindir.
Qulluqda dərinləşə bilməyənlər ümid edilir ki, İlahi inayət sayəsində qurtula bilərlər. Bunu nəzərə alaraq insanlara qulluqdan danışarkən ümidsizliyə salmamaq lazımdır. Əgər kimlərinsə, Allahla münasibətli ip kimi nazikdirsə, onu qoparmamaq üçün çalışmalıyıq. Unutmamalıyıq ki, Uca Allah bəlkə bir gün bu nazik ipi qalın kəndirə çevirəcək. Yəni ilk vaxtlardakı bu zəif münasibət getdikcə möhkəmlənər və insanı kamillik mərtəbəsinə çatdırar.
Lakin insan özünə bu cür yanaşmamalıdır. Başqalarının vəkili olub, onları müdafiə edərkən, özünə qarşı hakim kimi baxmalıdır. Həmişə “ipinin” zəif yoxsa güclü olduğunu nəzərdən keçirməlidir. Hər gün bir neçə dəfə tutduğu “ipin” onu saxlayıb-saxlamayacağını, həmin iplə siratı keçərək mənzilə çatıb-çatmayacağını mütəmadi yoxlamalıdır. Bütün haramlardan özünü qorusa da dinin bütün əmrlərinə əməl eləsə də həmişə aqibətindən əndişə etməlidir.
Bununla əlaqəli həzrət Ömərin belə dediyi nəql olunur: “Bir nəfər xaric, hamı Cənnətə gedəcək desələr “görəsən həmin şəxs mənəm?” – deyə narahat olaram.” Halbuki, xəlifə olarkən Ömərin qazandığı uğurlar məlumdur. Yəqin ki, o belə demək istəmişdi: “Mənim yerimdə Əbu Bəkir olsaydı daha çox işlər görərdi. Mənim on ildə elədiyimi o, iki il yarımda etmişdi.”
Bu səbəbdən insan çox böyük uğurlara imza atsa da, insanlığa böyük töhfələr versə də əsla lovğalanmamalıdır. Gördüyü heç bir iş üçün təqdir və alqış gözləməməlidir. Əməllərinin qarşılığını axirətdə alacağını düşünməli, hər hansı dünyəvi gözləntisi olmamalıdır. Yəni hər şeyi sadəcə Allah rizası üçün etməli və bütün gözəllikləri də Ondan bilməlidir.
Bir insanın imandakı dərinliyi, qazandığı uğurları Allaha aid etməsi ilə əlaqəlidir. Allaha ürəkdən inanan bir mömin uğurlarına görə alqışlanmaqdan narahat olar. Məhz bu düşüncə kiçik olanı böyük, damlanı dəniz, zərrəni günəş, heç olanı hər şey edər.
Doğrunu seçmək
Mömin doğrunu seçməlidir. İnsanların alqış və təqdirini deyil, səma əhlinin təqdirini qazanmalıdır. Əgər möminlər üxrəvi nemətləri – Allahın razı qalmasını seçsələr, Allah da onları seçər. Yəni Allah tərəfindən də seçilərlər. Necə ki, peyğəmbərlərə də “mustafeynəl-əxyar (seçilmiş xeyirli insanlar)” deyilirdi. Çünki onlar seçmək haqlarını doğru istifadə etmişdilər. Qısacası, bu dünyada seçim doğru edilməlidir ki, axirətdə Cənnətə və Cəhənnəmə gedənlər seçilərkən doğru tərəfdə olaq.
Möminin qulluqda dərinləşməsi, təbliğ vəzifəsini yerinə yetirməsi, tövbə qəhrəmanı olması, Allah dərgahına yönəlməsi, daxili tarazlığını qoruması, bütün uğurlarını Allahdan bilməsi kamil imana sahib olmağın əlamətidir. Allah Quranda “Ey iman edənlər, iman edin.”[1] buyuraraq bütün möminlərə mütəmadi olaraq imanlarını təzələmək və imanda dərinləşmək yolu göstərir. Rəsulullah (s.a.s.) da: “İmanınızı yeniləyin…”[2] deyərkən bunu nəzərdə tutur.
Bu nöqteyi-nəzərdən insan hər gün oyanarkən yeni(lənmiş) imanla günə başlamağa çalışmalıdır. Daha doğrusu hər gününü imanda bir az da dərinləşməklə canlandırmalıdır. İmanı artdıqca da: “Allahım! Necə olub ki, indiyə kimi Səni bu qədər hiss edə bilməmişəm” – deməlidir. İbadət ediləcək yeganə varlıq olaraq sadəcə Allahı görməlidir. Düşündüyü, oxuduğu, gördüyü hər şeyi analiz və sintez etməli, onlardan hərəkətlə yeni düsturlar kəşf eləməlidir. Bir mənada hər mənzildə heybəsini doldurmağa çalışmalı və heybəsi dolu halda başqa mənzilə keçməlidir. İmanda dərinləşmək üçün doymaq bilməyən bir arzu ilə həmişə zirvələrə çıxamağa can atmalıdır.
[1] Nisa surəsi, 4/136.
[2] Ahmed İbn Hanbel, el-Müsned 2/359