Mövzuya bir hekayəni nümunə verməklə başlayaq. Bir padşahın iki xidmətçisi varmış.
Padşah onların birinə xərcləmək üçün bir qızıl verir. Xidmətçi də həmin qızılla ən yaxşı qumaşdan bir neçə arşın alıb özünə gözəl bir paltar tikdirir. Padşah onun bu hərəkətini çox bəyənir. Sonra ikinci xidmətçisini hüzuruna çağırtdırır. Ona isə min qızıl və bir də siyahı verir. O siyahıda qızılların harada və necə xərclənməsi yazılmışdı. Xidmətçi də axmaqlığından bir qızılla min qızıl arasındakı fərqi heç düşünmür. Padşahın verdiyi siyahının üzünə də baxmadan əvvəlki xidmətçi kimi satıcının yanına gedib min qızılı önünə qoyur və paltarlıq qumaş istəyir. Qarşısındakının ağılsız olduğunu anlayan dərzi ona adi qumaşdan parça verir. Xidmətçi də həmin parçadan tikdirdiyi libası geyinib padşahın hüzuruna gəlir. Padşahdan iltifat gözlədiyi halda, onun bərk danlağı və cəzası ilə qarşılaşır.
Bu hekayədəki padşah Uca Rəbbimizi, birinci xidmətçi heyvanları, ikinci xidmətçi isə insanları təmsil edir. Heyvanların qabiliyyət və xüsusiyyətləri ilə insanlarınkını qarşılaşdıranda ortada bir qızılla min qızıl qədər fərqin olduğunu görəcəyik. Allah heyvanlara da dar çərçivədə məhdud qabiliyyət vermişdir. Onlar Allahın verdiyi bu qabiliyyətdən yaradılış qayəsinə uyğun şəkildə istifadə edirlər. Lakin Uca Allahın insana lütf etdiyi üstün qabiliyyət və keyfiyyətlər heyvanlara verilənlərlə müqayisəyə gəlməz. Məsələn: bütün heyvanların “ağlı” bir yerə toplansa, bəlkə də, bir insanın ağlına çatmaz. Allah-Təala üstəlik bitkilərdən heyvanlara, günəşdən ulduzlara qədər hər şeyi insanın əmrinə (istifadəsinə) vermişdir.
İnsanı belə üstün keyfiyyətlərlə “təchiz edən”, bu dünyada əziz qonaq kimi ağırlayan (hər cür ehtiyacını verən) Uca Allah heç onu özbaşına buraxarmı? Ona onun yaradılış həqiqətini, dünyaya nə üçün göndərildiyini, bu qabiliyyətləri harada və necə istifadə edəcəyini bildirməməsi mümkündürmü? Bir bilgisayar və ya telefon alanda üstündə mütləq təlimat kitabçası verilir. Bunları düzgün və səmərəli işlətmək üçün həmin kitabçalardan yararlanırıq. Sadə bir cihazın təlimat kitabçası olduğu halda Uca Rəbbimiz xüsusi keyfiyyətlərlə yaratdığı insanı, təbii ki, kitabsız qoymayacaq və qoymamışdır da. Beləliklə, Rəhməti Sonsuz olan Uca Yaradanımız keçmiş ümmətlərə kitablar, suhuf (səhifələr) göndərdiyi kimi, bizə də Qurani-Kərimi yanıltmaz qiblənüma və mükəmməl bələdçi kimi nazil etmişdir.
Bizim üçün yer üzünü möhtəşəm süfrə kimi hər cür nemətlərlə süsləyən, göy üzünü gözqamaşdıran ulduzlarla bəzəyən Rəbbimiz kimdir? Kainatın ucsuz-bucaqsız boşluğunda dünyanı bizim üçün etibarlı sığınacaq, rahat qonaq evi edən o Zat bizdən nə istəyir? Bizə əta etdiyi saysız-hesabsız nemətlərin əvəzində Ona necə təşəkkür edəcəyik? Uca Yaradanın bizə lütf etdiyi ağıl, zəka, vicdan, ruh kimi qabiliyyətlərimizi haralarda və necə istifadə etməliyik ki, bu nemətlərin haqqını layiqincə vermiş olaq. Rəbbimiz bütün bu sualların cavabını Qurani-Kərimlə verir. Bizə dünya və axirət səadətini qazanma, yaxşı və kamil insan olub cənnətə getmə yollarını göstərir.
Elə isə əgər hekayədəki axmaq xidmətçinin vəziyyətinə düşmək istəmiriksə, yeganə sərmayəmiz olan həyatımızı müqəddəs kitabımız Qurani-Kərim qəlibində yoğurub yaşamalı və Quranın ən gözəl və canlı təfsiri olan Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) örnək götürməliyik.
Rəbbimiz bizlərə uca kitabımız Qurani-Kərimi layiqincə oxuyub anlamağı və İslamı yaşamağı nəsib etsin.